Bilal Həsənli. RAFİQ YUSİFOĞLU

BİLAL HƏSƏNLİ

RAFİQ YUSİFOĞLU

(1950)

Rafiq Yusifoğlu son illərdə uşaq ədəbiyyatımızın inkişafınd öz töhfəsini verən, məhsuldar fəaliyyəti ilə ədəbi tənqidin, geniş oxucu kütləsinin diqqətini cəlb etmiş istedadlı sənətkardır. Onun “Söz çəməni”, “Çiçək yağışı”, “Bahar qatarı” kitablarındakı şeirlər, hekayələr oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.

Sənətkarın uşaq əsərləri janr baxımından olduğu kimi, mövzu, ideya-məzmun etibarilə də rəngarəngliyi ilə seçilir. “Qərənfil dənizi”, “Qubadlım”, “Qarabağım yenə geri dönəcək” əsərlərində vətənpərvərliyin tərənnümü, xalqın qəhrəman oğullarına məhəbbət sənətkarlıqla bədii ifadəsini tapmışdır. “Səhrada bulaq”, “Dibçək gülləri”, “Quruyan ağaclar”, “Nağıllar aləmi”, “Sel və bulaq” əsərləri şairin yaradıcılığında xüsusi diqqət yetirdiyi təbiət mövzusundadır.

Rafiq Yusifoğlu az sözlə dərin fikirlər deməyi, xırda ştrixlər, bədii detallarla böyük mətləbləri ifadə edən şairdir. Ədibin yığcam, təsirli şeirlərinin məna yükü ağırdır. “Pəncərə” şeiri bu baxımdan səciyyəvidir. Şair diqqəti dünyadakı müxtəlif pəncərələrə yönəldir. Pəncərələr dağa, dərəyə, meşəyə, dənizə açılır, evlərə, mənzillərə işıq gətirir, qocaya, uşağa nur bəxş edir. Son bənddə söylənən fikir pəncərə barədə deyilənlərin məntiqi yekunu kimi səslənir:

Pəncərəsiz yaşamaq,

Bil ki, əfsanə sözdür.

Ürəyin pəncərəsi

Bir cüt işıqlı gözdür…

“Adam balaca olanda” şeirində uşaqların dünyaya baxışındakı özünəməxsusluğu şair belə ifadə edir:

Adam balaca olanda

Çiçəyin dilini bilir.

Kəpənəyin, qarışqanın,

Böcəyin dilini bilir.

Ağacı, otu, sünbülü,

Dağı, daşı danışdırır.

Yerdə çəpişi, quzunu,

Göydə quşu danışdırır.

Zahid Xəlil Rafiq Yusifoğlu poeziyasının bədii məziyyətlərindən bəhs edərək yazır ki, şair hamı üçün adi görünən predmetləri mənalandırmağa səy göstərir, əşyanın poetik cəhətlərini görməyə və onu oxucusuna göstərməyə çalışır. O, bəzən həyatda rast gəldiyi ən adi hadisələri şeir dilinə çevirərək mənalandırmağa çalışır və çox zaman məqsədinə nail olur.

Rafiq Yusifoğlunun oxucular arasında əsərlərinin uğurunu da ilk növbədə “uşaqların dilini” bilməsində, dünyaya uşaq gözləri ilə baxmağı bacarmasında axtarmaq lazımdır. Lakin şair oxucunun arxasınca getmir, bədii deyimlər, təsirli misralar əxlaqi-mənəvi dəyərləri əks etdirən fikirlərlə onun nitqini, dünyagörüşünü zənginləşdirir, ilk baxışda adi görünən məsələlərə, həyat, təbiət lövhələrinə həssas nəzərlərlə baxmağa sövq edir:

Göydə uçan ağ bulid

Zərif tülə bənzəyir.

Səmanın yaxasında

Quşlar gülə bənzəyir…

“Koroğlu olmağın sirri” hekayəsi həcmcə kiçik olsa da, orada taleyüklü məsələlərdən, qəhrəmanlıqdan danışılır. İlk baxışda elə görünür ki, əsərdə Koroğlunun qəhrəmanlığını əks etdirən döyüş səhnələri balaca oxucuların yaş, qavrama səviyyəsinə uyğun şəkildə təsvir ediləcək. Ancaq müəllif əsərdə başqa yol seçir, oxucunu düşündürmək üçün maraqlı problem situasiya yaradır, bu vasitə ilə Koroğluya el məhəbbətinin səbəbini aydınlaşdırır.

Çox igidlərin Koroğlu kimi şöhrətlənmək, el məhəbbəti qazanmaq arzusuns düşməsi təbiidir. Ancaq xalqatası kor olanlara, Qıratın, Düratın əvəzinə müasir atlara – sürətli maşınlara minənlərə, misri qılıncın əvəzinə silahlara yiyələnənlərə, baçına dəliləri yığanlara Koroğlu deməyib. “Adamların ağlına da gəlməyib ki, Koroğlunu Koroğlu eləyən onun qəlbindəki vətən, torpaq sevgisidi, ürəyində yeni baş qaldıran haqq-ədalət çağırışıdı.

Koroğlunun özü qəhrəman olmaq, şöhrət qazanmaq arzusuyla yaşamayıb. O, həmişə öz ürəyinin səsinə qulaq asıb. Haqq-ədalət uğrunda mübarizə aparıb. Elə buna görə də elin sevimli qəhrəmanına – Koroğluya çevrilib”.

“Rənglərin anası” hekayısində müdrik bağban obrazı yaradılmışdır. Hansı rəngin daha yaxşı olduğu barədə mübahisə edən uşaqlara qoca bağbanın cavabı bol bəhrələr yetirən qara torpağa məhəbbət oyadır: “Balalarım, sizin hamınız haqlısınız. Hər rəngin öz rəngi, öz gözəlliyi var. Ancaq mənə qalsa, rənglərin ən gözəli qaradır… Bu qara torpağı görürsünüzmü? Onun sehrli köksündə nə qədər istəsən gül-çiçək bitir. Elə buna görə də mənə elə gəlir ki, qara rəng rənglərin anasıdır.”

“İnsan, Pələng, İlan” hekayəsi orijinal süjet xəttinə malikdir. Əsərin qəhrəmanı meşədə yanğın zamanı yorulub əldə düşmüş insan dincini almaq üçün mürgüləyir. Qəfildən eşitdiyi səslər onu yuxudan ayıldanda başının üstündə Pələnglə İlanı görür. İki düşmənin əhatəsində olan insan çıxış yolu tapa bilmir. Lakin İnsan, Pələng və İlan meşədə başlayan yanğın zamanı canlarını qurtarmaq üçün əlbir hərəkət etməyə məcbur olur, təhlükəni sovuşdururlar. Əsərdən çıxan əxlaqi nəticə kəndlinin sözləri ilə ifadə edilib: “Pələngin də, ilanın da əlinə imkan düşmüşdü məni öldürməyə. Ancaq onlar namərdlik etmədilər. Əvəzində mən də Pələnglə İlanı yanğından xilas etdim, son tikəmi qardaş malı kimi onlarla böldüm. Sən demə dünyadakı bütün canlıları yaxşılıqla ram etmək olarmış”.

Hekayədə İnsan, Pələng və İlanın qarşılıqlı münasibətləri timsalında həyatda xeyirxahlıq, mərhəmətin zəruriliyi ideyası ifadə olunmuşdur.

Son illərdə ədibin “Yollar”, “Zamanın qatarı”, “Ana dilim” şeir kitabları, “Ulu yurd yerlərimiz”, “Dəniz səviyyəsi”, “Elm və Helm”, “Qoruq və yasaqlıqlarımız” adlı nəsr əsərləri çap olunmuşdur. Şeir və poemaları əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilmişdir.

Rafiq Yusifoğlu “Göyərçin” jurnalının baş redaktoru kimi də uşaq ədəbiyyatı nümunələrinin nəşri, təbliği, gənc nəslə şatdırılması, oxucu zövqünün inkişaf etdirilməsi sahəsində də səmərəli fəaliyyət göstərir.

Rafiq Yusifoğlu həm də tanınmış ədəbiyyatşünas alimdir. O, “Uşaq ədəbiyyatı” dərs vəsaitində Azərbaycan cə dünya uşaq ədəbiyyatının aparıcı simalarının yaradıcılığını araşdırmış, bədii əsərlərindən nümunələr vermişdir. Vəsaitdə dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığı ilə bağlı məlumatların, onların əsərlərinin verilməsi də bu sahədəki boşluğu doldurmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Bilal HƏSƏNLİ,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent.

“Azərbaycan uşaq ədəbiyyatı” dərsliyi, “Müəllim” nəşriyyatı, Bakı, 2015, s. 479-482.

BİLAL HƏSƏNLİNİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir