MİRZƏ KAZIM BƏY – 222

MİRZƏ KAZIM BƏY – 222

Mirzə Kazım bəy – azərbaycan əsilli rus şərqşünası, tarixçı, türkşünas və filoloq. 

Mirzə Kazım bəy 22 iyun 1802-ci ildə Rəştdə anadan olub. Əsl adı Məhəmməd Əli Kazım bəy olan alim Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olmuşdur.

Mirzə Kazım bəyin atası Məhəmməd Qasım Kazım bəy Dərbənddə tanınmış ruhani şəxslərlərdən biri olub. Məhəmməd Qasım Kazım bəy Məkkədən həcc ziyarətindən qayıdarkən İranın Rəşt şəhərində yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla evlənir və oğlu Məhəmməd Əli dünyaya gəlir. Bir müddət sonra atası Dərbəndə qazi təyin olunur və ailəsi ilə bu şəhərə köçür. Mirzə Kazım bəy burada İslam dininin əsaslarını, Azərbaycan türkcəsi, farsca, rusca və ərəb dillini mükəmməl şəkildə öyrənir. 17 yaşında olarkən, “Ərəb dilinin qrammatikası” adlı kitab yazır. Atası isə oğlunun ruhani olmasını və İran və Ərəbistana gedib dini təhsil almasını istəyirdi. 

1820-ci ildə Məhəmməd Qasım Kazım bəy İran leyhinə cəsusluq fəaliyyətində ittiham olunur, dini rütbələrindən məhrum edilərək, xanımı ilə birgə Həştərxana sürgün edilir.

Hələ Dərbənddə yaşadığı günlərdə tez-tez şotland dini missionerlər ilə görüşür və onlarla saatlarla müzakirələr aparır. Bu söhbətlər gənc Kazım bəyi Xristian dininin əsaslarına dair mütəmadi suallara aparır və o xaçpərəstlik haqqında daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır. Bir qədər sonra bu dini qəbul etmək qərarına gəlir. Bu hadisə onun ailəsi ilə münasibətlərinin pozulması ilə nəticələnir. Buna baxmayaraq, sonralar Kazım bəy XIX əsr Qərb fəlsəfə düşüncəsində hakim olan İslam dininin sosial inkişafa maneə olması fikirlərinə qarşı çıxaraq, İslamın belə qəbul olunmasına etiraz edir.

O, əsərlərində Nizaminin, Xaqaninin, A.Bakıxanovun, M.F.Axundzadənin yaradıcılıqlarını yüksək qiymətləndirmişdir.

Kazım bəy bir sıra tarixi mövzularda kitabların müəllifidir. Türk dilində yazdığı “Əssəb əs-Səyyar” (Yeddi planet) əsəri Krım xanlığının 1466-1737-ci illəri əhatə edən tarixi haqqındadır. 

1841-ci ildə qələmə alınan “Uyğurlar” əsərində isə qədim uyğurların tarixi haqqında bəhs olunur. O həmçinin, Məhəmməd Əvabinin “Dərbəndnamə” əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə tərcümə edərək, 1856-ci ildə nəşr etdirir. 

Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunan “Bab və Babilər: 1848-52-ci illər İranda Dini və Siyasi Təlatümlər” əsəridir. Digər əsərləri isə əsasən İslam tədqiqatları mövzusunda olmuşdur: “Qurani-Kərimdə ahənglik” (1859), “Müridilik və Şamil” (1859), “İslam tarixi” (1860) və başqaları.

Kazım bəy dilçiliyə xristianlığa aid əsərlərin şərq dillərinə tərcüməsi ilə başlamışdır. Sonradan fransız, alman və tatar dillərini də öyrənir. 

1825-ci ildə təhsilini davam etdirmək uçün Böyük Britaniyaya, Londona dəvət olunur. Lakin Rusiya hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermirlər. Bunun əvəzində Rusiya imperatorunun xüsusi sərəncamı ilə Kazım bəy Omska tatar dili müəllimi olaraq göndərilir. Bu zaman Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olar vaxt Kazım bəy Karl Fuks adlı tarixçidən Kazan Universitetində ərəb və fars dillərindən dərs demək təklifini alır. 

Mirzə Kazım bəy bütün dünyada Şərqşünaslıq elminin banisi hesab olunur.

1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv olur, həm də Kazan Universitetində yenicə yaranmış “Türk dilləri” fakültəsinə rəhbər təyin olunur. 

1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 

1839-cu ildə Demidov Mükafatına layiq görüləcək “Türk-tatar dillərinin qramatikası” adlı fundamental elmi monoqrafiyasını yazır. 

Qeyd etmək lazımdır ki, o dövrlər Rus imperiyasında əksər türk dilləri “Tatar” və ya “Türk-tatar” adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunurdu. Bu əsərində Kazım bəy Osmanlı və digər türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisəsini aparır. Əsər 1846-cl ildə ikinic dəfə nəşr olunur və Qərbi Avropada türk dilləri barəsində ən zəngin elmi mənbə kimi geniş marağa səbəb olur. 1921-ci ildə Jan Denin “Türk dilinin qramatikası” (Osmanlı dialekti) əsərinin nəşrinə qədərki dövrdə Avropa universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə olunmuşdur. O, Britaniya, Danimarka, Fransa, Amerika Birləşmiş Ştatlarının bir çox elmi cəmiyyətlərinə üzv seçilmişdir.

1849-cu ildə Kazım bəy Sankt-Peterburq Universitetinə yenicə açılmış “Şərq dilləri” fakultəsinə dekan göndərilir. 1863-cü ildə isə burada “Şərq tarixi” kafedrasını təsis edir.

Mirzə Kazım bəy 1868-ci ildə rus elmi dairələrində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafiyasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihəsini həyata keçirməsinə imkan vermir. O, 28 Noyabr 1870-ci ildə Peterburqda vəfat edir. Ruhu şad olsun.

Yazarlar jurnalı MİRZƏ KAZIM BƏY – 222 layihəsinə start verir. Layihə 22 iyun 2024-cü ildə yekunlaşacaq. Bu barədə müntəzəm məlumat veriləcək. Layihə davam etdiyi meddətdə #MirzəKazımbəy222 haştağından istifadə olunacaq.

Təqdim edir: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

MİRZƏ KAZIM BƏYİN YAZILARI

MİRZƏ KAZIM BƏY – 222

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əli Rza Xələfli. SÖHRAB TAHİRƏ MƏKTUB

SÖHRAB TAHİR

SÖHRAB TAHİRƏ MƏKTUB

Qəsidə-poema

Söhrab Tahirin yanağında bir xal var,

Bütöv Azərbaycanın xəritəsinə bənzəyir.

Söhrab Tahir, həsrətlərin dağ oldumu öz yağında,

Gənclik getdi, dərd içində o çağın da, bu çağın da.

Tanrı çəkmiş qara xaldı Azərbaycan xəritəsi

Bütövlüyün vüsalına çatıb şair-yanağında.

Alnındakı qırışları Həştadsərdən keçən yoldu,

Qoca qartal yol gözləyir, həsrət çəkir Bəzz dağında.

Zaman ilə cəngə çıxıb yorulmayır, usanmayır,

Tufanlara tapşırdığı taleyinin sorağında.

Söhrab Tahir, bu dünyanın üzü bərkdi, gözlə hələ

Bir gün gələr işıq yanar, anaların çırağında

Ərk qalası incik düşüb, neçə vaxtdı Fədailər,

Harda qaldı, gəlib çıxmır ilin, günün bu çağında.

Səttar xanın, Bağır xanın sümükləri sızıldayır,

Arzuları şaxta vurdu, qış dondurdu budağında.

Söhrab Tahir, namərd dünya od qaladı ürəyində,

Dağ olmayan dərdlərinin yağı yandı cızdağında.

Behrəngini boğan sular boz-bulanıq axır yenə,

Diri gözlü can üstədir o dağın da, bu dağın da.

Min ildir ki, dərd daşıyır sınıq düşüb Xudafərin,

Dərd daşıyır, ələm çəkir o tağın da, bu tağın da.

Söhrab Tahir, əllərini yumruq elə açma hələ,

Nahaq qanım göl-göl olub Xan Arazın qırağında.

Söhrab Tahir, dərd var imiş dərd yanında şükür imiş,

Ağ dəvəni düzdə qoyduq gözüm qaldı göz dağında.

Tiftik-tiftik heşan oldu, ilmə-ilmə çözələndi,

Qarabağın xalıları yağıların ayağında.

Bir köşəyin ağrısına əvəz olar bircə yara,

Karvan azar ürəyində sıralanmış yüz dağında.

Üzü dönmüş bu fələk də neçə kərəm diş qıcadı,

Gülüş dondu gözəllərin gömgöy olan dodağında.

Dən tutmamış zəmilərin boğazlanır bəlim-bəlim,

Nə biçindi, qansız-qansız… biçinçinin orağında.

***

Ürəyimdə bir kitab var – Vətən adlı, dərd qoxulu,

Qoy el görsün nə yazılıb bu kitabın varağında.

Qoca dərviş, tut əlimdən haray salaq Vətən boyu,

Baş əyərik Xətaiyə – Səfiəddin ocağında.

Kəmanəni çəkmisənsə geri dönməz bir də oxu

Söhrab Tahir, ehtiyatın varmı sənin sadağında.

Şəhriyarın salamına Heydər baba çağırsa da,

Gordu baba – Ziyarətdən cavab yoxdu Kirs dağında.

Əllərini öz qoynundan çıxarmayıb Pişəvəri,

Bəhram-Gurun tacı qalıb iki şirin qucağında.

Savalanın başı qarda, Cıdır düzü duman altda,

Qədri qaldı “Vağzalı”sız, rübəndində, duvağında.

Ürəyində ocaq yanır, Savalandan qar gətirən,

Qardaş hanı, kama çata teylənmişin, naçağın da!..

***

Hər yarpağı şapalaqdı Cəbrayılın çinarları

Fəqət neçə ələm yatır gövdəsində, yarpağında.

Ərdəbildən gələn karvan Xudafərin üstə qalıb,

Dəvələri yük altında, şair yanır söz dağında.

Neçələri duza gedir, təpisə də dil-dodağı,

Hələ bilmir sellər yuyub duz da yoxdu, duzlağında.

Mənim adım Əlirzaydı, Əli Rza dedin mənə,

Otuz ildir qalmışam mən haqqı-sayın qınağında.

***

Ellər köçüb, yurdu talan… ocaqların yeri qalıb,

Dərd əlindən dağa çıxan Füzulinin yaylağında.

Şıx oğluna gedən namə yetişmədi, Söhrab Tahir,

Çaparını oxladılar, qan quruyub buxağında.

Fələk ilə əlləşməyə qabil meydan istəyirdi,

Qurbaninin təmənnası – qara ilan çalmağında…

İlan tutan ovsunçunun ovsunu da kara gəlmir,

Ha çağırır, ha üfürür, ilan qalıb zolağında.

Ruzigarın pəri sınıb, zaman bizdən üz döndərib,

Millət qalıb bu dövranın tənəsində, dolağında.

“Azad olan qardaşına” min bir kələk tor qurulur,

Cəhətimiz itib tamam bu şeytanın duzağında.

Bizim haqqın, həqiqətin səsi çıxmır, divanı yox,

Kor dünyanın meydanında… çovqan topu çomağında.

***

Sən gül əkdin, biz gül əkdik, vay dərməyə zəhmət çəkdik,

Çiçəkləri solub getdi o tağın da, bu tağın da.

Səpilən dən şumda qaldı, qarğa-quzğun, quş apardı,

Cücərtilər boy vermədi, çölü basan alağında.

Qarabağdan əsən yellər gəlib keçir ürəyimdən,

Həsrət, hicran bardaş qurub gözlərimin bulağında.

Xələflinin söz tufanı ərşə qalxar, tüğyan edər,

Söhrab Tahir, yağıların donar onun sazağında.

Qəm eləmə, Söhrab Tahir, hardan baxsan görünürsən

Əbədiyyət heykəlisən Azərbaycan torpağında.

O yolları keçən bilər, necə odlar ayaqladın,

Hilalın da bədirləndi Azərbaycan bayrağında.

II hissə

Söhrab Tahir, nələr yatır dilimizin qadağında

Təbriz dadı, tamı verən şirinliyi damağında.

Çiçək açan bu həsrətin Təbriz adlı qibləsi var,

Tutiyadır gələn tozu Cavad Heyət ayağında.

Sazlı-sözlü Şəhriyarın nəzir dedim cəddinə mən,

Qismət ola, qurban kəsəm, Göy məscidin qabağında.

Dəniz kimi dalğalanan saçlarına baxıram mən.

Ayna sular gümüşlənir, xəyalımın qaymağında.

İstəyirəm məlhəm olsun, dərman olsun misralarım,

Sağalmayan yaraların qopar-qopmaz qaysağında.

Xəyalımda ilham adlı köhlən süzür yel qanadlı,

Sal qayada ləpir qoyar, çınqıl çatlar dırnağında.

Şah vüqarın əyilməsin, Qoca Qafqaz qürurlusan,

Söhrab Tahir, dinlə məni, Tanrı dursun dayağında!..

***

Bu dünyanın gərdişinə göz qoyuram – əmması var,

Söhrab Tahir, günah varmı əmmasında, ancağında?!

Kəndirini dolaşdıran kimdi axı, nədi axı –

Görən kimin marağı var bu dəvənin xıxmağında?

Gülüstanda şaqqa vurdu, Türkmənçayda şişə taxdı

Cǝllad əli – təhəri var yandırmağın, yaxmağın da.

Daş yağarsa göy üzündən baş yarılar, göz tökülər,

Harayına aman olmaz ağıllının, axmağın da.

Yüz illərdir bu daş yağır, fələk bizə rəhm eləmir,

Daş göyərmir, bitmir axı… qısır göylər yağmağında.

Neçə kərəm tonqal qurub, od gözlədik – Ulu Tanrı

Bir qor atsın – Tanrının da qovu yoxdur çaxmağında!

Bu kələfin çözəni yox, çox dolaşıb, açanı yox,

İpin ucu əldən düşüb diyirlənən yumağında!

Niyyətlər də boşa çıxdı, “qulaq falı” bəd gətirdi,

Çərşənbələr sınayırıq… fələk özü saymağında…

***

Söhrab Tahir, o sahildə bu sahildə göz yaşları

Suya döndü, selə döndü – Araz olub axmağında.

Alabəzək dirəklərin, tikan dolu məftillərin

Ağlayan var, sızlayan var həm solunda, həm sağında.

Təbriz üstü Marağanın gözəlləri pərişandı,

Zülfü gəlməz daramağa bu taleyin darağında.

Odlar yurdu bir anadır, o tay-bu tay – fərqi yoxdu,

Ocaq üstə qovrulmada – tavasında, tabağında.

Şırım açıb ağ üzündə, qanqırmızı arxlar çəkib

Nalələrdir qövsi-qüzeh, anaların cırmağında.

Kəsilməyən kişnərtidir Xocalıdan gələn səda,

Zaman-zaman bu səs qalsın körpələrin qulağında.

Qandı bitən bu torpaqda, çöllərində rənginə bax,

Çəmənlərdə lalələrə, kollar üstə – sumağında!..

***

Büryan olan quzu kimi təndirdədi Azərbaycan,

Necə yağlı tikədir gör, kimlər onun marağında.

Təpər yoxsa, qəzəb yoxsa, püskürmürsə vulkan kimi,

Oğullarda birlik yoxsa, nə faydası yarağın da.

Oğul dedim, adı oğul olanlar var, anaları –

Daş doğaydı, bir qara daş… gizləyəydi qurşağında.

Torpaq ilə, Vətən ilə alver edən şərəfsizlər –

Açan olsa görərlər ki, damğası var yançağında.

Tilov atıb, ov gözləyir neçə namərd bu Vətənə

Sinə söküb, qan sümürür, parça-tikə caynağında.

Xəncərini çəkən şərin qəsdi ancaq iki gözdü,

Susuz Xeyir naçar qalıb, damlası yox bardağında.

O günlərin şahidisən canlı heykəl timsalında

“Heyrət ey büt” nidası var qocanın da, uşağın da.

Sənin mayan safdır, şair, halal südlü o ananın

Abi-kövsər hikməti var çeşməsində, qaynağında.

Anan səni heykəl doğdu, göz yaşıyla cilaladı,

Sinəsində od qaladı, qızdırmağa qundağında.

***

Söz dəryası nə dərindir, qəvvas olub üzən bilər,

Dərinlərə üzməyənin inci çıxmaz qarmağında.

Söhrab Tahir, bu ummanda “üzüb gəldim” deyənlər var,

Necə üzüb, bircə damla nəm də yoxdur balağında.

Öz ağlından gileylənən olmasa da, qoca dünya

Oyuncaqdır Lənətullah kor şeytanın barmağında.

Sən sözünə arxalandın, söz də səni uca tutdu,

Gücü çatmaz susdurmağa qadağanın, yasağın da…

Özü boyda səngər oldu savaşlara Azərbaycan,

Dağlar sənə söykək durdu, sinə sərdin qarnağında.

***

“Adı sənin, dadı mənim” məsəli var dilimizdə,

Əkən, biçən kəndlinin də dəni yoxdur çanağında.

“Şair olan qəm də yeyir”, – dedi böyük Səməd Vurğun

Bu yollarda kimlər yorğun, kimlər xəstə – yatağında.

– Əkən bizik, biçən bizik, alın təri bizdən gedir,

Torpaq bizim qismətimiz peşrovunda, başağında.

Ala öküz kövşək çalır, xumar-xumar yatır hələ

Xəbəri yox, neyləyəcək qalxan öküz durmağında.

Hodaqçısı qırmancını şaqqıldadır – bu dünyanı

Buynuzunda saxlasa da səbri varmış hodağın da.

***

Yuxuların çin olmadı, gözləməkdən cana doydun,

Əl göz üstə – bu dərdlərin kurqan olan qalağında.

Füzulinin dilidirmi, çörək kimi tapdalanır,

“Türkə xərdir” deyənlərin qəsdi nədir danmağında?

Bu dərdləri görə-görə öz içindən alışırsan,

Tüstülənən vulkanları mən görürəm yanmağında.

Qana-qana, vara-vara bəlalara düçar oldun,

Əlbəttə ki, öz bəlası anlamağın, qanmağın da.

Göyçə yoxdur, Dərbənd yoxdur, Qarabağın qanı süzür,

Borçalı da can üstədir bu taleyin sınağında.

Dağ sütunu – kişilərin heykəlləşən cəsədləri

Keşik çəkir ruhlarına – güllə yeri papağında.

Qəza-qədər pənah yeri, sovuşmadı qada səndən,

Harda olsan gəlib tapar sarayında, otağında.

Min bəlaya sinə gərdin, Söhrab Tahir, səd heyf ki,

Son mənzili bu torpaqdır qorxağın da, qoçağın da.

Fikirlərdə, duyğularda göyərirdi neçə fidan,

Yanıb gedir cücərtilər fəsillərin qurağında.

Bədniyyətlər əl altından pərşum edir, su buraxır,

Bata billik siyasətin batağında, sucağında.

Dərdi yaddan çıxıb yaman bəxti kəmin-Qarabağın,

Nankorlar da yallanmada düşmənlərin yalağında,

Avropanın sarayları – “Min bir gecə” nağılları

Nələr itdi, nələr getdi yad ellilər tapdağında,

Gücü çatan yükü çəkib aparsa da nə faydası,

Biz soxarlar yançağına gönü qalın ulağın da.

Çoxlu mənsəb qulları da çıxdı püsdən, təvərədən,

Yağ saxlayan olarmı heç it dərisi, qursağında.

***

Bir çobanın oğluyam mən, atam Zalın arxacında

Oğruların gözü qaldı arığında, axsağında.

Bir quruşa dəyməyənlər məmləkəti bada verdi,

Günahkarı axtarma heç yaxınında, uzağında.

Bu cırılmış, bu dağılmış Vətən kürkü tikilməsə,

Min bir tənə, töhmət yatar bu paltarın yamağında.

Qarabağda bağ da vardı, qara salxım ağ da vardı,

Afad gəldi, yel apardı, peyvəndin də, calağın da.

Dağlar tamam yas içində, bağlar solub öz içində,

Qəddi sınıb Xan çinarın… göy sərvin də, qovağın da.

Bir yaraydı Təbriz mənim ürəyimin öz başında,

Qəlbim qalıb Xələflinin yaylağında, qışlağında.

Yanağında qara xalı Qarabağa bənzətmədim,

Dedim, ustad, ağrı qalar ürəyində, dalağında!

***

Ömrü verən bir Allahdır, istəyinə qovuşarsan,

Ərşi-əla sənin yerin, göy üzündə – burağında.

Ərənlərə xəbər verin, dünya görmüş müdrik gəlsin,

Para-para bir bədəni bələmişəm söz “ağ”ında.

Gecəmiz də çox uzandı, qurdumuz da ulamadı,

Qurd ağzını bağladılar, bağlı qaldı bıçağında!

Mənbə:Elirza Xelefli

04.03.2004.

MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

SÖHRAB TAHİRİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XURAMAN ZAKİRQIZI. ŞƏHİDLƏR ÖLMÜR

XURAMAN ZAKİRQIZININ YAZILARI

XURAMAN ZAKİRQIZI

Xuraman Zakir qızı Fətullayeva 2 mart 1956-cı ildə Neftçala rayonu, Qaraymanlı kəndində anadan olub. Hazırda Xırdalan şəhərində yaşayır.

ŞƏHİDLƏR ÖLMÜR

29 mart 1978-ci il doğumlu BDU-nun İqtisadiyyat fakultəsinin məzunu 3 övlad atası 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib və Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan, 14 oktyabr 2020-ci il tarixində Neftçala rayon Mərkəzi qəbirstanlığında dəfn olunmuş baş leytenant Əsədov Əsəd Cəmaləddin oğlunun əziz xatirəsinə ithaf edirəm       

Orta məktəbi əla göstəricilərlə bitirib univerisitetə hazırlaşırdım. Bütün qayğılardan, həyatın keşməkeşlərindən uzaq idim demək olar. İndiki kimi xatırlayıram, şəhərin mərkəz küçələrindən birində hündür boylu, şux qamətli bir oğlanla qarşılaşdım. Əvvəl heç görmədiyim bir insan idi, amma qəribə doğmalıq əks olunurdu üzündə… Ya da mənə elə gəldi. Çox xarizmatik bir görkəmi vardı oğlanın. Göy rəngli köynəkdə idi… ona xüsusi yaraşıq verirdi bu rəng. Açıq etiraf edəcəm, – “nə qəşənq oğlandır”, deyə düşündüm. Sonralar münasibətlərimiz başlayanda etiraf etdi ki, o da mənim haqqımda eyni düşüncədə olub. Taleyin yazısı idi, ya nədənsə bir neçə dəfə rast olduq bir-birimizə, mən müəllim yanına gedib-gəlirdim o küçədən, onun da iş yerinə – Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə yaxın olduğundandı yəqin. Bir dəfə yaxınlaşıb adımı soruşdu, tanış olmaq istədiyini bildirdi, dostluq təklif elədi və mən onun dostluq təklifini qəbul elədim. Çünki onun siması mənə çox xeyirxah, alicənab insan təsiri bağışlayırdı.

Qəbul imtahanlarına hazırlaşdığımı bildirərkən o, mənə bütün ixtisaslardan öncə jurnalistika fakultəsini seçməyi məsləhət bildi. Sanki nəsibimi əvvəlcədən bilirmiş Əsəd. Həqiqətən də mən univerisitetin jurnalistika fakultəsinə qəbul olundum, deyərdim mənim bu uğuruma Əsəd hər kəsdən, hətta doğmalarımdan da çox sevinirdi.

Bizim dostluq münasibətlərimiz davam etsə də, duyğularımızı hər birimiz yalnız özümüzə etiraf edə bilmişdik. Mən artıq tələbə idim və dərslərimə başım qarışdığı üçün ürəyimin dərinliyindəki hisslərim haqqında düşünmək belə istəmirdim. Bir gün dərsin sonunda univerisiteti təzəcə tərk etmişdim ki, kənardan Əsədin mənə tərəf gəldiyini gördüm… ürəyim şiddətlə döyünməyə başladı… daxilən bu halıma görə özümü qınasam da, açığı onun mənə görə bura qədər gəlməsi ürəyimdə xoş hisslər yaradırdı.

Bu gəliş həyatımda çox böyük dəyişikliyə səbəb oldu.

Həmin gün Əsəd sevgisini etiraf etdi mənə… Sözsüz ki, mən də onun sevgisinə qarşılıq verdim və bütün dünya mənimdir, sanırdım.

Beləcə, beş il davam edən sevgimiz günü-gündən dərinləşir, artır, ülvi hisslər bizi çox güclü tellərlə bağlayırdı bir-birimizə. Beş il ərzində hər birimiz gələcək həyatımız üçün maneələri aşmağa çalışır, bütün problemlərin öhdəsindən gəlməkdə böyük sevgimiz stimul verirdi bizə. Əsəd hərbi xidmətdə oldu, mən univerisiteti bitirdim. Həyatı nə mən Əsədsiz, nə də Əsəd mənsiz təsəvvür edə bilmirdik. Hətta bəzən onun varlığının mənim üçün günəş, hava, su, qida olduğunu düşünürdüm. Univerisiteti bitirən kimi nişanlandıq və həmin il evləndik. Hər ikimiz özümüzü dünyanın xoşbəxti sanırdıq, elə bilirdik göyün yeddinci qatındayıq. Əsəd çox diqqətli, şəfqətli, nəvazişkar ər olduğu üçün mən bir qadın kimi çox xoşbəxt hiss edirdim özümü. Evə, ailəyə çox bağlı biri idi sevdiyim insan. Univerisiteti bitirərkən leytenant, hərbi xidməti başa vurarkən baş leytenant rütbəsi almış biri kimi hərbçi nizam-intizamı vardı ömür-gün yoldaşımda. Evləndiyimizin bir ili başa çatar-çatmaz bir oğlumuz oldu. Heç vaxt dilə gətirməsə də, onun əvvəl oğul atası olmaq arzusu vardı, bunu hiss etmişdim…

Arzuları çiçək açmışdı Əsədin. Onun bəxtiyarlığını, sevincini, sevgisini gördükcə dünya gözümdə cənnətə dönürdü. Oğlumuzun yaş gününü qeyd etməyə hazırlaşdığımız bir vaxtda üç gün fərqilə ikinci oğul övladımız da doğuldu və Əsədin atalıq sevinci ikiqat artdı. Uşaqlarla vaxt keçirmək xüsusi zövq verirdi həyat yoldaşıma. İşdən sonra, istirahət günləri – bütün zamanını övladlarıyla keçirməyə çalışırdı Əsəd. Hətta balıq ovuna gedəndə də, mağazaya düşəndə də uşaqlarla birlikdə getməyi adət eləmişdi. Bağda-baxçada ağacların dibini belləyəndə də uşaqlar yanında olmalıydı, uşaqları da alışmışdı onun bu xasiyyətinə. Nə gizlədim, bir mahnının sözlərində deyildiyi kimi elə bilirdim, dünyanın xoşbəxti mənəm dünyada… özümü səadət gölündə hiss edirdim.

Onun qız atası olmaq arzusu on ildən sonra reallaşdı. Artıq bütün əyləncəsi Selinə – qızımıza bağlıydı. Bütün varlığıyla bizim – ailəsinin, övladlarının maddi-mənəvi ehtiyaclarının tam ödənilməsi üçün çalışırdı yoldaşım. Bir insan qəlbində bu qədər sevgi daşıyarmı?! Bu insan evini-ailəsini çox istəməklə bərabər, ata-anaya, vətənə, torpağa, üçrəngli bayrağımıza da çox dəyər verir, çox sevirdi. O, həddən artıq zəhmətsevər, çalışqan insandı. Səliqə-sahmana xüsusi diqqət yetirərdi.

Bir gün oğluma bayraq hazırlayıb gətirməyi tapşırmışdı müəllim. Mən də kömək elədim oğlumuza, böyük həcmli qalın kağızın üzərində bayrağımızın üst hissəsinə mavi kəpənəklər, orta qırmızı guşəsinə çiçəklər, güllər, alt hissəyə isə yaşıl yarpaqlar çəkməklə gözəl bir bayraq şəkli hazırladıq. Sonradan oğlum onu gətirib oz otağında kitab rəfinin üstünə qoymuşdu bağlı halda. Yoldaşım təəssüflə bizi qınadı ki, belə gözəl əsərin yeri bura deyil və onu gətirib qonaq otağında divardan asdı, mən etiraz etmək istəsəm də, Əsəd: “belə gözəl əsərin yeri göz qabağında olmalıdır, mənim əzizlərim”, – dedi.

Onun bayraq, vətən, torpaq sevgisini bilsəm də, ehtiyatda olan zabit olması məndə nə zamansa orduya qayıdacağı narahatlığı yaratmırdı. Həmişə düşünürdüm ki, bizim torpaqlarımız işğal olunub və mənfur düşmən bir gün sülhə gəlməyə, danışıqlar nəticəsində torpaqlarımızı qaytarmağa məcbur olacaq… Müharibə haqqında düşünmək belə istəmirdim.

Beləcə, ömrüm səadət içərisində axıb gedirdi… Taa bir gün qapıdan içəri girərkən yoldaşımın kiminləsə telefon söhbətini eşidənə kimi… Telefon söhbətində Əsəd dostuna: “mən də gedib rayonun hərbi komissarlığında qeydiyyata düşmüşəm. Səfərbərlik əmri verilən kimi məni çağıracaqlar, bilirəm”, – deyirdi. Mən onun telefon söhbətinin bitməsini gözləyib:

-Sən nə danışırsan, Əsəd?! Nə səfərbərlik? – soruşdum, həyəcanımı gizlədə bilmədim.

-Canım mənim, heç bir təşvişə gərək yoxdur, heç bir müharibə olmayacaq. Mən ehtiyatda olan zabitəm, təlimlərdə iştirak hələ o demək deyil ki, müharibə başlayır. Bir də lap başlasa da, mən getməliyəm əlbət ki… yoxsa təcrübəsiz uşaqları irəli verə bilmərik axı…

O söhbətdən çox çəkmədi ki, bir gün…

Bir gün deyəndə ki, 2020-ci ilin sentyabr ayının 21-də səhər övladlarımızı dərsə yola salırdım, Əsəd uşaqları bərk-bərk öpüb bağrına basdı və axşamdan hazırladığı yol çantasını alıb qapıdan çıxdı… Mən əlim qoynumda yerimdə donub qalmışdım… yuxudaydım sanki… İti addımla aşağı düşən Əsəd iki dəqiqə keçməmiş tələsik geri qayıtdı, mən donuq vəziyyətdə doluxsunmuş halda onun üzünə baxırdım. Heç bir söz demədən məni bərk-bərk qucaqlayıb:

-Dəyanətli ol, Ülkərim mənim, uşaqları sənə, səni də Allaha əmanət edirəm, – dedi və getdi.

Əsəd gedəndən bir həftə sonra torpaqlarımızın erməni qəsbkarlarından azad olunması uğrunda müharibə başlanması xəbərini eşitdik, özümü nə qədər dözümlü, dəyanətli aparsam da, ürəyim uçunurdu hər an… Xəyalıma gələn fikirləri özümdən uzaqlaşdırmağa çalışır, özüm özümə təskinlik verirdim ki, Əsəd hərbin sirlərini gözəl bilir, özünü, əsgərlərini qoruya bilər, inşallah, heç bir şey olmayacaq ona. Allah böyükdür, mənə görə olmasa da, üç övladına görə Allah qoruyar onu. Şəhadətini heç cür ağlıma gətirmək istəmirdim, qorxurdum belə fikirlərdən. Hər dəfə evlə əlaqə saxlayanda bizi qələbəyə ümidləndirir, ordumuzun gücünə, zəfərin yaxınlarda olmasına inandırırdı Əsəd. Elə danışırdı ki, sanki heç müharibə getmir, bu da odun-alovun içində deyil, hansısa maraqlı film izləyirmiş kimi… Bilirdim ki, məni sakitləşdirmək üçün belə deyir.

Oktyabr ayının əvvəlləri idi, bir şəkil göndərmişdi bizə, bu şəklə görə uşaq kimi sevinirdim, elə bilirdim Əsəd özü çıxıb gəlib odun-alovun içindən. Mən də ona kiçik qızımız Selinin şəklini göndərdim, o da çox sevindi şəklə görə… İnsan təbiəti nə qədər qəribədir… Bəzən əhəmiyyət vermədiyimiz ən kiçik şeylər belə zamana, məkana görə öz dəyərini anladır insana. Mən bir qadın, bir ana kimi anlayırdım ki, Əsəd və onun kimi mərd oğullar üçün Vətən, torpaq bütün qiymətlilərin ən qiymətlisi, dəyərlisidir, torpaqlarımızın düşmən tapdağından, işğaldan azad olunması namus, şərəf məsələsidir. Bunları anlamış olsam da, amma içimdə bir hiss mənə Əsədi itirə bilmə qorxusu təlqin edirdi. Həmin anlarda kiminsə boğazımdan ikiəlli yapışıb məni boğmağa çalışdığını duyurdum, qorxudan nəfəsim kəsilirdi. Amma uşaqlara görə mətanətli olmağa çalışır, onların qorxu keçirməsini istəmirdim. Çünki son vaxtlar böyük övladımız Cəmaləddinin də çox həssaslaşdığını hiss edirdim. Üzümə elə diqqətlə baxırdı ki… ondan nəyisə gizlətdiyimi düşünürdü elə bil…

Nədənsə Əsəd, əsasən öz telefonundan deyil, dostunun nömrəsindən əlaqə saxlayırdı bizimlə. Oktyabr ayının 12-də bütün günü onun nömrəsi cavab vermədi, dostunun nömrəsinə zəng etməyə məcbur oldum. Dostu:

-Mən yaralıyam, qospitaldayam, xəbərim yoxdur, – dedi.

Mən ona inandım, çünki Əsəd haqqında heç bir qorxulu fikri ağlıma gətirmək istəmirdim.

Oktyabrın on üçündə səhər uşaqları məktəbə yenicə göndərmişdim, yaşadığımız binanın həyətində Əsədin ata-anasının bizə gəldiyini gördüm, anası ağlayırdı. Onu belə görüb qorxa-qorxa:

-Nə olub, ana, niyə ağlayırsan?! – təşvişlə soruşdum.

Atası izahat verdi:

-Mən bazara getmişdim, gördüm tanış-biliş mənə qəribə baxır, soruşdum nə olub? Dedilər, bəs deyirlər Əsəd yaralanıb, qospitala aparıblar…

Onu axıra qədər dinləmədən qaçaraq evdən telefonu götürüb Əsədin dostunun nömrəsini yığdım, dostu telefonu açar-açmaz ondan:

-Bilirdin, bizə niyə demədin? – deyə soruşduqda, o, mənim nəyi soruşduğumu anlamadan: – Allah rəhmət eləsin! – dedi.

O anda dünyam başıma yıxıldı, elə bildim sözün əsl mənasında evin tavanı başıma uçdu…

Aylarla bu xəbərə inanmadım, inanmaq istəmədim. Özümün də öldüyümü, yox olduğumu hiss edirdim. Ağlım, şüurum sönmüşdü sanki. Düşünə, heç nəyi xatırlaya, həttta danışa bilmirdim. Bu nə yaşamaqdı? Bir neçə dəfə intihar haqqında düşündüm. Amma uşaqlar elə məsumluqla baxırdı ki, üzümə… sanki ağlımdan keçənləri hiss etmişdilər… Bizi, övladlarını heç vaxt yalnız, kimsəsiz buraxmayan Əsədim Şəhadət zirvəsinə ucalmaqla biryolluq tərk etmişdi bizi.

Demək ki, ömür-gün yoldaşım da başqa mərd, cəsur vətən oğulları kimi yurdunu, torpağını, vətənin azadlığını daha üstün tutmuşdu. Artıq bu nöqtədə insanın sözü bitir… Çünki, bütün aqil insanlar belə deyib, öncə VƏTƏN !

Nə mən, nə də övladları heç bir zaman Əsədin yoxluğu qəbul etmədik, etmərik də… Mənim qəhrəmanım hardasa yaxınlıqdadı, cismi olmasa da, ruhu bizimlədi, bilirəm… Hətta məzarını zayarətə gedəndə də gözüm Əsədi axtarır, qulağım onun səsini eşidəcək kimi dinşəyirəm hər yeri. Hər an hardansa çıxıb gələcəyi günü, anı gözləyirəm. Düşünürəm Əsəd bizi yalnız qoymaz, rəva görməz…

Mənə bir dünyalıq sevgi verdin yar,

Yaşadım səninlə xoşbəxt, bəxtiyar.

Qayıt ömrümüzə, dön gəl, nə olar?!

Sənsiz yaşamıram, ölüyəm mən də,

Quru nəfəsimdi ruhsuz bədəndə…

Sənin yoxluğundur ölümdən betər,

Qoxun burnumdadır keçsə də illər,

Deyirlər, ölməyib sağdır Şəhidlər!

Gözləyir yolunu əzizlərin də,

Cəmaləddin, İslam, körpə Selin də!

Canından çox sevdin Vətənimizi,

Bilirəm, duyursan zəfərimizi!

Yəqin ki, göylərdən görürsən bizi,

Şəhidlər müqəddəs əməlləriylə,

Yaşayır millətin ürəklərində!

Əsədin cəbhəyə gedərkən əynindən çıxardığı köynəyi hələ də yumamışam. Hər gün o köynəyi iyləyib Əsədin iyini alırıq. Hətta körpə Selin də gedib o köynəyi iyləyib, – “ana bax, atamın iyi gəlir bu köynəkdən” – deyir.

Bir gün hədsiz çox darıxmış, çox ağlamışdım. “Allahım, nə olar, bizi hifz elə, yalnız buraxma, təkliyə, yalnızlığa dözə bilmirəm artıq”, deyib yalvarırdım rəbbimə. Bu zaman çiynimdə isti bir əl hiss elədim və bütün varlığımla bu əlin Əsədin əli olduğuna inandım. O zamandan bəri sanki içimdə bir güc-qüvvət, dözüm, dəyanət hiss elədim və “Şəhidlər ölmür, onlar sağdır, biz onları görməsək də, onlar bizi görür”, fikrinə bütün ağlım, idrakımla inanmağa başladım.

Son

MÜƏLLİF: XURAMAN ZAKİRQIZI

XURAMAN ZAKİRQIZININ YAZILARI

ƏLİ BƏY AZƏRiİNİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yazıçı Əli bəy Azəri ilə görüş keçirilib

ƏLİ BƏY AZƏRiİNİN YAZILARI

Yazıçı Əli bəy Azəri ilə görüş keçirilib

Sumqayıt Regional İdarəsinə tabeli Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı Mehdiabad Kitabxana Filialında Azərbaycan Milli Ordusunun ehtiyyatda olan mayoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Bəy Azəri ilə oxucuların görüşü olub. Görüşdə Mehdiabad qəsəbə 4 saylı tam orta məktəbin IX-X sinif şagirdləri və ədəbiyyat müəllimi Səbinə Süleymanova iştirak ediblər. Filialın müdiri Aytən Təhmasib yazıçının Birinci Qarabağ müharibəsindən bəhs edən “Qəmlibel müsibəti”, “Hərbi Zəngilan”, “ArazGERSdən keçən köç” və digər bədii və publisistik kitablarından bəhs etmiş, orda toplanmış bədii və publisistik yazılarının içərisində yetkin oxucuların sevə-sevə oxuyacağı əsərlərlə yanaşı, yeniyetmələrin, gənclərin də həm şəxsiyyət, həm də vətənini, xalqını sevən dəyərli vətəndaş kimi yetişməsinə xidmət edən çox sayda nümunələr olduğunu bildirdikdən sonra sözü Əli bəy Azəriyə verib. Xarkov Ali Hərbi Tank Komandirliyi məktəbini bitirmiş, Türkiyədə zabit təkmilləşdirmə kursu keçmiş, birinci Qarabağ müharibəsi zamanı doyüşlərdə iştirak etmiş, mayor hərbi rütbəsində ehtiyata buraxılmış Əli bəy Azəri (Əli Rzaquliyev) yaradıcılığında hərb mövzusunun üstünlük təşkil etdiyini, Birinci Qarabağ müharibəsində baş verənlərin, canlı şahidi olduğu hadisələrin “Hərbi Zəngilan” romanı, “Arazgersdən keçən köç” və “Qəmlibel müsibəti” povestlərində öz əksini dolğun şəkildə tapması haqda məktəblilərə məlumat verib. İkinci Qarabağ döyüşlərində qazandıgımız qələbə sevincini bölüşüb, həm hərbiçi, həm də yazıçı mövqeyindən çıxış edərək qəhrəman xalqımızın yaxın və uzaq tarixi keçmişi haqda tarixi qaynaqlara istinad edərək dəyərli bilgilərlə oxucuları məlumatlandırıb. Dövrün müasir ədəbi mənzərəsini əks etdirən, paytaxtda yazıb-yaradan yazıçı və şairlərlə yanaşı, bölgələrdəki ədəbiyyat adamlarının da geniş yer verildiyi “Xəzan” jurnalında gördüyü işlərdən, redaktorluq fəaliyyətindən, bu sahədə yaşanan çətinliklər, boşluqlarla yanaşı, xeyli ürəkaçan məqamların da olması barədə danışıb. Tədbir boyunca yazıçı, oxucuların internet Resurslarından əldə etdikləri və kitablarından oxuduqları hekayə, povest və romanları, yaradıcılığı və həyatıyla bağlı onları maraqlandıran çoxsaylı sualları cavablandırıb, dünyagörüşlü, mənəviyyatlı şəxs kimi formalaşıb, yetişməsində kitabın, ədəbiyyatın əvəzsiz təsirini vurğulayıb. Həmçinin məktəbin Azərbaycan dili – ədəbiyyat müəllimi Səbinə Süleymanova da çıxışı zamanı bədii ədəbiyyat oxuyan şagirdlərin davranışlarının, həyata baxışlarının digərlərindən fərqləndiyini, şagirdlərin yazıçılarla olan görüşlərə böyük maraq göstərdiklərini deyib. Görüşdə Əli bəy Azərinin təşəbbüsü ilə yenicə işıq üzü görmüş 22 yazıçının hekayələrinin yer aldığı “Bayraq Hekayələr Toplusu” oxuculara təqdim olunub. Maraqlı ədəbi müzakirələr və söhbətlərlə keçən tədbiri Yazıçı hər kəsin ayaq üstə dayanaraq dinləməsini xahiş edərək, Məmməd Arazın “Azərbaycan-yurdum mənim” adlı şeirinin: Azərbaycan mayası nur, qayəsi nur ki… Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər. – bəndiylə bitirib. Tədbirdən sonra aktiv iştirak edən bir neçə oxucuya yazıçı tərəfindən imzalanmış kitablar hədiyyə olunub, “Xəzan” jurnalının müxtəlif saylarının toplandıği sərgi nümayiş etdirilib.

Təqdim etdi: Leyli NOVRUZOVA


LEYLİ NOVRUZOVANIN YAZILARI

ƏLİ BƏY AZƏRiİNİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru