
Ana dilim
Bu dünyanın yaşı qədər tarixin var,
Sonu qədər, başı qədər tarixin var.
Dağı qədər, daşı qədər tarixin var,
Ha baş vursam bitməz qatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Orxonlardan üzü bəri yazın qalıb,
Altaylardan Balkanlara izin qalıb.
Çox dillərdə rəddin qalıb, izin qalıb,
Qurdnan görər qiyamatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Ucsuz Qıpçaq çöllərindən havalandın,
Qədim Oğuz ellərindən havalandın,
Qopuzumun tellərindən havalandın,
Sənlə atdım qaramatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Yurd yaratdın, xalqıma ev-eşik oldun,
Laylalarla ruhumuza beşik oldun.
Dünyamızın sərhədinə keşik oldun,
Millət etdin el-elatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Nizaminin hikmətini sən yaratdın,
Nəsiminin qüdrətini sən yaratdın,
Füzilinin fitrətini sən yaratdın,
Hikmət dolu söz büsatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Yasaların kəmfürsətə ox olacaq,
Yadlar səndə əriyəcək, yox olacaq.
“Azərbaycan”, “Heydər baba” çox olacaq,
Onlar övlad hesabatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Sən şahidsən, kimlər gəldi, kimlər getdi,
Oğlun-qızın haya çatdı, dada yetdi.
Bələdçisi Həsən Mirzə səni etdi,
Mahirənin kainatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
Müəllif: Mahirə NAĞIQIZI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru