Şəfaqət Cavanşir – Hakim əmi, azadlıq

Şəfaqət Cavanşir – Hakim əmi, azadlıq

Hakim əmi, azadlıq
(hekayə)

<<<< Əvvəli burada

Bir saat keçməmişdi, Nilufərin atası binaya daxil oldu. Birinci mərtəbədə ayağını saxladı. Yekəpərin qapısının ağzındakı döşəməyə baxdı. Döşəmədən qızının sidiyi hələ də qurumamışdı Qan atanın başına vurdu. Pilləkənləri bir-bir qalxdı, evinin qapısını ara vermədən döyürdü. Yasəmən qapını açan kimi yalvarmağa başladı. .
-Qurban olum, Turan…
Turan qoluyla arvadını itələdi.
-Çəkil. Mətbəxə keçib stolun üstündən bıçağı götürdü. Qapının ağzında Yasəmən qabağını kəsdi.
-Qurban olum, Turan, qoy o bıçağı yerə. Sonra hamı biləcək, qızımızın adına söz gələcək. -Düzünü de, qıza toxunub eləməyib? Bax ha, Yasəmən, mənə yalan danışma. Düzünü de. Turan suallarına ürəyinəyatan cavab eşitmək istəyirdi. Qızı otağında ona baxırdı. Turanın gözü qızına sataşdı, susdu. Nilufər ağlayırdı. Atasından utanırdı, yenə də gözlərinə dik baxmaya bilmirdi. Yasəmən ərini sakitləşdirmək, bıçağı əlindən almaq üçün danışırdı.
-Qurban olum, tutaq ki, onu öldürdün. Hə, nə olacaq? Sən türməyə düşəcəksən, hamı biləcək. Sonra bizi barmaqla göstərəcəklər. Mən sabah o vırılmışın arvadıyla danışaram. Ya onlar köçər, ya da biz. Qonşu binada yaşayan gəlini də deyirlər pis yola çəkiblər. Hamımız ona ağzımıza gələni demirikmi? İstəyirsən qızımız da onun kimi olsun?
Turan qızına baxıb susurdu, gələcəkdə onu hansı fəlakətlərin gözləyəcəyini gözünün qabağına gətirdi. Qızını qonşuluqdakı gəzəyən gəlinin yerinə qoydu. Yekəpərin onun qolundan tutub evinə apardığını, qızının gülüşlərini təsəvvür elədi. Təsəvvür elədi və iyrəndi.
-Nə danışırsan, az sən? Çəkil qabağımdan.
-Yalvarıram əlini mundarın qanına bulama.
-Öldürməyəcəm, başa salacam. Ya o, ya biz.
-Onu başa salmaq olar? Ayı boydadır.
Nilufər xəyalında yekəpərlə atasını müqayisə elədi. Atası ortaboy, qoldan elə də güclü kişi deyildi. Yekəpərin dərsini necə verəcəkdi? Atası anasının yalvarışlarına məhəl qoymadı, əlində bıçaq evdən çıxdı. Anası onun arxasınca qaçdı. Seyf qapının örtülməsiylə qızcığazın çömbəlib dizinin üstündə oturması bir oldu. Baş barmağının dırnağını yeyərək qapının o tərəfində baş verənlərin nəticəsini gözləməyə başladı.
Turan qonşusunun qapısını yumruqlayırdı.
-Aç qapını, ay oğraş. Aç… Şərəfsiz…
Yasəmən onu sakitləşdirmək üçün əliylə ağzını yumurdu.
-Ay Turannn…. Sus, camaatdan ayıbdı.
Turan arvadının əlini itələdi
-Səndə çəkil o tərəfə.
Qapı açıldı, yekəpər qonşu evdən çıxdı. Arvadı da qapı ağzında dayandı.
-Nə olub ə? Meşədəsən?
Turan bıçağı yekəpərin qaraciyərinə vurdu. Bir zərbədən nəfəs almağı çətinləşdi. Turan üç-dörd iri addım geri, blokun qapısınacan getdi.
-Nə iş gördün, Turan? – Yasəmən əlləri havada yekəpərə baxırdı, Yekəpərdən əvvəl onun siması meyid rəngi almışdı.
Yekəpər bıçağın sapından yapışdı. Bıçağı çıxarmağa çalışırdı, bacarmadı, sağ böyrü üstə bağıraraq yerə sərildi. Ağzından axan qan qurumamış sidiyin üstünə axdı. Gözləri sidik izinə, axan qanına baxa-baxa qaldı, əbədi bir nöqtəyə zilləndi.
Yekəpərin arvadı barmaqlarıyla çənəsini sıxıb qışqırmağa başladı. Gözlərini Turana zilləyib:
-Qatil… Qatiiil… – qışqırırdı.
İndiyəcən ona xoş gün göstərmədiyi ərinin yoxluğuna görə fəryadı onu eşidənləri yavaş-yavaş meyidin ətrafına yığdı. Turan qaçmamışdı. Hamı kimi polisin gəlməyini gözləyirdi…
Nilufər otağında ədyalını başına çəkib üzünü gizlətməyi özünə çıxış yolu bilirdi. Yorulmuşdu, evlərinə gələn qonşular onu soruşur, qohum-əqrabalar üzünə yazıq-yazıq baxırdılar. Təsəlli etmək üçün deyilən xoş sözlərin, yekəpərin arxasınca oxunan lənətlərin heç birini səmimi qəbul eləmirdi. Axı birinci mərtəbədən onun qapısı ağzından keçən yeganə uşaq o olmamışdı. Bəlkə onların da qızları əlləşdirilib, oğlanlarına toxunulub?
Kişilərin atasını “namus qəhrəmanı” adlandırması Nilufəri iyrəndirmişdi. Xəbərlərə baxa bilmirdi, kanallardakı aparıcılar atasından danışırdılar. Sosial şəbəkədə atasının şəkilləri paylaşılırdı. Qadınlar anasına atasının şəkillərini göstərirdi, elə bil hamısı anasının qatil əriylə fəxr etməsini bərk-bərk tapşırırdı. Ana-bala yaxşı bilirdi, söhbətlər hakimin atasına verdiyi cəzaya qədər davam edəcək, sonra başqa yerlərdə başqa hadisələr olacaq, atası o hadisələrin içində unudulacaqdı… Məhkəməyəcən Nilufər uşaq ola bilmədi, çünki uşaq kimi düşünə bilmirdi. Niyyəti həyata keçmişdi, yekəpər dünən torpağa tapşırılmış, qorxusu da qalmamışdı. Saçları dümağ olmuş yaşlı hakim onu səslədikdən sonra üzünə baxa bilmişdi. Hakim üzünə gülümsəyirdi.
-Qızım, baş vermiş hadisəni bizə danışa bilərsən?
Hakim qarşısındakı qızcığaza qarşı həssasıydı. Qızın gələcəyi üçün jurnalistlərin məhkəmədə iştirak etməyinə qadağa qoymuşdu. Jurnalistlər yenə də məhkəmə binasının qarşısında gözləyirdi. Nilufər susurdu. Hakim sualını təkrarladı.
-Qızım, özünü yaxşı hiss edirsən?
Nilufər kövrəldi.
-Yaxşıyam, hakim əmi.
“Hakim əmi” deməyi hakimin də xoşuna gəldi.
Nilufər sağ tərəfdə əli qandallanmış atasına, sonra anasına baxdı. İkisinin də gözləri ağlamaqdan qızarmışdı. Neçə gündür anası yemək yeməyi yadından çıxartmışdı. Onsuz da incə xanımıydı, beli ərə getməyən qızın belindən seçilmirdi. İndi bir dəri, bir sümük qalmışdı.
Nilufər hakimə baxdı.
-Sizdən bir xahişim olacaq, hakim əmi.
-Buyur, qızım.
-Hakim əmi, icazə verin, jurnalistlər də burda olsunlar.
Hər kəs təəccübləndi.
-Mən jurnalistlərə sənə görə icazə vermədim.
-Xahiş edirəm, hakim əmi.
Hakim yanındakı köməkçilərə baxdı, sonra qapının ağzında dayanan nəzarətçiyə göstəriş verdi
-Juranlistləri çağırın.
-Çox sağ olun. – Nilufər neçə gündür az sonra danışacaqlarını əzbərləmişdi
Jurnalistlər gəldi, televiziyadan gəlmiş iki operator kameranı qoşdu. Hər kəs balaca qızın nə danışacağını səbirsizliklə gözləyirdi. Nilufər hakimə baxdı.
-Peşmanam, hakim əmi.
Hakim maraqla qıza baxdı. Nilufər davam elədi.
-Anama o adamın elədiklərini deməyimə peşmanam. Hakim əmi, siz mənim atamı türməyə salsaz, anamla tək qalacam. Heç kim bizi axtarmayacaq, maraqlanmayacaq. Kaş, anama heç nə deməyəydim. -Sonra necə oldu dedin?
-O adam hər gün qabağımı kəsirdi. O adamın baxışlarından qorxurdum. Məni hədələyirdi. O gün məni məcbur evinə aparmaq istəyirdi. Qışqırdım, Hakim əmi. Qorxdu, evinə girdi. Yenə də anama danışmaq istəmirdim. Qorxumdan danışdım. Bilirsizmi, anama danışmasaydım, nə olardı?
-Nə olardı? – hakim soruşdu.
-Neçə gündür bizə gələnlərin hamısı atamı tərifləyir. Atam təriflənirsə, deməli, yaxşı adamdır, hə hakim əmi?
-Atan səni çox istəyir, qızım.
Nilufər sualını təkrarladı.
-Atam yaxşı insandı, hakim əmi?
-Atan səni çox istəyirsə, deməli, yaxşı insandı.
Nilufər hakimin cavabını təsdiqlədi.
-Mənim atam doğrudan yaxşı insandır, hakim əmi. Sinif yoldaşımın atası kimi oğlu olmadığına görə anamla dalaşmır.
Nilufər bir qədər susduqdan sonra davam elədi.
-Hakim əmi, bizim həyətdə bir qadın yaşayır. Anam deyir, o qadın uşaq olanda yoldan çıxardıblar. Qonşuların hamısı ona pozğun deyir.
Zalda adamlar arasında pıçhapıç başladı. Hakim zaldakılara səsləndi.
-Sakit… Davam elə, qızım.
-Hakim əmi, anama deməsəydim, böyüyəndə mənə də pozğun deyəcəkdilər. Qonşular, bu gün atama qəhrəman deyənlər, sussaydım, gələcəkdə ona pozğunun atası deyəcəkdilər. Mən indi uşağam. Anam işləmir. Bizim evdə təkcə atam işləyirdi. Siz atamı türməyə salsaz, anamla mənim halım necə olacaq, hakim əmi?
Hakim də kövrəlmişdi.
-Belə danışmağı sənə kim öyrədib, qızım?
-Bizə gələnlər pozğun qonşudan danışırlar, hakim əmi. Yalvarıram, hakim əmi, atamı azad eləyin. Nilufərin ayaqları əsirdi. Hiss edirdi danışa bilməyəcək. Onun titrəməsi hakimin nəzərindən qaçmadı. -Əyləşə bilərsən, qızım.
-Mənə söz verin, hakim əmi, atamı tutmayacaqsız. Atam yaxşı insandır. Hamı atama “yaxşı insan” deyir. Zalda əyləşmiş mərhum yekəpərin arvadı da ağlayırdı. Uşağın dedikləri qəlbinə toxunmuşdu. Birdən kimisi təlaşla ayağa qalxdı, kimisi oturduğu yerdə boğazını uzadaraq “baaa” … “boooy” … “ədə qoymayın” … səs-səsə verdilər.
Turanla arvadı “qızım” qışqırdılar. Yasəmən qızının yanına qaçdı. Hakimlə köməkçiləri də ürəyi getmiş Nilufərin yanına gəlmək üçün ayağa qalxdılar.
Nilufər gözlərini açanda artıq məhkəmə zalında deyildi. Hakimin otağındaydı, yanında ata-anası… Atasına sarılmaq üçün qollarını ona tərəf uzatdı. Turan qızını bağrına basdı, qızı boynuna qollarını sarıdı… İlk dəfə bu ölkədə möcüzə baş vermişdi… Rüşvətdən işıq surətiylə uzaq, ölünün günahkar, öldürənin günahsız olduğu sübut olunmuşdu.
Nilufərlə yaşıd bir-neçə qonşu qızları da Yekəpərin baxışlarından valideyinlərinə, valideyinləri də növbəti məhkəmədə hakimə söyləmişdilər.
Hakim əmi Turanın azadlığa çıxmasına qərar vermişdi. Mərhumun arvadı şikayətini geri götürmüş, əksinə, o kişidən yaxşı gün görmədiyini, əlinə çox pul keçəndə gecə evə özündən çox kiçik fahişələri gətirdiyini etiraf eləmişdi. Gələn qadınların arasında xatırladığı təkcə on dörd yaşında qadın həyatı yaşamağa məhkum edilmiş uşağıydı.

Son

Şəfaqət Cavanşirin povesti burada >>>

Müəllif: Şəfaqət CAVANŞİR

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2 thoughts on “Şəfaqət Cavanşir – Hakim əmi, azadlıq”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir