
Ayaz İmran oğlu Abbasov 15 mart 1959-cu ildə Zəngilan rayonu, Zərnəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
GÖZLƏYİRƏM SƏNİ, ƏSGƏR
Son bir ayda Tural Yusifovun xasiyyətində qəribəliklər baş verirdi. Həmişə deyib-gülən, əsgər yoldaşları ilə mehriban davranan, bölükdə hər kəsin doğmasına çevrilən, verilən tapşırıqları can-başla yerinə yetirən bu azərbaycanlı balası hamıdan qaçaq, adama yovuşmaz olmuşdu. Fikirli-fikirli gəzib dolaşırdı, tamamilə özünə qapanmışdı, gecələr yata bilmir, səhəri dirigözlü açırdı. Hətta bir neçə dəfə hərbi qayda-qanunu pozmuş, tapşırıqları başdansovdu yerinə yetirmişdi.
Gecə növbətçisi serjant Sokolov kazarmada hamının yatdığı vaxt Turalın gecə paltarında hərbi hissənin həyətində gəzişdiyini görmüşdü…
Tural “kurilka”dakı (siqaret çəkmək üçün yer) oturacaqda əyləşib ilk dəfə görürmüş kimi göydəki ulduzlara baxırdı. Saysız-hesabsız ulduzlar arasından özünün bəxt ulduzunu axtarırdı. Qütbdə par-par parıldayan qoşa ulduza gözlərini dikdi. Nəsə yadına düşüb qeyri-ixtiyari qımışır, dodaqları tərpənirdi. Bir zamanlar Lalə ilə birlikdə ulduzlara baxa-baxa qovuşacaqlarına tam əmin olmuşdular. İndi isə o günlər yadına düşüb bulud kimi dolmuşdu. Siqaret yandırıb acı tüstünü elə iştahla ciyərlərinə çəkirdi ki, elə bil bu zəqqutum tüstü dərdinə məlhəm olacaq. Fikri, xəyalı uzaqlarda cövlan etməkdəydi. O qədər dərin düşüncələrə qərq olmuşdu ki, bayaqdan yanında dayanıb ona maraqla tamaşa edən Sokolovu görmürdü. Hətta Sokolovun onun soyadını çağırması Turalı xəyal dünyasından ayıra bilmirdi. Sokolov ikinci dəfə:
-Yoldaş Yusifov, nə üçün yatmırsan? Bəlkə xəstələnmisən, kömək edə bilərəm, – deyəndə xəyallardan ayrıldı.
Əsəbləri tarıma çəkilmiş adamlar kimi çönüb Sokolovu süzdükdən sonra avtomatdan çıxan gilizlər kimi səksənib kənara sıçradı:
-Heç nə, heç nə! – kəkələyib siqaretin kötüyünü yanındakı zibilqabına atıb ayağa durdu. Sokolova məhəl qoymadan iti addımlarla kazarmaya girib çarpayısına uzandı.
Turalın bu qəribə hərəkətləri komandir-zabit heyətini, əsgər yoldaşlarını çox narahat edirdi. Həmvətənli əsgər yoldaşları onu dilə tutub nə baş verdiyi ilə maraqlansalar da, onları da acılayıb uzaqlaşırdı. Çəkdiyi acıları he, kimlə bölüşmədiyindən əsəbilik bütün vücuduna hopmuşdu.
Səhər yoxlamasında cərgəyə düzülən əsgərlərin hər biri səliqəsi ilə göz oxşasa da, Tural yenə də üzünü qırxmamışdı, boyunluğunu yenisiylə əvəz etmədiyindən çirkli idi. Bölüyün starşinası gizir Klimenko bunu görüb əmr verdi:
-Sıravi əsgər Yusifov, bir addım irəli!
Tural əmri eşidən kimi bir addım qabağa çıxıb farağat komandasını aldı:
-Sıravi əsgər Yusifov sizi eşidir, yoldaş gizir.
-Bu nə özbaşınalıqdır, nə üçün səhər yoxlamasına hazır deyilsən? On dəqiqə vaxt verirəm, get, özünü səliqəyə sal, – sonra Klimenko səsini yumşaldıb həlim səslə – səhər yeməyindən sonra yanıma gələrsən, – söylədi.
-Oldu, yoldaş gizir, – günahkar adamlar kimi başını aşağı salıb verilən tapşırığı yerinə yetirməyə getdi.
“Hər bir əsgərin sağlamlığı, nümunəvi davranışı əsas şərtlərdəndir” – Klimenko bunu özünə şüar etmiş, əsgərə qayğı onun həyat tərzinə çevrilmişdi. O ki qaldı Turalın səhər yoxlamasına hazırlıqsız çıxmasına, o, belə hallarla rastlaşdıqda həmin əsgərə mütləq xəbərdarlıq, ya da şifahi töhmət elan edərdi. Yox, əgər belə hal bir neçə dəfə təkrar olunardısa, öz cəza üsullarını tətbiq edərdi – mətbəxdə kartof təmizləmək, donuz fermasında bir neçə gün işləmək, ya da bir ayaq üstə əlləri yuxarı vəziyyətdə dayanmaq. Klimenko bu dəfə nədənsə Yusifova güzəşt etdi.
Əsgərlərinə doğma övladı kimi yanaşan, qayğısını çəkən, mərhəmətini əsirgəməyən gizir bayaqdan kabinetində oturub Yusifovu düşünürdü: “Hər şey bir müddət öncə əsgərə gələn məktubdan sonra oldu. Əsgərin özünə qapanmasının səbəbi zənnimcə o məktubdur. Görəsən, o məktubda nə müəmmalı sirr var ki, əsgər belə küskün hala düşüb?” Durub rəfə yaxınlaşdı. Burada hər bir əsgərin ayrıca qovluğu var. Əsgərlər hərbi xidmətə başlayan gündən onların yaşadığı ünvana – valideynlərinə, məktəbə məktub yazardı ki, onların xasiyyətnaməsini göndərsinlər. Bu xasiyyətnamələr ona əsgərləri tanımağa kömək edirdi. Yusifovun dosyesi saxlanan qovluqdakı xasiyyətnamələri bir də oxudu. Hər iki məktubda onun nümunəvi, zəhmətkeş gənc olduğu xüsusi vurğulanırdı.
Fikirlər gizirdən əl çəkmirdi: “Bu duruma səbəb bəlkə o məktub deyil. Bəlkə əsgər yoldaşları ilə mübahisə, yaxud dava edib, yaxud kimsə möhkəm xətrinə dəyib, o da incik düşüb? Yox, yox, elə bir şey olsaydı, mütləq bilərdim. Əsgərlik həyatının incəlikləri ilə yanaşı, həm də yazılmamış qanunları da işləkdir – “molodoy”, “starik”, “ded” və. s. Yusifov “molodoy” deyil ki, “ded”lər onu döyə”. Müxtəlif xalqlardan və ailələrdən əsgərliyə gələn gənclərin özünəməxsus adət-ənənələri, milli dəyərləri var. Gərək bir-birinə sayğı bəsləsinlər ki, xoşagəlməz vəziyyət ortaya çıxıb problem yaratmasın”.
Klimenkonun ağlından cürbəcür şübhələr dolaşıb keçsə də heç cür Yusifovun “dərd”inin səbəbini tapa bilmirdi. Onu hərbi tibb məntəqəsinə göndərdi ki, sağlamılığında psixoloji problem yaşanır bəlkə. Oradan da cavab gəldi ki, Əsgər Yusifov tam sağlamdır….
***
Dostundan məktub almışdı. Məktubdakı hər söz, hər cümlə nöqtəsinə, vergülünə kimi yaddaşına hopub onu təsir məngənəsində sıxırdı, ağrılı tikan kimi ürəyinə sancılıb sızladırdı. Dostu yazırdı: “Tural, son aylar Lalə çox dəyişib, tamam başqa qız olub. O, daha sən gördüyün və tanıdığın Lalə deyil. Qəsəbəmizə qonaq gələn şəhərli oğlanla tez-tez kinoya, konsertə, gəzməyə gedirlər. O qədər mehribandılar ki, elə bil neçə illərin sevgililəridir. O, səni tamam unudub”.
Hər dəfə məktubda yazılanlar yadına düşəndə qəm dəryasında boğulur, özü özünə suallar verir, cavabını tapa bilmirdi: “Canımdan çox sevdiyim Lalə bu cür dəyişə bilərmi? Ağca aşıq pirində and içib əhd-peyman bağladığımız nə tez yadından çıxdı? Budurmu sədaqət, vəfa, etibar? Dözə biləcəyəmmi bu dərdə? Canımdan can ayrılmış kimi yarımcan olmuşam. Eh… vəfasız dünya, insanların da özün kimi vəfasızmış”…
Gecələr yuxuda tez-tez sayaqlayır, qışqırır, hirslənir, sonda da yazıq-yazıq ağlayırdı. Çarpayı qonşusu oyadanda nə baş verdiyini yada sala bilmirdi. Üstünə çəmkirirdi ki, niyə qoymursan yatam. Əsgər yoldaşı da, – ağzına gələni sayaqlayırsan, sən məni qoymursan yatmağa, – deyib gülürdü….
…Klimenko həmin gün Turalla görüşdü, ancaq verdiyi suallara inanandırıcı cavab ala bilmədi. Tural “bəli”, “xeyr”lə suallardan yayınırdı. Klimenko əl çəkmək istəmirdi, sözləri onun ağzından sanki kəlbətinlə dartıb çıxarırdı. Gizir uzunmüddətli həyat təcrübəsindən istifadə edib əsgərinin qılığına girib hər şeyi öyrənməyi bacarırdı.
Nəhayət, Tural içində kükrəyən, fırtınaya çevrilən ağrılarını ətraflı açıb tökdü…
Gizir məqsədinə çatdığı üçün gülümsədi, – eh cavanlıq, cavanlıq, – deyib dərindən köks ötürdü. Təzə-təzə dən düşən saçlarına sığal çəkib, sarı bığının uclarını burub gəncliyini xatırladı. Handan-hana Turalın gözlərinin içinə baxıb təsəlli verməyə çalışdı:
-Ola bilər, ola bilər, cavan oğlan. Ağrısı, acısı olsa da, sevginin hər cəfası şirindir. Bir də mən bilirəm ki, sizdə bağlanan əhd-peyman saf sevgi andıdır. O qızın andına sadiq olmamasına inanmıram. Özü də Oğuz – Türk qızı ola. Sizin xalq haqqında bilgilərim çoxdur. Axı hərbi xidmətimin bir hissəsini sizin ellərdə keçirmişəm, adət-ənənələrinizdən, milli ruhunuzdan, dəyərlərinizdən də xəbərim var. Qadınlarınız namuslu, ismətlidir, sevgisinə sədaqətlidirlər. Ərlərini başının tacı bilirlər. Ona görə də kişiləriniz qadınlara Tomris, Burlaxatun, Bəyim, Nigar kimi adlar verirlər. Nağıl və dastanlarınızda müsbət qəhrəman qadınlar daha çoxdur. Bu yaxınlarda “Dədə Qorqud” filminə baxdım. Qadınlar orada ucadan uca tutulur. O ki qaldı sənin başına gələn məktub əhvalatına, bir az düşünmək, gözləmək və səbir etmək lazımdır. Sizdə belə atalar sözü də var: “Hirsli başda ağıl olmaz”. Çox müdrik kəlamdır. Səbirli ol, özünə gəl. Nə bilirsən dostunun yazdıqları düzdür? Onun yazdıqları yanlış da ola bilər, inanıb hər şeyin üstündən qara xətt çəkmək olmaz…
Klimenko nəyisə yadına salırmış kimi bir anlıq fikrə getdi. Sonra mavi gözlərini qıyıb söhbətinin davamına başladı:
-Hərbçilərin həyatında belə hadisələr tez-tez olur. Valya ilə təzə evlənən vaxtlarımız idi. Bir övladımız vardı. Bir dəfə məni altı aylıq ezamiyyətə göndərdilər. Qəflətən yola düşdüyümüzdən imkan olmadı ki, ailəmə baş çəkəm, sağollaşıb yola düşəm. Düz dörd ay yarım ailəmlə heç bir əlaqə yarada bilmədim. Elə bir yerdə idik ki, ətraf aləmlə tam təcrid olunmuşduq. Hətta məktub yazıb yola salmaq mümkün deyildi. Dörd ay yarımdan sonra bizi gətirib bir qəsəbənin yaxınlığında yerləşdirdilər. Məktub yazsam da cavab ala bilmədim, narahatlığım birə-beş artdı. Gecə-gündüz narahatlıq içində başımı itirmişdim, ezamiyyət vaxtımı bitirən kimi arvadıma, uşağıma xeyli hədiyyə alıb evimə gəldim. Həyət qapısının zəngini dəfələrlə bassam da qapını açan olmadı. Nigaranlıqdan özümü itirəcək dərəcəyə çatmışdım. Mənim gəldiyimi bilən qonşu Sveta qarı “xoş gəldin” etdikdən sonra xalatının cibindən evimin açarlarını çıxarıb mənə verdi, – arvadın səndən küsüb uşağı da götürüb atası evinə gedib, – dedi.
Yol yorğunu olduğumdan Sveta qarıya “niyə”, “nə üçün” suallarını vermədən qapını açıb içəri girdim. Ayağımı içəri qoyan kimi sonsuz uçuruma, boşluğa düşdüyümü hiss etdim. Elə bil otaqların divarları, döşəmələri, tavanları, stol, stullar, qab-qacaqlar müdhiş sükuta qərq olmuşdular. Evdəki sükutdan qulaqlarım tutulurdu. Otaqların birinin qapısını açanda o bir otaqların qapıları sanki üstümə qışqırırdılar: “məni də aç, məni də aç!”. Allah heç bir evi qadınsız, uşaqsız qoymasın. Otaqları gəzdikcə dəli olmaq dərəcəsinə çatırdım. Qaynatamgil yaxın şəhərdə yaşayırdı, tez onlara getdim.
Qaynatamgildə Valya mənimlə neçə gün küsülü gəzib dolaşdı. Nə qədər yalvar-yaxar, xahiş-minnət etsəm də barışmaq niyyəti yox idi. Heç yaxın da gəlmirdi ki, qəflətən ezamiyyətə getdiyimi ona başa salam. Qaynatam dünyagörmüş, arif insandı. Qulağıma pıçıldadı ki, darıxma, barışacaq. Bir gün övladımı götürüb yaxınlıqdakı parka getmişdim. Oğlum uşaq yelləncəyində oynayır, mən də oturacaqda oturub Valyanı düşünürdüm. Kiminsə yanımda oturduğunu hiss etsəm də dönüb baxmadım. Bir də gördüm kimsə əlimin üstünə əlini qoydu. Əlin hərarəti tanış gəldi, diksinib baxdım, Valya idi. Bir-birimizi qucaqlayıb illərin tamarzıları kimi öpüşlərə qərq etdik. O, hal-qəziyyəni atasından öyrənib barışmağa gəlmişdi.
-Yoldaş komandir, küsməyinin səbəbi ezamiyyət idimi? – Yusifov tez-tələsik soruşdu.
-Hə, gözlə ardını danışım, – Klimenko ayağa qalxıb bayaqdan dəm alan çaydandan iki stəkan çay süzdü, konfet qabını stolun üstünə qoydu, əyləşib söhbətini davam etdirdi:
-Mənim Vitya adlı bir uşaqlıq dostum var, bu şəhərin o başında yaşayır, vaxtaşırı ailəliklə bir-birimizə get-gəl edirik. Çox zarafatcıl, baməzə adamdı. O, bilir ki, Valya məni çox qısqanır. Mən olmayanda ailəliklə bizə gəlişlərində əlinə fürsət düşür ki, Valyanı cırnatsın:
-Nə ezamiyyət, hamısı boş şeydi, o, sevgilisi ilə Nalçikdə istirahətdədir. Qayıdan kimi səni boşayıb onunla evlənəcək.
Valya əvvəlcə bu söhbəti zarafat kimi qəbul eləsə də, sonradan götür-qoy edir ki, bəs niyə mən məktub yazmıram, zəng etmirəm. Beləcə, şübhələr dolur içinə, Vityanın zarafatını həqiqət kimi anlayır. Bundan sonra Valya acıq eləyib atasıgilə gedir. Bunları sənə danışmaqda məqsədim odur ki, dostunun yazdıqları kimi olmaya bilər. Dostun Lalə ilə danışmayıbsa, qızın kiminləsə kinoya, konsertə getməsi o demək deyil ki, onun yeni sevgilisidir. Həmin oğlan yaxın dost, qohum da ola bilər. Xətrinə dəyməsin, o qədər yaxın “dost” tanıyıram ki, dostunun sevgilisini zorla, yaxud xoşla ələ keçirib. Otur, yaxşı-yaxşı düşün, sevgilinə məktub yaz, yəqin ki, sevindirici xəbər alarsan. Yoxsa ömür boyu əzab çəkərsən. İlk məhəbbətin yarası heç vaxt sağalmır, əsgər.
Sıravi əsgər Yusifov komandirinin yanından çıxanda qəlbində bir ümid işığı yaransa da yenə də könlü qırıq idi, inamı özünə qayıtmamışdı. Əvvəlki sevən və sevilən Tural ola bilmirdi, elə bil başqalaşmışdı. Özünü – Laləni dəlicəsinə sevən, sevgisi naminə hər cəfanı çəkməyə hazır olan Turalı axtarırdı. Tapacaqdımı? İnanmırdı ki, Laləyə məktub yazıb sevindirici xəbər eşidəcək. Axı onun başqa sevgilisi var, yəqin nişanlıdırlar, bəlkə toyları da olub. Bunları fikirləşəndə yerə-göyə sığmırdı, bəxtini söyürdü. “Yox, yox, bu ola bilməz!” – mızıldana-mızıldana hərbi hissənin girəcəyindəki ağcaqayın ağacının yanına necə gəldiyini özü də bilmədi. Kim onu bura gətirdi? Şirin xəyalların və xatirələrin məskəni olan bu yerə çoxdan gəlmirdi. Bir vaxtlar Lalədən məktub gələndə əsgər yoldaşlarından aralanıb bura gələr, məktubu həvəslə açar, dönə-dönə doymazlıqla oxuyardı. Heyif o məktublardan. Dostundan gələn o məktubdan sonra Lalədən aldığı məktubların hamısını yandırmışdı. İndi ağcaqayın o günləri bir daha xatırlatdı. O, ağcaqayını “yaralamışdı”, əsgər bıçağı ilə ağacın görünməz yerinə “Lalə” yazmışdı. İndi o sözləri axtarırdı. Tapdı, ağac boy atmışdı, yazı yerdən bir qarış ucada idi. Dəfələrlə ağaca su vermişdi ki, tez böyüsün. Onda “Lalə” sözü də ucada görünəcəkdi. Əlini yazdığı sözün üstündə gəzdirib xeyli tumarlaya-tumarlaya oxşadı. İstədi o sözü öpə, niyəsə bu fikrindən vaz keçdi, bir addım geri çəkilib həsrətlə yazıya baxdı.
Hərbi qaydalara görə axşam yeməyindən sonra yatmaq əmrinə kimi iki saat istirahət vaxtı verilirdi. Bu iki saatda hərə özünə aid işlə məşğul olurdu. Tural qırmızı qələmini və bir neçə ağ vərəq götürüb “qırmızı guşə”yə çəkildi. Klimenkoya söz vermişdi ki, Laləyə məktub yazacaq. Qarşısındakı vərəqlərə nə yazacağını anışdıra bilmirdi. Vida məktubumu yazsın? Qələmi kağızın üstünə qoyanda barmaqları titrədi. Yazacaqlarını bayaqdan beynində götür-qoy etsə də ürəyi qələmə “icazə” vermirdi. Fikirləri qəlbini, dilini, əllərini, qələmini, kağızı yandırırdı. Uzun müddət ağ kağıza, barmaqları arasındakı qələmə baxa-baxa qaldı. Bir anda iki damcı göz yaşı kirpikləri arasından süzülüb bəyaz kağıza düşüb hopdu, kağız üzərində iki ləkə yarandı. İstədi kağızı eləcə qatlayıb, zərfin içinə qoyub Laləyə yollasın. Məktubun adı da “iki damcı göz yaşı” olsun. “Yatmaq!” əmri veriləndə o, hələ də göz yaşları hopmuş kağıza baxa-baxa qalmışdı…
Növbəti axşam yenə “qırmızı guşə”yə çəkilib məktub yazmaq istədi. Bu dəfə yazdı, pozdu, cırdı, nəhayət, ürəyindəkiləri ağ kağızın üzərinə köçürdü. Məktubu hərbi hissənin girəcəyindəki poçt qutusuna salanda bir xeyli əlindən buraxmadı, – “bəlkə göndərməyim?”
Artıq məktub poçt qutusundaydı.
Bir vaxtlar hər dəfə Laləyə məktub göndərəndə sevinirdi, bilirdi ki, Lalə məktubu alan kimi cavab yazacaq. Lalə hamı kimi ənənəvi – “hörmətli məktub”, “şanlı məktub”la başlayan məktublar yazmazdı. Onun məktubu “gözləyirəm səni, əsgər!” sözləri ilə başlayardı. Bu məktubu isə Tural ümidsiz yola saldı, inanmırdı ki, cavab gələcək. Fikirləşirdi ki, bu sonuncu məktubdur. Axı Tural Laləyə vida məktubu yazmışdı. Laləni acılamasa da, sonda – “get, etibarsız, əhdinə, vəfana xilaf çıxdın. Sənə xoşbəxtlik arzulayıram. Sən arzularımın işığını söndürüb məni dərin quyuya saldın. Tək-tənha orda necə yaşayım?” – yazmışdı. Bir vaxtlar bu sözlərin tam əksini yazardı. Onda arzular sonsuz, gen-bol, təzə-tər idi. İndi isə saralıb solmuşdu…
Poçt qutusunun qarşısında dayanıb düşüncələr burulğanında çabalayırdı: “Dostu yazırdı ki, Lalənin görüşdüyü oğlan ilk baxışdan səliqə-sahmanlı, mədəni, alicənab görünür. Deyilənə görə ali təhsillidir, Bakıda hansısa iri müəssisədə mühəndisdir. Bu yay həmişə bir yerdə olublar, tez-tez dağa, meşəyə gedirlər. O gün Həkəri çayında oğlanı çiməndə, Laləni də sahildə oturub ona tamaşa edəndə görüblər. Sənə etdiyi xəyanətdən qeyzlənib Laləyə daha salam da vermirəm. İkisi bir-birinə çox oxşayırlar, həm də bir-birinə yaraşırlar, bir almanın iki üzü kimidirlər. Oğlanın maşını, deyilənə görə Bakıda evi də var”.
Tural düşüncələr aləmindən ayrıla bilmirdi: “Bizim rayonun qızları Bakıda yaşamağa meyilli olurlar. Yazıqlar rayon yerlərində səhərdən qaş qaralana kimi o qədər işləyirlər ki, gəncliyinin necə gəlib keçdiyindən xəbərləri olmur. Ağ atlı oğlanları şəhərdən gələcəyi ümidi ilə yaşadıqca ömür-gün keçir. Qarşılarına çıxan ütülü şəhərli oğlana bənd olub seçimsiz-filansız ərə gedirlər. Qəsəbəmizdən üzaq şəhərlərdə yaşayan qızlar yaman çoxalıb. Əvvəllər oğlanlar işin-gücün azlığından kəndlərdən qaçıb Rusiyanın ucqar çöllərinə işləməyə gedirdilər. Elə orada da rus Nataşalarına ilişib ailə qurar, doğmalarından xəbərsiz ömür çürüdərdilər. Ömür keçəndən sonra Nataşalar bizim oğlanları bəyənməzdilər.
“Qızım şəhərdə yaşayır” sevincli ata-analar həmişə qızlarının ağ günə çıxdığını, xoşbəxt olduğunu ağızdolusu danışardılar. Qız valideynləri qapılarını döyən elçilərə ilk sualları bu olurdu ki, oğlan şəhərdəmi yaşayır? Daha soruşmurdular ki, şəhərdə neyləyir, nə peşə, sənətin sahibidir, oğlanla qızın xasiyyətləri düz gələcəkmi?
Tural kimdir? Atası, anası, qardaş-bacısı olmayan, nənə himayəsində böyüyən yetimin biri. Yəqin o oğlanın ata-anası imkanlıdır, Laləyə çoxlu qiymətli daş-qaş alacaqlar. Lalə də hər dəfə şəhərdən qəsəbəyə gələndə doğduğu gözəl-göyçək uşaqları ilə qəsəbənin mərkəzinə çıxacaq, mən də Laləni görəndə içim qan ağlayacaq. Kaş, onu sevməyəydim. Ehh… Sevgi sifarişlə olsaydı nə vardı ki… Sevgi özü gəlib sevənin yaxasından zəli kimi yapışır.
Başımı aşağı salıb kasıbçılığımı yaşayırdım. Yatsam yuxuda da görməzdim ki, müəllim ailəsində böyüyən Laləni sevəcəyəm. Bir də ayılıb gördüm ki, eşq atəşində yanıram. Yazıq nənəm qohum-qonşudan eşidib biləndə ki, Laləyə aşiq olmuşam, qız da mənə biganə deyil, sevinmişdi. Əsgərliyə gəlməmişdən bir neçə gün öncə mənə dedi:
-A bala, eşitmişəm Ərşad müəllimin qızına vurulmusan, gəlsənə o qızın başına bir yaylıq bağlayaq ki, elçi düşən olmasın. Bilsinlər ki, qız əmanətdir, yəni qızın gözləyəni var.
Mən yarızarafat, yarıgerçək nənəmin sözlərinə güldüm:
-Bikar qalmısan, nənə. Sən deyənlər qaldı keçmişdə. Biz əhd-peyman bağlamışıq, bir-birimizə söz vermişuk.
-Təki sən deyən olsun, ay bala, – nənəm gülümsəmiş, sevincdən qol-qanad açmışdı.
Laləyə elə inanmışdım ki, heç vaxt onun xəyanət edəcəyi ağlıma gəlməzdi. Lalənin anası ilə nənəm çəpərdibi söhbət edəndə Gülbahar xala qəti bildirmişdi ki, Tural əsgərliyə arxayın getsin, Lalə ilə Turalın ulduzları elə barışıb ki, onları heç kim və heç nə ayıra bilməz. Eh, Lalə, Lalə! Qəlbimə sağalmaz dağ çəkdin…”
***
Tural məktubu göndərdiyi vaxtdan günlər, həftələr ötmüş, ay başa çatmağa az qalmışdı. İndi əvvəlkindən daha çox darıxırdı. Niyəsə vida məktubundan sonra günləri, həftələri deyil, saatları, dəqiqələri sayırdı. Laləyə vida məktubu yazdığı üçün hərdən özünü qınayırdı…
Səhərdən təlim mərkəzində müxtəlif çaplı silahlardan istifadə etmək qaydalarını öyrənən bölük bir az əvvəl yorğun qayıtmış, qısa istirahətdən sonra nahara getmək üçün hərbi hissənin meydançasında sıraya düzülmüşdü. Növbətçi əsgərlərə gələn məktubları paylayırdı, Turala məktub verəndə gözünün içinə baxıb gülümsədi. Tural məktubu alan kimi əlləri özündən asılı olmayaraq titrəməyə başladı. Elə bil zərfin içinə enerji buraxmışdılar. Maqnit kimi Turalı özünə çəkirdi. Az qalırdı zərf insan kimi dil açıb danışsın, qışqırsın ki, “nəyi gözləyirsən, məni tez oxu!” Dostlarından ona altdan-altdan baxanları, dodaqaltı qımışanları da görürdü. Ancaq onun məktub almasını təbrik etməyə əsgər yoldaşları çəkinir, heç nə demirdilər. Həyəcandan Turalın pörtdüyünü görməmək mümkün deyildi. Zərfin üstündəki yazını görən kimi Lalənin xəttini tanıdı. Zərfin içindəki vərəqdə yazılanlardan xəbərsiz olsa da dodaqlarına qonan təbəssüm çox şeydən xəbər verirdi, sevincdən gözləri dolmuşdu. Pıçıltılarını ancaq özü eşidirdi: “nə gözəl xəbər oldu, gördüyüm yuxu bu imiş”.
Dünən gecə gördüyü yuxunu məşhur yuxuyozanlar kimi, yaddaşında çözələdi: “Qəsəbənin yuxarısındakı “Lalə düzü” lalələrdən qırmızı rəngə boyanmışdı. Tural ağ atın tərkində gəlib çıxmışdı “Lalə düzü”nə. Atdan düşüb lalələrdən bir qom yığdı. Laləliyin o başında gəlinlik libasında Lalə ona əl edirdi. Tural ona tərəf getdikcə, Lalə ondan uzaqlaşırdı. Lalə gedib bir komanın qapalağı ağzında dayanıb Turala əl edir, şirin səsiylə onu çağırırdı:
-Hayıfdı, niyə lalələri dərib al-qana boyadın. Sənin Lalən mənəm, gəl məni dər. Bu kasıb komamızda çiçək balalar dünyaya gətirək, – söyləyib komaya girdi.
Tural qaça-qaça onun ardınca komaya girsə də Laləni axtarıb tapa bilmədi…
Yuxudan hövlnak oyanan Tural xeyli vaxt özünə gəlmədi….
Sən demə Lalədən məktub alacaqmış. Fərqinə varmırdı məktubda Lalə nə yazıb. Ən vacibi odur ki, ona cavab yazıb, bu ona bəs edər. Sağ olsun Klimenko, onun tövsiyəsi öz bəhrəsini verdi.
Əlindəki zərfi uşaq oyuncaq oynadırmış kimi bir neçə dəfə o üz-bu üzə çevirib baxdı, gördüyünə inana bilmirdi. Əgər yoldaşları yan-yörəsində olmasaydı, bu cansız zərfi dönə-dönə öpər, bağrına basardı.
Lalənin xətti də özü kimi gözəl idi. Zərfin ünvan yazılan üzündə hərflər gözəl xətlə muncuq kimi düzülmüşdü. Həmişəki kimi məktub yenə qırmızı qələmlə yazılmışdı.
Starşina Klimenkonun gur səsi onu xəyallardan ayırdı: “Bölük, farağat! Sağa dön! Sol çiyin üstə addımla marş! Bölüyün mahnısını oxuya-oxuya yeməkxanaya doğru!”. Bölük “Üç tankçı” mahnısını oxuya-oxuya meydançadan üzü yeməkxanaya addımlayırdı. Mahnının gur sədaları ucsuz-bucaqsız Tayqa meşəsinə yayılırdı.
Əsgər yeməkxanasında hamının başı yeməyə qarışmışdı. Tural da yeyirdi, ancaq hara, niyə, necə yeyirdi, xəbəri yox idi. Əlini çörəyə, boşqaba, qaşığa uzatsa da, fikri döş cibində – ürəyinin üstünə qoyduğu məktubdaydı. Tez-tez əlini döş cibinə toxundurub yoxlayırdı ki, məktub yerindədirmi. Məktubu tez oxumaq istəyi ilə alışıb-yanırdı.
Başında bir sual dolaşırdı – məktubu harada oxusun. Tapdı. Nahardan sonra bölüyün qısa istirahəti zamanı fürsət tapıb tez ora cumdu – ağcaqayının kölgəsinə. Kürəyini ağacın iri gövdəsinə söykəyib zərfi döş cibindən çıxardı, bir məktuba, bir də ağacın gövdəsinə yazdığı “Lalə” sözünə baxdı, “Lalə” sözü də sevincək ona baxırdı. Məktub onun sinəsindəki tərdən bir azca yaş olmuşdu.
Həyəcandan az qalırdı ürəyi yerindən çıxsın. Zərfi açdı. Elə həmin andaca burnuna xoş ətir dəydi – həmişə sevə-sevə qoxladığı kəklikotu ətri. Qəsəbələrinin üst tərəfindəki “Quş qayası” dağının ətəklərindəki kəklikotunun ətrini anındaca tanıdı. Qəsəbə əhli kəklikotu, qantəpər, quzuqulağı, şomu, əvəlik, şəfaverici dərman bitkiləri yığmağa “Quş qayası”na gedərdilər. Biz tərəflərdə belə bir rəvayət var: Bir Bilici baba adında loğman istənilən xəstəliyi müalicə edirmiş. “Quş qayası”nda bitən otlardan müxtəlif məlhəmlər hazırlayarmış.
Kəklikotunun yarpaqları, çiçəkləri qurusa da ətri hələ də zərfin içində qalmışdı. Tural bu xoş ətri ciyərlərinə çəkdikcə özünü doğma yerlərdə hiss etdi, torpağın ətrini duydu: “yaxşı oldu, kəklikotunu dəmləyərəm, özüm də içərəm, Klimenko da, əsgər yoldaşlarıma da verərəm.
Zərfin içində Lalənin şagird dəftərinin qoşa vərəqinə yazdığı məktub və şəkli vardı. Qeyri-ixtiyari dodaqlarını şəklə yapışdırıb öpdü, elə bil ki, susuzluqdan cadar-cadar olmuş dodaqlarına həyat suyu, şirinlik, hərarət axdı, çoxdan Turalın üzünə həsrət qalmış təbəssüm əvvəlki yerinə qondu.
Məktubu birnəfəsə oxudu:
“Günaydın, əzizim, mənim küsəyənim. Çoxdandı səndən məktub almırdım. Fikirləşirdim ki, hərbi təlimə getmisiniz, məktub yazmağa imkanın yoxdu. Buna baxmayaraq hər gün poçtalyon Abbas dayının qarşısını kəsib soruşurdum ki, mənə məktub gəlibmi? Hərdən də beynimə qara-qura fikirlər gəlirdi. Deyirdim bəlkə rus gözəlçələrinə başın qarışdığından mən yadından çıxmışam. Sən demə, mənim haqqımda pis və yalan xəbər aldığından küsübmüşsən. Qoy deyim, ürəyin yerinə gəlsin, sənin şübhələndiyin oğlan mənim ögey qardaşımdı. Təəssüf… Mənsə darıxa-darıxa özümə təsəlli verir, özümü ovudurdum. Məktubda yazdıqlarını həyəcanla oxudum. Sənin ürək döyüntülərini duydum, narahatlığını yaşadım. Əzizim, əsgəri xidmətinin tez başa çatmasını elə arzulayıram və gözləyirəm ki. Sənsiz keçən günləri, ayları ömürdən saymıram. Həm də fikirləşirəm ki, bu həsrət, ayrılıq bizi daha da doğmalaşdırır. Axı şair demişkən, darıxmaq sevməkdi, Məhəbbət hər zaman uzaqlıq sevib. Deyirlər, əsgərlik kişilik məktəbidir. Sən Sibir soyuğunda mətinləşirsən. Yolunu gözləyirəm. Elə arzulayıram qovuşacağımız günü. Yadında saxla, demişəm, sən mənim kişimsən”…
Tural məktubu dönə-dönə oxuyurdu, oxuduqca da özünü qınayırdı. Cavab məktubuna ad da qoydu: “Acı suallara şirin cavablar”. Dərindən köks ötürdü. Gözləri nəmləndi. Bu göz yaşları nə qədər turşməzə olsa da, bir o qədər də sevgi kimi şipşirin idi. “Demək o üç sözü hələ də mənə deyir: “sən mənim kişimsən”. Qürurlanıb gülümsədi. Yenə xatirələr burulğanında şirin xəyalları şahə qalxdı: “Lalə ilə bir sinifdə oxuyurdu, çox dəcəl qız idi, yetənə yetirdi, yetməyənə daş atırdı. Atası onu oğlan təbiətli böyütmüşdü, ən çox da oğlanlarla dava edirdi. Atası Ərşad müəllim məktəbin direktoru olduğundan məktəbin ərköyünü kimi ad çıxarmışdı. Onun sözünün üstünə söz demək olmazdı. Səkkizinci sinifdə oxuyanda bir gün Turalın dostunu nədən ötrüsə sinif yoldaşlarının yanında döymüşdü. Həmin vaxt Tural məktəbin idman meydançasında yuxarı siniflərin şagirdləri ilə futbol oynadığından hadisədən xəbəri olmayıb. Dostunu döyüldüyünü biləndə hirslənmiş, elə sinif yoldaşlarının yanındaca Laləyə şillə vurmuşdu. Lalə Turalın bu hərəkətini çaşqınlıqla qarşılasa da, deməyə söz tapmayıb sonda əsəbiliklə: “sən kimsən, kişimsən, məni vurursan?” – qışqırmaqdan başqa çarə tapmayıb üzünü çevirib getmişdi. O gündən Lalə bir daha heç kimlə dava etmədi, hamıyla mehriban davrandı, dəcəlliyi yoxa çıxdı, ağır oturub batman gəzdi. Sonralar “sən mənim kişimsən” sözləri bir dəfə də təkrar olundu. Onda artıq Lalə ilə Tural bir-birini sevirdilər. Tural əsgərliyə gedən günün əvvəlki gecəsi onlar Turalgilin bağında alma ağacının altında görüşdülər. Lalə başını Turalın sinəsinə qoyub xısın-xısın ağlamış, qulağına pıçıldamışdı: “İki il necə dözəcəyəm, mənim kişim?”. İndi yenə məktubunda “sən mənim kişimsən” yazıb”.
Tural həmin gecə çox rahat yatdı. Məktub onun qəlbindəki çətin açılan düyünləri açmış, gərginliyi silib-süpürmüş, inamını özünə qaytarmışdı.
Səhəri gün bölük avtomat silahdan atəş açmaq üçün təlim mərkəzindəki poliqona getdi. Tural beş güllə ilə əlli mümkün xaldan qırx səkkiz xal toplayıb birincilik qazandı. Gizir Klimenko bunu heyranlıqla qarşılasa da Turalın əlaçı əsgər olduğu günlər yadına düşüb sakitləşdi, yanına çağırıb təbrik etdi. Turalın üzündə xoşbəxtlik işığının bərq vurduğunu, qara gözlərinin sevincdən alışıb-yandığını təcrübəli gizir görməyə bilməzdi.
Aralarındakı yaş fərqini, komandir, əsgər sərhəddini bir kənara qoyub köhnə dostlar kimi danışırdılar. Söhbətin şirin yerində Tural döş cibindən çıxardığı məktubu Klimenkoya uzatdı. Klimenko məktubu əlinə götürüb o üzə, bu üzə çevirib içərisindəki şəklə baxdı:
-Ohoo, sənin Lalən budurmu?
-Yoldaş gizir, sevgilimdən gələn məktubdu. Sizin məsləhət və tövsiyələriniz işə yaradı, çox sağ olun, – deyərək gülümsər baxışlarıyla Klimenkoya minnətadarlığını bildirdi.
Klimenko, – əsl Şərq mələyidir, – söyləyib sözünə ara verdi, – bəs nə yazır, barışdınızmı, o oğlan kim idi?
Tural sıxıla-sıxıla sözünə davam etdi:
-Yoldaş gizir, həmin oğlan Lalənin ögey qardaşıdır. Lalənin atası Ərşad müəllimin cavanlıq səhvindən doğulub.
-Ohoo, maraqlıdır. Ucundan-qulağından danışa bilərsən?
-Ərşad müəllim Bakıda Pedaqoji İnstitutda qiyabi təhsil ala-ala qəsəbəmizdəki məktəbdə müəllim işləyirmiş. İldə iki dəfə semestr imtahanlarına gedəndə bir ay müddətində tələbə yoldaşı Təranəgildə kirayənişin olurmuş. Təranənin qəlbində Ərşada qarşı sevgi oyanır, Ərşad da ona biganə deyilmiş. Günlərin bir günü Təranə ilə Ərşad şəhvət hisslərini cilovlaya bilməyib sevgi macərası yaşayırlar. Gizli sevginin nəticəsində bir oğlan uşağı dünyaya gəlir. Elə həmin vədələr Ərşad müəllimin valideynləri onu zorla əmisi qızı ilə evləndirirlər. Atası ilə aralarında qalın pərdə olan Ərşad Bakıda oğlu olduğunu deyə bilmir. Təranə Ərşadın evləndiyindən xəbər tutandan sonra “düz elədin, onsuz da mənim ömrümə az qalıb. Sevgimizin yadigarı oğlumuz mənə bəs edər”, – deyib kövrələrək köks ötürür. Ərşad müəllim nə illah eləyirsə Təranə dərdini dilə gətirmir. Növbəti semestrdə Bakıya gələn Ərşad müəllim Təranənin xərçəng xəstəliyindən dünyasını dəyişdiyini eşidib üzülür. Onun qəbrini ziyarət edib önündə baş əyir: “Sənin necə böyük ürəyin varmış, Təranə”.
Təranə işıqlı dünyasını zülmət aləmə dəyişməmişdən əvvəl oğlunu uşaq evinə verir ki, Ərşad ailəsində problemlər yaşamasın. Ərşad müəllim ha istəsə də oğluna sahib dursun, ancaq cürəti çatmır oğlunu uşaq evindən alıb ailəsinin yanına gətirsin. Düşünür ki, müəllim adına xələl gələr, el-oba tənəsi ağır şeydi. Bakıya gələndən-gələnə uşaq evinə gedər, oğlu ilə görüşərmiş.
Beləcə, illər ötür…
Allahin cəzasıdırmı, nədirsə, Ərşad müəllim əmisi qızı ilə evliliklərindən bircə uşaq dünyaya gəlir ki, o da Lalədir. Qadın neçə dəfə hamilə qalsa da, bətnindəki döl inkişaf etmir, tələf olur. Həkimlər bunu qan qohumluğu ilə bağlayırlar, həm də qan qrupları eyniymiş. Lalə də qardaş-bacısız böyüyür, başqa uşaqların çoxlu qardaş-bacılarının olduğunu görüb xiffət keçirir. Ərşad müəllim də qızını oğlansayaq böyüdür.
Bir gün Bakıdan Ərşad müəllimin ünvanına məktub gəlir. Məktubu alan arvadı göndərilən ünvanın uşaq evi olduğunu görəndə qəlbinə min cür fikirlər dolur. Ərini gözləməyə səbri çatmayıb məktubu açır. Beləcə Ərşad müəllimin illərlə gizli saxladığı sirri faş olur. İnsafən həyat yoldaşı da bu xəbəri hay-küylə qarşılamır. Uşağın anasının cavan ölməsi onu kədərləndirir, uşağa qarşı qəlbində mərhəmət hissi oyanır. Hətta bir neçə dəfə əriylə Bakıya gəlir, uşağa baş çəkir, ona mehri-məhəbbəti yaranır, birlikdə gəzintiyə çıxır, bir gecə də özləriylə saxlayırlar. Qadın həmin gecə uşaqla bir yorğan-döşəkdə yatır, səhər durub ərinə, – əmioğlu, onu bu gecə bətnimdən keçirdim, doğma oğluma çevirdim. Qızımıza qardaşdır, ona da analıq etmək borcumdur, – deyərək Ərşad müəllimin bütün nigaranlıqlarına son qoyur.
Klimenkonun səbri çatmır:
-Bəs sən bunları haradan bilirsən, sevgilin məktubda yazıb?
-Yox, bunları Lalə mənə çoxdan danışıb. Lalənin qardaşı uşaq evindəki məktəbi “əla” qiymətlərlə bitirir, Politexnik İnstitutda təhsil alır. Dostumun oğlanın mühəndis olmasını yazması düz deyilmiş, hələ tələbədir. Keçən yay qəsəbəyə gəlib yay tətili günlərini qardaş-bacı bir yerdə keçiriblər. Dostum da bunları dəqiq bilmədiyindən elə zənn edir ki, onlar sevgilidirlər. Lalə məktub yazmasaydı, həmin oğlanın kim olduğunu mən də bilməyəcəkdim. Lalə həmişə şəhərdə yaşayan qardaşından qürurla danışar, onu görməyi arzulayardı.
Klimenkonun qaşları çatıldı. Lalənin qardaşının taleyinə acıdı:
-Nə yaxşı ki, atası onu atmayıb. Qadına da əhsən ki, doğma balası kimi sevir onu. Deyirlər ki, ögey analar daşürəkli, əzazil olur. Görürsən, belə ögey analar da var, – Klimenko Lalənin şəklinə yenidən baxdı, – gözlərindən ağıllı qıza oxşayır, – dedi.
-Hə, bizim qızlar sevdiklərinə həmişə vəfalı olurlar.
-Bilirəm, bəs bura nə yazıb? – şəklin arasında yazılan sözləri anlamadığına görə soruşdu:
-Yoldaş gizir, yazır ki, “səni gözləyirəm, əsgər”.
-Tərcümə elə, nə deməkdir?
-Jdu tebe, soldat…
Təlimdən sonra Tural Lalənin göndərdiyi kəklikotundan dəmləyib bir fincan Klimenkonun kabinetinə apardı:
-Yoldaş gizir, kəklikotu çayıdır, Lalə məktubda göndərib. Bizim yerlərdə bitən şəfaverici yabanı otdur.
Kəklikotunun ətri Klimenkonun otağına dolmuşdu. Buğlanan çaydan starşina bir neçə qurtum içib “bəh-bəh” dedi…
MÜƏLLİF: AYAZ İMRANOĞLU
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru