AKİF ABBASOV. JURNAL MƏQALƏSİ.

AKİF ABBASOVUN YAZILARI

JURNAL MƏQALƏSİ
(hekayə)
İdris bir məqalə yazmışdı. Pis çıxmamışdı. Aparıb jurnallardan birinə vermək istəyirdi. Amma jurnal redaksiyaları yazıları rəysiz qəbul etmirdilər. Üstəlik işlədiyin şöbənin iclas protokolundan çıxarış da istəyirdilər.
Odur ki, məqaləni gətirib şöbə müdiri Əmir Mübarizova verdi. Əmir müəllim başını qaldırıb İdrisə baxdı:
-Məqalədir?
İdris cavab verdi:
-Məqalədir.
Əmir müəllim soruşdu:
-Özün yazmısan?
İdris dedi:
-Özüm.
Əmir müəllim sorğu-sualını davam etdirdi:
-Köçürüb eləməmisən ki? Başımıza iş açarsan. Rəy verəcəyik. Sonra səni qoyub yapışarlar bizim, şəxsən mənim yaxamdan ki, plagiat yazılar verirlər jurnala.
İdris inandırmağa çalışdı:
-Köçürmə yoxdur. İqtibaslar var. Onların da mənbələri göstərilib.
Onun cavabları Əmir müəllimi qane etdiyindən dedi:
-Lap yaxşı. baxıb, nəticəsini sənə deyərəm.
Əmir müəllim İdrisin dayanıb baxdığını görüb:
-Yəni deyirəm ki, tanış olum, layiq bilsəm aparıb verərsən çapa, – dedi.
İki gün keçdi. Əmir müəllim İdrisi yanına çağırtdırdı. Şöbə müdirinin ayrıca otağı vardı. İşçilər isə başqa bir böyük otaqda əyləşirdilər. İdris kiçik elmi işçi idi. Elmi-tədqiqat institutunda bir il olardı ki, işləyirdi.
-Əyləş.
İdris oturdu. Əmir müəllim sözünə davam etdi:
-Məqalənə baxdım. Açığ, xoşuma gəldi. Halal olsun sənə. İşinin çəmini tapmısan. Amma məqalənin sanbalını bir qədər artırmaq lazımdır.
İdris baxdı. Yəni “necə?”.
-Soruşursan necə? Sən kiçik elmi işçisən, məqalə müəllifliyinə bir elmlər doktoru, professor da artırsan, yazının sanbalı artar.
-Başa düşdüm.
İdris gedib Əmir müəllimin də adını yazdı. Özü düşdü ikinci yerə. Yazını gətirib Əmir müəllimə verdi. Əmir müəllim razı halda:
-Bu başqa məsələ. Əla. Məqaləmiz tüğyan edəcək. Sən işində ol. Məqaləni mən özüm redaksiyaya göndərərəm. Elə bilirsən hər məqaləni çap edirlər. Gərək adamın ola.
İdris dönüb getmək istəyəndə Əmir müəllim onu saxladı:
-Hələ bir dayan. O Fəridə xanımın əri bilirsən ki, dostumdur. Professor Mustafa müəllimi deyirəm. Mənə ağız açıb. Bu Fəridə xanıma bir məqalə lazımdır ki, illik hesabatında adını göstərsin. Etiraz eləməsən onun da adını yazardıq. Biz heç nə itirmirik. Məqalənin sanbalı artır. Fəridə xanım da fəlsəfə doktorudur.
İdris əlacsız qalıb:
-Siz bilən məsləhətdir, Əmir müəllim.
-Yaxşı, get.
Bu də İdris müəllif kimi üçüncü yerə düşdü.
Təxminən bir ay keçdi. Əmir müəllim yenə İdrisi kabinetinə çağırdı. Jurnal çıxmışdı.
-Əyləş.
İdris oturdu.
-Oğlum. Təbrik edirəm, məqalə çap olundu. Çox yaxşı da qarşılanıb. Böyük zəhmət çəkmisən. Amma jurnal çapa getməmişdən əvvəl baş redaktor mənə zəng etmişdi. Dedi 5-6 səhifəlik məqalənin 3 nəfərin imzası ilə çap olunması məsləhət deyil. Həm də professor, fəlsəfə doktoru olduğu halda kiçik elmi işçinin adının yazılmasına nə ehtiyac var? Mən də etiraz edə bilmədim. İndi məqalə dərc olunub. Sənin adını çıxarıblar. Mənim imzamla Fəridə xanımın imzası göstərilib. Gərək bağışlayasan.
İdris sakitcə ayağa qalxdı. Şöbə müdirinə indi nə desin? “Daldan atılan daş topuğa dəyər”. İş işdən onsuz da keçmişdi. Odur ki özünü sındırmaq istəmədi:
-Əmir müəllim, narahat olmayın. Görünür belə məsləhət imiş, – deyib otaqdan çıxdı.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir