Əkbər QOŞALI. Niyə 44 gün? – SİRLƏR.

ƏKBƏR QOŞALININ YAZILARI

Niyə 44 gün? – SİRLƏR

27 sentyabr – 10 noyabr 2020-ci il aralığında cərəyan etmiş II Qarabağ müharibəsindən sonra 44 ədədi biz Azərbaycanlıların sevimli ədədinə çevrilib.

44 – qoşa dörddən əmələ gəlib; bəlli olduğu kimi, 4 – sabitlik, möhkəmlik deməkdir. Onun möhkəmliyi kvadratla – kosmosun tərəfləri, ilin fəsilləri və eləcə də, su, hava, od və torpaq ünsürləri ilə ifadə olunur. Bizim Yenigün (Novruz) Bayramı öncə keçirdiyimiz çərşənbələr də dörddür: Su, Od, Yel və Torpaq çərşənbəsi…

44 – iki dördün bir araya gəlməsi: nizam-intizam, qazanc, vicdanlılıq, bilginlik, işgüzarlıq və təşkilatçılığı əhatə edən enerjilərin təsirini iki qat artırır.

44-ü (4+4=) 8 kimi də yorumlaya bilərik. – 8 – realizm, simmetriya, uğur və potensialı təmsil edir. Necə ki var! Tanrı necə haqqdır!

Mən numeroloq deyiləm, Pifaqorçu deyiləm ancaq rəqəmlərin atası sayılan ərəblərin ünlü kəlamına da biganə deyiləm: “Lə tucəd sadfətə fil aləm, hunəkə tavafuq” – “Bu aləmdə təsadüf yoxdur, nə olursa, təvaüfqlükdəndir”… Əgər belədirsə, bizim Vətən müharibəsinin, məsələn, 43, 45 deyil, məhz 44 gün sürməsində bir hikmət, bir müvafiqlik vardır…

Numeroloqların sözünü qəribçiliyə salmasaq, ədədlərə rəqəm və işarələrin ifadə etdiyi (necə deyərlər) quru kəmiyyət göstəricisi kimi deyil, onların özgü bir qüvvətə malik olduqlarına inanaraq baxmalıyıq. Pifaqor özü, onun öyrənciləri və yolunu davam etdirənlər rəqəmlərlə bağlı çox araşdırma aparıb, onlara çox anlamlar yükləyiblər.

Ünlü alman bilgini Kornelius Aqrippa (Netteşeimli Aqrippa; 14.09.1486, Köln – 18.02.1535, Qrenobl) 1533-cü ildə gün üzü görən “Okkult fəlsəfəsi” əsərində rəqəmlər və onların anlamını təkmilləşdirmiş oldu. Yəni, 4 rəqəmi, 44 ədədi qarışıq, bütün rəqəmlər və ədədlərin öz anlamı, öz dəyəri, öz fəlsəfi tutumu vardır.

Şərqin, Türk-İslam dünyasının, Azərbaycanın klassikləri – hürufilər, sufilərsə başqa bir aləmdir – inancları, yaraşdırmaları onların gizli elmlərə vaqif olduqlarını göstərir.

***

Qədim dövrlərdən 2020-ci ilə keçid edək.

Fikir verin, Qarabağ, Gündoğar Zəngəzur dənizqırağı deyil, oralarda bol sulu, enli, dərin çaylar yoxdur ancaq müharibədə SAH-larımız – sualtı hücum hərbi bölmələrimiz də iştirak etdi. İlk azad olunan böyük qəsəbəmiz Suqovuşan oldu və şəhərlərimiz xaric yalnız Suqovuşanın adına medal təsis edildi. – Bu, dörd ünsürün su amili ilə bağlı yığcam vurğularımız olsun.

30 il ürəyimizə od vurmuş, daşı-daş üstə qoymamış Ermənistan silahlı qüvvələrinin başına 44 gün içində od ələdik – onlar qaçdı, biz qovduq, sönən od-ocaqlarımızı qaladıq, torpağımız doğma nəfəsdən isindi, qaçan işğalçıların canına üşütmə düşdü.

Dərələrdən sel kimi, təpələrdən yel kimi irəli getdik; bir gün də geri çəkilmədik. Hava hücumlarında Ermənistan üzərində (onların gözləmədiyi şəkildə) əzici üstünlük qazandıq; üstəlik, onların əsas güvənc yeri sayılan hava hücumundan müdafiə sistemlərini ühulət-sühulətlə sıradan çıxardıq.

Və nəhayət Torpaq amili: torpaqlarımızı yağı tapdağından azad etdik. Bir də baxdıq, torpağa gül-çiçək qayıdır, qurumuş bulaqlara su qayıdır… Diqqət etmisizsə, daha çox belə deyirik: “Torpaqlarımızı azad etdik”! Necə deyərlər, dedirdicilər dedirdir. Torpağın üzü soyuqdu deyirlər, biz azad edilən torpağın üzünü isti gördük…

***

44-ün ruhani yorumlarına keçməmişdən öncə, 40+4 üstəgəlliyinə toxunmaq istərdim. Tanınmış folklorçu alim, Millət vəkili Əziz Ələkbərli önəmli bir toplantıda maraqlı paralellər apardı. O paralellik beləydi:

divin canının şüşədə, erməninin canının isə Şuşada olması;

sirrə 40 gün, 40 gecədə vaqif olma və Şuşaya girişin, şəhərə hakimliyin də, döyüşlərin 40-cı günü təmin olunması… –

Məgər folklorumuz yüzillər boyu Şuşa Zəfərini öz külçəsində saxlamış, daha doğrusu, əlamətlərlə nişan vermişdir… Bəlkə də, o folklore örnəkləri yarananda hələ Şuşa şəhəri salınmamışdı – şəhərdən öncə onun taleyi, bütövlükdə ölkənin, xalqın başına gələcəklər işarə edilə bilibsə… o zaman 40 günlük Şuşa zəfərinin, 44 günlük müharibədəki qalibiyyətin davamı gələcək – əminəm!

Dağlar incisi Şuşanın adı, onun saf, şəffaf dağ havasının rəmzi olan “şüşə” sözü ilə assosiasiya olunur. Bənzəri olmayan Şuşa bulaqlarından dördünün adına diqqət edək: İsti bulaq, Soyuq bulaq, Saxsı bulaq, Qırx bulaq… İstidən, soyuqdan keçib, 40-cı gün Şuşamızı qurtuluşa qovuşdurmuşuq!

Şuşa qalasının 4 qapısı olub. – Qala qapılarından üçünün – Gəncə, Ağoğlan və İrəvan qapılarının adları günümüzədək gəlib çatıb; dördüncü qapının isə nə adını, nə də yerini indiyədək müəyyənləşdirmək mümkün olmayıb. Belə güman edilir ki, İbrahimxəlil xan qala divarlarını yenidən tikdirərkən həmin qapı ləğv edilib. Ancaq istərsiz, Azərbaycan Ordusunun işğalçı Ermənistanın “dağlarda toyu”nu vaya döndərdiyi gün şəhərə girdiyi gizli qapını dördüncü qapı kimi qəbul edək, adına Ordu qapısı deyək, Qurtuluş qapısı deyək!..

***

İndi isə 40-dan 44-ə keçid edək. Bəs 44-ün nə kimi anlamları vardır? Araşdırmaçı-yazar, ilahiyyatçı Tural İrfanın da düşüncələrini alaraq, belə bir mənzərə hasil etmiş olduq. –

44 – “Dörd qapı” qatlarına görə bu şəkildə sıralanmaqdadır:

Şəriət qapısı;

Təriqət qapısı;

Mərifət qapısı;

Həqiqət qapısı.

Bu qapılar ilə məqamlar birlikdə qırx dörd məqam edir. Hər qapının “on” məqamı vardır.

Şəriət qapısının məqamları: İman etmək, Elm öyrənmək, Halal qazanmaq,

İbadət etmək, Ailəsinə faydalı olmaq, Çevrəyə zərər verməmək, Peyğəmbərin əmrlərinə tabe olmaq, Şəfqətli olmaq, Təmiz olmaq, Yaramaz işlərdən çəkinmək.

Təriqət qapısının məqamları: Tövbə etmək, Mürşidin öyüdlərinə tabe olmaq, Təmiz geyinmək, Yaxşılıq yolunda savaşmaq, mübarizə aparmaq,

Xidmət etməyi sevmək, Haqsızlıqdan qorxmaq, Ümidsizliyə düşməmək,

İbrət almaq, Nemət paylamaq, Özünü fəqir görmək (Fəqrirlik burada Tanrının verdiyinə razı olmaq, qənaətlə yaşamaq, dünyanın haram nemətlərindən qaçmaq anlamlarını ifadə edir).

Mərifət qapısının məqamları: Ədəbli olmaq, Mənəmlik, kin və qərəzdən uzaq olmaq, Pəhrizkarlıq (çox istəklərə sınır qoymaq), Səbr və qənaət,

Həya, Comərdlik, Elm, Xoşgörü, Özünü bilmək, Ariflik.

Həqiqət qapısının məqamları: Alçaqkönüllü (təvazökar, mütəvazi) olmaq,

Kimsənin ayıbını görməmək, Edə biləcəyin heç bir yaxşılığı əsirgəməmək,

Tanrının hər yaratdığını sevmək (Yaradılanı Yaradana görə sevmək), Bütün insanları bir görmək, Birliyə yönəlmək (və yönəltmək), Gerçəyi gizlətməmək, Mənanı bilmək, Tanrısal sirri öyrənmək, Tanrısal varlığa yetişmək (vəhdəti-vücud; fənafillah-bəqa billah məqamı)…

Siz bircə, bu anlamlı vurğulardakı dərinliyə, üfüqə diqqət edirsizmi? Bu qədər təsadüf ola bilərmi, yahu? Təsadüf olmadığını qəbul ediriksə, deməli, təvafüqlük, qanunauyğunluq vardır.

“Dörd qapı”nı artıq dedik. Təkrarçılıq olmasın deyə, fikrimizi özəl seçmələr üzrə davam edək:

İman etmək – Vətəni sevmək imandandır;

Elm öyrənmək – burada: Hərb elmini öyrənmək;

Halal qazanmaq – həm bizim olanı azad edib, ona yiyələndik, həm də, müharibənin qayda-qanununa halallıqla əməl etdik;

İbadət etmək – hər azad olunan torpağımızda əsgərlərimizin ilk səliqə-səhman yaratdığı, ibadət etdiyi yer məscidlər yaxud məscid xarabalıqları oldu;

Ailəsinə faydalı olmaq – b.: ölkəsinə, xalqına, böyük ailəsinə – dövlətinə faydalı olmaq;

Çevrəyə zərər verməmək – Şuşanın tarixi tikililəri, görünüşü zədələnməsin deyə, ağır texnikadan istifadə etmədən, unikal hərbi əməliyyatla, yüngül silahlarla azad edilidi;

Peyğəmbərin əmrlərinə tabe olmaq – torpaqlarımızı işğal edən düşməmlə savaşmaq İlahi əmrdir, üstəlik, Ordumuz müharibədə qızıl ləyaqət göstərdi, mülki əhali, uşaq, qadın, qoca ilə deyil, döyüş meydanında hərbçilərlə savaşdı və qələbəni hərb meydanında qazandı!

Bəli, 44 gün içindəki savaş elə məhz

Yaxşılıq yolunda savaşmaq, mübarizə aparmaqdı;

Vətənə Xidmət etməyi sevməkdi,

döyüşlərin ən qızğın çağında belə Ümidsizliyə düşməməkdi,

vaxtilə olanlardan İbrət almaqdı!

“Sən bizim ellərin Ruhuna bir bax”! – Uzun illər boyu saxta “qalib” ədasından cırılan ermənilərdən fərqli olaraq, mərifət qapısının məqamlarına vaqif hərbçilərimiz öz

Ədəbləri ilə seçilir, Mənəmlikdən, kin və qərəzdən uzaq olur!

Həya, Comərdlik, Elm, Xoşgörü, Özünü bilmək, Ariflik – Azərbaycan Silahlı Qüvvələri mənsublarına necə də yaraşır!

Bəli, bizlər Yaradılanı Yaradana görə sevənlərik.

Bəli, bizlər Birliyə yönəldik, Birliyə yönəltdik və Zəfər çaldıq!

***

44-ün digər anlamlarına diqqət edək:

Nömrələr kainatın kod kitabının bir hissəsidir. – Belə deyilir, belə yazılır. Özəlliklə, 44-ü görmək, 44-ə qovuşmaq əla bir əlamət sayılır. Uyğun mövzulu qaynaqlarda belə yazılır: “Gələcəyinizə uzun sürəcək bir təməl qurursunuz. 44 intizam, realizm, praktiki və həyatın müxtəlif durumlarına, suallarına təsirli yanaşmaları təmsil edir”. Budur, yenə qarşımıza İntizam və Realizm çıxır! – Bu aləmdə təsadüf yoxdur!..

Bəs “Kimya dili” nə deyir? –

Elmi olaraq, Rutenium (Ru) elementi 44 atom nömrəsini daşıyır. Ru dövri cədvəldəki nəcib metallara və platin metal qrupuna (da) aid olan sərt, gümüşü ağ rəngli bir keçid metaldır və çox nadirdir. Aşınmaya mane olmaq üçün elektrik kontaktlarında və rezistorlarda istifadə olunur.

“Kimya dili” də öncəki kursu davam etdirir: Nəciblik, Sərtlik, Nadirlik, Aşınmaya mane olmaq! – Gəl də, bir bu qədər uyğunluğa təsadüf de, görüm, necə deyirsən?..

Bir daha görürük ki, 44 dinamizmi, imkanların gücünü ifadə edir.

44-ə mələk sayı da deyilir.

Deyilir ki, mələklər bizə yardım təklif etdiklərini bildirməyin bir üsulu olaraq ədədi işarələrdən yararlanır. Mələk sayı 44, İlahi müttəfiqlərinizin sizin üçün (həqiqətən) vacib bir şeyin həyata keçirilməsində köməyinizdə durduğunu bildirir.

Göründüyü kimi, 44-ün mənəvi, ruhani anlamlarına inansaq, doğrudan da, kainat bizi eşdib, mübarizəmizi görüb və haqq etdiklərimizi almaqçün hər şey hazır olub: Su, Od, Hava, Torpaq!

Göylər bizi eşitdi, Tanrı bizə yar və yardımçı oldu! Çünki bizim işimiz haqq işiydi!

Ona görə də, 44 gün bütün rəmzləri ilə bir gerçək oldu, ömrümüzə Günəş kimi doğdu!

Tanrı 44 gün ismarıncı ilə bizi unutmadığını, xalqımızın, ölkəmizin Zəfəri haqq etdiyini, sevgiyə, yaxşılığa, xeyirxahlığa… – bütün yaxşılıqlara layiq olduğunu işarə etdi. Diləklərimiz gerçəklikdə əks olundu. “Mümkün olmayan”ı mümkün etdik!

ZƏFƏRİMİZ QUTLU OLSUN!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Müəllif: Əkbər QOŞALI

Mənbə: Ekber Qoşalı

ƏKBƏR QOŞALININ YAZILARI

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zəfər gününün uğurlu təqdimatı

NƏZAKƏT EMİNQIZININ YAZILARI

Zəfər Günü gənc xalçaçı-rəssam Natiq Nəcəfzadənin “Zəfər: qədim və müasir naxışlarda” adlı xalça eskizlərindən ibarət ilk fərdi sərgisi açıldı.
8 noyabr-Zəfər Günü ‘NUR Art House” qalareyası ənənəsinə sadiq qalaraq sənətsevərləri xoş günümüzün aynası, dar günümüzün dayağı olan xalça sərgisinə dəvət etdi..İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi,Azərbaycan Fotoqraflar Birliyi və “NUR Art House”qalareyasının dəstəyi ilə” Azərbaycan xalçaçıları”İB-nin üzvü, istedadlı xalçacı – rəssam Natiq Nəcəfzadə” Zəfər:qədim və müasir naxışlarda” adlı xalça eskizləri sərgisi ilə tamaşaçıları qələbə diləkli milli naxışlarımıza müasir baxışını təqdim etdi.

Xovsuz və xovlu xalça eskizləri xalqlmızın milli kimliyini və Zəfərə aparan yolun keşməkeşini özünəməxsus bədii ifadəsi ilə həm rəng, həm də sözlə təsvir edərək sülh, sabitlik, firavanlıq və qəhrəmanlıq keyfiyyətlərimizin təcəssümüdür.Xalça bizim yaşam tərzimizin,Vətənə məhəbbətimizin, iqtisadi durumumuzun,adət-ənənələrimizin canlı obrazıdır.
Proqram – sərgidə sənətsevərlərə təqdim olunan əsərlərdə xalçaçı-rəssam ,rəngkar və qrafik Natiq Nəcəfzadə yaradıcılığında ənənənin və varislik xüsusiyyətinin naxışlı kompozisiyalarda poetik ifadəsi nümayiş olunur. Bu, həmin qan yaddaşıdır ki, igidlərimizi Vətən müharibəsində mənfur erməni təxribatına qarşı əks-hücum həmləsi ilə Şuşamıza qədər aparan Zəfər yolunun təkanverici qüvvəsi oldu. Bu, Vətənə məhəbbət, maddi-mənəvi dəyərlərimizə sədaqət, tariximizə hörmət, adət-ənənələrimizi yaşatmaq hissindən qaynaqlanan qəhrəmanlıq mücəssiməsidir.
On gün davam edəcək sərgi zamanı sənətsevərlər Natiq Nəcəfzadənin Ustad dərslərində iştirak edəcək, onunla xalça aləminə səyahət edib,naxışların sirrini, kompozisiya quruluşu haqqında fikirləri,xalça sənətində rəng həllinin özəlliklərini öyrənəcəklər.
Daim gənc istedadlara sənətdə ilk addımlarını atan və milli mədəni irsimizi yaşatmaq arzusunda olan gənclərə dəstək olan “NUR Art House”qalareyası bu istiqamətdə məqsədyönlü fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindədir.
Sərgi 08 noyabr 2022- ci ildə Içərişəhər,Qəsr küçəsi 27 ünvanda yerləşən”NUR Art House”qalareyasında saat 17.00 da açılan bu sərgi tamaşacıların zövqünü oxşadı.
Belə ki, sərginin açılışına dəvət edilmiş iştirakçıların arasında şəhid ailələri, qazilər,Vətən müharibəsi iştirakçıları,müxtəlif sənətçilər, ziyalılar, media nümayəndələri vardı..
Istedadlı xalçaçı -rəssam Natiq Nəcəfzadə yaradıclıgına həsr olunmuş tədbiri qalareyanın əməkdaşı Z.Əliyev açaraq sözü Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin fəxri əməkdaşı ,AJB-nin üzvü,”Xarıbülbül”ƏM-nin sədri,Nəzakət Əhmədovaya verdi. O,Natiq Nəcəfzadənin sənətini yüksək dəyərləndirərək təskilatın təşəkkürünü bildirdi ,ona bu sahədə yeni – yeni uğurlar dilədi. Azərbaycan Mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə ona DAMM İB- nin Fəxri Diplomunu təqdim etdi..
Eyni zamanda AYB -nin üzvü, Prezident təqaüdçüsü,”Yazarlar”jurnalının təsisçi redaktoru Zaur Ustaca söz verildi . O ,
göstərdiyi xidmətlərə görə jurnalın təsis etdiyi “Ziyadar”diplomunu və yenicə çapdan çıxmış Zaur Ustac “Seçilmiş əsərləri”(9 çildliyin) -nin l -ci cildini xalçaçı rəssama təqdim etdi.
Həmin kitabın ll-ci cildini”(Mustafa Müseyiboglu–70″ layihəsinin rəhbəri olguna görə)və”Ziyadar” Diplomunu jurnalın əməkdaşı Nəzakət Əhmədovaya da təqdim edərək ona ədəbi-bədii, publisistika sahəsində yaradıcılıq uğurları arzuladı.
Sərginin davamı olaraq gənc istedadların şəhidlərimizə həsr etdikləri şeirlər və sazçıların Vətənimizi tərənnüm edən mahnıları dinlənildi.
Səhid Zaur Ismayılzadənin dayısı Rafiq müəllim. ,qazilər,xalçacı sənət adamları,M.S.Ordubadi muzeyinin aparıcı əməkdaşı Rasimə xanım, hərbi qospitalın işçisi,44günlük müharibə zamanı yaralı əsgərlərimizə tibbi yardım etmiş Əsmər xanım və b.çixış edərək Namiqə ugurlar və can saglıgı arzuladılar.
Sonda ənənəvi xatirə şəkilləri çəkildi. FOTOLAR:

Müəllif: Nəzakət EMİNQIZI

AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.

NƏZAKƏT EMİNQIZININ YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

زائور اوستاج. من ظفره تشنه يم – ZAUR USTAC. MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM

ZAUR USTAC زائـــور اوستاج


من ظفره تشنهيم
قوتلو ظفر سانجاغیم
سانجیلماغا يئر گزیر
آلیناسی اؤجوم چوخ
بو گون روحومو اَزیر
* * *
دربندی، بورچالینی
اونودوروق همیشه
کرکوک، موصول باغری قان
بويون اَيیب گردیشه
* * *
يودومون دؤرد بیر يانین
هورر گؤرمک ایستهيیرم
شانلی ظفر توغوما
زر هؤرمک ایستهيیرم
* * *
ایروان پئشکش اولوب
بئش سطرلیک کاغیذلا
زنگهزورو ناخلف
وئریب قورو آغیزلا
* * *
بدنام آراز ایللردیر
اولوب قارگیش يیيهسی
توپ دوغرايان قیلینجین
او تايدادیر تیيهسی
* * *
ایستهيیرم بو بايراق
دالغالانسین تبریزده
اورمودا اوزسون بالیق
سانکی اوزور دنیزده
* * *
خويدا، مرندده بیر گون
اولوم قوناق اوزو آغ
اردبیله، تهرانا
قورولماسین تا دوزاق
* * *
قارسدان، آغریدان باخیم
قاشقايادک گؤرونسون
قاپیجیقدان، قیرخقیزا
آغ دومانلار سورونسون
* * *
بو آرزولار حیاتا
کئچمهسه، من هئچ نَيم
نئينیم، مايام بئلهدیر
من ظفره تشنه يم

08.11.2022. (08:28) باکی
© زائور اوستاج

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!
08.11.2022. (08:28) Bakı.
© Zaur Ustac

Müəllif: ZAUR USTAC زائـــور اوستاج

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD. TALE.

AFƏT ŞAHİDİN YAZILARI
  • Hər kəs öz TALEyini danışır, öz ARZUlarını başqasına tövsiyə edir… Onda MƏN Kiməm…
  • Məni çəkişdirmə, MÖHKƏM DAYANmışam.Əlində qalan parçalarımı mənə vermə,göm getsin, əllərin təmiz deyil.
  • Xəstəlik ZƏNCİR kimi boğazıma dolaşıb, dartındıqca KƏSİR, de indi mən nə edim, sənə yardıma qoşa bilmirəm.
  • Başqalarını gül sanıb tikanlarına toxunmaqdan üst-başım QAN içindədir, gedin bir az o tərəfdə danışın, imkan verin YARAlarımı SARIyım.
  • Ölmüş qardaşının ətini az çeynə, məni KƏSib DOĞRAdıqca SAHİBim də sənə bir-bir onları YEdirdir.
  • Getmək istəyirəm gedə bilmirəm, çığırmaq  istəyirəm dinə bilmirəm,üstümü bir az da torpaqlayın, bəlkə canım tez qurtardı, sizi də görmək istəmirəm.
  • Sev məni, sevə sevə ÖLDÜR MƏNi, SONRA da qoy səni SEVsinlər…..
  • İnsan DOĞULandan ÖLənə kimi HƏYAT adlı MƏSAFƏni qət edir.Hər CAN BİR RUH   DAŞıyır.
  • ALLAHın SÖZü hər yerdə keçərlidir. AYAQ ÜSTə ölənə BAXsan tanıyarsan ÖZünü
  • Təsadüfə (inanma)m, zəruri OLanı LAYİQli QARŞILAmaq lazımdır.
  • Mən arxamca kimin ağlayacağını yaxşı bilirəm, zatən heç kimə qıymaram. Özgələr zəhmət çəkməsin.
  • Mən ÖZƏLəm Özəl Olduğum üçün Gözələm. Sən də ….
  • Mən O BİRi Dünyanı heç nəyə DƏYİŞMƏ rəm. Orası ARZUlarımın  SAXLAndığı GƏLəcək.
  • Sakit OKEANdan SAKİTLİK TƏLƏB ETMƏk  ən böyük axmaqlıqdır.
  • Bu qədər  sərt olma, bir qədər elastik ol ki, səni sındırmasınlar…

Kvadrat sərtliyindən gəzə bilmir, dairənin isə dünya vecinə deyil…

  • YEDDİ NOTu sıraladım, səkkizinci YERə birİNCİ keçdi. Bu dəfə bir Ton yüksək SƏSLƏ. Geridə qalanlar  kobudlaşdı, bu daha İNCƏ, daha KÜBAR OLdu. Yenilənmək gözəldir. Bunu dənəyin.
  • SÖZlər CÜMLƏdə Məhrəmliyini probellə qoruyur Nöqtə də yaman həvəslidi ayırmağa, bir yandan ayırmasa o biri cümlə  başlamaz. Son nöqtənin vəziyyəti ağırdı:( Bitdi hər şey
  • İçimdəki DALGAların SƏSini GECƏnin səssizliyində EŞİ(T)dirəm, gündüz gurultusu xəstə etmək üçündür…
  • Gecənin bəkçiləri olmasaydı gündüzlər açılmazdı. Qaranlığı qaralama,  sənə kömək edir daha təmiz səhifə açmağa
  • Qarşımda dayanan adama məsləhət verıb tövsiyə edirdim, sanki özüm özümə nə etməli olduğumu baş(ım)a  salırdım. Qarşımda  dayanan Mən imişəm heç birimizin xəbəri yox. AYNAya  BAX ANla…
  • BİLdiyin kimi DEyil, bilmədiklərimiz də var, mənə YUXUsunu YOZduran ADAM,sən demə məni XƏBƏR(dar) ETmək üçün GƏLib. Dalğalarım mənimə hərdən dalğa keçir; Mənə də hərdən Söz(mesaj) gec ÇAT(d)ır.
  • Yeri, yürü, get YERə, orda yerləşdir özünü.ÖZ(ün)ü Torpa(k)qla BİR et, yerli ol YERlə
  • Sübhə qədər keşik çəkən gözlərim doldu da boşaldı: bir PAYız yağmuru kimi BƏRƏKƏT ENDİrən Rəbbimə şükürlər olsun. Kim İSTƏSƏ PAYın götürsün, haqqı olanlar halallıq versin. Mən HAQQ uğrunda haqqımı HALAL ETdim.
  • Bir-biri üçün YARAN(an)lar, bir-birilərini daha düzgün anlarlar, an fərqi  ilə doğulsalar da ZAMAN RUHLARını nızamlayıb GÖRÜŞmək üçün hazırlıq yapmış. ZamaNı QİYMƏTl(i)əndirin. SAATı tərsinə təvaf et. Əsl MÖCÜZƏnin ŞAHİDi ol!

O ZamaN  QİYMƏT(li)iniz SƏCDƏdə YÜKSƏLəcək. Əlhəmdulillah!

  • Beşiyimi yelləyənə, nazımı çəkənlərə, tabutumu daşıyanlara minnət borcum var. Onların da mənim günahlarımı Əhv etYa Allah, qaladığın Odun ODUNu çox, BİZə sərin , kölgəli, güllü, çiçəkli, irmaqlı RƏSM ÇƏKdiyin YERləri göstər. SƏNƏTKARı Orda ALQIŞlayaq  (Əlhəmdulillah, SübhənAllah, Allah Əkbər)
  • Sevdiyi QULun(s.a.s) köksünü yarıb ona rahatlıq verən Allah, BU GÜN məni ƏMƏLiyyat edən cərraha şəfaətçi ol, onun da qəlbini rahatlıqla doldur, ona öz payından gözəl hədiyyə  VER, mənim malım buna yetməz, Səninki  artar da bitməz.
  • Yaradan ƏLini çəkdiyi ADama da YARATmaq GÜCü verir, gücün yetdi-yetmədi nəsə yaratma; altında  qalıb əzilərsən, malzemen çatmamış əlbət. KİTABı OXU, təhlükəsizlik QAYDAlarına  ƏMƏL et, yoxsa kəndini də, digərlərini də yakarsın adam olacaq hərif.
  • Allah bir QAZAN VERdi Əlimə, ərzaqlarını da GÖNDƏRdi; mən fikirləşirəm YEməyi neçə nəfərlik edim ki,hər kəs DOYsun, SÜFRƏdən əliboş, AC gedən OLMAsın . YA Rəbb yardım et, resepti sən daha yaxşı bilirsən, duzu əskik, ya da şor olmasın;məni üzüqara eləmə. Amin.
  • EhtiyAC və MöhtAC qardaşdılar. Bütün ACLAR BİR SÜFRƏyə YIĞILar.
  • İsteDADım VARsa MƏNi çenəyib tüpürməyin, Yerə atmayın, zibilə tullamayın, hər yoldan keçən itin qabağına ATMAyın. NEMƏTi zay etmə, Gün(AH)
  • Mənim qısqanc YARadanım VAR, QƏLBimə Adını YAZıb. Kimisə Ondan çox İSTƏyə bilmirəm. Hər ZamaN mənimlədir. SEVgı qarşılıqlı olmalıdır.

QARŞIlıq almasa məni Onun əlindən heç kim ala bilməz…

  • DOĞumun da ÖLümün də nəticəsi eyni: bu Dünyaya gələn həm SEVİNir, həm AĞLAyır o Dünyaya gedən də…
  • ZAMAN -əlimizə verilmiş SAATlı bomba kimi sıfırlanmaya doğru GEDİRsə əgər mən onu qiymətləndirməsəm halım nə olacaq?,- sualını öz-özümə vermədimsə bu çox yanlış. Bir yerdə DAYANıb özümə cavab verməyim lazım, yoxsa QIYMƏTim sifirlanar.
  • Çəkdiyim ACINI HƏZM ETməsəm daha acısını  verər deyə QORXuram…
  • Sənin sonsuz VAR-DÖVLƏTin əskilməz də artar, mən səndən ən qiymətlisini istədim RƏBBim.
  • Mən QIRMIZI ODAma Səndən başqa kimsəni müsaid etməm SULTANım.
  • Bəzi faylları  zibil qutusuna atıb  ordan da  təmizlədikdən sonra fərahlanan BEYNİM məni sevməyə başladı.
  • TALEyimin izi ilə YOL gedirəm, hərdən   SAVAŞıram, hərdən  BARIŞIram, sonra GÖYə baxıb gülümsəyirəm: Ordan  necə görünürəm?…
  • Mən başqalarının taleyini oxumaq istəmirəm,Oxuduqca başıma gəlir…yata bilmirəm…
  • Gecə – hər kəsi örtər, hər kəsi gizlədər sabah açılana qədər… Bu QƏDƏR …
  • O şəkildə mən yoxam deyən ADAM, sən gözəgörünməyən kimi hər yerdə VARsan
  • Səndən mənə sevgi mesajı gəldi:”burası özəl,  qapıda dur bəklə”
  • MƏNi bir də yarat,  bir də cilala. ŞAHİDim DOST olsun, bir də əlimdəki klaviatura
  • Şəbəkədə gəzən  Hörümçəyə yem oldu, oysa ki bir az gəzib qayıdacaqdı…
  • Şəklini çəkib qoydun statusa, soruşdum(ki) bu nə məkandı, dedin(ki) burası qaynayan bir yer, mən isə yanında mələk görmüşdüm…
  • Səhifəmi təmizlədim,

(-YENİ SƏHİFƏ AÇmaq üçün həddini aşma!)

Qoy  bir az özümə gəlim…

(-İFFƏTLİ Olmaq lazım!)

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHİDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Cavid Fərzəli. Kamança.

CAVİD FƏRZƏLİNİN YAZILARI

KAMANÇA
Qumru dərədə
Bir ana küləyin dilində,
Qarğı qamışlar nəğmə deyəndə,
tikanlı məftillərin üstünə sərdim səsimi.

Səni bülbül səsindən soruşdum, kamança!
Oxuyanda tənha divarlarımı,
Oxuyanda tanrı barmaqlarımı.

Qulağımın dibində
sular oxuyanda
dilini öyrəndim çayların…

Məhbus çiçəklərdə
yağışlar ölümünü sənintək oxuyur,
buludlar sevdasından havalanır.

Yenə ayrılıq düşdü üzümə
Boyunuma dolanan kor çöllərdə,
Ağaclar ölüm gətirdi əllərimə.
Üsyanım nəğməyə döndü.

Küçələrin göz yaşında,
Qapımızın üzünü sevmə daha.
Ovuclarımın azad günündə,
Barmaqlarımın başına dönmə daha, kamança!

Müəllif: Cavid FƏRZƏLİ

CAVİD FƏRZƏLİNİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


POLAD HƏŞİMOV
 VƏ İLQAR MİRZƏYEV HAQQINDA OLAN DİGƏR YAZILARLA KEÇİD ETMƏKLƏ TANIŞ OLA BİLƏRSİNİZ
:

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

EHTİRAM İLHAM. ZƏFƏRİMİZ MÜBARƏK!

EHTİRAM İLHAMIN YAZILARI

ZƏFƏRİMİZ MÜBARƏK!
Hər ananın gül ağzında bir dua,
Şükür, – gördük, Zəfərimiz mübarək!
Türk adının qüdrətini dünyaya
Biz göstərdik, Zəfərimiz mübarək!
* * *
Qamətimiz əyilmişdi,.. düzəldi,
Vətən eşqi hər sevdadan əzəldi.
Bu torpağın hər qarışı gözəldi,
Sinə gərdik, Zəfərimiz mübarək!
* * *
Şəhidlərin qanı axdı torpağa,
O al qanın rəngi hopdu bayrağa.
Bu bayrağın sevgisinə varmağa
Ömür verdik, Zəfərimiz mübarək!
* * *
Qırx dörd günün şəfəqiylə sökdü dan,
Bu günlərə yol gəlirdik nə vaxtdan.
Bu millətə canımızı hər zaman
Qurban dedik, Zəfərimiz mübarək!
18.04.2022.

Müəllif:Ehtiram İLHAM

RAQUF ORUCOV HAQQINDA YAZILAR

EHTİRAM İLHAMIN DİGƏR YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


POLAD HƏŞİMOV
 VƏ İLQAR MİRZƏYEV HAQQINDA OLAN DİGƏR YAZILARLA KEÇİD ETMƏKLƏ TANIŞ OLA BİLƏRSİNİZ
:


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV – ANASINA LAYLA ÇALAN OĞUL

AKİF ABBASOVUN YAZILARI

ANASINA LAYLA ÇALAN OĞUL

         Yer üzünün əşrəfi insandır. Belə deyirlər, belə də var. İnsanlığın şah əsəri də anadır! Ana! Anaya “müqəddəs varlıq” təsadüfi olaraq deyilmir.  Odur ki,  insan üçün mühüm əhəmiyyətli bir çox anlayışların qarşısında “ana” sözü yazılır: ana Vətən, ana dili,  ana təbiət, ana yurd, ana torpaq. 

Ana  mövzusu həmişəyaşar, əbədi, əzəli və həm də yeni bir mövzudur. Ana obrazı həmişə məhəbbətlə tərənnüm olunub. Hər bir qadının şərəfi, böyüklüyü, ülviliyi onun analığındadır. Həyatdakı bütün uğurluğumuz üçün anaya  borcluyuq və nə qədər çalışsaq da, onun borcunu qaytara bilmərik. Ana körpəlikdən ta həyatı sönənə kimi bizim qulluğumuzda durur, qayğımıza qalır, bizdən ötrü narahat, nigaran olur, gecələr sübhədək beşiyimiz başında oyaq qalır, xoşbəxtliyimiz naminə ömrünü şam kimi yandırır.

         Yaradıcı simalar ona görə də qadın gözəlliyini ana obrazında ümumiləşdirmiş və əbədi obraza, qəhrəmana çevirmişlər.

         Rembrant misli görünməmiş sənətkarlıqla çəkdiyi ana rəsmini “Madonna” adlandırmışdır.  Bu əsər dünya incəsənətinin son dərəcə qiymətli sərvətlərindən biridir. 

         “Madonna” italyan dilində “Allahın anası”, “ilahi qadın” deməkdir. Rəssam rənglərin sehrli dili ilə ananı müqəddəsləşdirmiş və onu ən ülvi məqamda –  ana  qəlbinin hərarətini körpəsi ilə bölüşəndə canlandırmışdır. Sonralar bir çox madonna rəsmləri meydana gəlmişdir. Həmin portretlərin hər birində  uşaq ananın sol qoynunda təsvir edilib. Niyə? Bu təsadüfdürmü? Yoxsa burada bir qanunauyğunluq var?  

Sən demə,  körpə ananın bətnində ananın ürək ritminə öyrənir. Dünyaya gələndən sonra uşaq sol qoyunda tutulanda ananın ürək döyüntülərinin sədaları altında özünü rahat hiss edir,  sakitlik, dinclik tapır, ananı incitmədən yuxuya gedir.

Müasir analar da, çox güman ki, bu möcüzədən xəbərdardırlar, onlar da uşaqları qucaqlarına alanda övladlarını sol qoyunlarında tuturlar.

Körpəni yatıranda ana ona layla çalır. Həzin laylanın sədaları altında uşaq tezcə yuxuya gedir.

Şair Adil Cəmilin “Anama layla” şeirlər kitabını (Bakı: Elm və təhsil, 2020) oxuyanda xəyal məni qanadlarına alıb uzaqlara – analı günlərimə, anasız illərimə apardı. Valideyni, xüsusən də ananı itirmək çox böyük dərd, qüssə, fəlakətdir. Ana itkisi sarsıdıcıdır. Babalarımız təsadüfən deməmişdir: “Uşaq atadan deyil, anadan yetim qalır!”

“Anama layla!” Necə gözəl mənalandırmadır! Kaş övladlar anaya laylanı onun sağlığında  çalaydılar. Ana yorğun olanda, ana dilxor olanda, ana narahat olanda, ananın yuxusu gələndə niyə  ona layla çalmayaq?!

Kaş analar dünyalarını dəyişməyəydilər! Onsuz da analar dünyadan köçmürlər, daim bizimlədirlər!

Laylanı balalarına, övladlarına analar çalırlar. İnsanların ən zərif, kövrək hissləri övladla bağlıdır.  Fəqət Adil Cəmil “Anaya layla” deyir. İtirdiyi anasını yada salaraq kövrəlir, ağlamsınır, bu gen dünya ona dar gəlir:

Hicran məni dara çəkir,

Sən yatan məzara çəkir.

Ey dərdimə yanan, lay-lay,

Anam lay-lay, anam lay-lay.

 Adil Cəmilin kövəkliyindən, böyüklüyündən, zənginliyindən irəli gələn bir təşəbbüsdür,  çox gözəl,  çox uğurlu deyilişidir: “Anama layla!”

Anam deyib öyündüyüm,

Həsrətində üyündüyüm

Daş sükutlu sonam, lay-lay,

Anam lay-lay, anam lay-lay.

Şairi ağrıdan, için-için ağladan bir ana yoxluğudur, bir də Vətən dərdi. Çörəyi dizi üstə olan, şərəfsiz ermənilər şairin doğma yurd-yuvasını tutublar. Ananı doğma torpaqda dəfn etmək oğula qismət olmadı. Ana yurd həsrəti ilə dünyasını dəyişdi:

İndi ananın ruhu şaddır, oğul da sevinclidir.  Doğma torpaqlarımız düşməndən azad edilib. Ali Baş Komandanın başçılığı altında müzəffər silahlı qüvvələrimiz erməni ordusunu darmadağın etmiş, düşməni torpaqlarımızdan, o cümlədən  1993-cü il aprelin 2-də erməni faşist işğalçılarının əlinə keçmiş Kəlbəcərdən də qovmuşdur!

Adil Cəmil ana niskili ilə “Anamın xatırəsinə” şerini də  qələmə alıb. Ana heç zaman unudulmur, xatirəsi həmişə əzizdir, sağlığında da, cismən həyatdan köçəndə də. İfadə tərzinin mükəmməlliyi diqqət çəkir:

Bir qəmli dastan idi

Bu sabah bitdi anam.

Şair yaşadığı ağrını acı-acı, göz yaşı tökə-tökə,  sızıldaya-sızıldaya,  ürəyi sıxıla-sıxıla dilə gətirir:

Canımdan can qoparıb,

Son mənzilə o varıb

Dünyanı da aparıb

Dünyadan getdi anam.

Şairin qənaətincə, “dünyadan köçən anası dünyanı da özü ilə aparıb”.  Budur, Adil Cəmilin ustalığı. Söz oynatmır, sözdən çələng hörür, sözün qüdrətini önə çəkir.

“Anama layla” kitabında ana mövzusundan başqa bir çox mövzularda şeirlər də vardır ki, onlar da maraqla oxunur, onlar düşündürür,  tərbiyələndirir, yaxşı şeir yazmağın yolunu göstərir. “O yanda, bu yanda” bu kitaba daxil edilmiş birinci şeirdir. Elə bu ilk şerilə şair adamı öz təsiri altına salaraq, kitabı vərəqləməyə, digər şeirlərlə də tanış olmağa səsləyir:

O yanda yer qazılır

Kəhrizə çıxmaq üçün.

Bu yanda çay tələsir

Dənizə çıxmaq üçün.

İblis qatır aranı

Qan dizə çıxmaq üçün.

Hamı Həccə tələsir

Təmizə çıxmaq umun.

Yaşayırıq – gecədən

Gündüzə çıxmaq üçün (“O yanda, bu yanda” şeirindən).

Var ol, şair! Bəli, elə anlar olur ki, insan həyatdan küsür, bezir, xoşbəxtliyə çata bilmir, bir tikə çörəyə möhtac olur, şərə düşür, tora düşür – onda  gecəsi-gündüzü ona haram olur.  Yalnız “Yaşayırıq – gecədən, Gündüzə çıxmaq üçün”.

Bəzi harın adamlar da, məsləki – pul, məqsədi – yarınmaq, yalaqlanmaq, satılmaq, satmaq, mərdimazarlıq və pislik etmək, tor qurmaq olanların da aqibəti belə olur.

Adil Cəmil əslən Kəlbəcərdəndir. Bu rayon  ölkəmizin dilbər guşəsidir. Havası təmiz, suyu ondan da tərtəmiz, dağlar qoynunda məskən salıb,  yaşıllığa qərq olub, bulaqları bumbuz. Təbiəti gözəl! Belə yerin adamları da  saf olur, dostcanlı, mərd, comərd, əli, dili düz, qonaqsevən olur.

Bu yerlərin sakinləri 30 illik həsrət çəkdilər. Adil kimi. Ağı dedilər, bayatı oxudular. “Vətən, hey!” səsləndilər. 

“Anama layla” ərsəyə gələndə hələ torpaqlarımız azad olunmamışdı.  Doğma yurdu üçün qəribsəyən, darıxan, özünə yer tapmayan Adil Cəmil  qələmə sarıldı. Ah çəkməkdən usanmadı. “Qürbətdə qalan vətənə” baxa-baxa yazdı:

Ah çəkib uzaqdan Murova baxdım,

Kəlbəcər adında girova baxdım.

Dən düşən saçımda qırova baxdım…

Yazdan ayrılmamış qış hardan gəldi? (“Hardan gəldi” şeirindən).

Necə də gözəl ifadə olunub: “Ah çəkib uzaqdan Murova baxdım, Kəlbəcər adında girova baxdım”.

Kəlbəcər kimi gözəl diyarın girov olmağı, düşmənin burada at oynatması nəinki Adilin, eləcə də uzun müddət bizim hamımızın dərdi idi. Fəqət hamıdan daha çox Adil yandı-yaxıldı: “Gündoğan tərəfə baxan kəndimin, Qibləsi dəyişib günbatan oldu” – deyə haray qopardı,  axşamlar kəndini yuxuda gördü, gündüzlər gözləri önündə canlandırdı, əzizlədi, oxşadı.

Adil Cəmil şeirlərində bu gününü, sabahını fikirləşməyi, ömrü mənalı yaşamağı, onu bada verməməyi insanlara tövsiyə edir. Şairin qənaətincə, həyatın mənası barədə düşünməyən, xoşbəxtliyin yollarını arayıb tapa bilməyənlər axırda peşman olur. Şeirdəki şəxs kimi:

Mən ömrümü “qurban olum” –

Deyə-deyə qurban verdim (“Qurban verdim” şerindən).

İnsanlar başqalarından ötrü fədakarlıq göstərməklə yanaşı özlərini də düşünməli, ömürlərini bihudə yerə qurban verməməlidirlər:

Sən demə arzular xam xəyal imiş,

Xəyallar Adili xamladı getdi (“Karvan köç elədi” şeirindən)

Şairin “İşğal günü” şeiri də maraqla oxunur, poçtalyonun yurd yerini tərk etməməsi adamda bir yandan fərəh, qurur hissi oyadır, digər yandan onu gözləyən acı tale təəssüf hissi oyadır:

Kəndimizin poçtalyonu

Kənddə qaldı işğal günü.

Obaya xəbər daşıyan

O insandan

Heç çıxmadı xəbər-ətər.

İşğal günü kəndi tərk etməyən poçtalyonu burada qalmağa vadar edən müəyyən səbəblər var. Əvvəla, o, yataq xəstəsi idi. Yalvarırdı ki, onu yerindən tərpətməsinlər. “Qurumuşdu ayaqları, Söz tutmurdu dodaqları”. İkincisi, onu kənddə qalmağa, burada ölməyə məcbur edən  Vətən sevgisi idi: “Bura mənim obamdır, ömrüm-günüm burada keçib, qalıb burada ölüm” – deyirdi.

Poçtalyonun taleyi, təbii ki, bəllidir.  Qocaya, xəstəyə, körpə uşağa, qadına rəhm etməyən erməni faşistləri, söz yox ki, poçtalyonu tapan kimi, şübhəsiz,  qanına qəltan etmişdilər. Adil Cəmil demişkən:

Zülm varmı bundan betər

Ölüm varmı bundan betər.

Kitabda qandonduran bir fəryad var: oğul dərdi, oğul yoxluğu. Valideyn üçün övladı itirməkdən böyük dərd-sər təsəvvürə gəlməzdir.

Adil Cəmi onu için-için ağladan, sızladan bu hiss (dərsinə şərik oluram, əziz dost) dilə belə gətirir:

Daha varlığıma bu dünya dardı,

İşıqlı nə varsa aparıb getdin.

Dilimdə bir “oğul” kəlməsi vardı,

Onu da dilimdən qoparıb getdin (“Ay oğul atası, oğulsan tabla” şeirindən. Orxana ithaf).

Adil Cəmilin kitabda toplanmış digər şeirləri də uğurludur.  Diqqət yetirək: “Soruşmayın əhvalımı” (Dünya fani, ömür hədər, Gedən gəlməz, gələn gedər), “Göy üzü səs saxlancıdır” (Məməm-mənəm deyənlərin,  Mənliyində “Mən” yoxmuş), “Fikir adlı şum yerində” (Dağlar mənə dağ çəkəndən, Dağ görmədim dağım kimi), “Ay zalım fələk” (Gürşad əvəzinə, leysan yerinə,  Gözümün yaşını tökdürdün mənə), “Dərdim” (Belimdə şələ var vallah öluncə, Neçəki diriyəm diridi dərdim) və s.

   Kitabdakı şeirlərin bir qismində qardaş Qırğızıstan, onun təbiəti, insanları anılır. “Böyükçöl”, “Qırğız yaylasında”, “Ər Manasın aulunda”, “Bir vadidən gördüklərim”, “Çu çayı” və s. şeirlər bu qəbildəndir.

“Anama layla” kitabını vərəqləyib sona çatırdım. Öz-özümə: “Adil nə əcəb kitaba sevgi şeirləri daxil etməyib?” – deyə fikirləşirdim ki,  nəhayət, axtardığımı tapdım: ”Uzanan ayrılıq ömür qısaldır”, “Bizim sevgi”, “Görüş yerində”, “Yanmağıma yanmıram”, “Səni düşünərkən”, “Bir sevda dəlisiyəm”. “O eşqin sarayı uçmayıb, gülüm”, “Sən”, ”Sən görmədin”, “Keçib” və s.

Sinəsində yeridiyin

Yamac oldum – sən görmədin.

Yollarına kölgə salan

Ağac oldum – sən görmədin.

Bu yerdə üzümüzü Adil Cəmilə tutaraq deyirik: başqa sevənlər də sən dərdə olublar, ürəyini sıxma. Gözəl şeirlər yaz, ürəyini də sıxma. Sevilən şairsən!

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru