MAHİR CAVADLI. MƏNİM ƏSGƏR BALALARIM

MAHİR CAVADLININ YAZILARI

Mahir Allahverdi oğlu Cavadlı 27 fevral 1959-cu ildə Zəngilan şəhərində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

MƏNİM ƏSGƏR BALALARIM

-Anacan, xahiş edirəm! – hündürboylu, hərbi forması əyninə kip oturmuş əsgər bir əli ilə ağzındakı maskanı burnunun üstünə çəkib, o biri əlinin işarəsi ilə ləpədöyəndən asfalt yola aparan narın qumlu cığırı göstərdi. Elə yumşaq tərzdə dedi ki, sanki böyük günah işlədir. Bir şey başa düşməyən nurüzlü ağbirçək heç nə olmamış kimi sıyıq dolu qaşığı uşaq arabasında rahatca uzanan körpənin ağzına apardı.

Uşaq sıyığını iştahla yeyib növbəti qaşıq üçün aşzını geniş açmaq istədi. Sübh çağınıın dəniz havasında, qulaqlarında ləpələrin həzin şırıltısı, mavi səmada dövrə vuran qağayıları seyr edə-edə yeməyinə nəyinsə mane olduğunu üzünə düşən kölgədən hiss elədi. Toppuş əllərini yellətdi, ayaqları ilə üstündəki nazik örtüyü atmağa çalışdı.

Nəhayət, üzünü bu yana çevirdi, gözləri günəş şəfəqlərinin qabağını kəsmiş təvərəmə papağın altından onu maraqla süzən gəncin baxışlarına dikiləndə, sanki nə isə anlamaq üçün hərəkətlərinə fasilə verdi və birdən daha bərk əl-qol atmağa başladı. Ona elə gəldi ki, əvvəllər zorla boğazına dürtülən, son bir neçə gündə, bu qumlu sahildə iştahla yediyi südlü sıyığını və süzgəcdən keçirilmiş şirin bibərini əlindən almaq istəyirlər. Ona bu iştahı bəxş edən mavi səmanın, qaqqıldaşan qağayıların, dan yeri şəfəqlərinin əvəzində qarışıq yaşıl, palıdı, bir az da bozumtul rəngli təvərəmə papağı görüb dodaqlarını büzdü, deyəsən ağlamağa hazırlaşırdı. Baxışlarını döndərib nənəsinin dümağ saçlarında sakitlik tapdı. Nənə ürəyinin dərinliyindən süzən şirin nəvə sevgisi ilə dodaqlarının azca tərpənişinə “can, bala!” ifadəsinə elə nəvaziş qatdı ki, dünyanın ən böyük möcüzələrini kəşf etmiş ən dahi alimlər belə ilk baxışdan adi görünən bu kiçik detalın sirrlərini açmaqda, yəqin ki, aciz qalardılar.

-Noolub, nəyi, niyə xahiş edirsən, ay sənin sərv boyuna, yaraşıqlı formana qurban olum, bala?!

-Çimərlik bağlıdır, ay nənə, dünən elan eliyiblər, dənizə gəlmək qadağandı, – əsgər bu sözləri deyəndə baş barmağının arxası ilə papağının altından alnına süzülən təri sildi, – Nənəcan, bir azdan komandir də gəlməlidi, sən Allah, gəl kömək eliyim, gedin burdan, bir az tez olun.

-Necə yəni dəniz bağlıdr, ay başına dönüm, niyə, suda əjdaha-zad var ki, yoxsa fırtına qopacaq?.

Bu vaxt uzaqdan çiyinlərinin ulduzları par-par parıldayan maskası çənəsindən gözünün altınadək örtmüş hərbçinin amiranə səsi eşidildi.

-Əsgər, nə durub gözünü döyürsən? Sənədlərini də yoxla, – dedi, o biri əsgərlərə də ucadan qışqırdı, – cəld tərpənin, tez zəncirvari düzülün, dəniz qırağında bir nəfər də qalmasın, sənədlərə, qeydiyyata diqqət yetirin. Qanunu pozanı dərhal mənim yanıma gətirin! Tez olun, tez, tez…

Əsgər vəziyyətin gərginləşdiyini hiss elədi. Yeməyi acgözlüklə hövkələyən körpəyə, hələ də nə baş verdiyini anlamayan nənəyə baxdı. Cavabını əvvəlcədən bilsə də soruşmaq xatirinə soruşdu:

-Axşam televizora baxmamısan, nənəcan, axı neçə gündü, deyirlər ki, karantin olacaq.

-Nə televizor, ay bala, indi heç cavanlar televizorda baxmağa bir şey tapmırlar, qaldı mənim kimi əldən-ayaqdan düşmüş, bir ayağı gorda olan qarı! Hə, camaat nəyəsə baxıb elə hey gileylənirdilər. A bala, day mən bu dünyanın işlərinə qarışası halda deyiləm.

Komandirin yaxınlaşdığını görən əsgər bir az ciddi görkəm alıb nənədən sənədlərini soruşdu.

-Sənədi neynirsən, ay qadan ürəyimə? Günün bu çağında, bu dənizin qırağında, bir mən nənədən, bir də bu tifildən sənəd istəmək kimin ağlına gələr belə? Axı, mən sənədi niyə götürməliyəm ki, qoca arvadam, salıb itirrəm, sonra da! Düzdü ye, çox heylə lazımım da olmur, yenə də…

-Nənə, vallah, necə deyim?!.. – Əsgər nəvazişlə – Bu koronavirus pandemiyasına görə yuxarıların qərarıdı. Biz də əmrə tabeyik, neyləyək.

-Nə kəkəliyirsən, əsgər, – yaxınlaşan komandirin səsi əsgərin qulağında cingildədi, qamətli, bir gözələ bəy ola biləcək gənci sanki yumağa döndərdi. Bilmədi ağbirçəyi müdafiə eləsin, yoxsa..

-Komandir…

-Nə komandir, komandir salmısan? Dur bu yana görüm ə!..

Gənc əsgər əmrə tabe olub bir addım geri çəkildi. Komandir əli ilə toqqasını düzəltdi. Qamətini şax tutdu, sağ əlini əsgərin papağından fərqli furajkasına aparıb hərbi salam verdi.

-Leytenant Kazımov! – özünü təqdim etdikdən sonra adəti üzrə “vətəndaş, karantin rejiminin tələblərinə uyğun olaraq….” sözlərini dilinə gətirmək istədi. Ancaq uşağa baxdı, son iki ayda cəmi üç dəfə görə bildiyi iki yaşlı oğlu yadına düşdü. Səsinin tonunu yumşaltdı, sakit tərzdə: 

-Sabahın xeyir, ay nənə! – deyə bildi ki, bu da öz yerini komandirinə vermiş əsgərə xüsusi ləzzət və rahatlıq gətirdi.

-Ağibətin xeyir, mənim komandir balam! – deyib yaşarmış gözlərini uzaqlara dikdi. Körpəyə baxıb əlinin arxası ilə yanağından süzülən bir damlanı sildi: – Bir vaxt o bədbəxt də evə gələndə sənin kimi belə şux duruşda anasına raport verərdi, – pıçıldadı.

Zabit dərinə getmədən vəziyyəti izah etməyə çalışdı.

-Nənəcan, bax, səndən sənəd istəmirik, cərimə də eləmirik, vəziyyətlə bağlı karantin rejimidir. Çimərliyi də qadağan ediblər. Yəqin bağınız haradasa buralardadı, gəl bir nəfər verim, sənə kömək eləsin, gedin evinizə, çölə çıxmayın! Yaxşı, nənə, mən də sənin oğlun.

-Çox sağ ol, ay oğul! Bu əsgər balamız dedi, ancaq mən qanammadım. Mənim evim də, bağ-bağatım da, ay boyun qurbanı, o nankor erməniylə üz-üzə dayanan dağın döşündəki kənddədi. Bura da özüm gəlməmişəm. Gətiriblər, bu tifilə görə, kim gətirib heç adını da bilmirəm! Oturmuşdum gül kimi kəndimdə, bu dəqiqə də meyvənin bol vaxtıdı. Düzdür, hərdən o nankorlar topa-tüfəngə tuturlar. Ancaq noolsun ki, o boyda igidimdən artıq deyiləm ha!

-Kim gətirdib, hara gətirib, ay nənə, de çağıraq gəlsin, özü aparsın, ya aparaq onun yanına, ancaq burada vaxt itirməyək, rəhbərlik gələr, atamıza od vurar.

Ağbirçək təmkinlə yemək dolu qaşığı körpənin ağzına apardı, dərindən köks ötürüb ah çəkdi.

-Bala, elə məsələ burasındadır ki, bizi bura gətirəni də tanımıram, bağda bu şəraiti yaradanı da! Tanısaydım alnından öpərdim, doğma balam kimi bağrıma basardım, elə bilərdim ki, birini alan tanrı başqasını yetirib.

Bayaqdan əsgərinə acıqlanan zabitdən əsər-əlamət qalmamışdı. O, artıq veriləcək cəzanı da çəkməyə hazır imiş kimi ağbirçəyin sözünü kəsməyi belə ağlına gətirmirdi. Nənə isə qaşıqla yemək qabının dibini siyirməkdə idi. Qərbədir ki, uşaq da qımıldanmırdı, sakitcə öz işindəydi. Deyəsən, zabitin papağındakı ulduz diqqətini çəkmişdi. 

-Hə, bala, bu uşağın atası aprel döyüşlərində şəhid olub. O günləri uşağı aparmışdım rayon xəstəxanasına. Orada da ağzı maskalılar çox idi, ağrın alım. Oradan da məsləhət gördülər ki, apar Bakıya! Hə, birtəhər tifili gətirdim Papanin deyilən yerə, hərbi qospitalı deyirəm, başqa haranı tanıyıram ki?!… Balam birinci dəfə yaralananda oralara çox gəlib-getmişəm. Sağ olsunlar, öz balaları kimi baxdılar. Bir də gördüm məni axtarırlar. Bir həkimin yanına apardılar. Çox mehriban qarşıladı, uşağı oxşadı, bir az kövrəldiyini də hiss elədim. Dedi, ay nənəcan, indi rayonda qarışıqlıqdı, uşağa da dəniz havası lazımdı. Dedim, ay həkim, vallah, ömrümdə dənizdə olmamışam. O da gülüb dedi ki, mən hamısını bilirəm, heç nədən narahat olma, sizə qulluq bizim boynumuzun borcudu. Sonra telefonu zəng çaldı, danışıb, tələsik sağollaşdı, geyinib “indi sizi mənim bağıma apararlar, mən gələnəcən orada qalın”, deyib çıxdı, elə o gedən getdi, bir də üzünü görmədim.

…Körpə qımıldandı, deyəsən, yeməyin arası kəsilmişdi. Nənə “Ay maşallah!” deyib nimçənin dibini sivirdi, dolu qaşığı növbəti payını yeməyə hazırlaşan nəvəsinin ağzına apardı. Deyəsən, qaşığın nimçə dibini sivirməsi uşağın da qulağına çatmışdı, üzünü çevirib, yastıqda başını rahatladı.

Nənə yaş dəsmal ilə nəvəsinin ağzını sildi, qab-qaşığı səliqə ilə büküb uşaq arabasının altındakı torbaya qoydu. Sonra “Ya Allah, özün kömək ol!” deyib ayağa qalxdı. Zabit uşaq arabasını fırladıb narın qumlu cığıra salanda nənə dillənmədən onun yanına düşdü.

-Hə, bala, sonra bir nəfər maşınla bizi bu bağa gətirdi. Yer-yataq göstərdi, yolda bazarlığa da saxlamışdı. İndi üç gündür burdayıq. Şükür Allaha, heç bir korluğumuz yoxdu. Ancaq bunu kim eliyir, niyə eliyir, anlamıram! Buraya gələnnən qoymurlar əlimizi ağa-qaraya vuraq. Adam xəcalət çəkir.

Asfalt yolu keçib üç yol ayrıcına çatdılar. Nənə bilərəkdən addımlarını yavaşıdıb, zabitin irəlidə getməsinə şərait yaratdı. Gənc oğlan yaşıl darvazanın ağzında ayaq saxladı. Sağollaşıb təcili xidmət yerinə qayıtmalıydı. Dünyagörmüş ağbirçək üzünü ona tərəf çevirdi, bir az əvvəl sahildən çıxıb getməyi tələb edən zabitə sual verməkdən çəkinmədi:

-Sağ ol, ay bala! Darvazaya birbaşa gəlməyindən belə anladım ki, bu bağın yolunu yaxşı tanıyırsan, bəlkə yiyəsini də tanıyasan?!…

Zabit xoş təbəssümlə:

-Tanıyıram, nənəcan, tanıyıram, – dedi, – bizim bağımızdır, bizim! Vaxtilə həkimlər mənə də dəniz qumunu məsləhət görüblər. Atam onda alıb. Özü aylarla bura gələ bilmir, o cəbhədən bu cəbhəyə qaçır. Evdə üzünü görəndə şükr eləyirik. Mən də onun kimi!

Sözünə bir qədər ara verdi. Qapını açıb ağbirçəyi içəri dəvət elədi:

-Sən narahat olma, elə bil öz evindəsən, nə lazım olsa, çəkinmədən de. İmkan tapan kimi uşaqları da gətirəcəm, bizim də, üzüm ayağınızın altında bir oğlumuz var, iki qardaş kimi bir yerdə oynayarlar. Mən də arxayın olaram ki, nənəsinin yanındadı.

Nənə taleyin bu qədərini gözləmirdi. Başını şax tutub gülümsəyən bu dünyagörmüş nənənin sual dolu baxışları daha çox mətləblərdən agah olmaq istəyinin ifadəsi idi. Xidmət yerindən nigaran zabitin isə bu mətləbləri açıqlamağa nə vaxtı vardı, nə də…

…Başlasaydı, uzun çəkərdi. Deməliydi ki, hələ mən anadan olmamışdan sənin oğlun mənim atamın əsgəri olub, qanlı-qadalı döyüşlərdən keçiblər. Şəhidlərin ruhuna and içiblər. O vaxtdan ta aprel döyüşlərinədək səngər dostu olaraq qalıblar. Deməliydi ki, oğlun şəhid olan gündən atam da sanki ölü kimidir. Sizin bu nəvəniz dünyaya gələndə nə qədər sevinmişdisə, aprel hadisələrindən sonra onqat, yüzqat artıq kədərlənmişdi döyüşçü atam. Zabit deyə bilmədi və deyə də bilməzdi ki, pandemiya dövründə bu cocuğun xəstəxanaya aparılması da, oradan guya göndərişlə hospitala gətirilməsi də, dəniz havası da atasının düşüncələrinin məhsuludur. Gənc leytenant, döyüşçü komandirin zabit oğlu kimi deməyə borclu olduğunu qısa və konkret, bir-iki cümlə ilə ifadə edə bildi:

-Nənəcan, sənin şəhid oğlun Horadiz döyüşlərində öz komandirini, yəni mənim atamı ölümcül vəziyyətdə səngərdən çıxaranda yaralanmışdı. Sənin o igid oğlun olmasaydı, indi nə mən vardım, nə də biz indi bu bağda idik. Ona görə də bura həm də sizin, bu balamızın bağıdır. Sizə qulluq etmək, vallah boğazdan yuxarı demirəm, bizim borcumuzdur.

O yan otağa keçib əlində bir fotoşəkillə geri qayıtdı. Atasının gənc əsgərlə çərçivəyə salınmış fotosuydu:

-Rəhmətliklə atamın şəklidir. Dünəndən Tovuzda bərk atışma gedir, atam da oradadır, – dedi, – qayıdanda hökmən baş çəkəcək. Eh danışılası o qədər söhbətlər var ki! Ancaq, nənəcan, hələlik bağda oturun, doğrudan da vəziyyət yaxşı deyil, Allah eləməmiş, uşağa bir şey olar.

Zabit nənənin əllərindən öpüb, mışıl-mışıl yatan uşağı təbəssüm dolu baxışlarla süzdü. Sonra adəti üzrə hərbi salam verib həyətdən çıxdı.

…Nənə iki igidin fotosunu sifətinə yaxınlaşdırdı, xəstə xalatından bilinirdi ki, hospitalda çəkilib. Əvvəlcə oğluna diqqətlə baxdı və indi anladı ki, oğlu bu yaşda olanda üzünü əməlli-başlı görə bilməyib. Onu doyunca görmək, oxşamaq istəyi həmişə ürəyində bir nisgil kimi qalıb. Toyundan sonra da cəmi bir həftə evdə qalmışdı. Bu tifil dünyaya gələndə ezamiyyət götürmüşdü, demişdi ki, bir ay qalacam. Onda da aprel hadisələri, Allah mərdumazarın bəlasını versin…

Ana oğlunun şəklini öpüb gözünün üstünə qoydu, “can, bala, yaralarına anan qurban!” – deyib ağladı. Baxışlarını fotodakı hərbi formalı gəncə yönəldəndə ona elə gəldi ki, sahildən bəri onunla söhbət edən zabit ona baxıb gülümsəyir.

…Şəkildəkiləri bir də öpdü, əli ilə tumarlayıb sinəsinə sıxdı, qəlbinin lap dərinliyindən bir pıçıltı dodaqlarına süzüldü: “Mənim əsgər balalarım!”

MÜƏLLİF: MAHİR CAVADLI

MAHİR CAVADLININ YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir