ZAUR USTAC. XİSLƏTİMİZ.

Fotoda Səttarxan və oğlu Yadulla1907-ci il.

XİSLƏTİMİZ
Bilirik;
Zaman nisbidir,
Məkan müvəqqəti…
Adlar müxtəlifdir,
Kimliklər fərqli…
Fəqət, sabit bir cövhər var;
O xislətdir!
Yaşayır;
Ana dilimdə,
Ata sözümdə…
Qorunur;
Laylalarda,
Bayatılarda,
Dastanlarda…
Nə qədər ki, dilim var;
Doğulacaq,
Yaşayacaq,
Səttarlar!!!
30.01.2023. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

RAMİZ İSMAYILIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ
 HƏMÇİNİN:>> “RUHUMUZUN YAZ HAVASI”
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALININ FEVRAL – 2023 -CÜ İL N: 02 (26) MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

YAZARLAR JURNALININ FEVRAL – 2023 -CÜ İL N: 02 (26) MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB PDF:

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

PƏRVANƏ BAYRAMQIZI YAZIR

PƏRVANƏ BAYRAMQIZI

Dua ilə oxuduğum şeirlər

Mətnin adı demək istədiyimi tam ifadə edə bilmədi. Uzun başlıq yazı üçün uğursuz olduğundan sözə qənaət etməyə (bu, əslində, oxuyanları qəzəbləndirməmək ehtiyatıdır) məcbur oldum. Uzun mətləbləri bir cümləyə sığışdırmaq sənətkarlıq tələb etsə də, bəzən sənətkarda da (özümü demirəm) alınmır. Ona görə alınmır ki, dolanbac yollar olduğu kimi, bir-birindən keçən fikirlər də var. Gərək incə-incə, dənə-dənə, kəlmə-kəlmə açasan.

Poeziyaya sevgimi dönə-dönə bu mövzuda yazmaqla, bir-birindən gözəl şeirlər paylaşmaqla, əzbər söyləyənləri maraqla dinləməklə izhar etmişəm. Onu da demişəm ki, yaxşı şeir yazammasam da, yaxşı şeirlər oxuyuram. Şeir üstündə xətri əziz insanlarla incikliyim də olub. Hərəsilə bir səbəbdən. Əslində, deyəsən, mən onların qəlblərini qırmışam. Şair çoxdur, şeir az. Mən də azı sevirəm. Şairlər  inciyirlər: mənim şeirimi paylaşmırsan. Şeir özü isə bu barədə susur. Danışmayan şeiri loqopedə aparmaq olmur axı. Elə şeir paylaşıram, oxucular mənə inanıb növbətisini özü axtarıb tapsın.

Ramiz İsmayılın şeir kitabını oxumağa başlayanda dua etdim: İlahi, ruhumu oxşayacaq şeir tapıb zövq ala bilim. Onun şeirlərindən yazmağı yadıma salanda Allaha əməlli-başlı yalvar-yaxar elədim: Allah, qurban olum kitabda haqqında yazmağa bir-iki şeir olsun, başqa heç nə istəmirəm. Soruşa bilərsiniz, vacibdirmi bu əziyyətlə şeirdən yazmaq? İndi qulaq asın, cavab verim. Haqqında yazdıqlarınızın hansı qəşəng yazır? Bəziləriniz resenziyaları xətir-hörmətdən başqa  pul ilə də yazırsınız. Müəllif də var, həyasızlığına salıb yazdırır. Bu səbəblərdən uzaq olan mətni niyə də yazmayasan? Öz abrına qısılıb heç kəsi narahat etməyən səssiz şairdən yazmağa dəyər.

Hekayələri ilə çoxdan tanış idim. Hətta oxuyub sayta da yerləşdirmişdim. (Çoxu elə bilir saytda şalışıram. Bunun xobbi olduğunu bilməyənlər tez-tez yazı göndərib: “sayta yerləşdir” deyə əmr edirlər) Şeir kitabını isə imzalayıb sinif yoldaşına gətirmişdi. Atama kitab verəcəkdim? Hədiyyə kitab olanda balamdan başqa heç kəsə vermirəm. Atam özü kitabdır, övladı kitablaşdırmaq lazımdır. Ona görə də R. İsmayılın kitabını öz evimə gətirdim. Səhifəni vərəqləyəndə gözüm ürəkdən tikan çıxaran şeirə sataşdı. Bütöv yazmayacam. Qarışıq zamandır, milli ayrıkeçkinlik kimi səslənər, amma reallığı əks etdirir.

Ərəb gəldi, ərəb olduq
dağımızda, daşımızda
qərib olduq…

Laqeyd qala bilmədiyim digər şeir populyar mövzudadır. O da bir çox şairlər kimi vədəsiz sevgidən gileylənir. Şair qəbahətini bilir, özünü məzəmmət edir, amma sevir. Bunu bədii boya vurmadan etiraf edir:

Sevən vaxtım keçib daha
Bilə-bilə sevəcəyəm.
Səadəti lüğətimdən
Silə-silə sevəcəyəm.

Yuxa könül, qoca ürək
Ramiz, kimə, nəyə gərək?
Şama dönüb əriyərək
Belə, belə sevəcəyəm.

Məhz buna görə şair: “Taleyimiz bir sükansız gəmidir” deməkdə haqlıdır.

Sevdiyinə sevgisini “sabahın xeyir”lə bildirmək istəyəndə, qız arif olduğundanmı, yoxsa boşuna ümid vermək istəmədiyindənmi: “sevmirəm xeyr” deyə yüyrək cavab verir. Maraqlı “elçilik”dir.

Dərdi bezdirən şairin dərddən başqa həmdəmi yoxdur.

Dünya kirkirədir iki daşı var,
Bir dayaq daşıdı, bir əl daşıdı.
Ömrümüzü yarma kimi üyütdü
Bir əl qamarladı, bir əl daşıdı.

Ramiz İsmayılın yubileyidir. Ömrü “üyütdüyünü” zənn edir, amma özü boyda bir dünya olan Fərəhlə oynayanda sevincindən: “Hələ bunlar harasıdır?” deyə şadlanır. Biz də: “görməli, yaşamalı günlər qarşıdadır, Ramiz müəllim, yaşayın, hələ bunlar nədir ki” deyirik. Yox, yazıram. Yazıram ki, yubiley təbriki olsun.

İlkin mənbə: kamilinfo.net

Müəllif: Pərvanə BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

75-İN MÜBARƏK, RAMİZ İSMAYIL!

RAMİZ İSMAYIL

ƏLLİ ALTINCI YAZI

75-İN MÜBARƏK, RAMİZ İSMAYIL!

(Ramiz İsmayılın həyat və yaradıcılığı barədə)

Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Ramiz İsmayılın keşməkeşli həyatı, zəngin və rəngarəng yaradıcılığı barədə olacaq.

Ramiz İsmayıl – İsmayılov Ramiz Məmməd oğlu 1 fevral 1948 – ci ildə Gədəbəy rayonun Kiçik Qaramurad kəndində anandan olub. 1954 – ci ildə həmin kənddə I sinifə daxil olub, 1965 – cil ildə  XI sinfi bitirib. Orta məktəbdə oxuduğu illərdə jurnalistikaya böyük maraq göstərib. İlk mətbu yazısı  1962 – ci ildə Gədəbəyə çıxan “Tərəqqi” qəzetində çap olunub. İlk şeiri də məhz həmin qəzetdə yayımlanıb.  Sonralar Şəmkirdə çıxan “Ulduz” qəzetində müxtəlif mövzularda məqalələri müntəzəm olaraq dərc edilmişdir. Müxbirliklə fəal məşğul olsa da tale onu  tamam  başqa sahəyə “yönəldib”.  Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olunub  və  “Mühəndis-mexanik”  ixtisasına yiyələnib.

Ramiz İsmayılın sonraki həyatı Mingəçevirlə bağlıdır. Yetmişinci illərin əvvəlində “Mingəçevir yol maşınları” zavodunda işə düzəlib. Bu şəhərdə müxtəlif müəssidələrdə öz ixtisası üzrə işləyib, şəhərin ictimai həyatında fəal iştirak edib, partiya və həmkarlar təşkilatlarından çalışıb. Şəhərdə çıxan “Mingəçevir işıqları” və  “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri  redaksiyasının fəal ictimai müxbiri olub. Dövrün tələblərinə uyğun olaraq qəzetlərdə, radioda istehsalat qabaqcıllarından, ayrı-ayrı peşə sahiblərindən məqalələr və oçerklər yazmışdır. “Mingəçevir işıqları” qəzeti ilə fəal əməkdaşlıq edən Ramiz İsmayıl  redaksiyanın nəzərində fəaliyyət göstərən “Kür” Ədəbi məclisində yaxından iştirak etməklə məclis üzvlərinin şerilərinə, redaksiyaya daxil olan ədəbi nümunələrə  dəyərli fikirlərinin bildirmiş və yazılar haqqında resenziyalarla çıxış etmişdir.

Şairin ömür yoluna bu qısa “səyahətdən” sonra onun yaradıcılığına diqqətinizi yönəlmək istəyirəm. Ramiz İsmayılın  ilk kitabı 2000-ci ildə nəşr olunub. “Payızda xatırla məni” adlanan kitabda 100-ə yaxın şeir toplanmışdı. Bu kitab Ramiz İsmayılın yaradıcılığını tam əhatə etməsə də hər halda müəllifin ilk kitabı, ilk sevinci idi. Otuz ildən çox yaradıcılıqla məşğul olan bir şairin ilk kitabının belə gec nəşr olunmasının məlum səbəbləri var: maddi cəhət və…

Kitabının nəşrinə qədər Ramiz İsmayılın bir çox rayon qəzetlərində şeirləri, oçerkləri, hekayələri, tərcümələri çap olunub. “Azərbaycan qadını”, “Kirpi”, “Muxbir”, “Mingəçevir leysanı”(indi “Bənövşə”), “Ovqat”, “Yazarlar”, nəhayət, “Xəzan” jurnalı. Bu jurnal haqqında xüsusilə ətraflı söhbət açmağa dəyər. Beş ildən çoxdur ki, “Xəzan”nın baş redaktoru, həm də təsisçi Əli bəy Azəri ilə sıx əməkdaşlıq Ramiz İsmayılın fəaliyyətində xüsusi yer tutur. “Ədalət” qəzetində çoxlu sayda şeirləri, publisistik yazıları və bir neçə hekayəsi dərc olunub. İndi Ramiz İsmayılın üç almanaxda, iki antologiyada şeirləri, iki almanaxda hekayələri, bir almanaxda isə sənədli povesti dərc olunmuşdur. Qeyd etmək yerinə düşər ki, şairin  elə bu qədər, bəlkə də daha çox qələm məhsulları əlyazma şəklində çapını gözləyir.

“Payızda xatırla məni” kitabından sonra Ramiz İsmayıl “Gözü yolda qalan var” sənədli povestini çap etdirmişdir. Bu povest birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun  döyüş yolundan və həyatından bəhs edir. Bu povest haqqında kitabın redaktoru – uzun illər “Mingəçevir işıqları” və “Azərbaycan işıqları” qəzetində işləmiş Yusif Ələkbərov layiqli “Ön söz” yazmışdır. Tanınmış qələm sahibi Pərvanə Bayramqızı isə geniş təhlilli məqalə ilə povest haqqında yüksək fikirlər söyləmişdir. Məqalə “Ədalət” qəzetində çap olunmuşdur. Yeri gəlmişkən qeyd edim ki, “Gözü yolda qalan var” povesti “Xəzan” jurnalında ardıcıl olaraq beş nömrədə, eyni zamanda Əlibəy Azərin tərtib etdiyi “Povestlər toplusunda” dərc olunmuşdur.

Povestin kitab halında çapı isə Mingəçevir Poliqrafiya müəssisəsində həyata keçirilmiş və təmannasız olaraq oxuculara, kitabxanalara paylanmışdır.

Natiq Qasımovun qəhrəmanlığı barədə bir neçə qısa metrajlı film çəkilmiş, xarici jurnalistlər və kinomotoqrafçılar onun qəhrəmanlığını işıqlandırmışlar. Natiq haqqında bir çox yazılar dərc olunmuşdur. Lakin ən samballı və əhtəli əsər Ramiz İsmayılın “Gözü yolda qalan var” povestidir. Müəllif özü bu əsərini “Sənədli povest” adlandırmışdır. Lakin əsərin roman həcmli olduğunu cəsarətlə qeyd edə bilərik. Təəsüf  ki, gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsi üçün mühüm rol oynaya biləcək bu əsəri müəllif təkrar çap üçün bir neçə yerə, o cümlədən Yazıçılar birliyinə müraciət etsə də istəyinə nail ola bilməyib. Qeyrətli Azərbaycan oğlunu Vətən yolunda rəşadətli döyüş yolu haqqında yazılan bu dəyərli əsəri təkrar çap etdirmək üçün qeyrətli də sponsora ehtiyac var.

Ramiz İsmayılın “Gədəbəyim, şan-şöhrətim” şeirlər kitabı doğulub boya-başa çatdığı el-obasına, yurd-yuvasına dərin məhəbbətinin məhsuludur. Kitabın titul vərəqində şairin bircə bənddən ibarət şeiri verilmişdir.

                                 “Arxamca göz yaşı tökməyin,dağlar,

                                 Sizdən ayrılana göz yaşı düşmür!

                                 Nə bir qarış torpaq, nə bir damcı su,

                                 Nə bir əl boyda başdaşı düşmür!”

Elə bircə bu bir bəndlik şeirdə müəllifin duyğularının nə qədər səmimi olduğuna inanmamaq mümkün deyil.

“Gədəbəyim, şan-şöhrətim” kitabının redaktoru və “Ön söz” müəllifi, fəlsəfə elmləri namizədi, dosent Rabil Novruzov Ramiz İsmayılın şeirləri barədə ürək sözlərini belə ifadə etmişdir:

“Doğma yurduna vurğunluq – bu şeirlərin əsas leytmotividir. Misradan-misraya, bənddən-bəndə, şeirdən-şeirə keçdikcə hiss edirsən ki, “Qara muradın Ramiz adlı balası” bütün gədəbəy torpağını qarış-qarış gəzib, onun hər guşəsinə incədən-incəyə bələddən. Ancaq bu azdır: o qarış-qarış gəzdiyi bu yerlərin vurğundur və bu vurğunluq onun … ehtiraza gətirir, qəlbində şeriə, musiqiyə çevrilir. Şair bu torpağı dərdlərə dərman bilir, qədrini bilənlər üçün, duyanlar üçün cənnət sanır. Ana Yurdum mənzələrinizi təbiətik özünün toxuduğu xalıya-xalçaya bənzədir. Bu yerlərin hər qarışının, daşının şeir olduğu təbiətin özünün insanı şairə çevirdiyini azır. Mənə elə gəlir ki, Gədəbəyi görməyənlər də bu şeirləri oxuyandan sonra onun təbiətinə, torpağına vurulurlar bu yerləri gəzib görmək istəyər.”

Göründüyü kimi hörmətli filosofumuz Rabil Novruzov Ramiz İsmayıl yaradıcılığına yaxından bələd olmuş, şeirlərə diqqətlə yanaşmış, təəsüratlarını səmimiyyətlə bölüşmüşdür.

Rabil müəllim yazır: “Bu şeirlər sadəcə şeir deyil, həm də Gədəbəyin etnoqrafiyasıdır. Onlardan bu yurdun insanlarının ruhu, təbiəti, xasiyyəti, zövqü, həyata baxışı, adət-ənənəsi,həyat tərzi barədə soraq alırsan.”

Açığını deyim ki, təbiət vurğunu olaraq  mən də Rabil  Novruzovun bu bənzətmələrindən, səmimi etirafından zövq aldım.

Ramiz İsmayılın “Gədəbəyim, şan-şöhrətim” kitabında ən müxtəlif mövzularda yazılmış şeirlərə rast gəlmək mümkündür. Həm də bu şeirlərdə dilimizin şəhdi-şəkəri, dadı-duzu, məzəsi, şirinliyi var. Gədəbəylilər sazı-sözü, təbiəti sevən insanlardır. Ramiz İsmayıl əbəs yerə demir:

“Nə var bu yerlətdə şair olmağa

Hər qarış torpağı, daşı şeirdir”.

Şair vətən sevgisini, doğma yurda, torpağa məhəbbətini belə təsvir edir:

Vətən torpağında kiçik daş olam

Tapıb zirvələrdə qoyalar məni.

Qartal kimi qanad çalam səmada

Qıy vuram, dinləyə qayalar məni.

… Ramizəm, tanrıdan budur muradım:

Daim təmiz olsun bir quru adım,

Qismət ola doğma Qaramuradın

Zümrüd sularında yuyalar məni!

Ramiz İsmayıl “Çobanla deyişmə” şeirində çox ibrətamiz bir mövzuya toxunub. Şifahi ədəbiyyatımızda çoban obrazı çox işlənib. Bir çoxlarının ironiya ilə çobanlar haqqında fikirləşdiklərinin əksinə olaraq çox vaxt çobanların müdrikliyi, ağılı və düşüncəsi barədə ümumilikdə xalqın rəyi çox maraqlıdır. Ən çətin şəraitdə məhz çobanlar çıxış yolu göstərmişlər. Bu baxımdan Ramiz İsmayılın da maraqlı yanaşması var. O, yazır:

Çoban qardaş, gəl dəyişək sən Allah

Qələm sənin olsun, çomaq ver mənə!

Gəl sənə təp-təzə panama verim

Qoyun dərisindən papaq ver mənə!

Beləliklə, şair çobana kəndi atıb şəhərə köçməyi, telinə “jele” sürtməyi, maqnitofonda roka-popa qulaq asmağı, “yevrotəmirli” evdə yaşamağı, dəmir qapılı, qəndilli mənzili hisli-çıraqlı komaya dəyişməyi təklif edir. Çoban görün nə cavab verir:

Çoban gülümsəyib dedi: – a şair,

Ya çoban ol, ya alim ol, ya şair,

Hərə öz yurdunda xoşbəxt yaşayır

Dumanlı çiskinli yaylaq ver mənə!

Çobanın bir bəndlik cavabı onun elinə-obasına, yurd-yuvasına məhəbbətini çox konkret ifadə etmişdir.

“Gədəbəyim, şan-şöhrətim” kitabında hər cür zövqə malik oxucular üçün poeziya nümunələri kifayət qədərdir.

Ramiz İsmayılın “Görülən çox işim qalıb” kitabı haqqında da bir neçə kəlmə demək istəyirəm.  Bir bəndlik  bu şeirə nəzər salaq:

Bir millətin üç vətəni

Qərqindən Allah saxlasın

Cənubi, Qərbi, Şimalı (Azərbaycan)

Şərqindən Allah saxlasın!

Bir milləti çoxvətənli, çoxdövlətli bir milləti rəmzi olaraq Cənuba, Qərbə, Şimala, silsilə ardıcıllığı ilə Şərqə ayırmaqda güclülərin məqsədi nədir? Dünəninin, bu gününün və gələcəyinin prizmasından dünyaya baxmağı bacarmayan sənətkara beynəlmiləlçi damğası vurub, onun sənətini bayraq eləməklə o sənətkarı uzunömürlü etmək olmaz. Dünyaya meydan oxuyan, yerlə göylə əlləşən olsan belə sonda ömür-günün öləziyən çağında kökünə, yurd-yuvana bağlı xatirələr çəkəcək səni:

Dəryaz alıb biçənəyi biçdiyim,

Daş üstündən yağış suyu içdiyim,

Sel gələndə coşan çayı keçdiyim,

O günləri xatırlayıb kövrəldim!

Ramiz İsmayılın vətən sevgisi haqqında nə qədər desən danışmaq olar. Mən burda şairin uzaqgörənliyindən bir sitat gətirmək istəyirəm.

Nə boyun əymə yada,

Nə “boyun əti” olma!

Nə məzlum ol, nə yazıq,

Nə aciz, müti olma!

ATƏT-ə ümid olma!

Millətim, qəti olma!

Bu misralar şairiin 2011-ci ildə nəşr olunan kitabındandır. Daha bir bəndə nəzər salaq:

Vətəni daş qorumaz

Hər vətəndaş qoruyar,

Bədəni leş qorumaz

Bədəni baş qoruyar.

Vətən ana-bacıdır

Oğul-qardaş qoruyar.

Necə dəqiq, necə hədəfə tuş.

Bu misralar da “Dünya bizə inanmır” şeirindəndir.

Baş açmıram doğrusu,

Anlamıram nə işdi,-

Dünya bizə inanmır.

“Beynəlmiləl” oxuduq,

Əqidəmiz dəyişdi, –

Dünya bizə inanmır!

Otuz il ATƏT Azərbaycana, Ermənistana “qastrola” gəldi, getdi, hər dəfə yalan vədlər, hər dəfə siyasi oyunbazlıq. Nəticə etibarı ilə əllaməçilik. 44 günlük müharibədə tarixi qələbəmizdən sonra da ermənipərəst qüvvələr yenə də min bir bəhanə ilə sülhə mane olurlar. Qəribəsi budur ki, məğlub ölkəyə bir sülh təklif edirik. Dağıdılmış şəhərlər, kəndlər, mina basdırılmış min hektarlarla ərazilər, daşınmış sərvətlər, talanmış evlər-eşiklər, tarixi abidələr, mədəniyyət ocaqları, islami dəyərlərin məhv edilməsi və başqa vandalizm əlamətləri göz qabağında ola-ola erməni havadarları yenə həqiqqəti etiraf etmək istəmirlər.

“Qaçqın şəhərciyində

Milyon qaçqın yaşayır

Dünya bizə inanmır.”

Ramiz İsmayılın Qarabağ münaqişəsi (əslində müharibə) ilə bağlı çox şeiri vardır. Hamısı barədə müfəssəl danışmağa imkan yoxdur. Ona görə də deyilənlərlə kifayətlənirik.

Əvvəlcədən qeyd etdiyim kimi Ramiz İsmayıl ömrünün qırx ildən çoxunu Mingəçevirdə yaşayıb şəhərin ictimai həyatında  özünəməxsus fəaliyyəti olub. Burada ailə qurub, ev-eşik sahibi olub. Bu şəhəri o özünün ikinci vətəni, yurdu hesab edir. Ailə vəziyyəti ilə əlaqədar olaraq 2012-ci ildə Bakıya köçmüşdür. Təsadüfi deyildir o, şeirlərinin birində yazırdı:

“İki yurdum, iki elim var idi,

Biri Mingəçevir, biri Gədəbəy.”

Bu şeiri yazanda şair  artıq Bilgəh qəsəbəsində yaşayırdı. Ramiz  İsmayıl Mingəçevirdə yaşadığı illərini ömrünün “qızıl dövrü” adlandırır. Mingəçeviri vəsf eləyən çoxlu şeirləri və “Bozdağın ülkər şəhəri” adlı poeması vardır. Mingəçevirə məhəbbətinin təzahürüdür ki, növbəti kitabını “bir şair ayrılır Mingəçevirdən” adlandırıb.

“Hökmünə qul olub Tanrı əmrinin

Bir şair ayrılır Mingəçevirdən.

Qırx ilini burda qoyub ömrünün

Bir şair ayrılır Mingəçevirdən.”

Bu ayrılıq taledirmi, qismətdirmi ? Məcburiyyətdirmi, alın yazısıdırmı? Hər nədirsə həqiqətdir. Hal-hazırda Ramiz İsmayıl Xırdalan şəhərində məskunlaşıb. Yurddan-yurda köçmək hansı zərurətdən yaranıb?

“Unuda bilmirəm Mingəçeviri,

Orada doğma bir məkanım qalıbdır.

Mənim Məkkəm imiş, Mədinəm imiş,

Qibləm, pirim, din-imanım qalıbdır.”

Bu ayrılıq, bu nisgil Ramizin qəlbini daha da kövrəldir.

“Əziz Mingəçevir, a doğma şəhər

Gəlin halallaşaq mən gedər oldum,

Tutmamış hönkürtü, boğmamış qəhər

Gəlin halallaşaq mən gedər oldum.”

Ayrılığın kulminasiya nöqtəsinə baxın:

Doğma anam kimi duyanım şəhər,

Dar gündə simsarım, həyanım şəhər

Gəlin halallaşaq mən gedər oldum.

Ramiz xilaf çıxmaz öz adətinə,

Diz çöküb əyilər ibadətinə

Qayıdıb gələcək ziyarətinə

Gəlin halallaşaq mən gedər oldum.

Gədəbəydə doğulub boya-başa çatıb, ömrünün  ən gözəl çağlarını Mingəçevirdə yaşayıb, qısa müddət  Bilgəhdə, indi isə Xırdalanda yaşayan şair hələ də sakitlik tapa bilmir və duyğularını belə izah edir:

Səndən ötrü ürəyimin

Başı göynəyər, köhnə yurd

Gözlərimin qurumayan

Yaşı göynəyər, köhnə yurd.

… Ramizin də ömrü bitər,

Dədi yoxdur bundan betər

Qürbət eldə qəbri itər,

Nəşi göynəyər, köhnə yurd!

Keşməkeşli həyat yolu keçən Ramiz İsmayıl çətinliklər qarşısında sarsılmayıb. Ən ağır günlərində qələmə pənahlanıb, könül duyğularını da, ağrılarını da, sevinclərini də şeirin, poeziyanın qüdrəti ilə ifadə edib. Yaxından tanıdığım, insanlığına, ləyaqətinə, mədəniyyətinə, bir sözlə, bütün insani keyfiyyətlərinə bələd olduğum şairin təvazökarlığını xüsusilə qeyd etmək istəyirəm. Əlli ildən çox yaradıcılıqla məşğul olan, kifayət qədər ədəbi məhsulu olan Ramiz İsmayıl heç vaxt sinəsinə döyüb “şairəm” deyib lovğalanmayıb. Onun otuz hekayəsi və bir povesti “Sonuncu görüş” kitabında çap olunmuşdur. Hələ çap olunmamış onlarla hekayəsi, povestləri, dram əsəri var. Necə deyərlər: Ramiz İsmayıl yetmiş beş ilini mənalı yaşayıb və “papağı günə yandırmayıb”.

Ən əsası  isə yazmaq xatirinə yazıb kəmiyyət ardınca qaçmayıb. Duyğularını oynadan, düşündürən mövzulara məsuliyyətlə yanaşıb. Oxucuların əsəbi ilə oynamağı özünə rəva bilməyib. Yaradıcılığa şöhrət xatirinə yanaşmadığına görədir ki, tanınmış qələm sahibləri Ramiz  İsmayılın  şeirlərinə yüksək qiymət vermişlər. AYB Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə, “Ədalət” qəzetinin baş redaktorunun birinci  müavini Əbülfət Mədətoğlu və başqaları onun yaradıcılığından bəhs edən yazılarla mətbuat səhifələrində yüksək fikirlər söyləmişlər. Əbülfət Mədətoğlu “Bir şair ayrılır Mingəçevirdən” və “Bəsimizdi ay işığı” kitabları haqqında “Ədalət” qəzetində xoş sözlər yazmışdır.

Ramiz İsmayılın “Xəzan” jurnalı ilə əməkdaşlığı barədə xüsusi  danışmaq lazımdır. Beş ildən çoxdur ki, Əli bəy Azəri ilə birlikdə “Xəzan” jurnalının ərsəyə gəlməsində öz xidmətini  əsirgəməmişdir.

Ramiz İsmayılın “Bəsimizdi ay işığı” kitabında yazdığı  bir fikir diqqətimi cəlb elədi:

“Ədəbiyyata,ədəbi yaradıcılığa məhəbbətim nə qədər güclü olsa da tale məni əks qütbə tulladı, mən mühəndis oldum. Qələmim həm çertyoj cızdı, həm də şeir yazdı. Bir qələmim maddi ehtiyacımı, bir qələmim mənəvi ehtiyacımı təmin edirdi. Mühəndislər arasında öz yerim oldu. Hansı sahədə işlədimsə sayılan mühəndis kimi tanındım.”

Mən isə cəsarətlə deyirəm: Ramiz İsmayıl şairlər arasında da sayılan şairdir.

İndiki zəmanəmizdə “Avropaya inteqrasiya” adı altnda modernist, postmodernist və s. şeir formaları gənclər arasında geniş yayılmışdır. Bu səbəbdən klassik, ənənəvi üslubda yazanlara münasibət dəyişmişdir. Ömrünün ahıl yaşına çatan şairlərimiz isə ənənəni qorumağa çalışmaqla zəngin ədəbi irsimizi, şifahi xalq ədəbiyyatını qorumağa çalışırlar. Kökə, ənənəyə bağlılıq yaşlı nəslin böyük əksəriyyətində qorunub saxlanılır. O cümlədən Ramiz  İsmayıl yaradıcılığında aşkar görünür. Son zamanlar çox az-az rast gəlinən aşıq deyişmələri, bağlamalar, qıfılbəndlər və s. şeir növlərinə Ramiz İsmayılın yanaşması mənə maraqlı göründü. O, qocaman şair Budaq Təhməzlə birlikdə bir neçə qıfılbənd yazmışdır. Bir nümunəuə diqqət yetirək:

-Budaq Təhməz, icazə ver soruşum

                       Hansı günah yuyulmaz ki, yuyulmaz.

                       O nə dərddir ürəklərdə yurd salar

                       Ha qovasan, qovulmaz ki, qovulmaz.

Budaq Təhməzin cavabı:

                        -Ramiz qağa, yaxşı sual veribsən

                         Zinalıqdı, yuyulmaz ki, yuyulmaz!

                         O fikirdi, ürəklərdə yurd salar

                         Ha qovasan, qovulmaz ki, qovulmaz!

     Daha bir nümunə:

                          O nədir toxumu, dəni əkilmir,

                          Başını kəsirsən, qanı tökülmür,

                          O nədir ki, beli sınır, bükülmür

                          Dizləri qatlanıb qatbaqat olur?

Budaq Təhməzin cavabı:

                          Göbələkdir, yerə dəni əkilmir

                         Başını kəsirsən qanı tökülmür,

                         Çəyirtkədir beli sınır, bükülmür

                         Dizləri qatlanıb qatbaqat olur.

Onların bir neçə belə deyişmələri- qıfılbəndləri var ki, şairlərin folklorumuza, ənənəyə bağlı olduqlarını sevindirici hal kimi qiymətləndirmək olar.

Yazımın sonunda Ramiz İsmayılın bugünkü həyatı, yaşam tərzi barədə bir neçə kəlmə diqqətinizə çatdırıb, söhbətimi yekunlaşdırmaq istəyirəm. Şair bu gün də bir əlində “külüng”, bir əlində qələm gənclik illərində olduğu kimi əsl həyat, yaşam mücadiləsi veririr. Təkrar olsa da (bir neçə yazımı təxmini belə sonlandırmışam) yenə digər böyük sənətkarımız Cabir Novruzdan  sitat gətirməyi özümə borc bilirəm:

Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…

1 fevral  dəyərli söz adamı, el sənətkarı Ramiz İsmayılın növbəti doğum gündür. Şairin 75 yaşı tamam olur. Yubiley münasibəti ilə onu təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram! Yaradan yardımçınız olsun, Ramiz müəllim!

31.01.2023. Bakı.

MÜƏLLİF: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

RAMİZ İSMAYILIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ
 HƏMÇİNİN:>> “RUHUMUZUN YAZ HAVASI”
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru