ANAR TURAN – SƏMA AYDIN, YER ÜZÜ İSƏ QARANLIQDIR…

ANAR TURANIN YAZILARI

SƏMA AYDIN, YER ÜZÜ İSƏ QARANLIQDIR…

UMBERTO EKODAN QEYDLƏR

            İnsan daim axtarışdadır. O, rahat və sakit həyat axtarır. Bəs bunu necə və hansı yolla əldə etmək mümkündür? “Mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə – küncdə kitabla birlikdə tapdım”.

            Hamı yazır. Hər kəsin əlində qələm var. Tarix boyu heç bu qədər yazan olmamışdı. Bəs nə üçün yazmaq gərək? Eko: “Dünyanı dəyişmək niyyəti ilə yazmaq lazımdır”.

            Həqiqət günəş kimidir, yalansa bulud. Bulud günəşin qarşısını bir anlığa, müəyyən bir müddətədək tuta biləcək, əbədiyən yox. Buna görə də həqiqətin yanında ol! Zaman gələr, hər şey dəyişər, amma dəyişməyən bir şey var, o da həqiqətdir.

            Bəzən sıxılırıq, nə iləsə təsəlli axtarırıq. İnsan nə ilə təsəlli tapa bilər? Maddiyyatla yox, əlbəttə. Təsəlli mənəviyyatda tapılar. Bəzən oxuduğun bir kitabda, hər hansı bir sətrdə, bir sözdə də gizlidir.

            İnsan fani olan nəsnələr dalısınca qaçmasın gərək. Torpaqda balıq tutmaq olarmı?! Yaxud suyun üzündə yerimək, necə, mümkündürmü?! Yox, qətiyyən. Bəs onda fani olan nəsnələr dalınca bu insanlar nə üçün belə qaçırlar, can-fəşanlıq edirlər?! “Payızdan qabaq çəməngülü kimi solub gedən zahiri görkəm hər şeydən fanidir”.

            Dünya necə də dəyişib, sanki ədalət sükanını itirib. Qoca dünya girdaba tuş gəlib, çıxılmazlığa sürüklənib. “Bir zamanlar adamlar gözəl idilər. İndi isə cırtdanlaşıblar. Bu qocalmaqda olan dünyanın acınacaqlı halının əlamətlərindən biridir. Gənclər qocalardan heç nə öyrənmək istəmirlər. Elm geriləyir. Bütün dünya baş-ayaq olmuş. Korlar korları idarə edir və onlar uçuruma sürüklənirlər. Quşlar uçmağı öyrənmədən yuvadan ayrılır, eşşəklər çalır, öküzlər oynayır”.

            Kainat gözəldir və “kainatın gözəlliyi yalnız müxtəlifliyin vahidliyində deyil, həm də vahidin müxtəlifliyindədir”.

            Dünya bir kitab kimi bizimlə söhbət edir. Dünyadakı bütün məxluqat bizim üçün sanki bir rəsm, kitab, yaxud da aynadır. Baxdıqca, oxuduqca və qarşısında keçdikcə hər şeyi görə bilirsən.

            Yazılmış hər şeyi hamı oxuya bilər. Bir də hələ (bəlkə də, heç vaxt) yazılmamış şeylər var. Bax əsas olan onları oxumaqdır. Onları oxumaq gərək. Bunun üçünsə bəsirət gözü olmalı, görməli.

            Şər (İblis) tək heç nə edə bilməz. Bu bədniyyət varlıq ona qul olan insanlar vasitəsilə pisliyi yayır, müharibələr törədir, güclü hala gəlir. Bəs insanlar necə olur ki, şərə uyur?! Əsas səbəb maddiyyatdır. Maddi istək insanlığı uçuruma doğru yönləndirir, azadlıqdan qul halına salır.

            İnsanın ən böyük düşməni də, dostu da, hətta onu tanıdan da dildir. Yoxdan var olan dil – söz gizlini, ürəyin ən dərin qatlarında özünə yuva qurmuş əsrarı üzə çıxarır. Qarşındakını tanımaqmı istəyirsən?! Onu danışdır, o danışdıqca özünü, içini sənin qarşına sərəcək.

            Hər şeyi hər kəsə demək doğru deyil. “Zira hər gerçək hər qulağa görə deyil və hər yalan da dindar ruh tərəfindən dərk edilməz”.

            İnsan, əslində, kor olaraq doğulub. Bizə sadəcə lazım olmayanı – maddiyyatı görmək imkanı verilib. Bu korluq hətta çox zaman yanılmağımıza da səbəb olur. Nə qədər eybəcərliklər, şər, yalan bizə zahirdə gözəl görünür. Amma kor olan insana həqiqəti-batini görmək şansı da verilib. İnsan bu məziyyəti sonradan qazana bilər. Həqiqəti, batini  (daxili, bizə lazım olanı) necə görə bilərik?! Cavab: batinini, düşüncəni təmizləməklə, səni həqiqəti görməyə qoymayan iç çirkabını yox etməklə. Əsl qurtuluş, bax, bu zaman gerçəkləşməyə başlayır.

            Hər şey göründüyü kimi deyil. “Əzabda xoşbəxtlik, eşqdə fəryadlar” var.

            Eyni dildə danışmaq deyil, eyni düşüncədə olmaq qurtuluşa varmaqda həlledicidir. Əhəmiyyətsiz şeylərdən ali nəsnələr, ali nəsnələrdən də əhəmiyyətsiz şeylər yarana bilər.

            Ədalətsizliyə qarşı yaradılmış qanunlar bəzən özü də böyük ədalətsizliyə çevrilir. İnsanın fiziki və ruhi (mental) xəstəliyinin təzahürləri bilinir. Bəs cəmiyyətin xəstəliyini necə müəyyən etmək mümkündür?! Fikirlərin bu qədər toqquşmasında. Əsas etibarı ilə vahidlik yoxdursa, pərakəndəlik mövcuddursa, insanlar, alimlər bir-birini bu qədər təkzib edirlərsə. Belə cəmiyyətdə heç kim heç kəsi bəyənmir, qəbul etmir, hamı yalançıdır fikri cəmiyyəti çulğayır.

            Şərə qarşı mübarizə aparmayan hamı günahkardır. Bəs günah nədən yaranır?! Ehtiras və qürurdan. Ehtirassa geniş anlayışdır. Vəzifəyə, pula, qadına olan ehtiras.

            İnsan nə haqda düşünməlidir?! “Ömrümün sonlarına yaxın bildim ki, düşünülməsi lazım olan yeganə şey ölümdür”.

            İnsan daim yenilik arzulayır. O, yenilik dalısınca qaçmaqdan yorulmur, usanmır. Amma yenilik dalınca qaçan və buna nail olan insan da əvvəlki dəyərlərini geridə qoyur, itirir. Bu anda qazanclı kim olur?! Yeniliyi yaradanlar. Beləliklə, onlar bu yeniliyin dalısınca qaçanları özlərinə qul edirlər.

            Cəmiyyəti biz yaradırıq. Onun yaxşı və ya pis olması bizdən asılıdır. Fəaliyyətimiz (fəaliyyətsizliyimiz)  o cəmiyyətin pis olmasına səbəb olur. Sonra da yaratdığımız cəmiyyətdən narazılıq ifadə edirik. Cəmiyyəti düzəltmək istəyiriksə, buna özümüzü düzəltməklə başlaya bilərik.

            Qurd sürüyə dalıb. Onun gözü doymur, yırtıcıdır. Çobansa sürünü bu yırtıcının əlindən xilas etmək istəyir. Axı çoban bu sürüdən nə vaxtsa öz mənfəəti üçün istifadə etməyi planlaşdırır. Yəni çobanı düşündürən sürü deyil, öz maraqlarıdır. Olanlar isə hər iki halda sürüyə olur. Hikmətli söz yadıma düşür: Yumurta daşın üstünə düşsə də, daş yumurtanın üstünə düşsə də, olan yumurtaya olacaq – o sınacaq. Aşağıda qalan kütlə məhz o yumurtadır.

            Bir də dünyamızı xilas edə biləcək eşqdən. Eşq nədir?! “Həqiqi eşq sevdiyinin xoşbəxtliyini istəməkdir”. Bu zaman yenə də üzərimizdən, həyatımızdan xətt çəkirik. Eşq, sevgi bax sənin yoxolmandır, yoxolmaqla, beləliklə, varolmağa (əbədi xoşbəxtliyə) çatmaq mümkünləşir. 

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZÜBEYDƏ HEYDƏRQIZI (RZAYEVA) AYB-NƏ ÜZV QƏBUL OLUNUB.

Zubeyde Rzayeva

Zübeydə Heydərqızı (Rzayeva) AYB-nə üzv qəbul olunub. Şair bu barədə öz sösial şəbəkə hesabında sevinci belə bölüşüb: – “Salam, əziz dostlar! Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olundum. 2019 – cu ildə sənəd vermişdim, lakin pandemiya səbəbindən yubadılsa da, nəhayət ki, vəsiqəm mənə təqdim edildi. Xeyirli – uğurlu olsun!” Mənbə: facebook.com

ZÜBEYDƏ HEYDƏRQIZI

ZÜBEYDƏ RZAYEVA

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ernest HEMİNQUEY – YAĞIŞ ALTINDA PİŞİK

a

İNGİLİS DİLİNDƏN TƏRCÜMƏ
AKİF ABBASOVUN TƏRCÜMƏSİNDƏ
Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində dünyaya gəlmiş, 1961-ci ildə vəfat etmişdi. O, ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə intihar etmiş atası həkim idi.
Görkəmli Amerika yazıçısı Ernest Miller Heminquey Nobel mükafatı laureatı idi.
Əsərləri:
• Yaz selləri (ing. The Torrents of Spring) (1926)
• Günəş çıxır (1926)
• Əlvida, silah! (1929)
• Olmaq ya olmamaq (1937)
• Zəng kimin üçün çalınır? (1940)
• Çayın o tayında, ağacların kölgəsində (1950)
• Qoca və dəniz (1952)

Ernest HEMİNQUEY (AMERIKA)
YAĞIŞ ALTINDA PİŞİK
(HEKAYƏ)
Mehmanxanada iki nəfər amerikalı qalırdı. Onlar otaqlarından çıxarkən və geriyə qayıdarkən pilləkənlərdə rastlaşdıqları adamları tanımırdılar. Otaqları ikinci mərtəbədə dənizlə üzbəüz idi. Buradan ictimai bağ, bir də müharibədə həlak olanların xatirəsini əbədiləşdirən abidə görünürdü.
İctimai bağda hündür palmalar və yaşıl rəngli oturacaqlar vardı. Ürəkaçan havalarda buralarda əli molbertli bir rəssam görünərdi. Rəssamlar palmaların boy atmasını və parlaq rəngli mehmanxanaların bağlarla, dənizlə üzbəüz durmasını xoşlayırdılar.
İtalyanlar uzun məsafəni qət edib buraya ona görə gəlirdilər ki, müharibə abidəsinə baxsınlar. O, bürüncdən düzəldilmişdi və yağış altında par-par yanırdı.
Yenə də yağırdı. Palma ağaclarından damcılar süzülürdü. Çınqıl döşənmiş cığırlarda gölməçələr yaranmışdı. Coşqun dal¬ğa¬lar sahilə çırpılır, sonra geri çəkilir, yenidən sahilə hücum çəkirdilər.
Müharibə abidəsinin qarşısında dayanmış maşınlar artıq getmişdi. Meydanla üzbəüz kafenin qapısı ağzında duran xörəkpaylayan kişi boş meydana baxırdı.
Amerikalı qadın isə pəncərə önündə dayanıb ətrafı seyr edirdi. Bir qədər aralıda – pəncərənin tuşunda, üzərinə yağış damcılayan yaşıl stollarının birinin altında pişik gizlənmişdi. Yağışdan islanacağından qorxub büzülmüş, yumağa dönmüşdü. Amerikalı qadın:
– Düşüb pişik balasını götürəcəyəm, – deyə dilləndi.
Çarpayıda uzanmış əri:
– Mən gedərəm, – deyə təklif etdi.
– Yox, mən özüm. Yazıq pişikciyəz hey çalışır ki, stolun altında quru qalsın.
Əri oxumağına davam etdi. O, çarpayının ayaq tərəfində iki balışa dirsəklənmişdi.
– Gözlə islanmayasan…
Qadın aşağı mərtəbəyə endi. Mehmanxana sahibinin otağı qarşısından keçəndə kişi ayağa qalxdı və qadına baş əydi. Onun yazı masası otağın qurtaracağında qoyulmuşdu. Sahib hündürboylu və qoca kişiydi.
Qadın:
– Piove , – dedi.
Mehmanxana sahibi onun xoşuna gəlmişdi.
– Si, si, Signora, brutto tempo . Çox pis.
Kişi stolun arxasında dayanmışdı. Otaq bir qədər qaranlıq idi. Mehmanxananın sahibi çox nəzakətli və hörmətcil idi.
Müsahibinin giley-güzarına təmkinlə qulaq asırdı. O, son dərəcə nəzakətli idi. Davranış və cəhdlərindən görünürdü ki, qadının xidmətində durmaq istəyir. Bir mehmanxana sahibi kimi özündə məsuliyyət hissi duyurdu. Qadın əlüstü bunu başa düşdü. Onun bütün keyfiyyətləri, üstəlik mərd kişilərə məxsus qırış kəsmiş böyük sifəti, iri əlləri qadına xoş gəldi və onu bəyənərək qapını açdı. Ətrafını nəzərdən keçirdi.
Möhkəm yağırdı. Rezin plaş geymiş bir kişi boş meydanı keçib kafeyə tələsirdi.
Pişik sağ tərəfdə olmalı idi. İslanmamaq üçün divarın dibi ilə gedə bilərdi. Qapı ağzında dayanıb tərəddüd edərkən başı üzərində çətir açıldı. Bu, onların otağına xidmət edən qulluqçu idi. Onun çöhrəsi gülümsər ifadə almışdı. O, italyan dilində:
– Çalışın islanmayasınız, sinyora… – dedi.
Hə, şübhəsiz, qulluqçunu onun ardınca mehmanxana sahibi göndərmişdi.
O, başı üzərində çətir tutmuş qulluqçu ilə birlikdə çınqıl döşənmiş cığırla addımladı. Bu minvalla pəncərələrinin tuşuna kimi getdi. Yağış altında yuyulan parlaq və yaşıl rəngli stol yerində idi. Pişiksə gözə dəymirdi. Qadının əhvalı pozuldu. Qulluqçu ona baxaraq:
– Ha perduto qualque cosa, Signora, – dedi.
– Burada pişik vardı.
– Pişik?
– Si, il gatto…
Qulluqçu gülərək:
– Pişik? – deyə təkrar xəbər aldı. – Yağış altında pişik?
Qadın:
– Bəli, – dedi. – Stolun altında idi. – Sonra isə, – Oh, yarı canım qalıb o pişiyin yanında, – deyə əlavə etdi.
O, ingiliscə danışırdı. Onun bərk narahat olduğunu, təşviş hissi keçirdiyini görən qulluqçunun sifəti haldan-hala düşürdü. O:
– Gedək, sinyora, gedək, – dedi. – İçəri keçək. İslanarsınız.
– Yaxşı.
Amerikalı qız onunla razılaşdı.
Onlar çınqıl döşənmiş cığırla geriyə qayıtdılar. Qulluqçu çətiri yığmaq üçün çöldə dayandı. Amerikalı qız sahibin otağı qarşısından keçəndə qoca stolun arxasından təzim etdi. Qız daxilində nə isə bir boşluq hiss etdi.. Sahib mehribanlığı və nəzakəti ilə məcbur edirdi ki, qadın özünün nə qədər dəyərli və kiməsə lazım olduğunu başa düşsün, həyatda sadəlövh olmasın.
O, pilləkənləri qalxıb qapını açdı. Corc hələ də çarpayıda uzanmışdı… Oxuyurdu. O, kitabı yerə qoyaraq:
– Gətirdin? – deyə xəbər aldı.
– Çıxıb getmişdi.
Corc gözlərinə dinclik verərək:
– Görəsən hara getmiş olar? – deyə xəbər aldı.
Qadın çarpayıda əyləşdi:
– Ürəyim onu yaman istəyir, – dedi. – Heç özüm də bilmirəm niyə. O yazıq pişikciyəzi istəyirəm. Pişikciyəz yağış altında qalıb.
Corc təzədən oxumağa başladı.
Qadın ayağa qalxıb bədənnüma güzgünün qarşısında əyləşdi. Bir xeyli özünə tamaşa etdi. Aynanı götürüb hər iki yandan sifətinə, daha sonra başının və boynunun ardına baxdı:
– Necə fikirdir, istəyirəm saçımı uzadım, – deyə üz-gözünə baxmaqda davam edərək xəbər aldı.
Corc qaşını qaldırıb onun boynunun ardını gördü. Oğlan saçı kimi qısa vurulmuşdu.
– Bu forma mənə daha xoş gəlir.
– Mənsə saçımı belə kəsdirməkdən yorulmuşam! Oğlana oxşamaqdan təngə gəlmişəm!
Corc çarpayıda vəziyyətini dəyişdi. Qadın danışıb qurtarana qədər baxışları onun sifətinə dikili qaldı. Sonra:
– Əzizim, sən ki mələksən! – dedi.
Qadın güzgünü stolun üzərinə qoyub pəncərəyə doğru addımladı və baxdı. Qaranlıq düşürdü.
– İstəyirəm saçlarımı geriyə darayım. Qoy onlar sıx olsun, boynumun ardında əməlli-başlı düyünlənsin. Əlimi vuranda hiss edim ki, mənim də saçım var. İstəyirəm dizim üstə pişik balası otursun və mən onu incidəndə miyoldasın…
– Hə… hə… – Corc çarpayıdan söz atdı.
– İstəyirəm gümüş qab-qacaqda yemək yeyim, çoxlu şamım olsun. İstəyirəm yaz gəlsin, saçımı güzgü qabağında darayım. Pişik balası istəyirəm. Təzə paltarlar istəyirəm!
Corc:
– Bəsdir, az çərənlə! Götür bir şey oxu, – deyə ona acıqlandı. Və oxumağından qalmadı.
Qadın çölə baxırdı. Hava lap qaralmışdı. Palma ağaclarından hələ də su süzülürdü. Qadın küskün əda ilə:
– Axı mən pişik istəyirəm, – dedi. – Pişik istəyirəm, pi…şik… Əgər saçımı uzada bilmirəmsə, onda, heç olmasa, pişiyim olsun.
Corc qulaq asmırdı. Mütaliə edirdi. Qadın həyətə baxırdı. Artıq meydançanın işıqları yandırılmışdı. Kimsə qapını tıqqıldatdı.
Corc:
– Avanti , -dedi və baxışlarını kitabdan ayırdı.
Qulluqçu qız qapı ağzında dayanmış, xallı pişiyi bərk-bərk bağrına basmışdı. Pişik onun bədəninə sığınmışdı. O:
– Bağışlayın, – dedi, – sahib mənə tapşırdı ki, bunu sinyora üçün gətirim…

İngilis dilindən tərcümə edən:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru