Tanrıverdi Əliyev. Şəms Təbrizinin şeirlərindəki dərin mənalar…

Şəms Təbrizinin şeirlərindəki dərin mənalar…

Şərqin məna dənizi,böyük irfan ustadı kimi tanınan,əslən azərbaycanlı olan Şəms Təbrizi 1185-ci ildə anadan olmuş,1248-ci ildə vəfat etmişdir. O,İrfan ədəbiyyatdında yazdığı 40 qanun və ilahi eşqi tərənnüm edən şeirləri ilə məşhurdur.

 Şəmsin şeirlərində ilahi eşqin yer üzündəki təcəllasını,Allahın cilvəsini və peyğəmbərlərin əxlaqi,fəlsəfi baxışlarını görmək mümkündür.

Adının mənası:

 Şairin əsl adı Şəmsəddin,təxəllüsü isə mənası Günəş olan Şəmsdir. Ehtimallara görə ustad bu təxəllüsü Qurani-Kərimin əş-Şəms surəsindən götürmüşdür. Müxtəlif yazılarda şairin təxəllüsü izafət birləşməsi ilə Şəms-i, bəzən mötərizə daxilindəki İ hərfi ilə Şəms(i),bəzən də sadecə Şəmsi  olaraq qeyd edilir. Halbuki,bizim fikrimizə görə təxəllüsdəki i hərfi əruz vəzninin hesabına görə kor heca olaraq yazılır. Belə ki,əruz elminə görə bir hecada samitlər yan-yana gəlsə və bu hecadan sonra samitlə başlayan söz gəlsə o zaman bu iki sözün arasına qısa i səsi əlavə edilir.

Şəms(i) Təbrizi

 Yuxarıda qeyd edildiyi kimi təxəllüs M və S samitləri ilə bitib,nisbə isə T samiti ilə başladığına görə təxəllüs və nisbə arasına kor heca yəni qısa səsli i əlavə edilib.

  Qeyd etmək lazımdır ki,Şəms sözü özü-özlüyündə əbcəd hesablaması ilə 400 ədədinə bərabərdir. Güman edirik ki, 400 rəqəminin mənası Covşəni-Kəbr duasındakı Allahın 400-cü sifəti olan Ya Nasir(yardım edən) sifətinə bərabərdir.

Şəmsin irfanı

Böyük sufi ustadı Şəms Təbrizi öz şeirlərini forma etibarı ilə klassik janrlarda(əsasən qəzəl və rübai) ,əruz vəznində və dil baxımından fars dilinin Xorasan ləhcəsində qələmə almışdır. Lakin qeyd etmək lazımdır ki,müasir türk filoloqlarının tərcümələrində əruzi tərcümə deyil,sərbsət tərcümə rastımıza çıxır.

Nümunə 1.

Zahirə nəyimə lazım,kitabı nə edim mən

Yarın dodağı varkən şərabı nə edim mən

 Şair bu beytdə Qurani-Kərimin zahiri mənasının irfan əhlinə lazım olmadığını, onun batini mənasında,yəni alt qatında dərin mənalar olduğunu qeyd edir. İslam fiqhində əsaslı bir məsələ vardır ki,Quranı təfsir ilə oxumaq məsləhət görülür. Belə ki, müqəddəs kitabımızda mütəşabeh ayələr mövcuddur ki,bu ayələrin zahiri mənası oxucu üçün heç bir məna kəsb etmir. Məhz,ona görə də şair bu ayələrin alt qatını öyrənmək üçün zahirə deyil,batinə nəzər yetirməyi sətiraltı olaraq qeyd edir. Şəmsin məşhur irfanın 40 qanunlarından olan 3-cü qanunda özü qeyd edir ki, müqəddəs Qurani-Kərim 4 səviyyədə oxuna bilir. İlk səviyyə zahiri anlamıdır ki,şair həmin zahiri anlamı özü qəbul etmir. İkinci səviyyə batini yəni mətnaltı mənadır. Üçünücü səviyyə batininin batini,yəni mətinaltı mənanın,mətinaltı mənası,bu mənalar ilahi mənalardır. Dördüncü səviyyə o qədər dərindir ki,bu səviyyəni açıqlamağa kəlmələr bəs etmir. Şəmsin qeyd etdiyi 4-cü məna isə Allah qatındakı lövhi-məhfuz və 90 sirrə işarədir ki,həmin 90 sirrin 30-un ariflər və irfan əhli nəhy vasitəsi ilə anlaya bilir.

  Bildiyimiz kimi hər-hansısa bir məsələni anlayıb,izah etmək üçün sözlərə ehtiyacımız vardır. Qurani-Kərimin 2 və 3-cü səviyyəli təfsirləri müfəssir alimlər tərəfindən söz vasitəsi ilə oxuculara çatdırlır. Lakin 4-cü səviyyədəki məna insan təfəkkürünün həzm edə bilməyəcəyi qədər dərindir ki, ariflərə bu dərinlikdəki elm ilahi yol ilə öyrədilmişdir. Ona görə də həmin dərinliyi söz ilə ifadə etmək mümkün deyil. Həmin məna dərinliyinə vəhdətül-vücudu və eşqi misal vermək olar. Belə ki,vəhdətül-vücud barədə məlumatı olan bir alim,onu anladığı kimi öz tələbəsinə izah edə bilmir və ya aşiq öz eşqini heç bir kəsə izah edə bilmədiyi üçün insanlar tərəfindən daim tənbeh olunur. Bu tip məsələlər ustad Şəmsin də dediyi kimi sözlərlə izah oluna bilməyən mövzulardır ki,ya insan həmin hadisəni özü yaşamalıdır ki,anlaya bilsin,ya ariflik məqamına yüksələrək həmin elmlərə vaqe ola bilsin, ya da empatizm hissi o qədər güclü olmalıdır ki,özünü ariflərin və ya aşiqlərin yerinə qoya bilsin.

Nümunə 2.

Səndən ayrıldığım gündən gözlərim qaraldı,

Gözlərimin buludundan qanlı yaşlar axdı.

Klassik ədəbiyyatda rastımıza çıxan məsələlərdən biri də ayrılıq mövzusudur. Ədəbiyyatın digər cərəyanlarında,ələxsus da müasir postmodern ,eləcə sentimental əsərlərdəki ayrılıq mövzusu ilə klassik şərq poeziyasındakı ayrılıq mövzusu mahiyyət etibarı ilə bir-birindən fərqlidir. Belə ki, sentimentalizm kimi ədəbi cərəyanlardakı ayrılıq, dünyəvi eşqə(qadın kişi məhəbbətinə) aid olduğu təqdirdə irfandakı ayrılıq məsələsi insanın maddi dünyada yaranmasıdır. Belə ki, kəlam elminə görə insanın zatı bu dünyada yaranmamışdan əvvəl mələkut aləmində yəni Allaha yaxın olan bir məkanda yaşayırdı. İnsan zatının mələkut aləmindən maddi dünyaya bir cisim kimi gəlişi ətraflı desək,Allah dərgahına yaxın olan bir məkandan ayrılıb bu dünyada yaranması ariflərin zənnincə “ayrılıq” deməkdir.

Nümunə 3.

Bir gün bəlkə sevgilimə qovuşacağam,

Amma o keçib gedən ömrümü hardan tapacağam?!

  İrfan şairlərinin əsərlərində “qovuşmaq” və vüsal məfhumu maddi dünyadan, mənəvi aləmə köçmək deməkdir. Ölüm isə bu iki dünya arasında bir olan qapıdır. Həmçinin də doğulmaq da mələkut aləmi ilə maddi aləm arasındakı keçiddir. Şərq filosoflarının zənnincə insanın bu dünyada doğulması mələkut aləmində ölməyi, bərzəx məkanında,yəni mənəvi aləmdə dünyaya gəlməsi isə maddi dünyada(bu aləmdə) ölməsi deməkdir. Göründüyü kimi ölüm zatın bir aləmdən,başqa aləmə keçməsi üçün bir qapıdır. Dinimizdə bərzəx aləmindəki ölülərin ruhlarının cümə günü bu dünyaya gəlməsi qeyd edilir. Maraqlısı budur ki, İbn Ərəbi Futhatut-Məkkiyyə əsərində qeyd edir ki,”Əgər yuxu olmasaydı, mələkut aləminin mövcudluğu xəyala belə gəlməzdi”. İbn Ərəbinin zənnincə, maddi dünyada yaşayan insan yuxuda olarkən onun ruhunun bir hissəsi mələkut aləminə səfər edir. Aləmlərin arasındakı əlaqələr bizə inneizm(zatçılıq) fəlsəfəsinə müraciət etməyimizi zəruri qılır. Bu fəlsəfəyə görə mövcudatın varlığı olduğu kimi mahiyyəti və zatı vardır. Mahiyyət insan iradəsi və əxlaqı ilə sonradan formalaşan və birbaşa bərzəx aləmindəki cismimizi yaradan məfhumdur. Şərqin böyük filosoflarından olan Molla Sədra qeyd edir ki,insan bu dünyada etdiyi əməllərə görə bərzəx aləmində öz cismini yaradır və ölən zaman insanın zatı həmin bədənə köçür. Varlıq anlayışı isə maddi aləmdə yaranan bir bədən,bir cisimdir. Mələkut aləmindən varlığımıza köçən və bərzəx aləmində mahiyyətimizin yaratdığı cisimə köçən anlayış isə inneizm cərəyanının bəhs etdiyi zatdır.

 Kəlam elminə görə Qiyamət anlayışındam bəhs edən Məad sözünün mənası dönüş,qayıdış deməkdir. Mahiyyət etibarı ilə bu sözün alt qatındakı anlam odur ki, “İnsan haçansa,Allahın hüzurunda olub ki,yenidən qiyamət günü onun hüzuruna qayıdacaq”. İrfan fəlsəfəsindəki vüsal və qovuşmaq məhz Allahın hüzuruna yenidən çıxmaq ,Allahın sonsuz rəhməti olan cənnətdə yaşamaq və ya bəzi sufi alimlərinin dediyi kimi Allahın zatında ərimək mənalarını kəsb edir.

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir