İLK MƏHƏBBƏTİM
Burnumun ucu da göynəyir indi,
Yadıma düşəndə ilk məhəbbətim.
Xəyala daldıqca, hisslərim dindi,
Yadıma düşəndə ilk məhəbbətim.
* * *
Nə yaman olurmuş acı dərd kimi,
Yandırır içimi, didir qurd kimi,
Ağlımdan çıxmayır köhnə yurd kimi,
Yadıma düşəndə ilk məhəbbətim.
* * *
Boylanır xəyalım geriyə nədən?!
Beynim açılmayır, sızlayır bədən.
Qurtula bilmirəm qəmdən, qüssədən,
Yadıma düşəndə ilk məhəbbətim.
* * *
Arzular danışır, ruhum dinməyir,
Xəyalım göylərdən bir an enməyir.
Eşqimin alovu, odu sönməyir,
Yadıma düşəndə ilk məhəbbətim.
* * *
Taleyin gərdişi sərt oldu niyə?!
Mən naza dözmədim, aldandım küyə.
Qocalıq istədi qəddimi əyə,
Mənə dayaq oldu ilk məhəbbətim,
Heyif ki, tez soldu ilk məhəbbətim.
SƏNSİZ
Kövrək arzularım kül oldu demək,
Sən məndən ayrılıb gedəndə, sənsiz.
Quruyan ağacın yarpaqları tək,
Titrədi ruhum da bədəndə, sənsiz.
* * *
Dünya qaranlığa büründü sanki,
Nə günəşi gördüm, nə ayı gördüm.
Mən səni itirdim, sənsiz inan ki,
Nə qışla yaşadım, nə yayı gördüm.
* * *
Alın yazısına mən inananam,
Bu bəxtə, taleyə nə deyim ki, mən?
Mən nə birinciyəm, nə son yananam,
Bu ülvi diləklər puç oldu nədən?!
* * *
Mənim taleyimdə qara bir yazı,
Mənim varlığımda vuran ürəksən.
Bu soyuq bədənin qarı, ayazı,
Bu isti könlümün ocağı sənsən.
* * *
Niyə, taleyimiz barışmadı ki,
Nə günah işlətdik, ay mənim gülüm?!
Nə doğma, nə yaxın qaışmadı ki,
Bir şey bilirsənsə, de mən də bilim.
* * *
İstərəm yuxuma girəsən mənim,
Dərdini eşidəm, ona tən olam.
Röyada olsa da könül həmdəmim,
Sirdaşım olasan, yarın mən olam.
* * *
Dərdimiz dərdlərə oxşayan deyil,
Ki, açaq danışaq dərd bilənlərə.
Nə məni yalvartma, nə də sən əyil,
Bir də fikir vermə deyilənlərə!
* * *
Əllərim aşkarda toxunmasa da,
Ruhumuz yuxuda tox olsun dedim.
Bir sevgi nəğməsi oxunmasa da,
Bu hicran, bu nisgil yox olsun dedim.
* * *
Dərd dərdi gətirər, kədər kədəri,
Arzun istəyinlə tən olmayanda.
Sevgi, məhəbbətin olmaz təpəri,
Əzizim, gözündə yaş olmayanda.
ETİRAF
Günahkar mən oldum, indi anladım,
Dərdimiz bölünməz, ortaq olsa da.
Nə məndən incidin, nə də danladın,
Bu səhv ömrümüzə bir dağ olsa da.
* * *
Sənsizlik ay gülüm, ağrı-acıdır,
Dərd içində azmaq yaşamaq deyil.
Məhəbbət həyatın ehtiyacıdır,
İynəylə gor qazmaq yaşamaq deyil.
* * *
Bu da bir talehdir yaşayırıq biz,
Sən məndən aralı, bu hicran bitmir.
Çilik- çilik oldu o saf eşqimiz,
Nə olsun, ağrısı canımdan getmir.
* * *
Heç zaman dayanmaz, sildikcə gələr,
Göz yaşı torpağa qarışarmı heç?
Vüsala yetməyən nakam sevgilər,
Görən o dünyada barışarmı heç?
…SƏN ALLAH!
Üzü qarsıyan odam,
Məni unut, sən Allah!
Daha naməhrəm, yadam,
Məni unut, sən Allah!
* * *
Çarxı dönmüş bir oxam,
Dərdə doymuş bir toxam,
Elə bil ki, heç yoxam,
Məni unut, sən Allah!
* * *
Nə pəncəm, nə də şeşəm,
Çarəsiz, acı şişəm,
Dərd əkmək olub peşəm,
Məni unut, sən Allah!
* * *
Gölə sığmayan sona,
Tərsə toxunmuş xana,
Cibi sovrulmuş xanam,
Məni unut, sən Allah!
* * *
Dərdə bələnmiş halam,
Sonu bilinməz yolam,
Vallah, yiyəsiz qulam,
Məni unut, sən Allah!
QALDI
İlk sevgim, ilk eşqim, arzum, istəyim,
O kənddə gül açdı, o kənddə qaldı.
Necə unut deyim, necə bəs deyim,
O ülvi hisslərə?! Kəmənddə qaldı.
* * *
Ürəyə dərd oldu, ömrə bir işıq,
O, mənə ruh verdi, ruha yaraşıq,
Lal oldum dinmədim, o, mənə aşiq,
Bu saf duyğularım rübənddə qaldı.
* * *
Bu həsrət, bu hicran bitməz, can alar,
Bu sevgi başımdan getməz, hey qalar,
Eşqiylə,sevgiylə dolu misralar
Heyif dil açmadı, lal bənddə qaldı.
İNCƏDƏ SEVDİM SƏNİ
Saçlarım ağarsa da
Ruhum sevginlə yatır.
Neyləyim ki, yaşımız
Tam altımışa çatır.
Xəyallar məni qoymur
Rahat dincələm, duram.
Köhnə sevda dərd olub
Sağalmayır ki yaram.
O bəxtəvər günlərim
Bir də taparmı məni?!
İncədə sevdim səni.
* * *
Taleh bizi oyuna
Gör harda saldı getdi.
Eh, nələrlə aldatdı
Ağlımı aldı getdi.
Bizim arzu-kamımız
Alışdı külə döndü.
Tərtəmiz saf duyğular
Kükrədi, selə döndü.
Hikkəmiz dağıdardı
Sisi ,dumanı, çəni.
İncədə sevdim səni.
* * *
Zamanın yaddaşından
Heç nəyi silmək olmur.
Bu da alın yazısı
Nə deyim, bilmək olmur.
Bizim məhəbbətimiz
Ürəkdə qaldı getdi.
Qışda açan gül kimi
Soyuqdan soldu getdi.
Nə olsun ki, bu sevda
Çəkdi bizə sitəmi.
İncədə sevdim səni.
* * *
Göz dəymiş sevdaların
Sonu olmurmuş, gülüm.
Bəslənən arzuların
Gülü solmurmuş, gülüm.
Onda nə oldu bizə?!
Gül açmadı sevdamız.
İnan, səni bilmirəm
Namuraz qoydu məni.
İncədə sevdim səni.
* * *
Sevdadan alışanın
Külü çətin soyuya.
İçini dərd yandırar,
Çölü çətin soyuya.
Yandırdı, alışdırdı,
Od vurdu ömrümüzə.
Nə çəkdirdi biləsən
Bu acı sevda bizə.
Əlifmizi çaşdırdı,
Unutdurdu qibləni.
İncədə sevdim səni.
HEÇ VAXT…
(Ömür-gün yoldaşıma 50 yaşında)
Ömrün yollarında qoşa şam kimi,
Əridik, əridik, sönmədik heç vaxt.
Taleyin dolanbac dolaylarında,
Qabağa boylandıq, dönmədik heç vaxt.
* * *
Vaxtın gərdişinə boyun əyəndə,
Küsmədik bir nimdaş paltar geyəndə,
Yusif dil açanda, baba deyəndə
Baxıb köks ötürdük, dinmədik heç vaxt.
* * *
Bəzən xətirlərə dəyən söz olduq,
Bəzən əyri olduq, bəzən düz olduq,
Amma ömrü boyu qoşa göz olduq,
Sevgi zirvəsindən enmədik heç vaxt.
ƏZİZİM
Sevdimsə, sevgimdə məcnun olmadım,
Adını qəlbimə yazdım, əzizim!
Düşündüm, daşındım, çarə bulmadım,
Nə oldu qismətə yozdum, əzizim!
* * *
Həsrətin odunda, közündə bişdim,
Gah mum tək əridim, gah şan tək şişdim,
Səndən ayrılanda nə günə düşdüm?!
Əlimi dünyadan üzdüm, əzizim!
* * *
Yığvala kor dedim, əsəbdən coşdum,
Özüm də bilmədim, həddimi aşdım,
Fikirdən, kədərdən əlfimi çaşdım,
Dərddən gen dünyada azdım, əzizim!
* * *
Bir səhər yuxudan tezdən oyandım
Duyğular içində alışdım, yandım.
Allaha yalvardım, burda dayandım,
Yaşadım, ölmədim, dözdüm, əzizim!
* * *
Həyat dərslərini bitirməmişdim,
Dünyadan payımı götürməmişdim,
Kələfin ucunu itirməmişdim,
Tutdum bir ucundan çözdüm, əzizim!
DEYİL
Onsuz da ürəyim boşdur, əzizim,
Sənə unut deyən ürəyim deyil.
Səninlə hər əzab xoşdur, əzizim.
Sənsiz cənnət belə gərəyim deyil.
* * *
Aybaay, ilbəil ömürdür gedən,
Sağalmaz inaddır məni xar edən,
Hər şeyin tamını unutmuşam mən,
Təkcə zəhər olan çörəyim deyil.
* * *
Hər üzdə min sifət, surət gördükcə,
Min cürə sarsıntı, heyrət gördükcə,
O qədər zərbələr aldım ki, təkcə,
Daş-qalaq edilən kürəyim deyil.
* * *
Əhvalım dəyişir ruzigar kimi,
Gah donur, əriyir soyuq qar kimi,
Sən yoxsan, həyatım tarımar kimi,
Çürüyən, laxlayan dirəyim deyil.
ƏZİZİM
Sevgidir məlhəmi sevən ürəyin,
Sevmirsə, o ürək daşdı, əzizim.
Ayrılıq bir dərddi, heç vaxt gərəyin
Olmasın, gözlərdə yaşdı , əzizim.
* * *
Ürək geniş olsa, yerin dar olmaz,
Sevən könüllərdə dərd, azar olmaz,
Gözü oynayandan sənə yar olmaz,
Məhəbbət ağılla xoşdu ,əzizim.
* * *
Hər yaşın sevgisi ruha dayaqdı,
Yüz insan seyr edir,baxma, oyaqdı,
Bir qoca kiminsə gözünə baxdı,
Dalınca dedilər çaşdı, əzizim.
* * *
Məhəbbət yandıran alovlu yoldu,
Neçəsi alışdı, yarıda qaldı,
Kimi dəli etdi, çöllərə saldı,
Dedilər həddini aşdı, əzizim.
* * *
Neçə canda neçə sevgi boğular,
Qocalarıq, eşq, məhəbbət soğular,
Sevgi də beyində, başda doğular,
İnsanı var edən başdı, əzizim.
* * *
Ay Murad, ayıq ol, yuxudan oyan,
Naşıdı dünyanın malına uyan,
Eşqdən xumarlanıb iyini duyan,
Ləzzət alan gözlə qaşdı, əzizim.
QİSMƏTİM
Sevdiyim qız qismətimdə yox imiş,
Qismətdə olanın oduna yandım.
Sevən qəlbin dərd, azarı çox imiş,
Anlamadım, əzabını boş sandım.
* * *
Ömür boyu suçlu bildim özümü,
Günahımı heç cür yuya bilmədim.
Yaşamağa Tanrı verdi dözümü,
Zövq aldım həyatdan dözdüm, ölmədim.
* * *
Üç övlad böyütdüm, başım qarışdı,
Onların gülüşü ovutdu məni.
Nifrətə məsafə bircə qarışdı,
Sevdi, əzizlədi o, tutdu məni.
* * *
Geriyə baxıram acı xatirə,
Hər gün başa qaxınc, minnət yeyirəm.
Yadıma salıram azı min kərə,
Yenə də bu günə şükür deyirəm.
* * *
Ömür paltar deyil, fərqli geyəsən,
Dəyişəsən görkəmini, cildini.
Bu qismət mənimdi, mənim! Deyəsən,
Yazılana çarə yoxdu! Bildimi?!
DEYİRLƏR…
Deyirlər ki, zaman dərdə məlhəmdir,
Vaxt gəlir sağaldır yaralarını.
İlk eşqin yarası sanki ödəmdir,
Sağalmır! İncitmir haralarını?!
* * *
İllərlə duymadım səni kar kimi,
Sən ondan soruşdun, mən də birindəən.
Üz-üzə gələndə günahkar kimi,
Baxıb köks ötürdün mənə dərindən.
* * *
Nə sən o deyilsən, nə mən o dəli,
Nə də ömrümüzün cavan çağıdır.
Mən sənin yanında gözü kölgəli,
Səninsə rəftarın ürək dağıdır.
* * *
Artıq baxışın da dəyişib tamam,
Elə bil tənhasan, elə bil təksən.
Mən həmin insanam, həmin adamam,
Sənsə qolubağlı ürkək mələksən.
* * *
Bu taleh alın yazımdır deyə,
Məni göynədəcək ölənə kimi.
İlahi qoymadı bir olaq niyə,
Mən səni tanıyıb bilənə kimi.
* * *
Əzab ömrümüzə biçilən paltar,
Yol yox, bu libasa alışmalıyıq.
Günahkar mənəmmi? Bəyəm fərqi var?!
Bir yerdə bu suçla barışmalıyıq.
Müəllif: Murad MƏMMƏDOV
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru