Akif Əli. ULU SƏRKƏRDƏ BABƏK.

AKİF ƏLİNİN YAZILARI

ULU SƏRKƏRDƏ BABƏK

1185 il öncə bugünkü gün Samirə şəhərində Ərəb Xilafəti böyük Azərbaycan sərkərdəsi ulu Babəki edam etmişdir. Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşayıb ölməyi üstün tutan cəsur sərkərdənin mübarizəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir.

2013-cü ildə yazıb çap etdirdiyim “Azman” kitabında yeni din tətbiqi adı altında Azərbaycana qarşı işğalçılıq yürüşləri aparan Ərəb Xilafəti ilə mübarizədə xalqı səfərbər etmiş və güclü Azərbaycan dövləti yaradaraq, 22 il yadelli işğalçılara müqavimət göstərmiş qüdrətli hökmdar, yenilməz sərkərdə Babək Hürrəminin edam səhnəsi ətraflı əks olunur.

“…838-ci il martın 14-də Ərəb Xilafətinin mərkəzində, Xəlifənin hüzurunda, ali ruhani şəxslərin və mömin müsəlmanların gözü qarşısında günahı yalnız öz vətənini azad görmək olan Azərbaycanın qəhrəman sərkərdəsi Babək dinə, imana, insanlığa yaraşmayan vəhşi bir üsulla qətlə yetirildi. Azərbaycanlı Azman igidin vahiməsi o dərəcədə böyük idi ki, ürəyi onu sadəcə öldürməklə soyumayan düşmən Babəkin qollarını, ayaqlarını, başını kəsdi, qarnını doğradı və bədənini çarmıxa çəkib od vurdu. Amma yenə də vahimədən qurtula bilməyən cahillər zaman-zaman onun parlaq obrazına da ləkə yaxmaq üçün qələm çaldılar…

Babəklə bağlı mənbələrin əksəriyyəti ərəb-fars tarixçilərinin yazdıqlarıdır. Bu mənbələrdə qərəz, böhtan, saxtalaşdırma açıq-aydın hiss olunur. Odur ki, “orta əsrlər mənbələrinə” istinad edərkən, o “faktları” yazan qələmin kimin əlində olduğunu unutmamaq lazım. Məntiqli oxucu dərhal bilir: ərəb yazarı Ərəb Xilafətini 22 il lərzəyə salmış bir qəhrəman haqqında təbii ki mədhiyyə qoşmayacaq, əksinə, onun haqqında hikkə dolu hərzə-hədyanlar uyduracaqdı. Xəlifənin sarayında oturan ərəb səlnaməçisi dövrün hadisələri barədə, xüsusən qatı düşmənləri haqqında həqiqəti yaza bilməzdi… “

Əgər ərəb-fars mənbələrində göstərildiyi kimi Babəkin şəxsiyyəti və mübarizəsi “əhəmiyyətsiz” olsaydı, o zaman nədən Xəlifə Mötəsimbillah Babəki tora salıb ərəblərə təhvil verən satqın Səhl Sumbata bu xidməti müqabilində fəxri xələt, patrik tacı verib onu xəracdan azad edirdi? Üstəlik Səhlin özünə “min dəfə min kşir gümüş, bir də yüz min” qızıl pul – yəni milyon dirhəm, oğluna isə yüz min dirhəm pul mükafatı verirdi?!

Əlbəttə, “Babək öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir qəhrəman idi…” – Tarix Babəki yadında belə saxladı.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında Sərəncam imzalamışdır.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalqımızın çoxəsrlik zəngin tarixinə adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Babəkin abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bakı şəhəri, 6 sentyabr 2011-ci il.

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir