Zaur Ustac – Yurd Həsrəti (53)

A

ZAUR USTACIN YURD HƏSRƏTİ
(Ağdama-Yusifcanlıya dönəcəyimiz günü həsrətlə gözləyirik)
Salam olsun, çox dəyərli oxucum! Min şükür Böyük Allaha. Nəhayət, belə bir mövzuda yazı yazmaq qismət oldu. Sözün əsl mənasında bu çox ağrılı məsələ idi. Mənim ötən əsrin 90-cı illərində yazdığım bir şeir dəftəri var. O dəftəri öz aləmimdə “Məhrəm” adlandırıb, orada yazılmış şeirləri heç yanda dərc etdirməmişəm. Bu şeirlərin əksəriyyəti vaxtı ilə Şuşa, Laçın işğal olunarkən qələmə aldığım şeirlərdir. Ağdamın yoxluğunu isə hətta işğal altında olduğu zamanlarda belə qəbul edə bilmədim… Ağdamın işğalı ilə, qəm-kədəri ilə bağlı heç nə yaza bilmədim. Məncə bu düşüncə ilə bağlı olan məsələdir. Kənd camaatı iki gün təntənəli şəkildə bizim həyətdə toplaşıb hal-xoş edəndən sonra 4 aprel 1993-cü ildə Ağdam rayonun Yusifcanlı kəndindən məni əsgərə yola saldılar… 1 iyun 2022-ci il, axşam saat 17:15 özümü hələ də əsgərdə hesab edirəm… Mən tərxis olub kəndimə, doğma Yusifcanlıya qayıdacağım günü böyük səbrsizliklə gözləyirəm… Yusifcanlı mənim dünyaya göz açdığım, dünyanı tanıdığım, söz, ədəb, elm öyrəndiyim müqəddəs məkandır. Bu yazı indi nəyinsə xatirinə yazılmış, boğazdan yuxarı ibarələrlə dolu süni bir mətn, söz yığını deyil. Bunun belə olmadığını şanlı zəfərimizlə yekunlaşmış 44 günlük müharibədən əvvəl, müharibə dövründə və eyni zamanda qələbədən sonra müxtəlif mətbu orqanlarda dərc olunmuş yazılarım (şeirlər də) təsdiq edir. Ötən günlərimə, düşüncələrə sizinlə birlikdə yazılı mənbələr üzərindən səyahət etmək istəyirəm. Birinci müharibədən əvvəl “ta bıçağın sümüyə dayandığına”, dözməyə, gözləməyə səbir qalmadığına işarə edən yazılara nəzər yetirək.
“Köçkün (qaçqın) olmaq nə deməkdir?!”, “Ədalət”,23.07.2019, say: 125 (5589), s.6. – bu yazı ilə tam şəkildə sadəcə adını yazmaqla internet üzərindən tanış olmaq olar. Burada sizə sadəcə sonluqda olan qısa bir hissəni təqdim etmək istəyirəm: “…2002 – ci ildən Bakı şəhəridə yaşayıram, heç vaxt maddi çətinliyim olmayıb (ümumiyyətlə, qayıtmaqdan başqa həyata keçməmiş heç bir arzum yoxdur, şükür Allaha…) . Əvvəlcə bir müddət kirayədə, sonra isə öz evlərimdə yaşamışam. Bu müddət ərzində Bakı şəhəri, Yasamal rayonu daxilində üç dəfə evimi dəyişmişəm və hər dəfə yeni təmirli evlərə köçmüşəm. Tam şəraitli, bütün rahatçılığı olan evlər olub. Ancaq o evin heç birində həyətimizdəki zoğal ağacının altında qoyulmuş taxtın üstündəki kimi bircə dəfə də olsun rahat yata bilməmişəm… Qaçqın-köçkün olmaq öz evində qonaq kimi yaşamaqdır… Evləri dəyişsən də, illər ötsə də bu hiss dəyişmir… Qayıdacağın günü gözləyirsən…”
İlk dəfə 2011-ci ildə dərc olunmuş və bu günə qədər 6 (altı) dəfə nəşr olunaraq, müxtəlif layihələr çərçivəsində Azərbaycanın, ayrıca olaraq dəfələrlə Ağdamın kitabxanalarına məktəblərinə paylanmış “Oriyentir ulduzu” povestinin əvvəlinə və sonluğuna diqqət yetirək (bu kitabın da elektron variantı ilə sadəcə Zaur Ustac – Oriyentir ulduzu yazmaqla tanış olmaq olar): “…Qurban olum , ay ALLAH, Ali Baş Komandan bircə, bu “HÜCUM” ƏMRİNİ VERSƏYDİ!!! Bəs, bu torpaqları kim azad edəcək? Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu dağlara baxdı. …”
və ya
“…Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az… Yavaşca sağ dizi üstə çöküb, sağ böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi, hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza,-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kəlmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi… Sanki kimsə onu gəzdirirdi; bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı, bura Göyçədi, bura Borçalıdı,bura Dərbənddi, bura İrəvandı, bura Zəngəzurdu, bura Təbrizdi, bura Füzulidi, bura Zəngilandı, bura Qubadlıdı, bura Cəbrayıldı, bura Xocavənddi, bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı- Qaladı eee, Qala- bura QARABAĞDI- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura ADƏMİN vətənidi, bura AZƏRBAYCANDI, bu torpaqlar türk oğluna UCA TANRININ ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda ŞƏHİD olmaq hər kəsə nəsib olmur… O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil bir az əvvəl bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə…
İndi, Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir deyir…
07-21 fevral 2011. BAKI. …”
Müxtəlif mətbu orqanlarda və kitablarda dəfələrlə çap olunmuş şeirlər:
(“Dağlar” şeirindən)
Dünya belə qalmaz, dəyişər zaman,
Yenə dövran olar, həmənki dövran,
Bulaqlar başında məclislər quran,
Oğullar ərsəyə gələli, dağlar!
* * *
Ustac bulud kimi dolub, ağlamır,
Köksünün yarası qaysaq bağlamır,
Bir bilsən, ruhumu nələr çuğlamır,
Doğacaq nə zaman Hilalın, dağlar?!
07.05.1995. Marağa.
(“Şəhid haqqı” şeirindən)
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.
44 günlük müharibənin gedişində Müzəffər Ali Baş Komandanla, xalqla, ordu ilə həmahəng olan qələm şanlı qələbəmizdən sonra da yurd həsrəti ilə çırpınan qəlbin istək və arzularından yazdı:
(“Dağlar” şeirindən)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
22.01.2021. Bakı.
və ya
“Qarabağda torpaq islahatları vacibdir, …”, “Təzadlar” qəzeti, 16.02.2021, say: 06 (2291), s. 11. : “…Sizlərlə növbəti yazıların altında “Ağdam rayonu, Yusifcanlı kəndi” qeydi ilə quruculuq işlərindən bəhs edən məqalələrimlə görüşmək …”
Sonda “Kredo” qəzeti, 20.04.2022, say: 16 (1096), s.15. və “Həftə içi” qəzeti, 21-27.04.2022, say: 15 (3431), s.8. “Vallah, kəhrizdən ayıbdı…” şeirində:
“…Kol-kos basmış arxların
İtib bəndi-bərəsi…
Məni görcək deməzmi,
– Hanı bunun dəhrəsi!?-…”
HAŞİYƏ: Mən 1991 –ci il Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbinin məzunuyam. Sinfimizdə 17 oğlan var. Demək olar ki, səhəti imkan verənlərin hamısı Qarabağ Müharibəsinin iştirakçısıdır. Hər il məzun günü toplaşırıq, Azərbaycanın dilbər guşələrini gəzirik. Harda olsaq, süfrədə nə olsa da Yusifcanlıda məktəbli olarkən Böyük Bağda limonadla kökə yeməyimizdən danışıb o günlərin həsrətini çəkirik… İndi o bağ-bağatdan, kəndimizdən əsər-əlamət qalmadığını fakt olaraq bilsək də, düşüncə sanki bu reallığı qəbul etmək istəmir… 45-48 yaşlı kişilər 14-16 yaşlı uşaqlığımızın o yerlərdə bizi gözlədiyinə inanırıq və bu həsrətin bitməsini səbirsizliklə gözləyirik… Harada yaşamağımızdan asılı olmayaraq bu gün hamımız yolüstəyik… Gözümüz Qarqarın o tayında olmayan bağlarda, göz dağı dağlarda qalıb…
İndi icazənizlə qayıdıram söhbətimizin əvvəlidəki “Məhrəm” adlandırdığım dəftərdəki şeirlərimə o şeirləri bu ötən 30 (otuz) il ərzində ona görə heç vaxt çap etdirmədim ki, bir gün bütün bunların tarix olacağına inanınrdım və inanırdıq. “93-ün yayı və ya bir qaşıq qatıq”, “Qarqara çıxılan gün” kimi mətnlər bizim yurd həsrətinin, sarsılmaz iradəmizin, mübariz düşüncəmizin məhsulu idi…
Ancaq bütün bu inamla bərabər içimizdə vaxtın uzanması qorxusu var idi… Şükür indi belə problem yoxdur. Əsas məsələ həll olunub. Ərazi bütövlüyümüz bərpa olunub. İndi qalır ulu Dədə Qorqud tövsiyəsi gərəyi yurdu abadlaşdırmaq. Biz inanırıq ki, tezliklə Müzəffər Ali Baş Komandan möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu işin də öhdəsindən uğurla gələcəyik.
PS.
Bu yazının bəzi qeydləri Bakıda, bir hissəsi uşaq vaxtı qoyun otardığımız, çimdiyimiz Qarqar çayının sahilində, müəyyən məqamları da Ağdamdan Murova qədər olan dağların seyrangahında yazılıb. Bu günə şükür.
24.05-01.06.2022.
Bakı, Ağdam, Göygöl.


VALLAH, KƏHRİZDƏN AYIBDI…
Turist kimi gəzmişəm,
Qarış-qarış Yurdumu!
Hələ yada salmıram,
Süründüyüm Ordumu!
* * *
Əlimdə qayçı, dəryaz,
Toz-torpaq uda-uda!
İstəyirəm mən dönəm,
Nisgilli, dərdli Yurda!
* * *
Gözümüzü açandan,
Eşitdik; “Araz”, “Araz”…
O vaxtlar Qarqar bizə,
Dayaz idi, damdayaz…
* * *
İndi keçilməz olub,
Dərindən də dərindi…
Yeganə təsəllimiz,
Bu dərdimiz sərindi…
* * *
Bir də ümid çırağı,
Qurumayan o kəhriz…
O vaxtlar düşünərdik,
-“Nə ərköyün bu kəhriz…”-
* * *
Kənkanlarla qol-boyun,
Yaşamaqdan zövq alır.
Onlar nazın çəkməsə,
Suyu tez-tez azalır…
* * *
İndi bu fikrə görə,
Utanıram özümdən…
Düz otuz il sərasər,
Yaş axıdıb gözündən…
* * *
Arınıb zir-zibildən,
Xirtdəyinə çıxsa da…
Axıdıb göz yaşını,
Öz içinə axsa da…
* * *
İndi mən o kəhrizin
Yanına turist kimi…
Yaxası zınqırovlu,
Muncuqlu artist kimi…
* * *
Necə gedim, a millət!?
Dilə gəlib deməzmi:
-Hanı sənin külüngün?!-
Göz yaşını yeməzmi?!
* * *
Ya evimin divarı,
Qarqarın qara daşı,
Şahbulağın ağ daşı,
Atıb-tutmazmı başı?!
* * *
Soruşmazmı, nə vaxtdır,
Hardasan, “İşlərbaşı”!?
Qalmayıb xanəgahın,
Artıq daş üstə daşı…
* * *
Hanı malan, şuğulun!?
Ya isgənən, sığırğan!?
Neçə vaxtdır, hardasan!?
-Budra hamı bağrı qan…
* * *
Bəlkə də kəhriz kimi,
Arılar da vəfalı…
Kötüklər ta çürüyüb,
Pətək arar səfalı…
* * *
Kol-kos basmış arxların
İtib bəndi-bərəsi…
Məni görcək deməzmi,
-Hanı bunun dəhrəsi!?-
* * *
İndi mən o kəhrizin
Yanından turist kimi…
Yaxası zınqırovlu,
Muncuqlu artist kimi…
* * *
Ötüb keçə bilmərəm,
Bəlkə bir “ajıqıjı”
İllərdi yol gözləyir,
-Harda qaldı bu “Qıjı”!?
* * *
Məndən dastan gözləyən,
Mən “Zəfər dastanım”ı
Bax, orda yazacağam,
-Əkəcəm bostanımı…
* * *
Hər tutumu çırpanda,
Ya da üzüm dərəndə…
Axtalıq zoğalları
Kölgəliyə sərəndə…
* * *
Gözü bıçaqlı əzgil
Batsın sənin gözünə…
Buz quyumdan içməmiş
Söz baxarmı sözümə!?
* * *
Ən sonuncu adamsan,
Bu işdən söz açmağa!
Qısqı bərk gələn kimi,
Yer gəzərsən qaçmağa…
* * *
Öz işinlə məşğul ol!!!
Qoy, dərdli dərdin çəksin…
Gilas da dəriləcək,
Döz, barı bir ting əksin…
17.04.2022. – Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.