AKİF ABBASOV. MUSTAFA KAMAL VƏ AYDAN.

AKİF ABBASOVUN YAZILARI

10 NOYABR  – MUSTAFA KAMAL ATATÜRKÜN ANIM GÜNÜ VƏ ATATÜRK HƏFTƏSİDİR! 

Atatürk 10 noyabr – 1938-ci ildə saat 09.05- də dünyadan

köçmüşdür. Həmin gün müasir Türkiyənin yaradıcısı və ilk

Prezidenti Mustafa Kamal Atatürkün xatirəsini

əbədiləşdirən milli matəm günü kimi hər il qeyd olunur. 

Atatürk həftəsi isə, böyük öndərin yurd daxilində

anıldığı, qanun və  inqilablarına aydınlıq gətirildiyi,

danışıqlarının dövrü mətbuatda işıqlandırıldığı,  nitqlərinin

radio və  televiziyada öz səsi ilə səsləndirildiyi, onun

haqqında filmlərin nümayiş etdirildiyi, noyabrın 10-dan 16-

dək davam etdiyi həftədir.

10 noyabrda saat 09.05-də Türkiyə ərazisində Atatürkün

xatirəsi  fit səsləri ilə 2 dəqiqə sükutla  anılır.

                            

MUSTAFA KAMAL VƏ AYDAN

 (“ATATÜRK” PYESİNDƏN)

Atatürk xəritənin önünə

 keçir. Çöldə səs-küy eşidib diqqət kəsilir.

MÜHAFİZƏÇİ. Ay bacım, ay anam, olmaz. Baş komandan məşğuldur. Həm də axşam düşüb. Bu vaxtı paşa həzrətlərini niyə narahat edirsən? Get, sabah gələrsən.  

AYDAN. Sizdən artıq dərəcədə xahiş edirəm. İcazə verin, paşa ilə görüşüb söhbət edim. O, mərhəmətli insandır, sizə acıqlanmaz.

MÜHAFİZƏÇİ. Sözünü komandirlərdən birinə de.

AYDAN (yalvarıcı tərzdə). Axı mən Baş komandanın, Mustafa Kamal paşanın özünü görmək istəyirəm.

 Atatürk qapıya yaxınlaşır. Büründüyü çarşabından

 Aydanın  yalnız gözləri görünür. Mühafizəçi onun

                        qarşısını kəsib içəri keçməyə qoymur.

     ATATÜRK. Qoy gəlsin.

    Əsgər əmrə müntəzir halda mil dayanır və

    Aydana işarə edir ki, gedə bilər. Atatürk yer

    göstərir. Aydan əyləşir və çarşabını sərbəst

                        buraxıb üzündən götürür.

(qızın solğun üzünə baxaraq acıyır və öz-özünə). Xalq əziyyət çəkir, millətin dinjliyi, günü-güzaranı yoxdur (qıza). Eşidirəm səni, qızım. Gecənin bu vədəsi, müharibənin belə qızğın çağı buraya gəlməyə səni nə vadar edib? Qorxmadın ki, düşmən əlinə keçəsən?

AYDAN (cəsarətlə). Paşam, harada yazılıb ki, müharibədə yalnız kişilər iştirak etməlidirlər?! Məgər vətən təkcə onlarındır?

ATATÜRK. Qızım, vətən bizim hamımızındır! Onun uğrunda hər kəs vuruşmalı, Vətənin qeyrətini, şərəf və namusunu hər bir oğul və qız çəkməlidir. Hələlik bu işi kişilər gördükləri üçün qadınlarımızı, qız və gəlinlərimizi narahat etmirik. Ailədə onların iş-gücü onsuz da çoxdur.

AYDAN. Paşa həzrətləri, ona görə də bizi çarşaba büküb lazımsız əşya kimi evin küncünə atmısınız?

ATATÜRK. Sən haqlısan, xanım əfəndi. Doğrudan da, çarşab Şərq qadınının əl-qolunu bağlayıb onu itaətsiz, kölə və hüquqsuz vəziyyətə salıb. Türk qadını çarşabdan azad olmalı, həyatın fərəhli yollarına çıxmalı, kişilərlə çiyin-çiyinə çalışmalıdır. Qızım, gecə vaxtı buraya bunları söyləməyəmi gəldin?

AYDAN (ağlamsınaraq). Xeyr, paşam. Mən Poladlıdanam. Bir qardaşım vardı. Müharibə başlamamış yunanların gülləsinə tuş gəldi. Dünən dəfn etmişik. Atam da Küthya-Əskişəhr döyüşlərində canını tapşırıb. İki bacı xəstə anamızın ümidində qalmışıq. Bacım hələ balacadır. Yeddi yaşı var, yoxsa onu da özümlə gətirəcəkdim. Qardaşımı ana torpağa tapşıranda and içdim ki, bu gündən milli orduya yazılacaq, atamın, qardaşımın, millətimin, döyüşlərdə ölən oğulların qanını alacağam. Gəlmişəm ki, mənə silah verəsiniz.

ATATÜRK. Qızım, adın nə oldu?

AYDAN.  Aydandır adım.

ATATÜRK. Neçə yaşın var?

AYDAN. On altı.

ATATÜRK. Aydan, heç əlinə silah almısan?

AYDAN (bu sualı gözləmədiyindən duruxur, sonra özünü ələ alaraq çarşabını göstərir). Bu imkan verib ki?.. Fəqət bunun heç bir əhəmiyyəti yoxdur.   Ayıya rəqs etməyi,   cürbəcür   oyunlar göstərməyi öyrədirlər. Biz insanıq. İnsan isə şüurlu məxluqdur. Paşa həzrətləri, yəni deyirsiniz bir-iki saata nişan alıb güllə atmağı da öyrənə bilmərəm.

                           Atatürk gülür.

 (yalvararaq).  Paşam, siz allah məni naümid etməyin, qoyun vuruşum. Onsuz da buradan getmək fikrim yoxdur. Siz qovsanız da, əlimə bir tüfəng keçirib, lap düşmən tüfəngi olsa belə, vuruşacağam. Təpənin, ağacın, daşın arxasında gizlənib düşməni nişan alıb atacağam. Təkbaşına partizan müharibəsi aparacağam.

 ATATÜRK (qızı dilə tutur). Aydan, mənim balam, deyirsən atan həlak olub. Mən sənin atan. Övlad ata sözünə qulaq asar. Anan oğlunu, sənin qardaşını təzəcə itirib. O, qəm-qüssə, dərd-ələm içərisindədir. Qəlbinə vurulan yaranın sağalması üçün gör nə qədər vaxt lazımdır. Bir yandan da sən evdən qaçmısan. Özünü onun yerində qoy. Gör indi o nələr çəkir, nələr yaşayır?! Elə bilirsən bu gecə gözlərinə yuxu gedib? Özün dedin ki, bacın balacadır. Sən arxayın ol. Biz sənin qardaşının da, atanın da qanını alacağıq. Sənə söz verirəm. Biz qalib gələcəyik. Haqq işi uğrunda mübarizə aparanlar həmişə zəfər çalır. Mənim sözlərimə qulaq as. Evə get. Ananı şad edərsən. Əsgərlər səni ötürərlər.

                        Aydan ağlamağa başlayır.

ATATÜRK (irəli yeriyib onu sakitləşdirməyə çalışır). Aydan, qızım, burada sənsiz ötüşə bilərik. Başa düş, anan isə sənsiz keçinə bilməyəcək. Allah eləməsin, cəbhədə başına bir iş gəlsə, onun dərdinin üstünə dərd gələcək. Buna o tablaşa bilməyəcək. Evdə balaca bacın var. Səndən, anandan sonra o nə edəcək?!

 Aydan fikirli ayağa qalxıb qapıya sarı gedir.

(əsgərlərə). Qızı aparıb evlərinə ötürün.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir