ADİLƏ ASLAN. XATİRƏLƏRİM.

ADİLƏ ASLANIN YAZILARI

SAHİLİMDƏ
Elə çırpılmısan, dəli dalğatək,
Qoparıb atmısan, öz sahilimdən.
Didib – parçalayıb qayalıqları,
Ümman yaratmısan, söz sahilimdə.
* * *
Səsinin rəngi var qulaqlarımda,
Dəniz suyu axır damarlarımda,
Bir sənsən, bir dəniz, yoxum, varım da,
Məşəl yandırmısan buz sahilimdə.
* * *
Çox uzaqlıqların addımındayam,
Hazıram gözümü ovcumda yuyam,
Hərdən əllərini oğurlayıram,
Bir az isindirim, köz sahilimdə.
* * *
Ruhların şıltağı, dəlisi olur,
Gahdan buz bağlayır, ağrısı olur,
Bütün dənizlərin gəmisi olur,
Batmaq istəmirsən, üz sahilimdə…

XƏYAL YOLUM
Bir ömür xəyal yolum
Uzandı sənə sarı.
Dəfn etdim qəlbimdəki,
Ən pünhan arzuları.
* * *
Ürəyim daşa döndü,
Oldu gözəl başdaşı.
Gəl indi bütün ömrü,
Gözlərində yaş daşı.
* * *
Cavabsız sualların,
Yoxdur başqa çözümü!
Tapmadım dar ağacı,
Səndən asdım özümü!

XOŞBƏXT
Bilirsən , kimdir xoşbəxt?!
Layla üstə doğulub,
Boylananda arxaya-
Soy- kökünü bilən kəs!
* * *
Bilirsən, kimdir xoşbəxt?!
Zamanı qucaq- qucaq,
Gözlərində güldürüb –
Dolusunca görən kəs!
* * *
Bilirsən, kimdir xoşbəxt?!
Tapmadığı sevginin,
Hər ağrısı, acısı –
Ürəyində sönən kəs!
* * *
Bilirsən, kimdir xoxbəxt?!
Ürəyi çırpınanda,
Tövşüyüb evə qaçan,
Dönüşünün sevinci –
Gözlərinə dolan kəs!
* * *
Bilirsən,kimdir xoşbəxt?!
Yalançı xoşbəxtliyi,
Heç kəsə göstərməyib,
Ancaq özü olan kəs!
* * *
Bilirsən, kimdir xoşbəxt?!
Əlin halal ruzisi,
Süfrəsində gül açan,
Oturub şirin- şirin,
Tikəsini bölən kəs!
* * *
Daha sual vermirəm.
Tanıyıb Allahını ,
Anası namaz üstə,
Əli göydə qalan kəs!
* * *
Azlı – çoxlu ömrünün
Bitmiş məzar daşında,
“Ailəsindən xatirə”,
Yazısına çevrilib,
Məzarı da gülən kəs!
* * *
Əsir düşmüş Vətəni,
Al – qırmızı qanıyla,
Parçalanmış canıyla,
Yağısından alan kəs!
Bağrımızın başında,
Tunc heykələ dönən kəs!
* * *
Bir də.. bir də…qoy deyim!
Bu həyata gəlişi ,
toy- bayrama çevrilən,
Mələk kimi doğulub-
İnsan kimi ölən kəs!

SEVİNC ÜÇÜN
Bir damla sevinc üçün,
Yuxum oldu bir çimir.
Sənin həsrət yağışın,
Gözlərimdə dincəlir.
* * *
Düşmə gözümdən barı ,
Kipriyimdə qalarsan.
Qarışıb yağışıma,
Ürəyimə dolarsan.
* * *
Bir yaşıl yuxu kimi,
Qəlbim açıq qalıbdı.
Həyatın sarı simi,
Öz ritmini çalıbdı.
* * *
Cüt atılıb tək düşən,
Bir sapandın daşıyıq.
Ovucumda gizlənən,
Kədər adlı daşı, yığ!
* * *
Mən “Həyat bilgisi” ni,
Beşə bilib, üç aldım.
Gözümü biləyimlə,
Silə – silə qocaldım!
Gözümü biləyimlə,
Silə -silə qocaldım!

XATİRƏLƏR
Dolan bulud olub xatirələrim,
Külək qova bilmir, yağış yağdıra.
Tanrı dərgahında qalıb əllərim,
Tək onun gücüdür , məni qaldıra.
* * *
Zaman üstümüzdən çəkib əlini,
Yoxluğu özümdən soyuda bilim.
Xəzəl arzuları , ümid selini,
Kövrək duyğularla ovuda bilim.
* * *
Payız ümidlərin əlindən qaçıb,
Sabaha açılan dünənmişəm mən.
Hərənin sözünü boyuna biçib,
Dünyanın heçinə güvənmişəm mən.
* * *
Mən hardan biləydim, payız əllərim,
Yayda qara dönüb, üşüyə bilər.
Mən hardan biləydim Kürü, Xəzəri,
Sərçə dimdiyində daşıya bilər.
* * *
Dolan bulud olub xatirələrim,
Külək qova bilmir, yağış yağdıra.
Tanrı dərgahında qalıb əllərim,
Tək onun gücüdür, məni qaldıra..

Müəllif: Adilə ASLAN

ADİLƏ ASLANIN YAZILARI 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir