Şair arvadı
(poema)
Proloq
Eh, Allah,
adamı onda bədbəxt edir ki,
Kasıb yaradır.
…Kasıbın baxışları da,
Arzuları da qaradır.
Kasıbın salamı
yetim kimi boynubükük,
süfrəsi ürəyi kimi təmiz…
Həyat ağrı-acıları
sancağa keçirər, taxar ona.
Əyni təzə paltar görməz,
Balaları xoş gün.
Hamı yuxarıdan aşağı baxar ona.
Çoxu kasıbı təndir sanar,
Çörək yapmaz.
Kasıb bir gün tapar,
On gün tapmaz.
Onun ömür səhrasında
Quyu qazar toxluq.
Başına qaxınc olar yoxluq.
Aclıq cihada qalxanda
Kasıbın itdən fərqi olmaz;
Nə arvad hörmət qoyar, nə uşaq…
Kasıb heç kimdən hörmət gözləməz.
Bəlkə də bu qəddar həyatdan,
Ömrü boyu küsdüyü Tanrıdan
qurtulmaq üçün
başını kəndirə sürtməsi
ən axmaq çaradır…
Heç olmasa bilər
ömrü yetdi sona…
Bunu da günahdır deyə
çox görürlər ona.
Kasıbla varlı arasında fərqə bax:
Biri pul tapmır,
Biri pulunu qoymağa yer…
İndi gəl, uşaq qarşısında
Kasıb görkəmlə
aclıqdan imtahan ver…
…Eh, Allah,
adamı onda bədbəxt edir ki,
Kasıb yaradır.
Kasıbın uşaq yanında da,
Allah yanında da üzü qaradır…
***
Atı yüyrək olsa, çəpər tanımaz,
Adamın başına çıxar kasıblıq.
Arvadın, uşağın yanında boğar,
Kişini divara sıxar kasıblıq.
Nə qədər qadını dul edər, bitməz,
Birin digərinə qul edər, bitməz.
Qızıl zər-zibanı çul edər, bitməz,
Ömrü dürməc kimi tıxar kasıblıq.
Ömrün çöllərini yala qoyarsan…
Özünü kölgəndən dala qoyarsan…
Haqqın kandarına çala qoyarsan,
Özünü oraya yıxar kasıblıq.
***
Tanrı ənamıdı, ya nədi, bilmir;
Həqiqi şairlər kasıb ölürlər.
Demə vaxt tapmırlar dua etməyə,
Əcəli qələmdən asıb ölürlər.
Şeytan at minəndə söz şahə qalxmır,
Adamın gözünə kaha görünür…
Əzrayıl əl etsə, cır-cındır geymə,
Dərd təzə libasda baha görünür.
…Sanır Həvva deyil yuxusundakı,
Sonra ürkək-ürkək qadına baxır.
Hərdən, mənə elə gəlir, şairlər ölmür,
Şairlər ölümün dadına baxır.
***
Kasıblıq sərt divardı,
Suvağın tökmək olmur.
Nə etsən, bir daşını
Dağıtmaq, sökmək olmur.
Barı kal olar elə,
Qabığın deşməsən də.
Tüstüsü göz çıxardar,
Ocağın eşməsən də.
Mən onu kürəyimə
Çatmışam şələ kimi.
O da mənim qarşımda
Dayanıb tələ kimi.
***
Həyat qəm daddırır, arzular cəfa,
Kasıbın içində daş doğrayırlar…
Bir kötük olasan kasıb olunca,
Üstündə, bilərsən, baş doğrayırlar.
Şairin əzabı Sizif əzabı, –
Əcəl tərs gələndə, qarmağa baxar.
Günaha tutarlar kasıbdı deyə,
Hamı sərt tuşlanan barmağa baxar…
O, belə yaşamaq istəməz əsla,
…Canına dirəyir söz, arvadı da…
Bilməz, qınadığı kimin kimidir…
Onu adam saymaz öz arvadı da.
Evə nifaq salar «can» dediyi də,
İşığa ağ tutar, ayından «kəsər»…
O, pulsuz döndükcə ruhu qocalar,
Arvad yavaş-yavaş payından kəsər.
Şair gün qaraldar, işıq söndürər,
Ruhu ağrı çəkər şamın altında.
Tez-tez göz dikilən torpaq olasan,
Kasıb olmayasan damın altında.
***
O da bir adamdı, kasıbdı fəqət,
Şairdi, neyləsin, – Allah yazığı.
Söz onun ağası, o, sözün qulu,
Həyası lüt qoyub vallah, yazığı.
Dərd onun qoynunda tumurçuq açar,
Dərdin ya daxması, ya damıdı o.
Dünyanın ən varlı adamı ikən,
Dünyanın ən kasıb adamıdı o…
Bəlkə də peşmandı evlənməyinə,
Ürəyin qopardır fikir, yazığın.
Arvad cin donunda nəfəsin kəsir,
Evini uçurdur, tikir yazığın.
Həyat sağa dartır, arzular sola,
Böyük ailənin yükün çəkir o.
Vaxt onun gözündə edam kötüyü,
Hər gecə əcəlin tükün çəkir o…
Kölgəsi böyümür neçə illərdi,
Kədəri boyundan yuxarı çıxır.
Qələmi külüngə çevirib qazır,
O, əppək axtarır, suxarı çıxır…
***
Başının yuxarı qalxan günü yox…
Günahı əyninə geyinir arvad.
Elə ki, əlinə qələm götürür,
Qoca qarı kimi deyinir arvad:
– Yenə də çəkilib otağa, yazır,
Ta bilmir uşaqlar yemək istəyir.
Bəlkə də bununla biz yazıqlara, –
«Acından qırılın…» – demək istəyir.
Onun doğmaları qələm, kağızdı,
Biz çətin düşərik yadına onun.
Nə məni düşünür, nə uşaqları,
Bir gün gedəcəyik badına onun.
Ah, nələr çəkirmiş şair arvadı!
Bir deyən olmadı lüt olur şair.
Kimsə ətəyində namaz qılmaz ki,
Üst-başı qaralmış büt olur şair…
Nəyini bəyəndim mən bu yoxsulun?
Bu bədbəxt söz yeyir, söz udur ancaq.
Üzünə baxırsan, bir çimdik qan yox,
Köhnə ocaq kimi köz udur ancaq.
Atam da, anam da kor imiş sanki,
Nədən görmədilər lütdü bu gədə?!
Saçımı dən sıxır, üzümü qırış,
Ömrümü-günümü ütdü bu gədə.
Eh, bu da özünə adamam deyir,
Bilmir, qayğıları ləpəyə dönüb…
Bir gün çörək tapır, on beş gün tapmır,
Borcu da gün düşməz təpəyə dönüb.
Mənə nə düşmüşdü bu yaşda sevim?
Üzüm yox, fələyin toruna söyüm…
Onu babam saldı içimə qəmtək,
Mən indi babamın goruna söyüm?
…Beləcə, özünü yeyir, qurtarır,
Bircə gün yorulub, bəs etmir qadın.
…Gecdir, inadını tulla bayıra,
Ayrılıq gələndə, səs etmir, qadın.
***
Başı nə çəkirsə, həyadan çəkir,
Həyat, harda tutdu, sınayır onu.
O, zülmün altında yol tapa bilmir,
Qonşu hər görəndə, qınayır onu:
– Təkcə sən deyilsən zülmə can verən,
Dərdin qarşısında özünü bərk tut.
Nə vaxt ki, qələmə sarıldın, demək
Allah səninlədir, sözünü bərk tut.
Ömür bir adadı, adamlar qayıq,
Sən gəl, həyat adlı limana düz get.
Tək-tək adam ölür acından, oğul,
Sən şair adamsan, imana düz get.
– Zaman ayaqqabı içidir sanki,
Günlər neçə küncdə iylənir, xala.
Mən dərdin ipindən dartıram, atım,
O da acığıma piylənir, xala.
– Qiymətli adamsan, nədən bu qədər
Gözünün içinə qəm çökdürmüsən?
Niyə axır vaxtlar fikirlərinə
Həsrət calamısan, nəm çökdürmüsən?
– Məni evdəkilər anlamır, neynim?
Qonşuda zər-ziba, filan görüblər…
Kasıbam, üzümə elə baxırlar,
Sanki künc-bucaqda ilan görüblər.
***
O adam yerinə qoyulmur evdə,
Ona it deyirlər, adını deyir…
Üzünün, gözünün qırışı artır,
Qonşu soruşanda, qadını deyir:
– İnsanlıq nə verir adama, söylə?
Kasıbçın fərqi yox, tox olsun təki.
Mərifət, qanacaq faydasız şeydi,
Adamın dövləti çox olsun təki.
Əlin, ayaqların yarpaqtək əsər,
Qarnın da cibintək boşdusa əgər.
Dərd kasıb adama tez yaxınlaşar,
Ömrün qayğıları coşdusa əgər.
– Nahaq daş atırsan Allaha, nahaq,
Haqqın yox ərinə qara yaxasan.
Əllərin şeytanın tükünə dəyib,
Özün də bilmirsən hara yaxasan.
Allahdan böyükdür insan dediyin?!
Sənin alın yazın budur, əzizim.
Həyat qabıq atmış ilan kimidir,
Hərdən günahını udur, əzizim.
Ərin tənbəl deyil, zəmanə pisdir,
Neyləsin, bu yazıq söz adamıdır.
– Söz qarın doyurmur, sözdən fayda yox…
– Şair də Allahın öz adamıdır.
Görmürsən Nəsimi yaşayır hələ,
Hanı o dünyanın tuz adamları?
– Sən mənim yerimə olsaydın əgər,
Yaxşı tanıyardın buz adamları…
– Eh, doğru deyiblər, ac baxışlarla,
Uşağa öyüdü tərs verər qadın.
Başının örtüyün papaq eləyər,
Yüz şeytan yığıla, dərs verər qadın.
Səndən baş açmıram doğrusu, qızım,
Adam ac olanda danmaz Allahı.
– Uşağın yanında pərt olan ana
Heç vaxt güvənc yeri sanmaz Allahı.
– Az danış, ağzından qan iyi gəlir,
Qorxmursan dağılar evin, a yazıq?!
Şair arvadısan, Tanrı adamı,
Sən şadlan, a yazıq, sevin, a yazıq.
Şair söz quludur, söz fəhləsidir,
Qəm onu divara sıxmamalıdır.
Çörəyi qələmdən çıxanın, məncə
Canı dərd əlində çıxmamalıdır.
***
Doğrudan da kişinin
Kasıb ölməsi dərddi.
Özünü fikirlərdən
Asıb ölməsi dərddi.
Şair də bir cür kasıb,
Bir cür baxt yiyəsidir.
Şair nə şahlar şahı,
Nə də taxt yiyəsidir.
Qələmlə yer şumlayır,
Varağa söz səpir o.
Arzuya qanad verir,
Ürəyə köz səpir o.
Şair bir ruha bənzər,
Dərisi, əti olmur…
Eldə hörməti olur,
Evdə hörməti olmur.
***
Bacası yox dam idim mən,
Pərvanəsiz şam idim mən.
Bütöv idim, tam idim mən,
Aldandım bu iyə, Allah.
Bu dünya bir çöldür dedim,
Arzular da göldür dedim.
Öldür məni, öldür, dedim,
Öldürmürsən niyə, Allah?
Dedilər, qəm səni sevir…
Boyatdı bu həyat, devir!
Ya məni bir quşa çevir,
Ya da ki, çıx yiyə, Allah!
***
Çatıb əllərimin son vida günü,
Çəkil, daşa çırpım başımı, Tanrı.
Mən Sənə daş atdım, dərdi tanıyım,
Dərdə kətil etdin daşımı, Tanrı.
Qələm də yük olur şairə bəzən…
Mən Sənin, dansan da, Özündən düşdüm.
Sən mənə söz verdin, ruzu vermədin,
Arvadın-uşağın gözündən düşdüm.
Yuxuma gəlirlər narahat, gərgin,
Atam da, anam da, özləri boyda.
Mənə həyat boyu sevinc qıymadın,
Sən, ac uşağımın gözləri boyda.
Mən hər gün qınandım, qınanıram da,
Yoxluq, hara qaçsam, tapacaq məni.
Yaş kötük qoyublar edam yerinə,
Cəllad tox vaxtında çapacaq məni…
Düzü, düşünmürdüm şair olacam,
Bir gün də ömrümü yeyəcək bir qız…
Mən öləndən sonra, ağ paltar geyib,
– O, əsl şairdi…, – deyəcək bir qız.
Onun baxışları gözləri kimi
Ölmüş arzulara xərək olacaq.
Saxta bir qadının deyəcəkləri
Eh, onda nəyimə gərək olacaq…
Çatıb əllərimin son vida günü,
Qaytar sapandımı daşımı qoyum.
Sənə də güvənmək çətindi, Tanrı,
Mənə bir yer göstər başımı qoyum.
***
Demə ki, dünya qopmaz,
Şair arvad almasa,
ya da ki, ad almasa.
Eh, şair ad alsın,
Arvad almasın…
***
İblis sandıqların mələk olur, eh,
Həyat da, arada ələk olur, eh…
Görən, nə sirdi ki, fələk olur, eh,
Şair arvadı?!
Əcəl çox adamı nəm yeyər fəqət…
Torpaq, nə verərlər, kəm yeyər fəqət…
Sevdiyi anından qəm yeyər fəqət,
Şair arvadı.
Tale eşq havası çalandan ağlar,
Kimsə köç yolunu salandan ağlar.
Ölərsən, bəlkə də yalandan ağlar
Şair arvadı.
Duman dağılanda çən bədbəxt idi…
Adəm də Həvvaya tən bədbəxt idi…
…Bəlkə də dünyanın ən bədbəxtidi
Şair arvadı.
***
– Eh, onu qınamaq haqqım da yoxdur,
Zülmün ətəyini, baxın, buraxmır…
Mən ölmüş neyləyim, gör nə gündəyəm,
Torpaq da özünə yaxın buraxmır.
Mən «Allah» dedikcə, günahım artır,
Şeytanın ağacı gülləyir elə…
Mən fikir edirəm, o, üsyan edir,
Boyat arzuları külləyir elə.
Nə boşana bilmir, nə susmur, susum,
Çəkin gözlərimi dara, deyir o.
Mən qatil olmaqdan qorxuram, Allah,
Mənim ağ ruhuma qara, deyir o.
Desələr, əzrayıl adam axtarır,
Nəyim var, belimə çatıb gedrəm.
Bilsəm ki, mən ölsəm, rahat olacaq,
Canımı üstünə atıb gedərəm.
***
Mən də söz adamıyam,
Çörəyim sözdən düşür.
Evdə tək özüm deyil,
Ruhum da gözdən düşür.
Arvad qınaqla sancır,
Uşaqlar yala çəkir.
Mən sözü ucaldıram,
Söz məni dala çəkir.
Sanma desən, görünər
dualar gözlə, çətin.
Çətin ev tiksin şair
Qələmlə, sözlə, çətin.
Qəmin astanasında
Qurmuşam daxmamızı.
Söz verib bu günədək
Bir tikə yaxmamızı.
Düşünmək anı keçib,
Mən mən boyda dözüməm.
Bu şeirin qəhrəmanı
Oxucum, mən özüməm.
Epiloq
Şairlər
Allahın ən yaxın adamı.
Ölüm min rəngdədir
Şairlə Allah arasında.
Bir dirsək yol var
Allahdan şairə.
Şairin Allahı düz xətt olar,
Dünyası dairə.
Şair bir qadını sevər,
minindən yazar.
Əsl obrazı
sevdiyi qadındı.
Şair mənim adım, sənin adındı…
Şair üçün Tanrı haqqı əsasdı
Ana haqqı əsasdı.
Bir də,
Səadət, məhəbbət və sairə.
Müəllif: Hikmət MƏLİKZADƏ
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru