Bu gün bir qrup yazar 9 sentyab Şuşada keçiriləcək XURŞİDBANU NATƏVAN 190 yubiley tədbirlərində iştirak etmək üçün Şuşa şəhərinə yola düşüb. Yubiley tədbirləri ilə bağlı əlavə məlumatlar veriləcək.
Yaşar Saday oğlu İbadov 1960-cı ildə Ağdam şəhəri, Şelli Qaradağlı kəndində anadan olmuş, orta təhsilini həmin kəndin orta məktəbində aldıqdan sonra ATU-nun pediatriya fakultəsində ali təhsil almışdır.
1985-87-ci illərdə təyinatla Əsgəran rayonunun Naxiçevanik kəndində, təyinat müddəti başa çatdıqdan sonra Bərdə rayonunda, 1995-ci ilə qədər isə Ağdam rayonunun Keştazlı və İsmayılbəyli kəndlərində baş həkim işləmişdir.
Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq 1996-2001-ci illərdə Bakı şəhərində məskunlaşdıqdan sonra “Maarif” sanatoriyasının baş həkimi işləmişdir. O, həm də daimi olaraq elmi axtarışlarda olmuş və dövri mətbuatda mütamədi elmi məqalələrlə çıxış etmişdir. Tibbdə müalicəsi çətin olan və ümumiyyətlə müalicəsi olmayan xəstəliklərin etiopatogenetik səbəblərini araşdırmış, bir çox yenilikləri aşkar etmişdir. Xalq təbabətindən irəli gələn sirli məqamların elmi izahını vermiş və yeni-yeni müalicə üsulları tapmışdır. Xəstələrin müayinəsi və müalicəsində qrafik təsvirlərin mahiyyətini analiz edərək, çox maraqlı və əhəmiyyətli bir yeniliyə qol çəkmişdir. İbadov canlı və cansız aləmin enerjisini qrafik təsvir formasında əks edərək, həmin təsvirlərin informasiya yazısını simvolların dili ilə oxumağın yolunu tapmışdır. Əldə etdiyi nailiyyətləri tam yeni bir elm şəklində tərtib etmiş və müzakirə üçün dünya alimlərinin müzakirəsinə vermişdir.
Beynəlxalq səviyyədə Dünya təbabətinə elmi yeniliklər gətirmiş azərbaycanlı alim akademik Yaşar Saday oğlu İbadov “Alternativ psixologiya” elminə 3 mart 2003-cü ildə Moskva şəhərində müəlliflik şəhadətnaməsi (№6274) almışdır.
Sonra Bakıda elmi prezentasiya keçirmiş və Azərbaycan Elmi İctimaiyyəti tərəfindən onun elmi yekdilliklə qəbul edilmişdir. İbadovun elminin ilk tətbiqi də Azərbaycan Təhsil İnstitutunda həyata keçirilmişdir. Belə ki, həmin institutda nizamnamə əsasında həkimin bu günə qədər fəaliyyət göstərdiyi “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyası yaradılmışdır. Həkim 20 ildən artıqdır ki, həmin laboratoriyanın müdiri vəzifəsində çalışır və xalqımıza xidmət edir öz elminin metodları vasitəsilə. Metodların tətbiqi bioenergetik matrisanı tədqiq etməkdə və enerqoinformasion gigiyena elmində yeni yollar açır, sağlamlıq proqramının enerqo informasion səviyyədə bərpa olunmasını mümkün edir.
“Alternativ psixologiya” şifahi xalq yaradıcılığından bu günə qədər təkamül yolu keçmiş müasir elmlərin çərçivəsində inteqrasiya xəttində formalaşmış yeni bir elmdir. Şüurun məhsulu kimi formalaşmış bu elm insana müasir elmlərin alternativ prizmasından baxışda ən şüurlu seçimə əsas verir, cəmiyyətdə layiqli yer tutmaqda və yaranmış problemlərin həllində ona kömək edir.
Bu elmin metodları: psixoqrafiya, psixokorreksiya, mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji testlər, faza portret – sistem ilə iş və s. ibarətdir.
Alternativ psixologiya elmi Səhiyyədə, Ümumi psixologiyada, Fəlsəfədə, Pedaqogikada, İncəsənətdə, Dilçilikdə, Etnoqrafiyada, Folklor və Mədəniyyət tariximizin öyrənilməsində və s. elm sahələrində öz tətbiqini tapmışdır.
Professor Y.S.İbadovun tibb sahəsində olan elmi yenilikləri yüksək qiymətləndirilmiş və Avroasiya ölkələri üzrə “Enerqoinformasion diaqnostika və müalicə üsulu” adında 29 dekabr 2005-ci il tarixli patent almışdır №006449 (protokol № a 20040215, 21.10.2004-ci il). Professor Yaşar İbadov müəllifi olduğu “Alternativ psixologiya” elminin metodologiyasi əsasında etdiyi elmi ixtiraları və nanotexnologiya ilə hazırlanmış olan harmanizatorları Avropa keyfiyyət nişanına və lisenziyasına layiq görülmüşdür. O, nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti xətti olan, nəzəri və praktik elmi nailiyyətləri Azərbaycanda və onun hüdudlarından kənarda uğurla təqdim olunan alimdir.
Azərbaycan Təhsil İnstitutunun “Psixogigiyena və tibbi-psixoloji diaqnostika laboratoriyası”nın direktoru Yaşar Saday oğlu İbadov dünyanın aparıcı ölkələrindən olan ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Avropa ölkələrinin akademiyalarının fəxri üzvü, Ukrayna və Gürcüstanın Milli Elmlər Akademiyalarının həqiqi üzvü, bu günlərdə Özbəkstanın Beynəlxalq Sistemologiya Akademiyasının həqiqi üzvü seçilmişdir.
O, dünya tarixində ilk dəfə “Faza Portret” adlanan rəsmlərin yaradılmasına elmi istiqamətdə əsaslanan yeni bir yol açmışdır. Ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan tarixi şəxsiyyətlərin Dədə Qorqud, Nəsrəddin Tusu, Odinin, o cümlədən Nuh peyğəmbərin Faza Portretlərinin müəlifidir.
Rəssamlıq tarixində yeni janrda çəkdiyi rəsmləri “Qəlbin Gözü ilə” adlı sərgidə ictimaiyyətə geniş şəkildə nümayiş etdirdikdən sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.
Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti-xəttinin və elmi nailiyyətlərinin əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsi istiqamətində Azərbaycan elminə verdiyi elmi töhfələrinə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüşdür.
O, Dədə Qorqudun şəxsiyyəti və tarixi haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatları açıqlamış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktını müəllifi olduğu “ Faza Portret-sistem iş” metoduyla sübut etmişdir.
Dədə qorqudun İslama qədərki obrazı
Dədə Qorqudun İslamı qəbul edəndən sonrakı obrazı
Dədə Qorqudun Avesta təqvimi ilə “Ağ yapalaq” ilində doğulmasını
göstərən Faza portret
Bu faktlar respublikanın tanınmış qorqudşünas alimləri və elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış və bu barədə rəsmi şəkildə rəylər verilmişdir.
Professor İbadov Avropa Tibb Birliyinin (Belçika) həqiqi üzvü, beynəlxalq tibbi konqres və konfranslarının iştirakçısıdır. Yaşar İbadovun tibb və psixologiya sahəsindəki xidmətləri beynəlxalq aləmdə tanınmışdır. Avropa tibb assosiyasının 2021-ci ildə dərc etdirdiyi Sokrat Almanax ensiklopedik kitabında Yaşar İbadovun yeni elmi metodologiyası tibb və sağlamlıq yolunda ən yaxşı təcrübə kimi təbliğ edilir və ona aid məqaləyə “Elm Cəngavəri” adı verilmişdir.
Hər bir Vətəndaşımızın milli və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürur vericidir. Akademik Yaşar İbadov İnsanlığın xilasına öz elminin gücü ilə töhfələr verir. Onun həm nəzəri, həm də praktik nəticələri, müəllifi olduğu “Alternativ psixologiya” elminin metodologiyası əsasında İnnovativ İxtiraları (saat əqrəbinin əks istiqamətində hərəkət edən saatları, korreksiya edici eynəklər, “Həyat açarı”, “Həyat güzgüsü” və s. harmonizatorları) vardır. Onun elmi yenilikləri hər bir fərdin, ətraf aləmin, həmcinin təbiətdə harmoniyanın bərpasına xidmət edir!
Xoşbəxtliyini İnsanların sağlamlığna xidmətdə görən Yaşar həkim üçün dünyada ən böyük dəyər insanlıqdır! Öz elmi və xidmətləri ilə Dünyada Vətənimizi təmsil edən akademik Yaşar Saday oğlu İbadovun uğurları qururvericidir!
Beynəlxalq ” Dədə Qorqud “Konqresində yeni elmi məlumat təqdim edildi.
Türkiyyənin İzmir şəhərində 2-3 sentyabrda keçirilən V Beynəlxalq Dədə Qorqud Konqresində “ Alternativ Psixologiya “ elminin müəllifi, Tibbi biologiya Elmlər Doktoru, Professor Yaşar Saday oğlu İbadovun “Dədə Qorqud tarixi şəxsiyyətdir” mövzusunda təqdim etdiyi elmi yenilik maraqla qarşılanmışdır.
Yaşar Saday oğlu İbadov müəllifi olduğu “Alternativ Psixologiya“ elminin metodologiyasına aid olan Faza – Portret sistem metodu ilə Dədə Qorqudun 3 sayda Faza Portretinı yaratmış, orijinal dəsti-xətti və elmi nailiyyətləri əsasında onun doğum və ölüm tarixi haqqında informasiyanı dəqiqləşdirmişdir. Həmin faza portretlər əsasında Dədə Qorqudun şəxsiyyət və avtobioqrafiyası haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatları açıqlamış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı bu metodla bir daha təsdiqlənmişdir. Azərbaycan elminə verdiyi elmi töhfələrə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüşdür.
Şübhəsiz Dədə Qorqud haqqında üç mücərrəd şəkil yazısının alınması türk xalqlarının, eləcə də Azərbaycan xalqının tarixi yaddaşında ilk hadisə olmaqla bərabər həm də psixoloji qanunauyğunluqlardan doğan bir zərurətdir. Tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadovun elmi nailiyyətləri şəkksizdir və böyükdür. Dədə Qorqudun doğum və ölüm tarixini (560-819-cu illər) müəyyənləşdirməsi, əldə olunan Dədə Qorqud obrazı əsl yeni tarixi nailiyyətdir. Ən maraqlı faktlardan biri də odur ki, İbadov XIII-XIV əsr tarixçisi Rəşidəddinin yazdığı “Cəmaət Təvarix” əsərində Dədə Qorqudun 295 il ömür sürməsi haqqındakı məlumatı dəqiqləşdirmiş, Dədə Qorqudun yaşının 259 olduğunu “polindrom ədədlərin güzgü əksliyi qanunu” ilə sübut etmişdir.
O, konqresdə maraqlı və aktiv çıxışı ilə bərabər, yeni nəşr etdirdiyi:
DƏDƏ QORQUD “Alternattiv Psixologiya” elminin gözü ilə və
Dədə Qorquddan soraq verən FAZA PORTRETLƏR
adlı kitablarının uğurla təqdimatını keçirmişdir.
Azərbaycanlı alimin fitri istedadının məhsulu kimi əldə edilən elmi naliyyətlər yeni tədqiqatlara yol açır. Dədə Qorqud işığına toplanmış elm adamlarının əməkdaşlığının uğurları zamanın diqtəsidir.
Eranın Elmi Insanlığa Xidmət edir! Fəxr duyuruq istedadlı alimimizlə!
Hörmətli Rafiq müəllim, mənim qələm əhlinə çox böyük hörmətim var. Səbəbi isə şair və yazıçıların insan hisslərini, insanların həyatında baş verən sevincli və kədərli anları, ümumiyyətlə, xalqın həyatında baş verən sevincli və kədərli anları qələmə alıb bədii dildə oxuculara çatdırmalarıdır. Həmişə şairlərlə görüşüb onların sözlərini eşitmək mənim üçün çox maaraqlı olub. Şair dünyası sirli olduğu qədər də saf bir dünyadır. Sizi görəndən sonra fikrimin doğruluğu isbat olundu. Mən 80 dəqiqə ərzində Sizi müəllimdən daha çox şair kimi dinləyirəm.
Rafiq müəllim, Sizin gənc nəsli nəzərə alıb yazdığınız və öz kövrək hisslərinizi oxucularla bölüşdürdüyünüz “Qəm karvanı” kitabı Sizi sevən oxucular tərəfindən olduqca maraqla qarşılandı. Mənim bir şair kimi Sizinlə ilk tanışlığım bu kitabdan başlandı. Çox arzu edirəm ki, Sizin həm siyasi, həm uşaq həyatından bəhs edən kitablarınızın da daimi oxucusu olmaq imkanına malik olum.
“Qəm karvanı” kitabına ön söz yazan Ağəddin Mansurzadənin dediklərindən belə çıxır ki, Siz etiraf edib deyirsiniz ki, hər şeyə görə dənizə minnətdarsınsz.
Əslində Sizin bir şair kimi yetişməniz dənizlə tanış olmazdan əvvəllərə təsadüf edir. Xəzər isə sadəcə olaraq Sizin şair qəlbinizi kökdən düşməyə qoymamışdır. Yəni demək istəyim budur ki, itirdiklərinizi dənizdə axtarıb tapmısınız. Sizi şair edən fitri istedadınız və bir də doğulub boya-başa çatdığınız o gözəl yurdun şəffaf bulaqları, göz oxşayan mənzərələri, daim gözünüzün qabağından axan Bərgüşad çayı olmuşdur. Bütün bunları, eləcə də yurd həsrətini cismən də olsa unutduran, Sizə sirdaş olan Xəzəri ona görə çox sevirsiniz ki, itirdiklərinizi məhz onun dalğalarında, göz oxşayan gözəlliyində tapa bilirsiniz.
Sizin yaradıcılığınızın kökü saf olmuşdur. Onun üçün də şeirlərinizdə saflıq, ülvilik, səmimilik çox tez hiss olunur.
Kitabdakı şeirlər kövrək, ülvi bir məhəbbət üzərində köklənmişdir. Mənə elə gəlir ki, bu şeirlər şair qəlbinə bir pəncərədir. Kitabda toplanmış şeirlər əvvəldən axıradək bir sim üstə köklənmiş, bir ünvana yönəlmişdir. Şeirlərdə həzin, incə bir kədər axıradək bizə yoldaşlıq edir. Bu misralarda olduğu kimi:
Bilmirəm nə üçün belə elədim,
Ömrümü bir şirin qəmə bələdim.
Bir lələk dilədim durna köçündən,
Qərib olduğunu ürək unutdu.
İgidlər içində, ərlər içində
Mənim qız ürəyim gör kimi tutdu?!
Nə qədər istəsən, belə ürəyəyatımlı misralardan nümunə gətirmək olar. Ancaq mən kitabdakı şeirləri bir-birindən fərqləndirməkdə çətinlik çəkirəm. Bunlar bənzərsiz məhəbbət inciləridir. Bu şeirlər saf, ülvi, təmiz, zərif hisslərin məhsulu olduğu üçün bir növ qəlbə təsəllidir. Nə yaxşı ki, məhəbbət dediyimiz sirli varlığı layiqıncə qiymətləndirən söz sərrafları var, Siz varsınız.
Şeirləri oxuyarkən göz önündə maraqlı səhnələr canlanır. Bu isə ondan irəli gəlir ki, şeirlər olduqca obrazlı şəkildə qələmə alınmışdır.
Bəlkə də bu yazdıqlarımla Sizə heç nə deyə bilməmişəm, bəlkə də əksinə. Tək bircə cümlə ilə fikrimi tamamlamaq istəyirəm: “Qəm karvanı” İlahidən gələn həsrətli bir sevginin məhsuludur. Çox sağ olun, çox sağ olun ki, bu gözəl kitabı yazıb bizə hədiyyə etmisiniz.
İlkin mənbə:“Vaxt” qəzeti, 30 mart – 5 aprel 1998-ci il.
Bu gün çox unikal bir insanın (əsl ziyalı, fədakar müəllim, döyüş yolu keçmiş zabit, özünə məxsus tətzi, üslubu olan yazar) – Emin Pirinin doğum günüdür! Şad günü münasibətilə onu təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Emin PİRİ!
Beləliklə, „Səmimi söhbət“in bugünkü qonağı türkoloq, ədəbiyyatşünas, şair, jurnalist, tərcüməçi filologiya elmləri doktoru, professor, BDUnun türkologiya kafedrasının müdiri Ramiz Əskərdir.
SUAL: Ramiz müəllim, izləyicilərin sizi yaxından tanıması üçün istərdim elə orta məktəb dövründən bir sual verim sizə. Orta məktəbdə necə oxuyurdunuz?
CAVAB:Parlaq. Orta məktəbi qızıl medalla bitirdim. Bilmədiyim şey yox idi. Standart ədəbi dildə danışırdım, çoxlu termin işlədirdim. 16 yaşına qədər nə oxumuşdumsa hamısı yadımdadır. O cümlədən orta məktəb proqramındakı yaxşı-pis, məzmunlu-məzmunsuz, bütün şeirləri indi də əzbər bilirəm. Kəndimizin və məktəbimizin kitabxanalarındakı bütün kitabları oxumuşdum.
SUAL: İntellektual səviyyəniz, yəni İQ (ay künüz) nə idi?
CAVAB: O vaxt yüzdən yuxarı idi. İndi olsa-olsa onun yarısı olar. O vaxt beynim daha mütəhərrik və çevik idi. İndi informasiyam daha çoxdur, ancaq fikir sürəti və axını, analiz qabiliyyətim daha aşağıdır.
SUAL: O vaxtkı arzularınız nə idi?
CAVAB: Şair kimi məşhur olmaq, 25-26 yaşlarında kitab buraxmaq, İstanbulu, Təbrizi və Səmərqəndi görmək. Təbii ki, gəlib Bakını fəth etmək. Heç biri baş tutmadı. Mən Təbrizi hələ də görməmişəm. O vaxtlar “Cənab 420” filminə baxırdım və gözlərim dolurdu. Bir dəfə uşaqlarımı məcbur elədim o filmə baxdılar. Gözləri dolmaq nədir, heç tükləri də tərpənmədi. Amma mən indi də ona baxıb riqqətə gəlirəm, oradakı mahnıları göz yaşları içində dinləyirəm…
SUAL: Allaha inanırsınızmı?
CAVAB: Bütün varlığımla…
SUAL: Dindarsınızmı?
CAVAB: Yox, canım. Standart sovet adamı nə dindar, nə də ateist idi. Mən də elə yetişdim, oruc, namaz-niyaz bilmirəm. Ancaq əzan eşidəndə bir müsəlman övladı kim başımın tükü ayağa qalxır. Məhmət Akif Ərsoyun misraları yadıma düşür: “Bu əzanlar ki, şəhadətləri dinin təməli / Əbədi yurdumun üstündə mənim inləməli…”
SUAL:Həyat yoldaşınız kimdir?
CAVAB: Kim idi… Solmaz xanım… Moskva Dövlət Universitetində birlikdə oxumuşduq. İxtisasca fizik idi. AMEA sistemində çalışdı. Son iş yeri 6 nömrəli məktəb idi. Azərbaycanın Əməkdar müəllimi adını aldı. İki dəfə ölkə üzrə “İlin müəllimi” seçildi. Əla pedaqoq, gözəl insan, həyat yoldaşı, ana və nənə idi. 40 il 3 ay birlikdə ömür sürdük. 2020-ci ilin 19 noyabrında bizi əbədi tərk elədi. İfrat dərəcədə ciddi və prinsipial adam idi. O məndən dəfələrlə incidi, mən ondan heç incimədim. Bu da onun böyüklüyündən xəbər verir. Ona bir neçə şeir yazmışdım. Birinci şeirin son bəndi belə idi: Bir gün axır çıxdım ova, / Bir ov tutdum qova-qova, / Adı Solmaz, / Familiyası Əhədova. Başqa bir şeirdə bir neçə qızın adını çəkəndən sonra bunu yazmışdım: Onun adı Solmazdı, / Nur içində almazdı, Özgəyə yar olmazdı, / Axır toruna düşdüm.
SUAL:Allah rəhmət eləsin Solmaz Xanıma. Ramiz müəllim, necə bir nəsildə böyüdünüz?
CAVAB: Biz Amasiyalıyıq. İki Amasiya var, biri Türkiyədədir, biri də Qərbi Ermənistanda. Amasiya rayonunda ən oxumuş ailələrdən biri, bəlkə də birincisi Əskərovlardır. Atam, əmilərim əsasən dil-ədəbiyyat müəllimi idilər. Atam və bir əmim uzun illər rayon qəzetinin redaktoru olublar. Atam və başqa bir əmim “Sovet Ermənistanı” qəzetində işləyiblər. İlk ali təhsilli adamlar, ilk elmlər namizədi, ilk elmlər doktoru, ilk professorlar bizim familiyadan çıxıb. Özüm və eşim Moskvada oxumuşuq. Uzaq xaricə oxumağa gedənlər də bizim gənclər olub. Üç qardaşım Türkiyə universitetlərinin (ODTÜ, Mərmərə və Ədirnə) məzunudur. Qızım Ayla Ankara universitetinin tibb fakültəsini, sonra İzmirdə ginekologiya ixtisasını başa vurub. Oğlum Atilla İstanbul Texniki Univesitetini, sonra Virciniya Texniki Universitetini bitirib. Bu anda təkcə ABŞ-da bizim ailədən təxminən 15 nəfər yaşayır. 4 uşağımız orada anadan olub. Məlumat üçün deyim ki, bu anda Budapeştdə 5 gəncimiz ali təhsil alır, qardaşım oğlu Oğuzxan ODTÜ-də, digər qardaşımım oğlu Turan isə Gəbzə Texnoloji Universiteində tələbədir. Almaniya ali məktəblərində oxuyan uşaqlarımız var. Oxumaq bizim nəslə vergidir. Qardaşım Əli Şimali Karolina universitetinin (ABŞ) professorudur, bacım Nailə Diyarbakır universitetinin dosentidir.
SUAL: Ailəniz böyük idimi?
CAVAB: Əlbəttə. Biz on uşaq (altı qardaş, dörd bacı) idik. Varlı deyildik, kasıb da deyidik. Atam 7 övladına ali təhsil verib. İki bacım tibb məktəbini bitirib. Bir qardaşım 90-cı illərdə ali məktəbə girdi, ancaq pullu olduğu üçün təhsilini davam etdirə bilmədi. İndi qaynaqçıdır, hamıdan yaxşı yaşayanımız odur.
SUAL: Ramiz müəllim, siz bu yaxınlarda qardaş Özbəkistanın „Dostluq“ ordeni ilə təltif edildininz. İcazə verin öz adımdan və oxucular adından sizi təbrik edim. Biz sizinlə bir daha qürur duyduq. Bəs siz özünüz nə hislər keçirdiniz?
CAVAB: Mənim mükafatlarım çoxdur. Səhv etmirəmsə, 22 ordenim və medalım var. Bunlardan bir neçəsi çox dəyərlidir. Məsələn, “Şöhrət” ordenini 60 illiyim münasibətilə almışam, Əməkdar jurnalist adına mətbuatda uzun illər və səmərəli fəaliyyətimə görə layiq görülmüşəm. Özbəkistanın beynəlxalq “Babur” mükafatı, Türkmənistanın “Altın əsr”, Ukraynanın “Bəkir Çobanzadə” ödülü, Beynəlxalq Türk Akademiyasının “Vilhelm Tomsen” və “Əlişir Nəvayi” medalları bunlardan bir neçəsidir. Avqustun 30-da isə Özbəkistan Prezidenti Şavqat Mirziyayev bir neçə Azərbaycan alimi ilə birlikdə məni də ölkələrimiz arasındakı ədəbi-mədəni əlaqələrə verdiyim töhfə münasibətilə sanballı “Dostluq” ordeni ilə təltif etdi. Həmin gün oğlum Atillanın ad günü idi. Ailəmiz və yaxın dostlarımız ikiqat sevinc yaşadı. Bunun üçün qardaş Özbəkistana minnətdaram.
SUAL: Siz ixtisasca jurnalistsiniz. Uzun illər bir çox mötəbər mətbuat orqanlarda çalışmısınız. Niyə davam etmədiniz?
CAVAB: Mən 10-12 yaşından mətbuatla əlaqə saxlamışam. “Azərbaycan pioneri” qəzetinə məktub yazıb “Şöbə müdiri Rəna Əzimova” imzası ilə redaksiya zərfində blanklı məktub alanda sevincimin həddi-hüdudu olmurdu. Yaxud rayon qəzetində kiçik informasiya və şeirlərlə çıxış edəndə sonsuz fərəh duyurdum. Yəni mən 50 ildən çoxdur ki, mətbuatdayam. Atam istəyirdi ki, mən həkim olum, ancaq mən mətbuatı seçdim. Bakı və Moskva universitetlərinin jurnalistika fakültələrində təhsil aldım. Radioda, “Azərbaycan bugün” jurnalında, “Odlar yurdu”, “XXI sər” qəzetlərində, Azərbaycan Jurnalistlər Birliyində işlədim. “Odlar yurdu”nu çıxmaqla onların hamısını ömrümün boşa getmiş illəri hesab edirəm. O işləri məndən də yaxşı görəcək adamlar çox idi. Mən MDU-nu bitirən kimi elmə gəlməli idim. Axı adam mətbuatda nə qədər çalışar? Gənc olanda eybi yoxdur, bir az yaşlananda xəbər dalınca ora-bura qaçmaq olmur. Heyf ki, jurnalistikada çox gecikdim. Cəmisi 20 ildir ki, mən elmdəyəm, yəni universitetdəyəm. -Müasir jurnalistika və jurnalistlərin səviyyəsi sizi qane edirmi? Bəlkə bir məsləhətiniz və yaxud tövsiyəniz var cavan jurnalistlərə? -Yox, qane etmir. Jurnalistika ictimai fikri manipulyasiya edir, yönləndirir, lazım gəldikdə çaşdırır. Məsələn, “Odlar yurdu” qəzeti kiril, latın və ərəb əlifbaları ilə çıxırdı, milli şüura çox təsir göstərirdi. Tirajı 300 min nüsxə civarında idi. Onun səhifələrində daima yeni bilgilər, faktlar olurdu. Azərbaycan Demokratik Respublikası, onun dövlət atributları, bayrağı, gerbi, himni, pulları, parlamenti, qurulan hökumətlər, siyasi xadimləri və s. haqqında ilk dəfə söz açılırdı. Həm bu faktlar yeni idi, həm də milli-azadlıq hərəkatına yeni impuls verirdi. İndi mətbuat bir az fərqlidir, qeyri-ciddidir, qeyri-professionaldır, ağzına gələni yazır. Saytları heç bəyənmirəm. Sensasional başlıqlar atır, mənasız effekt yaradır. Məsələn, belə bir sərlövhə ilə material verir: “Arvadı dəli olan, qızı küçələrə düşən, oğlu anaşa çəkən sənətkarın faciəli həyatı”. Buna nə deyəsən? Mən gənclərlə Jurnalistlər evində hər gün görüşürəm. Nəsihət edirəm, hələ ki, xeyri azdır.
SUAL: Siz orta məktəbdə Azərbaycan dilində oxumusunuz, ali təhsili isə rus dilində almısınız. Rusiyada oxumaq sizin bir insan kimi formalaşmanıza təsir edibmi?
CAVAB: Mən SSRİ-nin və sovet blokunun, sosializm düşərgəsinin ən böyük təhsil ocağında oxumuşam. Oranın içi də, dışı da möhtəşəmdir. Əla şəraiti var. Profeesor-müəllim heyəti mükəmməldir. Adamı mum kimi yoğurur, formalaşdırır. Orada oxumaq çətin idi, ancaq ruslar demiş, “na pravax neqra” (zənci kimi) oxuya bildik. Moskvada oxumaq uşaqlıq arzum idi. Mən bir dəfə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna sənəd vermiş, lakin müsabiqədən keçməmişdim. Tale mənə MDU-da oxumağı qismət elədi. Bir şeydə xəyal qırıqlığına uğradım. Nə Qızıl meydan, nə də Kremlin yaqut ulduzları fotolardakı qədər əzəmətli deyildi. Yalnız qızları bütün bəkləntilərdən üstün idi.
SUAL: O vaxtlar rusca necə bilirdiniz? Bu dil haqqında fikriniz nədir?
CAVAB Mən kənddən çıxmış adam idim, Bakıya gələnə qədər rus görməmişdim. Rusca çoxlu söz bilirdim, ancaq cümlə qurmağı bacarmırdım. Heç indi də bu dili ürəyim istəyən səviyyədə bilmirəm. Dünyanın ən mükəmməl, ən zəngin dilidir. Sanki dissertasiya və elmi məqalə yazmaq üçün yaradılıb. Ancaq son dərəcə çətindir. Addımbaşı istisna var. Pristavkalar, cins və mənsubiyyat kateqoriyaları, şəkilçi sistemi bu dili o qədər zəngin edir ki, gəl görəsən. Onu ancaq uşaqkən öyrənmək lazımdır, rusca orta məktəb bitirməsən onu mükəmməl öyrənə biməzsən.
SUAL:Professor, bu yaxınlarda sosial şəbəkədə belə bir məlumata rast gəldim ki, illər öncə Elçibəyin birbaşa müsahibəsini Ramiz Əskər rus dilinə sinxron tərcümə edib və bu zaman bir sıra ciddi yalnışlıqlara yol verib. Çox istərdim ki, buna özünüz açıqlama verəsiniz.
CAVAB: Elçibəy prezident olanda rusiyalı tamaşaçılarla canlı verilişə çıxmışdı. Verilişi Valid Sənani tərcümə edirdi. O da ilk cümlədə çaşdı, Niyazi İbrahimov dərhal onu əvəz elədi. Bugünlərdə Rəhman yazdı ki, guya həmin verilişi mən tərcümə etmişəm. Ona telefonla dedim ki, mən ümumən orada olmamışam. O da dedi ki, dəqiqləşdirəcək. Dedim ki, zəhmət çəkmə, mən orada olmamışam, yenə de deyir ki, dəqiqləşdirəcək. Buyursun.
SUAL: Dilin, türk dilinin, rus dilinin, erməni dilinin cilvəsi nədir, sizcə? CAVAB: Erməni dili çox partlayışlıdır, hətta qabadır. Məsələn, Mkrtç sözündə səsli (sait) yoxdur. Biz onu Mkrtıç və ya Mıkırtıç kimi yazırıq. Xndzor (alma), tanzr (armud), dbrots (məktəb) sözlərində üç-dörd samit yan-yana gələ bilir. Bu, tələffüzdə ağırlıq yaradır. Rus dilində də belə şeylər var. Məsələn, vstreça (görüş). Bizim dildə başda iki səssiz gəlmir. Srağagün sözü istisnadır. Sonda iki samit olur: alt, üst kimi. Bu baxımdan bizim dil daha normativdir. Dilimizin ən nurlu sözü “yoldaş” sözüdür. Təəssüf ki, bolşevizm onu ilkin və ülvi mənasından uzaqlaşdırdı. Rus dilində iki söz sovet quruluşunu dolğun şəkildə ifadə edir. Bunlardan biri “kolxoz” və “kolxoznik” sözüdür, biri də “trudyaşşiysya” (yəni zəhmətkeş). Zəhmətkeşə özbəklər möhnətkeş deyirlər…
SUAL: Siz rus dilini, rus ədəbiyyatını mükəmməl bilirsiniz. Bunu əminliklə deyirəm, cünki bilirəm. Bu sizə mane olubmu?
CAVAB: Siz bunu əminliklə necə deyə bilərsiniz? Mən özüm bilirəm ki, bu belə deyil. Sizi çaşdıran odur ki, bəzən mən nadir bir ştrix, nadir bir söz işlədirəm, siz də dərindən heyrət edirsizin ki, kənddən çıxmış bir adam bunları hardan bilir. Nəticədə sizdə yanlış qənaət hasil olur. Siz anons veribsiniz, mənim bir qohumum da yazıb ki, bəs deməzsənmi, bu Ramiz Əskər çox qənimət adamdır. Ona zəng edib dedim ki, səhv edirsən, gərək deyəydin ki, Ramiz Əskər Azərbaycan brendidir! Sonra, rusca bilmək mənə necə mane ola bilər?
SUAL: Siz 5-10 il əvvəl Ermənistanda olmusunuz…
CAVAB: Olmuşam. 2014-cü ildə Avropa Şurasının “Mətbuat və müharibə” mövzusunda bir tədbiri vardı. Bizdən Tahir Paşa, mən və bir həmkarımız, Tiflisdən də 5-6 jurnalist RAF-la getdik Dərəçiçəyə. İndi Dərəçiçək yerinə ermənicə Dzaxqadzor deyirlər. Tədbir yüksək səviyyədə keçdi. Təbii ki, mən ermənicə bildiyimi bildirmədim. Dedim görüm bizim haqqımızda nə deyirlər. Haqq üçünə, elə bir şey demədilər. İşçi dil rus dili idi. Ermənilər arada öz diilərində danışırdılar: su gətir, duz ver, kofe qurtardı, filan. Son gün onların rəhbəri dedi: bağışlayın ki, biz arada ermənicə danışırdıq. Sizcə, bizim dil necə dildir? Bizimkilər sağ olsunlar, yenə də sözü mənə verdilər. Mən dedim ki, hər bir dil yaxşıdır, erməni dili də pis deyil. Mən orta məktəbdə oxuyanda erməni dili keçmişəm, ancaq artıq hamısını unutmuşam, çünki o vaxtdan 40-50 il keçib. Bircə erməni dilində cümlənin tərifi yadımda qalıb. Bunları maraq bürüdü: necə yəni? Dedim: barerov artahaydvadz yurakançyur amboğç mi midki qoçvume naxadasutyun. Yəni: bitmiş bir fikri ifadə edən… Bunalr heyrətlə əlimə baxdılar. Dedim ki, nə baxırsınız, əlimdə şparqalka yoxdur, mən bunu əzbər bilirəm. İstəyirsiniz yüz dəfə deyim. Dedim. Donub qaldılar. Başqa şeylər də bilirsinizmi? deyə sordular. “Navavar” (Gəmiçi) şeirini bilirəm. Onu da dedim. Əlavə elədim ki, şeirin müəllifini unutmuşam. Bilmirəm bunu Aksel Bakunts yazıb, yoxsa Derenik Dəmirçiyan, Yeğişe Çarents yazıb, yoxsa Avetik İsaakyan? Dəli oldular…
SUAL: Ramiz müəllim,sizcə, xalqımızın ən bariz cəhətləri hansılardır?
CAVAB: Siz məni provakasiyaya çəkirsiniz. Müsahibə maraqlı olsun deyə mənə əndərəbadi suallar verirsiniz. Madam soruşdunuz, deyim. Bizin xalq, Azərbaycan türkləri türk və islam dünyasının ən qabaqcıl xalqıdır. Hər on min nəfərə düşən orta və ali təhsillilərin, həkimlərin, mühəndislərin, müəllimlərin, alimlərin və s. sayına görə Azərbaycan mütləq çempiondur. Çox gözüaçıq, sərvaxt, istedadlı, zəki, yəni zəkali xalqdır! İQ (ay-kü) rəqəmi çox yüksəkdir. Ancaq onun saat kimi işləyən beyni saxtakarlığa daha yatqındır. Mal, mülk, pul, sərvət yığmağa çox meyllidir, hətta hərisdir. Siz ağlın dərəcəsinə baxın: bir iş adamımız Çində əlini cibinə atır, 50 qəpiklik pul çıxır. Dərhal ağlına parlaq ideya gəlir. Çinlilərə deyir ki, mənə bundan on ton düzəldin. Biri neçəyə başa gələr? 20 qəpiyə. Pulları nə adlasa Bakıya gətirir, yayır. Sonra o metal sikkənin sarı hissəsi ovulmağa başlayır, sən demə, çinlilər bizdən daha fırıldaq imiş, qənaət üçün işə xəyanət ediblər. Dövlət duyuq düşür və bu maxinatoru tuturlar. Mən anlaya bilmirəm ki, belə gözüaçıq xalqın torpağını ermənilər necə ələ keçirə bilmişdi? Digər mənfi cəhətlərimiz bunlardır: milli yaddaşımız yoxdur, unutqanıq, hər şeyi bağışlayırıq, ürəyi yumşaq, qəlbi açığıq, müşkülümüzü rüşvətlə həll etməyə üstünlük veririk. Ən mənfi sözümüz isə budur: “Bura Azərbaycandır!” Türk dünyasınıda bizə böyük rəğbət var. Belə hesab edirlər ki, Azərbaycanda on milyon əhalinin bir milyonu türk, bir milyonu qazax, bir milyonu özbək… tatar, türkmən, qırğız, uyğur və digər ən istedadlı türk millətlərindən ibarətdir. Yəni seçmə əhalidir. Ölkəmizə türk dünyasının mayakı kimi baxırlar. Hər şey, hər yenilik, hər izm birinci burada meydana gəlməlidir, sonra bütün türk dünyasına yayılmalıdır. Bu belədir: ilk sentimental roman, ilk opera, ilk simfoniya, ilk… nə, nə, bizdə ortaya çıxıb.
SUAL:Sizin şeirləri oxumaq nəsib olub mənə. Belə deyirəm, çünki şeir kitabınızın olmadığını bilirəm. Nə vaxt kitab şəklində təqdim edəcəksiniz onları oxuculara? Belə bir fikriniz varmı?
CAVAB: Var. 7 il sonra, 75 yaşında. “İlk və son kitab” adlı bir şeirlər kitabı buraxacağam. Qu quşunun son nəğməsi olaraq. Mənim çox az şeirim çap olunub, onun da bir qismi Türkiyədə və Özbəkistanda çıxıb. Bir az da burada.
SUAL: Ramiz Əskər şeirləri necə yaranır, nədən qaynaqlanır?
CAVAB: Mən sosial-siyasi məzmunlu şeirlər yazmıram, mənimki məhəbbət lirikasıdır. Çünki eşq, hiss, duyğu əbədidir. Siyasət gəldi-gedərdir. O duyğuları şeirə çevirəndə çox gözəl olur. Bilirsiniz, ilk gənclikdə qafiyə tapmaq çətin idi: oldu, doldu, soldu, yoldu… Arxası gəlmirdi. Sonra isə fikir tapmaq müşkülə döndü. Mənim öz stilim,qafiyə sistemim, sufiyanə tərzim var. Kimsə bu şəkildə yazmır. Məsələn, bu şeirə baxaq:
Qaysaqlanmaz bu yara
Təsəllidən, alqışdan,
Kədər adlı o yara
Vuruldum ilk baxışdan.
Kimsə çəkməz nazımı
Yardan, dostdan, tanışdan,
Oxu alın yazımı
Alnımdakı qırışdan.
Hündür deyil Himalay
Eşq adlı bu yoxuşdan.
Könlüm şüşə bir saray,
Sütunları qamışdan.
Dərd əbası əynimdə,
İlmələri qarğışdan,
Yer kürəsi çiynimdə,
Qalib çıxdım yarışdan.
Can ruhuma bir qəfəs,
Qəfəs qorxar bu quşdan,
Birdən gəlsə son nəfəs,
Vaz keçəmməz uçuşdan.
SUAL: Bəlkə nə zamansa roman yazmaq da keçər fikrinizdən?
CAVAB: Əziz Təranə xanım, əgər mən sizə desəm ki, Azərbaycanda sandıq ədəbiyyatının ən böyük nümayəndələrindən biri mənəm, inanın. Mən hələ tələbəlik dövründə dram əsəsrləri (“Selektor”, “Supervirus”), komediya (“Qaynımın qaynının toyu”), faciə (“Zərdüşt”) yazmışam. Yarımçıq romanım, xeyli hekayəm var. Vaxtım olsa, bunları yenidən işləyib ədəbi dövriyyəyə buraxardım. Vallahi, vaxtım yoxdur. Hətta ölməyə vaxtım yoxdur…
SUAL: Siz nəyisə əvvəlcədən proqnozlaşdıra bilirsinizmi? Yoxsa xaotik axınla addımlayırsınız həyatda?
CAVAB: Siz nə danışırsınız? Bəyəm mən yəhudiyəm?
SUAL: Ən çox sevdiyiniz rəng…
CAVAB: Üç rəng çox gözəldir. Mavi rəng – türklüyün rəngidir, mən türkəm. Yaşıl rəng – islamın rəngidir, mən müsəlmanam və sevdiyim xanımım gözünün rəngidir. Qırmızı rəng – müasirliyin, tərəqqinin rəngidir.
SUAL: Sizin üçün daili gözəllik vacibdi, yoxsa…?
CAVAB: Türkcə bir dyim var: gözəl üzdən 40 gündə doyarlar, gözəl qəlbdən 40 ildə doymaq olmaz. Təəssüf ki, insan oğlu formalistdir. Öncə formaya, sonra isə məzmuna baxır.
SUAL: Ramiz müəllim,mənə elə gəlir ki, fəaliyyətinizin apogeyi tərcüməçilikdir. İstərdim bu haqda özünüz danışasınız.
CAVAB: Mən BDU-da əvvəlcə bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri, sonra türk xalqları ədəbiyyatı kafedrasının müdiri olmuşam. O zaman gördüm ki, kafedra üzrə tədris olunan fənlərin, dərslərin ədəbiyyatı yoxdur. Yəni Mahmud Kaşğari, Yusif Balasağunlu, Nəvayi, Babur, Azadi, Məxdumqulu, Bəkir Çobanzadə kimi ədiblərin həyatı və yaradıcılığı tədris olunur, ancaq əldə onların əsərləri yoxdur. Nə orijinalı, nə də tərcüməsi. Başladım tərcümə eləməyə. Bugünə qədər türk, özbək, qazax, türkmən, qırğız, uyğur, tatar, başqırd, qaqauz, rus və alman dillərindən 61 kitab tərcümə etmişəm. Bunların arasında Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” (4 cild) əsərini, Yusif Balasağunlunun “Qutadğu bilik” poemasını, Faruq Sümərin “Oğuzlar”, Bahəddin Ögelin “Türk mifologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” kitablarını, Sultan Hüseyn Bayqaranın və Mehri Xatunun divan-larını, Azadinin, Əndəlibin, Məxdumqulunun, Molla Nəfəsin, Abdulla Tukayın, Bəkir Çobanzadənin seçilmiş əsərlərini, Əlişir Nəvayinin xəmsəsini (5 cild) və risalələrini göstərmək olar. Mənim tərcüməmdə “Monqolların gizli tarixi”, “Türk ədəbiyyatı tarixi” (2 cild), özbək və türkmən poeziyası antologiyaları çapdan çıxmış və ölkəmizin elmi və ədəbi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır.
SUAL: Bilirəm ki, siz dəfələrlə Süleyman Dəmirəllə görüşmüsünüz. Bu tanışlıq necə olub?
CAVAB: “Divanü lüğat-it-türk”ü tərcümə etdim, ancaq nəşrinə pul tapa bilmədim. Bir-iki adama dedim. Olmadı. Bir nəfər soruşdu ki, bu divan hansı dövrdən qalıb? Dedim ki, qaraxanilər dövründən. Dedi ki, bəs bu min ildə nə yaxşı çürüməyib? Bunun materialı nədən imiş? Anlaşıldı ki, dostum divan deyəndə mebel anlayıb. Onda Dəmirələ bir faks göndərib kömək istədim. Bir həftə sonra mənə zəng elədi, Ankaraya çağırdı. Bir neçə dəfə getdim. Ancaq bir şey çıxmadı. Pulu Bakıda başqa bir adam, keçmiş vergilər naziri Fazil Məmmədov verdi. Ancaq dostluğumuz baqi qaldı. Abdulla Güllə iki dəfə, Tansu Çillərlə bir dəfə görüşdüm. Şəkillərimiz var.
SUAL: Kitablarınızın, tərcümələrinizin sayı-hesabı yoxdur. Yəni siz çox məhsuldar şəkildə, hətta fədakarcasına işləmisiniz. Tutduğunuz mövqedən və əldə etdiyiniz nailiyyətlərdən razısınızmı?
CAVAB: Məsələ belədir: mənim original 27 kitabım var. 61 tərcümə kitabımı da əlavə etsək toplam 88 kitab olar. Bunların bir neçəsini çıxmaq şərtilə hamısını öz vəsaitimlə nəşr eləmişəm. Onu bu şəkildə gerçəkləşdirirəm. Deyək ki, bir kitabım çıxacaq. Nəşriyyata bir aylıq maaşımı verirəm, kağız, boya-filan alır, çünki qiymətlər gün-gündən bahalanır. Yavaş-yavaş çapa başlayır. Sonra ikinci və üçüncü maaşımın yarısını verib, yarısı ilə yaşayıram. Mən kitab-zad satmıram… Bu sahədə maddi baxımdan heç bir uğurum-zadım yoxdur. Mərhum Solmaz xanım məni heç vaxt sıxmadı, həmişə anlayış göstərdi…
SUAL: Ruhu şad olsun Solmaz xanımın. Ramiz müəllim, musiqi sizin üçün nədir?
CAVAB: Bu sualın cavabını rusca bilirəm: svobodnoye izliyaniye duşi.
SUAL: Dağı, meşəni çox sevirsiniz, yoxsa qumlu səhranı?
CAVAB: Dağı və meşəni. Mən çılpaq bir coğrafiyada doğulub böyümüşəm. İçimdə yaşıl təbiətə bir həsrət olub həmişə…
SUAL: Məndə olan məlumata görə oğlunuz Atilla yeganə azərbaycanlıdır ki, ABŞ-da NASA-da çalışır. Bizim üçün həmvətənimizin bu səviyyəyə ucalması təbii ki, çox sevindirici haldır. Bəs siz, bir ata kimi, oğlunuzla fəxr edirsinizmi?
CAVAB: Təbii ki… Bu fakt çox sevindiricidir. İfrat yerazlar yazmışdılar ki, artıq NASA-da da adamımız var. Atilla mənim qəlbimdir… Sevgili oğlum…
SUAL: Bilirəm ki, siz bu yaxınlarda səviyyəli bir simpoziuma dəvətlisiniz. Bu haqda danışaq, yoxsa onun keçirilməsini və nəticələrini gözləyək? Əvvəlcədən nəsə deyə bilərsinizmi?
CAVAB: Mən 70 civarında simpozium, konfrans və forumda iştirak etmişəm. Bu, sıradan bir simpoziumdur. Ərzincanda Türk Dünyasının perspektivləri ilə bağlı bir elmi tədbirdir. Burada Türk Dünyası Vətəndaşlığı məsələsi qoyulacaq. Biz istəyirik ki, Turan ölkələrinin tələbə gəncliyi eyni milli platformada bir araya gəlsin. Qısa bir müddət sonra XVII Türk dili qurultayı keçiriləcək, sonra isə Səmərqənddə Türk Sammiti çərçivəsində Beynəlxalq Əlişir Nəvayi müsabiqəsinə yekun vurulacaq. Bəlkə mən də laureatlar sırasında oldum…
SUAL: “Səmimi söhbət”in qonağı olduğunuz üçün və mənim suallarıma son dərəcə səmimi cavablar verdiyiniz üçün sizə təşəkkür edirəm. Öz adımdan və oxucularım adından sizə can sağlığı, yeni yaradıcılıq nailiyyətləri və işinizdə müvəffəqiyyətlər arzu edirəm. Mənə və oxuculara deyəcək sözünüz varsa, buyurun.
CAVAB: Siz sağ olun! Başqa suallarınız olsa, cavab verməyə hazıram…
Əziz dostlar, dəyərli oxucular! Bu gün Ramiz Əskər yaradıçılığının, fəaloyyətinin və şəxsiyyətinin sonsuz dəryasına baş vurmaq istədim. Güman edirəm ki, sizə də bu insanla tanışlıq zıvq verdi. Hesab edirəm ki, Ramiz Əskər milli dəyərimiz kimi diqqətə və qayğıya layiqdir. Söhbətimizə qoşulub bizimlə bərabər olduğunuz üçün hər birinizə təşəkkür edirəm. “Səmimi söhbət”lərdə görüşənədək.