Təranə Məmməd. İlk məhəbbət həsrəti.

TƏRANƏ MƏMMƏD

İlk məhəbbət həsrəti

Bayram günlərində telefonuma gələn təbrikdə çox söz yazılmır. Yazılan sözlərdən biri məni həmişə çox duyğulandırır. “Əzizim” sözü. Hər dəfə də “Əzizim, səni təbrik edirəm!” – yazılır. Bu sözə görə bütün bayramları sevir və səbirsizliklə gözləyirəm. Hətta hərdən bayramların sayının az olduğuna təəssüflənirəm. Yaxşı ki, yaşım çoxdur və Sovet dövrünün bayramları da yadımdadır. Məni təbrik edən adam da o dövrün nümayəndəsi olduğu üçün, bir də görürsən artıq təqvimimizdən çoxdan silinmiş bayramları da yada salır. Yada salır dedim, yadıma bir əhvalat düşdü. Elə həmin bu “əzizim” kəlməsini mənə hər bayram ərmağan edən insanla əlaqəli.

Özüm-özümü tərifləməyim, amma bir qədər qəribə görünsə də, deməliyəm ki, cavanlıqda çox gözəl və Bakıda ən yaxşı geyinən qızlardan idim. Valideynlərim tez-tez xarici səfərlərdə olur və oradan mənə son dəbdə olan geyimlər gətirirdilər.

Biz şəhərin düz mərkəzində, bizdən bir qədər aralıda da uzaq qohumumuz, Solmaz xalamgil yaşayırdı. Qohumumuzun Sahib adlı bir nəvəsi də var idi. Bu hündür boylu, enlikürək oğlan özündən o qədər razı idi ki, sanki Bakıda bundan yaraşıqlı, bundan ağıllı, bundan bacarıqlı ikinci adam yox idi. Anam da, rəfiqəm də bilirdilər ki, mən bu oğlana aşiqəm. Bu boyda şəhərdə gözüm ondan başqa bir adamı görmürdü. Mənə yaxınlaşan hər kəsdə məhz onun cizgilərini axtarır, ona oxşarlıq gəzirdim. Bunu o özü də hiss edirdi. Məni görəndə danışıb-gülər, mənimlə zarafat edər, amma yaxınlığa doğru bir addım da atmazdı. O qədər ciddi oğlan idi ki, onun zarafatı da, gülüşü də mənə qəribə gəlirdi.

Mənim ona olan münasibətimi hamıdan yaxşı rəfiqəm bilirdi. Bilirdi ki, onu görəndə əllərim əsir, özümü itirirəm. Hər dəfə Sahibdən danışanda deyirdi: Sən də qəribə qızsan ee. Bir addım at da! O nə bilsin ki, sən onu sevirsən?

Ancaq mən həmişə susur və necə deyərlər “yarımı pünhyanı sevirdim”. Sahib mənim ilk məhəbbətim idi. İlk məhəbbbətin adətən uğursuz olduğu haqda kitablarda çox oxumuşdum, ancaq nə zamansa roman qəhrəmanları kimi gizli bir eşq yaşayıb, sonra ömrüm boyu əziyyət çəkəcəyimi güman edə bilməzdim.

İsti yay günlərindən biri idi. Qaynar şualarını Bakının küçələrinə örpək kimi sərən günəşin istisi nəinki insanları yandırır, hətta küçənin asfaltını əridirdi. Rəfiqəmlə dərsdən çıxıb bizə gəldik. Evimiz nisbətən sərin idi. Bir qədər dincəldikdən sonra rəfiqəm üzünü mənə tutub gözlərini qıydı və:

– Sən o yaraşıqlının telefon nömrəsini bilirsən?- deyə soruşdu.

– Nə yaraşıqlı? – deyə mən rəfiqəmin kimi nəzərdə tutduğunu dərhal anlayıb soruşdum.

– Güya bu şəhərdə ikinci yaraşıqlı var sənin aləmində? – deyə rəfiqəm zarafat etdi.

– Neynirsən onun telefon nömrəsini?

– Zəng edib deyəcəm ki, sənin dərdindən burada saralıb solan var.

– Dəlisən?!

– Niyə dəli oluram? Qoy bilsin də. Bəlkə bir reaksiyası olar o daş ürəklinin.

– Yox. Lazım deyil.

– Ver görüm onun nömrəsini. Mən bilirəm nə edəcəyimi.

– Nömrəni tapıb verərəm, amma mənim adımı çəksən səndən ömürlük inciyərəm.

– Yaxşı. Söz verirəm sənin adın olmayacaq, amma onunla bir zarafat etməliyəm…

O vaxt mobil telefonlar yox idi. Mən telefon kitabçasından Sahibin iş telefonunun nömrəsini tapıb rəfiqəmə verdim. Qız elə bunu gözləyirmiş kimi dəstəyi götürüb nömrəni yığdı.

Xəttin o biri başından “Allo” deyən ecazkar səsi o dəqiqə tanıdım. Qeyri-ixtiyarən əllərim əsdi. Mənə elə gəldi ki , o, bizi burada, bax elə bu otaqda görür. Mən əllərimlə üzümü tutub kənara çəkildim. Rəfiqəm əvvəllər heç vaxt onda sezmədiyim aktyorluq istedadını işə salıb salamlaşdı:

– Bağışlayın, nömrəni səhv yığmışam, – dedi.

Düşündüm ki, söhbət elə bu iki kəlmə ilə də bitəcək, lakin belə olmadı. İllər boyu gizlicə həsrətini çəkdiyim oğlan elə həmin ecazkar səsə bir qədər də nəvaziş qatıb:

– Buyurun, xanım. Siz hansı nömrəni yığırdınız ki? – deyə soruşdu.

Rəfiqəm kənarda həyəcandan əsdiyimi görüb gülümsədi və ağlına ilk gələn bir nömrəni dedi.

Xəttin o biri başında səslənən gülüşü eşidəndə həm təəccübləndim, həm də əsəbiləşdim. Bu azmış kimi, mənim idealım olan Sahib qır saqqız olub yapışdı rəfiqəmdən.

“Xanım, nə gözəl səsiniz var”, “yəqin özünüz daha gözəlsiniz”, “ sizi görmək istəyərdim” və sairə bu kimi ifadələri işlədərək rəfiqəmdən əl çəkmirdi.

Rəfiqəm də öz roluna necə məharətlə girmişdisə, heç çıxmaq fikri yox idi. O, gülərək nazla “Olar! Gəlin elə bu gün görüşək!” – deyəndə sanki ürəyim yerindən tərpəndi.

– Harda? Necə? – deyə Sahib sevincək soruşdu.

– Bu gün “Azərbaycan” kinoteatrının qarşısında. Axşam saat 7-də.

– Əla. Mənə çox uyğundur ora. Blirsiniz, siz sanki mənim oraya yaxın olduğumu və saat 7-də işdən çıxacağımı bilirmiş kimi təyin etdiniz görüş yerini.

Rəfiqəm bütün bunları həqiqətən bildiyindən bir qədər tutulsa da, özünü ələ aldı və vəziyyətdən ustaıqla çıxa bildi.

– Ha, ha, ha! Siz nə danışırsınız? Sadəcə mən şəhərdə başqa yer tanımıram. Ona görə oranı dedim. Vaxt isə valideynlərimin evdə olmayan vaxtdır. Evdən çıxa bilərəm.

– Olsun. Sizi gözləyəcəm.

Rəfiqəm dəstəyi yerinə asıb dərindən nəfəs aldı və divanda oturub gözlərini mənə zillədi.

Biz çinayət işləmiş müqəssirlər kimi bir-birimizə baxıb susurduq. Sonra rəfiqəm:

– Sən də buna vurulmusan! Salam verən kimi məni görüşə dəvət etdi. Eybi yox. Qoy getsin ora. Biz də səninlə gedib kənardan onun məni gözlədiyini seyr edərik.

– Mən heç yerə gedən deyiləm! – dedim.

Qəribə burasıdır ki, sevdiyim oğlan başqa bir qıza görüş təyin etdiyini eşidəndə təəccüblənsəm də, ürəyimdə ona qarşı mənfi nəsə oyanmadı. Uzun müddət ürəyimdə yer verdiyim o oğlan gözümdən düşmədi. Baş verənləri adi zarafat kimi qəbul etdim.

– Yaxşı gedib baxarııq! – dedim.

Bir qədər sonra anam zəng edib axşam evə gec gələcəyini dedikdə

– Hara gedirsən ki? – deyə soruşdum.

– Atanla kinoya gedəcəyik. Bilet alıb. Bu axşam “Azərbaycan” kinoteatrında yeni film nümayiş edilir, – dedi.

Anamla söhbətimi rəfiqəm də eşidirdi. Mən dəstəyi asıb:

– Biz bu axşam ora gedə bilmərik. Valideynlərim orada olacaqlar, – deyə mən yaranmış vəziyyəti rəfiqəmə izah etdim.

– Düzdür. Heyf. Onun məni orada necə gözlədiyini görə bilməyəcəyik! – deyə rəfiqəm planının pozulduğuna təəssüfləndi.

O gün rəfiqəm məni tək qoymayıb valideynlərim gələnə qədər mənimlə qaldı. Bir müddətdən sonra onllar gəldilər və xüsusi bir ruh yüksəkliyi ilə yeni filmdən və kinoya getdiklərindən danışdılar.

– Qızlar, siz də gedib baxın. Əla filmdir. Solmaz xala da getmişdi bizimlə, – deyə anam söhbətə başladı.

– Solmaz xala da sizinlə idi? – deyə mən təəccübləndim.

– Hə. Ona da bilet almışdıq. Kinoteatrın qarşısında da təsadüfən Sahibi gördük. Mənə elə gəldi ki, kimisə gözləyirdi. Gözü elə cavan qızlarda idi, – deyə anam mənə baxıb gülümsədi.

Rəfiqəm özünü saxlaya bilməyib güldü:

– Bəlkə kiminləsə görüşü var imiş? Siz mane olmusunuz? – dedi.

– Ola bilər. Cavan oğlandı da. Hər halda bizimlə filmi seyr etmək istəmədi.

– İstəməz də, – deyə yenə rəfiqəm dilləndi.

Ertəsi gün rəfiqəm yenə bizə gəldi, yenə Sahibin telefonuna zəng etdi:

– Necəsiz? – deyə soruşdu

– Siz görüşə niyə gəlmədiniz? Mən sizi gözlədim, – deyən Sahibin sualına rəfiqəm aktyorluq istedadının ən yüksək pilləsini nümayiş etdirdi:

– Siz mənimlə görüş təyin edib özünüz başqa qadınla görüşdünüz dünən axşam, – dedi

– Mən?! – deyə yazıq oğlan təəccübləndi

– Bəli, siz! Mən sizə yaxınlaşmaq istədikdə yanınızdakı qara saçlı qadını görüb geri döndüm.

Sahib necə bərk güldüsə səsi telefon dəstəyindən otağa yayıldı.

– Xanım, o qara saçlı qadın mənim nənəmdir! – deyib daha da bərk güldü:

– Demək siz gəlmişdiz ora? – deyə soruşdu.

– Əlbəttə. Nənəniz cavandır maşallah! – deyə Solmaz xalanı yaxşı tanıyan və o axşam Sahibin yanındakı qadının məhz nənəsi olduğunu bilən rəfiqəm heyrətləndi.

– Hə. Nənəm vaxtilə çox gözəl olub. İndi də təravətini itirməyib.

Solmaz xala həqiqətən çox gözəl qadın idi. Onun yaşı çox olsa da həmişə səliqəli və dəblə geyinər, özünə çox yaxşı baxardı.

– Gələn dəfə nə vaxt görüşək? – deyə Sahib soruşdu.

– Bu ara Moskvaya gedəcəm. Gələndən sonra sizə mütləq zəng edərəm, – deyə rəfiqəm görüşmək istəmədiyini bildirdi.

– Yaxşı olsun, əzizim! – deyib Sahib sağollaşdı.

Sahibin rəfiqəmə, tanımadığı, heç vaxt görmədiyi bir qıza əzizim deməsi məni çox məyus etdi. Mənə elə gəlirdi ki, hər kəsə əzizim demək olmaz axı! Mən o vaxtlar nə qədər sadəlöhv idim! Bütün bunlara baxmayaraq hər dəfə Sahibi görəndə hiss edirdim ki, qəlbimdəki boşluğu ancaq o doldura bilər. Əgər o vaxt mənə ümid versəydi, mənə evlilik təklif etsəydi, mütləq onunla ailə qurardım. Təəssüf ki, o bunu etmədi. Mən də sevgimi ürəyimin dərinliyində dəfn etdim…

Günlərin bir günü Sahib “Niyə ərə getmirsən ? Yoxsa ürəyində gizli sevgin var?” – deyə soruşdu. Gözlərinin düz içinə baxıb “Var!” – dedim. İstehzalı bir gülüşlə “Yoxsa o, mənəm?”- dedi.

Xeyr! Sən deyilsən, əzizim! – deyb ondan həmişəlik ayrıldım. Cürət edib “sənsən!”deyə bilmədim… Hətta ona “əzizim” deyərək əsəbimdən onun bir zaman rəfiqəmə dediyi sözü də özünə qaytardım.

Ondan sonra həyatımda çox şey dəyişdi. Başqa bir insanla ailə qurdum. İki oğul anası oldum. Xoşbəxt və firavan yaşadım, ancaq onu unuda bilmədim ki, bilmədim… İndi nə valideynlərim, nə Solmaz xala həyatda yoxdurlar. Onları xatirələrimdə yaşadıram.

Hərdən gənclikdə qürurumu sındırıb Sahibi sevdiyimi ona demədiyim üçün heyfsilənirəm. Çünki illər sonra o, mənə “əgər o gün, sənə sual verdiyim gün ürəyindəki mən olduğumu desəydin hər şey başqa cür olardı. Çünki o vaxtlar o qədər gözəl idin ki, mən özümü sənə layiq bilmirdim, ancaq səni ürəyimdə sevirdim və həmişə bu sevgini gizlətməyə çalışırdım, əzizim!” – dedi.

Bu dəfə “əzizim” sözü tamam başqa cür səsləndi. Bu söz indi ürəkdən deyilən və yalnız mənə aid söz idi.

Biz indi çox yaşlıyıq. Hər ikimizin nəvələrimiz var, ancaq mən yenə də onu görəndə özümü bir qədər itirirəm. Yəqin kitablardan oxuduğum ilk məhəbbət həsrəti elə bu imiş.

Bax, indi də gözüm təqvimdədir. Bayram yaxınlaşır axı.

Yenə mütləq ondan mənə təbrik gələcək. Yenə yazacaq “Bayramın mübarək,əzizim!”

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

yazıçı, şair, tərcüməçi. AYB üzvü.


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir