Adil Cəfakeş. HALALLIQLA YAŞAYIB YAZAN ŞAİR.

QƏZƏNFƏR MƏSİMOĞLU

HALALLIQLA YAŞAYIB YAZAN ŞAİR

2016-cı ilin yayı idi. Borçalıda yaşayan şair dostum Əflatun Hüseynoğlu mənə zəng vurub Bakıya gəldiyini və mənimlə görüşmək istədiyini dedi. Mən ona yaşadığım ünvanı dedim və gələndə mənə xəbər verməyi xahiş etdim. Əlaqə saxladıq, verdiyim ünvanda onu qarşılamağa getdim. Aradan bir az keçmiş gördüm ki, boyu uzun, qıvrımsaç bir oğlanla gəldilər. Görüşəndən sonra onları da götürüb bizə getdik. Borçalı camaatı saz sevər olduğu üçün Laçının tanınmış ustad aşığı aşıq Cabbarı və gənc aşıq Seymur Müslümoğlunu da çağırdım. Aşıqlar bir xeyli çalıb oxuyandan sonra Əflatundan qıvrımsaç oğlanın kimliyini soruşdum. O mənə onun Qəzənfər Məsimoğlu olduğunu və çox talantlı bir şair olduğunu söylədi. Bizim bir neçə saat söhbətimizdən, şeirləşməyimizdən sonra Qəzənfər Məsimoğlunun həqiqətən də çox talantlı bir şair olduğunun şahidi oldum. Sizə onun həmin vaxtı söylədiyi şeirlərdən bir neçə nümunə göstərirəm:

Ürəyim od tutub yanır,

Sərin susan, içim səni.

Öz dərdinə dərman sanır,

Çölüm səni, içim səni.

Sən ağ şanım, qara şanım,

Yarı balım, yarı şanım.

Sənsən mənə yaraşanım,

Gəl boyuma biçim səni…

Başqa bir şeirinə nəzər salaq…

Yerim, göyüm, dağım, düzüm,

Bərabərim, eynim, özüm,

Yazan əlim, görən gözüm,

Danışan dilim, gəl görüm.

Alın yazım, Tanrı payım,

Sənsiz ömrü ömür sayım?

Vaxtım, vədəm, günüm, ayım,

Sonuncu ilim, gəl görüm…

Başqa bir nümunə…

Eşqindi başımın üstündə çaxan,

Sevgindi canımı yandırıb yaxan.

Ay mənə uzaqdan həsrətlə baxan,

Yaxın gəl, pirinəm, ziyarət eylə.

İnam gətirdiyin yeganə dinəm,

Könlündə yaşayam, dilində dinəm.

Döyünən ürəyin, duyan qəlbinəm,

Müqəddəs yerinəm, ziyarət eylə…

Həmin gündən sonra Qəzənfər Məsimoğlunun yaradıcılığına həvəsim artdı və mütəmadi olaraq onun şeirlərini izləməyə başladım. Hətta aramızda möhkəm dostluq əlaqəsi yarandı və ailəvi dostluğa çevrildi ki, hələ də davam etməkdədir.

Qəzənfər Məsimoğlunun şeirlərini oxuduqca onun əsl sevgi şairi olduğunu görürük. O, şeirlərində sevginin müqəddəs bir hiss olduğunu poetik dildə elə incəliklə yazır ki, o sevgiyə valeh olmaya bilmirsən. Dərhal adamın ağlına belə bir fikir gəlir ki, bəli, məhz belə şeiri Qəzənfər yaza bilər.

Yığışıb başıma qohum- qardaşım,

Hamı yanımdadı, sən ürəyimdə…

Bəli, o ürəkdən sevir və yazdığını da ürəkdən yazır.

Birdi bizim könlümüzün dərmanı,

Dəyişməyək haqdan gələn fərmanı.

Qəmimizdən çiçəkləyən ormanı,

Biçəcəyəm ikimizin yerinə.

Bir dastandı, hey yaşayır “Qu” eşqi,

“Qu”ların da tükənməzdi su eşqi.

Məndən sonra yaşadarsan bu eşqi,

Köçəcəyəm ikimizin yerinə…

Qəzənfər Məsimoğlu təbi bulaq kimi qaynayan şairdir. Onun şeirlərini oxuduqca hiss olunur ki, şeir yazanda o bir şeirin üzərində saatlarla fikirləşən şair deyil. Hər hansı bir mövzuda olur olsun, onun poetik bənzətmələri, obrazlar çox dəqiqliklə və sərrast təsvir olunur.

Bədii ifadə vasitələri, şeirin poetik quruluşu zərgər dəqiqliyi ilə elə işlənir ki, tənqidi baxımdan yanaşanda heç bir nöqsan tapmaq olmur onun şeirlərində.

Ötən günlərimiz ünlü, səslidi,

Oğlumuz, qızımız Qorqud nəslidi.

İndi ömrümüzün payız fəslidi,

Sevgimin baharı, sabahın xeyir.

Həsrətdən gül kimi soluxub gedən,

Kövrəlib, buludtək doluxub gedən,

Bir sirli azara yoluxub gedən,

Qəzənfərin yarı, sabahın xeyir…

QƏZƏNFƏR MƏSİMOĞLUADİL CƏFAKEŞ

Qəzənfər Məsimoğlunun bütün şeirləri el dilində, hər kəsin başa düşə biləcəyi şəkildə yazılıb. Sadə və mükəmməldir. Əsasən mənim diqqətimi çəkən onun şeirlərindəki qafiyə düzülüşü və qafiyə quruluşudur. Qafiyələr muncuq kimi ipə-sapa elə düzülür ki, orda qafiyə xətrinə yazılan nəsə görmək olmur.

Qəribəm, Şahsənəm olub gedərsən,

Buludtək qaralıb, dolub gedərsən,

Vədəsiz saralıb, solub gedərsən,

Heç kimə tapşıra bilmərəm səni…

Yaxud…

Sevgim dəryadan dərin,

Canısan Qəzənfərin.

Ver öpüm şirin-şirin,

Əllərin dada gəlsin…

Şair Borçalıda sahibsiz qalan ata evini ziyarət edərkən keçirdiyi hisslər hər kəsə tanışdır mənim fikrimcə. Həyatının ən gözəl, ən qayğısız günlərini içində yaşadığı evin doğma səslər, doğma nəfəslər üçün darıxıb, qəriblik çəkən görəndə adama elə gəlir ki, ev ondan üz döndərib, inciyib, üzünə baxmaq istəmir. Belə bir anda şair ancaq qələmə sarılıb sözə sığınır, təsəllini şeirdə tapır. Şairin “Ağlayan köhnə evimiz” şeiri də məhz elə həmin dediyim hisslərdən yaranıb. Şeiri oxuduqca onun poetik təsir gücü istəməsə də iynə kimi oxucunun ürəyindən keçir…

Burda yaddaşımın nağıl dünyası,

Zaman öz hökmünü divardan asıb.

Uşaqkən gəzdiyim həyət- bacanın

Yolunu, izini ot-alaq basıb,

Göz yaşına qurban, köhnə evimiz.

Qapın nə zamandı bağlı qalıbdı,

Taleyin qaralı, ağlı qalıbdı.

Belini dərd əyən pəncərələrin

Elə bil sinəsi dağlı qalıbdı,

Göz yaşına qurban, köhnə evimiz.

Dərdini yazmağa lələkmi dözər?

Pərişan telinə küləkmi dözər?

Sızlayır damında kirəmitlərin

Qəmli görkəminə ürəkmi dözər?

Göz yaşına qurban, köhnə evimiz.

Sənin hər qarışın qəlbin səsidir,

Atamın əlinin nişanəsidir.

Bu hasar əvəzi olan qayalar,

Hər biri bir həyat hekayəsidir,

Göz yaşına qurban, köhnə evimiz…

Qəzənfər Məsimoğlunun bütün xarakterini, həyat şəraitini onun şeirlərində görmək mümkündür.

Şairin yaradıcılığında ana xətt vətənpərvərlik mövzusudur. Vətən sevgisi onun sevgisinin şah pərdəsidir. Vətəninin, millətinin dərdini şəxsi dərdi kimi canında çəkib, sevincinə sevinir. O, Vətən torpaqlarının 30 ildi mənfur ermənilər tərəfindən işğalda qalmasının ağrısını şeirinin dili ilə belə ifadə edir:

Vətənimdə qaçqın köçkün sayıldım,

Kəm bəxtimə, taleyimə bayıldım.

Otuz ildi yuxudaydım, ayıldım,

Bu nə gözəl oyanmaqdı, İlahi!…

Mən bir daha belə ağır yatmaram,

Vüsalıma acı həsrət qatmaram.

Bu yuxumun ağrısını atmaram,

Bu nə gözəl oyanmaqdı, ilahi!…

2020-ci ilin 08 noyabrında 44 günlük Vətən müharibəsindən qələbə ilə çıxan qəhrəman Azərbaycan ordusunun şücaətindən, Ali Baş Komandanımızın müzəffər sərkərdəlik bacarığından, birliyimizdən, bütövlüyümüzdən sevinən şair sevincini belə ifadə edir:

Bu gün qələbə günündü,

Afərin, mübarək, Vətən!

Üçrəngli bayraq yelləyən

Əsgərin mübarək, Vətən…

Qəzənfər qurban yoluna,

Müqəddəs Quran yoluna.

Çıxıbsan Turan yoluna,

Səfərin mübarək, Vətən!

2018-ci ilin gözəl bir günündə bir neçə şair dostlarımızla oturub söhbət edirdik. Bir xeyli söhbətdən, şeirləşmədən sonra dostlara sual verib kimin hansı peşənin sahibi olmasını soruşdum. Biri həkim, biri müəllim, biri günəmuzd və s. işlədiyini söylədi. Növbə Qəzənfərə çatanda o bir bənd şeir dedi. Özü də fəxrlə dedi:

Kiminin çörəyi daşdan, dəmirdən,

Kiminin çörəyi səsdən, səmirdən,

Kiminin çörəyi undan, xəmirdən,

Mənim də çörəyim QAZELdən çıxır…

Bəli, şair öz şəxsi QAZEL markalı yük maşını ilə insanların yükünü daşıyıb, çörəyini halallıqla qazandığına işarə edir. Bax beləcə çörəyi halallıqla qazanılan şairin şeirləri də halallıqla yazılıb. Tamamiylə plagiatdan uzaqdı. Bir qələm dostu və oxucu kimi ancaq və ancaq deyə bilərəm:- Allah çörəyinə və təbinə bərəkət versin, şair qardaşım!

Müəllif: Adil CƏFAKEŞ

“Sarı aşıq” ədəbi məclisinin təsisçisi və rəhbəri.

AYB və AAB- lərinin üzvü.

“Qızıl qələm” media mükafatçısı.

Şair, publisist.

ADİL CƏFAKEŞİN YAZILARI

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir