KƏNDDƏKİ EVİMİZİN UĞURSUZLUĞU

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

KƏNDDƏKI EVIMIZIN UĞURSUZLUĞU
(povest)

<<<< ƏVVƏLİ BURADA

Qəfildən leysan yağış yağdı, yanan tualet yavaş-yavaş sönürdü.. Körpə uşağın səsi kəsildi. Yağış yağmağa davam edirdi. Bu dəfə tualetlə üzbəüz olan otaq alışmağa başladı. Yaşlı qadınla, uşağın doğuşunda gənc anaya kömək edən qadın pəncərəni yumruqlayaraq çığırırdılar. Gənc ananı aralarında görmürdüm. Yaşlı qadın şüşəni dirsəyiylə sındırmağa çalışırdı, alınmırdı. İlahi, alovların içində diri-diri yandılar. Gözümün qabağında yandılar. Gücüm qışqırmağa çatdı, qışqırdım. Yuxudan qışqıraraq oyandım. Əlimdə olsaydı, sakitcə oyanardım, doğmalarımın həyəcanla otağa girmələrinə səbəb olmazdım.
Dədəm:
─Nə oldu? Yenə toxundular? –deyə həyəcanla soruşdu.
─Yox , –dedim. –Yuxuda hər şeyi mənə göstərdilər. Tualetdə uşaq cəsədi var. Molla da, dayısı da hər şeyi bilir. Polis çağırın dədə, bu həyətdə cəsəd var.
─Yuxuya görə polis çağıraq? Elə şey olar? Adama gülərlər. –Əmim dediklərimi ciddi qəbul eləmirdi.
Nənəm:
─Mənim dayımı cin keçi cildində öldürmək istəyib. O qədər açılmayan sirrlər var həyatda. Qurban olduğumdan başqa heç kim bilmir…
Əvvəlcədən yazmışdım, nənəm belə şeylərə inanan arvadıydı. Şadıydım, o da polis çağırılmasını istəyirdi. Anam dədəmin üzünə baxdı, o da anamın. Dədəm üzünü əmimə tutdu:
─O qızın ruhunu görməsəydim, o körpənin səsini eşitməsəydim, sən deyəniydi. Onları mən də eşitdim, axı.
─Yaxşı, onda sabaha saxlayaq. Bir gecə də keçinmək olar da. Səhər açılsın, allah kərimdir.
Gecə ailəlikcə razılaşdıq ki, səhər yeməyindən sonra rayonda bölmədə müstəntiq işləyən dədəmin əmisi nəvəsini Bəxtiyarı çağıraq. Gecə nənəmlə qonaq otağında, əmim divanda, anamgil yataq otağında yatdılar. Yeganə oyaq sakin özümüydüm. Yuxum gəlmirdi, kitab oxumaq istəmirdim, fikrim-zikrim otaqdaydı, bir cümləni beş dəfə oxusam da mənasını anlayacaq baş qalmamışdı məndə. Müəmmalı otaqdan səs gəlmirdi. Polisə zəng edəcəyimizi elə bil onlar da hiss etmişdilər.
Səhər açıldı. Səhər yeməyimizi ilk dəfə rahatlıqla yedik. Nə gözəl hissmiş, günə sakit başlayırsan, qorxmadan çörəyini yeyirsən. Əmimlə dədəm qərar verdilər ki, yaxşısı budur Bəxtiyarın iş yerinə – bölməyə getsinlər. Söhbət telefon söhbəti deyildi. Burnumun ağrısını süfrə başında hiss elədim. Əlimlə alnımı tutdum. Hər dəfə burnum ağrıyanda başım da ağrıyır. Bu mənə əsəb verirdi. Anam mənə qarşı həssas və diqqətcil olduğu üçün gözü həmişə üstümdə olurdu. Övladını sevən anaların ürəyi, arzuları bir-birinə bənzəyir, övladlar üçünsə anaları bütün analardan fərqlidir, izah edə bilməyəcəkləri möcüzədir.
─ Başın ağrıyır? – Anam soruşdu.
─İkisi də. –Anam burnumu nəzərdə tutduğumu yaxşı bilirdi.
─Ağrıkəsici var? –Dədəm bəzən evə etdiyi bazarlığı da unudurdu.
─Var, var . –Nənəm cavab verdi.
─Nəysə lazımdırsa, bu dəyqə alım.- əmim dedi. Həqiqətən alardı.
Mən ayağa qalxdım, ağrılarıma dözə bilmirdim, yataq otağına keçdim. Anamla nənəm arxamca gəldilər. Anamın əlində iynə vardı, mətbəxdə hazırlamışdı. Anam yanıma iynə vuranda nənəmə üzünü o tərəfə çevirməsini istədim.
─Az, kopaqqızı, məndən utanırsan? Əlimdə lüt oynatmışam səni.
Nənəmlə sözümüzün düz gəlmədiyi qədər də maraqlı zarafatlarımız vardı.
─Ona qalsa, nənə, mən də səni çim-çim eləmişəm.
Birdən qışqırdım. Vurulan iynə yandırdı, yandırmadı, uşaqlıqdan qalıb, iynə ətimə batan kimi şivənliyimə salıram, qışqırıram.
─Hayasızlıq eləmə, yandıran iynə deyil! –Anam danladı.
─Nə olsun? İynədi!
Dədəm qapını döyəndə ayağa qalxıb paltarımı düzəltdim.
─Gəl, iynəni vurdu, –deyə nənəm qapını açdı.
Dədəm anama:
─Düyü var evdə?
Anam:
─Var, toyuğumuz yoxdu.
─Yamanla alıb verərik, sonra gedərik bölməyə. Hər ehtimala qarşı, gəl qapını arxadan bağla.
Anam otaqdan çıxdı, nənəmlə tək qaldıq.
Nənəm:
─Gəl bağda bir az gəzək, –dedi.
─Gəlinin evdə tək qalsın? – dedim. Anamı evdə tək qoymaq istəmirdim, – Yeməyi bişirsin, üçümüz də gəzərik. Amma düyünü islağa qoyandan sonra həyətdə oturaq.
Gülümsədim, nənəmin qəlbini də qırmaq istəmirdim. Nənəm də gülümsədi. Arada-bərədə də olsa, nənəmi qucaqlamaq ürəyimdən keçirdi. İndi hər şeydən çox qucaqlamaq istəyirdim, gözləmədiyi anda qucaqladım onu. Burnuma görə öpə bilmirdim.
Anam düyünü yuduqdan sonra islatmağa qoydu. Həyətə çıxıb hərəmiz bir ağac kötüyünün üstündə oturmuşduq ki, elə bu vaxt dəmir qapı döyüldü.
─Mən açaram , –deyib qapıya tərəf qaçdım.
─Kimdir? –soruşdum.
Cinayət xəbərlərini uşaqlıqdan oxuyub izlədikdən sonra məndə qəribə xof yaranıb. Cinayətlərin içində ən təsir edəni evində otura-otura manyakın biri gəlsin, səni qanına qəltan eləsin. Sən dünyanın pisliklərindən uzaq durmaq üçün evini ən etibarlı yer bil, yenə də çirkaba bat.
─Mənəm, bacı. Dua oxumağa gəlmişik.
Molla qardaşıydı. Yadıma düşdü ki, bugün gəlməliydi.
─Neçə nəfərsiz?
Əslində, mollanın axşamkı söhbətdən sonra bura qədər gəlməyi yersiziydi.
─İki nəfərik. Dayımla mənəm.
Dədəmdən əvvəl özüm əsəbləşdim. Belə adamlar həqiqətin özünü diri yeməyə həmişə hazırdılar. Elə bilirəm bu tiplər dünyaya bəxtə-bəxt gəliblər.
─İncimə qardaş, qapını aça bilməyəcəm. Evdəkilər yatıbdı. Gecə gec yatıblar.
Qorxdum ki, evdə kişi olmadığını bildikdən sonra bizə qarşı xəta törədələr. Dayısının səsini eşitdim.
─Qızım, qapını aç, atana sözüm var.
─Aça bilməyəcəm, üzrlü sayın.
─Onda oyat gəlsin, sözüm var.
Kişinin inadkarlığı məni özümdən çıxardırdı.
─Günorta gələrsiz, dayı.
─Bəs dua? –molla qardaş diləndi.
─Çox sağ olun, ehtiyac olmadı.
Anam mənə yaxınlaşanda əlimlə susmasını, səsini çıxarmamasını işarə elədim.
─Eybi yox, gözləyərik, atan oyananda xəbər edərsən.
─Siz dayı, günorta gəlin. Dədəm o vaxt oyanar ancaq. Səhərə yaxın yatanda gec oyanır.
─Yaxşı, nə deyirəm, günorta gələrik, –ağsaqqal görmədiyim ağ bayrağını qaldırmışdı.
Dədəmə vızıv atdım, mənə zəng etməsini gözləyirdim.
Dədəm mənə zəng eləmədi. Anama asta tonla gələnlərin kimliyi haqqında məlumat verdim, ürəyim sakit deyildi. Dəmir qapıya yaxınlaşdım, açıb bir az araladım ki, gələnlər doğrudan gedib, ya mənə kələk gəlirlər. Sırtıqlıqları bir tərəfə qalsın, asanlıqla yalan danışmağa çoxdan vərdiş eləmiş adamlarıydı.Qırmızıüzlülüyümə salıb daha soruşmadım, ay maygülü, bəs deyirsən dua oxumağa gəlmişik? Qapının ağzında heç kim yoxuydu. Bir az da araladım, boğazımdan yuxarı olan başımı eşiyə çıxardım. Molla qardaşın qapımıza çatmağına az qalırdı, dayısı yanında yoxuydu. Qapını örtüb bağladım, dilləndi.
─Bacı, qapını aç, dua eləməliyəm.
─Dedim ehtiyac olmadı da! Nə məcburdu?
─Onlar yenə gözünüzə görünəcək.
Bu zaman anam gəldi, acıqlı danışdı.
─Sizə nə lazımdı?
─Bacı, kömək eləməyə gəlmişəm. Dua oxumalıyam.
─Siz yalan danışmayın, köməyiniz başınıza dəysin! Çıxın gedin, indi yoldaşımı oyadacam.
─Bəs ruhlar sizi narahat eləmir?
─O barədə nigaran qalmayın. Onlarla dil tapmışıq.
Anamla evə tərəf qaçdıq. Üçümüz də evə girib qapını bağladıq. Dayısı evin ətrafındaydı. Bunu dəqiq bilirdik, dayısının yola çıxmağına çox vardı. Əmimə vızıv atdım, zəng elədi. Həyəcandan həmişə danışmaq yerinə qışqırıram, sakit halımda sürətlə danışdığımdan telefonu anama verdim ki, o, danışsın.
─Yaman, mollayla dayısı bura gəliblər. Yatdığınızı demişik, getmirlər qapıdan.
Anam mətbəxə keçdi, çox güman pəncərədən həyətə baxaraq danışırdı. Nənəm göyə baxırdı:
─Allah, itin olum, bizi bu dərddən qurtar!
Mətbəxə keçdim, bıçaqla oxlovu götürdüm. Oxlovu nənəmə verdim ki, qapının arxasında dayansın. Anam qəfildən bıçağı əlimdən aldı:
─Bircə türməyə düşməyin çatmırdı!
─Allah haqqı, onların niyyəti təmiz deyil. Dədəmgilin evdə olmadığını başa düşdülər. Birdən tapançaları varsa?
─Səyləmə az, döyüş kinolarına baxmaqdan başın pozulub.
Anam haqlıydı, özümdə idmana həvəs yaratmağım üçün döyüş filmlərinə çox baxırdım.
─Heç olmasa, stullardan birini götür, qapıya yaxın dayan. Bir stul da mən götürdüm, müəmmalı otağın qapısının ağzında dayandım. Əmim pəncərəsini sındırmışdı, evə pəncərədən rahat girə bilərdilər. Bəlkə də biz hər şeyi şişirdirdik.
Həyətin dəmir qapısının yumruqla döyüldüyünü eşitdik, üçümüz də bir-birimizə baxdıq. Nənəm anama:
─Az, bəlkə Cavadgildi?
Anam qapını açmaq istədi, imkan vermədim:
─Açma! Dədəmin xasiyyətinə bələd deyilsən? Əvvəlcə zəng elə, gör odur?
Telefonuma zəng gəldi, dədəmiydi.
─Qapını döyən sənsən?–həyəcanla soruşdum.
─Hə, bizik, qapını açın.
─Mollayla dayısı da yanınızdadır?
─Yox, –Əmimgilin ətrafa baxdığına əminəm–heş kim yoxdu.
─ Həəə, –yenə də narahatıydım, –yaxşı, gəlirəm.
Müəmmalı otaqdan şüşə qırıntılarının səsini eşitdik. Qapınım cəftəsi tərpənəndə içimi çəkdim. Anama:
─Otaqdadılar, –deyə bildim.
Nənəm qəfildən qapının ağzına gəldi:
─Köpəkoğlu, elə bilirsən qorxuruq? Polis çağırmışıq, baxarıq başqasının evinə girmək nətər olur. Şərəfsizlər!
Cəftə daha tərpənmədi. Növbəti möcüzənin şahidi olurduq. Normalda qapı açılmalıydı, açarla bağlanmamışdı, düzü qapının açarı əzəldən bizdə olmayıb. Onsuzda içəridən bağlamaq olurdu. Allah bizi qoruyurdu.
Nənəm:
─Qapını özüm açacam,–deyib əlində oxlov evdən çıxdı.
Mən də mətbəxdən bıçağı yenidən götürüb nənəmin arxasınca çıxdım. Anam da bizim arxamızca qaçırdı.

Nənəm qapını açdı, əmimlə dədəmgil evə girdilər. Dədəm evin arxasına, əmim bağa tərəf qaçdı, heç kim yoxuydu.
Əmimdən başqa hamımız evdəydik, daha bölməyə getməyə qorxurdular. Əmim həyətdə Bəxtiyarla danışırdı, polisi evə çağırırdı. Dədəm əliboş gəlmişdi, market bizim evdən çox uzaqdadır, əlavə alacaqları olacağından toyuğu yarım saatlıq bizdən uzaqda yaşayan qonşudan almalıydılar.
─Telefonda mamamın səsini eşidəndə dəli oldum. – dədəm dedi.
Telefonu adboy vermədiyimi dədəm deyəndə bildim. Anam dədəmə su gətirdi.
─Gəlin, mənə də gətir. Həyəcandan dilim-dodağım quruyub. –Nənəm pəncərədən əmimə baxırdı.
─Sən də istiyirsən? –Anam məndən soruşdu.
─İçəri girəndə içdim, –cavab verdim.
Anam mətbəxə keçdi.
Birdən müəmmalı otağın qapısı açıldı. Qapıdan evə girən əmim də, biz də qapıya baxdıq. Divandan qalxıb qapıya tərəf getdim.
─İçəri keşmə! –Dədəm göstəriş verdi.
Nənəm:
─Bəyaq nə qədər çalışdılar, aça bilmədilər. İndi öz-özünə açılır, –dedi, o da yanıma gəldi.
─Bəxtiyarla danışdım, gəlirlər.
Əmim keçib divanda oturdu, anam sinidə gətirdiyi iki stəkandan birini ona uzatdı. Əmim stəkanı alıb içdi.
─Bizə qarşı niyyətləri yaxşıdır, –nənəm ruhları nəzərdə tuturdu. –Onlar polis çağıracağımızı bildiklərindən bəri bizi incitmirlər. Bizdən qabaqkı evin sahibi başa düşməyib.
─Həə, başa düşsəydi, ucuz satmazdı. Qorxusundan əlli-ayaqlı qaçıb.
Fikir vermişəm, nənəm nə deyirdi, anam təsdiqləyirdi. Gəlinin ocağa çəkdiyini bilirdim, daha bu qədər də yox!
─Hələ bilmirik neçə meyid tapılacaq. O da tapılsa…Bəlkə də otağa heç kim girməmişdi. Bəlkə də onların işiydi… –Dədəm ümidsiz danışırdı.
Qapı öz-özünə astaca tam olaraq açıldı. Qapının ağzında torpaq vardı. Dədəmə gülümsədim.
─Sübut. Hansımız ayaqqablı otağa girmişik? Heç birimiz. Otağa girməyək, barmaq izləri də var yüz faiz.
Üzümə deməsələr də, məntiqli çıxışımı bəyənmişdilər.
─Dedektiv kinolarına çox baxmısan, az? –Əmim zarafatından geri qalmadı.
─Daha çox o janrda yazılan əsərlərdən bilirəm, –özümü tərifləməkdən xoşum gəlmişdi.
Bir saat keçməzdi, əmim nəvəsi ( atamın əmisi nəvəsinə “əmi nəvəsi” deyirik) iki polis yoldaşıyla gəldilər. Bəxtiyarla aramızda bir yaş fərq vardı. Bəxtiyar hamımızla görüşdü, üstəlik, niyə gələndə onlara dönmədiyimiz üçün incidiyini bildirdi. Kənddə ev almağımızı indi bilmişdi, evin qiymətini biləndə təəccüblənmişdi. Müəmmalı otağa qapı ağzından baxdı.
─Otağa bugün girməmisiz? –soruşdu.
─Yox, bizdən heç kim girməyib, –dədəm cavab verdi.
─Bəyaq baxdım, çöldə qoyulan stulun üstünə kimsə çıxıb, –evə təzə keçən əmim dedi.
─Heç nəyə toxunmayın. Barmaq izlərinə görə. Bu gecə də burda qalmayın. Narahat olmayın, hər şey nəzarətə götürülüb.
─Harda qalaq? Bakıya qayıda bilmərik.
─Cavad dayı, xətrimə dəyirsən. Qohumdan saymırsan məni?
─Yox bala, Allah eləməsin. Əziyyət vermək istəmirik. Çoxuq, axı.
─Ay Cavad dayı, ikimərtəbəli evdi, otaq nə qədər istəsən. Hazırlaşın,qadınları aparaq, sonra mollagilə gedək.
Düzü, əzilmiş burnumla, ala-bula gözümlə evimizdən başqa yerdə qalmaq istəmirdim. Utanırdım. Anama pişik balası anasına qısılan kimi qısıldım, əriyimi əzdirə-əzdirə dedim:
─Ay ana, getməyək də…
─Niyə? –anam sakitcə soruşdu.
─Bu üzlə hara gedirik? Bağda oturaram.
─Atana de, qarışa bilmərəm.
Nankorluqdan sahibinə cırmaq atan pişiyə döndüm, dədəmin yanına gəldim:
─Dədə, getməyək də!
Bəxtiyar məni eşitmişdi. Soruşdu:
─Niyə, əmi qızı?
Əlimlə burnumu, gözümü göstərdim. Bəxtiyar indi fərqinə varmışdı, mənə nə isə olub.
─Üzünə nə olub? –təəccüblə soruşdu.
─Mən qapını açanda burnuna dəydi, –dədəm cavab verdi.
─Həkimə apardız?
─Apardıq, dərman yazıb, keçib gedəcək.
Telefonumun işığı yanırdı, baxdım, zəng eləyən Sevdaydı. Dədəmə:
─Sevdadır, –deyib həyətə, ordan da küçəyə qaçdım. Üzüm meşəyə tərəf telefona cavab verdim. Təngnəfəs olmuşdum.
─Hə, Sevda. Getdin mollanın yanına?
─Hə, Şəfi. Deyir, lənətlənmiş, uğursuz evdir. Kişi dua oxudu, özünü yaxşı hiss eləmədi, yarımçıq saxladı.
─Bıy, niyə?
─İiii, niyə nədi? Özünü pis hiss elədi də! Deyir, günahsız canlar alınıb o evdə. Sizinki lap fantastik kinolara oxşadı. Bu hadisəni yazarsan, adını da qoyarsan, ruhlar qatilini istəyir.
─Hər şeyi göstərmişdilər, qatilini də göstərərdilər də!
─Nəyi göstəriblər?
─Sevda, mən ruhla danışmışam..
Yadıma düşdükcə ətim ürpəşirdi. Deyəsən, Sevda da mənim kimi olmuşdu.
─Ay qız, yaxşı, qorxutma məni. Polis çağırmadız?
─Evdədilər. Adam çoxdu deyə danışa bilmirəm. Çox sağ ol, bacı. Sənə iki gündü əziyyət verirəm.
─Az səyləmə, əziyyət nədi? Rəfiqə nə üçündür?! Hamınız ehtiyyatlı olun. Mollamız beləcə dedi.
─Başımıza nə gəldi, mollallardan gəldi elə…
Gülürəm. Xəttin o tərəfindən Sevdanın gülüş səsini eşidirəm.
─Deyirəm, Şəfi, camaata it hürür, bizə çaqqal ulayır.
─Demə day, bizim indi sevgiliylə danışan vaxtımızdı, bekarçılıqdan bir-birimizlə danışırıq.
Sevda gülməkdən birtəhər oldu.
─Hardasan indi?
─Meşəylə üzbəüz təmiz hava alıram. Zoğal ağacları mənə gəl-gəl deyir.
─Boğazında qalmasın, ye. Ruhlar da gəlsin, bir yerdə yeyin.
─Baş üstə, o nə söhbətdi, yeyərik.
Sevdayla sağollaşdıqdan sonra meşəyə tərəf getdim. Üstü qıpqırmızı zoğallarla bol olan ağacların birinə yaxınlaşdım, gözümə dəyən yaxşı yetişmiş zoğalları qırıb yeyirdim. Ən sevdiyim bir şeydi, meyvəni ağacından qırıb yeyəsən. Adama verdiyi zövq başqadır. Yerdə ağac qırıntısının səsini eşitdim. Elə bildim, tülkü, ya da yiyəsiz itlərdən biridir, qorxdum. Yerdən gözümə dəyən quru ağac budağından birini götürdüm, nəfəs almamağa çalışdım. Kölgə görürdüm, heyvan kölgəsinə bənzəmirdi.
Kölgə yaxınlaşdıqca mən geri addım atırdım. Evimizə tərəf baxdım, var gücümlə qaçsam, ola bilsin evə çatmayım, qışqırsam, səsimi eşidə bilərlər, düşündüm. İndi də qışqırsam eşitdirmək olardı. Əgər qarşı tərəf ağıllı tərpənib ağzımı yummasa.
Mənim üçün ölüm yaxandan yapışsa da, yaşamaq üçün nəsə eləmək gec deyil. Onsuzda həyatda ağlıma gəlməyəcək riskli addımlar atmışdım, udduğum da oldu, uduzduğum da. Qəribədir, uduzduğum anlara peşman olmaqdan çox, məyus olmuşdum. Böyümüşdüm, nəyə qadir olub-olmadığımı özümdə kəşf eləmişdim. Ona görə təcrübəsizlikdən etdiyim heç bir səhvə görə vicdan əzabı çəkmədim, ikinci dəfə təkrarlamayacaq qədər ağıllı hesab edirəm özümü.
Özümü güclə ələ aldım:
─Kimdi?– soruşa bildim.
Molla qardaşın ağsaqqal dayısı məni çox intizarda saxlamadı, özünü göstərdi, protez dişlərini üzümə ağartdı.
─Hər vaxtın xeyir. Papan evdədir?
─Sizi gözlüyür, yuxudan oyanıb.
Ağsaqqal biz tərəfə baxaraq:
─Qonaqlarınız var, narahat etmərəm?
Qapı ağzındakı polis maşınına indi fikir verirdim. Arada diqqətsizliyim olmasaydı, həyat məni bu gün başqa səmtinə aparmışdı.
─Qohumdur, bizi evinə aparmağa gəlib. Siz yenə də buyurun, –bu yerdə şirin dilli olmaq vacibiydi.
─Daha üzümüzə qapını açmadın. Niyə gedirəm?
Susdum, cavab verməyə söz tapa bilmirdim.
─Sənin neçə yaşın var? –məndən soruşdu.
─İyirmi doqquz
─Kiçik oğlum sənlə yaşıddır. Üzünə nə olub?
Bir- iki addım mənə yaxınlaşdı, onun atdığı addımlar qədər geri addım atdım. Və onun bu hərəkəti mənim xoşuma gəlmirdi. Adətən qatillər qurbanlarını qəfildən öldürmürlərsə, danışdırmağı, ya da qurbanının ağzını bağlayıb, boş-boşuna danışmağı xoşlayırlar. Bu deyəsən, zəvzəməyi xoşlayanlardanıydı. Saçıma əl atanda əlimdəki quru budaqla başına vurdum, “oğraş” deyib evimizə tərəf qışqıraraq qaçdım. Qapımızın ağzına çatmamışdım, əmi nəvəsinin iş yoldaşları küçəyə çıxdılar. Onlar da mən tərəfə qaçırdılar. Bir-birimizə çatanda dayandıq, ağlayırdım, dolubədənli olduğumdan həyəcandan, qoxudan güclə nəfəs alırdım. Ağzım qurumuşdu, su istəyirdim. Polislər niyə qışqırdığımı soruşdular. Zoğal ağacını əlimlə işarə elədim, onlarla birgə ağaca tərəf baxdım, heç kimi görmədik.
─Mollanın dayısı ordaydı, məni qorxudurdu.
Polislərdən biri meşəyə tərəf qaçdı, digəriylə həyətə girəndə dədəmgil yüyürərək gəldilər, xanımlar da ( anamla nənəm) qorxaraq üstümə qaçırdılar.
─Niyə qışqırdın? –Dədəm soruşdu.
Mən su içməsəydim, danışa bilməyəcəkdim, mümkün deyildi. Yanımdakı polis dadıma çatdı.
─Meşəlik tərəfdə yad adam görüb. Qorxmaz meşəyə qaçdı.
Bəxtiyar mənə:
─Adamı əvvəllər buralarda görmüşdün?
Zalım oğlu elə bil bölmədəyəm, sorğu-sual edir.
Anam mənə stəkanda su uzatdı. Düşüncəli anam hiss elətdirmədən evə su gətirməyə gedibmiş. Suyu birnəfəsə necə içdimsə, dədəm də, nənəm də “yavaş, boğularsan” dedilər. Daha demirlər ki, vaxtında qaçmasaydım boğularaq öldürülərdim.
Suyumu içdim, dərindən nəfəs aldıqdan sonra əmi nəvəsinin sualına cavab verdim:
─Mollanın dayısıydı. Məni bilərəkdən qorxutdu.
Bəxtiyar həyətdən çıxdı, çox güman meşəyə tərəf gedəcəkdi. Utandığımdan ağsaqqalın saçlarıma əl vurduğunu gizlətdim. Qadına sataşan kişilər birinci qadının ya saçlarına toxunur, ya da sırtıqlığına salıb belini qucaqlayırdı. Mən öldürmək istədiyini başa düşmüşdüm, ya yanımdakılar məsələni namus-qeyrət söhbətinə bağlasaydılar? Şərəfsizi sözsüz tutacaqlar, saç məsələsini bilməsələr də olar.
Bəxtiyar meşəyə qaçan Qorxmazla polis maşınına oturdular. Maşını Qorxmaz yol tərəfə sürdü.
Saat beşə qədər anam altına kartofdan qazmax hazırladığı aşımızı da bişirmişdi, süfrəni hazırlamışdı, yeməyimizi də yemişdik. Həyətdə dədəmlə əmim bizimlə qalan polisə tualeti göstərib çox güman eşitdiyimiz körpənin səsindən danışırdılar.
Nənəm yenə dua edərək təsbehini çevirirdi, anam mətbəxdə mənim telefonumla xalama başımıza gələn macəraları danışırdı. Mən pəncərədən baxıb fikirləşirdim. Başımıza gələnləri yazsam, heç kimin inanmayacağını yaxşı bilirəm. Bəlkə də inanan tapılardı, onu zaman göstərəcəkdi. İnsanların çoxu daxilən görünməyən varlıqlara inanır, əksəriyyəti öz inandığını inkar edir. Çünki savadı olan insan belə şeylərə yox, ancaq gözüylə gördüklərinə inanar. İnsanlar arasında göstəriş xatirinə yazılmayan qanunlar var.
Dədəmə zəng gəlmişdi, telefonla danışdıqdan sonra evə tərəf gəldi. Dədəm anama:
─İnci, hazırlaşın, gedirik. Mollayla dayısı bölmədədir. Bəxtiyargilə gedirik, –deyəndə bir anlıq qəribə hiss keçirdim. Elə bil bu evi növbəti yayda bir də görməyəcəm. Onsuzda gələndə çox əşya gətirməmişdik. Mətbəx əşyalarını əvvəlcədən anam Bakıdan alıb dədəmdən göndərmişdi. Sonradan xatırladım, evimizi yenidən görmək şansım vardı. Qonşudan götürdüyüm kitabları hələ qaytarmamışdım. Kitabları, paltarları götürdük, dədəmlə əmim bir-bir maşına daşıyırdılar. Anamın bişirdiyi aş qazanını əmim qara dördgöz mersedesinin baqajına qoydu. Nənəmlə anam əmimin maşınına mindilər. Mən dədəmin maşınında arxa oturacaqda oturmuşdum, polis qabaqda… Əmim Bəxtiyargilin evini tanıyırdı. Rayona bizdən əvvəl əmim gəlmişdi. Dədəm əmimin maşınını izləyirdi. Dədəm gənc polislə rayon haqqında danışırdılar. Qulağıma qulaqcıq taxmışdım, musiqi dinləyirdim. Söhbətin konkret nədən getdiyiylə maraqlanmadım.
Bəxtiyargilə çatdıq. Bəxtiyarın yoldaşı, anası bizə “xoşgəldin” elədilər, dədəmlə əmim görüşdükdən sonra əmimin maşınıyla bölməyə getdilər. Bəxtiyarın yoldaşı Arzu əşyalarımızı evə daşımağa kömək elədi. Nənəm qaynanasıyla bizdən əvvəl evə girmişdilər. Bəxtiyar iki il olardı evlənmişdi. Yaş yarımlıq oğlu vardı. Nicat biz gələndə yatmışdı.
Bəxtiyargilin evi beş otaqlıydı. Bir otaq elə bil kitabxanadır. Bəxtiyarın bacısı kitablara bağlı insan olduğu üçün bu otaq yayda gələndən-gələnə ona məxsusuydu.
Bəxtiyar bacısını dəhşət çox istəyirdi. Otağın biri məhz qonaq gələcək insanlar üçün hazırlanmışdı. Qonaq otağındakı boş şkafa paltarlarımızı yığdıq. Şam yeməyimizi yedik, dədəmgil gəlmədilər. Şam yeməyindən sonra dözmədim, dədəmə vızıv atdım. Çox keçmədi, dədəm məni yığdı.
─Dədə, hardasız?
─Qızım, evdəyik. Cəsədləri tapmışıq. Daha doğrusu, sümüklərini. Mollanın anasıyla dayısı hər şeyi danışdılar.
Dədəmin səsindən kövrəldiyi açıq-aşkar hiss olunurdu. Ürəyimdən keçən sualdan iyrənsəm də verməyə məcburdum.
─Körpə?
─Tualetdən tapdılar.
Telefonu əlimdən yerə atdım, əllərim üzümdə hönkürtüylə ağladım. Səsimdən Nicat da anasının qucağında ağladı. Anamgil, hətta körpəsinin ağlamağına o qədər də fikir verməyən Arzu mənə görə narahat olmuşdu. Anam telefonu yerdən götürüb dədəmlə danışdı.
─Cavad, sən qıza nə demisən ağlayır?
Dədəmin cavabını eşidən anam da kövrəldi. Məni gecə yarısınacan sakitləşdirə bilmədilər. Xahiş elədim ki, kitab olan otaqda on dəqiqəlik tək qalım. Otağın qapısını örtdükdən sonra otaqdakı divanda uzanıb gözlərimi yummuşdum. Özümü əzgin, kilomdan iki dəfə artıq yükün altında əzilmiş hiss edirdim. Çox istəyirdim, gənc ananın ruhuyla danışım. Həqiqətən çox istəyirdim. İnsanın necə tamahkar, qəddar olduğunu soruşmaq istəyirdim. Gənc ananın acısını hiss edirdim. Ana olmaq istədiyim qədər, ilk dəfə ana olmağa qorxdum. Bir gün həqiqətən gözlərimin içinə baxa-baxa övladımı əlimdən kimsə alsa, kim olaram? İnsan olmaram, dəqiq bilirəm. Qəribə düşüncələrin, hisslərimin burulğanındaydım, ürəyim incidirdi məni. Gənc ana, yuxuma gəl, həqiqətin davamını bilmək istəyirəm…
Gecə divanda yatmışdım.Dədəmgilin gəlməyindən xəbərim olmamışdı.. Məni yuxudan oyatmağa heç kimin ürəyi gəlməmişdi. Mən divanda da olsa, düz yatmağı bacaran insan deyildim. İlk dəfə ölü kimi tərpənmədən yatmışdım. Yuxu görməmişdim. Səhər gözümü açanda üstümdə nazik ədyal vardı. Gözümü tavana zilləmişdim. Realda üzünü görmədiyim körpəni unuda bilmirdim.
Mənəvi yorğunluğum canımdan çıxmamışdı, divandan ağır-ağır qalxdım. Otaqdan çıxıb, qonaq otağından keçərək hamama girdim. Qonaq otağında heç kim yoxuydu. Əl-üzümü yudum, güzgüdə bir dəqiqə özümə baxırdım. Kədərli baxışlarımı göz yaddaşıma həkk eləmək istəyirdim. Əvəzində başım gicəlləndi, özümü güzgüdə iki görməyə başladım.Yıxılmamaq üçün divardan tutub unitazın üstündə oturdum. Baş verənlər mənim kimi həssas adamlar üçün həddindən artıq çoxuydu.Yaxşı ki ana deyildim. Uzun müddət psixoloqa getməliydim. Bacımın, xalam qızının uşaqları, əmimin nəvələri, Bəxtiyarın oğlu Nicat, qohumda kimin evində uşaq varsa, yadıma düşdülər, bir-bir gözümün qabağından keçdilər. Onları adsız körpəylə müqayisə elədim, yenə ağlamaq tutdu məni. Adsız körpə digər uşaqlarla müqayisə ediləcək taleyi yaşamamışdı. Ən dəhşətlisi, adsız körpələri də bir-birindən fərqləndirmək mümkün deyildi.Çalışdım hamını bir anlıq da olsa unudum.Yaxşı şeylər haqqında fikirləşməyə başladım. Fikirləşdikcə özümü yaxşı hiss edirdim. Hiss etdikcə ehmalca ayağa qalxdım, hamamdan çıxıb mətbəxə gəldim. Anam əvvəlcədən duza qoyulmuş üzümün yarpaqlarını bir-birindən ayırıb Arzunun əlinin altındakı qazanın qıraqlarına paltar kimi sərirdi. Arzunun götürdüyü ət hər yarpağın arasında dolma olurdu. Onlara:
─Sabahınız xeyir,–dedim.
Arzu:
─Sabahın xeyir, -dedi.
Anam:
─Səni oyatmağa qıymadıq. Gecə qorxmadın?
Anam əslində başqa sual vermək istəyirdi. Əslində sual ” gözünə nəysə görünüb eləmədi?” – olmalıydı.
─Necə yatmağımdan xəbərim olmayıb.
Arzu:
─Bacı, utanma, çay istidir. Yad adamın evində deyilsən, öz evindir, nə istəyirsən götür, ye.
─İki stəkan su içəcəm, çox sağ ol. Dədəmgil gəlməyib?
Anam:
─Çox gec gəldilər.
─Neçə cəsəd tapıblar? –Vəhşiliyin səbəbini bilmək istəyirdim.
─Bağda üç qadın cəsədi tapıblar.Mollanın dayısı hər şeyi boynuna alıbdı.Bacısını, bacısının qızını və nəvəsini öldürüb.
Başa düşdüm ki,gənc ananı doğuzduran doğmaca anasıymış. Daha təəccüblənmirdim. Kədərlə soruşdum:
─Səbəb?
─Bacısının nəvəsi bir oğlanı istiyirmiş.
─Aha.
─Qız oğlandan hamilə qalıb. Qadınlar hamilə olduğunu biliblər. Oğlan bu gün-sabah alacam deyib, qəfildən yoxa çıxıb. Kənd yeri.. Uşağı məhv edə bilməyiblər. Dayı şübhələnib, qızı soruşanda hər dəfə bir bəhanə eşidirdi. Qəfildən evə gələndə qızı boylu görür, hər şeyi öyrənir. Şərt kəsir ki, qız doğandan sonra uşağı ona versinlər. Qız doğur, ardını day özün bilirsən.
─Uşaq qızıydı?
─Bilmir. Sonra da qadınlara məcbur zəhəri içirdibki,niyə bir qızı qoruya bilməmisiz. Səhərə yaxın torpaq qazıb. Cavad deyir, çox dərin qazıbmış.
─Sonra?
─Sonra mollanın nənəsiylə səhərə yaxın basdırıblar.
Arzu başını yellədi:
─Həqiqətən vicdansızdılar ey!
─Sonra tualetə od vurdu, –dedim. Kədərli də olsa həqiqətiydi.
─Həm tualetə, həm də otağa… Evi yandırmaq istəyib, fikrini dəyişib.
Anam danışanda daha da pis olurdu.
─İndi onlara cəza düşəcək?–Tutulmasını yox, ikisinin də diri-diri yandırılmasını istəyirdim.
Sualıma Arzu cavab verdi:
─Əlbəttə, cəzasız cinayət olar?!
Adını bilmədiyim gənc ana uğursuz, bitərəf məhəbbətin, fürsətcil əclafın qurbanı olmuşdu. Günahsız günahkarıydı. Heç kim onu başa düşməyə çalışmayıb. Təcrübədən uzaq ilk səhvi bağışlamaq olardı. Bağışlamadılar. Geniş evdə özümə heç cür yer tapa bilmirdim.
Axşam tərəfi əmimlə evimizdən xeyli uzaq qonşunun gəlinindən aldığım kitabları geri qaytarmağa getdik. İyirmi doqquz ildən sonra açılan cinayəti onlar da eşitmişdi. Kitabları qaytardım, evə dəvət eləsələr də girmədik, sağollaşdıq. Əmimlə maşına oturduq. Əmim maşını xodlayırdı.
─Əmi, xahiş eləsəm olar? Evimizi axırıncı dəfə görmək istiyirəm. İçəri girmiyəcəm, qapının ağzından baxacam
─Açar yoxdu. Necə baxacaqsan?
Şalvarımın cibindən açarı çıxardım, əmimə göstərdim. Əmim başını yelləyib:
─Özünə görə deyilsən! –deyib maşını evimizə tərəf sürdü.
Dəmir qapını özüm açmaq istəyirdim, əllərim titrədi. Əllərimin titrədiyini əmim gördü, açarı ona verdim. Qapını rahatlıqla açdı. Qapının ağzından evimizə, bağa baxdım. Tualetə baxmağa ürək eləmirdim. Bir dəfə göyə baxdıqdan sonra tualetə baxa bilmişdim. Gözlərim dolmuşdu. Məhəbbətdən uzaq ehtirasın ürəkparçalayan uğursuzluğu dörd can almışdı. Yaşamağa haqları ola-ola!…
İndiyə qədər evi satmağa ürəyimiz gəlmədi. O gündən kəndə də getmədik. O gündən güman qaldığım yuxularımda gənc ananı da görməmişəm. Ümid edirəm, ruhları şaddır. Onların dördünü də kənd qəbirstanlığında basdırdılar. Kənd camaatı öldürülənləri başqa rayonda bilirmişlər. Mollanın nənəsi kənd camaatını asanlıqla inandırmışdı. Mən qəbirstanlığa onları ziyarətə nə vaxtsa getmək istəyərdim.
Danılmaz həqiqət də var:
Onların ruhu şad, bizim vicdanımız rahatıydı. Vicdan rahatlığından olmalıdır ki, ailəlikcə evə verdiyimiz pula indiyəcən heyfslənmirik.

SON

Müəllif: Şəfaqət CAVANŞİR

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

4 thoughts on “KƏNDDƏKİ EVİMİZİN UĞURSUZLUĞU”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.