26 Fevral küçəsi. Qəşəm Nəcəfzadə.

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

26 Fevral küçəsi

 · Bu, bizim küçəmizdir. Maşınlı , uşaqlı, qocalı… Barılardan açılmış qapılarda meyvə dükanları, qırmızı almalar, dənizçi köynəyinə bənzəyən qarpızlar, yatmış sarı pişiyə oxşayan yemişlər…

Hərdən almalar top kimi küçəyə diyirlənir. Uşaqlar o saat həmin almanı astaca götürüb öz yeşiyinə qoyurlar. Sonra əllərini arxalarında çarpazlayıb meyvələrə tamaşa edirlər.

Hər gün qatıq- süd, göy-göyərti, kartof soğan satan köhnə maşınların çığırtısı küçəni başına götürür. Biz də bu küçədə gah futbol oynayır, gah da dərs keçirik. Hərdən toplarımız yolnan keçən maşınlara, qocalara dəyir və ya kiminsə həyətinə düşür. Top dəyən və ya kiminsə həyətinə düşən kimi o saat topu vurandan soruşurlar: bala, sən kimin uşağısan? Vəssalam. Bizim küçədə bundan ayrı cərimə olmur.

Bizim küçədə tək Ənvər dayının hasarı hamardır. Ona görə də biz onu özümüzə yazı lövhəsi seçmişik. Hər gün toplantılarımızı burda keçirirk. Hərdən Ənvər dayı həyətdən çıxır və o saat ucadan danışan uşaqdan soruşur, bala, sən kimin uşağısan? Ayrı heç nə demir, qayıdıb girir içəri.

Küçəmizin adı yoxdur, çünki bizim evlər təzə tkilib, küçəmiz hələ kələ- kötürdür. Sadəcə adı belə gedir: Salyan şosesi. Bu yol isə bizlərdən uzaqdır. Sadəcə Bakı – Salyan yoludur. Ona görə də hara getsək və bizdən soruşsalar, sadəcə belə deyirik. Səriyyə xalanın evinin yanı. Lap dərinə gedib dəqiləşdirsək Əvəzin taxta dükanının arxa tərəfi. İnanın, belə adları artıq şəhərimizin taksiləri də tanıyır.

Dəstəmizin rəhbəri Elçindir. Mən Elçindən 2 yaş balacayam, 8 yaşım var. Elçinin bu il on yaşı tamam olur. Kiçik qardası Elsevər 7 yaşındadı. Bacısı Elnarənin cəmi 3 yaşı var. Atası neftçi, anası həkimdir.

Elçin dərsdən sonra məhlədəki uşaqları Ənvər dayının hasarının yanına çağırır.. Əslində bura bizim sinif otağımız hesab olunur. Hər dəfə ilk dərsimiz belə başlayır. Elçin uca səslə deyir:

-Uşaqlar, bizim küçəmizin adı Səlyan yoludur, rayonumuz Səbaildir, ölkəmizin adı Azərbaycan, paytaxtı Bakı şəhəridir.

Səlyan yolu maşınla dolu olur. Özü də sürətli. Bir dəfə Ənvər dayının nəvəsini, bizim dəstəmizin ən balacasını Sarıköynəyi maşın vurdu. O vaxtdan istəmirik ki, “Səlyan yolu” bizim küçəmiz olsun. İstəmirik, istəmirik…

Bu sözləri bir dəfə lap ucadan dedik, susmadıq, 10 dəfə dedik, səsimizə üyğun ayağımızı yerə döydük. Sonra gündəlik bu sözləri təkrarladıq.

Hər dəfə də Ənvər dayı küçəyə çıxıb heç vaxt dəyişməyən əbədi sualını verir, bala, sən kimin uşağısan? Cavabını gözləməmiş geri qayıdır.

Bizim məhlədə 50-dən çox uşaq var. Qonşu küçələrdən də bizim məhləyə gələn uşaqlar çoxdur.

Elə uşaq var ki, heç küçəsinin adını ev nömrəsini bilmir, ona görə də Elçin ən birinci uşaqlara ünvanları öyrədir. Uşaqlar ən çox itməkdən qorxurlar axı.

Küçəmizdə bir pişik xəstlənib, divarın dibində büzüşüb miyoldayır. Aydan tez gedib evdən kolbosa-çörək gətirdi. Onu səliqə ilə doğrayıb pişiyin qabağına qoydu. Elnərə qaçıb qalın bir yun örtük gətirib pişiyi bükdü. Uşaqların hamısı balaca ağ pişiyin qulluğunda idi. O vaxtdan uşaqlar qərara gəldilər ki, küçədə nə qədər pişik varsa, onları yemləsinlər. Uşaqlar pişikləri ac qoymurdulur. Hər gün növbə ilə onları yedirdirdilər. Üşüyüni növbə ilə evə aparırdılar.

Bir gün Elçin Ənvər dayının hasarına “26 Fevral” tarixini yazdı və bizə Xocalıdan danışdı. Sonra onun altına Xocalı haqqında üç bəndlik şeir yazdı. Biz şeiri əzbərlədik. Sonrakı günlər şeirli xorla deyirdik, ardınca Sarıköynəyi xatırlayırdıq.

Bir gün güclü bir yağış yağdı, yazı lövhəsindəki şeiri pozdu. Amma “26 Fevral” sözünü pozmadı, poza bilmədi, ya da özü pozmaq istəmədi.

Növbəti payız Elçingil Əhmədlidən ev aldı. Elçin bizimlə vidalaşıb getdi. Getməyinə ən çox Ənvər dayı kövrəldi. Sonralar Ənvər dayı divarı rəngləyəndə “26 Fevral” sözünə dəymədi. Elçinin və Sarıköynəyin xatirəsi kimi onu qorudu. Divarın dibinə sarı çiçəklər əkdi.

Başqa yerlərdən gələnlər həmişə küçəmizin adını axtaranda gözləri divara sataşdı:”26 Fevral”. Beləcə – bir – birinə deyə – deyə “26 Fevral” dillərə düşdü. Mənzil idarəsindən gələnlər də bu sözü dəftərlərinə yazdılar. Bir yazdılar, iki yazdılar, axırda özləri də yazdıqlarına inandılar və bizim küçəmizin adını “26 Fevral” qoydular.

Müəllif: Qəşəm Nəcəfzadə

Şair, Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin müdiri.

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir