Fərhad Ramiz oğlu Əsgərov 24 dekabr 1960-cı ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsində anadan olub. Hazırda Mərdəkan qəsəbəsində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
VİCDAN VƏ NƏFS
Sentyabr ayında bütün qonşu uşaqları hamısı məktəbə getdi. Fazilin isə yeddi yaşı tamam olmadığı üçün onu məktəbə yazmamışdılar. Ağlamaqdan özünü saxlaya bilmirdi. Gözləri şişib almaya dönmüşdü. Dəli kimi olmuşdu. Necə ola bilər ki, bapbalaca Natiq məktəbə gedir, məni isə götürmürlər. Ürəyi partlayırdı.
Bir dəfə beş yaşı olanda qonşunun oğlu onu özü ilə məktəbə aparmışdı. Zəngin səsindən elə xoşu gəlmişdi ki, düz bir ay ərzində kimi görürdüsə, o haqda danışırdı.
Fazil həyətin ortasında, tozun-torpağın üstündə oturub ağlayırdı. Səsinə qonşu Səmayə və Ballı xala da gəldi. Onların ikisinin də oğulları məktəbə gedirdilər. Fazil də məktəbə getməyi, zəng vurulan kimi sinfə girməyi, müəllimin qarşısında oturmağı, suala cavab vermək və dərsi danışmaq üçün uça-uça əl qaldırmağı elə istəyirdi ki! Məktəb onun üçün müqəddəs bir yer idi, müəllimə isə, əstəğfürullah, Allah kimi baxırdı. Buna görə də, məktəbə getmək bəlkə də, qonşu uşaqlardan çox Fazilə lazım idi.
Səsini nənəsinə, babasına çatdırmaq üçün daha ucadan ağlamağa başladı. Daha effektli alınsın deyə, oturduğu yerdə iki-üç dəfə özünü qaldırıb yerə çırpdı. Bəlkə bir saatdan çox idi ki, beləcə davam eləyirdi. Nəhayət, qonşu arvadların da təkidi ilə nənəsi onu məktəbə aparmağa razı oldu. Nə qələmi vardı, nə kitabı, nə də dəftəri. Heç məktəbə geyməyə bir düz-əməlli paltarı da yox idi. Nə tapdısa əyninə geyinib, düşdü nənəsinin önünə. O, yerimirdi, sanki uçurdu. Məktəb yolunda qarşısına çıxan məhlə uşaqları biri ona qələm, biri dəftər verdi. Məktəbin qarşısında onları ilk qarşılayan Ağamalı müəllim oldu. Nənəsi məsələni müəllimə danışdı. O da Fazili öz sinfinə götürdü. Beləcə, Fazilin məktəb həyatı başladı. Fazil də bütün birincilər kimi elə bilirdi ki, müəllim çörək yemir, müəllim…
Fazil bir anlıq xəyala daldı. Xəyalı onu məktəb illərinə apardı. O, düşündü: “Onda biz məktəbə təhsil almağa gedirdik. Məktəb təhsillə bərabər təlim-tərbiyə, əxlaq da aşılayırdı. Həyatımızda məktəbin böyük rolu var idi. Məktəbin son siniflərində təhsil alırdım. Ədəbiyyat müəllimimiz Əhməd müəllim idi. Yaxşı yadımda deyil, mövzu nə idi, amma o yadımdadır ki, hansısa əsər haqqında danışırdı. Burada əsərin qəhrəmanını bir vicdanlı, ədalətli insan kimi xarakterizə edirdi. O zaman müəllimə sual vermişdim:
– Müəllim, bu vicdan nə olan şeydi?
Arxadakı partadan başqa bir şagird də əlavə etdi ki, heç onu görən də olmayıb.
Qocaman müəllim bir az susub dedi:
– Oğlum, onu görmək lazım deyil, o hər kəsin içində olmalıdır. Vicdan kiminsə kənardan bizə baxdığını, göz qoyduğunu deyən daxili səsdir. Sən bu daxilindəki səsi eşidə bilirsənsə, sənin içində demək bir ədalət hissi var. Və bu səsi eşidib nəfsinə qalib gələ bilirsən, halalla haramı ayıra bilirsən. Acgözlük, artıq nəfslik heç bir insana başıucalığı gətirməz. Vicdan insanın şərəfi, ləyaqətidir. O insanlarda məncə, bu şəkildə təzahür eləyir. Şərəfli, ləyaqətli insanlar da həmişə insan cəmiyyətində sayılan-seçilən olublar. Bu mənim şəxsi qənaətimdir”.
…Fazilin artıq əlli yaşı var idi. O, rayonun ən gözəl restoranlarından birində iyirmi il idi ki, inzibatçı işləyirdi. Rayonun başqa restoranlarından fərqli olaraq, bu restorana çox imkanlı adamlar gələrdi. Restorandakı yeməklər dadlı, ləziz bişirilərdi. Fazilin burada böyük hörməti var idi. Restorana gələnlər həmişə onunla səmimi görüşür, hal-əhval tuturdular. Hətta onu öz stollarına dəvət edənlər də olurdu.
Restorana ayda bir dəfə, eləcə də bayramlarda altı nəfər məktəb direktoru yeyib-içməyə gələrdilər. Onlardan beş nəfər orta məktəb direktoru, bir nəfər isə internat-məktəbin direktoru idi. Necə deyərlər: taylı-tayını tapmışdı. Möhkəm dost idilər. Aralarından su keçməzdi. Ad günlərində, bayramlarda, müəllim günündə bir yerə yığışıb yeyib-içir, şənlənərdilər. Üçü qadın idi, üçü kişi. Yeyib-içib beyinləri xumarlandıqdan sonra öz “qəhrəmanlıqlarından” ağızdolusu danışmağa başlayırdılar.
Belə xoş günlərdən biri idi. Məktəb direktorlarından biri Fazili də onlarla birlikdə oturmağa dəvət etdi. Fazil bir neçə saat ərzində burada nələr görmədi, nələr eşitmədi. Məktəb direktorlarının içkinin təsirindən kefləri durulmuşdu. Birinin masanın o başından səsi eşidildi: “Bu ay beş min manat qazanmışam”. O biri isə başqa həmkarına deyirdi: “Gəlib-gedənlərə bu ay altı yüz manat vermişəm”. Bir başqası isə gileylənirdi: “Heç “yuxarıdan” gələn kuratoru demirsən? Ən böyük “rasxod” elə ona gedir”.
515 nömrəli orta məktəb rayonun ən böyük tədris ocaqlarından biri idi. Məktəbdə üç mindən çox şagird təhsil alırdı. Burada çox savadlı müəllimlər çalışırdı. Müəllimlər şagirdlərə bilik və bacarıqların mənimsədilməsi üçün var qüvvələrini sərf edirdilər. Müəllimlərin təşəbbüsü ilə məktəbdə rəngarəng tədbirlərin keçirilməsi də ənənə halını almışdı. Düzdür, şagirdlərin əksəriyyəti dərs oxumasalar da, məktəbin az sayda savadlı şagirdləri olimpiadalarda, yarışlarda qalib olur, bununla da məktəbin adı yaxşı məktəblər sırasında çəkilirdi. Hər il məktəbin məzunlarının bir neçəsi ali məktəblərə qəbul olunmaqdan ötrü yüksək bal toplayırdı. Bu isə müəllimlərin və valideynlərin böyük əziyyəti hesabına başa gəlirdi. Tədris ocağında əsas idarəçilik işlərini direktor müavinləri aparırdı. Məktəbin direktoru Marat müəllim isə kollektivə nəzarət edirdi. Savadlı müəllimlərin və şagirdlərin nailiyyətlərinə görə Marat müəllim dəfələrlə fəxri fərmanlara layiq görülmüşdü. Onun rəhbərlik metodu yuxarılarda başqalarına nümunə kimi göstərilirdi. Yaşı əllini haqlamışdı.
515 nömrəli orta məktəbin direktoru Marat müəllim lap xumarlanmışdı. Bəs necə? Dost məclisi idi axı. Sol əlini ağ örtüklü masanın kənarına dayaq verib ayağa qalxdı:
– Dostlar, – dedi. – Allahdan gizlin deyil, sizdən niyə gizlin olsun. Sevgilimin ad günü yaxınlaşırdı. Onu da deyim ki, onu çox sevirəm. Direktoru olduğum məktəbdə müəllimə işləyir.
Bunu eşidəndə qadın direktorlar bic-bic gülümsəyərək bir-birilərinə göz vurdular. Marat müəllim onların bu hərəkətini görüb şit-şit hırıldadı və sözünə davam elədi:
– Hər ad günündə ona üç dənə yüzlük verirəm. Düzdür, pulum vardı, amma onu bu işə xərcləmək istəmirdim. Götür-qoy eləyirdim ki, bu pulu haradan çıxarım. Səhər kabinetdə oturmuşdum. Bir valideyn əsəbi halda içəri girdi və hay-küylə dedi ki, dünən oğlum fizika dərsində dəcəllik eləyib deyə, müəllim onu vurub. Valideyn fizika müəlliminin dalınca asıb-kəsirdi. Mən isə öz aləmimdə idim, plan qururdum. Valideyni birtəhər sakitləşdirib stula əyləşdirdim. Dedim ki, oturub bütün bunları şikayət ərizəsində yazsın. Ərizəni yazdırıb valideynə təsəlli verib dedim ki, siz arxayın olun, o, mütləq cəzasını alacaq. Valideyn getdikdən sonra tez fizika müəllimini yanıma çağırdım, ərizəni qarşısına qoydum. Oxudu, az qaldı dili-dodağı qurusun. Hədə-qorxu gəlib dedim ki, sən neyləmisən? Valideynin ağzından od püskürürdü, səndən yuxarılara şikayət edəcək. Yazıq bir hala düşdü ki, görməsən inanmazsan. Başladı yalvarmağa. Başa saldım ki, ay yazıq, işdən çıxarılmağın cəhənnəm, hələ o biri tərəfini düşün. Şagirdi vurduğuna görə hüquq-mühafizə orqanları səndən bilirsən nə qədər pul alacaq? Bunu eşidəndə az qaldı bədbəxti infarkt vursun.
Marat müəllim danışır, danışdıqca da lap coşur, gözləri pələng gözləri kimi parıldayırdı. Amma heç düşünmürdü ki, bu yazıq müəllim alacağı cüzi əməkhaqqını səbirsizliklə gözləyir və əməkhaqqı ilə düz bir ay ailəsini dolandıracaq. “Toxun acdan nə xəbəri”. İndi müəllim odla su arasında qalmışdı. Müəllim haradan biləydi ki, qarşısındakı İblis ona tələ qurub. İşini itirəcəyi qorxusu onu vahimələndirirdi. Öz-özünə düşünürdü ki, gərək o uşağa əl qaldırmayaydım. Axı, bu dəcəl və yaramaz uşaq onu ələ salmışdı, qüruru ilə oynamışdı. Yenə də özünə haqq qazandırmırdı, çox peşman olmuşdu. Amma…
Marat müəllim bayaqdan tüstülənib külü masanın üzərinə tökülən siqaretinə bir qullab vurub, tüstünü tavana tərəf filədi: – Təsəvvürünüzə gətirin, – dedi. – Müəllim qorxusundanmı, hirsindənmi tir-tir əsirdi. Yazıq yalvara-yalvara dedi ki, xahiş edirəm bu işi yoluna qoyun. Mənə də elə bu lazım idi də. Dedim get, iki min manat gətir, işi yoluna qoyum. İki-üç gündən sonra pul stolumun üstündə idi. “Dəcəlin” valideynini çağırıb onu təqsirkar çıxartdım. Dedim ki, bu nə uşaqdır tərbiyə eləmisiniz. Əgər bir də nadinclik eləsə, onu məktəbdən qovacam. İşi yoluna qoyduqdan sonra həmin pulu dostlarla yedik-içdik, sevgilimə üç dənə yüzlük verdim, arvadıma da bahalı paltarlar, ayaqqabı aldım. Hə, bəylər, pulu belə qazanarlar eee… Ha, ha, ha…
Marat müəllim doyunca güldükdən sonra badəsini qaldırıb dedi:
– Gəlin bu badələri içək yuxarılarda bizi müdafiə edən, nöqsanlarımızı bilib göz yuman insanların sağlığına.
Badələr qaldırılır və hamı bir ağızdan:
– Gözəl sağlıqdır, içək deyilən sağlığa.
Bunu deyib, badələri qaldırdılar.
Hamı badəsini boşaltdıqdan sonra iştah onlara güc gəldiyinə görə yeməyə başladılar. Araya bir müddət sükut çökdü. Marat müəllim yenidən sözə başladı:
– Məktəbdə elə qanunlar yaratmışam ki, bu qanunlar vasitəsilə də ancaq qazanıram. 8 Mart Qadınlar günü münasibətilə bütün müəllimlər ayrı-ayrılıqda kabinetimə girir, evdə oturan həyat yoldaşımı da təbrik edirlər. Hər bir müəllim 50 manat pul və hədiyyə verir. Təsəvvürünüzə gətirin, keçən il 8 Martda mənə 49 ədəd bahalı ətir verdilər. Onlardan 8 ədədini bacılarıma, arvadıma, əmim qızına, bibim qızına hədiyyə verdim. Qalan ətirləri isə dostumun vasitəsilə mağazada satdırdım. Beləliklə, də bayramda xeyli pul qazandım.
Həmkarının danışığından 528 nömrəli orta məktəbin direktoru Mütalik müəllim də ruhlandı. Bu həmin Mütalik müəllim idi ki, ixtisasca fizika müəllimi idi və atasının yerinə məktəbə direktor təyin olunmuşdu. Atası uzun illər bu məktəbə rəhbərlik etmişdi. Tanıyanlar onu bir zalım, eqoist, təkəbbürlü insan kimi xatırlayırlar. Qocaldığından müəllimlər tezliklə onun işdən çıxacağını və yerinə daha yaxşı direktor təyin olunacağını düşünürdülər. Lakin belə olmadı. Ata öz oğlunu 528 nömrəli məktəbə direktor təyin etdirə bildi. Mütalik müəllimin rəhbərliyini görən müəllimlər öz aralarında danışırdılar ki, “yağışdan çıxdıq, yağmura düşdük”. Mütalik müəllim rəhbərlik etdiyi tədris ocağına müqəddəs bir yer kimi münasibət bəsləmirdi. O, məktəbə qazanc mənbəyi kimi baxır, hardan və kimdən nə qədər çırpışdırmaq barədə fikirləşirdi. İnsan nə qədər tamahkar olar? Gözləri müəllimlərin və valideynlərin əlində idi. Zahirən ətrafdakılarda mədəni, sakit təbiətli bir insan təəssüratı yaratsa da, daxilən eqoist, təkəbbürlü, simic, öz işində hər cür alçaqlıqlara əl atan bir adam idi. Müəllimlərlə danışanda heç başını da qaldırmazdı. Müsahibini dinləmək qabiliyyəti də yox idi. Bu səbəbdən kollektiv arasında hörməti də yox idi. Hamı vicdan və ədalət hissini itirmiş bu adamın nə zaman vəzifədən uzaqlaşdırılacağı günü səbirsizliklə gözləyirdilər. Savadlı, peşəsini sevən, elmin sirlərini şagirdlərə vicdanla öyrətmək istəyən müəllimlər bu talançının əlindən bezmişdilər. Onlar ləyaqətli bir adamın direktor təyin olunmasını arzulayırdılar. Lakin, sən saydığını say, gör, fələk nə sayır. Mütalik müəllim badəsini əlinə götürüb öz nitqinə başladı:
– A kişi, ay kişi sən nə danışırsan? Mən müəllimlərə göz verirəm, işıq vermirəm. Necə deyərlər onları bərk incidirəm. Bəs nə? İncitməsəm çox pul qazana bilmərəm axı. Qardaş, nə başını ağrıdım, hər cür işə əl atıram. Mənə elə gəlir ki, elə hamınızdan çox pul qazanan mənəm. İstəyirsiniz bəzi şeyləri sizə də agah edim? Tədris ilinin əvvəlində hər müəllimə “kak palojna” 18 saat dərs verirəm. Artıq dərs demək istəyən müəllim yanıma gəlir. Könlü balıq istəyən quyruğunu gərək soyuq suya qoya. Atam-qardaşım, bu başdan 200-300 manat alıram, 5-6 saat dərsini çoxaldıram. Gözəl üsuldur, deyilmi? Beləcə tədris ili başlayan kimi beş-altı min manat irəli düşürəm. Pul qazanmağın başqa bir yolunu da sizə izah edim. Bəzi müəllimlərə ayrı-ayrılıqda tapşırmışam ki, varlı ailələrdən gələn yuxarı sinif şagirdlərinin qiymətlərini kəssinlər. Belə ki, beşə cavab verənə dörd qiymət yazsınlar. Belə olduqda şagirdin valideyni yanıma gəlir, övladının qiymətini yüksəltməyi xahiş edir. Bu işə görə də valideyndən pul alıram. Bəzən elə valideyn yanıma gəlir ki, vicdandan danışır. Beləsi ilə ehtiyatla davranıram və müəllimlərə tapşırıram ki, həmin şagirdin qiymətini daha kəsməsinlər. Başqa bir məsələ də var: mühasib öz adamımdır. Hər ay müəllimlərin əməkhaqqı hesabından, hər birindən on-on beş manat sürüşdürür bizim “hesaba”. Onun da haqqını verirəm. Yəqin bilməmiş deyilsiniz. Müəllimlərin məzuniyyət pulundan da 30-50 manat həmin hesaba köçürülür. Bir dəfə qadın müəllimlərdən biri pedaqoji şurada bunların hamısını düz üzümə dedi ki, 30 ildir müəllim işləyirəm, amma sənin kimi əclafa, vicdansıza, şərəfsizə rast gəlməmişəm. Sənin analoqun yoxdur, sən insanlıq hissini, ləyaqətini itirmisən. Səndən hara şikayət eləyim, heç özüm də bilmirəm. Allah bəlanı versin. Bilirəm, hara şikayət etsəm də yenə pul verib şikayəti bağlatdıracaqsan, məni də təqsirkar çıxartdıracaqsan. Müəllim pedaqoji şuranı tərk eləyib getdi. Heç ağlıma da gəlməzdi ki, məni belə zibilə salar. Məndən yuxarılara, bir neçə yerə şikayət etdi. Durduğum yerdə işə düşdüm, apar-gətir, get-gəl başladı. Aləm qarışdı bir-birinə. Ora ver, bura ver. Nə başınızı ağrıdım. Hamının “ağzını yuma bildim”. Diaqnoz qoydurdum ki, guya müəllimə son bir ildə ruhi sarsıntı keçirib və əsəb xəstəsidir. Nə isə, buna da bir xeyli xərcim çıxdı. Amma məsuliyyətdən kənarda qaldım. Baxmayaraq ki, mən müəllimləri, kollektivi çox incidənəm, amma hamı qorxusundan mənim tərəfimdə durdu. Hərçənd ki, mən onların qədrini bilmirdim… Xahiş edirəm, gəlin bu badələri bizim müəllim kollektivinin sağlığına içək, çünki, onlar olmasaydılar və məni müdafiə etməsəydilər, bəlkə də mən indi “içəridə” olardım.
632 nömrəli orta məktəbin direktoru Sona xanım qədəhini həmkarları ilə toqquşdurdu və gülümsəyərək masanın üstünə qoydu. Həmkarının pessimist notlar üzərində qurduğu söhbəti ona heç ləzzət eləmədi. Qəddini düzəldərək, iki dirsəyini də masaya dirəyib əlləri ilə sifətini qucaqladı.
Marat müəllim onun bu hərəkətini nəzərdən qaçırmadı. “Sona xanım, sözlü adama oxşayırsınız”, – dedi.
Qollarını yemək masasının üzərində çarpazlayaraq bir-birinin üstünə qoyan Sona xanım: – Vallah, sizin özünüzü belə çətinə salmağınız mənə bir az qəribə görünür – dedi. – Mənim işlərim sizə baxanda çox əladır. Yəqin bizdə olan şərait sizdə də var. Amma baxır necə istifadə eləyirsən? Hər tədris ilində iki sinif “onbirlərim” olur. Özünüz yaxşı bilirsiniz ki, onların çoxu müəllim yanına getdiyi üçün dərsə gəlmir, ali məktəbə hazırlaşırlar. Doqquz ay dərsə gəlməməyə görə tədris ilinin əvvəlindən onların hər birinin valideynindən 1000 manat alıram. Kim birdəfəlik verə bilmir, aybaay verir. Necədir? Çox gözəl gəlir mənbəyidirmi? Doğrudur, hərdən yoxlama-filan olur, amma onun da “tədbirini” görürük. Təlim-tərbiyə işləri üzrə direktor müavininə tapşırmışam, belə hallar olanda onuncu sinifləri otuzdururuq onbirincilərin yerində. Yoxlama gəlir-gedir, hər şey də öz yerində. Hər şeyin özünün “qanun-qaydası” var da! Guya yuxarıdan gələn kosmosdan enib? Bilmirlər ki, son sinif şagirdləri dərsə gəlmirlər?! Amma hər halda elə görüntü yaratmaq lazımdır ki, “nə şiş yansın, nə də kabab”. Yoxlamanı elə yola salıram ki, razılıq eləyib gedirlər. Bizim məktəb sizinkilərə bənzəmir. Özünüz bilirsiniz ki, məktəb yaxşı yerdə yerləşir, böyük də ərazisi var. Baxdım ki, fürsətdir. Bunu mən etməsəm, bir başqası eləyəcək. Hələ neçə illər bundan əvvəl əlaltından dörd nəfər tapıb hərəsinə yüksək qiymətə dörd sot torpaq satdım. Bu adamlar ərazimizə köçmək istəyən imkanlı adamlar idilər. Qısa bir zamanda onlar hərəsi özü üçün iki-üç mərtəbəli villalar tikdirdilər. İndi pəncərədən baxanda adamın ürəyi açılır. Mən işimi ehtiyatlı tutan adamam. İşin üstü açılmasın deyə, bütün lazımi sənədləri hazırlatdırdım, bir neçə vacib bildiyim adamın haqqını da verdim. Torpağı alan adamlar özləri də elə-belə adamlar deyillər. Onların da köməkliyi ilə işlər yoluna qoyulub sənədləşdirildi. Onlar torpaq alıb villa tikdirdilər. Mən də o pula mərkəzdə “novostoyka”da özümə üç otaqlı mənzil, oğluma isə bahalı avtomobil aldım. İndi hal-hazırda şəhərin müxtəlif yerlərində iki evim və iki obyektim var. Qaldı ki, xırda-xuruş, sizdə olan o işlərdən məndə də olur. Bunlar “krupnı” olduğu üçün danışdım. Amma xahiş eləyirəm bu söhbət burda qalsın, yəni öz aramızda.
Bu çıxışdan sonra Sona xanım badəsini qaldırıb dedi:
– Mən bu sağlığı rayon rəhbərliyində çalışan və bizim üçün şərait yaradan dostların sağlığına içmək istəyirəm. Onların “səxavətləri” nəticəsində bu il məktəbimizin cari təmirinə ayrılan vəsaitdən xeyli yararlandım. – Sona xanım bic-bic gülümsəyərək: – İstəyirsiniz bunun yolunu sizə də öyrədim. Belə ki, iyun ayında hələ müəllimlər məzuniyyətə getməmişdən əvvəl hamısına tapşırıq verdim ki, öz vəsaitləri hesabına hər biri öz sinfində divarları ağartsın və döşəməyə lak çəkdirsin. Müəllimlər də bu işi gördülər. Məktəbdə “cari təmir” işləri aparıldı, buna ayrılan pul isə mənə qaldı. Siz də belə edə bilərsiniz, – deyərək badəsini içdi.
– Narahat olmayın, Sona xanım. Biz də elə bu cür edirik. Bu işdə siz tək deyilsiniz, – deyə masanın o başından Mütalik müəllim göz vuraraq onun sözünə qüvvət verdi.
Bayaqdan həmkarlarının söhbətlərinə heç bir müdaxilə etmədən fısıldaya-fısıldaya diqqətlə dinləyən 599 nömrəli orta məktəbin direktoru Kamran müəllim Sona xanım sözünü bitirib arxaya söykənən kimi yerində qurcalanmağa başladı. Öz-özünə fikirləşdi ki, “eh, bunlar mənim yanımda toya-bayrama getməlidirlər ki”. Kamran müəllim qanunsuz əməlləri və hərəkətləri ilə rayonda çox məşhur idi, ərazidə ad çıxarmışdı. İstənilən oyunlardan çıxırdı. Təki pul gəlsin. Əlləri ilə saçlarını daraqlayaraq, peysərinə qədər aparıb sığalladı. Sol qaşını qaldıraraq xüsusi görkəm aldı. Sanki, istəyirdi ki, həmkarları onun onlardan daha sanballı olduğunu hiss eləsinlər. Bir-iki dəfə boğazını arıtlayıb sözə başladı:
– Altı il bundan öncə direktor təyin olunan gündən məktəbdə öz qayda-qanunlarımı yaratdım. O vaxtdan indiyə kimi məktəbdə mənim qanunlarım işləyir. Məktəbdə 1200 şagird təhsil alır. Əvvəlcə başladım müəllimləri bir-bir müşahidə eləməyə. Hiss elədim ki, 60 müəllimdən on-on beşi özünü çox qürurlu aparır, o birilər kimi mənə yaltaqlanmırlar. Dedim: “yaxşı, siz siz olun, mən də mən. Görün, sizin başınıza nə oyun açacağam”. Müəllimlərin əlli nəfəri qadın, on nəfəri isə kişi idi. Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini kişi müəllimləri idi. Əvvəlcədən direktor müavinlərini çıxaracağım haqda yuxarılarla məsləhətləşdim. Onların “dabrosunu” aldım. Elə sevinirdim ki. İkinci dəfə keçirdiyim pedaqoji şurada mənə yaltaqlanan iki qadın müəllimi yüksək səviyyəli müəllim kimi müəllimlərin diqqətinə çatdırdım və qeyd etdim ki, direktor müavinləri onlar olacaqlar. Onlar elə sabahdan vəzifələrini icra etməyə başlasınlar. İşdən çıxarılan kişi müavinlər narazılıqlarını bildirdilər və şikayət edəcəklərini söylədilər. Onlara dedim ki, qardaş, burda direktor mənəm, kiminlə istəsəm onunla işləyəcəm. Dedilər ki, adamda vicdan yaxşı şeydir. Cavabında dedim ki, eybi yox, qoy mən vicdansız olum, siz vicdanlı. İndi gedin, vicdanla sinfə girib dərsinizi deyin. Birmənalı olaraq fakültətiv məşğələlərin, seçmə fənlərə ayrılan saatların, dərnəklərin pulu mənə çatır. “Müəllim günü” üçün xüsusi “stavka” təyin eləmişəm. Direktor təyin ediləndən sonra araşdırıb bütün şagirdlərin valideynlərinin kim olduğunu öyrəndim. Bilirsiniz də, “lyuboy” məktəbdə pis oxuyan, nadinc uşaqlar var. Otuz nəfər imkanlı ailənin uşaqlarına məqsədli şəkildə “iki” qiymət yazdırtdım. Hər birinə bildirdim ki, bu səbəbdən payız imtahanına qalırsınız. Əgər avqust ayının sonunda müəllimlərin suallarına cavab verə bilməsəniz, sinifdə qalacaqsınız. Ertəsi gün valideynlər bir-bir yanıma gəldilər. Hərəsindən min manat aldım. İmkanlı adamlardır. Min manat onlar üçün tum puludur. Sonra müəllimlərə tapşırdım ki, hərəsinə bir “üç” yazın, sinifdən-sinfə keçirin. Beş uşağın valideyni “görüşə” gəlmədiyi üçün uşaqlarını sinifdə saxladım. Sonra bir valideyn gəldi, hay-küy saldı. “Sizdə vicdan yoxdu, insaf yoxdu, insanlıq hissini itirmisiniz”, – deyə qışqırıb, bağırdı. Heç əhvalımı da pozmadım. Nə vicdan, adə. Vicdanlı olmaq mənə qalıb? Şagirdlərin onuncu sinfə keçirilmələrinə də məhdudiyyət qoymuşam. Belə ki, doqquzuncu sinif şagirdlərinin valideyn iclasında belə bir şərt qoydum ki, üç qiyməti olan şagirdi onuncu sinfə keçirməyəcəyəm, zəif şagird zəhmət çəkib başqa məktəbdə oxusun. Mənim bu şərtim valideynləri hərəkətə gətirdi: nisbətən zəif oxuyan şagirdlərin valideynləri uşaqlarının onuncu sinifdə oxumaları üçün mənə “hörmət” etməyə başladılar.
Amma hörmətli kolleqalar, gəlin etiraf eləyək ki, məktəblərimizdə şagirdlərin savadlılıq səviyyəsi çox aşağıdır. Yetmiş faizi demək olar ki, məktəbə elə-belə gəlib-gedirlər. Məktəbin faizi aşağı düşməsin deyə, “üç” qiymət yazıb növbəti sinfə keçiririk.
Həmkarları onun bu sözünü eşidən kimi yerlərində qurcalanaraq, – “elədir, elədir” ,-dedilər. Kamran müəllim sözünü bitirib badəsini qaldırıb bic-bic gülümsünərək dönüb qadın direktorlardan birinə göz vurdu:
– Gəlin bu badələrimizi içək müəllim və şagird kollektivlərimizin, bəzi valideynlərin şərəfinə. Onlar olmasalar biz rahat-rahat kurortlara gedə bilmərik, yaxşı geyinə bilmərik, istədiyimiz kimi yeyib-içə bilmərik. İçək hər il müəllim yanına gedib ali məktəblərə daxil olan, üzümüzü ağ eləyən şagirdlərimizin, məzunlarımızın sağlığına. Heç olmasa onların hesabına məktəblərimizin adı yaxşılar arasında çəkilir.
Qədəhlər toqquşur, içilir, yenidən isti-isti kabablar gətirilirdi. Mütalik müəllim yenə söz demək üçün badəsini doldurub ayağa qalxdı:
– Hörmətli həmkarlarım, hamının sağlığına içirsiniz, bəs qalanlar var axı. İnsaf da yaxşı şeydir. Mən bu badələri şəxsən psixoloqun, uşaq birliyi rəhbərinin, laborantların, bəzi süpürgəçilərin sağlığına qaldırıram. Onların adları bizdə işdədir, özləri isə başqa yerlərdə işləyirlər. Maaş kartları məndədir. Nigar müəllimənin sağlığını xüsusi qeyd edirəm. Bu xanım müəllimə işə gəlmir. O, həm də biznes ilə məşğuldur. Yazıq Türkiyənin, Dubayın, Rusiyanın yollarında qalıb. Maaşı mənlikdir, hələ arabir mənə hədiyyələr də gətirir.
Bayaqdan gözlərini də qırpmadan Mütalik müəllimi dinləyən 642 nömrəli orta məktəbin direktoru Rüxsarə xanım gözlərini xüsusi əda ilə süzərək sözə başladı:
– Əziz həmkarlarım. Sizin danışdıqlarınız bizim məktəbdə də mövcuddur. Amma mənim iş prinsipimdə başqa bir cəhət də var. Məktəbdə əlimin altında altı nəfər müəllim və iki nəfər süpürgəçi var ki, onlarla yaxşı münasibət saxlayıram. Bu dost münasibətini elə saxlayıram ki, digərləri hiss etməsinlər. Kollektivdə nə söhbət gedir, nə narazılıq var, dost münasibəti saxladığım adamlar hamısını gəlib mənə çatdırırlar. Bu da mənə “kadr siyasətində” lazım olur. Sonra dalımca danışan, iş prinsipimi bəyənməyən müəllimləri gözümçıxdıya salıram. Bu yaxınlarda elə birini şərləyib işdən çıxartdım, yerinə haqqımı alıb başqa birini götürdüm. Hər bir sinifdə də ayrı-ayrı şagirdlər var ki, siniflərdə baş verən hadisələr, aparılan söhbətlər bu xəbərçi şagirdlər vasitəsilə mənə çatdırılır. Bu işdə həmin şagirdlər mənim dostluq etdiyim müəllimlərlə əməkdaşlıq edirlər. Belə ki, dostluq etdiyim müəllimlər həmin şagirdlərə “xəbərçiliyin sirlərini” öyrədir, onları gələcəkdə yaxşı “işverən” kimi yetişdirirlər.
Rüxsarə müəllimə badəni qaldırıb yenidən sözə başladı:
– Bu badəni də içək elə hamımızı müdafiə edən Arif müəllimin sağlığına. Hamımızın nöqsanı var, kişi bizi incitmir ki, gəlir, haqqını alıb gedir. Elə hamımıza sərf edən adamdır.
Direktorlar hamı bir ağızdan:
– İçək, içək deyilən sağlığa, Arif müəllim həqiqətən də gözəl insandır.
Hamı əlindəki badəni içir.
Marat müəllim bayaqdan hamını gülümsəyə-gülümsəyə səbrlə dinləyən internat məktəbin direktoru Həlimə xanıma dedi:
-Həlimə xanım, siz də bir söz deyin.
-Bayaqdan sizə qulaq asıram. Bizdə vəziyyət bir qədər başqadır. Rəhbərlik etdiyim internat məktəbdə cəmi iki yüz şagird vardır. Amma mən də yaxşı qazanıram. Belə ki, uşaqlar üçün ayrılan ərzağın altmış faizini satıram. Hər il bizə xeyli quru və yumşaq inventar verilir. Köhnə inventarları hesabdan silsəm də, onları tullamıram. Köhnələri işlədirəm, yenilərini isə satıram. İyirmi nəfər “ölücan” işçim vardır. Onların da əmək haqqı mənə çatır. Hələ bu harasıdır? İmkanlı adamlar hər həftə bir neçə qoyun kəsdirir və uşaqlar üçün rəhbərlik etdiyim internata göndərirlər. Həmin cəmdəkləri isə tez bir zamanda qonşumun sahibi olduğu ət mağazasına göndərirəm. Ət satışından olan pulun yetmiş faizi də mənə çatır. Əladır, çox gözəl dolanıram. Artıq altı ildir ki, ailəliklə yeni il bayramını ya Dubayda, ya da Türkiyədə, məzuniyyətimi isə Truskovesdəki və Moskva ətrafındakı sanatoriyalarda keçiririk.
Şərabın təsirindən beyinləri dumanlanmışdı. Hansısa bərkdən qışqırdı: “Tak derjat”. Qıraqdan baxan, qulaq asan olsaydı, bunlara bir ad qoya bilərdi: “Vicdansız, ədalətsiz, insanlıq hissini itirmişlər”.
Bəzən belə adamlara qiymət vermək də çətin olur. Fazil öz-özünə düşünürdü: “Görəsən, bu insanlar nəyə görə nəfslərinə qalib gələ bilmirlər? Nəyə görə nəfs bunlara güc gəlir? Bu talamaq, qamarlamaq hissi sanki, bunların qanına hopub. Nə halal qalıb, nə də ki, haram. Ələlxüsus, da bütün bunlar məktəbdə baş verəndə adamı da çox yandırır”. Bütün bu gördükləri, eşitdikləri Fazilin uşaqlığında, gəncliyində məktəb haqqında xəyalında formalaşdırdığı müqəddəs hissləri zədələdi.
Amma Fazil yenə də nikbindir. Məktəb ona görə müqəddəsdir ki, millətin gələcəyi, inkişafı, mədəniyyəti, mənəviyyatı buradan başlayır, burada formalaşır. O, inanırdı ki, nəfsləri onlara hakim kəsilmiş belə direktorlar haçansa tədricən çıxarılacaq, onları vicdanlı, nəfsinə uymayan saf, sağlam düşüncəli insanlar əvəz edəcək…
MÜƏLLİF: FƏRHAD ƏSGƏROV
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru