XALİQ AZADİ. AİDƏ.

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI

Xaliq Timur oğlu Məmmədov 13 aprel 1964-cü ildə Gədəbəy rayonu, Çayrəsullu kəndində anadan olub. Hazırda Rusiya Federasiyası, Krasnoyarsk şəhərində yaşayır.

Rusiya Yazıçılar Birliyinin üzvüdür.

AİDƏ

1

May ayı gələndə kəndə, sanki, vəlvələ düşürdü: yaylaqlara köçmək vaxtı yetib. Kolxozun sahələri “qoruq” elan olunurdu. Bu o demək idi ki, “filan gündən, filan tarixdən şəxsi həyətlərə məxsus mal-qara, qoyun-quzu nəzarət altında olmalıdırlar”. Əgər, kiminsə inəyi, danası kolxozun qoruq elan olunan sahəsinə girsə üç manat, qoyun-quzu bir manat cərimə olunurdu.

Hər bölgənin öz briqadiri düşürdü yollara, hamını xəbərdarlıq edirdi:

-Filan gündən dağa köç başlayır. Hazır olun!

Hamı mal-qarasını yaylağa çıxarmalıydı. Əsasən, nənələr-babalar köçərdilər. Kimin nənə-babası yoxuydusa, gərək mal-qarasını qoşaydılar kimlərəsə. Adətən, çətinlik çəkən olmurdu. Bərk axtarış edən olsaydı, kənd-kəsək hamısı kökdən bir-birinə qohum çıxacaqdı. Ona görə də, mal-qarası kənddə sahibsiz qalan olmurdu.

Bizdə isə lap asan idi. Gözümü açandan rəhmətlik babam ferma müdiri olub. Rəhmətlik nənəm də yanında, ömür-günü yaylaqlarda, ya da qış otlaqları sayılan örüşlərdə keçib. Qış otlaqları bizim kolxoz üçün Kür çayının sağ sahillərində, “Ceyrancöl” deyilən ərazidə ayrılmışdı. Babamın hər mövsümün sonunda evdə olduğu vaxtlar mənə nağıl kimi danışdığı əhvalatlarda tez-tez, “Girzan”, “Qışlaq” kimi adlar eşidərdim. 

Ona görə də, dediyim kimi, bizdə mal-qaramızın yaylağa aparılması heç bir sual doğurmurdu. Kolxozun fermasına müdirlik edən babam hayımıza çatardı. Kolxozun köçü yaylaqlara gedəndə bizim heyvanları da qoşub aparardı. Heyvanlar dəstələnərdi, kolxoz köç aparmağa bir-iki yük maşını ayırardı. Nənə-babalar yaylaq dəm-dəsgahlarını yükləyərdilər kolxozun maşınlarına, düşərdilər yola.

May ayından payızın ortalarınadək Keçəl Dağının yamacları binələrin çadırları ilə bəzənərdi. Dərslər qurtarantək mən də olardım yaylaqlı. 

Əsas yaylaq yerimiz indi sahibsiz qalan Əvəlikli və Mahmudlu yaylağının yuxarı “döşü”, düz ermənilərin sərhədi idi. Vəzifəm nənəmin ocaqda köz altında bişirdiyi “kömbəni” qaymaqla-yağla yeyib gəzmək, həm də buzovlara nəzarət etmək idi. Düz zirvədə, erməni sərhədinə yüz-iki yüz metr qalmış Soyuqdərə deyilən yer vardı. Gün qızanda qaçardım ora, qar yeməyə. Avqust ayında da qar olardı orada. Üstünün tozunu silərdim, ovuclayıb ləzzətlə təbii dondurmanı yeyərdim. Orada hərdən erməniyə rast gəlmək olardı. Hərdən soruşardılar, “hansı köçdənsən?” Heç vaxt onlardan qorxmazdım, diri cavab verərdim.

Palıdlı, İsə bulağı, Soyuqdərə,  Köç yeri, Mahmudlu, Bərə – uşaqlıq dünyamın, nənəli-babalı xoşbəxtliyin şirin xatirəsi, ermənilərə qalmış xatirəsi…

2

Qonşu kəndin köçü üzbəüz dağın əks döşündə yerləşirdi. İri malları həmişə nəzarət altında otarırdılar. Amma buzovlarımız çox vaxt özbaşına buraxılmış olduqları üçün, bəzən, dağın döşünü aşıb keçərdilər qonşu kəndlərin binələrinin örüşlərinə.

Günlərin birində itmiş buzovu gəzəndə həmin dağın yamacında, “Qayalıq” deyilən bir yerdə çiyələk yığan bir qıza rast gəldim. İlk baxışdan, mənimlə yaşıd görünürdü. Bir-iki həftə dostluğumuzdan sonra bildim ki, məndən bir yaş kiçikdir.

-Olar, mən də yığım çiyələk? – dedim.

-Mənim deyil ki, bu dağ! – cavabını erdi. – Ürəyin nə qədər istəyir, yığ

Soruşdum, Aidə idi adı. Çiyinləri bərabərində kəsilmiş gözəl sarışın saçları vardı. Gözəl üzü sanki, ay parçası idi. Özümü saxlaya bilməyib:

-Sən necə gözəlsən, Aidə! – dedim.

-Bilirəm, hamı deyir mənə bu sözləri! – nazla cavab verdi.

Yığdığımız çiyələyi bir yerdə yedik. Xeyli oturduq, ayrılanda sabah görüşməyi şərtləşdik. “Bizim çadır odur ey, filanıncı. Bax bu qayanın yuxarısından məni səslə, nə vaxt gəlsən. Gələcəm”.

Səhərisi gün Qayalığa gələndə gözümə görünən çiçəklərdən bir dəstə topladım. Haradan bilirdim ki, vurulduğun qıza gül bağışlamaq lazımdır, bilmirəm. Yəqin, oxuduğum kitabçalardan… Aidə gül dəstəsinə sevindi, alıb iyləyərək:

-Atam anama hərdən gül bağışlayır, anam çox sevinir belə olanda, – dedi.

O gündən yaylaq həyatım şirin duyğulu, şirin-şəkər arzulu bir dövrə çevrildi. Əgər nənəmin – babamın qadağası olmasaydı, gecələri də oturardım Aidə ilə Qayalıqda. Aidə özü də etiraz etməzdi, belə imkanımız olsaydı. Amma Aidənin də nənəsi vardı, gecikəndə Aidədən sorğu edirdi.

Artıq, onların şəhərdə yaşadıqlarını bilirdim. Atasının böyük vəzifədə işlədiyini dedi. “Hər gün papamı işə maşınla aparıb gətirirlər!” – dedi Aidə qürurla.

Aidə ilə tanışlığımın ikinci həftəsində nənəmdən: “Nənə, uşaq üçün elçi getmək olarmı?” -soruşdum. “Bıy, sənə qurban olum! Evlənməkmi istəyirsən?” – öpdü nənəm məni. “Yox, nişanlanardım ki, heç kim məndən almasın Aidəni!” “Əgər, sən Aidənin xoşuna gəlirsənsə, narahat olma. Heç kim sizi ayıra bilməz!” – dedi nənəm.

Nənəmin sözlərini Aidəyə çatdırdım. Həmin gün, ilk dəfə dilimizə söz gəldi: “səni sevirəm!” ifadəsi. Mənasını başa düşürdükmü bu ifadənin, sevməyin – oğlan-qız sevgisinin nə olduğunu anlaya bilirdikmi o günləri? Əlbəttə, yox, uşaqlıq ağılı, düşüncəsi.

Nənələrimiz ləzzətli nə hazırlasaydılar, hökmən bir-birimizə pay gətirərdik. Bir dəfə isə, Aidəylə görüşə xüsusi hədiyyə ilə getmək istədim.

Soyuqdərəyə qalxdım. Çoxdan idi buraya qalxmırdım, Aidə ilə tanış olandan. Papağımı soyuq və təmiz qarla doldurdum. Aidəmə verəcəkdim təmiz qarı. Mən Qayalığa gəlib çıxanacan qar yoxa çıxdı, əridi. Qayanın başından səslədim Aidəni. İkicə dəfə “Aidə!” deyən tək çıxdı bayıra. On dəqiqəyə yanımdaydı. Gün əyilənəcən bir yerdə olduq.

-Tezdən oyana bilərsən?” – soruşdum.

-Sənə lazımsa, oyanaram! Nə olub?

-Sənə təmiz qar gətirəcəm. Günorta o dağdan bu dağa gələnəcən qar əriyir. – Papağımı göstərdim. – Səhərlər bir elə isti olmur.

-Yaxşı olardı gətirə bilsəydin! Xarlamış qar yeyərdik bir yerdə! – dedi Aidə.

Səhərisi tezdən durub qalxdım zirvəyə. Soyuq qarı papağıma yığıb götürüldüm üzü aşağı. Elə o dəqiqə də ayağım dolaşıb yıxıldım. Kəllə-mayallaq getsəm də, papağı elə sıxmışdım ki, qar yerə dağılmadı. Zirvədən ətəyə, ətəkdən başqa dağın zirvəsinə çıxanacan qar …əridi! Aidəmlə görüşə hədiyyəsiz gəldim! Bərk dilxor olmuşdum. Aidə qəşəng əlləri ilə əllərimi tutaraq incə səslə:

-Alınmır, alınmasın. Canın sağ olsun! – dedi. – Bikef olma, biz ki, bir yerdəyik!

Bir neçə gün belə keçdi. Artıq, avqustun ortaları olardı. İki ay idi Aidə ilə tanışlığım. İlahi, necə də tez keçərmiş günlər! Hələ də Aidəyə qar çatdırmağı unuda bilmirdim. Axşamların birində dərdimi nənəmə söylədim. “Canım canına qurban, ay balam!” – dedi nənəm. Səhər duranda nənəm mənə bir 4-5 litrlik bidon(qab) və bir dəsmal verdi. “Şahzadə balam, igid balam! Qabı doldur qarla. Bu dəsmalı da yaxşıca bürü qaba, apar sevgilinə!” Elə də etdim. Qarla dolu bidon əlimdə Qayalığa çatdım! Nə qədər sevinirdim! Qalxdım adət etdiyimiz qayanın başına: “Aidə! Aidə!” – səslədim sevinclə. Aidə çıxmadı bayıra. Handan-hana nənəsi çıxıb cavab verdi: “Yorma özünü, bala, sakitləş, və çıx get! Aidə getdi şəhərə, evlərinə! Atası apardı”. “Necə evlərinə, bəs mənə demədi!” “Get, bala, gələn il görüşərsiniz!” Yastı daşın üstündə həmişəki yerimizdə oturdum, nə qədər – bilmirəm. Dünyamı itirmişdim! Məni boşluq əhatəsinə almışdı…

Qarı yeyə bilməzdim, Aidəm üçün gətirmişdim. Atmağa da əlim gəlmirdi. Həmişə yan-yana oturduğumuz Yastı daşın arxasından qayanın altını eşdim. Çiçəklərdən yığıb döşəkcə düzəltdim. Qarı ehtiyatla boşaltdım çiçəklərin üstünə. Yenidən çiçək yığıb qarın üstünü bağladım. Daha sonra isə bir qaya parçasını sürüyüb saldım yuvanın ağzına. Niyə belə etdim, bilmirəm. Yəqin, ümid edirdim ki, qarı saxlayacam gələn iləcən. Ya da, sevgimin, uşaqlıq məhəbbətimin nişanəsini əbədiləşdirmək istəyirdim, bilmirəm.

Gələn il isə Aidəm yaylağa gəlmədi…

Müəllif: XALİQ AZADİ MƏMMƏDOV

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Avdı Qoşqar. Murad Məmmədova açıq məktub.

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVA AÇIQ MƏKTUB
Özümü biləndən tanıyıram onu…Bir kənddə, obada böyümüşük. Eyni havanı udmuşuq, eyni sudan içmişik. Eyni təmizliyi ruhumuzla dadmışıq. Üç-dörd yaş məndən cavan olmalıdır. Murad Məmmədovu deyirəm. İstisasca mühəndis olan “qoca” gənc şairi…Muradın ata tərəfində də, ana tərəfində də duyğusallıq var, həssas insanlardır, sözə,şeirə,hikmətə, haqqa meylləri çoxdur. Yurdumuzun şair oğlu Aslan Kəmərli atasının xalası oğludur, dayıları Xəmmət adı ilə tanınan Aslan Carçalovun, Şamxal Carçalovun gözəl şeir, saz ruhu var. Alma budağından gen düşmür axı. Murad Məmmədov da eləcə…təmsil elədiyi gen yaddaşını canıyla, qanıyla, ləyaqətlə yaşadır.
Şeirlərini mənə təqdim eləyəndə təəccüb qarışıq sevinc qığılcımları gözümü işıqlandırdı. Lakin səmimi deyim , bir qədər ciddi baxmadım. Fikirləşdim ki, yəqin ruhsal duyğusunu sazda oxunan qoşma, gəraylı üstündə qələmə alıb. Şeirlərlə tanış olanda gördüm ki, ədəbiyyatımız Murad Məmmədov imzalı bir qələm adamını, bir şairini çox səxavətlə itirib. Yazdığı şeirləri mənə bunu deməyə imkan verir. Şeirlərinin ən yaxşı cəhəti odur ki, nə fikrin, nə bədii ifadənin ibtidai formasında vurnuxmur. Bəs olan qədər cilalı fikirləri bədii səviyyəyə qaldıra bilir. Bu yerdə bir təəssüfümü bildirim ki, kaşki ədəbiyyatla ciddi məşğul olaydı. Ədəbiyyatın istiqamətini müəyyən edən bir çox əsərləri mütaliə eləmiş olsaydı, bədii manerasını daha samballı detallarla zənginləşdirə bilərdi. Şeirlərdəki ayrı-ayrı qığılcımlar ruhu silkələmək gücündədir.
Dərd içində iş getmir,
Həvəs ölür, baş ötmür.
Dərdə bax, heç üşütmür,
Qar adamı yandırı…
Və ya
Ay haqqı salamı tapdayan adam…
Lap adamı ritmə uyğun içindən oynada bilir misralar.
Doğulduğum el ulu,
Şah İncəmin bir qolu,
Yüz xatirəylə doluu
Könlüm Kəmənd dağında…və ya
Neyləyim söz məni rahat buraxmır…
Söz, duyğu istini, soyuğu görmüş ürəyinə, hissinə elə oturub ki, bu yaşda qovub çıxartmaq istəsən də mümkün olmayacaq, səndən əl çəkməyəcək əzizim , gözüm Murad Məmmədov. Mən bilən indi sənə qalır yarı gərdişin, zamanın ətəyindən tutmaq, yarı isə şeirin,sözün. Beləcə bir təhər özünü ovut, gör ovuda bilirsənmi… Düşüncə, təfəkkür tərzin elədir ki, ağır mövzulara qucaq açırsan. Həyatın qəm ağacını silkələyirsən, ölüm-qalım havasında əlləşirsən. Bir az boş ver…milyon illik həyatdı. Yaranışdan bu yana belədi, belə də olacaq. Özün demişkən:
Ömür sınağıymış gec başa düşdüm,
Bütöv qınağıymış gec başa düşdüm,
Gələn qonağıymış, gec başa düşdüm,
İlahi, rəhm elə, keç günahımdan…
Heç anlamamaqdan, gec də olsa, başa düşmək ötədir. Şeir həm də gözəl etirafdır. Həmişə səmimi ol, həmişə var ol. Dərin sayğılarla
Müəllif: Avdı QOŞQAR

AVDI QOŞQARIN YAZILARI


MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ömrün Payız Duyğuları… – Həzi Həsənli Yazır:

MURAD MƏMMƏDOVUN YAZILARI

ÖMRÜN PAYIZ DUYĞULARI…
Deyirlər, insanın 60 yaşı ömrün zirvəyə həsrətlə boylanan çağıdır. Ömrünün 60-cı baharını yaşayan dostum Murad Məmmədovun şeir yazdığını son bir ildə bilmişəm. Adətən 60 yaşında şairlərin seçilmiş əsərləri nəşr olunur. Amma Murad yaşının bu cağında şeirlərini təzə-təzə işıq üzünə çıxarmağa başlayıb. Onun bu yaşda şeir yazmağa başlaması bir çoxlarını təəccübləndirsə də, şəxsən bu, mənə heç də qəribə təsir bağışlamadı. Çünki insan həyatda ömrü sınağa çəkən elə anlarla qarşılaşır ki, bəzən kədərlənir, bəzən sevinir. Bu da insanın hiss- həyacanına təsir edir. Bu mənada Murad da özünə- sözünə əmin olduğu üçün yazır, öz yaşantılarını yazır, özünü yazır. Bununla yanaşı, öz müşahidələrini də qələmə alıb, şeirə-sözə çevirir.
Yəqin ki, bu da ömründən ötənləri dilə gətirmək ehtiyacından və səmimiyyətindən doğur. “Neynəyim söz məni rahat buraxmır”,-deyir. O, sazlı-sözlü İncə dərəsində doğulub, boya- başa çatıb. Saza-sözə vurğunluğu ana laylası kimi beşikdən başlayır.
Şeirlərində illərin bəxş etdiyi müdrikliklə yanaşı, gənc yaşlarındakı saflığını əks etdirən duyğuların da nəfəsi duyulur:
Bir kənddən şəhərə heç nəyə satdı,
Məni gəncliyimdən qoparan yollar.
Yaman dilə tutdu, yaman aldatdı
Qazaxdan Bakıya aparan yollar.
* * *
Yüz arzu vəd etdi, gözüm qamaşdı,
Beynim dumanlandı, əlifim çaşdı.
Önümdə yeni bir mənzərə aşdı
Qazaxdan Bakıya aparan yollar.
Muradın duyğuları düşdüyü ovqatın obrazlı mənzərəsini də yarada bilir:
Baxıram bu ömrə, bu günə yadam,
Söz məni dünyamdan, özümdən alır.
Ona sevinirəm, bir ona şadam,
Yazdığım nə varsa nişanə qalır…
Murad Məmmədov ixtisasca mühəndisdir. Uzun illər istehsalada çalışıb. Yaradıcılıq sahəsindən uzaq olsa da, ruhən saza- sözə bağlıdır. Bu da səbəbsiz deyildir. O, şairlər diyarı, sazlı-sözlü Qazaxdandır. Muradın saza- sözə bağlılığından el-oba mehri duyulur. Bakıda yaşasa da, doğulduğu yurddan ilham alır. Saz ovqatına köklənməsi şeirlərini bir qədər də şirinləşdirir, incəlilərə sevdirir. Muradın şeirlərinin qayəsini insanın mənəvi saflığı, mənəvi bütövlüyü təşkil edir:
Bir ömür yaşadım bildiyim kimi,
Səssizcə gedəcəm, gəldiyim kimi.
Neçə günahları sildiyin kimi,
İlahi, rəhm elə, keç günahımdan.
* * *
Bilmədim, kiminsə haqqına girdim,
Bəzən gec anladım, səhvimi gördüm.
Oldu ki, nahaqdan yüz günah dərdim,
İlahi, rəhm elə, keç günahımdan.
* * *
Mən elə yaşdayam məramım bəlli,
Üzümdə yalvarış, gözdə təsəlli,
Nə desən razıyam, indi beşəlli,
İlahi, rəhm elə, keç günahımdan.
Murad Məmmədovun duyğular aləmi mənə də məhrəm və doğmadır. Qısa da olsa, onun duyğu dünyası ilə sizi tanış etməyə çalışdım. O, ilk şeir toplusunu sizin mühakimənizə verir. Düşünürəm ki, onun şeirlərini küll halında oxusanız, özünüzdə aydın təsəvvür yaranacaqdır.
Müəllif: Həzi HƏSƏNLİ ,
Şair-publisist.

HƏZİ HƏSƏNLİNİN YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru