AKİF ABBASOV.   TOL.

AKİF ABBASOVUN YAZILARI

TOL

(hekayə)

Fərhad Alatavadakı evini  təmir etdirirdi. Arvad-uşağı aparıb qaynanasıgilə qoymuşdu. O, dostlarından Azərlə Əkbərə dedi:

-Baxmayaraq ki, yaydı, bizim həyətdə sərinlikdir. Məzuniyyətdəsiniz. Gedən yeriniz də yoxdur. Evdə ustalar işləyəcək. Mən də təkəm. Yığışın  bizə. Pivələyək, damino oynayaq.

Razılaşdılar. Əkbər axşamüstünə kimi oturur, sonra durub gedirdi. Ailəli idi. Azər həm subay idi, həm də kirayədə qalırdı. Elə axşamlar da yıxılıb Fərhadgildə yatırdı.

Sovet hökumətinin dövrü idi. Tikinti materialları açıq satışda olmurdu. Ordan-burdan, tikinti gedən yerlərdən oğurluq-doğurluq alardılar. Birisi ilişəndə də, gəl qurtar görüm necə qurtarırsan? Milisdə sorğu-sual başlanırdı: “Bu daşı, bu qumu, bu sementi, bu şiferi haradan almısan?”

Ya tutub atırdılar içəri, yəni dama, ya da möhkəmcə soyurdular, yəni pul qoparırdılar.

Qadağalar vardı, amma hamı rahat ev də tikdirirdi, daşdan qaraj da.  Hasar da çəkdirirdi… Ərizə ilə ispolkoma müraciət edərdin, müəyyən miqdarda tikinti materialı ayırırdılar. Qalanını axır ki, yenə oradan-buradan tapardılar.

Əlqərəz, Fərhad Əkbərlə Azərə dedi:

-500 metr aralıda tikinti obyekti var. Gözətçi ilə danışmışam, pulunu da vermişəm. Axşam saat on birin yarısında-on birdə gedib adama bir dənə tol götürərik.

Əkbər yenə cığallıq elədi:

-Mən o vaxta qala bilmərəm. Anam rayondadır. Arvad körpə uşaqla evdə təkdir.

Fərhad:

-Onda sənə bir quş. Azər, birdən sən də evlənməli olarsan, bu gecə məni tək qoyarsan. Toy zad eləmirsən ki?..

-Mən səninləyəm. Adaxlı  tapmışam ki, toy edim? Axşam birlikdə gedib o tolun başına daş salarıq.

Əkbər getdi. Fərhadla Azər bir az nərd oynadılar. Sonra şam etdilər. Fərhad ortaya sərin araq və pivə də qoymuşdu. Saat on birə işləyəndə ayağa qalxdılar. İnşaat meydanına gəldilər. Gözətçi onları gözləyirdi. O, tolların yerini göstərdi. Hərəsi bir tolu çiyninə alıb yola düzəldilər.Söhbət edə-edə, Əkbərin dalınca danışa-danışa bir az getdilər. Qaranlıq idi, göz-gözü görmürdü. Qabaqdan bir neçə adam gəlirdi. Birdən rusca səs eşidildi:

-Stoy!

Hərbi komanda idi. Azət əsgərlikdə olduğundan bu komandanın mənasını yaxşı bilirdi. Onlar patrul dəstəsinə rast gəlmişdilər. Komanda verən növbətçi zabit, yanındakılar da əsgərlər idi. Azər tez:

-Qaranlıqdır, heç nə görünmür. Tolları yavaşca çiynimizdən atib, növbəti komandaya qədər  irəli yeriyək  ki, nə  apardığımızı görməsinlər.

Elə də etdilər. Növbəti komanda eşidildi:

-Stoy, strelyat budim.

Və avtomatın şaqqıltısı eşidildi.

Gülləni ayağa vermişdilər.

Fərhad əsgərlikdə olmadığından bütün bunların mənasını bilmir, nə demək olduğunun fərqinə varmırdı. Bir qədər də baməzə və əhli-kef olduğundan vəziyyətin ciddiliyini anlamırdı. Odur ki, Azər cəld ona dedi:

-Onlar xəbərdar etdilər. Yerindən tərpənsən, yaxud  bir addım belə atsan, səni vura bilərlər.

Azərlə Fərhad yerlərində dondular. Zabit yanında da iki dığa yaxınlaşdı:

-Burada nə gəzirsiniz?

Fərhad kəkələyə-kəkələyə:

-Evə gedirik. Üz yüz metr aralıda bizim evdir.

-Bəs bilmirsiniz ki, bura hərbi hissənin ərazisidir?

Bu dəfə Azər dinləndi:

-Haradan bilək? Buralarda  hərbi hissə yerləşdiyindən xəbərimiz var. Mən də əsgərlikdə olmuşam. Hərbi hissənin ərazisi adətən hasara alınır. Bura isə…

Azərin çoxbilmişliyi zabitə xoş gəlmədi. Acıqlı halda:

-Buraları bizə təzə veriblər. Sabah hasara alınacaq.

Bunu eşidən Azərin dili çıxdı:

-Sabahdan buralarda görünmərik…

Zabit  qəzəbli:

-Hünəriniz var, burada bir də dolaşın, onda alarsınız payınızı, indi isə marş evinizə…

-Oldu.

Patrul dəstəsi yoluna davam etdi. Gecə qara, cücə qara. Gecənin qaranlıgında nə zabit, nə də əsgərlər tolları görmüşdü. Bəlkə də həmin tikinti hərbçilərin idi. Görsəydilər, gör nə həngamə qopardı.

Fərhdla  Azər tolları çiyinlərinə alıb yollarına düzəldilər. Patrul dəstəsi ilə aralarında olanları yada salır, deyib-gülürdülər. Bir də qabaqlarına üç nəfər mülki paltarda adam çıxdı və onları saxladılar:

-Biz gecə reydinə çıxmışıq. O görünən tikintinin məsul işçiləriyik. Bizə siqnal çatıb ki, gözətçilər tikinti mallarını gecələr ona-buna dəyərinə-dəyməzinə satır. Fikirləşdik ki, yoxlayıb, sonra bir əncam çəkək. İndi hər şey məlum oldu. Bu tollar sizə haradan? Tikintidən ya oğurlamısınız, ya da qanunsuz almısınız. Hər iki halda  məsuliyyət daşıyırsınız.

Fərhad ali təhsilli idi. Azər institutda qiyabi oxuyurdu. İkinci kursda  idi. Azər o dəqiqə öz taleyini fikirləşdi: nağdı institutdan qovacaqlar, işdən çıxaracaqlar, tutmasalar da, dərisini soyacaqlar. Pul üçün kimin üstünə qaçacaq? Qohum-əqrəba hərəsi özünü birtəhər dolandırır?

Azər dil tökməyə başladı:

-İki toldur, bundan ötrü bizi dama basacaqsınız?

Növbə rəisi:

-Məsələ iki tolda deyil. Bu cinayətin üstü açılmalı, günahkarlar cəzalandırılmalıdırlar. Bu dəqiqə milis çağıracağıq. Hərə iki tol, hərə beş şifer, bir kisə sement arasa, bilirsən dövlətə nə qədər ziyan dəyər? Siz maddi-dəlilsiniz. Sizin köməyinizlə o gözətçinin boynuna qoyacağıq ki, o, dövlət əmlakını necə dağıdır. Siz bizimlə tikintiyə getməlisiniz…

Fərhad əslən Masallıdan olub, ünsiyyətli, söhbətcil, görüb-götürmüş bir adam idi. Öz söhbətləri ilə ətrafdakıları tez ələ ala bilirdi, dostu-tanışı da çox idi. Növbə rəisinin danışığından başa düşdü ki, o, Talış zonasındandır. Bundan istifadə etməyə çalışdı:

-Dədə bala, deyəsən Talış zonasındansan axı. Ehtiyatlı ol.

Növbə rəisi Gəldi Gedərov bir anlığa duruxdu, sonra özünü ələ aldı: “Burada nə var ki, ləhcəmizdən bilirlər haradanıq. Bunun mətləbə nə dəxli? Tikintinin direktoru çağırıb bərk-bərk tapşırıb: “Tikintini dağıdırlar. Tapın səbəbkarları, atasını yandırım!”

İndi Gəldi Gedərova maddi-dəlil lazım idı, kiminsə onun haradan olmasını bilməsi yox. Odur ki tez:

-Yoldaş, xahiş edirəm dostunu da başa sal və düşün qabağımıza gedək idarəyə.

Fərhad zonanın ağsaqqalını yadına saldı və bundan yararlanmağa çalışdı:

-Birdən Hacı Yusif desə ki, bənd olma, onda nə deyərsən?..

Gəldi Gedərov diksindi, key-key Fərhada baxdı:

-Hacı Yusifi haradan tanıyırsan?

Yaxınlarda Hacı Yusifin köməyi, maddi dəstəyi ilə Gəldi Gedərovun atası ölümün pəncəsindən qurtulmuşdu. Onların üstündə Hacı Yusifin böyük haqqı-sayı vardı.

Ox hədəfə dəymişdi. Fərhad:

-Hacı Yusif anamın əmisi oğludur.

Gəldi Gedərovun boğazı qurudu:

-Doğrudan?

İndi Fərhad özünü çəkməyə başladı:

-Əlbəttə, sizinlə zarafatım var?! Bəlkə də bu saat bizdədir. Atamla nərd oynayır.

Gəldi Gedərov siqaret çıxartdı. Fərhad alışqanı yandırdı.

-Doğru deyirsən, Hacı nərd oyamağı xoşlayır.

Fərhad telefonda kiminləsə danışırdı. Hətta zarafata da saldılar. Sonra:

-Burada yanımızda bir dostumuz da var – Gəldi Gedərov. Sizinlə danışmaq istəyir.

Fərhad  mobil telefonu Gəldi Gedərova verdi. O zamanlar az-az adamlarda mobil telefon olardı. Gəldi Gedərov səsindən danışdığı  adamı tanıdı. Bu, Hacı Yusuf idi.

Fərhad sinayıcı nəzərlə Gəldi Gedərova baxdı:

-İndi bizi idarəyə aparırsan, yoxsa yolumuza davam edək?

Gəldi Gedərov çar-naçar dedi:

-Hacı Yusufin qohumuna kim qaşın üstə gözün var deyə bilər?.. Əlbəttə, gedin.

Fərhadla Azər yollarına davam etdilər. Fərhad:

-İlan ulduz görməsə, ölməz, – dedi.

Beləliklə, tolu mənzil başına çatdırdılar.

Narahat bir gün idi. Fəhlələr evin damına çıxmışdılar, bayaqdan tolu gözləyirdilər. Tolu axşamın sərinində vurmaq lazım idi. Gündüzlər isti adamın atasını yandırırdı. Tol dalınca gedənlər axır ki,  gəlib çıxdılar. Usta Xanbala:

-Müəllim, niyə belə yubandınız? Gözətçi yerində deyildi?

Fərhad alnının tərini sildi:

-O, yerində idi. İşlər yerində deyildi. Əvvəlcə patrullara rast gəldik. Asıb-kəsib, axırda buraxdılar. Dedilər ki, bir də oralarda dolaşsaq, avtomatın bütün güllələrini qarnımıza boşaldacaqlar.

Bəybala  həyəcan və qorxu içərisində soruşdu:

-Niyə, müəllim, nədən ötrü? Hansı günahın sahibi idiniz?

Azər aydınlaşdırdı:

-Demə, yol gəldiyimiz ərazini hərbçilərə veriblərmiş. Onların ərazisinə isə, bilirsiniz ki, icazəsiz girmək olmaz.

Bəydəmir xəbər aldı:

-Müəllim, doğrudan dedilər ki, güllələyəcəklər? Birdən yol azarıq, gedib oraya çıxarıq. Fağır adalarıq, uşaqlarımız yetim qalar.

Bəydəmirin sadəlövhlüyünə Fərhadın gülməyi tutdu:

-A kişi, zarafat edirəm.

Bu dəfə Xanbala xəbər aldı:

-Elə bu?

Azər dedi:

-Bu azdır?

Fərhad dilləndi:

-Sonra da yoxlama briqadasına rast gəldik. Demə, tikintini söküb-aparırlarmış. Biz də elə bu zaman oblavaya düşdük. Bir xoş təsadüf nəticəsində onların əlindən qurtulduq. Nə isə, ertə ikən tolu evin damına çəkin. İşiniz çoxdur, sabaha qalmasın.

Xanbala həyətdə idi. Tolun birini açmağa çalışdı. Dartışdırdı, dartışdırdı, lakin istəyinə nail olmadı. Sonra üzünü Fərhada tutaraq:

-Müəllim, açılmır ki… Xarab olub, köhnəymiş.

Fərhad az qala dəli olacaqdı:

-Bayaqdan itin-qurdun danlağını çəkirdik. O boyda yolu pay-piyada, çiynimizdə gətirmişik.

Bu səfər Fərhad tolu açmağa  cəhd göstərdi. Alınmadı.

-O biri tolu gətirin.

Bəydəmirlə Bəybala evin damından düşdülər və tolu dama çıxartdılar.

-Bu tol açılır.

Bunu Azər dedi.

Tolu Bəydəmir açırdı. Tolu yarıya  qədər açıb evin damına salmışdı ki, əl saxladı. Fərhad narahat halda:

-Niyə əl saxladın? – deyə xəbər aldı.

-Daha açılmır.

Fərhadın qışqırığı məhəlləni başına götürdü:

-Bayaqdan bu tolların həyəcanından az qala ürəyimiz dayanmışdı. İşə bir bax.

O, yerə oturub siqaret çıxartdı. Xanbala:

-Müəllim, onsuz da işimiz yarımçıq qalacaqdı.

Fərhad tərs-tərs ona baxdi:

-Niyə, oğurluqdur, ona görə?

-Yox, bizə üç tol lazım idi. Bizim isə iki tolumuz var.

Fərhad:

-Üçüncü tolu Əkbər gətirməli idi. O, aradan şıxdı. Başımıza gələn o qədər işdən sonra bir də o tikintiyə qayıda bilmərik. Gərək tolu başqa yerdən tapaq.

Xanbala başı ilə təsdiq etdi:

-Bu tollardan kar aşmaz.

_____

Tol – damlara çəkmək üşün islanmayan qatranlı karton

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir