Akif    ABBASOV – AKADEMİK HÜSEYN MUSTAFA OĞLU ƏHMƏDOV – 96

Şəkildə (soldan): akademik Hüseyn Əhmədov, ortada, ayaq üstə professor Akif Abbasov və  professor Əbülfət Pələngov.


 

AKADEMİK HÜSEYN MUSTAFA OĞLU ƏHMƏDOV – 96

  PEDAQOGİKA ELMİNİN QÜDRƏTLİ NÜMAYƏNDƏSİ 

17 iyun –  görkəmli pedaqoq, Azərbaycanda pedaqoji fikrin və məktəb tarixinin yorulmaz tədqiqatçısı, gənc pedaqoq-alimlərin yol göstərəni və xeyirxahı  pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü Hüseyn Mustafa oğlu Əhmədovun anadan olduğu günüdür. Yaşasaydı   96 yaşı olardı.

Amma dolu, mənalı ömür sürdü. 93 yaşında dünyasını dəyişdi.

 Böyük pedaqoq nəinki aspirant, dissertant və doktorantların, habelə bir çox həmyaşıdlarının və müəyyən yaş həddinə çatmış təcrübəli pedaqoqların da yaxın məsləhətçisi idi.

Onlarla aspirant və dissertanta elmi rəhbər, neçə-neçə elmlər doktoru proqramı üzrə tədqiqat aparan şəxsə elmi məsləhətçi olub, çox saylı əsərlər – məqalələr, tezislər, kitab və kitabçalar, monoqrafiyalar, dərsliklər yazıb, çoxcildli “Seçilmiş əsələri”ni çap etdirib  

Akademik Hüseyn Əhmədovun şəxsiyyəti və elmi yaradıcılığı haqqında çox yazılıb, çox deyilib. Professorlar Fərrux Rüstəmov və  Həsən Bayramoğlu bu böyük alimə bir neçə kitab həsr etmişlər. Onun yubileylərinə aid kitablarda da respublikamızın onlarla tanınmış alimi öz ürək sözlərini demişdir. Çapa hazırlanan kitablarda  Hüseyn Əhmədovun həyatı, elmi yaradıcılığı, elmi nailiyyətləri, pedaqoji fəaliyyəti diqqət mərkəzinə gətirilmişdir.   

Odur ki, təkrarlara yol verməmək üçün biz onun yalnız “Nəriman Nərimanovun pedaqoji fikirləri” monoqrafiyası üzərində dayanmaq, öz təəssüratlarımızı bölüşmək istəyirik.

          Hər şeydən əvvəl onu deyim ki, Nəriman Nərimanovun pedaqoji fikirləri barədə çox pedaqoqlar söz deyib, məqalələr yazıb. Fəqət akademik Hüseyn Əhmədovun araşdırmaları xüsusilə diqqətəlayiqdir, daha sanballıdır, mötəbərdir.

Məlum olduğu kimi, müxtəlif dövrlərdə Nəriman Nərimanova münasibət müxtəlif şəkildə olub. Gah onun şəxsiyyəti, xidmətləri göylərə qaldırılıb,  təqdir edilib, gah bu böyük insan, görkəmli  dövlət və ictimai xadim, məşhur yazıçı və dramaturq diqqət mərkəzindən kənarda, kölgədə qalıb, onun haqqında bir çox həqiqətləri meydana çıxarmaq və yaxud onlardan danışmaq yaxşı qarşılanmayıb, qadağalar da istisna deyil. Bütün bunlar bir vaxtlar daxil olduğumuz ittifaqın üzdəniraq siyasəti ilə tənzimlənib.

Hamımıza məlumdur ki, Nəriman Nərimanov həqiqi vətənpərvər, Azərbaycan xalqının tərəqqisi və inkişafı, respublikamızın öncül yer tutması üçün əlindən gələni edib, həm bir dövlət xadimi, həm də yazıçı kimi xalqımızın maariflənməsi, yüksək mədəniyyətə yiyələnməsi istiqamətində böyük işlər görüb. Həm  sağlığında, həm də sonralar – müəyyən dövrlərdə ona “millətçi” damğası vurulub. Halbuki Nəriman Nərimanov beynəlmiləlçi bir insan idi, digər xalqlara dərin hörmət və məhəbbətlə yanaşır, öz millətini isə çox sevirdi. Həm də öz millətini sevmədən digər millətləri necə sevmək olar? Bu Sovetlər İttifaqının siyasəti idi. Millətini çox sevirdin, damğalayırdılar ki, millətçidir. Odur ki, tələb belə idi ki, millətini sevməzdən əvvəl beynəlmiləlçi olmalısan. Qəribə məntiq və siyasət idi!

Nəriman Nərimanov “Ucqarlarımızda inqilabımızın tarixinə dair” kitabını İ.V. Stalinə ünvanlamışdı. Bu əsərlə tanış olmaqla doktor Nərimanın nə qədər məhrumiyyətlərlə, maneələrlə qarşılaşdığının, xalqımız üçün necə böyük işlər gördüyünün, həyatını belə təhlükəyə atdığının, erməni-daşnaklarının onunçun necə tor qurduğunun   şahidi oluruq.

Bütün yuxarıdakı məsələlərdən təsadüfi olaraq bəhs etmədik. Akademik Hüseyn Əhmədovun “Nəriman Nərimanovun pedaqoji fikirləri” monoqrafiyası əslində 1975-ic ildə nəşr olunmalı idi, lakin dörd il ləngidi. Kitab müəllifin fikri öyrənilmədən senzura tərəfindən insafsızcasına kəsilib-doğranılaraq, insafsızcasına “redaktə” olunaraq ilk dəfə 1979-cu ildə işıq üzü gördü.

Əsər yenidən 2000-ci ildə nəşr edildi. Bu nəşrdə 1979-cu ildə aparılmış ixtisarlar bərpa olunmuş, yersiz redaktələr aradan qaldırılımış, bir növ 1975-ci il variantı bərpa  edilmişdir.

        Akademik Hüseyn Əhmədov monoqrafiyada Nəriman Nərimanovun pedaqoji fikirlərini son dərəcə ustalıqla, diqqətlə, ətraflı şəkildə araşdırmış və çox qiymətli vəsait meydana gətirmişdir. Filologiya üzrə elmlər doktoru, professor Alxan Bayramoğlunun “Şikəst edilmiş övlad”, yaxud milli elmi düşüncənin repressiyası” adlı ön sözü monoqrafiyanın taleyinə aydınlıq gətirir. Alxan Bayramoğlu öz yazısında N. Nərimanovla bağlı hansı məsələlərin monoqrafiyadan çıxarıldığını göstərmiş, dərin təhlillər aparmışdır.

Hüseyn müəllim monoqrafiyanı yazıya alarkən Nərimanovun məqalə və kitablarından, habelə bədii əsərlərindən faydalanmışdır. Bəzi nümunələrə müraciət edək. Məsələn,  monoqrafiyanın “Əqli təhsil haqqında” paraqrafında oxuyuruq: “Nəriman Nərimanov istər təhsilin  rus dilində verildiyi dövlət məktəblərinin, istərsə də ənənəvi məscid məktəblərinin tədris planı və proqramlarını ciddi tənqid edir, xüsusilə ruhani məktəblərində təlim üsullarının  yaramadığını, bu məktəblərin xalqa xeyir vermədiyini dönə-dönə qeyd edirdi. O yazırdı ki, “bu vaxtadək millətin balalarını kor edən, hər şeydən avara salan, vaxtlarını əbəs yerə puç edən məktəblərimizdə nuhun əsrindən qalan üsul ilə dərs deməkdir”.

Həmin sözlərdə dərin həqiqət var.

Hüseyn müəllim bu qiymətli tədqiqat əsərində Nəriman Nərimanovun həyatı və maarifçilik fəaliyyəti;  Nərimanovun müəllim kadrları hazırlanması problemi; əqli təhsil; ana dili və onun tədrisi məsələləri; qadın təhsili; şəxsiyyətin fıormalaşmasında tərbiyənin məqsədi və rolu; xalqlar dostluğu və beynəlmiləlçilik tərbiyəsi; vətən və vətənpərvərlik; əmək və əmək tərbiyəsi məsələləri haqqında;  onun dini baxış və gənc nəslin tərbiyəsi problemləri ilə bağlı fikirləri üzərində dayanmış, onların əhəmiyyəti və böyüyən nəslin təşəkkül tapıb formalaşmasında rolu göstərilir.

Akademik Hüseyn Əhmədov haqq dünyasındadır. Fəqət o, yalnız cismən aramızda deyildir. Həmişə onu anırıq. Hüseyn müəllim bizə zəngin pedaqoji irs  qoyub getmişdir. Pedaqogikanın tarixinə və nəzəriyyəsinə dair fikirləri biz p0edaqoqlar üçün qiymətli mənbələrdir.

Bu gün pedaqoqlar, doktorant və dissertantlar, magistrantlar və magistrlər, müəllimlər akademik Hüseyn Əhmədovun əsərlərindən faydalanırlar.

Anadan olduğu bu gün bu böyük şəxsiyyəti nəzərdə tutaraq: “Allah sənə rəhmət eləsin, dəyərli insan!” deyirik.

                                Müəllif:   Akif ABBASOV                   

                   Azərbaycan Respublikası Təhsil  İnstitutunun

                    elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “Akif    ABBASOV – AKADEMİK HÜSEYN MUSTAFA OĞLU ƏHMƏDOV – 96”

  1. Akad. Hüseyn Əhmədov haqqında doğum günündə xoş sözlərə və əsərinin dərin təhlilinə görə prof. Akif Abbasova Əhmədovlar ailəsi adından təşəkkürümüzü bildiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir