Nə yazım? – Mirzə Ələkbər Sabir

MİRZƏ ƏLƏKBƏR SABİR

ŞAİRƏM, ÇÜNKİ VƏZİFƏM BUDUR ƏŞAR YAZIM

Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Şərə məşğul edərik xatiri-qəmmayilimi,
Qoyuram qənşərinə kağızımı, çernelimi,
Gəlirəm yazmağa bir kəlmə, – tutarsan əlimi,
Qorxuram, ya nə üçün, – çünki kəsirsən dilimi!
Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram!

Hələ mən dörddə birin yazmayıram, karına bax,
Üstümə gündə söyürsən bu qədər, arına bax,
Özün insaf elə, əfkarına, ətvarına bax!
Istəmirsən yazam? Öz eybli kirdarına bax!
Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!
Özünü, həm məni bu barədə diltəng eləmə!

Görür ərbabı-qələm qayeyi-amalınızı,
Məndən artıq yaza bilməkdə ikən halınızı, –
Yazmır onlar dəxi on dörddə bir əfalınızı,
Özünüzsüz olara yazdıran əhvalınızı…
Yoxsa bu eybdən aləmdə mübərradır olar,
Boylə alçaq yazıdan min kərə əladır olar!

Necə mən dörddə birin yazmağa əymən deyiləm,
Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;
Sən əgər söz verəsən: “Qorxma, qıl əhvalı rəqəm”,
Vazi-halın yazılarsa zili-zilu bəmi bəm,
Elə bir halə düşərsə ki, tükün biz-biz olar,
Əyninə geyməyə şey tapmasan, astar üz olar!

Mənbə: Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, “Turan” nəşrlər evi, 2002. səh. 207

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir