XOCALIM… Vaqif Nəcəfzadə.

VAQİF NƏCƏFZADƏNİN YAZILARI

XOCALIM…

Ağlar Qarabağım, Xocalım ağlar
Sonsuz bir əzabdır, sağalmaz yara,
Yazıldı tarixə o günlər qara,
Asıldı, kəsildi, çəkildi dara,
Söndü Xocalıda bütün cıraqlar.
Ağlar Qarabağım, Xocalım ağlar.
Mərmilər titrətdi göyləri, yeri,
Yüksəlmişdi ərşə nalə səsləri,
Dünyanın heç nədən yoxmuş xəbəri,
Yanmadı evlərdə daha ocaqlar,
Ağlar Qarabağım, Xocalım ağlar.
Bir şəhər qərq oldu qaranlıqlara,
Güllələr yağırdı vermədən ara,
Çırpınır, Xocalım düşübdür dara,
Xalqımın köksünə çəkdilər dağlar.
Ağlar Qarabağım, Xocalım ağlar.

Bizim xalqımıza tələ qurdular,
Yolumuz üstünü kəsib durdular,
Qovdular, arxadan bizi vurdular,
Qırıldı millətim, töküldü qanlar,
Ağlar Qarabağım, Xocalım ağlar.
Ağsaqqalım, ağbirçəyim, övladım,
Anam, baçım mənim, namusum adım,
Qırıldı göylərə qalxdı fəryadım,
Bu gün Xocalımı düşmən ayaqlar,
Ağlar Qarabağım, Xocalım ağlar.
Gözlədi Xocalı yoldaydı gözü,
Harayı çatmadı, çatmadı sözü,
Elə bil dünyanın dönmüşdü üzü,
Ellər Xocalımın yasını saxlar,
Ağlar Qarabağım, Xocalım ağlar.
Yaddan çıxartmarıq sənin adını,
Göylərə yüksələn o fəryadını,
Uşaqları, qocaları, qadını,
Qıranlar xalqıma cavab verəcək,
Xalqım yenə Xocalıya dönəcək!
Xalqım yenə Xocalıya dönəcək!
2015.


XOCALI
Bir qarlı, şaxtla gecə düşmüşdü,
Bilmirdi Xocalı son gecəsidir.
Bilmirdi bu gecə qətl gecəsi,
Bilmirdi bu gecə qan gecəsidir.
Ana ayaqyalın, ana baş açıq,
Başından ləçəyi düşüb boynuna.
Nə soyuğa baxır, nə qara baxır,
Qaçır körpəsini sıxıb qoynuna.
Qaranlıq gecədə ucur güllələr,
Mərmilər hər yandan vurur şəhəri.
Necə öz canının hayına qalıb,
Ananın baladan yoxdur xəbəri.

Müəllif: Vaqif NƏCƏFZADƏ

VAQİF NƏCƏFZADƏNİN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

26 Fevral küçəsi. Qəşəm Nəcəfzadə.

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

26 Fevral küçəsi

 · Bu, bizim küçəmizdir. Maşınlı , uşaqlı, qocalı… Barılardan açılmış qapılarda meyvə dükanları, qırmızı almalar, dənizçi köynəyinə bənzəyən qarpızlar, yatmış sarı pişiyə oxşayan yemişlər…

Hərdən almalar top kimi küçəyə diyirlənir. Uşaqlar o saat həmin almanı astaca götürüb öz yeşiyinə qoyurlar. Sonra əllərini arxalarında çarpazlayıb meyvələrə tamaşa edirlər.

Hər gün qatıq- süd, göy-göyərti, kartof soğan satan köhnə maşınların çığırtısı küçəni başına götürür. Biz də bu küçədə gah futbol oynayır, gah da dərs keçirik. Hərdən toplarımız yolnan keçən maşınlara, qocalara dəyir və ya kiminsə həyətinə düşür. Top dəyən və ya kiminsə həyətinə düşən kimi o saat topu vurandan soruşurlar: bala, sən kimin uşağısan? Vəssalam. Bizim küçədə bundan ayrı cərimə olmur.

Bizim küçədə tək Ənvər dayının hasarı hamardır. Ona görə də biz onu özümüzə yazı lövhəsi seçmişik. Hər gün toplantılarımızı burda keçirirk. Hərdən Ənvər dayı həyətdən çıxır və o saat ucadan danışan uşaqdan soruşur, bala, sən kimin uşağısan? Ayrı heç nə demir, qayıdıb girir içəri.

Küçəmizin adı yoxdur, çünki bizim evlər təzə tkilib, küçəmiz hələ kələ- kötürdür. Sadəcə adı belə gedir: Salyan şosesi. Bu yol isə bizlərdən uzaqdır. Sadəcə Bakı – Salyan yoludur. Ona görə də hara getsək və bizdən soruşsalar, sadəcə belə deyirik. Səriyyə xalanın evinin yanı. Lap dərinə gedib dəqiləşdirsək Əvəzin taxta dükanının arxa tərəfi. İnanın, belə adları artıq şəhərimizin taksiləri də tanıyır.

Dəstəmizin rəhbəri Elçindir. Mən Elçindən 2 yaş balacayam, 8 yaşım var. Elçinin bu il on yaşı tamam olur. Kiçik qardası Elsevər 7 yaşındadı. Bacısı Elnarənin cəmi 3 yaşı var. Atası neftçi, anası həkimdir.

Elçin dərsdən sonra məhlədəki uşaqları Ənvər dayının hasarının yanına çağırır.. Əslində bura bizim sinif otağımız hesab olunur. Hər dəfə ilk dərsimiz belə başlayır. Elçin uca səslə deyir:

-Uşaqlar, bizim küçəmizin adı Səlyan yoludur, rayonumuz Səbaildir, ölkəmizin adı Azərbaycan, paytaxtı Bakı şəhəridir.

Səlyan yolu maşınla dolu olur. Özü də sürətli. Bir dəfə Ənvər dayının nəvəsini, bizim dəstəmizin ən balacasını Sarıköynəyi maşın vurdu. O vaxtdan istəmirik ki, “Səlyan yolu” bizim küçəmiz olsun. İstəmirik, istəmirik…

Bu sözləri bir dəfə lap ucadan dedik, susmadıq, 10 dəfə dedik, səsimizə üyğun ayağımızı yerə döydük. Sonra gündəlik bu sözləri təkrarladıq.

Hər dəfə də Ənvər dayı küçəyə çıxıb heç vaxt dəyişməyən əbədi sualını verir, bala, sən kimin uşağısan? Cavabını gözləməmiş geri qayıdır.

Bizim məhlədə 50-dən çox uşaq var. Qonşu küçələrdən də bizim məhləyə gələn uşaqlar çoxdur.

Elə uşaq var ki, heç küçəsinin adını ev nömrəsini bilmir, ona görə də Elçin ən birinci uşaqlara ünvanları öyrədir. Uşaqlar ən çox itməkdən qorxurlar axı.

Küçəmizdə bir pişik xəstlənib, divarın dibində büzüşüb miyoldayır. Aydan tez gedib evdən kolbosa-çörək gətirdi. Onu səliqə ilə doğrayıb pişiyin qabağına qoydu. Elnərə qaçıb qalın bir yun örtük gətirib pişiyi bükdü. Uşaqların hamısı balaca ağ pişiyin qulluğunda idi. O vaxtdan uşaqlar qərara gəldilər ki, küçədə nə qədər pişik varsa, onları yemləsinlər. Uşaqlar pişikləri ac qoymurdulur. Hər gün növbə ilə onları yedirdirdilər. Üşüyüni növbə ilə evə aparırdılar.

Bir gün Elçin Ənvər dayının hasarına “26 Fevral” tarixini yazdı və bizə Xocalıdan danışdı. Sonra onun altına Xocalı haqqında üç bəndlik şeir yazdı. Biz şeiri əzbərlədik. Sonrakı günlər şeirli xorla deyirdik, ardınca Sarıköynəyi xatırlayırdıq.

Bir gün güclü bir yağış yağdı, yazı lövhəsindəki şeiri pozdu. Amma “26 Fevral” sözünü pozmadı, poza bilmədi, ya da özü pozmaq istəmədi.

Növbəti payız Elçingil Əhmədlidən ev aldı. Elçin bizimlə vidalaşıb getdi. Getməyinə ən çox Ənvər dayı kövrəldi. Sonralar Ənvər dayı divarı rəngləyəndə “26 Fevral” sözünə dəymədi. Elçinin və Sarıköynəyin xatirəsi kimi onu qorudu. Divarın dibinə sarı çiçəklər əkdi.

Başqa yerlərdən gələnlər həmişə küçəmizin adını axtaranda gözləri divara sataşdı:”26 Fevral”. Beləcə – bir – birinə deyə – deyə “26 Fevral” dillərə düşdü. Mənzil idarəsindən gələnlər də bu sözü dəftərlərinə yazdılar. Bir yazdılar, iki yazdılar, axırda özləri də yazdıqlarına inandılar və bizim küçəmizin adını “26 Fevral” qoydular.

Müəllif: Qəşəm Nəcəfzadə

Şair, Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin müdiri.

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XOCALI -TARİXİN İZİ İLƏ

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

XOCALI -TARİXİN İZİ İLƏ

Azərbaycan  Respublikası müstəqillik  qazandıqdan  sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmiş və uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

1813-cü və 1828-ci illərdə  imzalanan  Gülüstan  və Türkmənçay müqavilələri Azərbaycan  xalqının   parçalanmasının,  tarixi   torpaqlarımızın bölünməsinin əsasını qoydu.  Azərbaycan  xalqının  bu milli  faciəsinin davamı  kimi onun torpaqlarının zəbti başlandı. Rusiya  imperiyasının Cənubi Qafqaz ilə  bağlı planı burada yaşayan türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik  ənənələrini  məhv etmək və həmin  əraziləri  mənimsəməklə  Rusiyanın tarixi arzusunu  həyata keçirmək idi.  Məhz bu  məqsədlə də, bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Bundan əlavə bu siyasətin daha uğurla həyata keçirilməsi üçün həmin bölgələrdə ermənilərin sayı süni  surətdə çoxaldılır və nəticədə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının  baş  qaldırmasına və erməni-müsəlman qırğınlarının törədilməsinə səbəb olurdu. Azərbaycanın  ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, sonralar  öz  havadarlarının  himayəsi  altında  inzibatı bölgü yaradılmasına  nail  olmuşdular.  Bununla  da  iki yüz  ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar  həyata  keçirir, torpaq iddiaları irəli sürür, böyük  fəlakətlər  törədirdilər. Demək  olar ki, iyirminci yüzillik başdan-başa  azərbaycanlıların  kütləvi qırğınları, yerini-yurdunu  tərk  etmələri, sürgünlük  taleyi  yaşamaları ilə müşayiət  olunmuşdur.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlayan vəhşilikləri Azərbaycanı və indiki  Ermənistan   ərazisindəki  Azərbaycan kəndlərini əhatə edirdi. Yüzlərlə  yaşayış  məntəqəsi dağıdılıb yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Daha sonra birinci dünya müharibəsi  zamanı Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı  ünsürlərlə  mübarizə şüarı  altında  Bakı Kommunası tərəfindən ümumən   Bakı quberniyasını  azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər  Azərbaycan  xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı  əhali yalnız milli  mənsubiyyətinə  görə  məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük  bir  hissəsini  xarabalığa çevirmişlər.

Cənubi  Qafqaz  sovetləşməsindən  öz  çirkin  məqsədləri  üçün  istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etmiş və sonrakı dövrlərdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atmışlar. Bu vasitələrdən biri də SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olmuşlar.

Azərbaycan  xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı  soyqırımı  antibəşəri  mahiyyəti,  faciənin miqyası, qəddarlığı  və  amansızlığı ilə xüsusi olaraq seçilir. Məlum olduğu kimi, 1988-ci ilin əvvəllərində ermənilər Dağlıq Qarabağı birmənalı şəkildə ayırmaq və onu Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar   fəaliyyətlərə   başlamışlar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın  Azərbaycana qarşı hücumları daha da artmış və Dağlıq Qarabağ regionunda  yerləşən rayonlardan biri olan münaqişədən öncə 7 min və  əksəriyyəti  azərbaycanlılardan  ibarət əhaliyə malik olan Xocalı bu  əməliyyatların   hədəfinə  çevrilmişdir.

Bütün  beynəlxalq  hüquq normalarına zidd olaraq təcavüzkar Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarımızı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Belə ki, 1992-cil fevral ayının 26-da həyata keçirilən Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

            1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirmişlər. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki şəhər 4 aydan artıq mühasirədə qaldığı və blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində idi. O müsibətli gecədə gözləri önündə balası süngüyə keçən analar havalanmış, ata-anasının vəhşicəsinə öldürüldüyünə şahidlik edən balaların bağrı çatlamışdı. Xocalı sakinləri şaxtanın qılınc kimi doğradığı qarlı havada ayaqyalın, başıaçıq çöllərə, düzlərə, meşələrə üz tutaraq canlarını qurtarmaq istəmişlər. Bu günahsız insanlara təbiət rəhm etsə belə faşist xislətli erməni cəlladları aman verməmişdi. Dörd bir tərəfdən mühasirəyə alınan şəhər günahsız insanların al qana boyanmışdır. Cinayətkar ermənilər qoca, qadın, uşaq demədən qarşılarına çıxanı ya vəhşicəsinə öldürmüş, ya da əsir götürülərək olmazın işgəncələr vermişlər. Xocalı soyqırımı zamanı 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca olmaqla 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından  əlil  olmuş,  8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər  valideyinlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin  girov  götürülmüş, onların 150-nin taleyi indi də məlum  deyildir.

           Bu faciənin dünyada soyqırım kimi tanınması və haqq işimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan xalqı yorulmadan mübarizə aparır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Müəllif: LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZI

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri              

Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xocalı faciəsi: Azərbaycan anasının səsi…

PƏRVANƏ SALMANQIZININ YAZILARI

Xocalı faciəsi: Azərbaycan anasının səsi…

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya,Herseqovina, Cibuti, Peru, Honduras, Panaa, İordaniya, Rumıniya və Şotlandiya tanıyır.İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır. Hal-hazırda,bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şexslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər,ancaq vaxt gələcəkdir ki,onlar tarixin məhkəməsi qarşisinda cavab verməli olacaqlar. Şəhidlərimizin qanı yerdə qalmayacaq.

Azərbaycan dövləti uzun illərdir Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl, sistemli və məqsədyönlü iş aparır: “Bir neçə ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyası çox uğurlu nəticələr verib. Bütün bunlar dünya ictimaiyyətinin Xocalı haqqında məlumatlandırılmasında mühüm rol oynayıb.

Azərbaycan xalqı əsrlər boyu sülhsevər olub. Millətimə qarşı törədilən soyqırımını bütün insaniyyətə edilən cinayət sayıram. Azərbaycan qadını, anası olaraq nəinki öz ölkəmdə, bütün dünyada müharibələrə son qoyulmasını, uşaqlara xoşbəxt gələcək, firavan, gülüş dolu həyat arzulayıram. İnsanları sülh, həqiqət, sevinc dolu bir dünyada şad, firavan yaşaması uğrunda mübarizəyə səsləyirəm.

Müəllif: Pərvanə SALMANQIZI 

PƏRVANƏ SALMANQIZININ YAZILARI


“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xocalının gecəsi. Göyərçin Kərimi.

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

Xocalının gecəsi

Donub bütün cığırlar, dərə, təpə, arzular;

Laxtalanmış çeşmələr düzülüb yamaclara,

Yarpaq, torpaq ağlayır.

Ölüm – faniliyin sonu

çox qorxulu deyilmiş, amma (Haray!) qorxulu.

Bu çərşənbə axşamının Ayı belə tutulu,

Aydınlığa can atmır,

Mərmilər işıqladır yeri, göyü – qırmızı,

Xocalı dörd bir yandan güllələnir ansızın,

Ölənin, can verənin, kor olanın, halsızın… 

Iliyinə işləyir fəslin qatil soyuğu.

Ağacda quş oyuğu boyda xəlvəti yer yox,

Qaçıb gizlənə şəhər,

Sağ qala sübhə qədər.

Zamanın gicgahına dayayıblar qəməni,

Dəyişib qətnaməni edam hökmü yazıblar.

Söhbət var ki, kütləvi məzarlıqlar qazıblar.

Insanlıq tarixinin ən böyük faciəsi,

Havadar qəsbkarın nizə uclu pəncəsi,

Bir də ağlamaq səsi,

Bayquşların söyləməsi:

“Qan gölündə boğulur Xocalının gecəsi”.

Müəllif: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru