Çağdaş ədəbiyyatımızın görkəmli siması – Firuz Mustafa-70 – Bədirxan ƏHMƏDLİ

FİRUZ MUSTAFANIN YAZILARI

Firuz Mustafanın yetmişi gəldi; bilmirəm tezmi gəldi, gecmi? Bir onu bilirəm ki, yetmişinə bir yazıçı, dramaturq və bir sənət adamı kimi fenomenal yaradıcılıqla gəlib. Elə bir yaradıcılıqla ki, əsərləri ədəbiyyat tariximizin daimi sakini kimi həmişəlik yaşamaq haqqı qazanıb. Lakin bu bir yubiley yazısı deyil, burada səssiz kezən yubileyindən yox, ədəbiyyat tariximizdəki profilindən yazmaq istədim.

Altmışıncılardan sonra ədəbiyyata gələn yeni nəsilin ən məhsuldar və görkəmli nümayəndələrindən biri Firuz Mustafa bədii nəsr, dramaturgiya, poeziya, esse, tərcümə və elm sahələrində zəngin bir yaradıcılıq yolu keçib. 80-ci illərdə ədəbiyyata gəlməsinə rəğmən, yaradıcılığının ən zəngin dövrü müstəqillik illərinə düşür. Onlarca dram əsəri Azərbaycanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin teatrlarında tamaşaya qoyulub. O, həm də filosof kimi fəlsəfə elminin problemlərini öyrənib, bir çox elmi məqalələr və tədqiqat əsərləri yazıb.

F.Mustafa bədii yaradıcılığa 80-ci illərin əvvəllərində başlamışdır. Müstəqillik illərinə qədər onun iki – “Güyəm kolları” (1985), “Dğnyanın rəngi” (1989) hekayələr kitabları nəşr edilmişdi. Elə ilk hekayələrindən başlayaraq yazıçı yeni qəhrəmanları, süjet xətləri, təhkiyəsi ilə “kiçik janrda” böyük mətləbləri ifadə etməyə çalışdı. “Haray”, “İşıq”, “Ağır yük”, “Qeyri-kafi”, “Yay sazağı”, “Küçə nəğməsi”, “Göyəm kolları. Çisək” hekayələrində yazıçı gerçəkliyə eləcə də həyat, insan və zamana olan münasibətini özünəməxsus şəkildə ifadə edirdi. V.Şukşinin xatirəsinə həsr etdiyi “Qeyri-kafi” hekayəsində müharibə iştirakçısının illər sonra əlli yaşında tələbə olmaq üçün instituta imtahan verdiyini, burada gənc abituriyentlərin istehzası və gənc müəllimin onun müharibə haqqında danışdıqlarına ümumi mülahizələr, yaxud nağıl hesab edərək “qeyri-kafi” yazmasını real cizgilərlə təsvir edir.

İlk kitabında dərc edilən “Göyəm kolları. Çisək” hekayəsi də təsvir orijinallığına və bədii bitkinliyinə görə ən yaxşı hekayələrdən biri idi. Hekayədə gənc Qaranın – lal və danışa bilməyən oğlanın daxili aləmi açılır. O, lal olsa da, ətrafında baş verən haqsızlıqlara biganə qala bilmirdi, buna görə də otlar, çiçəklər, kollar kimi lal qalmaq istəyirdi. Kənddə yaşayan Qaranın şəhərdən gələn, dodaqları çiyələyə bənzəyən qızla bağlı düşüncələrini olduqca orijinal verilirdi: “Qara belə hesab eləyirdi ki, qızın dodaqları nə qədər qızarsa da, ömründə çiyələk kimi şirin ola bilməzdi. Çünki o, çiyələyin necə qızardığını, əzəlki rənginin get-gedə necə yox olduğunu, dadının necə şirinləşdiyini öz gözləri ilə görər, dili ilə yoxlaya bilərdi; elə çiçəklər də çiyələklər kimi onun gözü qabağındaca yavaş-yavaş böyüyər, rəngdən-rəngə düşərdi; yağış, şeh nə də çiçəklərin rəngini soluxdurmazdı; damcıların altında rənglər daha da əlvanlaşardı”.

F.Mustafanın “Dünyanın rəngi” kitabında dərc edilən “Bəyaz rəqs”, “Marsdan telefon zəngi”, “Alın yazısı”, “Dərman şüşəsi”, “Nəmişlik”, “Bu yol hara gedir” və s. hekayələrində də cəmiyyət hadisələri, insanların mənəvi-daxili aləmi bütün ziddiyyətləri, təzadları ilə göstərilir. Bu hekayələrdə süjetlərin struktur sadəliyi, obrazların psixologiyasının detallarla çatdırılması, təhkiyə orijinallığı, dil zənginliyi və s. yazıçının yeni bir mərhələyə daxil olduğunu göstərirdi. Ən əsası isə onun hekayələrində dərin bir həyat müşahidəsi var idi.

F.Mustafanın “At günü” hekayə-triptixi isə klassik və çağdaş hekayəçiliyimizin ən yaxşı nümunələrindəndir. Təsadüfi deyil ki, hekayə azərbaycanca və rusca çap olunduqdan (“Ulduz”, 2004, №1, “Literaturnıy Azerbaydjan”, 2008, №11) sonra oxucuların, yazıçı və tənqidçilərin böyük marağına səbəb olub, haqqında məqalələr yazılıb və təhlillər aparılıb. Yazıçının bir çox nəsr əsəri kimi, bu hekayənin də orijinal strukturu ideyanın təsvirində mühüm rol oynayıb. Hekayə-triptix üç hissəyə – “Qaçış”, “İntihar” və “Son” bölümlərinə ayrılıb. Özünəməxsus təhkiyə orijinallığı və zənginliyi, simvollaşdırma, insanla-təbiətin harmoniyası və s. bu əsərin də başlıca xüsusiyyəti olaraq səciyyələnir.

“At günü” hekayə-triptixində yazıçı ləyaqətsiz insanlarla canlıların (konkret olaraq dayçanın) mənəviyyatını qarşı-qarşıya qoyaraq atın sahibini və qonşunu ittiham hədəfi edir. Yazıçı “tamaşa”nı ətrafdan seyr edən cəmiyyətin bu hadisəyə münasibətinə, laqeydliyini də ittiham aktına çevirir. Onların dayçanın intiharına susqunluğu, səsini çıxarmaması, yalnız müşahidə etmələri, əslində cəmiyyətin susqunluğuna işarə kimi mənalanır. Xüsusilə dayça sahibinin qonşunun ağlına gələn fikrə qarşı müqavimət göstərməməsi, insanların bu hadisəni sakitcə seyr etməsi cəmiyyətin müqavimətsizliyini göstərir. Dayçanın və onun anasının həyata, mühitə baxışında insana xas əlamətlərin olması canlılar arasında sədləri aradan götürür. Dayçanın baş verən hadisəyə intiharla cavab verməsi isə dərketmənin insanlarla heyvanlar arasındakı fərqliliyini göstərir. Bu hadisənin təsviri fonunda yazıçı həm də dayça sahibinin ana atla dayçanı birləşdirmək istəyinə “yox” deyə bilmədiyi qonşusunun vaxtilə sevdiyi qızı da əlindən alması süjet xəttini də qoyur. Belə bir qənaət hasil olur ki, əgər dayça sahibi vaxtında ona “yox” desəydi, sevdiyinə qovuşar, sonrakı hadisələr də olmazdı.

F.Mustafanın bir çox hekayələrində (“Gözü yaşlı ağaclar”, “Matəm musiqisi”, “Kiçik” və s.) satirik istiqamət başlıca yer tutur. Yazıçı bu hekayələrində cəmiyyəti içindən qurd kimi yeyən mənəvi-əxlaqi problemlərə psixoloji deyil, satirik mövqedən yanaşaraq cəmiyyət üçün böyük təhlükə törədən yaltaqlıq, rüşvət, yalançılıq kimi keyfiyyətləri özünəməxsus satirik dil və ifadə vasitələri ilə təsvir edir. Yazıçının satirik olmayan hekayələrində də satirik, komik ifadə vasitələri, yumoristik dialoqlar obrazın daxili aləmini açmaq üçün işlətdiyi vasitələrdəndir. Bu istiqamət getdikcə genişlənərək onun dramaturgiyasında komediya, fars, məzhəkə, monokomediya formalarında özünü daha qabarıq şəkildə göstərməyə başlayır.

F.Mustafanın “Dəniz küzğ” (2006), “…Qapı…” (2008), “13 hekayə” (2008), “Monohekayələr” (2009), “Hekayələr” (2009), “At günü” (2009), “Monopyeslər” (2010), “Ölü dildə sevgi məktubları” (2014), “Hekayələr” (2015) və s. kitablarında nəsr yaradıcılığı çağdaş nəsrimizin real faktına və hadisəsinə çevrilir. Yazıçının “Dəniz köçü” povest-pritçası, “…Qapı…” romanında bədii düşüncə sərhədləri genişlənir. Yaradıcılığının bu mərhələsində yazıçı təbiət və cəmiyyət hadisələrinin fəlsəfi dərkinə çalışır və yaratdığı obrazlar insan-təbiət harmoniyasını əks etdirir. “Dəniz köçü” povestində insanla təbiətin harmoniyası və birliyi bədii-fəlsəfi cəhətdən təsvir edilir. Əsəri həm də bədii-fəlsəfi, poetik pritça adlandırmaq mümkündür. Povestin dili, struktur və süjet sadəliyi, poetik obrazlar zənginliyi, mətnaltı fəlsəfi dəriniyi çağdaş oxucunu sehrləyir və öz təsiri altına alır. Yazıçı C.Əlibəyov əsəri E.Hemenqueyin “Qoca və dəniz” əsəri ilə müqayisə etməkdə tamamilə haqlıdır. Bunu yalnız C.Əlibəyov yox, yazıçının çoxsaylı oxucuları da müşahidə etmişlər. Buna səbəb hadisələrin yalnız dənizdə baş verməsi deyil, həm də insanın təbiətlə harmoniyasının, vəhdətinin əks etdirilməsindədir. Povestdə yaşlı balıqçı ilə balıq ovuna gedən Tuğayın bir gün ərzində başına gələn hadisələr təsvir edilir; dənizdə qopan fırtına nəticəsində yaşlı balıqçı və avarın biri dənizə düşür ki, bu da gənc Tuğayın işini çətinləşdirir, hətta bir müddət ümidsizliyə də qapılır. Bir azdan dəniz sakitləşdikdən sonra dəniz canavarı akula Tuğayın qayığına hücum edir. Akula ilə Tuğayın mübarizəsi və balıq, qartal və alabaşın Tuğaya kömək etməsi olduqca realist cizgilərlə göstərilir. Bu mübarizədən Tuğay və onun dostları (balıq (Yaqut), qartal (Ayqut), alabaş (Qayut) qalib çıxır. Beləliklə, əsərdə Tuğayın həyatı fonunda insanla təbiətin vəhdəti verilir. Su-torpaq-səma-insanın vəhdəti həm də planetin vəhdətini yaratmış olur. Yazıçı bununla oxucuya yeni bir dünya təqdim edir. Yeganə oğlunun geri qayıtması üçün ananın “Tuğay, oğlum hardasan?” nidası əsərin leytmotivini təşkil edir. Ananın yeganə əlacı dənizə dua etmək olur və bununla insanın xeyirxahlığa olan bütün inamını özünə qaytarır. Ana dənizə canlı kimi müraciət edir, ona “sən də anasan dəniz… Sənin də balaların var. Mənə yazığın gəlsin, dəniz, qıyma mənim Tuğayıma”, – deyə fəryadını anladır.

Yazıçı demək istəyir ki, bütün canlıların həyatı bir-birinə oxşayır, yer üzündə yaşayan hər bir canlı üçün yaxşılıq etmək lazımdır. Belə bir nəticə çıxır ki, sən yaxşılıq et, nə zamansa tale o yaxşılığı sənin qarşına çıxaracaqdır. Tuğay da etdiyi xoş əməllər sayəsində sağ qalır, xeyirxahlıqları onun öz qarşısına çıxır. Dostları Yaqut (balıq), Ayqut (qartal) və Qayuta (alabaş) etdiyi yaxşılıqların əvəzini görür. Tuğayın sağ qalmasında, sağalmasında onlar da əsas rol oynayır. Yazıçı zülmətlə işığı (Xeyirlə Şəri) üz-üzə gətirərək qələbəni işığa verməkdə tamamilə haqlı idi.

F.Mustafanın “…Qapı…” romanı 30-cu illər repressiyasına fərqli və yeni bədii baxışdır. Əsərdə repressiya sunamisi, diktatura rejimi və bütün siyasi hakimiyyətlərdə cildini dəyişən insanların obrazı orijinallıqla yaradılır. Əsər 80-ci illərin sonlarında yazılsa da, o zaman yenidənqurma və demokratiya şəraitində belə onu çap etdirmək mümkün olmamışdı. Hətta 90-cı illərin sonlarında belə roman “Azərbaycan” jurnalında “rəndələnmiş” halda işıq üzü görüb. 2009-cu ildə isə “…Qapı…” roman-kantatası (B., “Araz”, 2009) bütöv şəkildə dərc olundu. Halbuki romanın yazıldığı dövrdən xeyli əvvəl bu mövzuda rus yazıçıları Bulqakov, Platonov və Rıbakovun əsərləri oxuculara təqdim olunmuşdu. Azərbaycan ədəbiyyatında isə bir qədər əvvəl Y.Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü” əsərləri dərc edilmişdi. Bütün bunlardan sonra yazıçının “…Qapı…” romanında hadisələrin özünəməxsus təsviri, kütləvi terror hadisəsinə fərqli baxışı olduqca maraq doğururdu. Roman strukturu (proloq, başlanğıc, xor, reçitativ, ariozo, birinci görüş (dindirmə), məktub, kavatina və s.) və fabulası ilə də son dərəcə orijinaldır. Hadisələr həqiqət içində nağıl, nağıl içində həqiqət formasında çatdırılır; həqiqətlə nağıl iç-içə təsvir olunur. Əslində o illərdə baş verən hadisələrin özü məhz bu mahiyyətdə idi və buna görə də yazıçının bu üslubu hadisələri təsvir etməkdə ən yaxşı vasitə olur. Romanda fantaziya, ironiya və simvollardan istifadə olunmasının əsas nədənlərdən biri də məhz buradan irəli gəlirdi. Yazıçı əsərdə kimisə hərəkətlərinə görəsə ittiham etmək yolunu tutmur, bütövlükdə repressiyanın anatomiyasını yaratmağa çalışır. Təsvir olunan mühitdə yalan, qorxu, şübhə, satqınçılıq hakimdir. Təsadüfi deyil ki, əsərdə cəllada yazıçı ad belə verməmiş, “O” kimi qələmə verməklə onu Sistemin, Diktaturanın bir vintciyi olaraq göstərmək istəyir: “O, güllələdiyi adamların sayını çoxdan yaddan çıxarmışdı. Əvvəllər sayardı: bir, iki, üç, on, əlli… Deyəsən, yüzü keçəndən sonra hesabı unutdu. O, işə gələndən bir az əvvələcən adamları dəstə-dəstə, sallaqxanadakı qoyun sürüsü kimi qırıb-çatır, güllələyirmişlər. Onda atəş də sürəkli olurdu. Amma bu qanun sonra, nədənsə, ləğv olundu. Mədən adlanan yerdə gəmirilmiş adam kəllələrinə, qol-qıçlarına tez-tez təsadüf olunurdu”.

Yazıçı bu əsərində 30-cu illərdə baş verən hadisələrin təsvirindən daha çox, bu dövrün psixoloji məqamlarına nəzər yetirir. Zülmətə, ölümə açılan Qapı obrazı da məhz bunu ifadə edir. Zülmətə açılan Qapının həmin anlarda Tanrının göz yaşları ilə islanmış qurbanları qəbul etməkdən yorulması ideyası əsərin başlıca motivi kimi səslənir. Əsərdə “Mədən” kmi təsvir olunan yerdə (Gədəbəydə) baş verən hadisələr əsas götürülür. Vaxtilə almanların qızıl çıxardığı bu “Mədən”in sovet dövründə boş qalmış quyularına, eləcə də buradakı kahalara, mağaralara repressiya illərində minlərlə günahsız insanlar basdırılmış, güllələnərək buraya atılmışdır. Burada yazıçının özünün müəyyən tərcümeyi-hal materialları da vardır və bir çox hadisə və epizodlar, adlar olduğu kimi saxlanılır. Qohumlarının bir qisminin, o cümlədən babası Mehrəli Mustafa oğlunun “sinfi düşmən” kimi güllələnib “Mədən”ə atılması yazıçının tərcümeyi-hal faktlarıdır. Lakin əsər sırf bədii təxəyyülün məhsuludur. Yazıçı bu dövrü təsvir etməklə qalmır, həm də qlobal faciələrin zaman-zaman lokal formalarına da diqqət çəkir. Yazıçı əsərində müharibələrdən daha dəhşətli laqeydlik, etinasızlıq məsələsinə də diqqət çəkir və yalnız fərdlərin deyil, bütöv xalqların belə laqeydliyin, yaddaşsızlığın qurbanına çevrildiyini göstərir. Yazıçı mətn boyu onu deməyə çalışır ki, insan təkcə zaman daxilində yaşamır, həm də özündə zamanı yaşadır.

F.Mustafanın zəngin və polifonik dramaturgiya yaradıcılığı janr, struktur və məzmun baxımından milli dramaturgiyanı zənginləşdirir. “Ağıllı Adam” , “Qəfəs”, “Tabut”, “Vida marşı”, “Qara qutu”, “Su pərisi”, “Mğqəvva”, “Ağıllı Adam”, “Musiqili məktublar”, “İlğım”, “Sevməsən ülərəm”, “İfritə”, “Əqrəb bğrcğ”, “Ayı təbəssümü”, “Dəhliz”, “Adsız”, “Sənə sözüm var”, “Qarışqa tələsi”, “Neytral zona”, “Tələ”, “Tıxac”, “Pələng ili” və s. əsərləri dramaturgiyanı yalnız mövzu, problematika, obrazlar baxımından deyil, həm də janrın struktur zənginliyi, yeni forma, dialoq və monoloq cəhətindən inkişaf etdirmiş, zənginləşdirmişdir. “Zəhrayı tunel” (1999), “Teatr meydanı” (2001), “Adsız” (2001), “Sifət” (2002), “Komediyalar” (2004), “Qara qutu” (2006), “Müqəvva” (2009), “Monopyeslər” (2010), “Ölü dildə sevgi məktubları” (2014) və s. kitabları dramaturji mətnlər teatr hadisəsi olmaqdan çıxaraq geniş oxucu kütləsinin estetik idealını formalaşdırır. Əsərləri Azərbaycan Dövlət Gənclər, Naxçıvan Dövlət Musiqili Komediya, Şuşa Dövlət Musiqili Komediya, Lənkəran Dövlət Dram, Ağdaş Dövlət Dram, “Yuğ” Dövlət, Tədris, Mingəçevir, Qazax və s. rayonların Dövlət Dram teatrlarında tamaşaya qoyularaq geniş tamaşaçı kütləsi toplamışdır.

F.Mustafanın məhsuldar, çoxşaxəli, çoxformalı və janrlı dramaturji yaradıcılığını ədəbi növün inkişafında yeni mərhələ hesab etmək olar. Onun dramaturgiyası Elçin yaradıcılığı ilə birlikdə, demək olar, milli teatrı tənəzzüldən çıxarmış və dövrün ədəbi faktına çevrilmişdir. Bu dövrdə yazdığı dram, faciə, komediya, məzhəkə, fars, pyes, monopyes, komik faciə, qrotesk, dramatik-absurd komediya, antikomediya, mənzum komediyaları, monodramları və s. janrı struktur cəhətdən daha da zənginləşdirir. Bu əsərlər yalnız forma cəhətdən deyil, məzmun, ideya, struktur, personajları ilə də dramaturgiyanı yeniləyir. Bu yenilik bir çox cəhətdən özünü göstərir. Hər şeydən əvvəl personajların təqdimatı zamanı dramaturq onlar haqqında xarakteristika (onların kimliyi, yaşı, görünüşü və s.) məlumat vermir. Əvəzində dramaturq remarkaya çox böyük üstünlük verir; özü də bu remarkalar pərdə əvvəlində verilməklə yanaşı, səhnə daxili mizanlarda da böyük rol oynayır. Remarkaların həcmi də klassik dramaturgiyada olduğu kimi, səhnə təsviri ilə məhdudlaşmır, fabuladaxili prosesləri tənzimləyir. Bəzi əsərlərdə bu remarkalar bir səhifə boyu davam edir, bəzən isə hadisələrin zamanı və məkanı dəyişir. Onun dramaturgiyası fərqli model əsasında qurulur; burada dövrün reallıqları “oyun içində oyun”, “səhnə içində səhnə”, obrazın ikiləşməsi kimi vasitələrdən istifadə edir.

Əslində, F.Mustafa yaradıcılığı ədəbi-tənqiddə yetərincə araşdırılmasa da (tənqid heç də həmişə ədəbi prosesdə baş verən hadisələri vaxtında görmür və onun bu səhvini düzəltmək missiyası zaman-zaman ədəbiyyatşünaslığın boynuna düşür), dramaturgiya və teatr aləminin ən böyük hadisəsi və faktı hesab etmək olar. F.Mustafanın dramaturgiya yaradıcılığını janr baxımından üç hissəyə bölmək olar: dramlar (“Adsız”, “Alın yazısı”, “Su pərisi”, “Əqrəb bürcü”, “Dəhliz”, “Ayı təbəssümü”, “İlğım”, “Tıxac” və s.); komediyalar (“Sevməsən ölərəm”, “Vida marşı” və s.); monodramlar (“Musiqili məktublar”, “Müqəvva”, “Sifət”, “Məruzə”, “İfritə” və s.). Ancaq bu şərtidir, ona görə ki, bu bölgü içində milli dramaturgiyamızda ilk dəfə işlənən müxtəlif formalı dramaturji mətnlər var; mənzum komediya, fars, antikomediya və s.

F.Mustafanın “Müqəvva” monodramı ictimai məzmunu, rəmz zənginliyi, ideyası və problemin dramaturji həlli ilə diqqət çəkir. Əsərdə bir iştirakçı olmasına rəğmən, dramaturq bütün cəmiyyət hadisələrini fabulanın əsasına qoyur. Əsərin əsas qəhrəmanı kişi müqəvvasıdır. Özünəməxsus həyat fəlsəfəsi olan qadın evinə kişi müqəvvası gətirərək ona “ərə gedib”. Cəmiyyət hadisələri də məhz bu kontekstdə açılır; hərənin bir şey istədiyi (iş, pul, çörək və s.) bu cəmiyyətin özünü müqəvvaya oxşadır. Hamı onun gözlərində müqəvvadır. Onun müqəvva ilə dialoqundan və evinin pəncərəsindən baxdığı cəmiyyət hadisələri təhlil edilir. Pəncərədən baxaraq toplaşmış insanları müqəvvaya, manikenə oxşadır. Onlar azadlıq istəyirlər. Lakin “azadlıq haradan başlayır?” sualını verir və onun öz nəfsimizdən, daxilimizdən və xaricimizdən başlandığını bildirir. Onun fikrincə, əvvəlcə ürəyimizi, sonra ruhumuzu, daha sonra isə bütün bədənimizi azad etməliyik. O, müqəvvanı da buna inandırır, onun və özünün tam azad, xoşbəxt olduğunu təlqin edir. Sona çatan son dərəcə dramatik kulminasiyada qadın müqəvvaya (qadın müqəvva), müqəvva isə canlıya (canlı kişi) çevrilir və beləliklə rollar dəyişir. Bu dəyişiklik oxucu-tamaşaçını müəyyən dilemma qarşısında qoyur və “azadlıq”, “sərbəstlik” haqqında düşünməyə vadar edir.

Dram F.Mustafa yaradıcılığının əsas və aparıcı janrlarındandır. O, ikipərdəli “Adsız” dramında bütün zamanlar üçün mövcud problemləri – ailə, həyat, əxlaq, yaşayış uğrunda mübarizə və s. yeni formada təsvir edir. Dramda cəmi 5 obraz – (Adsız Qadın, Qız, İbil və Tərxan) iştirak edir. Müəllif qadınla qıza ad qoymamaqla obrazı daha da ümumiləşdirmək istəyib. Adsız (lal) obrazı müəllifin tamaşaçılara çatdırmaq istədiyi əsas ideyaların daşıyıcısıdır. O, lal və kar olmasına baxmayaraq, hadisələri diqqətlə müşahidə edir, onu daha düzgün qiymətləndirir. O, çox həssasdır, tərbiyəlidir, hiylə və riyanın nə olduğunu bilmir, hər şeyi dərk edir, İbilin qıza qarşı süniliyini, onu ələ keçirmək üçün dəridən-qabıqdan çıxdığını da görür. Lakin o, istəmir ki, bu cür saf, təmiz qız İbilə qismət olsun. İbilin isə Adsızdan xoşu gəlmir, oğlanın (lalın) hər şeyi çox həssaslıqla gördüyünü anlayır. Buna görə də onunla yaxşı rəftar etmir, qızın bu etirazına isə “təbiət özü kiminlə necə rəftar etməyi bizdən yaxşı bilir”, – deyə təbiətin ondan (laldan) əsirgədiklərinə haqq qazandırır. Dramaturq bu obrazla demək istəyir ki, nə qədər cəmiyyətdə İbil kimiləri var, həmişə haqsızlıqlar, ədalətsizliklər də olacaq.

“Əqrəb bürcü” dramında F.Mustafa cəmiyyətə başqa bir prizmadan baxır. Cəmiyyətdə əksər insanların ikrahla baxdığı, peşəsinin adını insanların dilə gətirə bilmədiyi, qalanların həyat tərzini və onun cəmiyyətdəki yerini təsvir etməyə çalışır. Müəllifin yaradıcılığına xas olan mücərrədlik bu əsərdə də özünü göstərir. Öz obrazlarının (qadın, kişi, qonşu qadın, qonşu kişisi, polis, oğlan) heç birinə xüsusi olaraq ad verməməklə, cəmiyyət üçün ümumiləşdirməyə çalışır. Əsərdəki yazıçı obrazı əsərin ideyasını açmağa xidmət edən əsas komponentlərdəndir. Yazıçı qadınlar haqqında kitab yazır; burada ayrı-ayrı adamların ehtiraslarına qurban gedən, təhqirlərinə məruz qalan, söyülən, döyülən qadınların taleyi əks olunmalardır. O öz çörəyini namusunu, bədənini satmaqla çıxaran peşə sahiblərinə də xüsusi yer ayırır.

Cəmiyyətdəki mənəvi aşınmanın təsviri F.Mustafanın “İlğım”, “Ayı təbəssümü”, “Tıxac” dramlarında da davam etdirilir. F.Mustafanın monopyesləri müasir dramaturgiyamız zənginləşdirən əsərlərdəndir. Dramaturqun əsəsləri həm məzmun, həm də forma, janr baxımından tamamilə yenidir, hətta burada eksperimentçilik də axtarmaq olar, hər bir eksperimentçilikdə isə yaddan çıxarmaq olmaz ki, yaradıcılıq axtarışları əsas yer tutur. Dramaturq F.Mustafa “Musiqili məktublar”, “Müqəvva”, “Sifət”, “Məruzə”, “İfritə” monopyeslərində yaşadığımız, şahidi olduğumuz mənəvi-əxlaqi, siyasi-ictimai problemlərə müasir forma və məzmun baxımından nəzər salır. Ümumiyyətlə, cəmiyyət və həyat hadisələrinə fəlsəfi baxış onun bütün əsərlərini birləşdirən amillərdəndir.

F.Mustafanın dramaturgiya yaradıcılığında komediyaları (eləcə də mənzum komediya, antikomediya və s.) başlıca yer tutur. Gülüş, komizm, satira və yumor tarixin müxtəlif mərhələlərində ədəbi-bədii fikrin janr və növlərində dominant (bəzən az, bəzən çox) rolunda çıxış etmişdir. Ancaq “komediyanın atası” Aristofandan tutmuş bu günümüzə qədər çox az-az hallarda faciə ilə komediya, gülüşlə ciddiyyət bir sənətkarın bədii təfəkküründə müxtəlif janr və formalarda ifadə olunmuşdur. Əlbəttə, komik, tragik süjetləri ilə dünyanı dolaşan, həm faciə, həm də komediyalar müəllifi V.Şekspir yaradıcılığı istisna olmaqla! Onun “Kral Lir” faciəsinin gülüşlə, komizmlə başlaması isə bütün dövrlərin tədqiqatçılarının diqqətini çəkmişdir.

Tragizm və komizmin sintezi F.Mustafa yaradıcılığında uğurla həll olunur. Komedioqrafın yaradıcılığı bizim diqqətimizi yalnız bu keyfiyyətinə görə cəlb etmir, onun oxuculara on komediya təqdim etməsi bu janrda uğurlarının yalnız statistik göstəricisidir. Müəllifin komediyaları həm də janr, struktur, ideya-məzmun, dünya ədəbi prosesi ilə uzlaşma baxımından ədəbiyyatımızın ciddi faktlarından biridir. Əlbəttə, komedioqrafın janr yenilikçiliyi ilə bağlı daha bir neçə sanballı faktorları da bura daxil etmək mümkündür. Təkcə bunu demək kifayətdir ki, müəllifin komediyalarından (“Qəfəs”, “Ağıllı adam”, “Qarışqa tələsi”, “Safari”, “Kişiləri qoruyun”, “Oxşarlar”, “Senatda toy”, “Vida marşı”, “Lampa məsələsi”, “Küsənlər barışanda”) heç biri mövzu, problem, janr və struktur baxımından bir-birini təkrarlamır.

F.Mustafanın komediya arenasında avanqardçılığı bununla da məhdudlaşmır: bədii materialı daim ictimai məzmunun müşayiət etməsi, bədii təfəkkürü və düşüncə tərzinin orijinal özünüifadə formalarının zənginliyi onun komediya yaradıcılığına özünəməxsusluq gətirir. Antikomediya, komik faciə, qrotesk, absurd komediya, fars, ekzotik komediya, mənzum komediya, mini-fars və s. janr və formalar yalnız müəllifin deyil, eləcə də Azərbaycan komediya amalının ilk daimi sakinləri hüququnu məhz F.Mustafa yaradıcılığında qazanmışdır. Bütün bu keyfiyyətlər komedioqrafın komizm, gülüş üsullarının çoxçalarlılığı, ifadə vasitələrinin orijinallığı ilə paralellik təşkil edir. Ən əsası isə bu komediyalarda boy verən sənətkarlıq, yenilikçilik gülüşün bu formada yeni mərhələdə olduğunu deməyə əsas verir.

Gülüş, komizm, satira, hər şeydən əvvəl, həyata, cəmiyyətə baxış olmaqla yanaşı, idrak və mənəviyyat problemlərilə bağlıdır. Bu cəhətdən F.Mustafa komediyalarında cəmiyyət hadisələrinin ən dərin qatlarına nüfuz edilir, gülüşündə mənəviyyat problemləri, idrak, mühakimə, fəlsəfi düşüncə tərzi başlıca yer tutur. Onun komediyalarında hadisələrin cərəyanında məkan və zaman koordinatları dəyişə bilir, peşəkarlıqla verilmiş müəllif dekorasiyaları, mizanlar xüsusi status qazanır, remarkalar isə ideyanın açılmasında xüsusi rol oynayır. Müasir həyat hadisələrindəki ictimai, siyasi, mənəvi, əxlaqi ziddiyyətlər komik mübarizənin əsasını təşkil edir. Burada ənənəvi komik mübarizə üsulları, istehlakçılıq, qondarma süjet xətti, obrazların bir-birinə qarşı zahiri cəbhə təşkil etməsi və s. yoxdur. Müsbət-mənfi qütblərinə də rast gəlmək çətindir, bunun müqabilində müasir həyat və “əxlaq qanunlarının təntənəsi”ni (V.Q.Belinski) seyr etmək mümkündür. “Qəfəs” komik faciəsi və “Ağıllı adam” qroteskində bu təntənə daha qabarıq hiss olunur. Birinci komediyada insanla heyvanın təbiətən yaxınlaşması prosesi simvolika ilə çatdırılırsa, ikinci komediyada qroteskin gücü ilə cəmiyyət hadisələrinin dərinliklərinə nüfuz edilir.

Ağıllılıq və dəlilik cəmiyyətin ən aktual problemi olaraq daim ədəbiyyatın tədqiqat obyekti olmuşdur. Ağılın insani cəmiyyətdə problemlər girdabına sürüklənməsi, ağıllılıqla dəliliyin sərhədlərinin qarışdığı məqamların təsviri F.Mustafanın “Ağıllı adam” komediyasının məğzini təşkil edir. Dramaturq klassik dünya dramaturgiyasının əsas mövzularından biri “dəlilik-ağıllılıq” psixologiyasını əsas mövzuya çevirib. C.Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyasında da eyni problem səhnələşdirilib. Dramaturq yeni dövrün “ağıllılıq-dəlilik” problemini və cəmiyyətdəki xəstəliyi orijinal şəkildə dramaturji fabulanın əsasına qoyur. Hadisələr xəstəxanada cərəyan edir; belə ki, buraya gələn jurnalist kimin ağıllı, kimin dəli olmasını müəyyənləşdirə bilmir. Məsələ burasındadır ki, bu “xəstə”lərin çoxu əslində burda olmamalı idi. Lakin nazirliyin xəstəxanadan tələb etdiyi hesabatında son zamanlar xəstələrin azalması ilə bağlı irad bildirilmişdi. Belə çıxır ki, nazirlik xəstəxanada xəstələrin (“dəli”lərin) olmasında maraqlıdır. Jurnalist, həkim, müstəntiq məsələnin kökünə endikcə cəmiyyətdəki problemin mənəvi-əxlaqi, ictimai-siyasi tərəflərini ortaya çıxarırlar. “Xəstələr” içində müxtəlif adamlar var; hakimiyyətdə olanlar, “qırmızı generallar”, həqiqət aşiqləri, namuslu adamlar və b. əsərdəki kəskin qrotesk dövrün, cəmiyyətin reallıqlarını üzə çıxarır. Müəllif psixoloji təsvir və detallarla müasir cəmiyyətdə ən ağıllı adamın belə potensial olaraq fırıldaqçı psixiatrların pasienti ola biləcəyi ehtimalını komizm obyekti edir. Jurnalist, həkim, müstəntiq obrazları ilə müasir cəmiyyətin reallıqlarının tragizmi sənətkarlıqla ifadə olunur.

“Kişiləri qoruyun”, “Qarışqa tələsi”, “Safari” komediyalarında yeni ictimai-siyasi, mənəvi-əxlaqi münasibətlər sistemi komik, satirik araşdırma mənbəyi kimi diqqəti çəkir. “Oxşarlar”, “Vida marşı” komediyalarını da milli dramaturgiyamızın ən yaxşı nümunələrindən biri hesab etmək olar. Şübhəsiz, bu komediyalar içərisində “Senatla toy” əsərini xüsusi fərqləndirmək lazım gəlir. Həcminə görə kifayət qədər böyük olan bu komediya Azərbaycan ədəbiyyatında ilk mənzum komediya olmasına görə də maraq doğurur.

F.Mustafanın dramaturgiya yaradıcılığında diqqəti cəlb edən səciyyəvi xüsusiyyətlərdən biri də onun gülüşünün, komizmin ictimai məzmunu, sosial dərinliyi, habelə həyatı ziddiyyətlərin, komik vəziyyətlərin reallığı oldu. Bu komediyalarda həyat həqiqətləri ilə yanaşı, bədii həqiqətlər də mövcuddur. Ola bilsin ki, baş verən hadisələr müasir həyat həqiqətlərinə uyğun gəlməsin, ancaq məkanından, zamanında asılı olmayaraq hər hansı bir cəmiyyətin, həyat hadisələrinin bir parçası olsun. F.Mustafa az bir zaman içərisində ədəbi prosesdə “komediya bumu” yaratmaqla gülüş, komizm arenasında yeni bir mərhələnin əsasını qoymuş olur.

F.Mustafa orijinal düşüncə tərzinə və hadisələrin özünəməxsus fəlsəfi, magik, sürrealist, romantik, postmodernist yozum çalarlarına malik bir dramaturq, yazıçı, şair və esseistdir. Firuz Mustafa yaradıcılığının sirrini, əsasən, onun əsərlərinin orijinallığında, qəhrəmanlarının müasirliyində və obrazlarının intellektual təfəkküründə axtarmaq lazım gəlir. Bütün bu amillər Firuz Mustafanı çağdaş ədəbiyyat tariximizin görkəmli simasına çevirən və onun ədəbiyyat tarixindəki profilini müəyyənləşdirən ciddi faktorlardandır.

Müəllif: Bədirxan ƏHMƏDLİ

İlkin mənbə: edebiyyatqazeti.az

BƏDİRXAN ƏHMƏDLİNİN YAZILARI


FİRUZ MUSTAFANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir