Şairlərə aldanan şair – Tanrıverdi Əliyev

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Şairlərə aldanan şair

Soyuq qış axşamı idi. Roterdam şəhərinə ağ-appaq qar yorğan kimi örtülmüşdü. Soyuqdan paltosuna bürünən Sorel Yakov depressiv halda evə qayıdırdı. Qulağında airpods, əlində siqaret ağlaya-ağlaya evə gedən Sorel istədiyi qız Lusianı düşünürdü. O, bütün yaradıcılığını Lusiaya həsr etmiş, ədəbiyyatın bütün növ, janr, vəzn və cərəyanlarında şeirlər yazmışdır. Sorel özü deyirdi ki, “fəlsəfənin mərkəzində insan dayanır və bütün fəlsəfi cərəyanlar o insanın problematikası üstündə cərəyan edir, mənim fəlsəfəmin mərkəzində isə Lusia dayanırdı”. Lakin, Lusiya Soreli sevmir, sevməməklə yanaşı onu insan yerinə qoyub, saymırdı. Roterdam universitetində Yakov Sorel şair kimi tanınırdı, Lusianın gözündə isə heçkim idi.

  Evinə çatan Sorel bir stəkan kofe dəmlədi və kofe içə-içə şeir yazmağa başladı. Yazdığı şeir əruz vəzninin vafir bəhrində olduğu üçün 5 saat onun üstündə işlədi,lakin sonuncu bəndi tamamlaya bilmədi. Həm ruh düşkünlüyü, həm zehni yorğunluqdan əziyyət çəkən gənc şair elə stolun üstündə də yuxuya getdi. Yuxuda olan zaman gözünün önünə mefistofel gəldi və Sorelin əlini qandalladı. Sorel mefistofeli görən kimi tanıdı. Dedi ki, sən Doktor Faustla görüşən mefistofel deyilsənmi ey şeytan?!

 Mefistofel Sorel Yakovun üzünə dərin baxışlarla baxdı və “Bəli” cavabını verdi. Ardınca dedi ki, “Sorel sən öz ruhunu Lusiyaya görə məhv etmisən, səni ilahi fəlsəfə və ədəbiyyat məhkəməsinə aparıram orda sən mühakimə olunmalısam!” Sorel səssiz qaldı, heçbir şey demədi. Bir müddət sonra məhkəməyə gəldilər. Məhkəmə Renessans ədəbiyyatının mərkəzi Florensiya şəhərində idi. Və məhkəmənin hakimi Şah İsmayıl Xətayi, köməkçiləri isə Viliyam Şekspir və Hafiz Şirazi idi. Məhkəmə zalında isə həm şərq intibahı həm qərb renesansının ədibləri eyni zamanda fəlsəfi cərəyanların ataları əyləşmişdilər. Bunlardan ən önəmlisi Cəlaləddin Rumi, Soren Kyerkeqor, Aristotel, Konfutsi və.s dahilər var idi. Məhkəmə başladı.

Hafiz Şirazi ayağa qalxdı və söylədi :

Müddəhim bildiyimiz kimi gənc şairdir və rəngarəng şeirlər yazıb, yaradır, lakin o öz şeirlərini Tanrıya deyil, öz istədiyi qıza edir. Söz yox kimə vəsf edir, etsin. Lakin, onun sevdiyi qız onu sevmir. Məhz bitərəf məhəbbətə görə iztirab çəkib, şeir yazmaq dəyməz. Təklif edirəm ki, Sorelin əlindən şairlik məqamını alaq!

Hafizin çıxışından sonra Şekspir danışmağa başlayır. O, söyləyir ki, Sorelin əlindən şairlik məqamını almaq lazım deyil, lakin sevgi bucağını dəyişmək lazımdır. Getsin daşı- divarı sevsin, lakin Lusiadan əl çəksin.

Yerdən məsələyə Məhəmməd Füzuli müdaxilə edir. O qeyd edir ki, heç kimin əlindən şairlik məqamını almaq mümkün deyil, ey Hafiz və heç kimin sevgisini dəyişmək mümkün deyil, ey Şekspir. Vaxtında mənə də dəli deyirdilər və cavab olaraq mən belə əsər yazdım:

Füzuli rindü-şeydadır xəlqə həmişə rüsfadır,

Sorun ki, bu nə sevdadır, bu sevdadan uzanmazmı?!

Məhkəmə zalında Leonardo Da Vinçi Füzulinin sözünü ayaq üstə alqışladı, lakin Sorelə üz tutub söylədi ki, “oğlum mümkün olmayan şeyi arzulama”.

Sorel Hafizə üz tutub dedi ki, ustad vaxtında sən bir Şiraz gözəli üçün Səmərqəndi və Buxaranı qurban verirdin, nə oldu?!

Əgər on tork-e şirazi bedǝst ared del-e mara

Bexal-e hinduyǝş baxşəm Səmərqəndu Buxarara.

Sən Şiraz gözəlinə şərqin iki böyük şəhərini bağışlayırsan, ancaq mənim sevgimə qarşı çıxırsan.

 Bu sözdən sonra Hafiz Şirazi bir söz demədi.

Sorel üzünü Şekspirə tutub dedi, ey şair bəs sən?! 66-cı sonetdə yazırsan ki,

Ölüm istəyirəm çarə budur bax

Səni tək qoymağa qorxuram ancaq

Sən öz sevdiyini tək qoymamaq üçün ölümdən imtina edirsən? Niyə izin vermirsən mən də belə eşqi Luisa ilə yaşayım?!

 Şekspir gözündən yaşı silərək üzünü dekadentist Aleksandr Bloka və absurdist Kamyuya tutdu.

 Kamyu dedi ki, “sənin sevgin mənasızdır, Lusia səni sevmir. Yadda saxla sənin onun üçün ölüb, ölməməyinin Lusiaya heç bir təsiri yoxdur, o yenə öz həyatını yaşayacaq.

Blok da Kamyunu təstiqlədi və söylədi ki, Sorel sənin dostun Tanrıdır, ondan qardaşyana məsləhət al, ancaq sənə bir söz deyim sənin problemin həll olası deyil, tək çarə ölümdür, lakin Lusiaya üçün yox, eşq əzabından qurtulmaq üçün öl!

Xətayi Blokun sözünü qəbul eləmədi. Dedi ki, vaxtında mən Taclıya deyirdim ki,

Qızılgül bağı-bustanım nə dersən

Fəda olsun sənə canım nə desən?!

Biz aşiqlərin fitrətində yarımız üçün canımızdan keçmək var, o bizi saysa da saymasa da.

Məhkəmə də aləm bir-birinə dəyir. Hər bir alim, filosof, ədib öz cərəyanını müdafiə edir. Cəlaləddin Rumi deyir ki, Sorel, sən Tanrıya görə sev, çünki hər bir yaranmış Tanrıdan qopan nişanədir. Nəsimi Rumiyə təstiq olaraq deyir ki, Sorel əslində nə sən varsan nə də Lusiaya, siz ikiniz də Tanrını aşkar etmək üçün yaranmışlarsınız, sən isə Lusiyaya bağlanmısan. Olmaz. Sən Tanrıda fənafillah olub, vəhdətə qovuşmalısan, Lusiyanın ruhunda yox.

Mən o vaxtı demişdim:

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,

Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.

Yerdən Benedik Spinoza Nəsimiyə təstiq olaraq fikrini bildirir. Daha sonra Puşkin çıxış edir. Deyir ki, ay Sorel özün bilirsən ki, qəlblə beyin qum saatı kimidi, məhəbbət qəlbə dolanda baş boşalır, gəl ağlını başına yığ, qardaş…

 Sözü Lermontov kəsir. Deyir ki, Sorel, hörmətin müəyyən hüdudu olur, məhəbbətin isə hüdudu yoxdur. Sən hüdudlu olan dünyada hüdudsuz bir şeyi necə sevirsən?!

Sözü Aristotel tamamlayır. Deyir, ey balaca Yakov, xoşbəxtliyi bu məhdud dünyada və məhdud ömürlü olan insanlarda axtarma…

Emmanuel Kant Aristoteli təstiq edir, deyir. Əxlaq. Əxlaq. Əxlaq. Əsas məsələ budur! Sorel sən çalışmalısan ki, əxlaqlı olasan, öz əxlaqın ilə kamillik səviyyəsinə çatasan, bəlkə hansısa əxlaqsız bir hərəkət etmisən deyə Lusiyanın səndən zəhləsi gedir?! Ona görə əxlaqlı ol, ilk öncə özünün etikasını və estetikasını düşün. Etikan gözəl olsa, estetikan gözəl olar.

Məsələyə Füzuli müdaxilə edir və Kantı bu sözlərlə təstiq edir. “Gözəllik olmasa,eşqin mənası yoxdur. Eşq olmasa gözəlliyin mənası yoxdur.

Sorel yavaş-yavaş bu çaxnaşmaya əsəbləşir. Lakin, sözünü deyə bilmir.

Şəms Təbrizi ayağa qalxaraq buyurur ki,” Aşiq odur ki, Allahdan aldığı eşq əmanətini Allaha qaytarar “. Və eşq yolu ilə Allahda əriyər. Mürşidim Sorel, sən gərək Allaha məvəddət et! Onun ruhunda vahid ol. Lusiyada yox. Çünki sən və Lusiya Allahın müqəddəs ruhundan gəlmisiniz və Allaha da geri dönüb ruhları təhvil verəcəksiniz. Sən Lusiyadan aslı deyilsən, Tanrıdan aslısan.

Təbrizinin sözünə Soren Kyerkoqard müsbət rəy bildirir o deyir ki, mən Təbrizlinin sufi fəlsəfəsini bilmirəm, lakin mən öz eksiztensializm fəlsəfəmə görə deyə bilərəm ki, sən Tanrıya aşiq olsan, azad olarsan, Lusiyaya aşiq olsan dustaq olarsan. Azadlıq Tanrının yaratdığı muxtariyyət daxilindədir və sən o muxtariyyəti aşsan, başqasının azadlığını əlindən alarsan. Bu Tanrının qoyduğu qanundur, Lusiyanın yox, sən ondan aslı deyilsən!

Məhkəmədə bir anlıq səssizlik olur. Dante Algeyri və Nizami Gəncəvi danışmağa başlayırlar.

Nizami deyir ki, Sorel, sən Lusiyanın xarici görünüşünə vurulmusan. Şekspirin dediyi kimi, xoşunuza gələn görünüşdə olan insana təsəvvürünüzəki xasiyyətləri yükləyirsiniz elə bilirsiniz ki, aşiqsiz. Halbuki, sən aşiq deyilsən, sən sadecə bağlanmısan. Sən Lusiyanın xasiyyətinə bələ olsan, onu sevməzsən. Ümumiyyətlə, məhəbbət saf birşeyə yapışır, sən də Lusiyanı öz beynində saflaşdırmısan. Qınamıram! Çünki bu xasiyyətin Allahdan gəlir. Sən Allahı saf olduğu üçün bütöv qəbul edirsən, Lusiyanı da elə qəbul etmək istəyirsən.

Yadda saxla.

Aldanma insanın gözəlliyinə

Gözəllik insanın daxilindədir.

Nizami yerinə əyləşdi və Dante ayağa qalxdı və nitqə başladı :

Sorel, oğlum sən Lusiyanı ilahiləşdirdin! Az qala ona Allah deyəsən. Ona görə də Allah onu sənin əlindən aldı və elə bir hala gətirdi ki, sevdiyin insan sənə nifrətlə baxır. Sənin bütpərəstlərdən fərqin yoxdur! Sadecə bir fərqin var onlar 1000 bütə sitayiş edirlər, sən 1 bütə. Ehtiyyatlı ol, Allahı Allah,Lusiyanı insan kimi qəbul et! Allaha olan eşqin ilə Lusiyaya olan məhəbbəti ayır!

Məhkəmə zalında iştirakçılar razılığa gəlirlər ki, Sorel Yakov tədricən Lusiyanı unutsun! Lakin, şeir yazmağa davam etsin. Bir tək irrasionalistlər bu fikirlə razı olmurlar. Onlar deyirlər ki, qəlb beyin deyil ki, bir şeyi ora yerləşdirəsən,ona uyğun hərəkət edəsən.

Sonda Sorel əsəbi halda ayağa qalxır və möhkəm səslə monoloqa başlayır.

Siz bütün ədiblər hamınız yalançısınız! İşiniz gücünüz bizi aldatmaqdır, özünüz yaşaya bilmədiyiniz sevgini optimist olaraq əsərlərə yazırsınız və bizə ümid verirsiniz! Biriniz sevgini ilahi formada tanıdırsınız, biriniz eşqi beyindən ayırırsınız, hələ sürreallara bax, realistlərdən üst baxırlar guya. Romantiklər ümumiyyətlə danışılası deyil. Aralarında normal olan realistlərdi, lakin onlar da çox vaxt ağını çıxardırlar. Siz filosoflar hamınız sevginin necəliyini izah edirsiniz. Heç birinizin savadınız çatmadı ki, izah edəsiniz ki, kimi sevək?!

 Mənim bu günə qalmağımın səbəbkarı sizlərsiz. Siz şairlər bu gənc şairi öz kitablarınızla aldatdınız! Elə deyilmi  Servantes?! Sən bunu yaxşı bilirsən. Don Alonso cəngavər kitablarının hesabına Don  Kixot olmadımı?!

 Mən də sizin əsərləri oxudum bir gün özümü Romeo kimi , bir gün də Məcnun kimi hiss elədim. Ümidlərim var idi ki, Lusiyam da ya Leyli ya da Cüliyyetta olar. Lakin, olmadı… Siz söz ustadları mənim psixologiyamı alt-üst etdiniz.

Sorel dərin nəfəs alır və monoloquni bitirir. İki dəqiqə hamı sakit qalır, heçkim danışmır. Sonra hakim Xətayi, Sorelə üzünü tutub deyir ki, Sorel, bəlkə sən də hər hansısa bir ədibin qələmindən axan bir mürəkkəbin məhsulusan?!

  Sorel qəfil gözünü açır və yuxudan dik atılır. Saat 6:35-idi. Əl – üzünü yuyur, soyuq su içir. Şeirini tamamlayır və yuxuda gördüyü məhkəməni qələmə almağa başlayır. Xətayinin dediyi söz Sorelə təsir etmişdi və o söz gənc şairin həyatında geri dönüş nöqtəsi etdi, Sorel özü üstündə çalışmağa başladı və püxtələşmiş şair oldu. Kim bilir bəlkə Xətayi o sözü Sorelə bilərəkdən dedi…

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir