İLAHƏ İMANOVA – İNADKAR

İLAHƏ İMANOVA

İNADKAR

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının geniş salonunda 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilən bir-birindən fərqli, bir-birindən maraqlı yaradıcılıq işləri münsiflər tərəfindən dəyərləndirilirdi. Ən gözəl rəsmlər, abidələr, heykəllər, büstlər, barelyeflər nümayiş olunurdu bu gün. Buraxılış imtahan nəticələri də məhz bu yaradıcılıq nümunələrinə baxış əsasında müəyyən olunacaqdı.

Adının, xatirəsinin heç vaxt unudulmayacağı, sevə-sevə anılacağı məkanda hələ də kompozisiyaları qorunub saxlanılan Aprel döyüşləri qəhrəmanı, şəhid Samir Kaçayevin yarımçıq qalan arzularını, ideyalarını həyata keçirməyi üzərinə götürən onlarla gənc diplom işi kimi öz yaradıcılıq nümunələrini təqdim etmişdilər. Təqdim olunan bütün işlər vətənpərvərlik ruhunda idi. Vətən Müharibəsi qəhrəmanlarının əziz xatirəsinə həsr etdikləri nümunələrin şəhid ailələrinə təqdim ediləcəyi nəzərdə tutulmuşdu.

Akademiyanın bu ilki məzunları arasında Vətən müharibəsi iştirakçıları da vardı. Təhsilini yarıımçıq qoyub Vətənə borcunu ödəyən bu gənclər təkcə qəhrəmanlıqları ilə deyil, həm də öz bacarıqları ilə seçilirdi. Bu günün məzunları sabahın tanınmış rəssamları, heykəltaraşları olacaqdı.

Heykəltaraşlıq Fakultəsinin məzunu, Vətən müharibəsi qəhrəmanı Hüseynovun təqdim etdiyi iş daha çox bəyənilmişdi.

Xüsusi naxışlarla işlənmiş taxta əsanın köməkliyi ilə irəli addımlayan Qazini hər kəs alqışladı. O, əlini sinəsinə qoyub mehriban siması ilə hər kəsə təşəkkür etdi. Ünvanına söylənən xoş sözlərin demək olar ki, heç birini eşitmirdi. Uşaqlıq arzusu bu gün həyata keçən gənc qəhrəmanın sevincdən gözləri dolmuşdu. Kirpiklərində donub qalan göz yaşını kimsə görməsin deyə, tez üzünü pəncərəyə tərəf çevirdi. Gözləri yol çəkirdi. Beş il əvvəl ona xəyal kimi görünən arzuları, nəhayət, gerçəkləşmişdi.

**********

Sənan hanı? İşə gəlməyib? Təcili ofisə gəlsin. Mehman müəllim onu çağırır. – Müdirin köməkçisi sözünü deyib, tələsik uzaqlaşdı.

–Sənan, burdadı? Təcili ofisə çağırırlar onu. – Ustalardan birinin səsi eşidildi.

Qapının açılması ilə yeni işçinin əlindəki stəkanı mizin üstünə qoyub ayağa qalxması bir oldu.

–Mehman müəllim səni yanına çağırır. Özü də təcilidir, dedilər.- Usta birnəfəsə dedi.

–Yaxşı, indi gəlirəm, -dedi.

–Görəsən, nolub ki səhər-səhər, özü də təcili səni axtarır? – ustalardan kimsə dilləndi.

Sənan üst-başının tozunu çırpıb pəncərədən görünən ofis binasına nəzər saldı bir anlıq. Gözləri yol çəkdi. Üzünün ifadəsindən narahatlıq keçirdiyi hiss olunurdu.

–Bəlkə yeni sifariş var… –Bir az əvvəl onunla bir süfrə arxasında çay içən yaşı qırxı keçmiş usta yoldaşı əlini onun çiyninə qoyub dedi.

Gənc usta ona dəstək olmağa çalışan dostunun əlinin üstünə əlini qoyub gülümsədi:

–Gedək, görək də!

Sənan bu emalatxanaya yeni işə düzəlmişdi, heç iki ay olmazdı. Bir az əvvəl söhbət etdiyi iş yoldaşı həm də məhəllə qonşusu idi. Bura da onun təşəbbüsü və köməkliyi ilə düzəlmişdi.

Şəhərdən bir xeyli kənarda, müxtəlif növ daş və tikinti materiallarının hazırlandığı bu böyük ərazidə yerləşən daş karxanasında qazancı, sözün əsl mənasında, daşdan çıxan onlarla fəhlə və usta çalışırdı.

Ofis binası yolun kənarında, toz-torpaqdan uzaq bir yerdə idi. Günün istisində, şaxtanın soyuğunda işləməyə məcburiyyətdən vərdiş edən insanlar təmiz və səliqəli ofis binasında çalışanlara uzaqdan qibtə ilə baxırdılar.

Ərazidə bir neçə emalatxana da fəaliyyət göstərirdi. Burada işləyənlərin işi digərlərinə nisbətən yüngül idi. Emalatxanada bağ evləri, istirahət mərkəzləri üçün nəzərdə tutulan hər cür  abidə, mələk fiqurları, heyvan heykəlləri, sürahilər sifariş əsasında hazırlanırdı. Nümunə üçün tikililərin qarşısına düzülmüş gözəl mələklər, yoldan keçənlərin içinə vahimə salan ayı, şir, pələng heykəlləri sanki canlı idilər.

Hər gün sübh tezdəndən axşam düşənə kimi daşyonan alətlərin, müxtəlif avadanlıqların səsi usta və fəhlələrin səsinə qarışaraq ətrafın sükutunu pozardı. Yalnız nahar saatlarında tıqqıltı, xışıltı səsləri kəsilər, istirahət edən ustaların şirin söhbəti eşidilərdi.

Üzərlərinə götürdükləri sifarişləri vaxtında çatdırmaq üçün ustalar səhər obaşdandan işə gələr, axşamlar gec olduğu üçün bəzən evə getməyib elə gecəni də burada qalardılar. Usta və fəhlələrdən fərqli olaraq, ofis işçiləri günün istənilən saatında işə gələr, istədikləri vaxt da gedərdilər. Yalnız müdir köməkçisi tez-tez bütün əraziyə baş çəkər, görülən işlərinin hesabatını rəhbərinə çatdırardı.

Günün erkən saatlarında adətən müştərilər gözə dəyməzdi. Müdir köməkçisi ərazidə görünəndə kimisi tez ayağa qalxıb işinə davam edər, kimisi isə əlindəki işi yarımçıq qoyub yeni sifariş aldıqlarına ümid edərdi. Hər yeni sifariş əlavə qazanc demək idi onlar üçün.

Sənan ofisin binasına daxil oldu. İçəridən müdirin səsi eşidilirdi. Tək deyildi. Söhbətlərinə müdaxilə etməmək üçün içəri girmədi. Müdir qapı arasından onu görüb içəri çağırana qədər gözlədi. Sənan kandarda dayanıb müdir və qonağına ədəb-ərkanla salam verdi.

Müdir qarşısında dayanmış boy-buxunlu, arıq, ucaboy yaraşıqlı gəncə nəzər salıb əli ilə onu öz yanına, masa arxasına dəvət etdi.

–Gəl! Gəl, otur.

Soyuqqanlılığı, bir qədər də utancaqlığı ilə fərqlənən Sənan burada işləyən fəhlə və ustaların hamısından yaşca kiçik idi, 24 yaşı hələ bir neçə ay sonra tamam olacaqdı. Bura işə düzələnə qədər müxtəlif tikintilərdə günəmuzd işləmiş, az qazancla ailəsinə kömək olmağa çalışmışdı. Keçən yay atası qəfil ürək tutmasından vəfat etdikdən sonra evin bütün qayğılarını öz üzərinə götürmüş, anasının və özündən kiçik bacısının heç nədən korluq çəkməyəcəyini özünə söz vermişdi.

Uşaqlıqdan bəri Rəssamlıq Akademiyasına qəbul olmaq arzusu vardı. Ali məktəbə qəbul ola bilməyəndə xeyli pərişan olmuş, hirsindən çəkdiyi rəsmləri də cırıb atmışdı. Əsgərliyə gedənə qədər əlinə bir daha qələm almayacağını da demişdi. Əsgərlikdə boş vaxtlarında darıxanda çarpayısının altında gizlətdiyi dəftərinə ara-sıra şəkillər çəkərdi. Bölük komandiri onun rəssamlığından təsadüfən xəbər tutduqdan sonra yoldaşları və komandirləri ona əsgərlikdən sonra həvəsdən düşməməyi, yenidən ali məktəbə hazırlaşmağı tövsiyə etmişdilər. Qabiliyyət imtahanlarını versə də, testdən tələb olunan balı toplaya bilmədiyi üçün yenidən həvəsdən düşmüş, arzularının üstündən xətt çəkmişdi. Görünür, ali məktəb tələbəsi olmaq ona qismət deyilmiş.

Sənan Bakı kəndlərində böyümüşdü. Uşaqlığı dəniz kənarında keçmişdi. Qızmar yayın istisində də, küləkli havalarda da dənizin sahilinə gələr, saatlarla dənizlə baş-başa qalardı. Dənizin səsini dinləyib ləpələrini seyr etməkdən zövq alar, rahatlıq tapardı ruhu. Cizgi və uşaq filmlərində, şəkilli nağıl kitablarında gördüyü saray tikililərinə olan marağı onu sahil qumundan müxtəlif fiqurlar, qəsrlər düzəltməyə həvəsləndirirdi. Xüsusilə çimərlik mövsümündə daha çox seyrçisi olardı yeniyetmənin. Daim əlləri, üst-başı palçıq olan oğlanın anası ona hirslənə bilmirdi, tez üzündən öpüb düzəltdiklərini göstərər, “Dünyanın ən yaxşı anası üçün” hazırladığını deyərdi.

Uşaqlıqdan inadkar idi Sənan. Evdə adi plastilindən düzəltdiyi cəngavər heykəlciklərini azyaşlı bacısı balaca əlləri ilə ovcunda sıxıb korlardı. Sahil qumundan yaratdıqlarını isə dənizin ləpələri yuyub aparardı. Bacısına və dalğalara qəzəblənərdi həmişə. Hirsi yatanda isə əvvəlkindən daha gözəl qəsrlər yaradardı. Xəyalında özünü at belində əlində qılınc düşmənlərlə döyüşən, qəsrdə gizlədilən gözəl qızı xilas edən cəngavər kimi təsəvvür edərdi. Anasının danışdığı bütün nağıllarda gözəl qızlar qəhrəmanları sevirdi, axı!

Ali təhsili olmamasına baxmayaraq, o, fitri istedadı ilə universitet tələbələrindən heç də geri qalmırdı. Burada işlədiyi bu 2 ay ərzində artıq bağ evləri üçün daşdan bir neçə fiqur yonub hazırlamışdı. Onun hazırladıqları burada illərlə işləyən digər təcrübəli ustaların hazırladıqlarından öz zərifliyi, möhtəşəmliyi ilə seçilirdi. Ofis müdiri elə ilk gündən onun istedadını görmüş, bacarığını dəyərləndirmişdi. İş yoldaşı isə dönə-dönə ona “Sənan, bura sənin yerin deyil! Sən öz üzərində çalış, ali məktəbə daxil ol. Sən anadangəlmə istedadsan. Nə vaxta kimi tikintilərdə günəmuzd işləyəcəksən? Emalatxanalarda sifarişlər götürməklə kifayətlənmə! Ali təhsil al, rəssamlığın, heykəltaraşlığın sirlərini öyrən. Gəncsən! Öz bacarığını dəyərləndir, gələcəyini qur!” deyərdi.

Sənan məhv olmuş xəyallarına üzülsə də, xəfifcə gülümsərdi. İş yoldaşının sözləri, düzü, onu həvəsləndirərdi, qəlbinin  dərinliklərində yenidən heykəltaraş olmaq arzusu baş qaldırardı. Uşaqlıqdan inadkar olan Sənan bilirdi ki, inadkar insanlar gec, ya tez öz istəklərinə nail olur.

Uzaqdan seyr etdiyi, yaxınlaşmağa cəsarət etmədiyi, Tibb Universitetində təhsil alan qızı düşündükcə, onunla eyni səviyyədə ola bilmədiyindən xəcalət çəkirdi bəzən. O cür qız heç vaxt onun kimisinə gözünün ucu ilə də baxmazdı. Sənan onu düşündükcə köksünü ötürər, özünü ona layiq bilməzdi. Güzgünün qarşısına keçincə isə tamam ayrı düşüncələrə qapılardı. Orada öz əksinə baxar, uzun qızılı saçlarını külək dalğalandıran mavi gözlu qızla özünü yanaşı görər, güzgüdən ona gülümsəyən iri qara gözləri olan yaraşıqlı oğlanı ağ xalatlı qıza yaraşdırardı. Boş vaxtlarında kitab oxumaq, testlərlə maraqlanmaq, ali məktəb tələbəsi olmaq istəyi, həm də özünü qızın qarşısında doğrulda bilmək cəhdi idi.

Müdir Sənanı ayaqda qarşılayıb işçisini qonağına təqdim etdi:

–Sizə bəhs etdiyim işçim, Sənan. -Qonağın təəccüblü baxışları müdirin nəzərindən yayınmadı.-Gənc olmasına baxmayın, çox istedadlı, bacarıqlı oğlandır. Əminəm ki, onun işindən çox məmnun qalacaqsız.

Başdan-ayağa onu süzən qonağın baxışlarından sıxılan Sənan müdirin onu yanına hansı səbəbə çağırdığını anlayıb bir qədər rahat nəfəs aldı. Həyəcanına, narahatlığına baxmayaraq, soyuqqanlılığını, təmkinini qoruyub saxlaya bilmişdi. Gəncliyinə görə bacarığına inamsızlıqla yanaşan qonağın nə sifariş edə biləcəyini özlüyündə təxmin etdi. Xarici görünüşündən, bahalı geyimindən yaxşı vəzifə sahibi, imkanlı biri olduğu bəlli olan müştəri çox güman ki, digər sifarişçilər kimi bağ evi, villası üçün heykəl və ya fiqur sifariş edəcəkdi.

Müdir qonağına gülümsəyib üzünü Sənana tutub dedi:

–Sənan, bu qardaşımızın bir sifarişi var. Şəkildə gördüyün,-qarşısındakı fotonu Sənana uzatdı, – bu qadının büstünü istəyirəm ki, sən hazırlayasan.

Sənan öz bacarıq və istedadına əmin olsa da, müdirin sözlərindən duruxdu. Üzərinə böyük məsuliyyət götürə biləcəyindən əmin deyildi. İstədi xahiş etsin ki, belə bir məsuliyyətdən onu azad etsin. Amma bir az əvvəl onu təəccüblə süzən, bacarığına şübhə ilə yanaşan bu imkanlı müştərinin önündə bu sözləri dilinə gətirməyi özünə yaraşdırmadı. O, bu cür kəslərin qarşısında özünü səriştəsiz biri kimi təqdim edə bilməzdi. Əlbəttə, rəsm olsaydı, ən qısa zamanda sifarişi hazır edə bilərdi. Büst hazırlamaq isə daha çox zaman və əmək, həmçinin məsuliyyət, peşəkarlıq, diqqət tələb edirdi.

–Büst hazırlamaq zaman tələb edir. Eskiz və model hazır olanda Mehman müəllim Sizə xəbər edər. Əgər bəyənmiş olsaz, sifarişinizi üzərimə götürərəm.

Sənanın özünə əminliklə dediyi bu sözlər müştərinin xoşuna gəldi. Gülümsədi. Bir az əvvəlkindən fərqli olaraq, indi baxışlarında məmnunluq hiss olunurdu.

Mehman müəllimin də işçisinin sözlərindən razı qaldığı görünürdü. Gənc sənətkarın sözləri, ustasının ünvanına dediyi təriflərdən sonra onun sifarişçinin qarşısında başucalığı, hörməti demək idi.

Sənan şəkil əlində otaqdan çıxanda əmin idi ki, müdiri sifarişçini onların şirkətinə müraciət etməklə çox düzgün qərar verdiyinə inandırmaq üçün əlindən gələni edəcək.

Sənan emalatxanaya qayıtdı. Dostu bayaqdan həyəcanla onun yolunu gözləyirdi. Dəfələrlə açıq pəncərədən ofisin binasına nəzər salmışdı, Sənanın hansı əhval-ruhiyyə ilə oradan çıxacağını görmək istəyirdi. İlk sözü:

–Noldu? Nə dedi? – oldu.

Sənan əlindəki şəkli dostuna göstərdi:

–Büst hazırlamaq sifariş edilib. Heç bilmirəm…

Digər ustalar onların başına toplaşıb gah Sənana, gah da əlindəki şəklə nəzər yetirdilər.

–Bu ki əla xəbərdir! –ustalar öz işlərinin başına qayıdanda dostu sevincək əlini Sənanın kürəyinə vurdu. Burada hər sifariş həm müdir, həm də ustalar üçün qazanc demək idi.

–Bir bilsən, bu sifarişlə Mehman müəllim üzərimə nə boyda məsuliyyət qoyub. Çətindir! Zaman, peşəkarlıq, bacarıq, diqqət tələb edir, Arif. –Sənanın səsində narahatlıq duyulurdu.

Maşallah, bacarıq səndə, istedad səndə! Sən bu işin öhdəsindən gələcəksən, əminəm.

Sənan pəncərə qarşısında özü üçün masa hazırladı. Gərgin işin yorğunluğunu səmadakı şəklini dəyişən buludlara, uzaqdan görünən ağaclara baxmaqla canından çıxarardı. Rəssam ruhu təbiətdən zövq alırdı.

Sənan beton döşəmənin üstündə oturub gözlərini belə qırpmadan əlində tutduğu şəkilə baxırdı. Bu baxışlar istər-istəməz dostu Arifin diqqətini çəkdi:

–Gələndən fikrin şəkildədir…

Sənan nəzərlərini sanki ona gülümsəyən gözəl, gənc qadının şəklindən ayırdı, sakit səslə dedi:

–Necə də gözəldir! Heyf bu gözəllikdən!

–Ölüm cavana, qocaya baxmır ki! -Arifində səsində təəssüf hiss olunurdu.

Düzdür, -Sənan əlindəki rəsmi divara yapışdıraraq dedi.

Qısa zaman ərzində artıq hazırlayacağı büstün eskizini kağızda sadə karandaşla çəkib hazır etmişdi. Ağ-qara rəsm çox gözəl alınmışdı. İndi eskiz əsasında sifarişin gildən modelini hazırlamalı idi. Əvvəllər də bu işlə məşğul olduğu üçün model hazırlamağa o qədər çox zamanı getməyəcəkdi. Çətin işlər isə qarşıda idi.

Nahar fasiləsindən sonra müdir emalatxanaya Sənanın yanına gəldi.

–Sənan, necə gedir işlər? -soruşdu.

Sənan eskizi müdirə göstərib dedi:

–Görəcəyim işin eskizi hazırdır. Gildən model hazırlayacam.

–Nə vaxta hazır edərsən? -müdir əlindəki eskizi nəzərdən keçirərək maraqlandı.

–Modeli hazırlamaq bir neçə gün çəkəcək. Ən geci üç günə hazır edərəm.

–Hiss etdim ki, tərəddüdlə yanaşdın bu sifarişə. Bilirəm, gəncsən, tərəddüd etməyin, narahat olmağın təbiidir. Sifariş üçün yaxşı məbləğ təklif olunub. Baxmayaraq ki, burada səndən daha təcrübəli, illərin işçiləri, sənətkarları var, amma mən düşündüm bu sifarişi sənə tapşırım. Bundan əvvəlki işlərin diqqətimi çəkib, çox bəyənmişəm. Sənin gördüyün işlər incəliyi, zərifliyi ilə fərqlənir. Sən işinə ciddi, məsuliyyətlə, həm də peşəkarcasına yanaşırsan. Bil ki, bu diqqətimdən yayınmır.

Sənan ətrafdan ona zillənən baxışların altında sıxıldı. Kaş ki hər kəsin qarşısında müdir onu tərif etməsəydi! Bacarığını, istedadını dəyərləndirməsi kifayət idi. Sənan utana-utana sadəcə təşəkkür edə bildi.

–Yaxşı, oğlum, vaxt itirmə. Səni işindən etməyim. Hazır olanda mənə xəbər et. Nə qədər tez sifarişi təhvil versək, özümüzə xeyirdir.

Sənanın dodaqlarında təbəssüm göründü. Müdir bu sifarişin əziyyətindən xəbərsiz idi. Yalnız sənətkarlar bilirdi nə qədər zaman və gərgin əmək bahasına gözəl sənət əsəri ərsəyə gəlir.

Sənan əynini dəyişib dostu Arifə bəzi şeylər almalı olduğunu deyib emalatxanadan çıxdı.

Çay süfrəsi ətrafında toplanan ustalar müdirin Sənanı fərqləndirməsini, ona dəyər verməsini qəbul edə bilmirdilər.

–İki ay deyil gəldiyi, artıq üçüncü sifarişidir, -ustalardan biri həsədlə dedi.

–Təzədir də! Müdirin gözünə girmək üçün həvəslə çalışır, -başqa usta iş yoldaşının fikrini dəstəklədi.

Düz deyirsən. Görmədin bayaq Mehman müəllim onu tərifləyəndə necə özündən razı, yekəxana görünürdü. Müdirin necə qılığına giribsə, biz illərin işçisi qala-qala,  dünən gələn işçiyə o cür sifarişi verib.

–Bir-iki sadə iş görüb, elə bilir ki, bu işin də öhdəsindən gələ biləcək. Bu daşdan ceyran, maral, mələk hazırlamaq deyil e! Ona asan gəlir e!

–Düz deyirsən, büst hazırlamaq asan iş deyil! -bayaqkı usta yenə dedi.

–Ona nə var e! Bir özüdür, bir anası; subay adamdır. Bizim kimi ailə saxlamır ki! – fəhlələrdən biri də söhbətə qoşuldu.

–Mehman müəllim arxayındır ki, dünənin işçisi o cür sifarişin öhdəsindən gələ biləcək. Mənim heç ağlım kəsmir ki, o, bu işi bacara. Görərsiz, yenə bizə tapşıracaq axırda o işi! -gün altında işləməkdən rəngi qaralmış bəstəboy usta yenidən narazılığını bildirdi. Gözlərində gəncə qarşı kin, nifrət aşkar hiss olunurdu.

Ustaların səsini hələ küçədən eşidən Arif onların söhbətlərinə müdaxilə etməyə məcbur oldu:

–Utanmırsız? Oğlunuz yerində olan birinin arxasınca nə gəldi danışırsız! Gənc və yeni işçi olanda nolar ki?! Mehman müəllimin qohumu deyil, yerlisi deyil. Adamın Allahı var, gəlin etiraf edək ki, gənc və aramızda yeni olmasına baxmayaraq, bizdən heç də pis işləmir! Gördüyü işlər də ki göz qabağında! Bu günə kimi hansı işi tapşırıblar, öhdəsindən gələ bilməyib?! O ki qaldı müdirin rəğbətini qazanmağa, yaltaqlıq və qılığa girməklə deyil, əlinin zəhməti, işinə məsuliyyəti, öz bacarığı ilə qazanıb! -dedi. Onların cavabını gözləmədən başını bulayıb uzaqlaşdı.

Sənan işə hamıdan tez gəlmişdi. Vaxt itirmədən işə başlamaq istəyirdi. Masanı pəncərənin qarşısına çəkdi. İşlərkən pəncərədən günəş işığının içəri düşməsini xoşlardı. Qaranlıq və yarımqaranlıq məkanları heç sevməzdi. Divarın dibindən qoyduğu sərt plitələri qaldırıb masanın üzərinə qoydu. Dünən axşam evə gedərkən nəm əskinin arasına qoyduğu gil parçaları artıq yumşalmışdı. İşə başlaya bilərdi. Ovucları arasında əzib yumşaltdığı gili alüminium məftilin üzərinə yapışdırdı. Lazım gəldikcə əlinin altında hazır qoyduğu gil parçalarından əlavələr edirdi. Artıq müəyyən bir forma alındıqdan sonra onu işləmək, incə üz cizgiləri yaratmaq qalırdı. Gildən ilk dəfə deyildi heykəllər yaratdığı. Dəfələrlə müxtəlif ölçülü fiqurlar, heykəlciklər yaratmışdı. Rəssamlıq akademiyasında qabiliyyət imtahanı zamanı  hazırladığı etüdlər münsiflər tərəfindən çox bəyənilsə də, testdən bal toplaya bilmədiyi üçün imtahandan kəsilmişdi. Fakultəyə qəbul üçün tələb olunan balı toplaya bilsəydi, indi akademiyanın məzunu, ali təhsilli biri idi. Sevdiyi qızın qarşısına çıxıb cəsarətlə ona hisslərini etiraf edə bilərdi. Daha təhsilsiz olduğuna görə xəcalət hissi ilə gözlərini gizlətməzdi.

Fotodan ona gülümsəyən qadını sevdiyi qıza bənzədirdi. Həmin baxışlar, həmin gözlər…  Sənan saatlarla bu saçlara, bu gözlərə, bu dodaqlara baxa bilərdi. Ona elə gəldi ki, indi rəsm canlanacaq, sevdiyi qız elə bu şəkildən ona gülümsəyib dillənəcək, ona biganə olmadığını, hətta onu sevdiyini dilə gətirəcək.

Sənan həvəslə işləyirdi. Onun üçün həvəs olan bu iş həm səbr, həm də peşəkarlıq tələb edirdi. Üz cizgiləri kifayət qədər incə və zərif olmalı idi ki, hazırlanan heykəl gözəl görüntüsü ilə diqqət çəkə bilsin.

Əlinin altına yığdığı alətləri tez-tez dəyişir, gil parçalarının üzərinə toxundurmaqla forma verirdi.  Plastilindən fərqli olaraq, gil tez quruduğu üçün onu tez-tez islatmağı da unutmurdu. Gil bərkiyəndən sonra ona forma vermək, dəyişiklik etmək çətin olduğu üçün üz cizgilərini tez bir zamanda işləmək lazım idi.  Gil parçası indi gözəl gözləri, zərif dodaqları, dalğalı saçları olan bir qadına çevrilməkdə idi.

Sənan öz işinə necə aludə olmuşdusa, Arifin gəlməyini də hiss etmədi.

Sənan, səhər gələndən işləyirsən. Nahar vaxtıdır, gəl, bir az dincəl. Bir stəkan çay iç, bir loxma çörək yeyək.

Sənan qonşusunun səsini eşidib əlini saxladı.

–Nahar vaxtıdır ki? -təəccüblə soruşdu.

Arif hələ tam hazır olmamış gil heykələ nəzər saldı:

–Çox iş qalıb?

–Yox, demək olar bitirmişəm. Çalışacam bu gün axşama kimi tamamlayım.

Qəşəng alınıb. Bax, əvvəl tərəddüd edirdin, indi gördün ki mən haqlı idim?! Sənin yerin bura deyil, Sənan! Bir dəfə alınmayıb deyə, həvəsdən düşmə. Yenidən Akademiyaya imtahan ver. İnanıram ki, bu dəfə qəbul olacaqsan. Nə vaxta kimi bağ evləri üçün daşdan ceyran, mələk yonacaqsan? Sən ölkənin ən yaxşı heykəltaraşı ola bilərsən! Kim bilir, bir neçə ildən sonra şəhərin mərkəzində ucaldılan məşhur abidənin müəllifi bəlkə elə sən oldun! Mən sənin gələcəyinə inanıram!

–Çox sağ ol dəyər verdiyin üçün… Amma mən bu qədərinə də layiq deyiləm, -Sənan ünvanına deyilmiş sözlərdən qızardı.

–İş həmişə var. Gəl, qardaş! Gəl, gedək yeməyimizi yeyək.

Sənan üst-başının tozunu çırpıb qonşusu ilə bərabər emalatxananı tərk etdi. Əl-üzlərini yuyub süfrə arxasına keçdilər. Sənan anasının, qonşusu isə həyat yoldaşının nahar üçün hazırladığı yeməkləri süfrəyə qoydular.

Sənan bu gün həmişəkindən fərqli olaraq, naharını daha tez bitirib işinin başına dönməyə səbirsizlənirdi. İndi, o, əvvəlki sifarişlərindən daha böyük həvəslə işləyirdi. Qarşısına məqsəd qoymuşdu, günün sonuna kimi gil modeli bitirməli idi.

Bu sifariş onun üçün özəl idi. Ona münasibəti də əvvəlki işlərindən fərqli idi. Gənc oğlan yorğunluq hiss etmədən bütün istedadını, bacarığını, peşəkarlığını ortaya qoymağa qərarlı idi.

İş saatı çoxdan bitmişdi. Qonşusundan və bir neçə fəhlədən başqa bütün ustalar evə getmişdilər. Arif təkid etməsəydi, Sənan bəlkə elə gecəni də burada qalmaq fikrində idi.

Səhər ustalar işə gələndə Sənan yenə də iş başında idi. Dünən axşam hazırladığı gil modelin qəlibini çıxartmaqla məşğul idi.

–Yorulmayasan! Bu işə yaman həvəslisən ha! –Arif gülə-gülə dedi. Sənanın gözlərindəki parıltı özü də bir cavab idi. –Yoxsa aşiq olmusan, xəbərim yoxdur?

Sənan özündən on altı yaş böyük dostunun sözündən qızardı. Cavab vermədi. Arif, elə adı kimi də arif adam idi. – Deyirəm, axı, bu oğlanda bu eşq, bu həvəs hardandır! “Məhəbbət xariqələr yaratmağa qadirdir!” dedikləri bu imiş demək!

Sənan heç bir söz demədi, sadəcə gülümsədi. Arifin sözləri ona bir az da artıq ruh yüksəkliyi bəxş etmişdi. Fərhad kimi sevdiyi uğruna külüng vurmağa da hazır olan gəncin xəyalları indi çox uzaqlarda, gözləri dənizin suları kimi mavi, saçları dalğalarına bənzəyən həmin qızın yanında idi. Kaş ki bircə dəfə qarşısına çıxıb gözünün içinə baxa, rədd cavabı alsa belə, sevgisini etiraf edə biləydi!

Müdirin səsi eşidildi. Az sonra isə özü emalatxananın qapısında göründü. Ustalarla salamlaşıb Sənana yaxınlaşdı.

–İşlər necə gedir? –deyə maraqlandı.

Sənan masanın üstündəki,  qurumağa qoyduğu qəlibi göstərib:

–Qəlib hazır olsun, gips tökəcəm, -dedi.

Bu cür işlərin dərinliyi ilə maraqlanmayan müdir sanki hər şeyi anlayırmış kimi başını tərpətdi.

–Yaxşı, bəs onda bu nə vaxta hazır olar? Sifarişçi gəlib baxmaq istəyirdi. Bilirsən də, bu cür sifarişlərə görə yaxşı məbləğ təklif olunur. Ona görə də işi nə qədər tez təhvil versək…

Sənan onun sözünü ağzında qoydu:

–Sabah gəlib modelə baxa bilər.

Müdirin üzündə təbəssüm yarandı. Beləcə, məmnun halda, bu yaxşı xəbəri sifarişçiyə çatdırmaq niyyəti ilə emalatxananı tərk etdi.

Nahar və çay fasiləsində bir yerə toplaşan ustalara qaynayıb-qarışmazdı Sənan. Qonşusu və dostu Arifdən başqa burada, demək olar ki, heç kəslə yaxınlıq etməyən gəncə kimsənin fikri də önəmli deyildi. Ara-sıra qulağına dəyən pıçıltıları da görməzdən, eşitməzdən gələrdi. Sanki onun arxasıyca danışdıqlarından xəbərsizmiş kimi ədəb-ərkanla hər biri ilə salamlaşar, bəzən hətta hal-əhval da tutardı. Bütün fikirləri, xəyalları mavi gözlüsünün yanında, diqqəti isə işində olardı.

Gəncin peşəkarlığına, bacarığına, işinə məsuliyyətinə isə hər kəs öz düşüncəsi, öz ürəyi ilə fikir bildirməkdə idi.

Günortadan sonra müdir o gün ofisdə görüb danışdığı həmin kişi ilə emalatxanaya gəldi. Gəncliyinə baxıb, bacarığına şübhə ilə yanaşan birinin gözlərinin içinə meydan oxuyurmuşcasına gülümsəyən Sənan masanın üzərindəki heykəlin üstündən ağ örtüyü çəkdi. Ağ gipsdən tökülmüş büst sifarişçinin düşündüyündən də gözəl alınmışdı. Hələ də gəncin bacarığına şübhə ilə yanaşan müştəri sonradan peşman olacağı sualını verdi:

–Bunu siz hazırlamısız? Yəqin ki, sizə kömək edən kimsə də olub?

Sənan mənalı gülümsəyib başını buladı. Müdir onun əvəzinə cavab verdi:

Axı, sizə demişdim ki, gənc olmasına baxmayın, əlləri qızıldır. O, əsl sənətkardır!

Müştəri heykəlin ətrafında gəzişdi, hər tərəfdən nəzərdən keçirdi. Baxışlarından, üzünün ifadəsindən razı qaldığı hiss olunurdu. Bir anlıq ayaq saxladı, qəfil nə isə xatırlayıbmış kimi təkrar heykəlin qarşısına keçdi. Üzünü gəncə tutub dedi:

–Dodağın üstündə kiçik xal olmalıdır, bax burada, sol tərəfdə. Bir də, boyunbağı  olsun boynunda.

–Siz keçən dəfə büstün boynunda boyunbağı olacağını deməmişdiz, axı! -Sənan etiraz etdi. Təmkinini qorumağa çalışsa da, səsindən dilxorluğu hiss olundu.

–Keçən dəfə deməyi unutdum. -Sifarişçi sakitcə dedi.

 –Siz narahat olmayın, necə istəyirsiniz elə də olar.-Mehman müəllim Sənanın əlavə söz deməsinə imkan vermədi.

Müştəri həmişə haqlıdır, prinsipi ilə bazar iqtisadiyyatı idarə olunsa da,  gənc heykəltaraş üçün sifarişçinin hər yeni dəyişikliyi əlavə əziyyət demək idi.

Sənan müdirlə sifarişçini baş-başa buraxıb gipsin üstünə yenidən ağ örtük atdı. Onlar arasındakı razılaşmanın nəticəsi tezliklə Sənana məlum olacaqdı. İndi isə onun bir az istirahətə ehtiyacı vardı.

Sənan dənizkənarı parkda ağacların altındakı skamyalardan birində əyləşdi. Nəzərləri uzağa yönəldi. Diqqəti dənizin sularında rəqs edən Günəş şəfəqlərində idi. Arifin səhər dediyi sözlərini düşündü. Dostu haqlı idi, o, aşiq olmuşdu. Həyatında ilk dəfə aşiq olmuşdu. Özü də onun sevgisindən xəbərsiz, işvəli-nazlı bir gözələ aşiq olmuşdu. Çox düşündü. İçindən keçən sevgisini etiraf etmək  coşğusu, rədd cavabı ala bilmək qorxusuna məğlub olub susurdu. Bir anlıq fikrindən keçdi ki, bu sifarişdən yaxşı pul əldə etsə, o da digər gənclər kimi özünə daha gözəl geyimlər alıb qızın qarşısına çıxa bilər. İnsafən, axı, o, heç də eybəcər biri deyildi. Əksinə, hələ məktəbdə oxuyanda sinfin, elə məktəbin də ən yaraşıqlı gənclərindən biri hesab olunurdu.

Nargin adasına yola düşən gəminin fiti onu arzu və xəyallar aləmindən qoparıb real həyata qaytardı. Emalatxanaya qayıtmalı idi. Yəqin ki, indi Mehman müəllim onu axtarır hər yerdə.

Onu uzaqdan görən fəhlə yüksək səslə çağırdı:

–Sənan, Mehman müəllim səni soruşurdu. Ofisə get.

Bu qısa müddət ərzində Sənan buradakı insanların xasiyyətinə artıq bələd olmuşdu. Ona elə gəlirdi ki, bəzən onların düşüncələrindən də xəbərdardır. Kimin harada və nə deyəcəyini də əvvəlcədən özü üçün təxmin edə bilirdi.

Müdir Sənanı qapı ağzında görüb sevincək ayağa qalxdı. Onu öz yanına çağırdı.

Sifarişçi sənin işindən çox razı qalıb.

–Keçən dəfə büstün yanağında xal, boynunda boyunbağı olacağı barədə kəlmə də deyilməmişdi. -Sənan narazılığını bildirdi.

–Əşşi, nolacaq ki, kiçik bir xaldı da! Boyunbağı düzəltmək də sənin əlində iki vur iki! -Müdir əlini Sənanın çiyninə qoyub gülə-gülə dedi.

–Bu əlavə iş, əlavə əziyyət deməkdir. -Sənan etiraz etdi.

–Sən vaxt itirmədən işə başla, əziyyətini də necə lazımdır qiymətləndirəcəm. –Müdir masanın siyirməsindən bir xeyli pul çıxarıb Sənanın qarşısına qoydu.– Götür bu pulu, evə bazarlıq edərsən. Behdir, inşallah sifarişi təhvil verəndə yaxşı məbləğ alacağıq.

Sənan gözünün qarşısındakı pullara biganə nəzər saldı:

–Mən pula görə demədim ki! Sifarişçi üçün adi bir şey ola bilər, amma sənətkar üçün əziyyətdir.

Müdir masanın üzərindəki pulları qatlayıb məcbur Sənanın cibinə basdı. Qarşısındakı qürurlu gəncin xasiyyətinə, tərsliyinə qısa müddət ərzində bələd olmuşdu.

Dünən axşam evə gedəndə bir qədər bazarlıq edib, əlindəki pulun qalanını da anasına verən Sənan üçün qadın gecəni yatmayıb oğlunun sevdiyi yarpaq dolmasını büküb bişirmişdi. Qadının arzusu yeganə oğlunu evləndirmək idi. Gənc dəliqanlının qayğısına qalan başqa bir xanımın olması,onu oğlu sarıdan arxayın edərdi. Tərs oğlu isə evlənmək barəsində hələ ki, düşünmürdü.

Sənan üçün modelin üzərində dəyişiklik etmək, əlbəttə, çətin deyildi. O, bu işin də öhdəsindən ən qısa zamanda gələcəkdi. Onsuz da bu günədək həyatda heç nəyi asanlıqla əldə etməmişdi. Həyat onu mükafatlandırmazdan əvvəl həmişə çətinliklərlə sınayardı. Bütün problemləri zamana buraxan gənc getdiyi çətin yolun sonunda uğurlar qazanacağına ümidini heç vaxt itirmirdi.

Sənanı qarşıda çətin günlər gözləyirdi. İş yoldaşlarının dediyi kimi, mərmərlə işləmək gil və plastilinlə, adi daşla işləmək kimi asan deyildi. Tunc və qranitdən fərqli olaraq, mərmər daha yumşaq materialdır, hər an qırılma, çatlama ehtimalı var. Gənc ondan  daha çox diqqət və peşəkarlıq tələb edən işin məsuliyyətini artıq öz üzərinə götürmüşdü. Geriyə yol yox idi.  Bu məqamda etiraz etmək öz bacarıqsızlığını, qeyri-peşəkarlığını etiraf etmək, arxasınca danışılanları təsdiq etmək demək idi. Sənan buna yol verə bilməzdi.

Müdir:

–Bax, oğlum, peşəkarlığına, bacarığına şübhəm yoxdur, əlbəttə. Amma bunu deməliyəm: nəzərə al ki, bu dəfə adi deyil, qiymətli daşla işləyirsən. Mərmərlə son dərəcə ehtiyatla davranmalısan, -deyərkən Sənan bir daha üzərindəki məsuliyyətin böyüklüyünü dərk etdi. Korlanan hər daşın dəyəri ustanın maaşından tutulurdu. Aylarla işsiz qalan bir gənc üçün hər hansı səhv, ehtiyatsız davranış yolverilməz idi. Anlayırdı ki, bacarıq və peşəkarlıqdan savayı, xüsusi diqqət tələb edirdi bu iş.  Özünü təsdiqdən əlavə, ona olan etibarı, güvəni doğrultmaq məsuliyyəti idi bu həm də.

Büst üçün seçilən ağ mərməri pəncərənin qarşısındakı masanın üzərinə yerləşdirdikdən sonra ona lazım olan bütün alətləri -müxtəlif növ tişə, iskənələri, çəkic və bıçaqları, fırçaları əlinin altına yığdı. İşə başlaya bilərdi. Gips modelin ölçülərini pərgarla mərmərin üzərinə köçürmək xeyli zaman və səbr tələb edirdi. Baxmayaraq ki, Sənan həyatda çox hövsəliz idi, amma işinə səbrlə yanaşardı. Xırdalıqlarına kimi diqqət edərdi. Çalışırdı ki, heç nəyi nəzərdən qaçırtmasın. Ən adi bir səhv, ehtiyatsızlıq bütün işini korlaya bilərdi.

Sənan üçün həyatda maddiyyatdan daha önəmli gördüyü işindən zövq almağı idi. Ona sevdiyi qızı xatırladan bu sifarişə fərqli yanaşırdı. Qarşısındakı daşa can verərkən qəlbinə hakim olan qızın surəti idi xəyallarında. Ağır işin sonunda xəyalındakı birinin gözlərinə, saçlarına, dodaqlarına xəyalən də olsa,  toxuna bilmək istəyi onu daha böyük həvəslə işləməyə sövq edirdi.

Hamı çay və nahar fasiləsində olduğu müddətdə belə, Sənanın tişəsinin səsi eşidilirdi. Gips modeldən hazırladığı büstün gözlərinə baxmaq kifayət idi, bütün yorğunluğu canından çıxırdı. Qolunun, əllərinin ağrılarını unudurdu. İş görərkən musiqi dinləməyi sevirdi. Buradakı usta və fəhlələrdən fərqli olaraq, klassik musiqilərə üstünlük verirdi. İş yoldaşlarının yüksək səslə qoyduqları bayağı mahnıları nəinki bəyənməzdi, hətta qıcıqlanardı.

Günlər sonra adi daş parçası dalğalanan saçları çiyninə tökülmüş, incə üz cizgiləri olan zərif qadın büstünə çevrilmişdi. Sifariş hələ tam hazır olmasa da, rəsmdəki qadına çox bənzəyirdi. Ali təhsili olmayan, heykəltaraşlıq, tişə sənətinin sirlərindən xəbərsiz olan Sənanın bu günlər ərzində gecə-gündüz rahatlıq bilmədən yonub hazırladığı büstə baxmağa gələn hər kəs təəccübünü, heyranlığını gizlədə bilmir, onun bacarığına “əhsən” deyirdilər. Baxan hər kəsə elə gəlirdi ki, sanki heykəl elə indicə canlanacaq, dil açıb danışacaq.

Sənan işinin peşəkarı olmaqdan əlavə, həm də vurğunu idi. Hələ indiyə kimi heç vaxt gördüyü işdən bu qədər zövq almamışdı, bu qədər həvəslə çalışmamışdı. Yorulanda büstün qarşısında dayanar, bir az əvvəl yonduğu saçlara, gözlərə, dodaqlara barmaqları ilə toxunar, arada onunla pıçıltı ilə danışardı da hətta.

Sənanla bu cansız daş parçasının arasında qəribə bir bağlılıq yaranmışdı. Sevdiyi qıza bənzətdiyi üçün idi bəlkə, hər gün bir az daha hazır olunca büstün  üstünü ağ örtüklə örtər, yad nəzərlərdən onu gizlətməyə çalışardı. Kənardan baxanlar onun bu hərəkətini adi qəbul etsələr də, yalnız, o, özü içindəki qısqanclığın səbəbini bilirdi.

Müdir son günlər Sənana tez-tez baş çəkirdi. Onun işinə nəzər yetirmədiyi gün olmurdu. Bu gün də ofisə gələn kimi ilk işi emalatxanaya onun yanına gəlmək oldu.

–Sənan, necə gedir işlər? Sabah günortadan sonra sifarişçi gələcək.

–Hələ hazır deyil.–Sənan sanki son günlər müddəti uzatmaq niyyətində idi.

–Eybi yox, hələ sifarişi təhvil vermirik ki! Sadəcə baxmağa gələcək, -deyib müdir emalatxananı tərk etdi.

İlk günlər necə böyük həvəslə işə başlamışdısa, indi işi bilərəkdən ləngitməyə çalışırdı Sənan. Ona doğma olan bu büstdən ayrılmaq istəmirdi. Bəzən saatlarla büstün qarşısında dayanıb öz işinə tamaşa edirdi. Axı, bu sifariş onun bu günədək gördüyü işlərdən ən gözəli, ən mükəmməli idi.

Günün sonunda emalatxanada daşdan yonulmuş qadın büstü ilə tək qalan Sənan öz əlləri ilə oyduğu gözlərin düz içinə baxırdı. Hər saat daha da canlı görünən qadının necə biri olduğunu, həyatda xoşbəxt olub, olmadığını düşündü. Görəsən, heykəl bir anlıq canlansa, danışa bilsəydi, ona ilk sözü nə olardı.

Sənan əlini başının altına dayaq verib gözlərini yummuşdu. Xəyalında sevdiyi qızın əllərindən tutur, saçlarına toxunur, düz gözlərinin içinə baxaraq sevgisini etiraf edirdi. Sevdiyi qızın surəti rəssam yaddaşına yazılmışdı.

–Bacıoğlu, sən deyəsən gecəni də burada keçirmisən e!

Sənan dik atıldı. Başı üstündə yaşı əllini keçmiş bəstəboy, kök ustanı görüb tez ayağa qalxdı.

–Gec oldu, gedə bilmədim.

Gah Sənanı, gah da büstü diqqətlə nəzərdən keçirən usta əlini gəncin çiyninə vurdu:

–Canıvun qədrini bil, bala!  Neçə vaxtdu Fərhad kimi külüng vurursan! Çox özüvü yorma ye! Onsuz da qədir-qiymətivü bilən döyüllər. Heş kim sənə “sağol” diyən döyül. Əsas odu, işüvə görə yaxşı pul versünnər. Çox da can yandırmaginən!

–Mən pul üçün işləmirəm ki, Süleyman dayı! Pul bu gün var, sabah yox. Allah kimsəni ruzisiz buraxmaz! Məncə, əsas olan gördüyün işə vicdanla, peşəkarcasına  yanaşmaqdır.

Süleyman kişi Sənanın sözlərini dinləyib onu başdan-ayağa süzdü. Qarşısındakı büstə təkrar nəzər salıb əlini havada yelləyib uzaqlaşdı.

Öz işindən zövq almaq qədər gözəl bir hiss ola bilməzdi sənətkar üçün. Əlindəki yun parça ilə mərmər büstü silib təmizlədi. Öz əlləri ilə yaratdığı heykələ xüsusi qayğı, sevgi ilə yanaşan gənc, bu aylar ərzində doğmalaşdığı sifarişini yaxın günlərdə təhvil verməli idi.

Bu gün işə bir az gec gəlmişdi. Əynini dəyişib emalatxanaya işinin başına qayıtdı. Dodaqlarında təbəssüm əlini büstə uzatdı, üstündən  ağ örtüyü çəkdi. Gözlərinə inanmadı. Üzündəki mehribanlıq sərt ifadə ilə əvəz olundu.

–Kim edib bunu? Necə əliniz gəldi?!– Qəzəblə qışqırdı.

Burada işlədiyi bu müddət ərzində bircə dəfə də səsini yüksəltməyən gəncin bağırtısı hər kəsin diqqətini çəkdi.

Nə baş verdiyini anlamayan Arif əlindəki işi yarımçıq qoyub Sənana yaxınlaşdı. Təəccübdən yerindəcə donub qaldı.

–Aaaa…

Yaxınlaşan hər kəs heyrətlə ağ mərmər büstün üzərindəki qara ləkəyə baxırdı.

Sənan başını əlləri arasına aldı. Özünü ələ ala bilmirdi. Aylarla çəkdiyi əziyyət boşuna getmişdi. Səsi titrəyirdi.

–Bunu etməyə necə əliniz gəldi?! Necə qıya bildiz? Gözünüzün qarşısında nə qədər əziyyət çəkmişəm, gündüzlərimi, gecələrimi bu işə həsr etmişəm! Axı, siz də ustasız! Nə boyda əziyyət  bahasına başa gəldiyini məndən də yaxşı bilirsiz! Necə edə bildiz bunu?!

Hər kəs bir-birinə baxıb çiyinlərini çəkir, özünü məsələdən xəbərsiz göstərirdi.

Sənan divarın dibinə çökdü. Özünü ələ almağa çalışırdı. Arif yanında oturub əlini oğlanın çiyninə qoydu. Hönkürüb ağlamağı özünə yaraşdırmayan gəncin gözünün yaşı kirpiklərində donub qalmışdı.

–Kim edib bunu, Arif? -Sənanı qəhər boğurdu. -Niyə ediblər? Niyə də? Niyə?

Arif təəssüf hissi ilə başını yellədi. Nə deyəcəyini bilmədi.

Ustalar büstün ətrafında dolanır, öz aralarında pıçıldaşır, mülahizələr yürüdürdülər.

–Mazut ləkəsinə bənzəyir.

–Görən kimin işi olar?

–Yazığ uşağ! Neçə vaxtdu can qoyurdu bu işə! Heyf elədülər uşağın əziyyətini…

–Yalnız paxıllıq hissi hər cür pisliklərə sövq edə bilər.

Xəbər qısa müddətdə ofisə qədər çatdı. Müdir qaranəfəs içəri girdi:

–Sənan hanı?

Sənan ayağa qalxdı. Nə deyəcəkdi? Necə izah edəcəkdi baş verənləri?

Büstün üzərindəki ləkəni gözdən keçirin müdirin gözləri hədəqəsindən çıxdı. Sərt baxışları Sənana yönəldi. Boğuq səsi ətrafa yayıldı:

–Sənan! Bu nə deməkdir? Nə baş verib? Mən izahat tələb edirəm!

Müdirin sərt baxışlarından özünü itirməyən gənc təmkinini qorumağa çalışdı. Qürurlu görünüşü ilə hər kəsə meydan oxuyurdu:

–Qəzəbinizdən çəkinməyib  mənim işimi məhv edən birinin aşkarlanmasını xahiş edirəm! Gecə-gündüz rahatlıq bilmədən bu işə canımı qoymuşam. Başqasının zəhmətinə, əziyyətinə bu cür münasibət göstərilməsinə laqeyd qalmayacağınıza ümid edirəm.

Müdir gəncin sözlərindən bir anlıq duruxdu. O, haqlı idi. İzahat tələb ediləcək kəs Sənan deyildi. Ustalara tərəf boylandı. Hər kəsin eşidə biləcəyi qədər səsini yüksəltdi:

Qulaqlarınızı açıb yaxşı-yaxşı eşidin! Mən bu işi belə qoymayacam! Gec-tez aşkarlanacaq. Odur ki, ən yaxşısı bu işi kim edibsə, gəlib özü etiraf etsin. Mən həmin adamı tapsam, halı çox pis olacaq!

Heç kəsdən səs çıxmadı. Müdir Sənana üzünü tutub soruşdu:

Sənan, olan olub day. Sifarişçi bu gün baxmağa gələcəkdi. Mən onunla danışıb bir neçə gün sonra yaxınlaşmasını xahiş edərəm. Büstü bu halda görməməlidir! Adımıza xələl gəlməsinə yol verə bilmərik! Sifarişi təhvil verə bilmərik bu vəziyyətdə. Nəsə etmək lazımdır. Bu ləkəni silib təmizləmək olmaz ki?

Sənan büstün yanağından boynuna doğru uzanan ləkələrə ürək ağrısıyla təkrar nəzər saldı.

–Bu bir qədər zaman və böyük əziyyət tələb edir. Yoxsa ki, mümkün olmayan heç nə yoxdur.

Müdirin gözləri sevinclə parıldadı:

–Elə isə vaxt itirmə. Mən bir neçə gün sifarişçini yubadaram.

–Kiminsə qərəzinin təkrar qurbanı olmamaq üçün sizdən bir xahişim olacaq…

–Buyur, eşidirəm.

–İşi təhvil verəcəyim günə kimi bu otağın açarının yalnız məndə olmasını, kimsənin içəri daxil olmamasını istəyirəm! -Sənan öz şərtini bildirdi.

–Yaxşı. Sən necə istəyirsən, elə də olsun! -Müdir razılaşdı. Digər işçilər sözünü  eşitsin deyə, ucadan səsləndi. –Sənan işini təhvil verənə qədər kimsə bu otağa daxil olmayacaq.

–Mən niyə bu qədər bəxtsizəm, Arif? -Sənan gileyləndi.

–Bəxtin bura nə aiddiyyatı? -Arif əlindəki siqaret kötüyünü yerə atıb ayağı ilə tapdaladı.

–O boyda əziyyətimi heç etdilər. Necə əlləri gəldi? Bir bilsəm kim edib!

–Bilsəm kim edib, səndən əvvəl mən onun boğazından iki əlimlə yapışaram!-Arif əsəblə dedi.

Sənan köksünü ötürdü:

–Eh… Guya bundan sonra bilsək nə dəyişəcək ki?! Olan olub da day…

–Ən azından sözümüzü deyib ürəyimizi boşaldardıq! -Arif Sənan qədər dilxor idi.

–Mənim bəxtim belədir e! Ömür boyu hər işim çətin düzəlir, ikiqat əziyyət çəkməli oluram. -Sənanın səsində inciklik, kədər duyuldu.

–Təki axırı yaxşı olsun! -Arif tez dedi. -Gör nə vaxtdır, səni tanıyıram. Amma heç soruşmamışam, bu sənəti harda, necə öyrənmisən?

Sənan adətən özü haqqında danışmağı sevməzdi. Ariflə uzun zamandır qonşu olmasına baxmayaraq, bu gün ilk dəfə onunla uşaqlıq xatirəsini bölüşdü:

–Mənim atam rəssam idi. Rəssamlıq bacarığı da ondan keçib mənə. Atam kəndimizdə xəttat-oymaçı kimi tanınırdı. Taxta və daş üzərində oyma işləri görər, müxtəlif fiqurlar, şəbəkələr hazırlayardı. Gününün  çox hissəsini emalatxanasında keçirərdi. Atamın işindən zövq alırdım. Diqqətlə əlinə baxardım, taxta parçası üzərində yaratdığı şəbəkələri yadımda saxlamağa çalışardım. O, emalatxanada olmayanda icazəsiz onun bıçaqlarını, tişələrini götürərdim, divarın dibində yığılıb qalmış lazımsız taxta parçalarından birinin üzərinə naxışlar oymağa çalışardım. Əvvəllər elə də yaxşı alınmazdı. Atam həyətimizdə, sahildə qumların üzərində çəkdiyim şəkilləri gördükdən sonra, (o vaxt-atam sağ olanda Buzovnada qalırdıq),  mənə oyma sənətini izah etməyə başladı. Taxta üzərində sadə naxışlardan insan heykəli yonmağa qədər öyrəndim. Mən yaxşı şagird olmasam da, yaxşı usta köməkçisi olmağı bacardım.

–Gəncsən! Həyatın qarşıdadır! Öz arzularının arxasınca get! Bu istedadla, bu bacarıqla sənin şəhərin sayılıb seçilən heykəltaraşlarından biri olacağına inanıram! -Arif dəfələrlə dediyi sözü yenə təkrar etdi.

Heç bir kəs, heç bir qüvvə Sənanı yolundan, işindən çəkindirə bilməzdi. O, uşaqlıqdan inadçı idi. Qarşısına çıxan maneələri, çətinlikləri dəf etməkdən usanmayacaqdı. Bu, onun həyat prinsipi idi. Həyat onun qarşısına nə qədər çox sınaq çıxarırdısa, işini nə qədər çətinə salırdısa, o, səbrlə, təmkinlə problemlərin öhdəsindən gəlirdi.

Sənan barmaqlarını büstün saçlarında, gözlərində, dodaqlarında gəzdirib ləkələnmiş yanağına, boynuna toxundurdu. Görünür, kimsə tələsdiyi üçün işini axıra çatdıra bilməmişdi. Məqsəd büstün yanaq və boynunu deyil, üzünü ləkələmək idi. Gənc sığal çəkirmiş kimi büstü əzizlədi.

–Mən sənin gözəlliyini bu ləkədən xilas edəcəm. Nə sənin üzündə, nə də mənim işimdə heç bir qüsur qalmayacaq!

Sənan alətləri əlinin altına yığdı. Cilalamaqdan savayı əlacı qalmamışdı. Bu dəfə daha diqqətli olmalı, mərmərlə daha incə davranmalı idi. Hazır olan üz cizgiləri zərif toxunuş tələb edirdi.

Hava qaralıncaya qədər yorulmadan işlədi Sənan. Büstün üzündəki, boynundakı ləkəni təmizləməyə müvəffəq oldu.

Öz işinə kənardan baxarkən kiçik bir çat diqqətini çəkdi. İlahi! Sənan hirslə əlini alnına çırpdı. Bu nə tərslik idi, axı! Sanki hansısa qüvvə qəsdən onun işini çətinləşdirirdi. Fiziki işdən yorulmayan gənci həyat, problemlər mənən yorurdu. Dərindən nəfəs aldı. Ləkəni təmizləyərkən, görünür, ehtiyatsızlıq edib, nəticədə mərmər çatlayıb.

Dostuna çay gətirən Arif Sənanı dilxor görüb soruşdu:

–Nolub? Nöş dilxorsan?

Sənan başını yelləyib dedi:

Mənimki nəsə düz gətirmir!

–Təmizlənmir ki? Təmiz olub, axı!

–Mərməri çatlatdım.

Arif nə qədər diqqətlə baxsa da, heç nə görə bilmədi:

–Çat yoxdur, axı..

Sənan əli ilə çiyinə tökülən saçların kənarında, boyun hissəsindəki çatı göstərdi.

–Burda çat var ki? -Arif bir daha diqqətlə baxdı. -Sən deməsən, heç mən fikir verməmişdim. Buna görə kefin pozulub? Əşşi, ürəyini sıxma! İnan ki, sən deməsən, göstərməsən müdir, elə sifarişçinin özü də fikir verən deyil. Ən yaxşısı, sən səsini çıxartma. Özləri də diqqət edən deyil! İnan ki, doğru sözümdür!

–Deyirsən, indi bilə-bilə səhvimi gizlədim? Olmaz belə şey! Mən olanı deyəcəm. Nə olur, olsun… İstəyirlər, heç haqqımı da verməsinlər. -Sənan kefsiz dedi.

Arif Sənanı heç kəsə bir kəlmə də deməməyə razı salmışdı. Gənc dedi ki, özləri diqqət etmiş olsa, məcbur səhvini etiraf etməli olacaq.

–Bağışlayın ki, sizi bir qədər yubandırmalı olduq. Bir az işlərim vardı. Sifarişiniz hazırdır. Buyurun gedək, baxaq. -Müdir müştərisinin könlünü almağa çalışırdı. Hər kəsi razı salmaq, gülə-gülə qarşılayıb, yola salmaq onun işi idi.

Sənan müdirin və sifarişçinin qarşısında dayanmışdı. Müdirin işarəsindən sonra büstün üstündən ağ örtüyü çəkdi. Bir neçə gün əvvəl ləkələnmiş heykəl zərif görünüşü, ağ mərmər parıltısı ilə göz oxşayırdı.

–Möhtəşəm! Bu qədər gözəl alınacağını heç təsəvvür də etmirdim! İstedadınıza heyran oldum! Etiraf edim ki, ilk gündən bacarığınıza şübhə edirdim. Bu sizin neçənci işinizdir, bilmirəm, amma bu gün etiraf etmək məcburiyyətindəyəm ki, siz əsl heykəltaraş, gözəl sənətkarsız!

Sənan sifarişçinin sözlərinə təbəssümü ilə cavab verdi. Ürəyində sevindi ki, mərmərin üzərindəki çat heç birinin diqqətini cəlb etmədi. Sevinci uzun sürmədi. Müştəri barmağını çat hissəyə toxundurub heyrətlə gəncin üzünə baxdı. Sənan udqundu. Gizlətmək istədiyi sirr indicə açılacaqdı.

–Bəs bu…

Müdirin üzünün ifadəsi dərhal dəyişdi. Sınayıcı nəzərlərlə Sənanı süzdü. Baxışlarından gənc onun indi nə deyəcəyini təxmin etdi. Sənan gözlərini gizlətməyə çalışırdı. Özünü günahkar hiss edirdi. Ona görə yox ki, ehtiyatsız davranmışdı. Ona görə ki, susub gizlətmişdi həqiqəti.

–Siz bunu necə bildiz? -Müştəri təəccüblə gəncin üzünə baxdı.

–Heç bilmirəm necə deyim…-Sənan günahkarcasına dilləndi.

–Yeni evlənmişdik. Rayondan Bakıya qayıdanda avtomobilimiz qəzaya uğradı. Çox şükr ki, mən də, yoldaşım da yüngül xəsarət ilə həmin qəzadan xilas ola bildik. Amma həmin qəzanın izləri ömürlük qaldı. Qəzadan sonra yoldaşım kompleksli olmuşdu. Xüsusilə yay aylarında, ziyafət və yaxası açıq geyimlər geydiyi zaman həmişə saçını çiyninə tökər, çapığın izini saçı ilə örtərdi. Çox zaman da boyunbağı taxmaqla gizlətməyə çalışardı. Bir neçə dəfə çapığın izini yox etmək üçün plastik əməliyyat təklif etdim. Onun kompleksli olmasından narahatlıq keçirirdim. Düşünürdüm ki, əməliyyat olarsa, çapıq izindən birdəfəlik qurtararsa, kompleksdən də xilas olar. Hətta bir əməliyyatla üzündəki xalı da götüzdürək demişdim. Küsüb inciyirdi məndən. Üzündəki xalın ona gözəllik verdiyini, ona uğur gətirdiyini də söyləyirdi. Çox çalışdım. Qorxurdu, razılaşmırdı… -Sifarişçi danışdıqca qəhər onu boğurdu. –Bu qəzanın travması ilə yaşadı ömrünün sonuna kimi. O vaxt qəzadan sağ çıxanda sevinirdim ki, Tanrı onu mənə bağışladı. Xoşbəxt həyatım, sevimli həyat yoldaşım, dəcəl oğlum vardı. Sən saydığını say, gör fələk nə sayır, deyirlər. Bir neçə ay əvvəl anası, bacısı, oğlumla bərabər yenidən avtomobil qəzasına uğradılar. Bu qəzadan yalnız oğlum sağ çıxdı. Hər üçünü itirdik. 

–Allah rəhmət eləsin. -Sənan sakit səslə dedi.

–Üzrlü bilin, bir qədər kövrəldim. Düzü, keçən dəfə sizə bu haqda danışıb-danışmadığımı xatırlamıram. Siz böyük ustalıqla həmin çapığı həm yaratmısız, həm də boyunbağının altında gizlətməyə müvəffəq olmusuz. -Müştəri gənc heykəltaraşın əlini sıxdı. Təşəkkür etdi.

Söhbətin nədən getdiyini anlamayan müdir sadəcə gülümsəyirdi. Müştərisinin razılığı onun üçün hər şeydən vacib idi.

Söhbətin bu şəkildə dəyişilməsi Sənanın ürəyincə oldu. Onun səhvini müştəri incəliklə işlənmiş xırda detal kimi qəbul etmişdi.

Ehtiyatsız davranışı ucbatından təhvil verəcəyi sifarişə görə son günlər narahatlıq keçirən Sənan, nəhayət ki, rahat nəfəs ala bildi. Üzərindən sanki ağır yük götürülmüşdü. Büstün bundan sonrakı aqibətini sifarişçi özü müəyyən edəcəkdi. Ailə məzarlığında dəfn edilmiş qadının abidəsinə son dəfə nəzər saldı. Günlərini, bütün sevgisini həsr etdiyi, onunla doğmalaşan işi ilə vidalaşdı. Ona təşəkkür edən müştəriyə və məmnun müdirinə gülümsəyib emalatxananı tərk etdi.

Bir işin sonu başqa bir işin başlanğıcı idi.  Qarşıda onu nə gözləyəcəyindən xəbərsiz idi. Amma nə edəcəyinə artıq qərar vermişdi. Bu andan sonra heç kim və heç nə qərarına təsir edə bilməzdi.

–Niyə belə tələsik qərar verdin? Heç olmasa, məsləhət edərdin! –Arif narazılığını bildirdi.

Sənan əşyalarını əlindəki torbaya yığa-yığa:

–Məsləhət etsəm, nə dəyişəcəkdi ki? Qərarım qətidir. Bir də, sən özün həmişə demirdin ki,bura sənin yerin deyil?-dedi.

–Düzdür, deyirdim. Amma belə tələsik çıxıb getməyin…

–Bütün olanlardan sonra mən bu insanlarla bir yerdə necə davam edim?-Sənan narazı halda başını yellədi. –Gözlərinin içinə sakit baxa bilmirəm. Alınmır.

Arif başını tərpətdi.

–Səni anlayıram. Nə deyim… Əslində, ən düzü budur.

Süleyman kişi emalatxananın qarşısında onlara yaxınlaşdı.

–İndicə eşitdim… Doğru sözdü? –Sənan başı ilə təsdiq etdi.–Nöş işdən çıxdun? –Sənan çiynini çəkdi. –Nahax! Bir alçağın əməlinə görə işinnən-gücünnən olursan. Əslində, biz bu işi kimin törətdiyinnən şübhəliyiy, amma çifayda, sübutumuz  yoxdu, boynuna qoya da bilmiriy.

Sənanın dodaqlarında kinayəli gülüş oynadı:

–Vicdanı və Allahı ilə tək buraxıb gedirəm, Süleyman dayı. Təki bu həyatda itirdiyim elə iş yeri olsun. Nə qədər canım sağdı, əlim-ayağım tutur, ac qalmaram, bir yolunu mütləq tapacam.

Süleyman kişi Sənanı qucaqladı:

–Allah yolunu açıq, işlərini avand etsin, oğlum.

Sənan təşəkkür edib ağsaqqalın əlini sıxdı.

Sənan bir anlıq ayaq saxladı. Həmişə içəridən çölə baxdığı pəncərəyə indi uzaqdan nəzər yetirdi. Yox, o, bura üçün heç vaxt darıxmayacaqdı. Yaddaşında qalan yeganə xatirə pəncərə ilə üzbəüz masada işlədiyi büstlə bağlı olacaqdı. Başqa heç nə!

Qonşusu olmasına baxmayaraq, burada işlədiyi bir neçə ay ərzində daha yaxından tanıdığı bu tərs, qürurlu, amma eyni zamanda saf ruhlu gəncə çox bağlanmışdı Arif. Aralarındakı yaş fərqinə rəğmən, yaxın dost ola bilmişdilər. Onu danlamağa ərki çatırdı:

–Aylarla əziyyət çək, canını qoy, axırda da öz haqqından imtina et… Niyə götürmədin pulları? O pulları qara qaşına, qara gözünə aşiq olub verməmişdilər!  Öz əlinin halal qazancı idi!

Sənan çiyinlərini çəkdi:

–Əvvəlcə mənim bacarığıma şübhə etdilər. Sonra gördüyüm işə xələl gətirdilər. Hamısı o pullara görə deyildi? Puldan daha yüksəkdə duran dəyərlər var, məsələn, vicdan kimi, mənəviyyat kimi!

Tərs və inadkar gənci heç cür yola gətirə bilməyən Arif dostunu avtobusa kimi ötürüb işinin başına döndü. Onun getdiyinə üzülsə də, qarşıda daha böyük işlərə imza atacağına ümid və dua etdi.

–Gəl, oturaq bir az. Sənə ayaq üstə çox qalmaq olmaz! –Mavi gözləri, qızılı dalğalı saçları olan qız əlindən tutub onu skamyaya tərəf çəkdi.

–Bu qədər çox qayğıma qalmağını istəmirəm! –Gənc əsasını skamyanın kənarına qoyub rahatlandı.

–Hələ bu harasıdır?! Bir ömür mənə dözməli olacaqsan! –Qız güldü. Uzaqdan görünən mavi dənizin fonunda gözəl mavi gözləri parıldayırdı. Əsən xəfif külək Xəzərin suları kimi, qızılı saçlarını dalğalandırmaqda idi.

–Mənə yazığın gəldiyi üçün yanımdasan!

Qız hirslə ayağa qalxdı:

–Min dəfə demişəm: bir də bu sözü dilinə gətirmə! Mən səni sevdiyim üçün yanındayam, Sənan! Eşidirsən? Səni sevdiyim üçün!

Sənan illər əvvəl bu sözləri eşitmək xəyalı ilə yaşayardı, gecə-gündüz yuxularında sevdiyi qızın etirafını görərdi. Bu gün eşitdiyi etiraflar onun qəlbini sevindirə bilmirdi amma. İçindəki şübhələr, narahatlıqlar onu rahat buraxmırdı.

–Gənc, gözəl qızsan! Yaxşı işin var, qarşıda gözəl həyatın olacaq. –Sənan dərindən köks ötürdü. –Mənim kimi birinə layiq deyilsən!

Qız inciyib skamyanın kənarına çəkildi. Üzünü yana tutdu:

–Mənim əvəzimə danışma! Qəhrəman birinin sevgilisi, xanımı olmağa layiq bilmirsən məni, yoxsa?!

Sənan qızı özündən küsdürdüyünə peşman oldu:

–Sən başa düşmürsən…

–Xeyr, sən başa düşmürsən! Elə bilirsən, neçə il arxamca kölgə kimi məni izlədiyindən xəbərim olmayıb? Yoxsa yaxınlaşmağa cəsarət etməyib saatlarla universitetin qapısında gözləməyindən, eyni avtobusda mənimlə evə qədər getdiyindən, binamızın blokuna kimi ötürməyindən xəbərim olmayıb? Baxışlarınla uzaqdan məni izləyib evə sağ-salamat çatdığıma əmin olandan sonra geri qayıtmağından da xəbərsizəm, düşünürsən? Özünə o qədər öyrəşdirmişdin ki məni, bircə həftə yoxluğunu hiss edəndə narahat olurdum. Min fikir keçirdi ağlımdan. Məndən bezib başqa birinə aşiq ola biləcəyini də güman etmişdim hətta. Sonra yoxa çıxdın. Müharibə başlayanda səni düşünmədiyim gün yox idi. Bəlkə könüllülər arasındadır, deyə dualarımda sənin adını çəkib sonra yuxuya gedərdim hər gecə. Allaha yalvarırdım ki, harada olmağından asılı olmayaraq, Səni müharibənin dəhşətlərindən, düşmən gülləsindən, mərmi yağışından qorusun… Və heç olmasa, bircə dəfə də səni görməyi mənə nəsib etsin.

Qızın səsindəki inciklik kövrəkliklə əvəz olundu. Gözlərindəki yaş yanaqlarına süzüldü. Sənan qızın çiyinlərini qucaqladı. Qız başını onun çiyninə qoydu.

–Günel, əminsən ki, heç vaxt məndən bezməyəcəksən?

–Səni xəstəxana dəhlizində qan içində yaralı gördüyüm gün əl açıb Tanrıya dua etdim ki, sənə yenidən həyat bəxş etsin. Söz verdim ki, bir ömür qayğına qalacam. Heç vaxt səndən üz çevirməyəcəm.

–Gözlərimi açmağa, cavab verməyə taqətim yox idi. Amma səsini eşidirdim. Sənin səsin, hıçqırıqların, duaların idi məni həyata qaytaran.

–Ilk günlər yaşayacağına belə həkimlərin ümidi yox idi. Çox qan itirmişdin. Amma mən inanırdım… İnanırdım ki, geri dönəcəksən! Yaşayacaqsan! Ayağa qalxacaqsan! Saf məhəbbətlə sevən birinin ömürlük məni tərk edə biləcəyinə inanmaq istəmirdim. Sağ qalmağın özü bir möcüzə idi.

–Mənə deyirlər ki, tərssən, inadkarsan. Etiraf edim ki, sənin inadkarlığın, hökmün, mərhəmətin, bəzən də acımasızlığın olmasaydı, mən bəlkə də heç vaxt bir daha ayağa qalxıb gəzə bilməyəcəkdim.

–Mən inanırdım ki, sən bacaracaqsan.

–Sənə qəzəbləndiyim həmin gün acıq edib getdin. Axşama tərəf palataya gəldin. Yatdığımı zənn edirdin. Əlini ayaqlarıma toxundurub ağladın. Günlərlə hönkürüb ağlamağın, hıçqırıqların qulaqlarımdan çəkilmədi. Sənin ayaq qoyduğun yerə baş qoymağa hazır ikən, sən palatadan çıxanda əyilib ayağımdan öpdün. Bu dözülməz idi. Sən ürəyini boşaldıb getdin. Səhərə kimi yatmadım. Bütün gecəni adyalın altında hönkürüb ağlamaq növbəsi mənim idi. O gün özümə söz verdim ki, nəyin bahasına olursa olsun, ayağa qalxacam!

Qız gözlərinin yaşını sildi. Gülümsədi:

–İnadkarlığına heyran olmuşdum. Sən hər kəsin gözündə qəhrəman idin! Gənc həkim və tibb bacıları mərtəbənin ən yaraşıqlı xəstəsindən söhbət edəndə əsəbləşirdim. Sən demə, onlar sənə biganə olmadığımı hiss edib bilərəkdən məni qıcıqlandırırmışlar.

Sənan güldü:

–Mənim də sənə biganə olmadığımı yastığımın altında gizlətməyə çalışdığım dəftərdə çəkdiyim rəsmlərini görüb anlamışdılar.

Qız gülümsədi:

–Həəə…

Sənan qızın əlini tutdu. Gözlərinin içinə baxıb soruşdu:

–Əsəbləri korlanmış, əsanın köməkliyi olmadan keçinə bilməyən birinə bir ömür dözə biləcəksən?

Dalğalı qızılı saçlarını külək qızın üzünə dağıdırdı. Əli ilə üzündən saçlarını yığıb mavi gözləri ilə ona baxdı, başını tərpətdi:

–Dadsız, duzsuz, bəzən şor, üstəlik də yanmış yeməklər yeməyə razısansa, mən bir ömür sənə dözməyə hazıram.

Sənan qəhqəhə çəkib güldü:

–Evlilik təklifinə hələ bu cür razılıq verən qız olmamışdı!

Hər ikisi güldü. Telefon zənginə cavab verən Sənan qıza göz vurdu.

–Nikah şahidimiz zəng edir. Hə, Arif…

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakultəsinin məzunu ilə Hərbi Hospitalın gənc həkiminin nikahında şahidlik edən Arif ən ağır günlərdə Sənanı və ailəsini tək buraxmamışdı. Sənanın imtina edib götürmədiyi pulları həmin hadisədən bir müddət sonra sifarişçi şirkətin müdiri ilə bərabər ananın qarşısına masanın üstünə qoymuşdu.

Xəstəxananın Baş cərrahı -həmin qadın büstünün sifarişçisi yaralını xəstəxanaya qəbul etdikləri gün Sənanı tanıya bilməmişdi. Yalnız əməliyyatın səhəri gün onu tanıyıb tibb personalından ona xüsusi qayğı ilə yanaşmağı xahiş etmişdi. İstedadlı olmaqdan əlavə, həm də vətənpərvər olan bu gənc hər cür qayğıya, diqqətə, hörmətə layiq idi. Boş vaxtlarında ona baş çəkməyə gələn Baş həkim kolleqalarına onun barəsində, bacarıqlarından həvəslə danışardı. Xəstəxanada, sonralar isə reabilitasiya mərkəzində məşhurlaşan gənc heykəltaraş öz xoşxasiyyəti ilə də hər kəsin hörmət və rəğbəti qazanmağı bacarmışdı.

Toydan sonra üçotaqlı yeni mənzilə köçən gənc ailənin xanımının arada səsi eşidilməkdə idi:

–Min dəfə demişəm, eskizlərini, rəsmlərini pəncərənin qarşısına qoyma. Külək vurub dağıdır, axı!

24-27.06.2022.

Müəllif: İlahə İMANOVA

İLAHƏ İMANOVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir