Qoçuluq XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. İri neft maqnatları var-dövlətlərini mühafizə etmək üçün qoçuların imkanlarından istifadə edirdilər. Bəzi məlumatlara görə, Nobel qardaşları da özlərini və əmlaklarını qorumaq üçün silahlı qoçu dəstələrindən istifadə ediblər. Bu da həmin dövrdə varlıların polislərə bir o qədər güvənməmələri ilə bağlı idi. Onlar qoçulara həm arxalanır və həm də onlardan çəkinərdilər. Yalnız Murtuza Muxtarov xaric. Çünki o qoçuların qənimi idi. Onun bir qoçunun başına açdığı oyun bütün qoçular üçün həmişəlik dərs olmuşdu. Bəlkə buna görə idi ki, camaat onu “Qoçular Qoçusu” adlandırırdı.
“O olmasın, bu olsun” filmində Üzeyir Hacıbəyli qoçu Əsgərin timsalında qoçunun tipik formasını tam şəkildə göstərməyi bacarıb. Kinoda nümayiş olunduğu kimi, o dövrdə qoçular o dərəcədə harınlamışdılar ki, küçədə çəkinmədən insanları təhqir edir, alçaldır, mauzerləri ilə məzlum insanlara atəş açır, onları qorxu altında saxlamağa çalışır. Bəzən isə tam əksinə, o qədər qorxaq olurdular ki, polis görəndə qaçıb gizlənir, mübahisələri kəsib susurdular.
Bakı qoçularını iki qrupa bölmək olardı. Birinci qrup qoçular həm varlı, həmdə hədsiz qəddar idilər. Belələrinə məşhur qoçu Nəcəfqulunu, Teymur bəy Aşurbəyovu, Kəblə Hacı Balanı, Ağa Kərimi, novxanalı Məşədi Hacı oğlunu, Şiruyəni, kürdxanalı Adili, Malbaş Yusifi və başqalarını göstərmək olar. Bunlar bəzən boş bir şeyin üstündə günün günorta vaxtı şəhərin küçələrində atışmağa başlardılar. Məsələn, Novxanalı qoçu Məşədi Hacı oğlu günün günorta vaxtı şəhərin adlı-sanlı ruhani atası Axund Molla Ruhullanın mənzilinə girərək, onu namaz qıldığı yerdə öldürmüşdü. Bu hadisə 1912-ci il yanvar ayında olmuş və bütün şəhər əhlini ayağa qaldırmışdı. Başqa belə bir hadisə 1918-ci il yanvarın 15-də qoçu Nəcəfqulu ilə Teymur bəy Aşurbəyov arasında olmuşdu. Bu atışma zamanı qorodovoylar qorxularından özlərini bilməməzliyə qoyub, daldey küçələrə çəkilmişdilər. Atışma yalnız Aşurbəyov sinəsindən yaralanandan sonra kəsilmişdi. Küçələrdə isə neçə nəfərin qana bulanmış meyiti qalmışdı. Bundan əlavə adam oğurlamaq da bu qrupa daxil olan qoçular arasında dəb düşmüşdü. Pula ehtiyacları olan zaman şəhərin varlılarını və ya övladlarını tez-tez oğurlayır, külli pul aldıqdan sonra onları buraxırdılar. Hətta milyonçu Musa Nağıyev də iki dəfə oğurlanmışdı. Onun oğurlanması təsadüfi deyildi. Nağıyev xəsis olduğu üçün qoçu saxlamazdı. Qoçular da bundan xəbərdardılar və buna görə də fürsət axtarıb, onu oğurlayırdılar. Nağıyevi ikinci dəfə oğurlayanlarsa, Stalinin adamları idi. Partiya xəzinəsi boşaldığı üçün bolşeviklər belə bir tədbirə əl atmışdılar. Məhəmməd Əmin Rəsulzadə «Stalinlə ixtilal xatirələri» kitabında bu əhvalatdan danışaraq, yazırdı: “…quldur dəstələri zənginləri təhdid edərək para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulun müqabilində buraxır, çox zaman böyük firmalara göndərdikləri təhdid məktubları ilə bunları xəraca bağlayırdılar.
İkinci qrup qoçular isə daha çox icraçı idilər. Bunlar adlı-sanlı qoçuların həndəvərində dolaşan buyruq qulları idilər. Bazar bütün günü belə qoçularla dolu olardı. Başlarına çal papaq qoyar, ayaqlarına bir qayda olaraq, uzunboğaz çəkmə geyər, şalvarlarının balaqlarını da çəkmənin içinə salardılar. Bellərinə pencəyin altından gümüş belbağı bağlardılar. Bığları da həmişə yağlı və burum- burum olardı.
Əlbəttə, qoçuluq Bakının ictimai həyatında qara ləkə idi. Lakin qoçuların üzərinə pis bir qüvvə kimi tamam xətt çəkmək də düzgün olmazdı. Çünki ağır faciəli günlərdə qoçular həmişə xalqın köməyinə çatmışdılar. Əlabbas Müznib “Bakıda millət müharibəsi” adlı yazısında 1918-ci il mart soyqırımı zamanı özünümüdafiə dəstələrinə rəhbərlik edən bəzi qoçuların adlarını çəkərək yazırdı: “Düşmənlər Kərpicbasana çəkilmişdilər. Qayət, qırğın bir hal kəsb edən bugünkü davada şəhər atıcılarından Nəcəfqulu Rzaqulu oğlu, Məhəmmədli kəndindən Şiruyə, novxanılı Məhəmməd Hüseyn öz dəstələrilə iştirak edirdi. Əsir türk zabitləri də onların yardımına bulunurdu. Axşamüstü müsəlmanlara məşğətlilərlə (maştağalılar ) kürdəxanılılar köməyə gəlmişdilər. Kürdəxanılıların başında məşhur Qaçaq Adil duruyordu”. [bax: “Azərbaycan Xalq Cümhuriyyəti – 80”. Sənədlər və mənbələr toplusu. Bakı, 1998., s. 50]. Hətta özünümüdafiə dəstələrinə başçılıq edənlərin çoxunun bu hadisədən əvvəl düşmənçilik münasibətlərinin olmasına baxmayaraq, onlar Bakının türk-müsəlman əhalisini xilas etmək üçün birləşdilər. Bununla bağlı olaraq, Nəcəfqulu Rzaqulu oğlunun (Qoçu Nəcəfqulunun) nəvəsi Nailə Rzayeva tərtib etdiyi “Qoçu Nəcəfqulu” haqqında (Bakı, 2008) kitabda yazır : “Həmin gün Bakının və bakılıların taleyi həll olunurdu. Və tarixin bu acı dönəmində bütün yükün ağırlığı el arasında heç də həmişə müsbət qarşılanmayan qoçuların çiyninə düşmüşdü. Səhərə yaxın sursat tükənmək üzrə idi. Nəcəfqulu son və qəti sıçrayışa hazır idi. Elə bu zaman çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyovun onlara çatdırdığı patronlar camaatın qanının arasına yaman girdi. Küçənin hər iki tərəfində ölənlərin sayı-hesabı yox idi. Qoçu Nəcəfqulu özü bir neçə yerdən güllə yarası almışdı. Amma anası Güldəstə namaz üstəymiş deyə, yaraları o qədər də ağır deyilmiş” .
Düşmənə qarşı öz dəstəsi ilə Qoşa qala qapısı ətrafında vuruşan qoçulardan biri də Məşədi Hilal Kazımov olmuşdur. Bu hadisələrdən 1 il sonra onun ö z dilindən dedikləri, Əlabbas Müznibin redaktorluğu ilə 1915-1916-cı illərdə nəşr olunmuş “Babayi-əmir” satirik jurnalının 15-ci sayına aid 4 eyni 5-ci səhifənin ağ qalmış arxa tərəfində köçürülmüş və orada belə qeyd olunmuşdur: Məşədi Hilal Kazımov hadisə baş verən anda silahını (Avstriya mauzerini) götürüb küçəyə çıxır və Müsavatın firqə idarəsinə gəlir. Burada ona Nikolayevski (Parlaman) küçəsində mövqe tutub düşmənin qarşısını almağı tapşırırlar. O gün axşamüstü saat 5-dən səhəri gün saat 4-dək dəstəsilə düşmənin hücumlarının qarşısını alır. Sonra ailəsindən xəbər tutmaq üçün döyüş yoldaşlarından izin alıb evə gedir. Geri dönərkən ermənilərin “Açıq söz” qəzeti redaksiyasına qədər irəlilədiyini və səngərdə duranlardan bir neçəsinin geri qaçdığını görüb deyir: “Nərəyə qaçırsınız? Bundan böylə evinizdə olsanız sizi öldürəcəklər. Qaçmaq degil, müdafiə vəqtidir. Halbuki, o adamlar daima “bənəm-bənəm” deyüb dalaşan adamlardandı”. Düşmənlə iki saat vuruşda döyüş yoldaşlarından Aslan, daha sonra Mehdi həlak olur. Düşmənin qat-qat üstün olmasına baxmayaraq, onların İçərişəhərə daxil olmasına imkan vermirlər. Məşədi Hilal nökəri Kərbəlayi Səfərə döyüşün ən gərgin anında geri getməsini bildirir: “Kərbəlayi Səfər, neçün durmuşsan, get! Artıq mən buradan çıxacaq deyiləm”. Bu zaman üç tərəfdən düşmən ara vermədən atəş açdığı vaxt Kərbəlayi Səfər: “Hərgiz mən səni böylə mövqedə yalqız buraxıb, namussuzlar kimi gedəməm” deyir. Döyüşün ən ağır məqamında Qoçu Əlabbas Babayevin qardaşı Kərbəlayi Əbdülhəmid gəlib çıxır və Məşədi Hilal ondan yardım istəyir. Çox çəkmir ki, o, iki türk əsgər, iki şahsevən, iki şağanlı və bir neçə nəfər içərişəhərlilərdən toplayıb gətirir. Nəhayət, mətnin sonunda Məşədi Hilal bildirir: “Axşama qədər müdafiədə bulunduq. Düşməni sükuta məcbur etdik. Onların mənəviyyatını tamamilə qırdıq. Artıq atışmaya cəsarət edəmədilər”.
Digər bir hadisə Bakı sakini Dadaş Rzazadənin dilindən adı bəlli olmayan digər bir katib tərəfindən qələmə alınmışdır. Mətində söyləyici qanlı hadisənin eyni vaxtda – “1918-ci sənədə mart ayının 18-də axşam saat 5 radələrində” şəhərin başqa bir məhəlləsində başlandığını qeyd edir. Döyüşlər şəhərin hal-hazırkı Beşmərtəbə adlanan ərazisində baş verir. Dadaş Rzazadənin dediyindən belə məlum olur ki, şəhərin müsəlman əhalisi, o cümlədən, Dadaş Rzazadənin özü də həmin anda atışmanı kimin başladığından xəbərsiz olurlar. Əvvəl belə başa düşürlər ki, “bolşeviklərlə müsəlmanların davası başlamışdır”. Dadaş Rzazadə daha sonra söyləyir: “Bir qədər atışdıqdan sonra düşmənlərin bolşeviklər deyil, ermənilər olduğunu bildik” .
O, Mixaylov xəstəxananın yaxınlığında dostu Əlixanla mövqe tutub döyüşü davam etdirir. Dadaş Rzazadə vəziyyətin çox təhlükəli olduğunu görüb silahdaşı Əlixana ailəsini götürüb oradan uzaqlaşmağı təklif edir. Əlixan cavabında: “Mən səni tək qoyub gedə bilmərəm. Əgər düşmənlər bizə qalib gəlsələr, əvvəl ailəmi, sonra da özümüzü öldürərlər. Mən səndən ayrılası deyiləm, ölsən, mən də ölləm, qalsan, mən də qallam”, deyir. Onlar üç gün-üç gecə vuruşurlar. Üçüncü gün tərəflər martın 21-də axşamüstü barışığa razılaşırlar.
Dadaş Rzazadə mart hadisələrindən sonra da düşmənlə döyüşü davam etdirir. Əvvəlcə bir müddət Novxanıda qalıb qanlı mart günlərində aldığı yaralarını müalicə etdirir. Burada eşidir ki, ermənilər Quba yolunda müsəlman kəndlərini qarət edirlər, on beş nəfər adam götürüb yolları erməni quldurlarından təmizləyə-təmizləyə Dəvəçiyə gəlib çıxır, Dəvəçidən sonra isə Şamaxıya yollanır. Burada Bakıya qayıtması ilə əlaqədar məktub alıb yola düşür. Bakıya gəlib 4-5 gün keçdikdən sonra bir gecə üç atlı – kürdəxanılı Qaçaq Adil, Mövsüm Səlimov və daha bir nəfərlə görüşüb, oradan Mərəzəyə getməyi təklif edirlər. O, Mərəzəyə gəlir və sonra Müsavatın liderlərindən Məhəmmədhəsən Hacınski, Abbasqulu Kazımzadə və qeyriləri ilə birlikdə Qobuya gəlirlər.
Bir sözlə desək, 1918-ci ilin mart hadisələri zamanı nizami döyüş dəstələri, lazımi qədər silah-sursatı olmayan, köməksiz qalmış azərbaycanlıların müdafiəsi uğrunda gedən döyüşlərdə qoçular əvəzsiz xidmətləri olmuşdur. Hər nə qədər zəif, gücsüz insanları qorxudub, mallarını əllərindən alaraq onları incitsələr də, təhlükəli məqamlarda Azərbaycan xalqını qorumağa çalışmış və arxasında olmuşlar. Azğınlaşmış erməni dəstələri onların üzərinə hücuma keçən zaman canları və qanları bahasına onların müdafiəsinə qalxmışlar.
MÜƏLLİF: ORXAN HÜSEYNOVQuba şəhərində “Soyqırımı Memorial Kompleksi”ninəməkdaşı.
BİR OVUC ÜMİD Bir şəhərlik məsafə, Bir nəfəslik ayrılıq, Geri dönməyən yollar… Qarşımdasa Mark Levi – Hələ “bir-birimizə deyilməyən sözlər” var… * * * Hələ saf duyğuların Tamam olmayıb ili. Hələ ayaq izimiz Kövrəltməyib sahili… * * * Cücərən hisslərindən Bir qucaq misra dərdim. Sən sevgi istəmişdin, Bağışla, ömrüm-günüm, Kasıbın olanından – Mən sənə şeir verdim… * * * Bu gecə də mənləsən, Gözlərimə qonaqsan, Üzlü qonaqlar kimi Dəvət də gözləmədən Ciyərimə keçirsən. * * * Bilirəm, qəhvəni tünd, Çayı soyuq içirsən. Nə hazırlayım sənə? Soyuq çay, isti şeir – De, hansını seçirsən? * * * Kükrədi boğuq səsin Yenə qulaqlarımda, Bu sərsəri ruhumu Çəkdi dərinliyinə. (Lənətə gələsən e, Gecə-gecə işlədin İliklərimə yenə…) * * * Yenə də dil bilməyən, Susmayan ağrıları Tapşırdım bu gecəyə. Adını zikr eyləyib Bir ovuc ümid içdim Sənsizlik keçsin deyə…
UNUTMAQ CƏHDİ Məndən nigaran olma, Birtəhər yaşayıram. Dağ boyda bir ağrını Ruhumda daşıyıram. * * * Sən ki mənə bələdsən, Tükənən deyil gücüm. Məndən böyük olsa da, Çiynimi əymir yüküm. * * * Daha gözüm asılmır Telefon ekranından. Cana ziyandır deyə Ayırmışam yanımdan. * * * Günü ötürmək üçün İş-güclə baş qatıram. Səhərlər gec oyanır, Axşamlar tez yatıram. * * * Beləcə, keçinirəm Günləri saya-saya. Verdiyin qəhəri də İçirəm doya-doya. * * * Fincanda çay soyuyur, Boşqabda donur yemək. Səni unutmaq üçün Hələ verirəm əmək. * * * Hələ səy göstərirəm Yaddan çıxasan deyə. Unuda bilmirəm ki… And olsun yerə, göyə… 16. 07. 2022.
AKSİOM Yığıb ağrılarımı ürəyimin çiyninə daşıyıram özümlə, Günahların iziylə sabaha çatmaq olmur. Sevgi adlanan yolun dönüşü yoxdur,ömrüm, Geri qayıtmaq olmur. Boğazımda ilişib qalan düyün kimisən, Səni nə udmaq olmur, səni nə atmaq olmur. Elə bir ağrısan ki, vallah, ovutmaq olmur… Səni unutmaq olmur… * * * Bilmirəm, gündə neçə məktub yazıb-silmişəm, Sayını unutmuşam, Ömrümü qayçılayan illərin həftəsini, ayını unutmuşam, Gözümdə mövsümlər də dəyişib öz rəngini, Fəsillərin qışını, yayını unutmuşam… Səni unutmaq olmur… * * * Elə ki şeirlərin ruhumu sığallayır, Yanına uçmaq üçün ruhum həvəsə düşür. Meh saçımı darayır, yarpaqlar pıçıldayır – qulağım səsə düşür, Xatirələr yolunu mənim yadımdan salır, Sənə gedən yolları yenə də kəsə düşür. Yanımda məhəbbətdən kimsə şeir söyləyir, kimsə mahnı oxuyur, Yadıma nəsə düşür… Səni unutmaq olmur… * * * Səndən sonra bütün gün elə qəhər içirəm, Çörək yadımdan çıxıb, yemək yadımdan çıxıb. İtirmişəm fərqini gecə ilə gündüzün, Səhər “Sabahın xeyir”, Gecəsə “Yuxun şirin” demək yadımdan çıxıb. Varlığımı bürüyüb “Sən” adlı bir təlatüm, Ruhum sənə yoluxub, sən olmuşam büsbütün. Yaddaşım zəif deyil, Sənlə bağlı hər nə var, Hər nə var, yadımdadır, Bircə səni unutmaq, demək, yadımdan çıxıb, Səni unutmaq olmur… * * * Səni unudacam e, dilimdən söz almısan, Amma bir az tələsib, bir azca tez almısan. Mən sevgi məktəbinin hələ ilk sinfindəyəm, Hələ həsrət bilmirəm, ayrılıq tanımıram. Sən ayrılıq dərsinin unutmaq mövzusundan həmişə “yüz” almısan! Afərin sənə, vallah! Qurban olum, sən allah, Öyrət, mənə də öyrət yolunu unutmağın. Axı unutmaq olmur, Sən necə bacarmısan? 17. 07. 2022.
CAVABSIZ SUALLAR Necəsən, mənsiz adam, Bəxtinə gün doğdumu? Məndən sonra başına Eşq yağışı yağdımı? * * * Ruhunu oxşamağa Bir şeir yazıldımı? Hansısa bir nəğməylə Dərd yükün azaldımı? * * * Məndən sonra bir kimsə Sənə məntək baxdımı? Saçlarını oxşayıb, Əllərini sıxdımı? * * * Hansı baxışla keçdi Bunca ağrı, bunca ah? Məndən sonra ömrünə Yaz gəldimi, sən allah? * * * Keçdimi həyatından Əlli qadın, yüz qadın? Bircəciyi oldumu Eşq ətirli söz qadın?
SƏNDƏN SONRA Səndən sonra açılmadı sabahlar, Gün işığı qaranlıqda boğuldu. Sığalını alıb getdi sazaqlar, Əllərimin istiliyi yox oldu. * * * Səndən sonra ruhuma da gəldi qış, Baxışlarım hərarətin soyundu. Gözlərimdən yağan odlu yağışda Kirpiklərim gecə-gündüz yuyundu. * * * Səndən sonra şeirlərim qəm yedi, Misralarım qonaq oldu qəhərə. Ayrılığa əsir düşdü gülüşüm, Dodağımda görünmədi bir kərə. * * * Səndən sonra sığışmadım evə də, Sıxdı məni bu divarlar, bu daşlar. Unutmağa bir dənə yol qoymadın. (Boşunaymış apardığım savaşlar…) Səndən sonra sızıldadı saçlarım, Hər telində ağrıları dinlədim. Xatirələr elə qatdı başımı, Səni yaddan çıxara da bilmədim… 15. 10. 2022.
QURBANLIQ ŞEİR Aramızda məsafələr uzandı, Tutunacaq ümidə yer qalmadı. Üşümək var axırında iyunun, “Darıxmaq”dır bu ağrının tək adı. * * * Ayrılığın vurduğu dərd çəkilməz, Ruhumdakı yaraların sayı yox. Söz vermişdik xoş günləri saymağa, İndi acı günümüzü sayırıq. * * * Həsrətinə dözmək olmur gecələr, Xatirələr ürəyimə dağ çəkir. Təbiət də yoxluğunu hiss edib, Yayın günü gözlərindən yaş tökür. * * * Barmaqlarım istiliyə tamarzı Əllərimi o sahildə sıxalı. Saçlarımın yaddaşına ilişib Nəfəsinin od-alovlu sığalı. * * * Sən gedəli söz inciyib dilimdən, Unutmuşam şeirdəki yerimi. Gəlişini neçə misra gözləyir, Gəl, yoluna qurban kəsim şeirimi. 27. 06. 22.
RUH ADAMI Həyatdan yorulanda Saçlarını küləyə, Köksünü şeirə aç. Ruh adamı, səninçün Darıxmağa yolların Əli yalın, könlü ac. * * * Yol yaxın, ömür uzaq, Hicranı ovutmağa Əllərin qucaq yeri, Kirpiklərin üstündə Bir arzu yandırmağa Nəfəsin ocaq yeri. * * * Baxışın gün işığı, Nəfəsin bahar yeli, İsidir bu çəməni. Saçlarından küsəndə Şeirimin xətrinə Sözə bağışla məni…
DİVARDAKI KÖLGƏLƏR Bir addım məsafədə qıvrılan lal baxışlar Çarmıxa çəkilirdi nəfəsinin odunda. Səhərin gözlərində hicranı ovutmağa Əllərin qucaq yeri göy üzünün çatında. * * * Ovuclarına sənin üç şeir pıçıldadım, Ruhumun əzaları titrədi dodağında. “Eşq” dediyin yanmaqdır bir qadın saçlarından Ayaq ucuna qədər sükutun ocağında. * * * Sol yanın gün işığı düşməyən tərəfində Əlim göyərçin kimi köksündə dən gəzirdi. Saçının sünbül eşqin zaman dəyirmanında Saatın əqrəbləri ovuc-ovuc əzirdi. * * * Ömrün laləzar vaxtı dil açır, ayaq açır Dəli, havalı könlün körpə, ərköyün nazı. Nəmli divarlar boyu kölgələr rəqs edəndə Çiynində çırpılırdı ötən bir ömrün tozu…
DƏRDİN YAŞ GECƏSİ Göy üzündə bir qərib ulduz darıxar yaman Saçlarını oxşayıb əllərini tutmağa. Qaranlıq gecələrin dərdli ay işığında Əlim göylərə çatmaz, ruhunu ovutmağa. * * * Ömrümün sabahında dan yeri ağarmamış Hicran yeli əsəndə yasəmən ətrin gəlir. Kirpiklərin dolanda, için qan ağlayanda Gözlərinin yaşını dodağından kim silir? * * * Nənəmin toxuduğu yun köynək təki ruhun Məni isti saxlayır soyuq qış gecəsində. Göy üzündə bir qərib darıxır yaman, Ayın buz nəfəsində, dərdin yaş gecəsində…
İKİ NƏFƏRLİK BİLET Taksinin arxa oturacağında pəncərədən çiləyirdi martın ilk yağışları, Susurdu dodağının altında, yanağında üşüyən bir neçə söz, Ruhumun tozunu ələyirdi gülüşünün can alan baxışları. * * * Sən evə tələsirdin… Tərslikdən də, yollar açıq idi, Küləklər də dağıdırdı saçlarını çiynimə, Gülümsədin yuxulu gözlərimə, Susdun… susdun… Başını qoydun sinəmə… * * * Və sonra… Qəfil “məni unut bu gecədə, bu yağışlarda” dedin, Bir yol arxana baxmadan getdin, Getdin, əllərimi sıxmadan getdin, Üşüdüm ovuclarında, bilmədin… * * * Gecələrdən ulduzlar sönməmiş, Gündüzlərdən günəş çəkilməmiş Nə olar, nə olar, hələ getmə, Bir az da qal… Bağışla yolların tozlu xatirəsinə, Yağışların kövrəlməsinə. Əgər gedirsənsə, bir düşün, uzaq sahillərə bir nəfərlik deyil, iki nəfərlik bilet al…
POZULAN SÜKUT Günəşin solduğu bir gündə ümidlər dalğalara çırpılırdı. Bir yelkənsiz gəmi kimi sovrulurdu ruhum Könlümün yaxası asılı qalmışdı bir kor düyündən. Gözüyaşlı qalmışdı arzular. Və… Sən gəldin, pozuldu sükut ömrü Bir yanımda sən, bir yanımda partlayışlar. Saatın əqrəbinə son nəfəsini tapışırırdı sükut. Bulanıq ömrüm sənlə durulurdu. Aydınlanırdı günəş soyuq dekabr səhərində. Varlığımın tam solundan bir sızıltı, bir üşütmə keçdi o anda. Sənə qədər kirpiklərim – ağrıların bulud ömrü… Gecələrə dirsəklənib mürgüləyən gözlərim gülüşündən bir ovuc səadət içdi. Yasəmən ətirli saçlarında uçurum dibində tutundum həyata. Elə gülümsədin ki, titrədi ruhum, əsdi əllərim. Yuxusu ərşə çəkilən arzularım bəlkə dizlərində bir yuxu yata. ¹Bir az yaxın gəl, bir az da yaxın. Qulağına pıçıldayım saçlarının nəfəsində: “Sənsizliyi alnımın qırışlarında daşıdım, Çatlamış dodaqlarımda yandı sənsizlik…”
AYRILIĞIN İLK GÜNÜ Bir axşamüstü ayrıldıq, Boğazımda soyuq qəhərə döndü gedişin. Təsəlli üçün son vida, son görüş olmadı. Bu evin hər küncündə yerin göründü, Nəmli divarlar boyu xatirələr kölgə kimi süründü, Həzin mahnılarda da açdığın boşluq dolmadı… * * * Otağım bir az dağınıq, pərdələr kirli, döşəməni toz alıb. Sən gedəli – depressiya… yuxu həbləri… Həkimlər deyir ki, tərgit siqareti, içmə qəti. Qorxma, ömrüm-günüm, Bir az rəngim saralıb… * * * Unuduram təqvimlərdə günlərin düzümünü, Dolub-boşalan külqabı çəkir içimin yanğısın. Bir yerdən sonra ağrıkəsicilər belə götürmür yoxluğunun küt ağrısın… * * * Bilirəm, yenə əlləri qoynunda pəncərə önündə dayanıb hardasa qayğımı çəkirsən – “Axırı necə olacaq bu axmağın?” Bu şəhərdə əlimin tərsiylə itələdiyim qadınlar var, Ayağının tozuna dəyməyən. Bir də… Ovuclarımda saçlarının xatirəsi var bir yığın… * * * Bilirəm, dönüşü yox bu ayrılığın, Amma nə vaxt gəlsən, qapım açıqdır, Aid olduğun yeri yaxşı bilirsən. Yenə də sızıldayır sümüklərim, Uyuşur barmaqlarım, Əsir dizlərim… Hələ də gözləyirəm… Gəlirsən?
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Norveç və Azərbaycan məktəblilərinin qoşulduğu “Vətən sevgisi!”adlı video görüş keçirilib.
Görüşün iştirakçıları Bakı şəhəri 220 saylı məktəb- liseyin müəlliməsi Xanım Qasımova və Norveçin Oslo şəhərindəki Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva və şair Zaur Ustac dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün həmrəyliyin vacib olduğunu vurğulayıb və onların birlik,vətənpərvərlik ideyası ətrafında birləşməsinin önəmli olduğunu bildiriblər. Sözügedən görüşdə hər iki məktəbin şagirdləri Azərbaycana, vətənə,bayrağa,həmrəyliyə , qışa həsr edilmiş mahnılar və şeirlər səsləndirib, çəkdikləri rəsmləri görüş iştirakçılarına təqdim ediblər.
Görüşün sonunda Osloda N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi tərəfindən fəal iştiraklarına görə hər iki məktəbin şagirdlərinə müxtəlif mövzulu kitablar hədiyyə edilib.