DOĞUM GÜNÜ HƏDİYYƏSİ

DOĞUM GÜNÜ HƏDİYYƏSİ

             (hekayə)

Sübhün ala-qaranlığnda təkəm-seyrək  ötüb  keçən maşınların gur işığı düşdükcə  yastandığı çalğusunun sapı şümşad kimi parlayırdı. Yaşlı qadın küçədə ondan başqa heç kimin omadığını dəqiq bilsə də böyük bir qəbahət iş görəcəkmiş kimi bir sağa-bir sola, bir yuxarı-bir aşağı baxaraq  diqqətlə ətrafı dişnəməyə başladı. Ən uzaq səsyetəndə belə sanki çox mahir bir dirijorun çubuq işarələri ilə ustalıqla idarə olunduğundan  bir-birinə qarışmadan aydın eşidilən  quşların ecaskar səsindən başqa heç nə yox idi. Gözü  şəfaf polietilen torbaya sataşdıqca Ay Günəşdən işıq alırmış kimi parlaqlığı hiss olunacaq dərəcədə artırdı. Başını qaldırıb eyvanlara bir də baxdı. “Yəqin kimsə lap elə indicə atıb”, – düşüncəsi ilə gözlərinin qabağına xumar-xumar buğlanan isti qazan gəldi. Bütün fikrini cəmləyib bir də baxdı. Torbadakı lap elə indicə kəsilmiş, dörd dənə sapsarı toyuq ayağı idi. Son bir dəfə də ətrafı diqqətlə nəzər saldıqdan sonra ani bir hərəkətlə sarı kəhraba kimi parlayan torbanı götürüb uzun narıncı rəngli xalatının cibinə basdı. Çalğunun sol çiyninə getməsi, sağ əlinin möhkəm-möhkəm narıncı iş xalatının böyük yan cibinin üzərində qərar tutması və nurani çöhrəsinə qonan təbəssüm üçü də eyni  anda elə avtomatik baş verdi ki, “Qaravula Al!” komandasını icra edən Çin qvardiya əsgərində belə səlislik görə bilməzdin. Daha heç yana baxmadan, əli bərk-bərk cibinin üstündə, çalğusunu yellədə-yellədə səki ilə evinə doğru addımlamağa başladı. Qıvraq addımlarla elə yeyin gedirdi ki, kənardan baxan heç kimi bu gün onun 75 yaşının tamam olduğuna inandırmaq olmazdı. O isə, üzündə təbəssüm, sağ  əli cibinin üstündə, dilində şükür, gözünün önündə buğlanan qazan yeyin addımlarla evinə tələsirdi… Qəfil quşların səsi xırp kəsildi. Lap uzaqdan bir-iki it hürüşməsi eşidildi. Ardınca yaxınlıqdakı məsciddən azan verilməyə başladı. Yaşlı qadın dayandı. Sağa-sola boylandı.  Çalğusunu bir az da qorxa-qorxa yaxınlıqdakı qoca  zeytun ağacına söykədi. Gözü ağacın sinəsinə  vurulmuş lövhəyə sataşanda yenidən təbəssüm nurani çöhrəsini bəzədi.  Sağ əlini cibinin üzərindən çəkmədən, sol əlini qoynuna saldı. Düz təxmin etmişdi səs onun mobil telefonundan gəlirdi. Zəng edən aman-zaman bir oğlu idi.  Bir az da təşvişlə telefonun  “Qəbul” düyməsinə toxunub: – “Can bala” – dedi.  Kobud kişi səsi küçəni başına götürdü: – “Ma, maaş katını sən götürmüsən?!”  Həmin  anda yaşlı qadının simasına qəribə bir  rahatlıq şökdü.  O təmkinlə:  –  “Yox qadan ürəyimə, mən neynirəm kartı. Oralara yaxış bax…”  – “Yaxşı. Oldu. Elə bildim sən götürmüsən…” – həmin kobud kişi səsi yenidən küçəyə yayıldı.  Yaşlı qadın telefona bir  xeyli sakitcə  baxıdıqdan sonra onu yenidən qoynuna qoydu. Çalğusunu götürmək istəyəndə gözü yenidən zeytun ağacının sinəsindəki lövhəyə sataşdı. Yenə ani olaraq üzünə təbəssüm qondu və tez də yerini hüzn dolu kədərə verdi.  Yaşlı qadın arxasını zeytun ağacına tərəf çevirib onun bayırda qalmış ən azı 2000 yaşı olan qoca köklərinin üzərində oturdu.  Sanki, yüngülcə nəfəsini dərmək istəyirdi. Sıxılır, boğulur, çökürdü… Üzündə çox qəribə kədər məcmusu  toplanmışdı. Qəfil hardansa yadına qarğanın dilindən deyilmiş atalar sözü düşdü. Yenidən nurani çöhrəsi gülümsədi. Qalxıb xüsusi  əda ilə şalğusunu çiyninə aldı, zeytun ağacının sinəsindəki lövhəyə bir də baxdı və evinə doğru yol aldı…

01.05.2023.-Bakı.

Müəllif: Zaur USTAC


ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

>>>> MÜTLƏQ OXU !!!

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Görsən üşüyürsən… yandır özünü… – Qulu Ağsəs

Görsən üşüyürsən… yandır özünü…

Görsən ki, qaranlıq çökür aləmə,

Görsən ki, axşamdı…fikir eləmə.

Bir uçuq yuxudu gecənin boyu

Nə qədər imkan var rahatlan, uyu…

Qəflətən bir çağa salar hay-həşir

Səhər – körpəsidi doğan Günəşin.

Onu ovutmağa tələsər hamı,

Beləcə, salarlar yenə axşamı.

Təzədən qaramat basar dünyanı,

Hanı doğan Günəş?körpəsi hanı?

… Görsən hər tərəfdən əlin üzülür,

Görsən üşüyürsən…yandır özünü…

***

Özün dağ başına qoyan şəhərin

ayağın xan kəndi yuyurdu

kürəyinin təri

cıdırda soyuyurdu.

Girməzdi

dumanına gün işığı,

havasına çay qaşığı.

Qayaları sərxoş idi,

adamları tay-tuş idi,

küçələri tay-keş idi.

Qəbirüstü yazıları

nəğmə kimi oxunurdu,

kolda-kosda tələf olan

qurd-quşu gül qoxuyurdu.

Kim idi qalxan o boyda dağı? –

yağışdan sallanıb enirdi qonağı.

… Dağın dizləri əsdi bir may səhəri

gözünün yaşı

ayağının suyuna qarışdı şəhərin…

***

Canım-gözüm,şükür de ki,

Ölsən də başın üstdəki –

Pəmbə buluddu, daş deyil…

Sevməyi var, sancmağı var

Baxma hərdən uçmağı var –

Ürək yuvadı, quş deyil…

Neynəyərəm görən sənsiz?!

Ha istədim öləm sənsiz –

Baxdım ki, mənlik iş deyil…

Bu da mənim baxtımdandı,

Gözüm Tanrı taxtındadı –

Onun da yeri boş deyil…

MÜHARİBƏ ƏLİLİ

Üzdü ayaqlarımı Vətən yolu

qayıtdım üzüqoylu…

qayıtdım

qurşağımın yuxarı qatıyla,

qayıtdım

əlil arabasının atıyla…

İki balam gözüyaşlı

arvadım başıdaşlı…

Yazıq hər əmrə müntəzir:

həm məni gəzdirir,

həm … özü gəzir…

Süfrəmdə haram var –

dinmirəm,

İki ac balam var –

dinmirəm.

Dinmirəm

gül ağzı açılanda heyrətin:

“Vətəni qorudun, bəs öz qeyrətin?!”

… Üzdü ayaqlarımı Vətən yolu

bu da mənə “sağ ol”u…

***

Qələt eləyərəm desəm:

Hamı qələt eləyir…

Allah bizi xəlq eyləyib,

Yoxsa lənət eləyib?!

Qaç bu xain yuvasından

Əri, yox ol havada.

Qorx ki, yenə yerdən çıxa

Buluddan dama adam…

Baş açmazsan:

yaşdı, ya da daş?! –

Damarında qan durar.

Gözündən düşən nədisə,

Ayağını sındırar…

Bu da axır…

bu da xilas…

Son gecə…

səhər ertə…

Qoşulub göyün quşuna

Üstündən saat ötər…

***

Yastıq qoyub başımıza

əcəb yatırdın bizi.

Aç gözünü, qaranlığın

Qırıb batırdı bizi.

Milyon illərdi yeyirik

Süfrənin qırağından.

Çörək bizi tutar deyin,

Dinmirik qabağından.

Nə boydasan görən heylə?

Bir ölçüyə gəlmirsən?

Baş çəkmirsən qullarına

Bizə niyə gəlmirsən?

…Özünü görməsək də,

Xofun yamandı, Allah!

Bizi qırıb qurtarmamış,

Ölmə, amandı, Allah!..

***

Kimsən, nəçisən, ay Allah –

Heç səndən baş tapammadıq.

Özün qurduğun dünyada

Sənə bir iş tapammadıq.

Günün necə keçir barı,

Can verib can almağınan?..

Səni nəynən bəndə salaq,

Tutaq hansı qarmağnan?!

Görsək, heç nə eləmərik,

Bir üzünü göstər bizə!

Yaxşı günün əgər busa,

Yaman günü göstər bizə!..

Neyləsən, sevirəm səni,

Qulunam, gəl min boynuma!..

Bu şeiri də sən yazmısan,

Babalı mənim boynuma…

***

Barmaqlarım yaman şeydi,

Hara gəldi uzanır.

Çıxarmağa göz axtarır,

Mənə düşmən qazanır.

Bir ucu hey tətikdədi,

Hədəf elə özüməm.

Bu barmağın şıltağına

Vallah mənəm ki, dözürəm.

Üstündə say döydürmüşəm,

Sıfırdan doqquzacan.

Tutanda qız əllərindən,

Buraxmır doqqazacan…

***

Nə olar, bir səhər durub görəsən,

Divarlar üstünə Allah yazdırıb.

Qış günü soyuqdan ölən ağacın

Yasına mart ayı yarpaq yazdırıb…

Başını yelləsən, odu közərir,

İşıq vermir, amma işıq söz verir.

Bircə eybi var ki, dünya gözəlin

Məni qucağına qonaq yazdırıb…

Şükür o göydəki ismin halına,

Şükür yağışına, şükür qarına.

Şükür adımızı öz jurnalına

Əcəl adqoydudan qabaq yazdırıb…

***

Başının uğultusu

alnında şırı

m açan

kotandandı…

Səni

qoluna girməyə çağıran

Vətən-dəmdi…

Narı sümürürsənsə,

süddən yanıqsan…

Gözünlə qaşının arasındakı

qapı açılan gün…

o yanlıqsan…

Meşələr

qışda Günəşə

odun atmaq üçündü…

Yaydan çıxan oxlar

payıza çatmaq üçündü…

***

Bunu ancaq sənə danışıram-

Bircə balama

Kasıb evində bağlanmış

Turşu bankasıdı atan.

Ağzı hərdən açılır-

bayramdan bayrama.

Sənin dünyaya gəlişin də

Bayramdı deyə

Bir -iki sözüm olacaq

Allah eləsin oxşamasın

sağlığa,

nəsihətə,

öyüdə,

gileyə.ətin gündə, bərk ayaqda.

Quş quşla ötmür balası,

Şair şairlə dilləşmir.

Quş budaqda oxuyur,

şair varaqda.

Qadına yalan danışmazlar,

Həqiqət kişidi, səhv eləmirəmsə.

Əlbəttə, kişi lazımdı qadına.

Kişiyə gerçəyi deməzlər,

yalan qadına oxşar na görə

hər kişinin ürəyindən

baxmaq keçər yalanın dadına.

Bir də unutma,

Mən kimsəsizliyimdən bənzərsiz oldum,

Sən deyəsən atana oxşayacaqsan.

…Bu qədər, balası.

Gecdir ,uyu.

Gör göy üzü nə qədər qayğıkeşdir,

gecənin kürəyinə

ulduzdan piltə qoyur.

***

İşdi-qəzadı

səndən əvvəl ölsəm,

məni son mənzilə aparırlar görsən,

vəsiyyətimə əməl elə:

Arxamca su at,

uğur dilə.

Saçını yolma,

köksünü ötürmə.

Allahın yanına gedirəm

ürəyinə ayrı şey gətirmə,

Borclunun qapısın döyərlər:

Yeganə borclu qaldığım

əvəzini vermədən aldığım

son nəfəsdən özgə

kimsəni qapıma yaxın qoyma.

Bir də

ta uşaq deyilsən

burnunun suyunu

gözündən axıdan

bu faniyə uyma…

***

Dağa bax…sən allah

nə gündədi

Ayağı ayağına dolaşan

beş-altı ağacdı

qozbel torpağı

balatası qaçmış kündədi…

Dili yoxdu

ildırım vuranda çığıra

pulu yoxdu

özünə lift çəkdirə,

dərəni qonaq çağıra…

***

Rəngsizdi, tamsızdı,

ətsiz-qansızdı,

Allahsız, imansızdı,

Mən çəkən dərdlər.

Nəfsi bıçaqdan iti,

içimi dağıdır, didir,

vecinə deyiləm qəti

Mən çəkən dərdlərin.

Nə ət deyil,

nə siqaret

Deyəsən çəkildi, qurtardı.

…Dünya, Tale, Tanrı deyilən

nə var hamısı günahkardı

Mən çəkən dərdlərə.

Dərdi nə çəkiləsidi,

nə qaçılacaq,

Mən çəkən dərdlərin.

…Bir gün “sərgisi” açılacaq,

Mən çəkən dərdlərin.

***

Yazırsan: “Ölürəm…” Min şükür, alqış!

Nə yaxşı, sevgidən ölən hələ var.

Demə, kişidən də mələk olarmış,

Əzrayıl olanda axı nə olar…

Bilmirəm dünyanın xoşbəxti deyim,

Bilmirəm dünyanın bədbəxti sənə.

Düzü, istəmirəm xətrinə dəyim,

Cavab axtarıram nə vaxtdı sənə…

Kimsə ayağını qoymaz içəri –

Könlümün keşiyin balam çəkirsə.

Sevgi ötən gündür məndən ötəri,

Sən məni səvməklə dala çəkirsən.

Cavab məktubumda sözlər baş-ayaq,

Bir ucdan yazilir, pozulur elə.

Qorxuram öləsən sevgin yaşaya,

Qorxuram qalasan – məhəbbət ölə…

Müəlifi öz səsində buradan dinləyə bilərsiniz.

İlkin mənbə: /www.adalet.az/

Müəllif: Qulu AĞSƏS

QULU AĞSƏSİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAZİM ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜR! – TƏBRİK.

Bu gün özünəməxsus söz duyumu, deyim tərzi olan, nur damlalarından ibarət kəlmələrinİ günəş şüasından saplara düzüb göy üzünə, dağlara, dərələrə, ilmə-ilmə göy qurşağı toxuyan Nazim Əhmədlinin doğum günüdür! “YAZARLAR” olaraq, bütün yazarlar arından Nazim müəllimi təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Nazim müəllim !!!

ÇƏHRAYI YUXULARDAN…

Buluda naxır dedim
Üzüm güzgüdən baxır,
gözüm səyriyir bir az;
çəhrayı yuxularım
dönüb qayıdır, bu yaz;
* * *
saçlarımın içində,
bir əlçim ağ bulud var;
ürəyimin içində,
bir qarışıq umud var;
* * *
güzgüdəki üzümə,
gözüm uyuşa bilmir;
ağzımdan çıxan sözü
dilim dəyişə bilmir;
* * *
quş südündən söz tutub,
daşın üstünə yazdım;
payızın qalan ömrün
qışın üstünə yazdım;
* * *
buluda naxır dedim,
quşdan qanad istədim;
baxdım, göy üzü enib
kipriyimin üstədi.

Burda adamlar uçmur
Payızın ilk günüdü,
ürəyimdə qubar var;
sanki min illər öncə,
lap çoxdan ötüb bahar;
* * *
mən min illər öncəni,
unutmadım, bir an da;
tək qanadlarım qaldı,
göy üzündən o yanda;
* * *
burda adamlar uçmur,
göy üzü quşlarındı;
burda qanadı olan
adamlar daşlanırdı;
* * *
gümüş yuxularımda,
mələklər dəstə-dəstə;
harayasa uçurlar
gümüş suların üstən;
* * *
sanki bu yer üzündə,
lap çoxdan ötüb bahar;
hələ də ürəyimdə
bir azca səksəkə var.

İndi ayrı adamam
İndi ayrı adamam,
solub bətim-bənizim;
üzümü cırmaqlayır,
yuxumdakı göyüzüm;
* * *
qulağıma səs gəlir,
bilmirəm, bu nə sirdi;
günortanın göyüzü
buludları əzirdi;
* * *
həsrətin, intizarın,
əlində qalıb yaxam;
bəlkə, bu bir xəyaldır,
bəlkə də heç mən yoxam;
* * *
odam, suyam, buludam,
uhumun şələsiyəm;
bəlkə də mən dünyanın
sonuncu dəlisiyəm;
* * *
buludlar əsirgəmir,
dəli yağışlarını;
unutdum göy üzünün
yorğun baxışlarını;
* * *
hərdən ürəyim çıxır,
qaçıb gedir köksümdən;
güzgüyə baxanda da,
üşənirəm əksimdən;
* * *
iynənin ulduzundan,
keçir yolum, cığırım;
bir az yaxınımda dur,
hərdən səni çağırım.

Dünyanın gerçək üzü
Adımı hardan aldım,
ya buluddan, ya göydən;
min il öncə gəlmişəm,
bir uzaq, qərib köydən;
* * *
otdan-çiçəkdən ötüb,
daşda qalıb ləpirim;
dünya nə vaxt doğulub,
nə vaxt ölər, nə bilim;
* * *
ötüb keçən bir həsrət,
ağlımın ucundadı;
yer üzündən çəkilmir,
ötən acının dadı;
* * *
qulağım yağır olub,
yalançı nağıllardan;
ufaq bir işıq gəlir,
əhrayı yuxulardan;
* * *
ulduzlar da çəkilir,
elə bil göy üzündən;
min illik həsrət yağır
daşın çiçək üzündən;
* * *
hardan boylanıb baxır,
daş üzüm, çiçək üzüm;
hardasa gizlənibdi
dünyanın gerçək üzü.

Göy üz çox ağırdı
Üzüm-gözüm səyriyir,
yollar çuxur çuxurdu;
dağların arasında
göm-göy sular axırdı;
* * *
könül dildən, söz haqdan,
əlim donur sazaqdan;
kimdisə, lap uzaqdan,
hey yuxuma baxırdı;
* * *
buludlar qara-qara,
üz tutdum uzaqlara;
o taydakı dağlara
ayrılıqlar yağırdı;
* * *
göy üzü naxış-naxış,
nə qar vardı, nə naxış;
gecə kimsə qıj-ha-qıj,
ulduzları sağırdı;
* * *
nə gəlibdi eynimə,
sevdan düşüb beynimə;
əlini qoy çiynimə,
göy üzü çox ağırdı.

Həsrətimin ocağı
Səslənir qulağımda
uzaqların sorağı;
indi qanadlarım var,
bacarıram uçmağı;
* * *
bəxtimə bulaq düşüb,
yoluma çıraq düşüb;
kipriyimə ağ düşüb,
qaşlarımdan aşağı;
* * *
harda bir ağ gül əkək,
bulud yağış güləcək;
kim oxuya biləcək,
göy üzünün qırağın;
* * *
gəl bulağın üstünə,
alışım, bax tüstümə;
dəyir dağın üstünə,
buludlrın saçağı;
* * *
könlüm sözə üz tutur,
əllərim də söz tuyur;
tüstülənib köz tutur,
həsrətimin ocağı.

Mənə bir qayıq gətir
Görmədiyim bir şəhər
elə yuxumda gəzir;
yollarımın üstündə
dəli küləklər əsir;
* * *
hər gün bir bulaq daşır
ürəyimin içindən;
bir qərib inilti var
buludların köçündə;
* * *
hər payız ötən ömür
yarpaq-yarpaq çəkilir;
yatmadığım yuxular
gözlərimdən tökülür;
* * *
qopur qara saçımdan
qaranlıqlar əriyir;
gözlərimin kökündə
ayrılıqlar səyriyir;
* * *
bax, göydəki buludlar
həm ağdı, həm da qara;
mənə bir qayıq gətir,
üzüm, lap uzaqlara.

Payız yarpağına oxşayır üzüm
Payız səhərinə tutdum üzümü,
payız səhərinin üzü soyuxdu;
yaşıl yarpaqlara qara xal düşüb,
sarı çöhrələri oyuq-oyuqdu;
* * *
payız yarpaqların yas mərasimi,
boz dağlar payızın baş daşlarıdı;
budaqlardan düşən sarı yarpaqlar,
ötən son baharın göz yaşlarıdı;
* * *
payızın yuxusu qarışıb deyən,
dağların başında qar qoxusu var;
indi bozax tutan cığırın, izin,
bir azdan, bir uzun qar yuxusu var;
* * *
yıxıldım dünyanın yuxu yerindən,
başlandı ömürün payızı, qışı;
yazda qayıdacaq yenə geriyə,
ölən yarpaqların bahar yaddaşı;
* * *
payız yarpağına oxşayır üzüm,
gəlirəm, payızın oğlan çağından;
tanrım özü mənə ərmağan verib,
dünyanın ən şirin söz bulağından.

Qaçdım, dar ağacından
Bilmirəm, hara qaçım,
necə qaçım suçumdan;
üstümə yağmur düşmür,
buludların saçından;
* * *
sular nədən tərs axdı,
yaxşı gün baxta-baxtdı;
göy üzü quraqlıqdı,
ruhlar ölür acından;
* * *
dürüst olmur “axılar”,
yalan olur nağıllar;
itmir ötən yuxular,
gözlərimin ucundan;
* * *
daha niyə yaz olmur,
ağrı-acı azalmır;
qaranlıqlar sozalmır,
uzaqlarda açır dan;
* * *
harda ütdüm ahımı,
açılan tək sabahmı;
atıb günahlarımı,
qaçdım, dar ağacından.

Qanadlarım uçunur
Bu dünyadan böyükdü,
yumruq boyda ürəyim;
qanadlarım uçunur,
çırpındıqca lələyim;
* * *
nə var, mənim adımda,
ötən ömrüm yadımda;
qayğıların altında,
yağır olub kürəyim;
* * *
həsrət bir uzun yoldu,
canıma ağrı doldu;
yaxam əlində qaldı,
bir dəlicə küləyin;
* * *
sular qalxır dizimdən,
dünya qaçır gözümdən;
görən kimin üzündən.
gözü dönüb fələyin;
* * *
dağlara tez qar düşüb,
könlümə qubar düşüb;
saçlarıma sar düşüb,
payızdandı gileyim;
* * *
yollar uçuq-uçuqdu,
dörd yanı alaçıqdı;
saçlarını açıq tut,
həsrətimi ələyim.

Uçur yaddaşımın daş karxanası
ildi düşmüşəm yolun ağına,
düzdü, dolanbacdı, əyridi yollar;
bir ömür dost oldu, tutdu əlimdən,
hara istədimsə, yürüdü yollar;
* * *
hərdən mən yol oldum, yol özüm oldu,
mənim yol yoldaşım yol üzüm oldu;
su oldu, daş oldu, göy üzü oldu,
hərdən də gözümdə səyridi yollar;
* * *
yağdı buludların qış karxanası,
dondu gözlərimin yaş karxanası;
uçub yaddaşımın daş karxanası,
üzü o yanadı, bəridi yollar;
* * *
qulağıma düşən bu nə səsdi, nə,
həsrət hücum çəkib durub qəsdimə;
uzun kölgəsini sərib üstümə,
məni arxasınca sürüdü yollar;
* * *
kola-kosa dəydi dizim qanadı,
dilimdə atdanan sözüm qanadı;
ayağım yoruldu, dizim qanadı,
ağrıydı, acıydı, kür idi yollar;
* * *
borana, çovğuna, yağışa düşdüm,
min dəfə qarğışa, alğışa düşdüm;
dirəndim, enişə, yoxuşa düşdüm,
ayağım altında əridi, yollar.

İlkin mənbə: /edebiyyatqazeti.az/

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

NAZİM ƏHMƏDLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru