
SƏNDƏN SONRA
Səndən sonra açılmadı sabahlar,
Gün işığı qaranlıqda boğuldu.
Sığalını alıb getdi sazaqlar,
Əllərimin istiliyi yox oldu.
* * *
Səndən sonra ruhuma da gəldi qış,
Baxışlarım hərarətin soyundu.
Gözlərimdən yağan odlu yağışda
Kirpiklərim gecə-gündüz yuyundu.
* * *
Səndən sonra şeirlərim qəm yedi,
Misralarım qonaq oldu qəhərə.
Ayrılığa əsir düşdü gülüşüm,
Dodağımda görünmədi bir kərə.
* * *
Səndən sonra sığışmadım evə də,
Sıxdı məni bu divarlar, bu daşlar.
Unutmağa bir dənə yol qoymadın.
(Boşunaymış apardığım savaşlar…)
Səndən sonra sızıldadı saçlarım,
Hər telində ağrıları dinlədim.
Xatirələr elə qatdı başımı,
Səni yaddan çıxara da bilmədim…
15.10.2022.
UZAQLIQ
Bu ayrılıq parçaladı köksümü,
Qopub düşdü ürəyimin tək simi.
Baxışların tez soyundu əksimi,
Daha sənə görünürəm yad kimi…
* * *
Şeirlərin keçmədi ki əynimə,
İndi bu sərt soyuqlarda neynim, hə?
Nəfəsindən köz düşmədi çiynimə,
Bürümədi vücudumu od kimi…
* * *
Bilməzdim ki, doğma dönər yad olar,
Gedişinin başqa necə adı var?
Saçlarımda əllərinin dadı var,
Dad görmədim ondan şirin dad kimi…
30.10.2022.
UNTMAQ CƏHDİ
Məndən nigaran olma,
Birtəhər yaşayıram.
Dağ boyda bir ağrını
Ruhumda daşıyıram.
* * *
Sən ki mənə bələdsən,
Tükənən deyil gücüm.
Məndən böyük olsa da,
Çiynimi əymir yüküm.
* * *
Daha gözüm asılmır
Telefon ekranından.
Cana ziyandır deyə
Ayırmışam yanımdan.
* * *
Günü ötürmək üçün
İş-güclə baş qatıram.
Səhərlər gec oyanır,
Axşamlar tez yatıram.
* * *
Beləcə, keçinirəm
Günləri saya-saya.
Verdiyin qəhəri də
İçirəm doya-doya.
* * *
Fincanda çay soyuyur,
Boşqabda donur yemək.
Səni unutmaq üçün
Hələ verirəm əmək.
* * *
Hələ səy göstərirəm
Yaddan çıxasan deyə.
Unuda bilmirəm ki…
And olsun yerə, göyə…
16.07.2022.
QATİL
Qəfil gələn ayrılıq od vurur sinən üstə,
Gözün yolda darıxır, qulağınsa hər səsdə.
Yaralayır ruhunu bu təcrübəli qatil,
Sən də yarımcan halla gəzirsən səfil-səfil.
Ağrılara birtəhər üç gün dözə bilirsən,
Ondan sonra alınmır, nəfəs-nəfəs ölürsən.
Əvvəl küsür iştahın, kəsilirsən yeməkdən,
Dodaqların quruyur adın gizli deməkdən.
Sonra çəkin azalır, əriyirsən günbəgün,
Onsuzluq mərəzinə tutulursan büsbütün.
Gündüz yenə hardasa gəzirsən, dolanırsan,
Elə ki gecə olur, için-için yanırsan.
Balışın soyuq üzü yanağını yandırır,
Saatın çıqqıltısı nəbzini dayandırır.
Bir ah qopur sinəndən, ünü yetir səmaya,
Düşmən də kəsilirsən ondan sonra hamıya.
Ondan sonra hər gecə ağrıların başlayır,
İçindəki tənhalıq səni ordan daşlayır.
* * *
Sökür ciyərlərini həsrətin küt ağrısı,
Çalır səndən hər şeyi bu xoşbəxtlik oğrusu.
Ondan sonra itirsən keçmişin yollarında,
Nəfəsin də kəsilir təkliyin qollarında.
Daha nə yol gözləyir, nə də vüsal umursan,
Ruhunu təslim edib gözlərini yumursan.
Bu gediş sonuncudur, dönüşü yox, bilirsən,
Ağrıların azalır, yavaş-yavaş ölürsən…
21.09.2022.
TİTRƏYƏN ÖPÜŞ
Məndən sonra pozular günlərinin düzümü,
Sabahların sükutla, gecələrin lal keçər.
Ruhun eşq libasını soyunar öz əynindən,
Ayrılıq ürəyinə özün boyda qəm biçər.
* * *
Məndən sonra düzülər misralar da yan-yana,
Yüz şeir də yazılsa, ödəməz bir ağrını.
Köksün üstə alışan o köz səni yandırar,
Dodağında titrəyən öpüş didər bağrını.
* * *
Məndən sonra yozular yuxuların tərsinə –
O mənli röyaların bircəciyi düz olmaz.
Məni unutmaq üçün sayarsan günü, ayı,
Məni unutmaq isə bir ömürdən tez olmaz.
CAVABSIZ SUALLAR
Necəsən, mənsiz adam,
Bəxtinə gün doğdumu?
Məndən sonra başına
Eşq yağışı yağdımı?
* * *
Ruhunu oxşamağa
Bir şeir yazıldımı?
Hansısa bir nəğməylə
Dərd yükün azaldımı?
* * *
Məndən sonra bir kimsə
Sənə məntək baxdımı?
Saçlarını oxşayıb,
Əllərini sıxdımı?
* * *
Hansı baxışla keçdi
Bunca ağrı, bunca ah?
Məndən sonra ömrünə
Yaz gəldimi, sən allah?
* * *
Keçdimi həyatından
Əlli qadın, yüz qadın?
Bircəciyi oldumu
Eşq ətirli söz qadın?
BİR OVUC ÜMİD
Bir şəhərlik məsafə,
Bir nəfəslik ayrılıq,
Geri dönməyən yollar…
Qarşımdasa Mark Levi –
Hələ “bir-birimizə
deyilməyən sözlər” var…
* * *
Hələ saf duyğuların
Tamam olmayıb ili.
Hələ ayaq izimiz
Kövrəltməyib sahili…
* * *
Cücərən hisslərindən
Bir qucaq misra dərdim.
Sən sevgi istəmişdin,
Bağışla, ömrüm-günüm,
Kasıbın olanından –
Mən sənə şeir verdim…
* * *
Bu gecə də mənləsən,
Gözlərimə qonaqsan,
Üzlü qonaqlar kimi
Dəvət də gözləmədən
Ciyərimə keçirsən.
* * *
Bilirəm, qəhvəni tünd,
Çayı soyuq içirsən.
Nə hazırlayım sənə?
Soyuq çay, isti şeir –
De, hansını seçirsən?
* * *
Kükrədi boğuq səsin
Yenə qulaqlarımda,
Bu sərsəri ruhumu
Çəkdi dərinliyinə.
(Lənətə gələsən e,
Gecə-gecə işlədin
İliklərimə yenə…)
* * *
Yenə də dil bilməyən,
Susmayan ağrıları
Tapşırdım bu gecəyə.
Adını zikr eyləyib
Bir ovuc ümid içdim
Sənsizlik keçsin deyə…
Müəllif: SEVİL GÜL NUR
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru