Yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad İsgəndərov Hacıqabul rayon Şəhidlər Xiyabanını ziyarət edib. Hacı Ağaməli Baxşəliyev şəhadət zirvəsini fəth etmiş Hacıqabullular haqqında ziyarətdə olanları məlumatlandırmışdır.
AYRILIQ… (Cabir Novruz “Üzü dönsün ayrılığın” şeirindən ilhamlanaraq) Yavaş- yavaş gecə keçmir, Keçsə belə gün bitməzdi… Ay dolanıb il çatmazdı, Ahım Allaha yetməzdi… * * * Şirin günlər, şirin aylar, Göz qırpımında olmazdı… Bu eşq ilə nəfəs alıb, Həsrətindən qocalmazdım… * * * Ay çəkilər, günəş gələr, Başımıza min iş gələr… Qızıl gedər, gümüş gələr, Mən gəlmərəm gümüş kimi…. * * * Şirin günlər, şirin aylar, Göz qırpımında olmazdı. Bu eşq ilə nəfəs alıb, Həsrətindən qocalmazdım. * * * Çöldə ildırımlar çaxar, Donan çaylar, sular axar, Həsrət ilə mən baxaram, Ürəyin yanıb yaxılar. * * * Şirin günlər, şirin aylar, Göz qırpımında olmazdı. Bu eşq ilə nəfəs alıb, Həsrətindən qocalmazdım.
SEVGİ Mən sevginin özüyəm. Sən sevməyi bilməmisən… Bircə dəfə yanağımdan ürəyimə süzüb gələn göz yaşımı silməmisən… Sevgi mənəm… Cırmaq – cırmaq, Addım – addım, Aşa – aşa, Çaşa – çaşa məhəbbətdən dönməmişəm… Sevgi mənəm, Sən ölsən də… Yaşayacam kainatda, bil ki, hələ ölməmişəm.
GETMƏ Gücüm çatmır ayrılmağa, Gəl yaramı özün bağla… Bəlkə fürsət yaranardı, sonuncu kəz danışmağa… Bu son vida… Əmin ol ki, sovurulacaq bundan belə, gəlib – gedən bəla – qada… Nəfəsimdə iniltini, içimdəki qımıltını, evimdəki hənirtini yox edəcəm… Darıxma, tez gedəcəm… Qalmayacam…. Bu ölkədə, bu həyatda, kainatda olmayacam… Sağlığında qiymət verin insanlara demişdilər… Nə olsun ki? Demişdilər… Mən sağ ikən görməmişdim o qiyməti, o dəyəri…. İçim nisgil, çölüm nisgil… Dərd içində qıvrılıram… Yanıb göyə sovuruluram… Gəl yaramı bağlamağa…. Tut əlimdən danış görüm. Mən beləyəm. Sən necəsən?
YADIQ Ruhunla tanış deyiləm… Daha danışan deyiləm… İçimdəki o qığılcım sönüb artıq… Sənə qarşı ruhumdakı o şəfqət də dönüb artıq… Üzü dönsün ayrılığın deyirdilər… Dönməz olsun. Ayrılıqdan betəri var… Dözə – dözə inləyərsən… Sakitliyin içində sən göz yaşını dinləyərsən… Ruhuma bələd bir qadın, Yadımdan da çıxıb adın. Allaha yetir fəryadım, Daha danışan deyiləm.
SEVGİ GƏTİRDİM… Sənə bir çamadan sevgi gətirdim Qarışıb içində köhnə – külüşə Sən Allah bağışla, özüm qalmadım Qalsaydım, çatmazdım indi görüşə. * * * Üzünə baxmağa gücüm çatmadı, Məni dar ayaqda gözləyənim var. Qapının ağzına qoyub çıxmışam, Qorxuram, kölgətək izləyənim var… * * * Sənə bir çamadan sevgi gətirdim, Mən özüm olmaram, qoy sevgim olsun Sənə bir çamadan sevgi gətirdim. Eşələ o sevgi qoy təmiz qalsın. * * * Köhnələr içində itib – batmasın, Heyifdi, sevgimiz viran qalmasın Sənə bir çamadan sevgi gətirdim… Sevgisiz həyatın bir an olmasın…
YOX De hansı dövrdür indi? Ala qarğada bala yox… De hava niyə sərindi? Mıxa vurur, nala yox… * * * Əcayib zamana düşdük, İllər keçdi, gün ötüşdü… Daşı daş üstə gətirdim, Fiqur oldu, qala yox….
EŞİTDİM… Eşitdim ki, darıxmısan, Haqqımda danışırsan… Mən bilirəm, hiss edirəm… Qulaqlarım cingildəyir… Orda – burda danışınca Zəng etsəydin… Ondan – bundan soruşunca Kaş gəlsəydin… Söz göndərən yaşını da keçmisən…. Sən ki, uşaq deyilsən. Mən ki, oyuncaq oynayan yaşda belə deyiləm. Amma dayan, Yoxdu indi saçlarıma sığal çəkib oxşayan… Ağlamıram, tozmu qaçdı gözlərimə bilmirəm…. Narahat olma, yaxşıyam. Gözlərimdə kədər deyil, Bu ki tale, qədər deyil. Özün seçdin ayrılmağı…. Məndən ayrılmaq olardı? Mən ki, sənə can deyirdim… Canına qurban deyirdim… Qollarımın arasında itib batdın…. Dişlərimin arasında dodağımı sıxa – sıxa ağlayırdım… Hə, yoluna gözlərimi dikib baxdım…. Bəlkə gələrsən deyə Qapını açıq buraxdım. Toz – tozanaq oldu evim, Daxmalığa döndü yuvam. Sənin mənimlədir bilirəm, Mənim özümlədi davam. O möhtəşəm gedişinə Səbəb məndim… İndi dinlə, Mən xoşbəxt idim səninlə Geri dönsən Xəbər etmə Qapım açıq Çay istəsən Qalan qablarım bulaşıq, Sən gedəndən yumamışam… Uzanmışam. Saçlarıma sığal çəkmək istəsəsən bil O vaxtdan dolam dolaşıq. Sən gedəndən hal olmayıb daramağa Yorulmuşam. Külək darayıb saçımı, Yağış yuyub üz – gözümü… Çox başını ağrıtmayım, Gəlsən dinməz – söyləməz gəl…
BU GÜN… Bu gün yenə bəzənmişəm, Ən bahalı ətirləri üzərimə səpmişəm. Gül çiçəkər içində mən Görüşünə gəlmişəm. Görüş yerimiz həminki Dəyişən təkcə yoxluğun… O görüşə tək gəlmişəm. İçimdəki məhəbbəti, səadəti Sənin üçün gətirmişəm. Niyə yoxsan? Yoxsa sən də itib batdın tənhalığın arasında? Yoxsa sən də çəkib getdin, qoydun yolun ortasında? Yoxsa sən də boğazımda düyünlənən kəlmələrin sahibisən? Yoxsa sən də uzun – uzun dərələrdən ayrılığı gətirmisən? Məhəbbətdən üz döndərib, Ayrılığa hə demisən… Olsun…. Neynək… Bu bəzəyi, bu düzəyi silim gərək. Belə betər ayrılığa dözüm gərək… Betərin də betəri var… Ömür qısa, ömür gödək. Vədə yetməz görüşməyə Çalış ki, sözündə düz ol Özünə yaxşı bax bir də…
DÜŞÜNÜRƏM Asmağı düşünürəm… Özümü… Arzularımdan… Ümidlərimdən… İçimdə böyüyən sevgimdən… Təzəcə boy atan məhəbbətimdən… Söndürdüyün eşqimdən… Bəlkə dənizlərdə çırpınan qağayının ayağından… Ya da kənara qatlayıb qoyduğum bəyaz kəlağayımdan… Asmağı düşünürəm… Özümü… Titrək səsimdən, Boğazımda düyünlənən hər kəlməmdən, sözümdən Mən küsmüşəm özümdən. Kimə deyim dərdimi ki, İnciməsin sözümdən… İlmə – ilmə yaş axırdı gözümdən. Beləcə atdım həyatın ağuşuna taleyimi…
MƏN… Mənə gözəlim demə Mən ki, gözəl deyiləm… Nitqim susub qalıbdı Nə danışam, nə deyəm? Sən ayrılıb gedəndən Göz yaşım dayanmadı Yanağımda donub qaldı Dodağıma süzülən Göz yaşımdı – əriyən. Mənə gözəlim demə Mən ki, gözəl deyiləm Uşaqlaşmışam sanki Onlar kimi ağlayan, Onlar kimi kiriyən…. Bəlkə yaşım da çatmaz Elə uşaq kimiyəm. Seviləcək yanım yox Mən ərköyün biriyəm. Mənə gözəlim demə, Mən ki, gözəl deyiləm.
BİR GÜN Bir gün gələcək ömrünə Hüsnündən doymadığın, Gülüşündən həzz aldığın Camalı pərişan qadın… Sevib səni istəyəcək Fəqət onun ürəyində Keçmişindən silinməyən Qalacaq bir nişan adı… Görəsən kim yaralayıb ürəyini? Görəsən kim paralayıb arzsusunu, amalını, diləyini?.. Kimə arxalanıb, söykəyibdi kürəyini? Dik durmağa çalışarkən, aşan qadın… Gülə – gülə gözləri yaşaran qadın… Gəlib girəcək ömrünə… Hər sözünə hay can deyər, Saçlarına sığal çəkib oxşayar qadın… Bir az günəşə oxşayar. Səhərləri şəfəq saçar, Səhərlər nura boyanar. Elə ki, axşam olunca günəş batar, Göz yaşıyla qalar qadın. Səhərə kimi ağlayar, Səhərə kimi yas tutar. Kim bilər ki, dərd – sərini? Kim sevər belə birini? Uçurumun kənarında oturmuştək Gecələri ulduzları sayar qadın… Bir gün yaşamaq eşqinə düşsə Bir gün bu sevdadan üz döndərib, doyar qadın…
SƏNİ Özümdən çox sevdim səni… Amma qaçdım bu sevgidən… Qorxdum… Qaçdım… Payız gələndə uçub gedən quşlar kimi… Ürkdüm bir az… Çox həssasam… Bəlkə bir az ağlasam Rahatlaram Bilirsənmi, Özümdən çox sevdim səni Duruşunu, yerişini… Oğrun – oğrun baxışını… Yorğun – yorğun gülüşünü… O qədər doğma oldun ki, Əzbərlədim gəlişini… Bu gəlmək handa bir sayılır Məhəbbət qanda bir sayılır Qanımdan çox sevdim səni, Canımdan çox sevdim səni. Ha istədim yaxınlaşım, Ha danışım, soraqlaşım, Bəxti qara taleyim var Səni görüb yaxşılaşım… Mən əslində pis deyiləm, İnan ki, qəliz deyiləm Dinlə, sənə söz deyirəm, Özümdən çox sevdim səni…
YOLLAR Sən gedəni yol gözümdə uzandı… Sən gedəni eşq sözümdə azandı… Ayrılıqdan kim uddu, kim qazandı? Dözmür ürək, parçalanıb, qayıt gəl… * * * Gedişinə nə ad qoyum görəsən? Yalanına necə uyum deyəsən… Canımdan da inan doydum, biləsən, Dözmür ürək, parçalanıb, qayıt gəl…
TƏNHA QADINLAR Elə bilmə qadınlar güclü olur, Gücsüzü də var. Elə bilirsən çox danışırlar, Sözsüzü də var. Tənha qadınlar da olur, Saçlarına küləklər sığal çəkər, Dodaqları yağışdan islanar. Onları qucaqlayan öz qolları olar O da ki, ya darıxanda, ya da üşüyəndə. Xəfif bir adyala qısılarlar, Kitaba, dəftərə sarılarlar. Vallah özümdən bilirəm kitab bəhanədir, Dünyadan qopub ağlayarlar, Şəkillərdə gülərlər. Şəkillər… Ah şəkillər… Taleyə vəkildirlər… Gücsüz qadınlara hakim kəsilər. Hə… Axı bir şey daha var, Yıxılana balta vuran çox olar. Yıxılan qadınlar… Onları kimsə yıxmaz ki, İçindən yıxılı qalarlar. Ürəyindən, Kürəyindən… Gərəyindən çox sevərlər. Eşqindən yıxılı qalarlar… Yıxılsa da dik durmağa çalışarlar. Özü yıxılanlar ağlamaz Amma ağlayanı da olur, Sən elə bilmə qadınlar güclü olur, Gücsüzü də var. Tənha qadınlar da olur… Heç kimə bel bağlamayan, Heç kimdən sevgi ummayan, Eşq, məhəbbəti duymayan Yorğun qadınlar da olur.
GƏL Çarpayının kənarına Göz yaşımı buraxmışam… Darıxanda yastığını qucaqlayıb İçin – için ağlamışam… Nəfəsim var çarpayında Oturub şəkillərinə baxmışam Saatlarla… Xatirələri unutmamışam… Birlikdə… Əl – ələ… Qol – qola… Tay var idi bizə bu məmləkətdə? Bəs o gecə? Nə oldu de? Belə gediş de olardı? Qapımı külək döyürdü, Mənim canım üşüyürdü. İçimdəki məhəbbətim cücərirdi, Böyüyürdü… Yarım qoydun. Bu sevdadan necə doydun? Necə oldu amansızca, birdən – birə məhəbbətdən soyudun? Canımda daha can qalmadı… Bacarmıram , qurban olum… Mən ki, sənə yad olmadım, Mən ki, sənə od olmadım. Qollarımı qırdın mənim Sən mənə qanad olmadın. İndi o ev mənsiz qalıb Uçuq – sökük divarların arasında mən idim mən Deyib – gülən, Uşaq kimi şənlənən, Üzünü güldürən… Yanağına kəpənəktək öpüşümü qonduran. Bilirsən də… Neçə – neçə şeylər oldu demirəm… Desəm tükün biz -biz olar Yaşananlar qan donduran. Sevgi deyib keçmə daha Eşq belə olmaz, qadası… Məni candan usandırdı, Cəfadan yar usanmazmı?…
DE Gülüşümdə həyat vardı… Deyərsən ki, güldü getdi. Həyatımda nə oldusa Deyərsən ki, öldü getdi…. * * * Bədbəxt etdim denən onu, Denən ki, heç sevməmişəm. Soruşsalar açıq danış, Deyərsən ki, bildi getdi… * * * Danışarsan sevdiyimi, Uğruna can verdiyimi, Kainatda bir qüvvəydi, Deyərsən ki, gəldi getdi… * * * Olmayacam bu həyatda, Görməyəcəksən day məni. Yadına düşsəm ağlama, Deyərsən ki, keçdi getdi… * * * Günah nədi bilməmişdim, Sənə qədər sevməmişdim. Soruşsalar məni, denən, O, günaha batdı getdi… * * * Mən burda qalan deyiləm, Doğruyam, yalan deyiləm. Könlünü alan deyiləm, Deyərsən ki, atdı getdi… * * * Gəl özünə öymə belə, Dizlərinə döymə belə. Qamətini əymə belə, Deyərsən ki, əydi getdi. * * * Olmaz iynə, düymə belə, Məni sancıb söymə belə. Gəl xətrimə dəymə belə, Deyərsən ki, dəydi getdi…
SEVGİLİ Deyirlər ki, Sevgilər var ucuz olur… De neçəyə? Alım yığım. Bilirsən də… Zamanı gələndə bahalaşır Hər şey kimi. Yadındadı? Vaxt var idi dollar ucuz Su qiyməti İndi isə valyutada at oynadır. Əvvəllər ucuz alardıq Çayı, yağı, əti, suyu İndi hər şey bahalaşıb Od bahası Pul qalmayıb alınası. Sən sevginin yerini de, Ac qalıb susuz dolanım Eybi yoxdu. Heç kim bilmir nə yeyirəm, nə içirəm… Barı sevgidən bol olum. Yoxsulluğun arasında Sevgi axtaran kiməsə Arxa olum, qoy yol olum.
FƏLƏK Fələk səni məndən aldı, Nə oldusa birdən oldu. Fəqət eşqin alovunda Nə mən yandım, nə sən yandın… * * * Bu sevdaya bel bağlama, İndi uşaqtək ağlama. Danış, içində saxlama, Nə mən dindim, nə sən dindin… * * * Fəqət eşq deyib uçardıq, Məsuliyyətdən qaçardıq. Biz ayrılmağa düçardıq, Nə mən döndüm, nə sən döndün…
YUXU Səsin qulağımdan getmir, Baxışın da yadımdadı, Deyəsən gecə gəlmisən, Bəlkə yuxumda görmüşəm… * * * Sanki örtdün üst – başımı, Sonra sildin göz yaşımı, Mən belə bir tanışımı Bəlkə yuxumda görmüşəm… * * * Oğrun oğrun mənə sarı, Baxdın güldün belə barı. Laylay dedin gecə yarı, Bəlkə yuxumda görmüşəm…. * * * Bağımda gülüm açmışdı, Günəş şəfəqin saçmışdı, Sanki gecədən qaçmışdın, Bəlkə yuxumda görmüşəm… * * * Görən doğru, yalandımı? Xatirimdə qalandımı? Məni məndən alanımı, Bəlkə yuxumda görmüşəm…
BU NƏ ZARAFATDIR!? Nə qədər darıxar insan Bir insanın yoxluğuna?.. Necə öyrəşər? Təsəvvür et Dünən danışdığın, güldüyün adam Bu gün başqalaşır, tanımır səni… Bu nə zarafatdır, ay qadan alım?!… Mən ki, məhəbbətə son qoy demədim, Qəfil gedişini heç gözləməzdim… Daha doğmam deyib öyünmərəm mən…. Doğmalar köçəri quşlar kimidir… Vallah ən yaxşısı yad olmaq elə Bilirsən, nə gələr, nə atıb gedər. Söylə, bu sevgidən dönmək olardı? İndi hayqırtımı eşidirsənmi? Səsini səsimə söykəyərsənmi? Daha darıxmaqdan betər olmuşam Görsən vəziyyətimi nə təhər olmuşam Üz gözüm qırışıb yumaq kimiyəm… Başqa bir ocağa yamaq kimiyəm… Məni sən gətirdin belə bir hala Bu nə zarafatdır, ay qadan alım? Qayıt gəl, dön daha, yuvan ki, mənəm Bəlkə nə zamansa özünə gəlsən Onda sənə qalan peşmanlıq olar Qorxma, taledir də, ölüb gedərəm… Əbədi deyilən həyat varmı ki? Sadəcə dönsəydin son dönəmimdə Daha darıxmaqdan bezar olmazdım. Sözlər də dadıma yetməyir artıq Susuram, başa düş, artıq dön geri İndi danışmağa gücüm də yoxdur. İşdi, dönsən Bir xahişim Bircə dəstə çiçək al Görsəm ürəyim sevinər Görməsəm, ruhum şad olar…
DEMƏ Anama deməyin nə çəkdiyimi, Qoy anam bilməsin, anam duymasın. Bilsə yaşamaqdan əl çəkdiyimi Ürəyi tab etməz, canı yanmasın. Deməyin ki, öldü, rəhmətə getdi, Deyərsiz könüllü əsgər gedibdi. Ya da ki, ən böyük arzusu idi mən gəlin olum Deyərsiz sevdiyi oğlana getdi. Əşşi… Onsuz toy gah var, gah da ki, yoxdu… Görsəniz narahatdı deyin ki, qaçdı… Ya da deyərsiniz xaricə getdi – Orda təhsil alıb, iş quracaq de… Bilirəm inanmaz onsuz bunlara… Amma siz yenə də düzün deməyin. Nə qədər gec bilsə elə yaxşıdı… Mən də son günümü yaxşı keçirim, Gedib deyib -gülüb şənlik eləyim. Bir şeydən rahatam getdiyim yerdə Məni təm-təraqla Allah gözləyir Məgər bu boyda gözləntini mən, Geri çevirməyim de necə olar?! Barı o dünyada yatım dincəlim Burdakı yuxuma haram qatdılar…
OL Uzaqlardan baxırsan Gəl, gendən baxan olma. Güclə bir yuva qurduq Yuvamı yıxan olma… * * * Gecələr daş sallanır Gözlərimdən elə bil. Yuxularım yol alır Daha saçını yolma… * * * Mən qıvrılıb içimdə Ağrı – sızı çəkmişəm. Saraldım bu biçimdə Sən də saralıb solma…
GECƏLƏR İndi gecələr belə Mənə haram olubdu… Nə uzana bilirəm, Nə də yata bilirəm… Qalxıdığım pillələri Gülə – gülə enirəm. Mənə yolu göstərdin, Susub dinməz gedirəm. Ay bədbəxt, nə deyəydim?!. Dalaşıb vuruşaydım?.. Mən elə qadınam ki, Sakit çıxıb gedirəm. Gör danışıb dinirəm? Sənə də yaraşan odur, Xəcalətdən ölürəm… Heyif sədaqətimə, Heyif məhəbbətimə. Kaş bu eşqi istəyi, Kimsəsizlə böləydim, Ya bir it saxlayaydım… İtlər çox vəfalıdır, Ən az sən qədər deyil, Sən itdən də betərsən… İtə bir sümük atsan, Sahibi bilər səni. Sənə isə nə istək, Nə də kar edir sevgi. Səninki yeyib, yatmaq, Bacardığın nədir ki? Bir də elə ağlatmaq. Daha yolum kəsişməz Səninlə bundan belə. Bir də məni axtarma, Bir də yığıb eləmə.
KAŞ… Kaş ki, gedə biləydim… Bu ölkədən, bu yurddan Elə bir yerə ki, Elə bir ünvana ki… Orda özüm olmayım…
TÜRKÜN QILINCI Türkün qılıncıyla yoğrulan torpaq, Onun namusudur əl vurmaq olmaz! Türkün nəfəsindən titrəşər yarpaq, Onun qabağında sədd qurmaq olmaz! * * * Kimsənin malında gözü yox onun, Malına toxunsan peşiman edər. Nəfsinə hakimdir gözü tox onun, Süfrəsi açıqdır ürəyi qədər. * * * Türkün nifrəti də sevgisi qədər, Düşmənə zalımdır, dosta mehriban. Onu əyə bilməz qüssə qəm kədər, İnamı sarsılmaz sınmaz heç zaman. * * * Tanrıdan güc alar çətin anında, Nə dala çəkilər, nə qorxu bilər. İlahi yanğı var onun qanında, Qanı qaynadısa özünə gələr. * * * Torpağı uğrunda canından keçər, Namusu qeyrəti hamıya bəlli. Nə yurdu dəyişər nə yurddan köçər, Nəyə sahibdisə tutar beşəlli. * * * Türkün canındadır əzəmət vüqar, Heç kəsə baş əyməz bu minnət deyil. Onun qanındadır sədaqət ilqar, Dostuna sadiqdir müxənnət deyil.
OLUR Sular tərsə axarmı heç?! Ömür sözə baxarmı heç?! Tək əldən səs çıxarmı heç?! Təlatümlər çoxdan olur. * * * Yatan bəxti açan olmur, Heç qədərdən qaçan olmur, Öz xoşuyla köçən olmur, İnsanlar var-yoxdan olur. * * * Nə səhv elə, nə də ki çaş, Can ağrıdar gözdəki yaş, Ağılsıza gülmə, qardaş, Bu, qismətdən, baxtdan olur. * * * Yaşamaqdan yorulanda, Candan bezib, xar olanda, Haqq divanı qurulanda, Demə ki, nahaqdan olur. * * * Yaxşı övlad baş ucaldar, El içində eyləməz xar, Ac yazığın imkanı var?! Hər fırıldaq toxdan olur. * * * Gəl ağlama, yana- yana, Dostum, girmə min bir dona, Asi olma, Yaradana, Nə olursa, haqdan olur.
VƏTƏN Bu torpaq hamıya Vətəndi, qardaş, Hamı bu torpaqdan qüvvət, güc alır. Bu ömür nə vaxtsa bitəndi, qardaş, Bəs niyə kasıblar vaxtsız qocalır?! * * * Dünyanın dərd-səri bunamı qalıb?! İlahi, kasıbın Allahı yoxmu?! Dərd elə boğub ki gözləri dolub, Göz yaşı quruyub, damcı yaş axmır. * * * Ruzini harına, çörəyi toxa, Dərdi toxum bilib əkənə verdin. Nə əkir cücərmir, çıxardır yoxa, Əzabı göz yaşı tökənə verdin. * * * Vətən dara düşür, dərdini çəkir, Özünə qəsd edir, canına qıyır. Özüylə bərabər dördünü çəkir, Nə işdən soyuyur, nə qorxu duyur. * * * Bir oğul böyütdü min bir əzabla, Düşündü nə vaxtsa nəvə görəcək. Bir oğlu varıydı, oğulsan tabla, Onu da Vətənə qurban verəcək. * * * Ay Allah kasıba az zülüm eylə, Vətənin dərdini alır kasıblar. İlahi, bəndənə düzünü söylə, Nədən üzüyola olur kasıblar?!
YADDAŞA ƏLAVƏ Yaxşılığı duymaq, görmək, Borcumuzdur, ad, san deyil. Günahsıza torba hörmək Hörən kimsə, insan deyil! * * * Əziz olmaz kimsə sənə, Qanı qanından olmasa. Canı yanmaz bir dərdinə, Canı canından olmasa. * * * Dəyər vermə hər yetənə, Nə soyuq ol, nə yandırma. Kimsə dəyər versə sənə, Yüz ölç bir biç, utandırma. * * * Yoxlamamış tez güvənmə, Çiy süd əmib insan oğlu. Səviyyəndən qəti enmə, Yaxın qoyma dayaz ağlı. * * * Dərd eləmə gələn dərdi, Öz vaxtı var, keçib gedər. Tanrı bizə ömür verdi, Çalış qoyma getsin hədər. * * * Doğru sözün yükü ağır, Baş ağrısı, eh, çox olar. Doğru danış olma fağır, Qorxun, hürkün tam yox olar. * * * Kobud olma, mərd ol işdə, İnsanlığı düşün hər an. Kimisə də ilk görüşdə Cahil bilmə, ağıllı san. * * * Həya umma həyasızdan, Abır, ismət, arın gedər. Uzaq dolan ağılsızdan, Malın, mülkün, varın gedər.
YOXSA Dünya, mənlə nə işin var?! Mənə çatan varın yoxsa! Dərələrdə bulaqların, Dağ başında qarın yoxsa. * * * Qan ağlayır yaylaqların, Yiyəsizdi oylaqların, Geri dönməz qonaqların, Təmiz, düz ilqarın yoxsa. * * * Nə sirdi ki, biləmmərik?! Biz nəşənə bələnmərik, Hüzuruna gələmmərik, Bizlə bir simsarın yoxsa. * * * Çarəsi yox deyinməyin, Ora-bura tüyünməyin, Yeri varmı öyünməyin? Bir namusun, arın yoxsa. * * * Murad, illər yol salacaq, Sinən üstən ,iz qalacaq, Əziyyətin puç olacaq, Bir dil bilən yarın yoxsa.
NƏ XOŞ… Ömür nə tez keçir fəsillər kimi, Gah isti, dözülməz bir yaya bənzər. Bəzən səmt dəyişən sərt yellər kimi, Bəzən də lal axan bir çaya bənzər. * * * Mənasız günləri ömürdən silsək, Bu ömrün mənası heç nəyə dəyər. Mənalı, mənasız günlərə bölsək, Həm ömür inciyər, həm gün inciyər. * * * Yaxşısı yaxşısa, pisi də pisdir, Hamısı keçilmiş bir yolun sonu. Hər bir yaşanan gün ötəri hisdir, Sonradan anlayıb duyarsan bunu. * * * Ömür yollarında şütüyən mənəm, Amma hər əzaba dözən ürək var. İstədim həmişə nəfsimi yenəm, Göz açdım qarşımda yenə çörək var. * * * Ömür İlahidən paydı bizlərə, Bu ömrün cəfası da, səfası da xoş. Tanrı elə cığır qoydu bizlərə, O yolun sonunda qaldıq əli boş.
KEÇİR Niyyətin pak olsa, qəlbin ağrımaz, Çəkdiyin dərd-azar ürəkdən keçir. İnsanın qaməti niyə əyilsin? Çünki əzabların kürəkdən keçir. * * * Dolğunluq dövründən öncə dərilən, Əksər günahları Tanrıdır silən. Qiyamət günündə sənə verilən, Nə qədər sual var gərəkdən keçir. * * * Murad dinməsə də hər şeyi görür, Gündəlik özünə hesabat verir. İnsanlar əyilir min dona girir, Ən ağır imtahan çörəkdən keçir.
BİR PAYIZ GÜNÜ… *** Qonşuya duz dalınca, Yoxsa quzu qaytarmağa göndərmisən uşaqları, İlahi? Uzatdığı saqqız qədər tanıyırdı uzağı, Qolundakı diş yeriylə ölçürdü vaxtı… Çərpələngə ad qoyurdu: “Qaranquş”… Parabüzən axtarırdı göndərə pay dalınca: “Uç-uç baba, get gətir payımı… Uç!” Dağ çayında yuyurdu ayaqlarını, Moruq ləkəsinə qatırdı Cızılan barmağının qanını… Hər şeyi səndən istəyən, Küsməyi-barışmağı bir oyunluq çəkən Uşaqları hara göndərdin, İlahi? Göstər getdikləri yeri… Bu ömrü yanlış gəldik, Qayıdaq geri… *** Zirvələrə qar tez düşər, Zirvələrdən qar gec düşər… …Dərddi zirvə, Dərddi qar bəzən… Çəkir dağın sinəsinə cığır-cığır naxışlar… …Çəkilir dərdlər, Ağarır saçlar, Bir-birinin başına sığal çəkmək üçün Üst-üstə qalaqlanır yaşlar; İnsan qocalır… Ot basan cığırlar insan ömrünə dolandıqca Dərd də candan bac alır; Və bir gün, sadəcə, Xatirəyə dönür insan… Bir gün də onu xatırlayanların Yaddaşında itir insan… *** Oxuduğum bir kitabdaydı, ya da baxdığım bir filmdə; sənə baxmaq ibadət imiş eşqə… …Çiyninə baş söykəmək dua, Dərdindən gülməmək oruc tutmaqmış… Bunları öyrəndim… Ağlımın yetmədiyi, əlimin çatmadığı bircə sirr var: bu qədər mavi, bu qədər azad, bu qədər əngin olmağı necə bacardın axı? Bir də… Niyə filmlər və kitablar Sənə məndən danışmır? Demirlər: bir dəli sənsiz darıxır?! *** Böyüyürdüm… Dinləyirdim Həyatdan bəhs edən nağılları… Düşürdü deyirdilər “üç almalar”; Doyurmurdu həyata dair xəyalları… Sonra öyrənməyə başladım Sevməyi, sevinməyi, Gülümsəməyi, qəmlənməyi, Və yağışda rəqs etməyi, Və ovcumdakı damlaya bir dua pıçıldayıb Gül kökünə göndərməyi… Bir səhər günəşdən öncə oyandım, Ovcuma göndərdi saçaqlarını… Yapışdım saçağından günəşin Qaçdım yaşıllığın ətrinə sarı… Bir simitlə mən də doydum, göyərçinlər də… Bir udumluq sevinc oldu pambıq şəkəri… Öyrəndim həyata dair hər şeyi; Kiçik, saysız xoşbəxtlikləri… *** Gözünün yaşı söndürər Yaşam eşqini; ağlama! Gülüşün gülə döndərər Ovcundakı dərdini: ağlama! Bil ki, Ömrə gələn gedəsidir; gülümsə… Sev ki, Sevgi dünyalararası Savaşın atəşkəsidir; gülümsə… *** Ana Anı yaşamağa qoymayanda Uşaqlığı itiririk… Bircə anda böyüyürük… Ata Ömrü çərçivəyə salanda Özümüz qırırıq qanadımızı… Arzularımızın önünə “qırmızı xətt” çəkirik… Qardaş Önümüzdə “qara daş”dısa, “Zəncirlənmiş Prometey” xəyali dostumuz olur… Bacı Olmayanda “səbir daşı”mız, Həmdərdimiz “Kerri bacı”, Dərdimiz qorxusuz olur…
BU AXŞAM… Bu axşam yenə də gəlmədin, gülüm… Gözləyə-gözləyə qaldıq masada; Bir ağ kağız idi, bir sarı qələm, Pəncərə önündə üşüyən çayın, Bir də öləziyən şamdı kasada…. Sarı yarpaqlar da elədi xiffət, Hər səni görəndə gülən, sevinən… Pəncərə şüşəsi ağladı xəlvət… Çiyninə saldığın şalın üşüdü, Halsız uzanıbdı, müstər masamda…. * * * Bu axşam yenə də gəlmədin, gülüm… Ocaqda üşüyən odun ağladı, Yataqda büzüşən yorğan ağladı, Tək mənim vecimə omadı heç nə… Dildə tez-tez dedim; gəlmir, gəlməsin… İçin-için yandım bir mehə təşnə… Yerin dəyişdiyin külqabı qəmgin, Bir qəfil toxunuş gələr işinə, Mütəkkə qolunu gəzir bu axşam, Rəqqas bircə təkan istər masamda…. 29.09.2022. Bakı.
İndi gecələr belə Mənə haram olubdu… Nə uzana bilirəm, Nə də yata bilirəm… Qalxıdığım pillələri Gülə – gülə enirəm. Mənə yolu göstərdin, Susub dinməz gedirəm. Ay bədbəxt, nə deyəydim?!. Dalaşıb vuruşaydım?.. Mən elə qadınam ki, Sakit çıxıb gedirəm. Gör danışıb dinirəm? Sənə də yaraşan odur, Xəcalətdən ölürəm… Heyif sədaqətimə, Heyif məhəbbətimə. Kaş bu eşqi istəyi, Kimsəsizlə böləydim, Ya bir it saxlayaydım… İtlər çox vəfalıdır, Ən az sən qədər deyil, Sən itdən də betərsən… İtə bir sümük atsan, Sahibi bilər səni. Sənə isə nə istək, Nə də kar edir sevgi. Səninki yeyib, yatmaq, Bacardığın nədir ki? Bir də elə ağlatmaq. Daha yolum kəsişməz Səninlə bundan belə. Bir də məni axtarma, Bir də yığıb eləmə.