ÇİNGİZ ABDULLAYEVİN YARADICILIĞI VƏ FƏALİYYƏTİ. RAMİZ DƏNİZ.

Ramiz DənizÇingiz Abdullayev

ÇİNGİZ ABDULLAYEVİN YARADICILIĞI VƏ FƏALİYYƏTİ

Azərbaycan dünya ədəbiyyatına bir sıra sənət ustaları veribdir. Bu sənətkarlardan hər birinin özünəməxsus ədəbi məktəbi, orijinal yaradıcılıq yolu olmuşdur. Eyni sözləri, siyasi dedektiv janrında gözəl romanlar bəxş edən xalq yazıçısı Çingiz Abdullayev haqqında da deməliyik. O, öz yazı üslubu ilə müasir həmkarlarından fərqlənərək, adı çəkilən janrla Azərbaycan ədəbiyyatına yeni ruh, yeni rövnəq gətirdi.

Çingiz Abdullayevin müasirləri arasında qazandığı böyük nüfuz ədəbi mühitlə məhdudlaşmamış, ölkımizin ictimai-siyasi həyatında göstərdiyi fəaliyyət, ictimai proseslərdə fəal və intensiv iştirakı geniş əks-səda doğurubdur. Böyük idealların təsdiqində fəallıq göstərmək, müasir ictimai-siyasi proseslərin hadisə və meyllərin dərin təhlilini vermək, xalqın, xüsusən də, dəstək verdiyi cavan yaradıcı insanların rifahı naminə mücadilə etmək onun ictimai fəaliyyətinin mərkəzində dayanıbdır. Mirzə Fətəli Axundzadə demişdir ki, “Mənim xalqımın fitri istedadı Avropa xalqlarının fitri istedadından qat-qat artıqdır”. Buna bariz nümunə Çingiz Abdullayevin parlaq yaradıcılığıdır. O, öz yaradıcılığı ilə sübut edir ki, bizim əsərlər milliyyətindən asılı olmayaraq, Avropada və digər qitələrdə yaşayan intellektual səviyyəli oxucuların diqqət mərkəzində ola bilər.

Ədəbiyyatda belə yazılmamış qanun var – hər bir yazıçı yaratdığı əsərlərin kəmiyyətindən və istedad dərəcəsindən asılı olmayaraq çox vaxt bir əsəri ilə tarixə düşür, yalnız bir əsəri onun sənətkar adının tam dəyərli ekvivalentinə çevrilir. XX əsrin sonlarına qədər Çingiz Abdullayevin adı çəkiləndə də yada ilk növbədə məşhur “Mavi mələklər” əsəri düşür.

İnsanlarda xoş ünsiyyət yaratmaq, zamanın ruhunu duymaq, öz alovlu, təsiredici nitqi ilə on minlərlə, yüz minlərlə insanın məhəbbətini qazanmaq, əxlaqi, etik, mədəni keyfiyyətlərlə ətrafda cərəyan edən içtimai proseslərin nəbzini tutmaq Çingiz Abdullayevi geniş miqyasda kamil insan səviyyəsinə gətirib çıxarıbdır. Kamil insanın daxili aləminə girib onun ürəyindəki duyğuları və təfəkküründəki fikirləri qələmə alıb yazmaq, çox mürəkkəb proses sayılır. Lakin mən Çingiz müəllimi şəxsən tanıdığım üçün, onun daxilində cərəyan edən, bəzi xarakterik sirrlərə bələdəm və məhz buna görə də sözün əsl mənasında, təfəkkürümdə, bu böyük insan barəsində gəzdirdiyim bir çox fikirləri paylaşmaq məcburiyyətindəyəm. Çingiz Abdullayevin əhatə dairəsi və fəaliyyət məkanı o qədər genişdir ki, onun haqqında nəinki qəzetdə məqalə, hətta böyük bir kitab yazsan da azdır. Onunla bağlı mən özümdə bir çox şeyləri kəşf etdim. Həyatın ağrılı-acılı çağlarına sinə gərməyi bacaran, bir çoxları kimi ruh düşkünlüyünə qapanmayan, hansı maneə ilə üzləşirsə-üzləşsin, həyata nikbinliklə baxan nasir tezliklə öz aləmini yaradır. Çingiz Abdullayev getdikcə həyatla daha sıx əlaqəyə girir, onun sirrlərini öyrənməyə, ziddiyyətlərinə açar tapmağa can atır. Onda olan bədii istedad Azərbaycan ədəbiyyatı üçün yeni sayılan yeni romanların yaranmasına gətirib çıxarır və Çingiz Abdullayev peşəkar nasir kimi cürbəcür baxışlı oxucular arasında təşəkkül tapır və əlbəttə ki, onların maraq obyektinə çevrilərək, onun yeni yazılarını izləməyə başlayırlar.

Hamıya bəllidir ki, Çingiz Abdullayev nəinki Azərbaycanda, hətta postsovet və Avropa məkanında yazıb-yaradan ən məhsuldar yazıçılardan biridir və demək olar ki, hər ay onun əsərləri yeni-yeni ölkələrin sərhədlərini aşaraq, geniş oxucu kütləsinin qəlbinə yol tapır. Belə bir nəticə ilə yaradıcı insanlarla yanaşı, bütün xalqımız fəxr etməlidir.

Çingiz Abdullayev öz nəslinə mənsub olan ən gözəl xüsusiyyətlərdən birini öz xarakterində cəmləşdirərək, insanlar arasında yaranan dialoq nəticəsində liberal prinsiplərə üstünlük verir. Əlbəttə, ünsiyyət insanların bir-birini qavramasından başlanır. Çingiz Abdullayev insanlarla söhbət edərkən, ilk növbədə həmsöhbətini səmimi olmağa çağırır və hər hansı bir mövzunun aktual olmasını xoşlayır. Adəti üzrə o, inandığı, etibar etdiyi adamdan heç nə gizlətmir, özündə olan düşündürücü fikirləri, xüsusən də, ona açıqlayır. Səmimiyyət ürəkaçıqlığın, xeyirxahlığın açarıdır. Lakin bir çox insanlar çox vaxt, bu məqamda bir-birini düzgün qavramır, özlərinin davranış motivlərini birtərəfli anlayır, əsaslı bir səbəb olmadan yadlaşır, bir-birindən ayrı düşür, incik gəzir, aylarla-illərlə küsürlər və s. Çingiz Abdullayev isə insan xarakterində olan bütün bu təzadlara baxmayaraq, liberal insan olduğundan hamı ilə kompromissə gedir və humanistliyi ilə hamını sakitliyə, loyal yola dəvət edir. Hətta ətrafında olan dost-tanışlarından kimsə küsəndə, o, həmin adamları barışdırmağa çalışır. O, adamların bir-birilərini qavrayanda ən çox hansı xüsusiyyətlərə daha çox diqqət yetirdiyini aydınca sezir.

MÜƏLLİF: RAMİZ DƏNİZ

RAMİZ DƏNİZİN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

AZƏR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF YUSİFLİ. ÜZÜ DAN YERİNƏ, SEVİNDİK!

Vaqif Yusifli-filologiya elmləri doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri.

ÜZÜ DAN YERİNƏ, SEVİNDİK!

Deyirlər ki, Aleksandr Sergeyeviç Puşkin yeddi-səkkiz yaşlarında şeir yazmağa başlayıb. Liseydə oxuyanda müəllimləri qarşısında şeir söyləyib.

Deyirlər ki, Mirzə Ələkbər Sabir də Seyid Əzimin şagirdi olanda şeir oxuyub ona: “Tutdum orucu irəmazanda”…

Deyirlər ki, Cəfər Cabbarlı yaradıcılığa 11-12 yaşlarından həvəs göstərib və çox keçmədən mətbuatda şeirləri dərc olunub.

Ancaq biz Sevindik Nəsiboğlunu nə Puşkinlə, nə Cabbarlı ilə, nə də Sabirlə müqayisə edirik. Və qətiyyən bu fikirdə deyilik, 15 yaşı hələ tamam olmamış, amma 7-8 yaşlarından mətbuatda şeirləri ilə çıxış edən və 15 yaşında artıq 5 kitabın müəllifi olan Sevindik Nəsiboğlu Azərbaycanın böyük şairi olacaq. Yox! Qarşıda aylar, illər var və Sevindiyin özünü əsl şair kimi təsdiq edəcəyi tarix hələ qabaqdadır. Ancaq bu 5 kitab və o kitablarda toplanan şeirlər, publisistik məqalələr mənə haqq verir deyəm ki, Sevindik Nəsiboğlu istedaddır.

15 yaşı hələ tamam olmayana bizdə uşaq deyirlər, ya da ilk gənclik dövrünü yaşayan… Amma ona nə uşaq deyirəm, nə də yeniyetmə.

Sevindik Nəsiboğlu tanrının ona bəxş elədiyi bu mənəvi qüvvənin hələ başlanğıc mərhələsini yaşayır. Amma şəxsən məndə böyük bir inam hissi var ki, onun istedadı daha da parlayacaq.

Onun ilk şeirlər kitabının adı “Dünyamsan Azərbaycan” adlanır (2018). 10 yaşı vardı o zaman. Bu kitabda toplanan şeirlər vətənpərvərlik ruhunda qələmə alınıb. 10 yaşlı uşağın – məktəblinin Vətən sevdalısı olması sizə heç də qəribə görünməsin. Vətənpərvərlik – Vətən sevdası təkcə ailədən, məktəbdən gəlmir, həm də süddən, qandan gəlir. Bu şeirləri yazanda Azərbaycanın cənnət guşələri – Qarabağ hələ işğal altında idi. Bir çox şairlərimizin şeirlərində bədbinlik, ümidsizlik motivləri ilə qarşılaşırdıq. Və bunun da səbəbi vardı. Bizə elə gəlirdi ki, daha Qarabağı – Şuşanı itirmişik. Amma 2020-ci ilin 44 günlük Vətən müharibəsi bütün bu bədbinliyə son qoydu. Sevindik Nəsiboğlu heç də bədbinliyə qapılmırdı. Heç bir şeirində mənə rast gəlmədi ki, o, tam kədərli olsun, ağlasın-sıtqasın, qəm-qüssəyə batsın.

Bura Natəvanın yurdu,

O, sinəndə yuva qurdu.

Yaşasın qəhrəman ordu,

Narahat olma, Qarabağ.

“Könüllərə yol gəzirəm” (2020) və “Möhtəşəm zəfərin nişanəsi” şeirlər kitablarında isə Sevindik Nəsiboğlunun addımları daha inamlıdır. Hiss edirsən ki, o, şeiriyyət aləmi deyilən bu böyük mənəvi Vətəndə özünü təsdiq etməyə can atır, bir gənc şair kimi axtarışlar aparır. Çalışır ki, hər hansı bir şeirində öz ürəyindən keçən hisslərini, duyğularını poeziya dili ilə oxucularına çatdırsın.

O şeirləri oxuyuruq və görürük ki, Sevindik başdan ayağa, misradan misraya Azərbaycançıdır.

2020-ci ilə qədər yazdığı şeirlərdə mövzu müxtəlifliyi diqqəti cəlb edir. Vətənpərvərlik mövzu deyil, içdən qandan gələn şahanə duyğudur və Sevindik ordumuza, Şəhidlər xiyabanına, Azərbaycan əsgərlərinə, ayrı-ayrı qəhrəman oğullarımıza həsr etdiyi şeirlərində Vətənləşir. Təfsilata varıb şeirlərdən parçalar nümunə gətirə bilərik, yalnız “Vətən bayatıları”na üz tutaq:

Arar Şuşanı gözüm,

Qalmayıb canda dözüm.

Şuşasız üzüm gülməz,

Ağlayır kəlməm, sözüm.

Könüllərə yol gəzən Sevindik Şuşadan – Qarabağdan, Kəlbəcərdən, Xocalıdan keçir, yolu Naxçıvana, ana torpağımızın bir çox guşələrinə bağlanır.

Mən bilmirəm o, Nizaminin, Nəsiminin, Füzulinin, Sabirin əsərlərinə necə bələddir, amma onlara sevgisini əsirgəmir: “Dünya var olduqca yaşayacaqlar Nizami, Nəsimi, Füzuli, Sabir”. Ümumən, Sevindiyin öz doğma Azərbaycanının böyük sənətkarlarını vəsf etməsini alqışlayıram. Bakıxanov, Sabir, Müşfiq, Cabbarlı, Cabir Novruz, Vaqif Səmədoğlu… Hiss edirəm ki, onun mütaliə dairəsi də genişdir – amma bu mütaliə həm də sevgiylə yoğrulur. Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr etdiyi bir şeiri daha çox xoşladıq:

Gözlərdə bir sükut var,

Hər gün təzələnir.

Qaranlıqlar arasında,

Hər gün pislik gəlir, gedir.

Sanki mən baltalanmışam,

Yerdə qıvrılır yazıq bədənim.

Gecə keçir, gecə keçir,

Pərdələr açır səhəri.

Sanki mən bahalanmışam

Yaşamağa qoymurlar məni

Səhərə bir inamla,

Açıram pərdələri.

Pislik məni gözləyir

Yola verirəm sevincləri.

Poemalarına gəldikdə bu janrda qələm çalma çox məsuliyyətli işdir. Cavid haqqında poema yazmaq o deməkdir ki, sənin içində, ruhunda və duyğularında bir Cavid var.

Mən Sevindik Nəsiboğluya şeirlə bağlı bir-iki tövsiyəmi bildirmək istəyirəm.

1. Onun əsl, mükəmməl şair olacağına inanıram. Amma o mükəmməlliyə yetişmək üçün şeirlərində obrazlı fikir söyləmək səviyyəsi də lazımdır. Bir az məzmunçuluqdan, nəqilçilikdən uzaqlaşmaq gərək.

2. Bizim şairlərdən Bəxtiyar Vahabzadə, Məmməd Arazı, Musa Yaqub, Əli Kərimi, Sərdar Əsədi, Ramiz Rövşəni, Vaqif Bayatlını diqqətlə oxu. Onları təqlid etmə, amma şairlərdən öyrən – sözə necə obrazlı yanaşıblar.

3. Səməd Vurğunu da, Rəsul Rzanı da, Hüseyn Arif, Nəbi Xəzrini də Süleyman Rüstəmi də oxu. Ümumiyyətlə, əvvəlki sənətkarları tanı, quruluşa – onların hansı dövrdə yaşadıqlarına əhəmiyyət vermə. Şeir şeirdir. Onları ona görə dönə-dönə oxu ki, şeiriyyətləri gözəldir.

4. “Azərbaycan” və “Ulduz” jurnallarını – onların hər sayını al, oxu. Ədəbi mənzərə ilə tanış ol.

5. Təkcə “Kredo”da yox, başqa qəzet və jurnallarda da dərc olun, qoy səni yaxşı tanısınlar. Sağ olsun Əli Rza Xələfli, səni tanıtdı, amma dairəni genişləndirmək lazımdır. Ədəbiyyat əyləncə deyil, sən bunu yaxşı başa düşürsən.

Sevindik Nəsiboğlu “Ulu Naxçıvanım” və “Möhtəşəm zəfərin nişanəsi” publisistik kitablarının da müəllifidir. “Ulu Naxçıvanım” məqalələr toplusunu, elə “Naxçıvannamə” də adlandırmaq olardı. Əgər mən onun şairliyinə mükəmməllik arzulayıramsa, publisistikası haqqında daha yaxşı fikirdəyəm. O, artıq əsl publisistdir! Özü də onun publisistik yazılarını bədii publisistika adlandırıram. Bu publisistikanın qəhrəmanları da bizə tanışdır – 44 günlük zəfər müharibəmizin qəhrəmanlarıdır…

Mən Sevindik Nəsiboğluya – bu 15 yaşlı gənc istedada inanıram. Yoluna davam et, Sevindik! Gələcək səni gözləyir! Üzü dan yerinə!

2023.

MÜƏLLİF: VAQİF YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI


AZƏR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əliağa Kürçaylı – ömrün sahili – FOTOLAR – Azər TURAN

AZƏR TURANIN YAZILARI

Kürçaylının doğum və ölüm tarixləri fevral ayına təsadüf edir.

52 il yaşasa da, yaradıcılıq bioqrafiyası zəngin olan nadir şairlərdəndir.

Dantenin “İlahi komediya”sını dilimizə çevirib. Yesenindən tərcümələrini “Yesenin səltənətinin Azərbaycandakı açarı” adlandırıblar. “Fillər də ağlayır” şeirinə cavab olaraq, Təbrizdə Bulud Qaraçorlu Səhənd “Əliağa Kürçaylıya məktub” poemasını yazıb. Əliağanın “Durnalar cənuba uçur” poeması Cənub mövzusunda yazılmış ən yaxşı əsərlərdəndir. Sevgi şeirlərində səsi, nəfəsi, ifadə tərzi, üslubu, obrazlar aləmi qeyri-adidir. “Gedək üzü küləyə”, “Təki sən səslə məni”… kimi sevgi şeirləri nəğməyə çevrilib, yaxud “Bir sən, bir mən olum, bir uçuq kaha – / Heç nə istəmirəm taledən daha” misraları heç nəğməyə çevrilmədən belə Azərbaycanda dillər əzbəri olub. “Dənizdə ay çimirdi” şeiri Yahya Kamalın “Nəzər” şeiri ilə müqayisəli təhlilə imkan verən şeirdir. Kürçaylı Muğanı tərənnüm edib. Onun Muğandan ilham alan təbiət lirikasında əhval başqadır: “Torağay torpağı ayaqlarıyla / Çörək üzü kimi naxışlayıbdır”. O, Muğan torpağına qədim Muğ kahinləri kimi ilahi dəyər verib. Ağır və ləngərli təhkiyəsi olan “İnsan həsrəti” poemasında Muğanlı insanların mifoloji geneologiyasını yaratmağa cəhd edib. Onun şair ilhamı Muğan torpağının üstündə gəzmir, əksinə, Muğanı başı üzərinə qaldırıb, bayraq kimi dalğalandırır. Nə sirdirsə, eyni torpağın övladları – XX yüzilin ilk illərində Əli bəy Hüseynzadə Ər Manas haqqında ilk elmi fikri dövriyyəyə buraxıb, Manas barədə Azərbaycanda ilk şeiri (həm də ən gözəl şeiri) XX yüzilin 70-ci illərində Ə.Hüseynzadənin eloğlusu Kürçaylı yazıb. Azərbaycan siyasi lirikasının bənzərsiz örnəklərindən olan “Yedək gəmisi” şeiri də onundur. Dramlar, komediyalar qələmə alıb. O, “Daşlar Qobustanda şöhrətə dönüb, / Daşlar yetim qalıb Xudafərində…” deyəcək qədər Azərbaycanı bütöv görə bilən iti fəhmli şairlərdən idi. Mikayıl Abdullayevin çəkdiyi və Azərbaycanlıların təsəvvüründə Nəsiminin obrazı olaraq sabitləşmiş portretdəki gözlər, qaşlar, üz cizgiləri Əliağaya məxsusdur. 

Neftçalada, İmamverdi Əbilovun arxivində Kürçaylının məktubları, şairin evimizdə olarkən xatirə dəftərinə yazdığı unikal qeydlər, birgə çəkdirdikləri şəkillər var. Amma səmimiyyətinin aşırılığı ilə məni hər zaman iki sənəd daha çox heyrətləndirib. Biri Əliağa Kürçaylının 1961-dən 62-yə keçən gecə, yəni yeni il gecəsi axşamı xatirə dəftərinə yazdığı qeyd, digəri də elə həmin il, yəni 1962-ci il oktyabrın 9-da yazdığı məktubdur.

Nə gözəl günlər var imiş. Dekabrın 31-də ailə üzvləri ilə bir yerdə yeni il gecəsini keçirmək üçün bir-birinə qonaq gedirmişlər. Göy üzlü xatirə dəftərini vərəqləyirəm. Əliağa Kürçaylının yazdığı ürək sözləri: “Adam unudulmaz dəqiqələri həmişə yaşamır. Ona görə də belə dəqiqələrin qiyməti ölçülməz olur. 1962-ci ilə keçən bu gecədə mən belə unudulmaz gecələrdən birini yaşadım. Ürək arzulayan dostun məclisindən daha gözəl nə ola bilər, İmamverdi müəllim? Belə bir dəqiqəni mən sizdə yaşadım. (Daha doğrusu, öz evimizdə. Elə deyilmi, qardaş?) Əliağa Kürçaylı. 31.XII.1961 – 01.01.1962“.

Və bir də 1962-ci ildə yazdığı məktub:

“9 / X – 62

Əziz qardaşım İmamverdi!

Vəfasız qardaşından salamlar! Ümumiyyətcə, öz günahına səbəb axtaran, üzr üçün bəhanə gətirən adamlardan mənim əsla xoşum gəlmir. Desəm ki, sənə zəng etməməyimə və ya məktub yazmamağıma səbəb, tutaq ki, işimin çoxluğu, başımın qarışıqlığı olubdur – sən bu üzrü qəbul etmə.

Necə yəni işim olub? Qardaşı, ürək dostunu yada salmaqdan da böyük iş ola bilərmi? Beləliklə, mən öz hərəkətimi səmimi olaraq məsuliyyətsizlik və ya başısoyuqluq adlandırıram ki, bunu da adama bağışlamazlar.

Ancaq bir məsələni yəqin ki, sən mətbuatdan oxumusan – Mən Tacikistana getmişdim. (Öz aramızdır, qeyri-iradi olsa da, deyəsən, günahım üçün səbəb tapdım). Oktyabrın 3-də Bakıya qayıtdıq. Bəxtiyar da getmişdi. O, gələn günün səhəri Moskvaya getdi. Görürsən, ömür təkərlər üzərində keçir. Sənin xəstələnməyin məni daha çox dilxor elədi. Axı sən niyə hər şeyi ürəyinə salırsan? Qardaş, müasir zamanda əksikləri düzəltmək üçün bir insan ürəyi heç nəyə yaramır. Ona görə də bəzən, rus demişkən “maxni rukoy!” Yusif Səmədoğlu iki aya yaxındır ki, bu lənətə gəlmiş ürəyin vəfasızlığı üzündən xəstəxanada yatır. 25-26 yaşlı bir gəncin ürəyindən şikayəti, mənə elə gəlir ki, bir ibrət ola bilər. Qaldı məktubundakı bədbin əhval-ruhiyyə, məni heç açmadı, xüsusən, sənə yaraşmır. Hələ qabaqda görüləsi o qədər iş, böyüdüləsi uşaq, yazılası əsərlər var ki! Müdafiəni qurtar, sonra bir 5-6 il elmi işlə (akademizm mənasında) məşğul olma. Yalnız dövri mətbuat üçün məqalələr yazarsan. Yay aylarında isə çıxarıq səyahətə.

Bu belə.

Rəsul haqqında məqaləni qurtar gətir. İslam məsələsinə gəlincə, onu sabah soruşaram. Amma açığını deyim ki, heç inanmıram. O öz redaksiya işini elə bir qarınağrısı ilə görür ki… Belədir də, qabiliyyətsiz adam oxlov kimi düm-düz olur. Qabiliyyətli adam isə tənək kolu kimi!

İndi isə özümdən:

Poemanı qurtarmışam. Bir parçası keçən ay “Azərbaycan gəncləri”ndə çıxdı (reklam xatirinə). Bütövlükdə (qlavlitdən keçsə) jurnalın 10-cu nömrəsində çıxır. Kitab məsələsinə gəlincə Azərnəşr gələn ilin planına mənim şeirlər kitabımı salıb, əgər fövqaladə bir hadisə olmasa çıxar.

Bu da belə.

Qardaş, mən də yaman darıxıram. Tacikistanda da o qədər o yan-bu yana qovdular ki… Görüş və yemək!

Rayona özüm də çox gəlmək istəyirəm. Hələlik gözləyirəm. Görək bu pambıq cəlladımızla haqq-hesab necə olacaq!.. Çünki gəlib vəziyyəti elə görəndə adam dünyadan əlini üzmək istəyir. Bakıya gəlməyin məni sevindirdi. Gəl, oturaq, dərdləşək.

Bu qədər.

Bacıma, balalara çoxlu-çoxlu salam de. Özün də gələndə ağıllı-başlı ürək gətir. Xəstəlik söhbətini təmiz unut!

Sizin Əliağa”.

Kürçaylı bizə çox gəlmişdi.

1963-cü il oktyabr ayında Süleyman Rüstəm, Vladimir Qafarov, Qılman İlkin, SSRİ dövlət himninin müəllifi, şair Qarold Registanla birgə. 1964-cü ildə bəstəkar Rauf Hacıyevlə bir yerdə…

Sonuncu gəlişinin tarixini dəqiqləşdirmək üçün atamın gündəliklərinə baxıram. 31 may 1978-ci il imiş. Kürçaylının ölümünə 19 ay qalıbmış. Neftçalada Sabir günləri çərçivəsində tədbir keçiriblər. İkisi də çıxış edib. Şəkilləri də var. İclasda yanaşı oturublar. Kürçaylının elə şəkli başqa yerdə yoxdu. Kim bilir, bəlkə də son şəklidir. Və Kürçaylı artıq “Dözmür dalğalara ömür gəmisi, / Sonuncu sahilə çatıram demək” misraları ilə başlayan “Mən olmayanda” şeirini yazıb. Həmin görüş barədə İmamverdi Əbilovun gündəliyindən: “Yanaqları qürub şəfəqini xatırladırdı. “On dörd il əvvəl, məhz bu ayda sizə gəlmişdim. Onda elə bilərdim ki, məni təbiət deyilən bu ulu ananın qoynundan qorxunc fil xortumları da qopara bilməz. Amma indi…” Biganə təbəssümlə susdu”.

Son görüşləri isə bu söhbətdən bir il yeddi ay sonra, Kürçaylının son günlərində – Kürçaylının evində olub… “Qupquru dodaqları zorla bir-birinə yaxınlaşdı, elə bil qeybdən gələn qırıq-qırıq kəlmələr eşidildi: “El-oğ-lu… Mən-dən sə-nə əma-nət…” Sözünün ardını deyə bilmədi, buna taqəti çatmadı, zorla açılan gözlər yavaş-yavaş qapandı…”

20 fevral 2023

İlkin mənbə:edebiyyatqazeti.az

Müəllif: Azər TURAN

AZƏR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Alber Kamü və absurdizm (“Sizif haqqında mif”) – SƏRVANƏ DAĞTUMAS

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

Alber Kamü və absurdizm (“Sizif haqqında mif”)

Absurdizm insanın “öz həyatına məna qatmaq” kimi ən təməl ehtiyacına kainatın “yersiz sükut”la qarşılıq verməsidir. Kamü insan həyatının absurdluğunu yunan mifologiyasındakı Sizif obrazının vəziyyətinə bənzədir. Belə ki, tanrılar onu iri bir daş parçasını dağ ilə üzüyuxarı qaldırmaqla cəzalandırırlar və o, daşın sonda yenə də aşağıya yuvarlanacağını bildiyi halda, bu mənasız tapşırığı ömrünün sonuna qədər yerinə yetirməyə məhkumdur.Həqiqətən vacib olan yeganə fəlsəfi problemin intihar olduğunu düşünən Kamü bu suala cavab verməyi qarşısına məqsəd qoyur: həyatın mənasızlığını və absurdluğunu anlamaq mütləq şəkildə intihar etməyi gərəkdirir? O, sualına cavab axtarmağa absurd vəziyyəti təsvir etməklə başlayır: biz həyatımızı sabaha olan ümidimizin üzərində qururuq, buna baxmayaraq, sabahki gün bizi ölümə daha da yaxınlaşdırır və əsas düşmənimizdir; insanlar həyatını sanki ölümün qaçılmazlığından xəbərsizmiş kimi yaşayır. Romantikləşmiş düşüncələri bir kənara qoysaq, dünya yad və qeyri-insani bir yerdir. Gerçək bilik dediyimiz şeyin mövcud olması mümkün deyil. Rasionallıq və elm dünyanı izah etməkdə acizdir, çünki onların irəli sürdüyü şeylər sadəcə mənasız abstraksiyalar və metaforalarla nəticələnir. Əslində, absurd olan dünyanın özü yox, insanın dünya haqda fikirləridir: insanın anlamaq ehtiyacı dünyanın mənasızlığı, “mütləq və vahid olana duyduğu aclıq” isə “bu dünyanı rasional və ağlabatan bir prinsipə uyğunlaşdırmağın mümkünsüzlüyü” ilə üz üzə gələndə absurd baş qaldırır.

Absurdu qəbul etmək bu mənasız dünyanın insana təklif etdiyi hər şeyə qucaq açmaq deməkdir. Məna olmayan həyatda heç bir dəyər bölgüsü də yoxdur. Beləliklə, sonda Kamü absurdluğunun fərqinə vararaq onunla yaşamağın üç şeylə nəticələndiyi fikrində dayanır: üsyan, azadlıq və ehtiras.

Şopenhauer və Nitşedən təsirlənən Kamü həyatın mahiyyətcə mənasız olduğunu iddia edir, baxmayaraq ki, insanlar varlığa nizam-intizam tətbiq etməyə və cavabsız suallara cavab axtarmağa davam edirlər. 

Kamü tanrılar tərəfindən əbədiyyətə məhkum edilmiş Sizif haqqında Yunan əfsanəsindən metafor kimi istifadə edir. Həyatın əsas absurdluğuna qarşı fərdin inadlı mübarizəsinə görə. Kamüya görə, fərdin atmalı olduğu ilk addım bu absurd həqiqəti qəbul etməkdir. Sizifə gəlincə, intihar mümkün cavab deyilsə, yeganə alternativ daş daşı təpəyə yuvarlamaqla sevinərək üsyan etməkdir. Kamü daha sonra iddia edir ki, məğlubiyyətə qarşı mübarizənin sevinclə qəbul edilməsi ilə fərd tərif və şəxsiyyət qazanır.

Absurd, həyata məna vermək üçün əsas insan ehtiyacı ilə cavab olaraq kainatın “əsassız sükutu” arasında qarşıdurmadadır. Kamü iddia edir ki, absurdun həyata keçirilməsi intihara haqq qazandırmır və bunun əvəzinə “üsyan” tələb edir. Daha sonra o, absurd həyata bir neçə yanaşmanı təsvir edir. Son fəsildə Kamü insan həyatının absurdluğunu yunan mifologiyasının simalarından olan Sizifin vəziyyəti ilə müqayisə edir. Daşı dağa itələmək kimi eyni mənasız işi əbədi olaraq təkrarlamağa məhkum edilmişdi, ancaq yenidən yuvarlandığını görmək üçün. Oçerk belə yekunlaşır: “Mübarizənin özü… insanın ürəyini doldurmaq üçün kifayətdir. Sizifi xoşbəxt təsəvvür etmək lazımdır”.

Kamü qeyd edir ki, ” Şəxs Allaha inanmasa belə, intihar qanuni deyil”.

Ölümü zəncirlə bağlayan Sizif əfsanəsini təsvir edir ki, heç bir insan ölməsin. Absurdu qəbul etmək, ağılsız dünyanın təklif etdiyi hər şeyi qəbul etməyi nəzərdə tutur. Həyatın mənası yoxdursa, dəyərlər miqyası da yoxdur. Kamü Sizifi həyatı doyunca yaşayan, ölümə nifrət edən, mənasız işə

məhkum edilən absurd qəhrəman kimi görür. Sizifin aramsız və mənasız zəhmətini fabriklərdə və ofislərdə boş işlərdə işləməklə keçən müasir həyatların metaforası kimi təqdim edir. “İndiki işçi həyatında hər gün eyni işlərlə məşğul olur və bu aqibət heç də az absurd deyil. Ancaq şüurlu olduğu nadir anlarda faciəli olur.” Ölümü zəncirlə bağlayan Sizif əfsanəsini təsvir edir ki, heç bir insan ölməsin. Absurdu qəbul etmək, ağılsız dünyanın təklif etdiyi hər şeyi qəbul etməyi nəzərdə tutur. Həyatın mənası yoxdursa, dəyərlər miqyası da yoxdur. İnsan absurddan qaça bilməz. Kamü üçün insan absurd vəziyyətdədir. Absurd, bir tərəfdən dünyanın mənasızlığı ilə insanın məna və ya mənalı hərəkətə olan həsrəti arasındakı gərginlikdə yatır. O iddia edir ki, Sizif öz tapşırığının mənasızlığını və taleyinin əminliyini etiraf etdikdə, o, öz vəziyyətinin absurdluğunu dərk etmək və razılıqla qəbul etmək vəziyyətinə gəlməkdən azad olur. Əgər absurd varsa, o, yalnız insan aləmindədir. Absurdluqla mübarizənin üç ardıcıl səviyyəsi var: onun idrak, onların fərziyyəsi, yüksələn üsyan.

Kamü iddia edir ki, fəlsəfənin əsas sualı həyatın yaşamağa dəyərmi sualıdır. Bu, həyat və intihar arasında seçim etmək məsələsinə köklənir. İntihar xarici aləmdə olan müəyyən bir səbəbdən baş verir, lakin onun əsasını insanın daxili vəziyyəti təşkil edir. Absurd duyğusunun müxtəlif təzahürləri intihara səbəb olur: dünyanın insana biganəlik hissi, həyatın mənasızlığı, öz ölümünü dərk etmək və ən əsası, cansıxıcılıq hissi – həyatda təkrarlanan hadisələrin mənasını itirmək. O vurğulayır ki, dünya özlüyündə absurd deyil, absurd yalnız insan üçün dünya ilə qarşılaşdıqda mövcuddur. Absurddan iki çıxış yolu var: insanı dünyadan uzaqlaşdıran fiziki intihar və “fəlsəfi”. Sonuncu dinə qaçışdır, daha yaxşı gələcəyə ümiddir, bununla belə, problemi həll etmir, ancaq onu ört-basdır edir, müəyyən ali məqsədlə iztirablara haqq qazandırır. İnsan absurddan qaçmaq əvəzinə onu qəbul edə bilər. O, həyatın sonlu, gələcəyin bilinməməsi ilə barışaraq absurdda yaşamağa davam edir. O, dünyaya “meydan oxuyur” və bununla da özünü ucaldır. Belə insan mütləq əxlaqi dəyərləri inkar edir, onun üçün hər şeyə icazə verilir, lakin bu, özbaşınalığa çağırış deyil. Absurd adamı isə hər hansı bir hərəkətin nəticələrinin bərabərliyini və peşmanlığın mənasızlığını dərk edir. Qəbul edir ki, hər bir hərəkətin başqalarının qiymətləndirməsinə görə həm yaxşı, həm də pis bir nəticəsi var və cinayət törədəndə cəzalandırılmağa hazırdır – onun üçün günah yoxdur, amma məsuliyyət var.Absurd insan yaradıcı olmalıdır və onun yaradıcılığı göstərişlərdən və ya çərçivələrdən azaddır – absurd insan sadəcə olaraq gördüklərini və yaşadıqlarını təsvir edir. Absurd yaradıcılıqda özünü göstərir və bununla da insan ona qalib gəlir. Yaradıcılığın mənası gündəlik həyatda sevinc tapmaqdır. Tanrılar inanırdılar ki, dünyada ağır və faydasız işdən daha dəhşətli bir şey yoxdur. Sizifin yaxşılığa ümidi yoxdur, həyatı mənasız və çətin keçir. Buna baxmayaraq, Kamü onu absurd qəhrəman hesab edir. Sizif daşını özü yuvarlayır, dəfələrlə dağın başına çıxır və buna görə də sevinir. Burada müəllif Sizif mifini insanın faydasız və fasiləsiz səyinin metaforası kimi təqdim edərək intihar və həyatın dəyəri məsələsini müzakirə edir. Bu yolla o,həyatımızın əhəmiyyətsiz olduğunu və yaratdığımızdan daha dəyərli olmadığını iddia edən absurd fəlsəfəsini qaldırır. “Sizifmifi”ndə mövcud olan ekzistensializm bizə hər bir insana öz varlığının mənasını verən fərdi qərarlar qəbul edərkən seçim etmək bacarığını təqdim edir. Bu, vicdan üçün xəbərdarlıqdır. Absurddan xəbərdar olmaq intihar tələb edirmi? Kamü cavab verir: Xeyr, bunun üçün üsyan lazımdır”.

Sizif öz xoşbəxtliyini bu tapşırığın mənasında deyil, üzərinə götürdüyü vəzifəni yerinə yetirməkdə tapır. Şüurlu olmaq bizə varlığımızı daha çox idarə etməyə imkan verir. “Sizif işgəncəsini yaşamaq”

faktı o deməkdir ki, insan heç vaxt sonunu və kulminasiyasını görmədiyi təkrarlanan absurd bir vəziyyət yaşayır

Əsərdən sitatlar:

Yalnız bir ciddi fəlsəfi problem var: o, intihardır.

Miflər təxəyyül üçün yaradılmışdır ki, onları canlandırsın.

Bu odur ki, əslində yolun əhəmiyyəti yoxdur, çatmaq istəyi hər şeyə kifayətdir .

Absurd dünyadan olduğu qədər insandan da asılıdır. 

Müəllif: Sərvanə DAĞTUMAS

Ədəbiyyatşünas

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YENİ KİTAB TƏQDİM OLUNCAQ

“YAZARLAR”  JURNALI PDF

28 fevral 2023-cü il “Qanun” nəşriyyatının təşkilatçılığı ilə keçiriləcək Eluca Atalının “İran hizbullah zindanında” kitabının təqdimat mərasimə Bütöv Azərbaycan sevdalıları dəvətlidirlər.

Qeyd: Giriş sərbəstdir.

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ELUCA ATALININ YAZILARI

TUNCAY ŞƏHRİLİNİN KİTABI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XOCALIM… Vaqif Nəcəfzadə.

VAQİF NƏCƏFZADƏNİN YAZILARI

XOCALIM…

Ağlar Qarabağım, Xocalım ağlar
Sonsuz bir əzabdır, sağalmaz yara,
Yazıldı tarixə o günlər qara,
Asıldı, kəsildi, çəkildi dara,
Söndü Xocalıda bütün cıraqlar.
Ağlar Qarabağım, Xocalım ağlar.
Mərmilər titrətdi göyləri, yeri,
Yüksəlmişdi ərşə nalə səsləri,
Dünyanın heç nədən yoxmuş xəbəri,
Yanmadı evlərdə daha ocaqlar,
Ağlar Qarabağım, Xocalım ağlar.
Bir şəhər qərq oldu qaranlıqlara,
Güllələr yağırdı vermədən ara,
Çırpınır, Xocalım düşübdür dara,
Xalqımın köksünə çəkdilər dağlar.
Ağlar Qarabağım, Xocalım ağlar.

Bizim xalqımıza tələ qurdular,
Yolumuz üstünü kəsib durdular,
Qovdular, arxadan bizi vurdular,
Qırıldı millətim, töküldü qanlar,
Ağlar Qarabağım, Xocalım ağlar.
Ağsaqqalım, ağbirçəyim, övladım,
Anam, baçım mənim, namusum adım,
Qırıldı göylərə qalxdı fəryadım,
Bu gün Xocalımı düşmən ayaqlar,
Ağlar Qarabağım, Xocalım ağlar.
Gözlədi Xocalı yoldaydı gözü,
Harayı çatmadı, çatmadı sözü,
Elə bil dünyanın dönmüşdü üzü,
Ellər Xocalımın yasını saxlar,
Ağlar Qarabağım, Xocalım ağlar.
Yaddan çıxartmarıq sənin adını,
Göylərə yüksələn o fəryadını,
Uşaqları, qocaları, qadını,
Qıranlar xalqıma cavab verəcək,
Xalqım yenə Xocalıya dönəcək!
Xalqım yenə Xocalıya dönəcək!
2015.


XOCALI
Bir qarlı, şaxtla gecə düşmüşdü,
Bilmirdi Xocalı son gecəsidir.
Bilmirdi bu gecə qətl gecəsi,
Bilmirdi bu gecə qan gecəsidir.
Ana ayaqyalın, ana baş açıq,
Başından ləçəyi düşüb boynuna.
Nə soyuğa baxır, nə qara baxır,
Qaçır körpəsini sıxıb qoynuna.
Qaranlıq gecədə ucur güllələr,
Mərmilər hər yandan vurur şəhəri.
Necə öz canının hayına qalıb,
Ananın baladan yoxdur xəbəri.

Müəllif: Vaqif NƏCƏFZADƏ

VAQİF NƏCƏFZADƏNİN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

26 Fevral küçəsi. Qəşəm Nəcəfzadə.

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

26 Fevral küçəsi

 · Bu, bizim küçəmizdir. Maşınlı , uşaqlı, qocalı… Barılardan açılmış qapılarda meyvə dükanları, qırmızı almalar, dənizçi köynəyinə bənzəyən qarpızlar, yatmış sarı pişiyə oxşayan yemişlər…

Hərdən almalar top kimi küçəyə diyirlənir. Uşaqlar o saat həmin almanı astaca götürüb öz yeşiyinə qoyurlar. Sonra əllərini arxalarında çarpazlayıb meyvələrə tamaşa edirlər.

Hər gün qatıq- süd, göy-göyərti, kartof soğan satan köhnə maşınların çığırtısı küçəni başına götürür. Biz də bu küçədə gah futbol oynayır, gah da dərs keçirik. Hərdən toplarımız yolnan keçən maşınlara, qocalara dəyir və ya kiminsə həyətinə düşür. Top dəyən və ya kiminsə həyətinə düşən kimi o saat topu vurandan soruşurlar: bala, sən kimin uşağısan? Vəssalam. Bizim küçədə bundan ayrı cərimə olmur.

Bizim küçədə tək Ənvər dayının hasarı hamardır. Ona görə də biz onu özümüzə yazı lövhəsi seçmişik. Hər gün toplantılarımızı burda keçirirk. Hərdən Ənvər dayı həyətdən çıxır və o saat ucadan danışan uşaqdan soruşur, bala, sən kimin uşağısan? Ayrı heç nə demir, qayıdıb girir içəri.

Küçəmizin adı yoxdur, çünki bizim evlər təzə tkilib, küçəmiz hələ kələ- kötürdür. Sadəcə adı belə gedir: Salyan şosesi. Bu yol isə bizlərdən uzaqdır. Sadəcə Bakı – Salyan yoludur. Ona görə də hara getsək və bizdən soruşsalar, sadəcə belə deyirik. Səriyyə xalanın evinin yanı. Lap dərinə gedib dəqiləşdirsək Əvəzin taxta dükanının arxa tərəfi. İnanın, belə adları artıq şəhərimizin taksiləri də tanıyır.

Dəstəmizin rəhbəri Elçindir. Mən Elçindən 2 yaş balacayam, 8 yaşım var. Elçinin bu il on yaşı tamam olur. Kiçik qardası Elsevər 7 yaşındadı. Bacısı Elnarənin cəmi 3 yaşı var. Atası neftçi, anası həkimdir.

Elçin dərsdən sonra məhlədəki uşaqları Ənvər dayının hasarının yanına çağırır.. Əslində bura bizim sinif otağımız hesab olunur. Hər dəfə ilk dərsimiz belə başlayır. Elçin uca səslə deyir:

-Uşaqlar, bizim küçəmizin adı Səlyan yoludur, rayonumuz Səbaildir, ölkəmizin adı Azərbaycan, paytaxtı Bakı şəhəridir.

Səlyan yolu maşınla dolu olur. Özü də sürətli. Bir dəfə Ənvər dayının nəvəsini, bizim dəstəmizin ən balacasını Sarıköynəyi maşın vurdu. O vaxtdan istəmirik ki, “Səlyan yolu” bizim küçəmiz olsun. İstəmirik, istəmirik…

Bu sözləri bir dəfə lap ucadan dedik, susmadıq, 10 dəfə dedik, səsimizə üyğun ayağımızı yerə döydük. Sonra gündəlik bu sözləri təkrarladıq.

Hər dəfə də Ənvər dayı küçəyə çıxıb heç vaxt dəyişməyən əbədi sualını verir, bala, sən kimin uşağısan? Cavabını gözləməmiş geri qayıdır.

Bizim məhlədə 50-dən çox uşaq var. Qonşu küçələrdən də bizim məhləyə gələn uşaqlar çoxdur.

Elə uşaq var ki, heç küçəsinin adını ev nömrəsini bilmir, ona görə də Elçin ən birinci uşaqlara ünvanları öyrədir. Uşaqlar ən çox itməkdən qorxurlar axı.

Küçəmizdə bir pişik xəstlənib, divarın dibində büzüşüb miyoldayır. Aydan tez gedib evdən kolbosa-çörək gətirdi. Onu səliqə ilə doğrayıb pişiyin qabağına qoydu. Elnərə qaçıb qalın bir yun örtük gətirib pişiyi bükdü. Uşaqların hamısı balaca ağ pişiyin qulluğunda idi. O vaxtdan uşaqlar qərara gəldilər ki, küçədə nə qədər pişik varsa, onları yemləsinlər. Uşaqlar pişikləri ac qoymurdulur. Hər gün növbə ilə onları yedirdirdilər. Üşüyüni növbə ilə evə aparırdılar.

Bir gün Elçin Ənvər dayının hasarına “26 Fevral” tarixini yazdı və bizə Xocalıdan danışdı. Sonra onun altına Xocalı haqqında üç bəndlik şeir yazdı. Biz şeiri əzbərlədik. Sonrakı günlər şeirli xorla deyirdik, ardınca Sarıköynəyi xatırlayırdıq.

Bir gün güclü bir yağış yağdı, yazı lövhəsindəki şeiri pozdu. Amma “26 Fevral” sözünü pozmadı, poza bilmədi, ya da özü pozmaq istəmədi.

Növbəti payız Elçingil Əhmədlidən ev aldı. Elçin bizimlə vidalaşıb getdi. Getməyinə ən çox Ənvər dayı kövrəldi. Sonralar Ənvər dayı divarı rəngləyəndə “26 Fevral” sözünə dəymədi. Elçinin və Sarıköynəyin xatirəsi kimi onu qorudu. Divarın dibinə sarı çiçəklər əkdi.

Başqa yerlərdən gələnlər həmişə küçəmizin adını axtaranda gözləri divara sataşdı:”26 Fevral”. Beləcə – bir – birinə deyə – deyə “26 Fevral” dillərə düşdü. Mənzil idarəsindən gələnlər də bu sözü dəftərlərinə yazdılar. Bir yazdılar, iki yazdılar, axırda özləri də yazdıqlarına inandılar və bizim küçəmizin adını “26 Fevral” qoydular.

Müəllif: Qəşəm Nəcəfzadə

Şair, Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin müdiri.

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XOCALI -TARİXİN İZİ İLƏ

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

XOCALI -TARİXİN İZİ İLƏ

Azərbaycan  Respublikası müstəqillik  qazandıqdan  sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmiş və uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

1813-cü və 1828-ci illərdə  imzalanan  Gülüstan  və Türkmənçay müqavilələri Azərbaycan  xalqının   parçalanmasının,  tarixi   torpaqlarımızın bölünməsinin əsasını qoydu.  Azərbaycan  xalqının  bu milli  faciəsinin davamı  kimi onun torpaqlarının zəbti başlandı. Rusiya  imperiyasının Cənubi Qafqaz ilə  bağlı planı burada yaşayan türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik  ənənələrini  məhv etmək və həmin  əraziləri  mənimsəməklə  Rusiyanın tarixi arzusunu  həyata keçirmək idi.  Məhz bu  məqsədlə də, bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Bundan əlavə bu siyasətin daha uğurla həyata keçirilməsi üçün həmin bölgələrdə ermənilərin sayı süni  surətdə çoxaldılır və nəticədə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının  baş  qaldırmasına və erməni-müsəlman qırğınlarının törədilməsinə səbəb olurdu. Azərbaycanın  ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, sonralar  öz  havadarlarının  himayəsi  altında  inzibatı bölgü yaradılmasına  nail  olmuşdular.  Bununla  da  iki yüz  ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar  həyata  keçirir, torpaq iddiaları irəli sürür, böyük  fəlakətlər  törədirdilər. Demək  olar ki, iyirminci yüzillik başdan-başa  azərbaycanlıların  kütləvi qırğınları, yerini-yurdunu  tərk  etmələri, sürgünlük  taleyi  yaşamaları ilə müşayiət  olunmuşdur.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlayan vəhşilikləri Azərbaycanı və indiki  Ermənistan   ərazisindəki  Azərbaycan kəndlərini əhatə edirdi. Yüzlərlə  yaşayış  məntəqəsi dağıdılıb yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Daha sonra birinci dünya müharibəsi  zamanı Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı  ünsürlərlə  mübarizə şüarı  altında  Bakı Kommunası tərəfindən ümumən   Bakı quberniyasını  azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər  Azərbaycan  xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı  əhali yalnız milli  mənsubiyyətinə  görə  məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük  bir  hissəsini  xarabalığa çevirmişlər.

Cənubi  Qafqaz  sovetləşməsindən  öz  çirkin  məqsədləri  üçün  istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etmiş və sonrakı dövrlərdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atmışlar. Bu vasitələrdən biri də SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olmuşlar.

Azərbaycan  xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı  soyqırımı  antibəşəri  mahiyyəti,  faciənin miqyası, qəddarlığı  və  amansızlığı ilə xüsusi olaraq seçilir. Məlum olduğu kimi, 1988-ci ilin əvvəllərində ermənilər Dağlıq Qarabağı birmənalı şəkildə ayırmaq və onu Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar   fəaliyyətlərə   başlamışlar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın  Azərbaycana qarşı hücumları daha da artmış və Dağlıq Qarabağ regionunda  yerləşən rayonlardan biri olan münaqişədən öncə 7 min və  əksəriyyəti  azərbaycanlılardan  ibarət əhaliyə malik olan Xocalı bu  əməliyyatların   hədəfinə  çevrilmişdir.

Bütün  beynəlxalq  hüquq normalarına zidd olaraq təcavüzkar Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarımızı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Belə ki, 1992-cil fevral ayının 26-da həyata keçirilən Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

            1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirmişlər. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki şəhər 4 aydan artıq mühasirədə qaldığı və blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində idi. O müsibətli gecədə gözləri önündə balası süngüyə keçən analar havalanmış, ata-anasının vəhşicəsinə öldürüldüyünə şahidlik edən balaların bağrı çatlamışdı. Xocalı sakinləri şaxtanın qılınc kimi doğradığı qarlı havada ayaqyalın, başıaçıq çöllərə, düzlərə, meşələrə üz tutaraq canlarını qurtarmaq istəmişlər. Bu günahsız insanlara təbiət rəhm etsə belə faşist xislətli erməni cəlladları aman verməmişdi. Dörd bir tərəfdən mühasirəyə alınan şəhər günahsız insanların al qana boyanmışdır. Cinayətkar ermənilər qoca, qadın, uşaq demədən qarşılarına çıxanı ya vəhşicəsinə öldürmüş, ya da əsir götürülərək olmazın işgəncələr vermişlər. Xocalı soyqırımı zamanı 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca olmaqla 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından  əlil  olmuş,  8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər  valideyinlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin  girov  götürülmüş, onların 150-nin taleyi indi də məlum  deyildir.

           Bu faciənin dünyada soyqırım kimi tanınması və haqq işimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan xalqı yorulmadan mübarizə aparır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Müəllif: LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZI

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri              

Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xocalı faciəsi: Azərbaycan anasının səsi…

PƏRVANƏ SALMANQIZININ YAZILARI

Xocalı faciəsi: Azərbaycan anasının səsi…

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya,Herseqovina, Cibuti, Peru, Honduras, Panaa, İordaniya, Rumıniya və Şotlandiya tanıyır.İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır. Hal-hazırda,bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şexslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər,ancaq vaxt gələcəkdir ki,onlar tarixin məhkəməsi qarşisinda cavab verməli olacaqlar. Şəhidlərimizin qanı yerdə qalmayacaq.

Azərbaycan dövləti uzun illərdir Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl, sistemli və məqsədyönlü iş aparır: “Bir neçə ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyası çox uğurlu nəticələr verib. Bütün bunlar dünya ictimaiyyətinin Xocalı haqqında məlumatlandırılmasında mühüm rol oynayıb.

Azərbaycan xalqı əsrlər boyu sülhsevər olub. Millətimə qarşı törədilən soyqırımını bütün insaniyyətə edilən cinayət sayıram. Azərbaycan qadını, anası olaraq nəinki öz ölkəmdə, bütün dünyada müharibələrə son qoyulmasını, uşaqlara xoşbəxt gələcək, firavan, gülüş dolu həyat arzulayıram. İnsanları sülh, həqiqət, sevinc dolu bir dünyada şad, firavan yaşaması uğrunda mübarizəyə səsləyirəm.

Müəllif: Pərvanə SALMANQIZI 

PƏRVANƏ SALMANQIZININ YAZILARI


“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xocalının gecəsi. Göyərçin Kərimi.

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

Xocalının gecəsi

Donub bütün cığırlar, dərə, təpə, arzular;

Laxtalanmış çeşmələr düzülüb yamaclara,

Yarpaq, torpaq ağlayır.

Ölüm – faniliyin sonu

çox qorxulu deyilmiş, amma (Haray!) qorxulu.

Bu çərşənbə axşamının Ayı belə tutulu,

Aydınlığa can atmır,

Mərmilər işıqladır yeri, göyü – qırmızı,

Xocalı dörd bir yandan güllələnir ansızın,

Ölənin, can verənin, kor olanın, halsızın… 

Iliyinə işləyir fəslin qatil soyuğu.

Ağacda quş oyuğu boyda xəlvəti yer yox,

Qaçıb gizlənə şəhər,

Sağ qala sübhə qədər.

Zamanın gicgahına dayayıblar qəməni,

Dəyişib qətnaməni edam hökmü yazıblar.

Söhbət var ki, kütləvi məzarlıqlar qazıblar.

Insanlıq tarixinin ən böyük faciəsi,

Havadar qəsbkarın nizə uclu pəncəsi,

Bir də ağlamaq səsi,

Bayquşların söyləməsi:

“Qan gölündə boğulur Xocalının gecəsi”.

Müəllif: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru