“MİQ-17” də orijinallığı ilə seçilir
Zaur Ustacın “BB” hekayələr kitabına daxil olan nümunələr içərisində diqqət çəkən hekayələr sırasında “MİQ-17” adlı hekayə öz bədii tutumu, məzmun və forma vəhdətinin dolğunluğu baxımından uğurlu sayıla bilər. Kitabda yer almış “Psixoloqun qəbulunda”, “Növbəti xəstə”, “Cücə oğrusu”, “Mələk”, “Qırmızı yarpaqlı ağac” və digər hekayələr kimi, “MİQ-17” də orijinallığı ilə seçilir. Mövzu aktuallığı ideya-bədii xüsusiyyətlər fonunda nə qədər cəlbedici görünürsə, hekayədəki ədəbi qəhrəmanın bir obraz kimi xarakterinin açılması da müəllif təhkiyəsi ilə həmahənglik təşkil edə bilir. Hesab etmək olar ki, bu, ilk növbədə müəllif qələminin yaradıcı işləkliyi, yazıçının həyat müşahidələrinin zənginliyi ilə sıx bağlıdır.
Hekayədə müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən imtahana gəlmiş şəxsin düşüncələrindən, keçirdiyi daxili hiss və həyəcanlardan, rastlaşdığı hadisələrdən söhbət açılır. 2017-ci ilə təsadüf edilən tarix əslində ümumiləşdirilmiş zaman anlamındadır. Hekayədə adı çəkilməyən (elə digər iki qadın obrazının da adı çəkilmir və bunun özü belə oxucunun diqqətini mətnə kökləyir) əsas personaj imtahanda iştirak edən şəxs timsalında dəqiq və tutarlı faktlarla verilmişdir. İmtahan həyəcanı bu insanın da daxili aləmindən yan keçə bilməmişdir. Cibində evin açarı, xırda-xuruş pul (yol xərci) və cib dəsmalından başqa bir şey olmayan iştirakçı buraxılış məntəqəsindən ta imtahan zalına kimi bütün həyəcanları ilə birlikdə lazımı sənədlərlə bərabər nəzarət altında öz yerində əyləşincə imtahanqabağı düşündüklərinin hamısını bir anlıq unudur, masa arxasına keçərək öz taleyi ilə “çarpışıb-vuruşur”. Qəribədir ki, imtahan zalında əyləşən bir qadın isə bütün saatı yalnız tamaşaçı qismində iştirak edir. Əvvəlcə nəzarətçi qadınla yer üstündə qarışıq vəziyyət yaranır, sonra bir başqasının ona yaxınlaşıb astaca nəsə deməsindən sonra iştirakçı rahatlaşa bilir və əda ilə başqa bir yerdə əyləşərək imtahanın sonuna kimi özünü yelpikləməklə məşğul olur. Yaxın masaların birində əyləşən digər iştirakçı qadın isə həyəcanlıdır, partanın üzərinə üz-gözünü, alnını sildiyi salfetlər yığılıb. İmtahan suallarına döğru, dürüst cavablarla münasibətini ifadə edən və yaxın cərgələrdə əyləşmiş bu iki qadına diqqət yetirən şəxsin isə öz halal zəhməti ilə oxuyub dərs aldığı, indi də işə düzəlmək üçün imtahanda yalnız bilik və savadına arxalanması real faktlarla üzə çıxır. Sanki tamaşa salonunda əyləşibmiş kimi, imtahanı seyr edən, yer üstündə dolaşıqlıq yaradıb yersiz əda ilə öz müştəbehliyini nümayiş etdirən qadının necə təhsil alması, imtahanda nəyə və kimlərə arxalanması gözdən yayınan hal deyildir. Bununla müəllif sözü gedən sahədə baş verən neqativ halları pisləyir, qələmə aldığı hekayədə özünə məxsus yanaşma üsulu ilə bu kimi yarıtmaz vəziyyətlərə etirazını bildirir.
Zaur Ustacın bu hekayəsində bəzi xırda qüsurlu cəhətləri nəzərə almasaq, ümumilikdə deyə bilərik ki, hekayədə müəllif öz niyyətinə nail ola bilmişdir.
MÜƏLLİF: ZAUR ƏRMUĞAN
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru