SEVİNDİK NƏSİBOĞLU İLƏ MÜSAHİBƏ

SEVİNDİK NƏSİBOĞLUNƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

SEVİNDİK NƏSİBOĞLU İLƏ SÖHBƏT

Əziz oxucularım,haqqında söhbət açacaģım yaradıcı gəncin poeziyasını, maraqlı çıxışlarını çoxdan izləyirdim.Onun gündən- günə inkişaf edən ədəbi ugurları məni çox sevindirirdi.Belə yaradıcı gənclərimizə olan sevgimdən onunla görüşmək istəyimi reallaşdırmaq istədim və buna nail oldum.
Bu görüşdən aldıgım təəssüratlarımı sizinlə bölüşməyi lazım bildim….
—Sevindik Nəsib oglu kimdir?
—Mən,Əliyev Sevindik Nəsib oģlu 26 iyul 2008- ci ildə Imişli şəhərində anadan olmuşam.Əslən Agcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindənik.Hazırda Xırdalan şəhər 9 saylı tam orta məktəbin 9-cu sinfində oxuyuram.
–Həm də bildiyim kimi dərs əlaçısısan?
–Bəli.Yazıb oxumaģa həvəsim hələ beş yaşımdan olub.Həm də kompüter proqramlarını öyrənmişəm.Bu ,sonralar mənim vikipediya vasitəsilə bir çox məlumatları toplamaģıma yardımçım olub.
-Səni ən çox hansı məlumatlar maraqlandırırdı ?
–Azərbaycanımızın keçmişi,tanınmış şəxsiyyətlərimiz,sərkərdələrimiz,zənətkarlar,şair və yazıçılarımız……
–Və sən oxuyub öyrəndiklərini yazmaģa başladın….
—Bəli,elə həmin vaxtlardan kiçikhəcmli hekayələr, şeirlər yazmaģa başladım.Artıq 500-dən çox şeirim və 100-dən çox publisistik məqalələrim var.
—Şeir və yazılarının əsas mövzusu hansı sahələri əhatə edir?
–Əsasən Vətən,torpaq həsrəti təşkil edir.
–Mətbuatda yazılàrın nə vaxtdan dərc olunur?
–2015-ci ildən şeirlərim”Abşeron təhsili”,” Respublika xəbərləri”,qəzetlərində,”Söz”,”Kəpənək”,”Göy qurşagı” və s.jurnallarda dərc olunub.Milli Radiomuzun “Navalça”,televiziya kanallarımızın”Pillə”,”Çixış yolu”, “Məhəbbət nəgmələri”,”Qarabaģ Azərbaycandır” verilişlərində şeirlərim səsləndirilmişdir…
–Bildiyimiz kimi, sənin yazıların Azərbaycan Milli Kitabxanasının Elektron Kataloqunda onlayn oxumaq üçün də yer almışdır.Bu haqda nə deyərdin?
— Dogrudur,müəllifi olduģum 5 kitab,160 -dan çox publisistik məqalə və araşdırmalarım dediyiniz ünvanda yer alıb.
–Sevindik,yəqin ki ,bu yaşda qazandıģın ugurların öz qiymətini, dəyərini də almamış deyil…..
—Mən dəfələrlə müxtəlif tədbirlərin iştirakçısı və mükafatçısı olmuşam. Bele ki, Abşeron rayon Təhsil Şöbəsinin keçirdiyi ictimai- kütləvi tədbirlərdə çıxışlar etmış,məktəb tərəfindən çoxsaylı tərifnamə və diplomlarla təltif olunmuşam.
2017 – ci ildə “Həqiqət” Tarixi Araşdiırmalar Ictimai Birliyinin “Gənc Istedad”fəxri diplomuna,2019 -cu ildə”Asiya–fakt”Informasiya Agentliyinin” Sizi tanıyaq” layihəsində iştirakıma görə.uşaqlar arasında” Ən yaxşı yazar”diplomuna və “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad”diplomuna layiq ģörülmüşəm. Belə ki,”Zəfərin nişanəsi”adlı şeirim l yerə layiq görülərək Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə mükafatlandırılmışam
–“”Sənə Zəfər yaraşır”müsabiqəsində də iştirak etmiş olarsan….
–Bəli,həmin məqaləm Respublika UGIM üzvləri arasında lll yerə layiq ģörüldü….Bu qədər saysız hesabsız təltifllər, mükafatlar səndə arxayınçılıq yaratmadı ki?
–Əksinə, mən öz üzərimdə daha məsuliyyətlə çalışmaģa başladım…
2018-ci ildə”Dünyamsan Azərbaycan”və “Hərdən ucmaw istəyirəm” adlı şeirlər kitablarım,2020 -ci ildə”Ulu Naxçıvanım”adlı publisistik,”Könüllərə yol gəzirəm” adli şeir kitablarım və şəhidlətimizə həsr olunmuş ” Möhtəşəm Zəfərin Nişanəsi”(2021) adlı kitabım nəşr edilmişdir.
–Sən həm də”Kredo” qəzetinin redaksiya heyətinin üzvü olmaqla,ən gənc ictimai müxbirisən. Məncə,2019-cu ildən bu qəzetin üzvü,2021 -ci ildən AJB-nin də üzvüsən…
—Sevindik ,mənə məlumdur ki,sən Vətən müharibəsi qurtarandan bu günə kimi vikipediyada565 şəhidimiz haqqında səhifə açaraq ,şəhidlərimiz qarşısında mənəvi borcunu yerinə yetirməklə onların ailələrinə dəstək olmusan.Onların təskinlik tapmalarına nail olduguna görə özünü xoşbəxt hesab etmisən….
–Əlbəttə,44 gün davam edib möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsinin ilk anlarından başladıgım və 11 aya yazdıgım kitabda işgaldan azad edilmiş,kəndlərimizə, şəhərllərimizə,yaşayış məntəqələrimizə,qəhrəman şəhidlərimizə,müzəffər Azərbaycan əsgərinə,qazi və mərd,qeyrətli döyüşçülərìmiz barədə şeirlər, məqalələr yazmaqla kütləvi tədbirlərdə bu mövzularda söylədiyim nitqləri ,şəhidlərimiz barədə vikipediyada acdıgım səhifələri müqəddəs Zəfərimizin ildönümündə – 2021-ci ildə”Möhtəşəm Zəfərin Nişanəsi”adı ilə 1 cild,708 səhifə olmaqla kitab halında çap etdirmişəm.Bu kitabı Şəhidlərimizin müqəddəs ruhuna hədiyyə olaraq respublikamuzin 60-dan çox rayonundakı şəhid ünvanlarına göndərmişəm.
Söhbət əsnasinda masanın üzərindəki yazılar diqqətimi cəlb etdi..
–Bunlar həmin kitabımın – 2ci cildinin davamıdır, -dedi …bu günkü qəhrəmanım
—Sevindik,sənin ədəbi-bədii yaradıcıllıq ugurlarını müntəzəm izlədiyimə görə səninlə görüşmək mənim üçün maraqlı idi.Və bu kitabının yüksək səviyyədə keçirilən təqdimatlarını sosial şəbəkələrdə izləmişəm…..

—Bu il Bakıda bəmin kitabımın təqdimatı F.b.Köçərli adına kitabxanada,Yasamal rayon müharibə veteranları birliyində,bölgələrin 7 rayonunun sakinlərinin iştirakı ilə Şəki şəhərində H.Əliyev mərkəzində şəhid ailələrinin və məktəbli gənclərin iştirakı ilə keçirildi.Təqdimatda respublikamızın tanınmış alimləri, şəhid valideynləri öz gözəl fikirllərini söyləmişlər….
—Sevindik sənin bitib tükənməyən ugurların hem bir müəllim kimi,həm bir jurnalist kimi,həm də bir sosial şəbəkələrin izləyicisi kimi məni ürəkdən sevindirir.Sən və sənin kimi bir neçə yaradicı gənc var ki,sizinlə fəxr edir və qürur hissi keçirirəm.(Guman ki, onlar haqda da növbəti yazılarim olacaq…)Bütün ugurlarında şübhəsiz ki, valideynlərinin də rolu böyükdür. Onlar haqda məlumat verə bilərsən ?
–Atam Əliyev Nəsib Salah oglu qeyd etdiyim kimi, Agcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur.ADU- nun hüquq fakultəsini bitirib .Uzun müddət daxili işlər orqanlarında çalişmışdır.Qarabag müharibəsi veterani istefada olan polkovnikdir.Hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Anam-Həsənova Vüsalə Saleh qızı Xocavənd rayonunun Muganlı kəndində anadan olmuşdùr tibb işçisidir….
Bacim Tərlan da ADU- nun hüqüq fakultesini bitirib….
Imtahanlarını müvəffəqiyyətlə verib, vakant yer olmadığından hazirda isləmir
–Ot kökü üstə bitər demiş babalar..Indi qətiyyətlə demək olar ki,istedadin geni məlum!!Atanın peşəsi ,Tərlanın da atanın yolunun davamçisi olması
senin mövqeyinin istiqamətini aydınlaşdırdı…
–Gələcəkdə şübhəsiz ki, ədəbi yaradıcılığınla yanaşi hansi sahəni seçməyi arzulayirsan?

–Ən böyük arzum diplomat olmaqdir…
Nəhayət,gələcəyin diplomatı olacaq gənc yazarımla müsahibəmi bitirirem……
–Sənə bütün istəklərinə çatmaqda yeni-yeni ugurlar arzulamaqla diplomat kimi növbəti görüşümüzədək sagollaşıram…

Söhbətləşdi: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL. QAYIT, GƏL…

ŞƏLALƏ CAMALIN YAZILARI

Qurban olum qayıt, gəl
Səni sevirəm hələ…
Boş – boşuna dalaşıb
Saf – çürüklük eləmə….
Mən həminki mənəm elə,
Dur gəl, çayın soyuyub
Dur gəl, təzə dəmləyim,
Gecə səhərə kimi
Danış, səni dinləyim.
Uşaqlıqdan bu yana
Nələr yaşamısan de,
Mən də elə belə də…
Günü günə satıram.
Bir gözüm saatdadır,
Bir gözüm də qapıda
Bax elə indicə
Bax elə bu saatca
Gələcəksən, bilirəm…
Bircə dəfə zəng etsən
Nömrəm də həminkidir.
Deyəsən ki, nə alım?
Aç qapını gəlirəm…
Vallah qapım da açıq
Hərdən külək də döyür
Elə bilirəm sənsən…
Bəs yaxşı, denən görüm,
Mən öləndə gələrsən?

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.

ŞƏLALƏ CAMALIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VƏTƏNİN XOŞBƏXT SA­BA­HI­NA İNAN HÜSEYN CAVİD. KAMAL CAMALOV

KAMAL CAMALOVUN YAZILARI

VƏTƏNİN XOŞBƏXT SA­BA­HI­NA İNAN HÜSEYN CAVİD

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qüdrətli sənətkar, humanist ideallar çarçısı, böyük söz ustadı, pedaqoji fikrin inkişafında müstəsna rolu olan Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümünün qeyd olunması ilə bağlı 24 sentyabr 2022-ci ildə Sərəncam imzalamışdır.

Vətən, vətənə sevgi, vətənə bağlı olmaq ideyası Hüseyn Cavidin həyatı və yaradıcılığında böyük önəm kəsb etmişdir. Vətənpərvər şair H.Cavid özünün məs­lək eşqinə, əqidəsinə müvafiq bütün həyatı və yaradıcılığı boyu izlədiyi vətən­pər­vər­lik ideyasını yeni forma, yeni məzmunla ifadə etmişdir. O, və­tən­pər­vər­lik haq­qın­da söy­lənilən fikirləri daha da zənginləşdirmiş, sözün əsl mənasında onu ən yüksək mər­hə­­ləyə qaldırmışdır. Hüseyn Cavidin vətənpərvərlik ideyası demokra­tizm nöqteyi-nə­zə­­rindən də düzgün istiqamətləndirilmişdir. Çünki o, həmişə ic­ti­mai mübarizədə məh­kum siniflərin tərəfində olmuş, onda zəhmətkeş siniflərə də­rin rəğbət, vətənin mü­­tərəqqi qüvvələrinə böyük inam, başqa xalqların mədəni nailiy­yətlərini yüksək qiymətləndirməklə yanaşı, istismarçılara, hakim siniflərə qarşı dərin nifrət hissi çox qüvvətli olmuşdur. Bu keyfiyyətlər arzu və ideallarının sinfi sə­ciy­yə­si­ni müəyyənləş­dir­­məkdə, vətənpərvərlik ideyasını aydınlaşdırmaqda rəhbər rol oynayan demok­ra­tizm təliminə uyğundur. Hüseyn Cavidin vətən­pər­vər qayəli əsərlə­ri­nin pedaqoji cə­hət­dən tədqiqi və təhlili sübut edir ki, onun və­tən­pərvərlik ide­ya­ları zorakılığa, is­tis­ma­ra, ədalətsizliyə, cəhalətə, nadanlığa qar­şı çevrilmiş, doğ­ma vətənin, xalqının ta­le­yi və həyatı ilə bağlı olan, sinfi səciyyə eti­ba­rilə mütərəq­qi məna da­şı­yan həqiqi və­tən­­pərvər duyğulardır.
H.Cavidin 1907 və 1917-ci illərdə «Vətən» mövzusuna müraciət etməsi məhz dövrün ictimai-siyasi hadisələri ilə bağlı idi. Bu şeir və əsərlərin mətbuatda dərc edilmə­si («Füyuzat», «Açıq söz», «Qardaş köməyi» və s.) onu sübut edir ki, şair-müəllim gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük əhə­miy­yət vermişdir. Onun vətənpərvərlik hissləri aşılayan əsərlərinin tədqiqi göstərir ki, vətənpərvərlik H.Cavidə görə gənc nəslin Vətənin tərəqqisinə, səadətinə, onun əmək­çi insanlarına, di­linə, mədəniyyətinə şüurlu sədaqət və məhəbbət, əgər lazım gələrsə canını belə və­tən uğrunda əsirgəməmək ruhunda tərbiyə olunmasından ibarətdir. Lakin o, əsər­lə­rin­də sadəcə tərənnüm yolu ilə getməmiş, bu müqəddəs his­sin mahiyyətini araşdırmaq, gənc nəslə çatdırmaq imkanlarını göstərmişdir. Odur ki, qarşıya belə bir təbii sual çı­xır: Bəs H.Cavid vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması işində hansı me­tod­lar­dan istifadə etmişdir?
H.Cavidin vətənpərvər ruhlu əsərlərinin pedaqoji cəhətdən tədqiqi və təh­li­li xalq şairinin vətənpərvərlik hissləri aşılayacaq əsərlər qarşısında qoyduğu müa­sir tələblərə tamamilə uyğun gəldiyini sübut edir.

Gülüşür pəmbə, al, bəyaz güllər,

Ötüşür hər tərəfdə bülbüllər.

Ninni söylər küçük sular xəndan,

Görünür hər tərəfdə bir orman.

Qarlı, qartallı bir yığın dağlar,

Ta uzaqlarda bəmbəyaz parlar.

…Burda qızğın günəş də pək munis

Gecələr büsbütün nədimeyi-hiss…

Hələ Kür nəhri başqa bir aləm!

Gecə mehtabə qarşı pək həmdəm

Yaxud:

Bən yetişdim atəşlə su

Öpüşdüyü bir ölkədən

mis­raları ilə başlayan şeirlərdə odlar diyarı Azərbaycan özünün zəngin təbiəti, dum­du­ru, göz yaşı kimi axan sərin bulaqları, qövsi-qüzeh, otları, çiçəkləri, gül­lə­ri, ağac­la­rı, nəhrlər, hətta kiçik suları,  gözəl ormanları, əməksevər insanları  ilə hər bir ye­ni­yet­mə və yaşlı oxucunun gözü qarşısında canlanır.
H.Cavidin «Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanə» şeiri gənclərin pedaqoji prinsipə əsaslanan vətənpərvərlik tərbiyəsinə xidmətin bariz nümunəsi­dir. Şair bu şeirdə hər bir namuslu şəxsi öz vətənini sevməyə, onu qorumağa ça­ğı­rır:

Mayeyi-iftixarı ər kişinin

Vətən uğrunda bəzli-himmətdir.

Lafə baqmazlar, iştə hər kişinin

İşi ayinəsində müsbətdir.

Qeyrət istər ki, can nisar edəlim,

Mədəniyyətlə iftixar edəlim.

Cavid o zamankı  vəziyyəti Azərbaycan üçün dözülməz sayırdı. O, vətən övladlarını ana vətənin tərəqqisi uğrunda çalışmağa, vüsət tapmağa dəvət edir. Vətənin mə­dəni, ictimai-siyasi inkişafdan geridə qalması (XIX əsrin axırları – XX əsrin əvvəl­lə­ri) və Azərbaycan xalqının məhkum bir millət halına düşməsini şair ağır dərd kimi qarşılayırdı. Vətən onun nəzərində «zəvalə uğramış», «böyük bəlalara düçar olmuş», «ayaq altında payimal olmuş», «dərmansız dərdə giriftar olmuş» kimi görünürdü. Əl­bət­tə, H.Cavidin «zavallı vətən» deməsi rus im­pe­ri­ya­sı­nın Azərbaycanda amansız su­rət­də apardığı mənfur milli siyasətdən doğurdu. Ümumiyyətlə, bütün türk qövmünə qar­şı Rusiya imperiyası pis nəzərlə baxır və «istər çeçen, istər tatar, hər ikisi bir şey­tan­dır. Hər ikisini də yer üzündən silmək gərəkdir. Tatar, türk, pers, çeçen və s. gə­rək­siz zir-zibillərin əlindən biz rus milləti çox qanlar udmuşuq. İndi böyük Rusiyada on­lardan ötrü yer yoxdur» – deyirdi. Buna rəğmən məktəblərimizin vəziyyəti olduqca ağır idi. Azərbaycanın hər bir guşəsində fəaliyyət göstərən milli məktəblərimiz ya qa­pa­dı­lır, ya da adı dəyişdirilərək «Rus-tatar» məktəbi adı altında təsis edilirdi. H.Cavid bu acınacaqlı vəziy­yət­dən bəhs edərək yazırdı: «Naxçıvan on beş il əvvəl cəhalət uy­qu­sun­dan dik­sin­mək ehtiyacını duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb tə­sis etdi, mər­hum Sidqi sayəsində çalışıb-çabalamağa həvəsləndi, gündən-günə arş irə­li!.. Hə­rəkət etməyə başladı. Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, mil­lətini sevərdi. Hər addım başında məşhur Napolyonun (dünyada olmaz-ol­maz) düs­turi-cəsuranəsi sərməşq (nümunə, örnək – K.C.) ittixaz (qəbul etmə, dərk etmə – K.C.) edilmişdi. Öyrənmək, bilmək, dev adamları ilə irəliləmək, əf­ka­ri (fikirlər – K.C.) milliyəyi aydınlatmaq ən birinci məqsəd sayılırdı. Bu hal beş-altı il qədər davam etdi. Sonra zavallı Sidqi getdi (ölümünə işarədir – K.C.), məktəbin məktəbliyi də onunla bərabər bitdi. Sonra nə oldu… Məktəb qapan­dı­mı? Xeyr, qapanmadı… Lakin nə zərər verdi, nə xeyir gətirdi. Zira qapansa idi, gö­zəl bir təhəssür, həzin bir arzu ru­hu oxşar idi, insanı məşğul edərdi. Məktəbin bu uyğunsuz yaşaması hər kəsi iy­rən­dirdi. Xalqa böyük bir dərd oldu.
Məktəbdə əvvəldən hökumət barmağı var idi (rus imperiyası nəzərdə tutu­lur – K.C.). Fəqət Sidqi dövründə əsla əl vurulmadı. O zavall sönər-sönməz istib­da­dın qara bulutları hər tərəfdən məktəbin üzərinə çökməyə başladı. İş büsbütün də­yiş­di. Nə­ha­yət işin sonu bir heçdən ibarət qaldı. İki-üç ay sonra qiraətxanə da fərağətxanəyə təb­dil etdi». H.Cavid vətənin bu dözülməz hala sa­lın­dığını görərək:

Bana gəl! Gəl bana, zavallı vətən!

Hiç unutmam səni bu halilə bən – deyirdi.

H.Cavid qeyd edir ki, hər bir vətənpərvər şəxs vətənin, xalqın azad, xoş gə­lə­­cəyi uğrunda fəal, ciddi mübarizə aparmalıdır. Onun məqsədi məhz vətən öv­lad­larından vətəni, xalqı müdafiə edən mərd, mübariz vətənpərvər yetişdirmək idi. Cavid qeyd edir ki, vətənimizə göz tikənlərə layiqincə cavab verən igid, qəh­rə­­man mübariz  oğullar az deyil. O, «Səyavuş» əsərində yazırdı:

Yurdumuzu çignəyən

Sayğısız hər kim olsa.

İnan ki, çoq sürmədən,

Diz çökəcək qarşıda.

Bizdə dəmir biləklər,

Çəlik qollar az deyil;

Saldırıcı, hünərvər

Mərd oğullar az deyil.

Bütün şüurlu fəaliyyətini ədəbi yaradıcılığa, şeirə, sənətə, maarifə, mək­tə­bə, tə­lim və tərbiyəyə həsr edən yüksək amallar sahibi H.Cavid istər doğma vətə­nin­də, istərsə də onun hüdudlarından kənarda olsa belə, doğma yurdunu ana ki­mi, ata kimi sev­miş, onun nəfəsiylə, oduyla isinmişdir. Şair vətən övladlarına de­yir ki, «bu vətən bir sevimli validədir». Hələ vətənimiz Azərbaycanda ulduz par­la­yanda, Qərb əhli ca­hil­lik dövrü keçirirdi. Bəs, necə oldu ki, indi Azərbaycan tənəzzülə uğra­dı!?

Ey vətən!Səndə parlayanda ziya

Büsbütün əhli-qərb cahilimiş.

Ştmdi bulmuş vüqu əksi-qəza,

Əcəba bu nasıl təqafilimiş?

Kim təsəvvür edərsə bu hali,

Varlığı hissdən olur xali.

H.Cavid bunun səbəbini nankor övladlarda, biganə, əhlikef ziyayılarda gö­rə­­rək bədbinləşirdi. Lakin gələcəyə nikbin gözlə baxan şair vətənin xoşbəxt sa­ba­hı­na inanır və bu inamını belə ifadə  edirdi:

Hər şita bir baharı mevcib olur,

Vardır  əmniyyətim bu hala bənim,

Yenə onlar ən əski halı bulur,

Heç maraq etmə, nazənin vətənim.

Vətəni sonsuz məhəbbətlə sevən, vətən eşqiylə alovlanan H.Cavid onun se­vin­cini öz sevinci, kədərini öz kədəri bilirdi. Hələ yaradıcılığının ilk çağlarında «Salik» təxəllüsü ilə yazdığı bir qəzəlində vətənə olan odlu məhəbbətini, alovlu sev­gisini poetik dildə belə izhar edirdi:

Olubdu qəlbimə hakim mənim məlali-vətən,

Başımda şur ilə məskən salıb xəyali-vətən.

Vətən, vətən deyərək hər diyara səs salıram.

Düşərmi bircə dilimdən mənim məqali-vətən?

Əgər sual edələr Salikin xəyalı nədir?

Deyin həqiqəti, ancaq olub məali-vətən.

H.Cavid qabaqcıl maarif xadimi kimi, xalqın maariflənməsi, cəhalətdən xi­las olması yollarını gənc nəsildə görür və gənclərdə axtararaq «Topal Teymur» əsə­rində fa­teh Teymurun dilindən xitabən qeyd edirdi: «Avropalıların dilləri başqa, yürəkləri da­ha başqadır. Hər halda məmləkətimiz as­lanlar yurdu, qartallar yuvası olaraq qal­ma­ma­lı. Bəlkə dünyada ən parlaq ma­arif və mədəniyyət ocağı, ən zəngin sənaye və ti­ca­rət mərkəzi olmalıdır. Əvət, qoy düş­manlarımız görsünlər ki, türk evladı yalnız ba­­sıb-kəs­məkdən deyil, yaşamaq və yaratmaqdan da zevq alır. Yalnız yaqıb-yıqmaq deyil, yap­maq və yaratmaq da bilir. Bununla bərabər yapdıqlarımız heç bir şey deyil. Bu, yal­nız mədəniyyətə doğ­ru bir adım, gələcək üçün bir başlanğıcdır. Bizim baş­la­dıq­la­rı­­mı­zı gələcək nə­sil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər üçün birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzə­rində möh­təşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək… ancaq yeni nəslə, an­caq sar­sılmaz gəncliyə aiddir».
Bütün böyük sənətkarlar kimi, H.Cavid üçün də həqiqətin ancaq bircə mə­nası var­­dır ki, bu da öz doğma xalqını azad, xoşbəxt və mədəni görmək, və­tə­nə xidmət et­mək arzusudur. Cavidin romantik qəlbi nəcib əməllərlə döyünürdü. Şair «ayaq altında pa­mal olmuş» vətənin dərdlərinə acıyır, dəhşətə gəlib belə fəryad qoparırdı:

Arkadaş, yoldaş! Ey vətəndaş, oyan!

Yatma artıq, yetər… Dəyişdi zaman;

… Çoq əzildin, yetər, ər oğlu, ər ol!

Çırpınıb çareyi-xilas ara, bul!

Şair bu imtahanın uzaqda olmadığını görür və inanırdı ki, hər hansı bir ye­nil­məz qüvvə meydana atılıb həyatda hökm sürən rəzalətlərə son qoyacaqdır.

Ey şanlı əmək ordusu, ey şanlı mübariz!

Çoqlar səni zənn etsə də aciz,

Sən yüksələcək, parlayacaq, parladacaqsın,

Hər qütbə şətarət qatacaqsın.

Hüseyn Cavidin əsərləri orta və ali məktəblərdə tədris edilir. Orta məktəbin tək­milləşdirilmiş proqramlarında onun əsərlərinin geniş yer tutması da vətən­pər­vər şairin  yaradıcılığına verilən yüksək qiymətdir.

Fikrimizi Hüseyn Cavid irsinin əbədi var olmasında tək səbəbkar ümumilli li­der Heydər Əliyevin fikri ilə tamamlamaq istəyirik. Ulu öndər Heydər Əliyev  Hü­seyn Cavid və Cavid irsi ilə bağlı  belə deyirdi: «Hüseyn Cavid XX əsrdə Azər­baycan ədə­­­biyyatının, mədəniyyətinin inkişaf etməsində mi­­­­silsiz xidmətlər göstərmişdir. Hü­seyn Cavid Azər­­­­baycan xalqını, onun mədəniyyətini, ədəbiyya­tı­­nı, elmini yüksəklərə qal­dıran böyük şəxsiy­yət­lər­dən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azər­bay­can xal­qının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hü­­seyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azər­baycan xalqının mə­də­niy­yə­ti­ni yüksəklərə qal­dır­maqdan, xalqımızı azad, müstəqil xalq etmək­dən ibarət olubdur. Onun bütün yaradıcılığı Azər­bay­can xalqını milli azadlığa, müstəqilliyə ça­ğı­rıb­dır. O, hə­mişə millətini, xalqını həddindən artıq sev­miş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur».

Müəllif:Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu,

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

KAMAL CAMALOVUN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şairlərə aldanan şair – Tanrıverdi Əliyev

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Şairlərə aldanan şair

Soyuq qış axşamı idi. Roterdam şəhərinə ağ-appaq qar yorğan kimi örtülmüşdü. Soyuqdan paltosuna bürünən Sorel Yakov depressiv halda evə qayıdırdı. Qulağında airpods, əlində siqaret ağlaya-ağlaya evə gedən Sorel istədiyi qız Lusianı düşünürdü. O, bütün yaradıcılığını Lusiaya həsr etmiş, ədəbiyyatın bütün növ, janr, vəzn və cərəyanlarında şeirlər yazmışdır. Sorel özü deyirdi ki, “fəlsəfənin mərkəzində insan dayanır və bütün fəlsəfi cərəyanlar o insanın problematikası üstündə cərəyan edir, mənim fəlsəfəmin mərkəzində isə Lusia dayanırdı”. Lakin, Lusiya Soreli sevmir, sevməməklə yanaşı onu insan yerinə qoyub, saymırdı. Roterdam universitetində Yakov Sorel şair kimi tanınırdı, Lusianın gözündə isə heçkim idi.

  Evinə çatan Sorel bir stəkan kofe dəmlədi və kofe içə-içə şeir yazmağa başladı. Yazdığı şeir əruz vəzninin vafir bəhrində olduğu üçün 5 saat onun üstündə işlədi,lakin sonuncu bəndi tamamlaya bilmədi. Həm ruh düşkünlüyü, həm zehni yorğunluqdan əziyyət çəkən gənc şair elə stolun üstündə də yuxuya getdi. Yuxuda olan zaman gözünün önünə mefistofel gəldi və Sorelin əlini qandalladı. Sorel mefistofeli görən kimi tanıdı. Dedi ki, sən Doktor Faustla görüşən mefistofel deyilsənmi ey şeytan?!

 Mefistofel Sorel Yakovun üzünə dərin baxışlarla baxdı və “Bəli” cavabını verdi. Ardınca dedi ki, “Sorel sən öz ruhunu Lusiyaya görə məhv etmisən, səni ilahi fəlsəfə və ədəbiyyat məhkəməsinə aparıram orda sən mühakimə olunmalısam!” Sorel səssiz qaldı, heçbir şey demədi. Bir müddət sonra məhkəməyə gəldilər. Məhkəmə Renessans ədəbiyyatının mərkəzi Florensiya şəhərində idi. Və məhkəmənin hakimi Şah İsmayıl Xətayi, köməkçiləri isə Viliyam Şekspir və Hafiz Şirazi idi. Məhkəmə zalında isə həm şərq intibahı həm qərb renesansının ədibləri eyni zamanda fəlsəfi cərəyanların ataları əyləşmişdilər. Bunlardan ən önəmlisi Cəlaləddin Rumi, Soren Kyerkeqor, Aristotel, Konfutsi və.s dahilər var idi. Məhkəmə başladı.

Hafiz Şirazi ayağa qalxdı və söylədi :

Müddəhim bildiyimiz kimi gənc şairdir və rəngarəng şeirlər yazıb, yaradır, lakin o öz şeirlərini Tanrıya deyil, öz istədiyi qıza edir. Söz yox kimə vəsf edir, etsin. Lakin, onun sevdiyi qız onu sevmir. Məhz bitərəf məhəbbətə görə iztirab çəkib, şeir yazmaq dəyməz. Təklif edirəm ki, Sorelin əlindən şairlik məqamını alaq!

Hafizin çıxışından sonra Şekspir danışmağa başlayır. O, söyləyir ki, Sorelin əlindən şairlik məqamını almaq lazım deyil, lakin sevgi bucağını dəyişmək lazımdır. Getsin daşı- divarı sevsin, lakin Lusiadan əl çəksin.

Yerdən məsələyə Məhəmməd Füzuli müdaxilə edir. O qeyd edir ki, heç kimin əlindən şairlik məqamını almaq mümkün deyil, ey Hafiz və heç kimin sevgisini dəyişmək mümkün deyil, ey Şekspir. Vaxtında mənə də dəli deyirdilər və cavab olaraq mən belə əsər yazdım:

Füzuli rindü-şeydadır xəlqə həmişə rüsfadır,

Sorun ki, bu nə sevdadır, bu sevdadan uzanmazmı?!

Məhkəmə zalında Leonardo Da Vinçi Füzulinin sözünü ayaq üstə alqışladı, lakin Sorelə üz tutub söylədi ki, “oğlum mümkün olmayan şeyi arzulama”.

Sorel Hafizə üz tutub dedi ki, ustad vaxtında sən bir Şiraz gözəli üçün Səmərqəndi və Buxaranı qurban verirdin, nə oldu?!

Əgər on tork-e şirazi bedǝst ared del-e mara

Bexal-e hinduyǝş baxşəm Səmərqəndu Buxarara.

Sən Şiraz gözəlinə şərqin iki böyük şəhərini bağışlayırsan, ancaq mənim sevgimə qarşı çıxırsan.

 Bu sözdən sonra Hafiz Şirazi bir söz demədi.

Sorel üzünü Şekspirə tutub dedi, ey şair bəs sən?! 66-cı sonetdə yazırsan ki,

Ölüm istəyirəm çarə budur bax

Səni tək qoymağa qorxuram ancaq

Sən öz sevdiyini tək qoymamaq üçün ölümdən imtina edirsən? Niyə izin vermirsən mən də belə eşqi Luisa ilə yaşayım?!

 Şekspir gözündən yaşı silərək üzünü dekadentist Aleksandr Bloka və absurdist Kamyuya tutdu.

 Kamyu dedi ki, “sənin sevgin mənasızdır, Lusia səni sevmir. Yadda saxla sənin onun üçün ölüb, ölməməyinin Lusiaya heç bir təsiri yoxdur, o yenə öz həyatını yaşayacaq.

Blok da Kamyunu təstiqlədi və söylədi ki, Sorel sənin dostun Tanrıdır, ondan qardaşyana məsləhət al, ancaq sənə bir söz deyim sənin problemin həll olası deyil, tək çarə ölümdür, lakin Lusiaya üçün yox, eşq əzabından qurtulmaq üçün öl!

Xətayi Blokun sözünü qəbul eləmədi. Dedi ki, vaxtında mən Taclıya deyirdim ki,

Qızılgül bağı-bustanım nə dersən

Fəda olsun sənə canım nə desən?!

Biz aşiqlərin fitrətində yarımız üçün canımızdan keçmək var, o bizi saysa da saymasa da.

Məhkəmə də aləm bir-birinə dəyir. Hər bir alim, filosof, ədib öz cərəyanını müdafiə edir. Cəlaləddin Rumi deyir ki, Sorel, sən Tanrıya görə sev, çünki hər bir yaranmış Tanrıdan qopan nişanədir. Nəsimi Rumiyə təstiq olaraq deyir ki, Sorel əslində nə sən varsan nə də Lusiaya, siz ikiniz də Tanrını aşkar etmək üçün yaranmışlarsınız, sən isə Lusiyaya bağlanmısan. Olmaz. Sən Tanrıda fənafillah olub, vəhdətə qovuşmalısan, Lusiyanın ruhunda yox.

Mən o vaxtı demişdim:

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,

Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.

Yerdən Benedik Spinoza Nəsimiyə təstiq olaraq fikrini bildirir. Daha sonra Puşkin çıxış edir. Deyir ki, ay Sorel özün bilirsən ki, qəlblə beyin qum saatı kimidi, məhəbbət qəlbə dolanda baş boşalır, gəl ağlını başına yığ, qardaş…

 Sözü Lermontov kəsir. Deyir ki, Sorel, hörmətin müəyyən hüdudu olur, məhəbbətin isə hüdudu yoxdur. Sən hüdudlu olan dünyada hüdudsuz bir şeyi necə sevirsən?!

Sözü Aristotel tamamlayır. Deyir, ey balaca Yakov, xoşbəxtliyi bu məhdud dünyada və məhdud ömürlü olan insanlarda axtarma…

Emmanuel Kant Aristoteli təstiq edir, deyir. Əxlaq. Əxlaq. Əxlaq. Əsas məsələ budur! Sorel sən çalışmalısan ki, əxlaqlı olasan, öz əxlaqın ilə kamillik səviyyəsinə çatasan, bəlkə hansısa əxlaqsız bir hərəkət etmisən deyə Lusiyanın səndən zəhləsi gedir?! Ona görə əxlaqlı ol, ilk öncə özünün etikasını və estetikasını düşün. Etikan gözəl olsa, estetikan gözəl olar.

Məsələyə Füzuli müdaxilə edir və Kantı bu sözlərlə təstiq edir. “Gözəllik olmasa,eşqin mənası yoxdur. Eşq olmasa gözəlliyin mənası yoxdur.

Sorel yavaş-yavaş bu çaxnaşmaya əsəbləşir. Lakin, sözünü deyə bilmir.

Şəms Təbrizi ayağa qalxaraq buyurur ki,” Aşiq odur ki, Allahdan aldığı eşq əmanətini Allaha qaytarar “. Və eşq yolu ilə Allahda əriyər. Mürşidim Sorel, sən gərək Allaha məvəddət et! Onun ruhunda vahid ol. Lusiyada yox. Çünki sən və Lusiya Allahın müqəddəs ruhundan gəlmisiniz və Allaha da geri dönüb ruhları təhvil verəcəksiniz. Sən Lusiyadan aslı deyilsən, Tanrıdan aslısan.

Təbrizinin sözünə Soren Kyerkoqard müsbət rəy bildirir o deyir ki, mən Təbrizlinin sufi fəlsəfəsini bilmirəm, lakin mən öz eksiztensializm fəlsəfəmə görə deyə bilərəm ki, sən Tanrıya aşiq olsan, azad olarsan, Lusiyaya aşiq olsan dustaq olarsan. Azadlıq Tanrının yaratdığı muxtariyyət daxilindədir və sən o muxtariyyəti aşsan, başqasının azadlığını əlindən alarsan. Bu Tanrının qoyduğu qanundur, Lusiyanın yox, sən ondan aslı deyilsən!

Məhkəmədə bir anlıq səssizlik olur. Dante Algeyri və Nizami Gəncəvi danışmağa başlayırlar.

Nizami deyir ki, Sorel, sən Lusiyanın xarici görünüşünə vurulmusan. Şekspirin dediyi kimi, xoşunuza gələn görünüşdə olan insana təsəvvürünüzəki xasiyyətləri yükləyirsiniz elə bilirsiniz ki, aşiqsiz. Halbuki, sən aşiq deyilsən, sən sadecə bağlanmısan. Sən Lusiyanın xasiyyətinə bələ olsan, onu sevməzsən. Ümumiyyətlə, məhəbbət saf birşeyə yapışır, sən də Lusiyanı öz beynində saflaşdırmısan. Qınamıram! Çünki bu xasiyyətin Allahdan gəlir. Sən Allahı saf olduğu üçün bütöv qəbul edirsən, Lusiyanı da elə qəbul etmək istəyirsən.

Yadda saxla.

Aldanma insanın gözəlliyinə

Gözəllik insanın daxilindədir.

Nizami yerinə əyləşdi və Dante ayağa qalxdı və nitqə başladı :

Sorel, oğlum sən Lusiyanı ilahiləşdirdin! Az qala ona Allah deyəsən. Ona görə də Allah onu sənin əlindən aldı və elə bir hala gətirdi ki, sevdiyin insan sənə nifrətlə baxır. Sənin bütpərəstlərdən fərqin yoxdur! Sadecə bir fərqin var onlar 1000 bütə sitayiş edirlər, sən 1 bütə. Ehtiyyatlı ol, Allahı Allah,Lusiyanı insan kimi qəbul et! Allaha olan eşqin ilə Lusiyaya olan məhəbbəti ayır!

Məhkəmə zalında iştirakçılar razılığa gəlirlər ki, Sorel Yakov tədricən Lusiyanı unutsun! Lakin, şeir yazmağa davam etsin. Bir tək irrasionalistlər bu fikirlə razı olmurlar. Onlar deyirlər ki, qəlb beyin deyil ki, bir şeyi ora yerləşdirəsən,ona uyğun hərəkət edəsən.

Sonda Sorel əsəbi halda ayağa qalxır və möhkəm səslə monoloqa başlayır.

Siz bütün ədiblər hamınız yalançısınız! İşiniz gücünüz bizi aldatmaqdır, özünüz yaşaya bilmədiyiniz sevgini optimist olaraq əsərlərə yazırsınız və bizə ümid verirsiniz! Biriniz sevgini ilahi formada tanıdırsınız, biriniz eşqi beyindən ayırırsınız, hələ sürreallara bax, realistlərdən üst baxırlar guya. Romantiklər ümumiyyətlə danışılası deyil. Aralarında normal olan realistlərdi, lakin onlar da çox vaxt ağını çıxardırlar. Siz filosoflar hamınız sevginin necəliyini izah edirsiniz. Heç birinizin savadınız çatmadı ki, izah edəsiniz ki, kimi sevək?!

 Mənim bu günə qalmağımın səbəbkarı sizlərsiz. Siz şairlər bu gənc şairi öz kitablarınızla aldatdınız! Elə deyilmi  Servantes?! Sən bunu yaxşı bilirsən. Don Alonso cəngavər kitablarının hesabına Don  Kixot olmadımı?!

 Mən də sizin əsərləri oxudum bir gün özümü Romeo kimi , bir gün də Məcnun kimi hiss elədim. Ümidlərim var idi ki, Lusiyam da ya Leyli ya da Cüliyyetta olar. Lakin, olmadı… Siz söz ustadları mənim psixologiyamı alt-üst etdiniz.

Sorel dərin nəfəs alır və monoloquni bitirir. İki dəqiqə hamı sakit qalır, heçkim danışmır. Sonra hakim Xətayi, Sorelə üzünü tutub deyir ki, Sorel, bəlkə sən də hər hansısa bir ədibin qələmindən axan bir mürəkkəbin məhsulusan?!

  Sorel qəfil gözünü açır və yuxudan dik atılır. Saat 6:35-idi. Əl – üzünü yuyur, soyuq su içir. Şeirini tamamlayır və yuxuda gördüyü məhkəməni qələmə almağa başlayır. Xətayinin dediyi söz Sorelə təsir etmişdi və o söz gənc şairin həyatında geri dönüş nöqtəsi etdi, Sorel özü üstündə çalışmağa başladı və püxtələşmiş şair oldu. Kim bilir bəlkə Xətayi o sözü Sorelə bilərəkdən dedi…

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru