Bu gün juranalımızın redaksiya heyətinin üzvü, tanınmış şair, hörmətli alim, professor Mahirə Nağıqızının (Hüseynova) doğum günüdür! Şad günü münasibəti ilə Mahirə xanımı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun) filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin mayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, dolğun nəticələr əldə etmişdir. Dissertasiya işi müzakirələrdən uğurla çıxaraq müdafiəyə təqdim olunmuşdur. Mahirə Nağı qızı Hüseynova (Nağıyeva) 2017-ci il 2 mayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yüksək səviyyədə müdafiə etmiş və 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2018-2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı olmuşdur. Təhsil nazirinin müvafiq əmri ilə 2021-ci ilin aprelindən etibarən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunmuşdur
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru