DƏNİZ NƏĞMƏLƏRİ – MƏHƏBBƏT NƏĞMƏLƏRİ

RAFİQ YUSİFOĞLU HAQQINDA

DƏNİZ NƏĞMƏLƏRİ – MƏHƏBBƏT NƏĞMƏLƏRİ
(“Qəm karvanı” kitabına yazılan ön söz)

İş elə gətirdi ki, bu məqaləni sübh namazından sonra yazmağa başladım. Burada qeyri-adi, daha doğrusu, elə böyük bir sir olmasa da, bunun mənası və səbəbi var. Və həmin o əsas səbəb də ondan ibarətdir ki, yazmağa başladığım bu məqalənin baş qəhrəmanı, səbəbkarı uzun illərin yol yoldaşı, qələm dostum, şair dostum, ən nəhayət, dəniz dostum Rafiq Yusifoğludur.
Əslində mən “dəniz dostum” kəlmələrini cümlənin əvvəlində işlətməliydim. Çünki gəlib elə bir vaxta çatmışıq ki, qələm, söz, istedad və qabiliyyət ucuzlaşıb, hətta bir az da dəbdən düşüb. İndi dəbdə olan, meydanlarda at çapan, maraq doğuran çox şey var, bircə ağıl və bacarıq, istedad və qabiliyyət, kişilik və mərdlik bu siyahıda yoxdur. Şəxsən mənim üçün və Rafiq üçün həmişə dəbdə olan, solmayan, təzə-tər qalan, heç vaxt köhnəlməyən, dəyişməyən bir sirli-sehrli, cənnətməkan ünvan, əbədi bir mövzu var – Xəzər dənizi!
Biz hər gün səhər tezdən Xəzərin mavi qoynunda görüşür, hər il beş-altı ay onun bir az duzlu, bir az meyxoş suyunda doyunca çimir, köpüklü dalğalarında atılıb-düşür, bərkdən-boşdan çıxır, sonra hərəmiz bir dünya sevinclə ev-eşiyimizə qayıdır, işə yollanırıq. Bu, həyatın, taleyin bizə bəxş etdiyi ən böyük səadət və mükafatdır. İkimiz də bu taleyə, bu səadətə, bu mükafata görə Allaha minnətdarıq. Çünki həyatda çox mükafatı, var-dövləti, cah-cəlalı, mal-mülkü, taxt-tacı olan adam var, amma onların heç birisinin Xəzər kimi ali mükafatı yoxdur. Allah-Təala Azərbaycana, biz azərbaycanlılara çox böyük bir sərvət, var-dövlət, nadir inci, ləl-cəvahirat bağışlayıb. Ancaq əfsuslar olsun ki, çoxumuz nankorluq edir, bu boyda mükafatın, var-dövlətin ya qədir-qiymətini bilmirik, ya da onu layiqincə dəyaərləndirməyi bacarmırıq.
…Bədii əsərlərdə həmişə bir və ya bir neçə müsbət qəhrəman olur. Mənim qeydlərimin də iki səbəbkarı, iki qolu, iki müsbət qəhrəmanı var: biri Rafiq Yusifoğlu, o biri Xəzər dənizi…
Əvvəllər dənizə gələn dostlarımız lap çox olub. Tədricən onlar azalıb. Azalanlar, oyundan çıxanlar kimlər olub? Bizimlə yol gedə, ayaqlaşa bilməyənlər – ürəksizlər, məsləksizlər, diləksizlər, acgözlər, mənsəbpərəstlər, buqələmunlar… Dəfələrlə bizə qoşulan, lakin dəstəmizin əsas, aparıcı üzvləri ilə ayaqlaşa bilməyənlərə, yəni mənən bizə yaxın olmayan cılız ürək sahiblərinin şax üzlərinə demişəm: “Xahiş eləyirəm, sbahdan gəlməyin bizim dənizə. Hər cür eyş-işrəti, var-dövləti vermişik sizə, barı qoy bu dəniz bizə qalsın! Murdarlamayın Xəzərimizi!”
“Bizim dənizimiz” ifadəsini təsadüfi işlətmədim. Doğrudan da, bu boyda dəniz bizimdir. Bizim deyəndə, yəni mənim kimi yüzlərin, minlərindir Xəzər. Ancaq küləkli günlərdə bizdən savayı bir kimsəni görmək qeyri-mümkündür onun sahillərində…
Xəzərlı bağlı söz-söhbətim bir qədər uzansa da, bu uzun söhbət Rafiqlə, onun yaradıcılığı və yeni şeir kitabı ilə sıx surətdə əlaqəlidir. Məqsədim bu əlaqənin bəzi “düyün” və nüanslarını açmaqdan ibarətdir. Rafiq Qubadlıdan Azərbaycan Dövlət Pedaqoji Universitetinə gəlib oranı bitirsə də, o, bu gün özü də etiraf edib deyəcək ki, şairliyinə, ziyalılığına, üstəlik həyatda və elmdə qazandığı bütün uğurlara görə Xəzərə minnətdardır. Uzağa niyə gedək, “Qəm karvanı” poemasından savayı onun təzə kitabındakı bütün şeirlər ya bilavasitə Xəzərlə bağlıdır, ya da dəniz məhəbbəti, bu sevginin ona bəxş etdiyi ovqatla köklənən lirik şeirlərdir.
– Xeyir, elə “Qəm karvanı” poemasının yazılmasında da dənizin rolu var, – deyə Rafiq sözümə düzəliş verir. – Sən ki yaxşı bilirsən mənim vəziyyətimi! Əgər Xəzərlə dostluğum olmasaydı, bəlkə elə ağır cərrahiyyə əməliyyatından da sağ-salamat çıxmazdım. Sağ olsun Xəzər ki, onu sevən ürəyim məni bu ağır imtahandan sağ-salamat çıxardı… Yoxsa “Qəm karvanı” yaranardımı?!
Söhbət “Qəm karvanı”ndan düşdüyü üçün bir dost, qələm yoldaşı kimi yox, məhz kitabın redaktoru kimi mən Rafiqi dahi söz ustası, ölməz Füzulinin sevgi dünyasına, onun ümumbəşəri yaradıcılığına məhəbbətini də hər şeydən öncə gördüm. Vaxtilə poemanı qəzetdə oxusam, radioda, televiziyada dinləsəm də, etiraf edim ki, Rafiqin bu cür “Məcnunluğunu” görməmişdim. O, poetik siqlətli misraları ilə ölməz Füzulinin şeeir-sənət dünyasına yaxınlaşır, onun zəngin obrazına yeni ştrixlər əlavə edir:
Qəlbimi dünyada kədər yaşatdı,
Mələklər eşqinə göz yaşı tökdüm.
Gözəllər o qədər mənə daş atdı,
Yığıb özüm üçün qəmxanə tikdim…
Əla deyilib! Hətta deyərdim ki, Rafiqin bu tipli misraları onun füzulişünaslığa şair töhfəsidir.
Elə bu misralar da həmçinin:
Babam, yetməsən də nazlı yara sən,
Sevən ürəklərə nur ələmisən.
Qoşun çəkməsən də bir diyara sən,
Dünyanı sözünlə fəth eləmisən!
Sözsüz, ədəbiyyatda, sənətdə hərənin öz uğuru, öz cığırı var. Birində bu uğur çox, digərində azdır. Tale elə gətirib ki, ədəbi uğurlarımız da bir-birimizin gözü qarşısında olub. Mən “Ədəbiyyat və incəsənət”, daha sonra “Bakı”, “Baku” qəzetləri redaksiyasında işləmişəm, o isə “Göyərçin” jurnalı redaksiyasında. O, vaxtaşırı bu qəzetlərdə çıxış edib, mən də “Göyərçin” jurnalında. Sonra yollarımız haçalanıb. Əməkdaşlıq əlaqələrimiz isə qırılmayıb. Mən Sumqayıtda “168 saat” qəzetinin redaktoru işləmişəm. Rafiq redaksiyamızın ştatlı işçisi olmasa da, onun ən fəal əməkdaşı – müxbiri sayılıb. Daha doğrusu, qəzetin hər sayını birlikdə buraxmışıq, birlikdə müzakirə etmişik. Qəzetdə o, təkcə şair kimi yox, publisist, ədəbiyyatşünas alim kimi yox, həm də əl boyda xırda, şirin, duzlu, yumorli hekayələrlə çıxış edib. Ona görə də cəsarətlə deyə bilərəm ki, “168 saat” qəzetinin oxunaqlı çıxmasında, az-çox uğur qazanmasında Rafiqin də rolu, əməyi vardır.
Əlbəttə, Rafiq Yusifoğlu filologiya elmləri namizədi olsa da, doktorluq dissertasiyasını yazıb tamamlasa da, o, hər şeydən öncə şairdir, “Yusifoğlu” təxəllüsünü də məhz şair kimi qazanıb və bu gün ədəbi ictimaiyyət Rafiq Yusifoğlu imzasını daha çox şair imzası kimi tanıyır.
Rafiqin nəşriyyatımıza təqdim etdiyi “Qəm karvanı” kitabının əlyazmaları ilə, necə deyərlər, üz-üzə, göz-gözə dayanıb “168 ssaat” qəzetini varaqlayıram. Az qala qəzetin hər sayında onun imzası ilə rastlaşıram. “Üç daş” şeiri diqqətimi cəlb edir. Nə üçün “Üç daş”?
Yuxarıda qeyd etdiyim kimi, biz hər gün səhərimizi dənizdə açırıq və hər gün neçə-neçə xırda, alabəzək daş yığırıq. Elə daş ki, hərəsi bir rəssam əsəri, torpağın nadir incisi, möcüzəsi təsiri bağışlayır. Mən nəvələrim, o isə balaları, dərs dediyi tələbələr üçün yığır bu daşları. Hələ neçə dostunu da bu daşlara “qonaq” edir.
Birdən “Üç daş” şeirinin misraları dilə gəlir və mən şairin lirik “mən”inin həzin pıçıltısını, ürək döyüntülərini eşidirəm:
Üç daş bağışladım sənə bu səhər,
Dəniz göndərmişdi onları sənə.
Duyana adi daş gövhərdi, gövhər,
Bəxş etdim duyğulu anları sənə.
Təbəssüm bəzədi nurlu üzünü,
Sevindin, gözündən boylandı yaşlar.
Kim bilir, bəlkə də su pərisinin
Donmuş göz yaşıydı bu xırda daşlar?!
Bu üç daş üç kiçik toxuma bənzər,
Heç biri zərrəcə götürməz ləkə.
Üç daş bağışladım sənə bu səhər,
Dedim: – ”Daş ürəyin” yumşaldı bəlkə?!
Sənə aydın olar sözümün ardı,
Fikirləş, üç daşın mənasını tap:
Biri ürəyim tək cadar-cadardı,
Biri sənin əlin, o biri mizrab.
Üç daş bağışladım sənə bu səhər,
Nədən qorxurdumsa, gəldi başıma.
Məhəbbət ocağı köz tutsa əgər,
Onlar dönə bilər ocaq daşına.
Duysan o daşları, gözün dolacaq,
Qaçıb gələcəksən qarşıma bir gün.
Ya onlar ömrünə bəzək olacaq,
Ya da çırpılacaq başıma bir gün…
Oxucu fikirləşər ki, şeir burda bitir. Düzdür, şeir bitir, ancaq şairin bitib-tükənməyən arzu və məhəbbəti yaz bulağı kimi, dağ şəlaləsi kimi aşıb-daşır, çağlayır. O məhəbbət bir sevgi ağacı kimi gənc bir aşiqin ürəyində göyərir, yeni şeirə – “Ürəkdə bitən ağac”a çevrilir.
Səni görən gündən dincliyim itib,
Taleyim belədi, cəfakeşəm mən.
Yazırsan: –Qəlbində bir ağac bitib, –
Toxum cücərtməkdə gecikmişəm mən.
Bəlkə xoş söz çəkdim dodaqlarından,
Bəlkə bu sevdaya ellər gülüşdü?!
Bəlkə o ağacın budaqlarından
Mənim qismətimə üç alma düşdü?!
İçimdə közərir gizli bir ocaq,
Qəlbimdə bir təzə sevda doğulmuş.
Bəlkə o üç alma xatırladacaq:
Bu, sevda deyilmiş, şirin nağılmış?…
Sağalmaz bir yara yoxdu dünyada,
Bilirəm, sevdalı qəlbin kövrəkdi.
Toxum cücərdənlər çoxdu dünyada,
Mənə daş göyərdən ürək gərəkdi…
Şairin məhəbbəti böyük, istəyi isə çox cüzidir:
Sənin ürəyində bitən ağacın
Üstündən bir şair nəfəsi əsdi.
Meyvəsi kiməsə qismət olacaq,
Mənə o ağacın kölgəsi bəsdi…
Adam var ona dünyanı bağışlasan belə, yenə qane olmaz, acgözlük edər, deyər ki, azdır. Adam da var nəfsinin qulu deyil, mənən toxdur, aza da qane olur. Əslində bu da Rafiqin öz qənaətidir, yəni o, heç vaxt ad-san üçün döyüşməyib, özünü oda-közə atmayıb, taleyin ona verdiyi nə varsa, onunla qane olub, kifayətlənib.
Qəzetimizin digər bir sayında Rafiqin “Necə yazacaq?” şeiri dərc olunub. Bu şeirin maraqlı yaranma tarixçəsi var. Onda (oktyabr-noyabr 1995) respublika parlamentinə namizədlər qeydə alınırdı. Ağal, qabiliyyət, bacarıq yarışından savayı hər cür əyri, naqis yarışlar gedirdi. Rafiq bu biabırçı, iyrənc mənzərəni görüb, sesmadı, öz şair səsini ucaltdı:
Bu da bir yarışdı, düşüb bəhsabəhs,
Ey xalqım, sən dostu, düşməni tanı.
Bu gün ”Şirvan” verib imza alan kəs,
Sabah sata bilər Azərbaycanı.
Daralır boynuma ilişən halqa,
Gəlir üstümüzə qara bir duman.
Vedrəyə aldanıb səs verən xalqa
Vedrə bağlayacaq tarix bir zaman.
Çaşma hər yetənə uğur diləyib,
Sınaq günlərimiz yaxınlaşır, ha!
Çoxları mandatı qalxan eyləyib,
Qılınc oynatmağa hazırlaşır, ha!
Qoymayın düşməni bizə gülməyə,
Nadanlar millətə qəbir qazacaq.
Adını, soyunu yaza bilməyən
Xalqın taleyini necə yazağaq?!
Deyim ki, o vaxt bu şeir şəhərə əməlli-başlı səs saldı, ciddi söz-söhbətə səbəb oldu. Rafiqin qənaəti düzgün idi. O, gördüyünü, əsl həqiqəti qələmə almışdı. Axı, doğrudan da, xalq, millət seçicilərə vedrə paylayıb səs toplayan elçisindən nə gözləyə bilər? Belə millət vəkilləri kimə və nəyə lazımdıqr?!
Əfsuslar olsun ki, şair harayını eşidən, ona məhəl qoyan tapılmadı. Deputatların böyük əksəriyyəti əvvəlcədən tərtib olunmuş siyahı ilə “seçildi”.
Düzdür, haqqında söz açdığım bu şeir kitaba daxıl edilməyib. Ona görə ki, Rafiqin yeni kitabında ancaq onun dəniz nəğmələri, lirik ovqatlı, gənclik təravətln məhəbbət şeirləri toplanıb. Həm də bu, şairin öz arzu və istəyi ilə olub.
Lakin nəzərə alsaq ki, hər bir qələm sahibi, daha çox şair eyni zamanda dövrün, zamanın salnaməçisidir və o, ən çətin məqamda belə susmamalı, bütün həyat həqiqətlərinə öz münasibətini bildirməlidir. Bu nöqteyi-nəzərdən Rafiqin real həyata publicist münasibətdən yaranan şeirə müraciət etməyi vacib sandım.
Oxucu yəqin hiss etdi ki, mən qeydlərimdə Rafiq Yusifoğlunun kitabında toplanmış şeirlərdən çox dənizdən söz açdım. Bunu mən bilərəkdən etmişəm.
Çünki bu kitabı Rafiqə məhz dəniz yazdırıb, onun dənizə olan sonsuz məhəbbəti, həm də bu dənizi ona sevdirən gözəllər yazdırıb. Görün şair birşeirində dənizi ona bağışlayan bir gözələ nə deyir:
Yanğımı söndürmək olmaz,
Dalğayla, yağışla, gözəl!
Dəniz elə mənimkidir,
Özünü bağışla, gözəl!
Əgər Rafiq Yusifoğlu dənizi özününküləşdirirsə, onun haqqında geniş danışmağa da dəyər. Bəli, dəniz ilk növbədə onu sevənlərindir, qədir-qiymətini bilənlərindir. Bu siyahıda Rafiq də var, bu sətirlərin müəllifi də.
Şair “Dənizlə söhbət” şeirində özünün dəniz məhəbbətini daha da böyütmək, genişləndirmək istəyir. Bu arzu və istəklə üzünü sevgilisinə tutub deyir:
Gülüm, dəniz səni tanımır hələ,
Deyir ki, qoy o da sənə qoşulsun,
Ya dalğaya dönsün, ya da quş olsun.
Məsəl var deyərlər: “Dost dosta tən gərək, tən olmasa, gen gərək”. Nə qədər Rafiq Yusifoğlunun ayrı biçimli, ayrı ovqatlı şeirlərindən söz ağmaq istəsəm də, dənizin məftunedici cazibəsindən çıxa bilmirəm, yenə dəniz nəğməli, dəniz ətirli şeirlər diqqətimi cəlb edir. Görürəm ki, bu “yanlış da bir naxış”dır. Həm də bu, çox təbiidir. İkimiz də dəniz aşiqi, dəniz dəlisi olduğumuzdan söz-söhbətimiz dənizdən yan keçə bilmir. Həm də ki, dəniz sevgisi, dənizə sonsuz məhəbbət kitabdakı şeirlərin canına hopub, qanına işləyib və onların hamısında bir isti nəfəs var: dəniz nəfəsi, dəniz ətri. Özü də bu şeirlər sanki bir himə bənddilər. Əgər onlara bir bəstəkar nəfəsi, musiqiçi, müğənni əli, barmağı toxunsa, misralar, beyt və bəndlər dərhal dilə gələr, şirin, yaddaqalan şərqiyə, nəğməyə dönər…
Siz “Mənim dənizzim” şeirindəki bu həzin, kövrək misraların pıçıltısına baxın:
Söz deyirəm ərk ilə,
Arı qonmaz hər gülə.
Ya qucaqla boynumu,
Ya qoynunda qərq elə.
Aşiqlərin ürəyi yuxa, kövrək olur. Biz, əlbəttə, lirik “mən”ə “qoynunda qərq olmaq” arzulamazdıq. Ancaq “qucaqla boynumu” deyərdik.
Rafiq Yusifoğlunun bir neçə şeirinə bəstəkarlar, müğənnilər müraciət etsələr də, hələ bir xeylisi növbə gözləyir. Kitabda öz-özünə oxumaq istəyən, bəstələnmək arzusuyla yaşayan o qədər şeir var ki, yəqin ki, onlara da növbə çatacaq.
Qeyd etdiyim kimi, kitabda şairin dəniz mövzusunda və yaxud dəniz ovqatı ilə yazılan silsilə şeirlərə geniş yer verilmişdir. Çətinlik çəkirəm deyim ki, bu şeirlərin ən yaxşı, yaddaqalanı hansıdır? Ona görə bu sualla şairin özünə müraciət etdim.
–Dəniz haqqında ən yaxşı şeirimi hələ yazmamışam. Ümumiyyətlə dəniz elə bir əbədi, bəşəri mövzudur ki, hələ onu heç kim onun özündən yaxşı, sanballı vəsf edə bilməyib. Dəniz mənim ürəyimə, gözlərimə köçüb…
Rafiqin fikri ilə razılaşıram. Eybi yox, qoy öz dediyi kimi olsun, bütün sənətkarlar kimi o da dənizə borclu qalsın…
Redaktor hardasa buğda zəmisində alaq təmizləyənə oxşayır. Bu mənada Rafiqin “poeziya zəmisi” hər cür alaqdan xalidir…
…Özüm bilə-bilə kitabda toplanmış şeirlər barədə geniş söhbət açmıram. Bunu tləbkar oxucuların öhdəsinə verirəm. Qoy onlar diqqətlə oxusunlar, rəy söyləsinlər. Mənim məqsədim dostum haqqında bir-iki xoş söz demək idi. Bilmirəm bu borcumu yerinə yetirə bildimmi?! Oxucu bu qeydlərimi necə qarşılayacaq, oxuyanda ağız büzməyəcək ki, onu deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, “Dəniz nəğmələri –məhəbbət nəğmələri” sərlövhəsinə sadiq qalmağa çalışmışam, şairin sevgi dolu şeir çələnginə məhəbbətlə yanaşmışam. Sən də bu nəğmə çələngini sevə-sevə, məhəbbətlə oxu, əziz oxucu!
1-4 avqust, 1997

Müəllif: HACI AĞƏDDİN MANSURZADƏ

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD. MƏN VƏ SƏN.

AFƏT ŞAHİDİN YAZILARI

MƏN və SƏN

  • Gözəl günlərin birində

yeriyirdim uça-uça …

Universitet yolunda

biri dedi:olar sənlə tanış olum?…

  • Görüşə gəlirdin cəsarətin yox,

qorxurdun ilk sözü sən başlamağa…

susub sən arxamca gəlirdin amma,

mənimlə birgə gələcək qurmağa…

  • Sən- payızın əvvəli kimi:

sakit, kövrək  və təmkinli

mən – payızın sonu kimi:

çılğın, qarlı və dumanlı…

Bir yaz günəşində göründük bir-birimizə

Payızın tən  ortasında düyünləndik…

MƏN SƏN oldum,

SƏN də MƏN…

  • Məni küncə sıxışdırıb,

yazıq etdın acımadın,

QISQANClığın məni döydü;

mənsə sənə GÜVƏNmişdim…

  • Sevin bir-birinizi!

Qoy DÜŞMƏN çatlasın!

O heç əvvəllər də sevməmişdi

ADƏM babamızı,

 HƏVVA anamızı,

 HAMIMIZI….

  •     Burası mənim ÖZəlim

         Nə baxırsan GÖZəlim

         Tut Əlimdən gəzəlim

       ÖZƏL və GÖZƏLim….

  •   Gəl  YAT

       qoy RUHun

       ÇIXsın

       GƏZ məyə

       GÖR nə var nə yox

       Bizim tərəflərdə…

  • Məni(-m rəsmimi) çəkmə,

     O QƏDƏR AGIRam ki …

     ÇƏKə bilməzsən YÜKümü…

     Külək əsmir mən gedəndə,

     Bulud yağmır mən GÜLəndə…

  • Uşaq vaxtı bərkdən güləndə

     anam deyərdi gülmə .

     O vaxtdan gülmək yasaq…

     GÜLlər məni SEVinDİRİr

     Güllər acıqlanmırlar…

     Elə gül kimidirlər….

  • Nəfəsin nəfsimə …

     Ruhun ruhuma…

     dəng gəldiyi üçün

     mən yanındayam….

  • Dərdlərini…

     mənə danış.

      Mən — DƏNİZəm:

      həm DUZluyam,

      həm dəcələm,

      həm TƏMİZəm…

  • Gözlərin qalıb gözümdə,

     Nəfəsin var üzərimdə

     qəlbimiz çarpır birlikdə,

     gəl YOLA ÇIXaq birlikdə

  • ÜMİD hələ ölmədi ki…

     SEVGİ hələ bitmədi ki…

     Hələ bu can var üstündə

     RUHun göyə uçmadı ki…

  • Gəl birlikdə gəzək sənlə küçəni,

     çıxaq gecələri gəzək şəhəri…

     Əl-ələ tutunaq buraxma məni,

     son ümidin kimi qoru sən məni…

  • Nəmli payız havasında

     ürəklər qızınsın, qəlblər isinsin.

     Verdiyim sevgini qoru sevgillim,

     Qoy səni qorusun, həm sevindirsin…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHİDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru