
QƏM KARVANI
(Poema)
Mənəm ki, qafiləsalari karivani-qəməm…
Məhəmməd Füzuli
Sevən gözlərimə verib Tanrı su,
Indi dərk edirəm məhəbbətini.
Ey böyük Füzuli – sənət Tanrısı,
Bizdən əsirgəmə səxavətini.
* * *
Özüm də bilmirəm, axı nə sirdir,
İncə kəlamının dadı azalmır.
Bir şair ürəyi neçə əsrdir
Yanır için-için, odu azalmır.
* * *
Baxıb kainata məhəbbət ilə
Həsrət işığında hey köks ötürdün.
Sən ulu eşqinin əzəmətiylə
Məcnunun eşqinə yuxu gətirdin.
* * *
Közərdi qəlbində söz için-için,
Keçib əsrləri, bizi yandırdı.
Hicranın zülməti sevənlər üçün
Qaranlıq dünyanı işıqlandırdı.
* * *
Məndən sevgilimin üzü dönəndə
Sənin dilin ilə danışdırmışam.
Bəzən ürəyimin odu sönəndə,
Şeirinin oduna alışdırmışam.
* * *
Mən sənə biganə qala bilmərəm,
Hər sözün önündə başımı əydim.
Sənin tək sənətkar ola bilmərəm,
Barı sənin kimi sevə biləydim…
* * * * * * * * *
–Yarəb, bir ilahi məhəbbət ilə
Səni dərk etməyə çalışıram mən.
Ürəyim eşq ilə gəlsə də dilə,
Sənin rizan ilə danışıram mən.
* * *
İzn ver qanımda haqq nuru axsın,
Dözərəm, olsa da yarım hikkəli.
Qoy sevgi ruhumu odlara yaxsın,
Sənin dərgahına təmiz, pak gəlim…
* * *
Fələklər alışır hər gün ahımdan,
Sevgi qanadında göylərə uçum.
Əfv et Füzulini, keç günahımdan,
İlahi, sevməkdir mənim də suçum…
* * *
Qəlbimdə közərir gizli bir inam,
Eh, sənsiz bir günü axı neylərəm?!
Yoxdur bu dünyadan ayrı təmənnam,
Yarımdan yarımı tələb eylərəm.
* * *
Aşiq göz yaşını necə saxlayar? –
Dolaram, yadıma, yar, sən düşəndə.
Adətdir, həmişə zar-zar ağlayar
Qəribin yadına vətən düşəndə.
* * *
Bir ürək sinədə batıbsa yasa,
Etdiyin cəfalar məgər azdımı?
Sinəmdə min tənə oxu olmasa,
Ürək tənhalıqdan darıxmazdımı?
* * *
Bəs sənə vəfasız necə deyim mən,
Hicrində çəkdiyim səfa deyilmi?
Məndən ki cəfanı əsirgəmirsən,
Elə bu özü də vəfa deyilmi?!
* * *
Bəxt ulduzu sandım qara gözünü,
Onları üstümdən iraq eyləmə!
Əzizim, amandır, parlaq üzünü
Əğyar məclisinə çıraq eyləmə!
* * *
Sənin qəmzə oxun məni yaralar,
Ancaq ki, ölmərəm, yönüm bəridir.
Bağrımın başında olan yaralar
Cününluq dağının qönçələridir.
* * *
Bəzən kövrəlirəm, ürək daş deyil,
İndi varlığıma hopan alovdur.
Gözümdən tökülən qanlı yaş deyil,
Sevən ürəyimdən qopan alovdur.
* * *
El-aləm danışır mənim sözümü,
Indi ağıl qoyur hər yetən mənə.
Eh, eşqə salmışam özüm-özümü,
Heç düşmən etməzdi etdim mən mənə.
* * *
O qara gözlərin önündə dur ki,
Ürəyin sirrini aça, söyləyə.
Hamı vüsal istər, aşiq odur ki,
Hicran bəlasını tələb eyləyə.
* * *
Peyman bağlamışdıq ikilikdə biz,
O məndən cəfanı kəm eyləyərmi?
Qafil, nə çaşmısan, axı səbəbsiz
Göz yaşı yanağı nəm eyləyərmi?!
* * *
Dünyanın işığı gözümün deyil,
Görmürsən nə qədər onlar itidir?
Məndəki nəfəs də özümün deyil,
Bir gözəl pərinin əmanətidir.
* * *
Səbrə nöqtə qoydu qara xalıyla,
Dərmanım tapılmaz, elə xəstəyəm.
Sağaltdı hamını öz vüsalıyla,
Hicran bəlasıyla hələ xəstəyəm…
* * *
Qırılmış bir çiçək çətin ki, bitə,
Onu öz əlimlə dərdim, ay təbib!
Özünü nahaqdan salma zəhmətə,
Sən bilən dərd deyil dərdim, ay təbib!
* * *
Mənimçün pərişan olduğun yetər,
Həkim, xoşdur mənə yar yolunda qəm.
Aşiqin dərdinə dərman etsələr,
Onun xəstəliyi artar dəmbədəm.
* * *
Yanıqlı naləmə qulaq tut mənim,
Dərdimi deməyə eh mən acizəm.
Seyr et göz yaşımı, ey bulud, mənim,
Elə düşünmə ki, səndən acizəm.
* * *
Yar bizi yad edib, nə danış, nə din,
O gələn yolları öpüm sevinclə.
Odlu göz yaşımı mən öz sərvimin
Ayağı altına səpim sevinclə.
* * *
Ahımdan fələklər titrəyir zağ-zağ,
Çətin ki, bu yoldan dönə, – deyirlər.
Çoxdur eşq oduna tutulan, ancaq
Leyli sənə, Məcnun mənə deyirlər.
* * *
Dərdim yüz dərmandan artıqdır, təbib,
Cünunluq yolundan məni əyləmə.
Yar vuran yaraya dərman eyləyib,
Məni şirin zövqdən məhrum eyləmə.
* * *
Incə əllərində gül tək solaydım,
Bu xəzan mənimçün bahar, yaz olar.
Min canım olaydı, qurban olaydım
Sənə miniylə də, bir can az olar.
* * *
Gəl hər şəffaf suyu bulaq bilmə sən,
Axan gözlərimin qaynar yaşıdır.
Nahaq gizləyirsən üzünü məndən,
Gözlər gözəlliyin məhək daşıdır.
* * *
Acı sözlərin də mənə bal dadır,
Odur dərdlərimin dəvası, gözəl.
Sənin o pərişan saçlarındadır
Könlümün quşunun yuvası, gözəl.
* * *
Yaxır ürəyimi həsrət, intizar,
Vüsalın gözümdən süzülür dən-dən.
Yəqin ki, yaqut tək qiymətim artar
Bağrımın qanına boyandıqca mən.
* * *
Məni əridibdir hicran ələmi,
Nahaqdan danlama, gülüm, özünü.
Ahımın tüstüsü tutar aləmi,
Bircə yol görməsəm parlaq üzünü.
* * *
Gözündən könlümə işıq axanda,
Dilim topuq çalır, dəyişir halım.
Bağrım parçalanır sən hər baxanda,
Gündə bir ciyəri de, hardan alım?!
* * *
Gözlərim səninçün qanlı yaş tökər,
Mənə rəhmi gələr dilsiz daşın da.
Məcnunda olsaydı fəğanım əgər,
Yuva qurardımı quşlar başında?!
* * *
Mən sevda yolunda təkcəyəm, təkcə,
Mənimçün qəm deyil yardan gələn qəm.
Gözəllər cəfanı çox eylədikcə,
Eşqin də ləzzəti artır dəmbədəm.
* * *
Səba bu dərdimi yayıb aləmə,
Deyib ki, verirəm eşq yolunda can.
Eşq rüsvalığı ayıbdır demə,
Ay zahid, rüsvayi-aləm olarsan!
* * *
Eşqsiz o səda olmazdı neydə,
Gör necə yandırır? – Bir dəm tut qulaq!
Ahımdan ulduzlar alışar göydə,
Muradımın şəmi alışmaz ancaq.
* * *
Vurğunu olduğum o nazikbədən
Məni öz ardınca dartır günbəgün.
Bidərd tədbirini eşitdiyimdən
Ürəkdə dərdim də artır günbəgün.
* * *
Naləmlə hamını oyadıram mən,
Heç kəs möhkəm yatmır sən yatan kimi.
Hər an vüsalına can atıram mən,
Qərib vətəninə can atan kimi.
* * *
O ətirli saçlar dağılıb yenə,
Mişki-Çin də verməz onun buyini.
Ağlım söz kəsəndən vətəndir mənə,
Necə tərk eyləyim yarın kuyini?
* * *
Qəlbimə vurduğun yara göynədər,
Ona öz əlimlə mən duz səpmişəm.
Hicrində göydəki ulduzlar qədər
Gözümdən torpağa ulduz səpmişəm.
* * *
Sözümü üzbəüz deyərdim sənə,
Yadıma yenə də o günlər düşüb.
Sənin tellərini açdıqca şanə,
Mənim can telimə düyünlər düşüb.
* * *
Vəfasız dövrandır verir əziyyət,
Cünunlarda görmə günahı, səhra!
Sən suya həsrətsən, mən yara həsrət,
Sən ey sevənlərin pənahı səhra!
* * *
Sözümü pas tutmaz, ötsə də min il,
Ilahi, nə qədər odlanım, yanım?
Məndə can qoymayıb bu şeyda könül,
Verim bir gözələ, qurtarsın canım!
* * *
Axır ki, sözümə baxmadı fələk,
Vuruldu bir təzə güli-rənayə.
Məni iynə kimi incəldib fələk,
Saldı iplik kimi uzun sevdayə…
* * *
Ahımla, naləmlə könül dağladım,
Dərdlər pərvanə tək doldu qoynuma.
Bir sənəm zülfünə könül bağladım,
Cünunluq zənciri keçdi boynuma.
* * *
Hicranı ömrümü etsə də yarı,
Kimsəyə uymadım, – sədaqəti gör!
Qiyamət günündə görməsəm yarı,
Saqi, sən özün gəl qiyaməti gör!
* * *
Meh əsdi, titrədi könlümün simi,
Meyvəsiz budağa bar gəldi bəlkə?
Sübhə saxlayıbdır hicran qətlimi,
Səhər açılınca yar gəldi bəlkə?!
* * *
Xəyala dalmışam, nədir əlacım? –
Tamarzı qalmışam vüsal dadına.
Qəlbimin dərdini de, kimə açım? –
Mən tək yanan varmı hicran oduna?!
* * *
Qəlbim istəyir ki, nur salıb ay tək
Sənin keşiyində gecə dayansın.
Sərv qamətini görübsə külək,
Gülüstan içində necə dayansın?!
* * *
O necə sevgidi yandırıb-yaxmaz?!-
Sevənlər imanı, dini neyləyər?!
Qaşlarını görən hilalə baxmaz,
Ay üzünü görən günü neyləyər?!
* * *
Qolları qandallı bir çıraq susur,
Gözəlim, baxmırmı sözünə zülfün?!
Üzümə açıqkən sevda qapısı,
Niyə qıfıl vurub üzünə zülfün?!
* * *
Boynuma salsa da, hicran qolunu,
Bənzətmə bir quru xəyala məni.
Tərk edə bilmərəm sevda yolunu,
Bu yol yetiribdir kamala məni.
* * *
Alovlar püskürən qəlbimin başı
Buxar etməsəydi gözümdə nəmi, –
Göz açıb yümunca, gözümün yaşı
Bir anda tutardı bütün aləmi.
* * *
Dərdimi duyana dərd oldu dünya,
Eşqimə bir nəfər gülən qalmadı.
Gözümün yaşında qərq oldu dünya,
Gözümün yaşını silən qalmadı.
* * *
Sən gəldin ömrümə ilk bahar kimi,
Sərdim ürəyimi yaz yağışına.
Qaşlarım yelkənsiz qayıqlar kimi
Az qalır qərq ola gözüm yaşına.
* * *
Şehmidir bərq vurur gül yanağında? –
Sevincdən kövrələr, bəbəyin dolar.
Tökmə göz yaşını vüsal çağında,
Hicran günlərində gərəyin olar.
* * *
Danışa bilmirəm, od tutub dilim,
Göz yaşım sevdalı dənizdir mənə.
Onu bəxş eləyib mənə sevgilim,
Dərdim ürəyimdən əzizdir mənə.
* * *
Qəlbimi isidən söz nuru olur,
Ürək arzulayır bar dodağından.
Qasid gətirdiyi söz quru olur,
Qoy onlar süzülsün yar dodağından.
* * *
Yarpağa dönübdür titrəyən əlim,
Eşqin havasıyla gör əsir necə?
Yar deyib yanına səhərlər gəlim,
Bilmirmi mənimçün yox gündüz, gecə?!
* * *
Zülfünü yığ yana, üzünü görüm,
Isitsin qəlbimi bir qaynar nəfəs.
Yarımın yanında olsaydı yerim,
Kafərəm, cənnətə eyləsəm həvəs.
* * *
Eşqimlə həyatım qərq olub zərə,
Bura hər sevənin güzarı düşməz.
Pəncərən önündə durduğum yerə
Min il cənnət quşu uçsa, yetişməz.
* * *
Yanımdan bir xəfif külək keçibdir,
Ürəyim – titrəyən payız nanəsi.
Gözlərin könlümü vətən seçibdir,
Şükür ki, nurlanıb qəm viranəsi.
* * *
Nasehin dediyi sözə uymayın,
Sevənlər qoy mənim sirdaşım olsun.
Məzarım üstünə heç nə qoymayın,
Yarımın kölgəsi baş daşım olsun.
* * *
Məni laləüzlüm öldürdü, dağlar!
Çətin ki, mələklər dadıma yetə!
Ey bulud, sən mənim üstümdə ağla,
Bəlkə kəfənimdə lalələr bitə!
* * *
Vuruldum, hörmətim aşağı düşdü,
Qismət özgələrin, ad mənim oldu.
Üzümə həsrətin işığı düşdü,
Hər gözəl canıma bir qənim oldu.
* * *
Gözündə şeh gülən körpə bənövşə,
Təşnə olduğumu hardan bilirsən?
Göylərdə mələklər, yerlərdə bəşər
Ağlayır halıma, – sənsə gülürsən.
* * *
Rəhmdil görmədim gözəl qızları,
Gül xarsız, gözəllər cəfasız deyil.
Ay ürək, incimə, vəfasızların
Yaxşı ki, həsrəti vəfasız deyil.
* * *
Ah çəkdin, ürəyim yarpağa döndü,
Demə bu xəzəlin yiyəsi yoxmuş.
Kölgənin xətrinə torpağa döndüm,
Büllur qamətinin kölgəsi yoxmuş…
* * *
Zənginə dönmüşəm səni sevəndən,
Dövlətim göz yaşı, varım göz yaşı.
Yolunun üstündə ucalmışam mən,
Bir eşq ağacıyam, barım – göz yaşı.
* * *
Sənin təbəssümün nur oldu qanda,
Qəlbimə yenilməz qüdrət gətirdi.
Qiyməti yox imiş eşqin cahanda,
Göz yaşım ona da şöhrət gətirdi…
* * *
Sevgilin yoldadır, daha nə dərdin?!
Ağlama, taleyin üzünə gülsə.
Vüsal müjdəsinə canını verdin,
Bəs nə verəcəksən yar özü gəlsə?!
* * *
Yadıma dağların maralı düşdü,
O, mənim ömrümün sultanı oldu.
Güzarım yarımdan aralı düşdü,
Məzarım ayrılıq zindanı oldu.
* * *
Meyvə arzuladı divanə ürək,
Təbəssümün kimi nübar görmədim.
Dolandım bağları axar sular tək,
Sərv qamətin tək çinar görmədim.
* * *
Ayağın incisə, sinəm üstə gəz,
Tapdala bir xəzan yarpağı kimi.
Mənə elə gəlir, pak ola bilməz
Cənnət ayağının torpağı kimi.
* * *
Ürəyim tab etməz həyəcanına,
Qıymaram kədərdən yarım mat ola.
Tez-tez getmirəm ki, onun yanına,
Qorxuram itləri narahat ola.
* * *
Cananın əliylə can alınıbdır,
Deşib ürəyimi müjgan şeşpəri.
Kirpiyi oxuyla fəth olunubdur
Eşqin səltənəti, eşqin kişvəri.
* * *
Qəlbimi çəkibdir dara gözlərin,
Bərq vurub məhəbbət kəhkəşanında.
Göz qırpıb, bu üzü qara gözlərim,
Məni xəcil edib sənin yanında.
* * *
Qəlbimi dünyada kədər yaşatdı,
Mələklər eşqinə göz yaşı tökdüm.
Gözəllər o qədər mənə daş atdı,
Yığıb özüm üçün qəmxanə tikdim.
* * *
Sevən ürəyimdə şimşəklər çaxıb,
Adını çağırsam, dilim alışar.
Sönmüş ocağımın yerinə baxıb,
Nəsihət eləmə, külüm alışar!
* * *
Nasehin sözünü yaxşı bilirəm,
Aləmi üstümə güldürür mənim.
Əgər mey içməsəm, dərddən ölürəm,
Içəndə nəsihət öldürür məni.
* * *
Qısqanclıq odunda alışdı ürək,
Gördüm göz izi var solğun üzündə.
Dadıma çatmasa badə qayıq tək,
Çoxdan qərq olmuşdum qəm dənizində.
* * *
Sevgili yardamı çevrilib yada?!
Kim açar qapımı küləkdən özgə?!
Əlimdən iş gəlməz qoca dünyada
Nazlı sənəmləri sevməkdən özgə…
* * *
Əgər duya bilsən, gün tək sadəyəm,
Nəsihət eləmə hər səhər mənə.
Özünü öldürmə, tiryəkzadəyəm,
Təsir edə bilmir hər zəhər mənə.
* * *
Çiçək aramışam gəzib gülşəndə,
Sevgini başıma bir tac almışam.
Hər gözəl xalına gözüm düşəndə,
Elə bil dünyadan xərac almışam…
* * *
Eşq Qaf dağının əyib belini,
Vədəsiz qocalıq haqlayıb bizi.
Şükür, tuta bildik canan əlini,
Məhəbbət şövqlü saxlayıb bizi.
* * *
Bəsdir, sərv kimi ucaldın göyə,
Əyil, başın dəyər, doğrudur sözüm.
Dünya qapısından çıxırıq deyə,
Fələk qəddimizi əyibdir bizim…
* * * * * * * * *
Dözümün rəqibi qorxuya salıb,
Əzmin ürəyinə bir düyün çəkib.
Gözlərin gül üzü görüb zövq alıb,
Cövrünü yaralı ürəyin çəkib.
* * *
Nəfəsin çiçəkli bahar kimidir,
Dünya gülşəninə həsrətlə baxır.
Sənin hər bir misran damar kimidir,
Ürəyinin qanı onlarda axır…
* * *
Sözünün mənası necə dərindir,
Ruhundur onlara dərinlik verən.
Deyirəm, bəlkə də şeirlərindir
Bağdad xurmasına şirinlik verən…
* * *
Xəzan ömrümüzdə ilk bahar oldun,
Nasehin sözünü dinləmərik biz.
Qəm çəkmək işində bizə yar oldun,
Nə qədər dərd olsa, inləmərik biz.
* * *
Babam, yetməsən də nazlı yara sən,
Sevən ürəklərə nur ələmisən.
Qoşun çəkməsən də bir diyara sən,
Dünyanı sözünlə fəth eləmisən…
* * *
Sağ ol, bəxtiyaram şeirin, sözünlə,
Hər misran qəlbimi nura bələdi.
Tale gözəlləri sənin gözünlə
Görməyi mənə də qismət elədi…
1972 – 1994
Müəllif: Rafiq YUSİFOĞLU
İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru