
Eyham və kinayə
Ey iman gətirənlər! Bir qövm digərini lağa
qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa
qoyulanlardan daha yaxşı olsunlar. Bir-birinizə
tənə etməyin və bir-birinizi pis ləqəblərlə
çağırmayın.
Əl-Hücurat surəsi
Fikri çatdırmağın müxtəlif yolları, hər fikrin öz müraciət forması var. Bunların yerinin, bilərəkdən, ya bilməyərəkdən, dəyişik salınması qarşı tərəfdə haqlı olaraq zahiri, yaxud da daxili etiraza səbəb olur. Bilməyərəkdən fikrini lazımsız əlavələrlə söyləmək kinayə təsiri bağışlasa da, kinayə xarakteri daşımır. Ona görə ki, bu kimi eyhamlar səsləndirənin yox, «qız evində toydur, oğlan evinin məsələdən xəbəri yoxdur» misalı, eşidənin həssaslığı ucbatından müzakirəyə yol açır.
Demək istəyib də, deyə bilmədiyi sözləri dağınıq ştrixlərlə söyləmək əsl eyhamdır. Eyham hadisə zamanı qıcıqlanan duyğuların təcəssümü zamanı öz münasibətini dolayısı ifadə etmək qəsdilə edilmirsə, yaxud tərəflərə əvvəlcədən məlum olan məsələni ümumi işin xeyrinə yada salmaq səciyyəsi daşımırsa, sadəcə, tərəf-müqabilin narahatlığına hesablanırsa, kinayədir. Eyham o zaman kinayə statusu qazanır ki, hədəf kinayəçinin məqsədindən xəbərsiz olur.
Məsələni eyhamın ayrı-ayrı növlərində araşdıraq:
a) Məqsədsiz eyham
b) Məqsədli eyham
c) Kinayə
d) Həyat və ya tale ironiyası
Məqsədsiz eyham kiminsə qəlbini yaralamaq, yaxud başına nəyisə qaxınc etmək qəsdilə baş vermir. Bu eyhamın özü də bir neçə alt çoxluğa bölünür ki, biriciyə hadisənin mahiyyətini anlamamaq, ikinciyə həmsöhbətin refleksiyasını nəzərə almamaq, üçüncüyə özünü qarşı tərəfin yerində hiss edə bilməmək, dördüncüyə isə söz xatirinə söz demək səbəb olur. Mümkündür ki, eyham məqsədsiz olsun, amma onun məqsədsizliyini sübut etmək o qədər də asan deyil, bu səbəbdən nəticə qarşı tərəfin reaksiyasına uyğun olaraq dəyişir. Məsələn, biri bu kimi eyhamı çoxmənalı gülüşlə cavablandırar, o biri məhkəmədə araşdırmaq istəyər. Sonuncuya «əyləşdiyin yerdə işə düşmək də» demək olar, ona görə ki, məqsədsiz eyham diqqət zəifliyindən daha çox, dünyagörüşün azlığı ucbatından ortaya çıxır.
Söhbətin bu yerində «Qatırçının qatırını hürkütmək olmaz» atalar sözünü yadımıza salsaq, o zaman qarşı tərəfin istənilən refleksiyasını təbii qəbul etməyə borcluyuq.
Ötəri, keçici olduğu, davamlı xarakter daşımadığı üçün məqsədsiz eyham yorucu fəsadlara yol açmır.
Məqsədli eyham, adından da bəlli olduğu kimi, məlum bir niyyətin funksiyalar məcmusuna deyilir. Eyhamın bu növündən ən dəhşətli faciələrdən başlamış ən xoşbəxt hadisələrə qədər yararlanmaq mümkündür. Məqsədli eyham qarşı tərəfə hansısa bir hadisə haqqında ismarıc ötürür. Ismarıcın yaxşı, yaxud pis olması ötürənin niyyətindən asılıdır. Bu kimi proseslər mobil telefonlar vasitəsilə indi o həddə qədər sürətlənib ki, ümumiyyətlə, mənfur hadisələrin əngəllənməsi müşgülə çevrilib.
Məqsədli eyhamın növləri də müxtəlifdir: xəbərdarlıq, diqqəti yönəltmə, ayıq salma, xatırlatma, başa qaxınc etmə və s. Məqsədli eyhamdan, əsasən, məsələnin mahiyyətini ətrafdakılardan gizlətmək üçün istifadə edirlər.
Eyham əvvəlcədən razılaşdırılmış bir söz, yaxud cümlə də olar, təsadüfi məsələlərdə anidən də ağla gələ bilər, amma sonuncu baş vermiş məlum bir hadisəyə istinad etməklə gerçəkləşir. Məsələn, meymunlar arasında təhlükədən xəbər verən siqnal forması mövcuddur. Canlıların uyğun növünü araşdıran tədqiqatçını nəzərə almasaq, bu siqnalın nəyə işarə etdiyini meymunlardan savayı heç bir ins-cins bilmir. Buna müvafiq olaraq məqsədli eyham, ya tərəflər arasında mənası dəqiq başa düşülən parol xarakteri daşıyır, ya da tərəf-müqabilin fəhminə ünvanlanan xatırlatma mexanizmini işə salır: sözü hamı eşidir, lakin işarənin mahiyyəti gizlidir. Buradan belə nəticəyə gəlmək olar ki, əvvəlcədən nəzərdə tutulmamış eyhamların müsbət nəticə verməsi tərəf-müqabilin onu necə başa düşməsindən asılıdır.
Milli təhlükəsizlik, bank və s. bu kimi əməliyyatları həyata keçirmək üçün istifadə olunan məxfi sözlər vacib rekvizitlərdir, eyham deyil. Eyham ixtiyaridir, istifadəsi mütləq mənada vacib sayılmır.
İzah etdiyimiz kimi, eyhamın məqsədliliyi hansısa məsələdə uğur qazanmaq işinə xidmət edir. Fərqi yoxdur hansı işin, istək boşuna çəkilmiş əməyin səbəbsiz təntənəsi olmur. Əlbəttə, kimi isə boşuna əsəbləşdirməyin özü də boşuna olmur; insanın ölümünə hesablanır. Bu səbəbdən məqsədli eyham praqmatik adamların iş prinsipinin tərkib hissəsinə aiddir.
Harada ki, eyham keçici dünyanın bədbəxtlikləri və ruhi iztirabların yumşaldılması işinə xidmət göstərir, onun bu növündən hər kəs istifadə etməyə borcludur. Hətta tərzinə, məzmununa, vaxtına görə yerinə düşən eyham insanın zövqünü oxşayır.
Məqsədli eyham insana məxsus əməldir, əlbəttə, bu və ya digər şəkildə heyvanların qıcıqlandırıcı hərəkətlərini nəzərə almasaq.
Kinayə eyhamın bir formasıdır. Kinayə ictimai xarakter daşıyib, böyük məqsədləri əhatə etmirsə, daha doğrusu, ümumi təhlükəni və buna bənzər digər proseslərin ifşasını nəzərdə tutmursa, şeytanlıqdır. Bunu dəqiq fikirlərlə belə ifadə etmək olar. Məsələn, biz qırx dörd– 44 günlük müharibədə döyüşməyə məcbur qaldığımız oyundankənar qüvvələrin öz xeyirlərinə əl atdıqları siyasi taktikanı kinayə ilə qarşılayır və qarşılamaqda davam edirik. Bu kimi kinayələr məqsədli eyhamdan fərqlənsə də, onun tərkib hissəsinə çevrildiyi üçün qəbul ediləndir. Məqsədli eyham kinayədən ona görə fərqlənir ki, birinci hikkə, qəzəb nümayişi yox, müəyyən işi icra etmək funksiyası daşıyır. Özünü hikkə və qəzəbin nişanəsi olaraq büruzə verən kinayə ayrısının həyatına dil uzatmaq vasitəsi sayıldığı üçün qəbul edilməyəndir. Qəbul edilməyən kinayə insanlığı olmayan, eləcə də, müəyyən səbəblər daxilində onu müvəqqəti, yaxud həmişəlik itirən kimsənin təsir formasıdır. Məsələn, həyatına təcavüz edilmiş bir qızın, yaxud qadının, kişinin yadına salmaq ki, onun başına nə vaxtsa bu və ya digər şəkildə çirkin bir hadisə gəlib, qəbul edilməyən kinayədir. Əgər qəbul edilməyən kinayə gözügötürməzlik, başına qaxınc etmək məqsədi yox, hansısa əməlin qarşılığında, kiminsə ipə-sapa yatmayan hərəkətinin müqabilində gerçəkləşərsə, kinayəçini bir-iki faiz başa düşmək olar.
Insanın özü istəmədən, başqasının təzyiqi ilə kinayə etməsi, əgər çarəsizlikdən deyilsə, qəbul edilməyəndir.
Kinayə etmək ona görə doğru əməl sayılmır ki, insana kinayəçinin vulqar əlamətlərinə qarşı öz hisslərini hazırlamaq məcburiyyəti aşılayır.
Eyhamın bütün cəhətləri, kinayədən savayı, bütün kateqoriyadan olan insanlara müxtəlif nisbətlərdə də olsa, eyni dərəcədə aiddir. Lakin kinayə ən yaxşı formada özünü ancaq bədii ədəbiyyatda doğruldur, çünki dialoq obrazlar arasında gedir, insanlar arasında yox. Rəssamlıqda da kinayədən istifadə olunur, amma burada məsələ ona görə mürəkkəbləşir ki, karikatura sənəti hədəfi müstəqim seçdiyindən seçimin doğruluğunu həmişə sual altında saxlayır.
İstər ədəbiyyatda olsun, istər rəssamlıqda, fərqi yoxdur, dahinin kinayə mexanizmi ümumi səciyyə daşıdığına görə təqdirəlayiqdir. Dahilik səviyyəsinə qalxmayan əsərlərdə kinayə o vaxt əhəmiyyətli olur ki, obyekt aydın ştrixlərlə həyatda olan insanı simvolizə etmir. Bu məsələni öz sələfinin timsalında Artur Şopenhauer belə izah edir ki, əgər Kant sağ olsaydı, könlünə toxunmamaq üçün müəllifi olduğu «Xalis zəkanın tənqidi» traktatını təhlil etməzdim, amma indiki vəziyyətdə əsərin nöqsanları haqqındakı qeydlərimi gizlədə bilmərəm.
Göründüyü kimi, Şopenhauer üçün birinci növbədə Kantın refleksiyası və səhhəti dayanır. Insanlara bu sayaq qayğı İNSAN-a məxsus keyfiyyətdir. Bəlkə eyni səbəbdəndir ki, əsərlərə əsl qiymət yarandığı dövrdə yox, sonrakı illərdə verilir.
Bu bizə nəyi söyləməyə əsas verir? Onu söyləməyə əsas verir ki, şəxsi müstəvidə kiməsə kinayə etmək, hətta həmin hadisə həqiqətən baş vermiş olsa belə, insana yaraşmayan əməldir. Digər tərəfdən eyni proses insanın xəbisliyi ucbatından şər və böhtanın nəticəsi olaraq da inkişaf etdirilə bilər. Şərhə, izaha, sübuta ehtiyacı olan istənilən məsələni kinayə obyektinə çevirmək qorxaqlıq və acizlikdir: sözünü üzə deyə bilməmək qorxaqlığı, ədalətli ola bilməmək acizliyi. Başqa sözlə, kinayəçinin seçdiyi hədəf müəyyən şəxsdirsə, bu onun paxıllığından, qibtəsindən, həsədindən irəli gəlir və son dərəcə cılız olan bu adamın niyyəti təmiz deyil, yoxsa özünə aid olmayan hadisəni əziz xatirə kimi hafizəsində gəzdirməz.
Eyham mövzusu haqqında yazmağıma gəlincə, buna səbəb kiçik bir dialoq oldu. Bu günlərdə özünə zəng vurmağa cəsarət etmədiyim müəllimimi ən yaxın dostundan xəbər aldım. Cavab nə olsa yaxşıdır: – Zəng etməyə çətinlik çəkirsiniz, ona «whatsapp»da yazın, səs göndərin, musiqi yollayın. Qədimilər demişkən, matım-mutum qurudu, axı söhbət pərəstiş etdiyim ustad-alimdən gedirdi, sevgilidən yox. Düzü nəyə işarə etdiyini anlamadım, amma belə nəticəyə gəldim ki, bəzi alim, professor, müxbir üzv – «çlenkorr», şair və yazıçılar arasında da kinayə ilə danışanlar var imiş… deməli və təəssüf!
Kinayə, əsasən, qeybət səciyyəsi daşıdığı üçün eyhamın ən arzuolunmaz növüdür. Səbəb nə olur-olsun, böyük insanlar bu kimi ucuz vasitələrdən yararlanmağı, nəinki özlərinə sığışdırmır, onların xislətində kinyaə etmək olmur.
Həyat və ya tale ironiyası deyilən bir mövzu da mövcuddur ki, birbaşa insanın iradəsilə bağlıdır, amma baş verənlər nəzərdə tutulanın ziddinə yönəlir. Insanın iradəsilə ona görə bağlıdır ki, qərarları o özü qəbul edir, lakin ölçüb-biçmədən, hərtərfli düşünmədən. Bu kimi hadisələr məqsədsiz eyhama da bənzəyir və hər kəsin həyatında yaşana bilər, amma günahı insandan kənarda – taledə, fillanda axtarmaq doğru olmaz.
Yazıya Quranın əl-Hücurat surəsinin on birinci ayəsilə başladıq, sonuncu ayəsi ilə də sona yetirmək istəyirik: “Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir”.
Müəllif: Göyərçin KƏRİMİ
AYB-nin üzvü
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru