ZAUR USTAC: – USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
“Yazarlar” tanınmış şair, yazıçı, tərcüməçi, Zahid Sarıtorpağı doğum günü münasibətilə təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!!
Ömər beş bacının bir qardaşı idi. 7 yaşında olarkən – atasını, 14 yaşında olarkən – baba ilə nənəsini itirmişdi. İndi bacılara Ömər baxmalı idi. Necə olmasa, evdə kişi xeylağı bircə o idi.
Yeddinci sinfi bitirən kimi Ömər məktəbi atıb xırda alverə qurşandı. Başqa əlacı yox idi. Ailəni dolandırmaq lazım idi. Anası da bir savad almamış, həm də çöl-bayır görməmişdi. Gedib harada işləyəcəkdi? Özü də dul qadın. Xadimə yeri vardı. Ona da Ömər razı deyildi.
Nə isə. Ömərin hesabına bir qarın ac, bir qarın tox dolanırdılar. Bacılar da yavaş-yavaş böyüyürdülər. Bir neçə il keçdi. Ömərin əsgərlik yaşı gəlib çatdı. Onu orduya apardılar.
Ömər Lənkərandakı hərbi hissəyə düşmüşdü. Bu ara Böyük vətən müharibəsi deyilən müharibə başlandı. SSRİ üzrə səfərbərlik elan olundu. Lənkəran hərbi hissəsindəki əsgər və zabitlər də bir-bir cəbhəyə yola salınırdı. Burada yalnız sınıq-salxaqlar qalmışdı. Ömərin astması vardı. Bəziləri kimi ona da dəymədilər.
Ölkədə müharibə gedirdi. Hitler ordusu yeri-göyü lərzəyə salırdı. Kəndlərdə dolanışıq çox çətinləşmişdi. Amma heç kim səsini çıxarmırdı. Hamı eyni gündə idi.
Ömərin yarı canı qalmışdı ana-bacılarının yanında. Yazdıqlarına görə, birtəhər dolanırdılar. Buna da şükür. Hər halda ac qalmırdılar. Kolxozda onlara iş vermişdilər.
Cəbhədən hər gün bəd xəbərlər gəlirdi. Müharibənin ilk ayları idi. Bəzi evlərin qapılarını qara xəbərlər döyürdü. Bu əsgərlər və zabitlər azalmış hərbi hissədə də hər gün cürbəcür söhbətlər dolaşırdı. Gah deyirdilər Ömər kimi hərbi işə yararsızları da göndərəcəklər ön cəbhəyə. Vuruşmasalar da, oralara bir iş tapılar. Hərbi hissənin təsərrüfat həyatında çalışarlar, yemək bişirərlər, at-arabada yük, çəlləklə su daşıyardılar, kartof soyardılar…
Gah da söz-söhbət gəzirdi ki, onları buraxacaqlar evlərinə. Burada qalıb qarınlarını otarırlar. Gedib kənd-kəsəkdə çalışarlar. Arxanın özü də cəbhədir – arxa cəbhə.
Bir gün komandirləri kapitan Hünər Əlibəyli onları sıraya düzdü. Ömər də, o biri əsgərlər də fikirləşirdilər ki, bu gün onların taleyi həll olunacaq. Ya evlərinə, ya da cəbhəyə gedəcəklər. Lakin gözlədiklərinin əksinə olaraq kapitan özü onlarla xudahafizləşdi:
-Əsgərlər, siz burada qalası oldunuz. Gedən mənəm. Cəbhəyə yola düşməliyəm. Amma sizlərdən birini gərək öz yerimə komandir seçəm. Sizin hansınız hansı ali məktəbi, yaxud texnikumu bitirib?
Əslində bu 15-20 əsgər arasında ali və orta ixtisas təhsili olan yox idi, amma hamısının ürəyindən komandir olmaq keçirdi. Ağıllarına gələn ali məktəbin adını çəkməyə başladılar. Əli dedi:
-Mühəndisliyi bitirmişəm.
Vəli dilləndi:
-Aqronomluq qurtarmışam.
Nağı irəli yeridi:
-Mexanizatorluq oxumuşam.
Tağı buyurdu:
-Zootexniklik savadım var.
Yoldaşlarının yalan-palanlarına qulaq asan Öməri fikir apardı. Komandirlik əldən çıxa bilərdi. Bəs o nə desin? Desin ki, 7-ci sinif təhsilim var?! Yox. Olmaz. Odur ki, cərgədən irəli çıxaraq:
-Komandir, mən aspiranturada oxuyuram, – dedi.
Kapitan Hünər Əlibəylini gülmək tutdu. Lakin açıb-ağartmadı. O kimin hansı yuvanın quşu olduğunu çox gözəl bilirdi. Kapitan cəbhə deyəndə əslində bir günlük aldığı icazəni nəzərdə tuturdu. Atası xəstə idi. Ona dəyib hərbi hissəyə dönəcəkdi. Amma bunu əsgərlərə bildirmədi.
-Deməli, Ömər mənim yerimə olur sizin komandir.
Ömər qulaqlarına inanmadı. Özünü ələ alıb tez:
-Oldu, komandir! – dedi.
Kapitan Hünər Əlibəyli sağollaşıb hərbi hissəni tərk etdi. O gedəndən sonra Ömər əsgərləri yenidən sıraya düzdü:
-Bilirsiniz də, komandirin bir sözünü iki eləmək olmaz. Onun hər sözü, hər əmri qanundur. Kim nizam-intizamı, qayda-qanunu pozsa, o, cəzalanacaq.
Kapitan Hünər Əlibəyli hərbi hissəyə qayıdana kimi Ömər əsgərlərin anadan əmikləri südü burunlarından tökdü. Onları tez-tez sıraya düzür, saatlarla sıra marşları keçirir, qaçış təşkil edirdi. Kapitan Hünər Əlibəyli yalan olmuşdu Ömər gerçək. Kapitanı yada salıb onun atasına rəhmət oxuyurdular. Ömər axşam da əsgərlərə rahatlıq vermədi. Gecənin bir aləmi, yuxunun şirin vaxtında “həyəcan” siqnalı verib onları oyatdı.
Ertəsi gün kapitan Hünər Əlibəyli hərbi hissəyə qayıtdı və iş başına keçdi.
* * *
Müharibəyə yaramayan əsgərləri evlərinə buraxmadılar, cəbhə bölgəsinə yola saldılar. Ömər Stalinqrada yaxın hərbi hissələrin birinə düşdü. Ona da bir iş tapşırmışdılar. Tez-tez evlərinə üçkünc məktublar göndərir, sağ-salamat olduğunu yazır, anasının, bacılarının əhvalından xəbər tuturdu. Ömərin təkidli xahişinə görə ona da avtomat və əl qumbarası vermişdilər. O da döyüşlərə qatılmışdı.
Ömər bir dəfə səngərdə uzanmışdı. Almanlar atəşə ara vermirdilər. Ömər də xala xətrin qalmasın, həm də düşmən hədəfinə tuş gəlməsin deyə arada başını qaldırıb necə gəldi atəş açırdı. İndiyədək əlinə avtomat almışdı? Kənddə gördüyü oraq, dəryaz, balta, bel, yaba idi. Lənkəranda hərbi hissədə olanda da onlara yalnız hərbi marşı, “düz dayan”, “farağat”, “azad” komandalarını öyrətmişdilər. Birdən-birə gətirib atmışdılar müharibə meydanına.
Sən demə, komandiri ona göz qoyurmuş. Sir-sifətindən, ləhcəsindən bilinirdi ki, başqa millətin nümayəndəsidir. Ömərin neçə gəldi güllə atmağı onu haldan çıxarıbmış. Əyilə-əyilə Ömərə yaxınlaşaraq pozuq rus dilində:
-Soldat, sənin ananı…
Onun ana söyüşü Öməri cin atına mindirdi. Bayaq yapışdı mayorun boğazından:
-Sənin, ananı da, bacını da… Əclaf mənim anam namaz qılır, oruc tutur, onu söyürsən? Bu dəqiqə avtomat güllələrini bədəninə sıxacam.
Mayor yalvar-yaxar edib ayağa qalxdı və üzr istədi:
-İzvini, brat…
Əlini uzadıb Ömərin avtomatını aldı:
-İndi mən sənə göstərərəm ki, necə atmaq lazımdır.
Mayor ayağa qalxıb:
-Elə yox, gülləni belə atarlar!– deyə atəşi açmaq istəyəndə tir-tap yerə sərildi. Düşmən onu qabaqlamışdı. Alman gülləsi onun alnına dəymişdi.
Ömər tez onun başının üstünü kəsdirdi. Komandir ölmüşdü. Ömər ana söyüşünü ona qaytararaq:
-Atəşi mənim kimi açmaq lazım idi, – dedi, -elə atarsan, belə gorbagor olarsan!..
…Bir müddət keçdi. Ömərin məktubları kəsildi.
Kənddə bir nigarançılıq yaşanırdı. Ana və beş bacı Ömərə görə narahat idilər. Az keçmiş qara xəbər aldılar. Beş bacının bir qardaşı itkin düşmüş, həlak olmuşdu.
Ömərə yas tutdular, üçünü, yeddisini, qırxını verdilər. Qəbiristanlıqda rəmzi başdaşı da qoydular. Qohum-əqrəba, ana və bacılar “Ömər!!!” – deyib göz yaşı tökürdülər. Onlara təsəlli verərək: “Bu tək sizin başınıza gələn bəla deyil ha! Kərim kişi, Vəfa xanım, Qızxanım qarı, Hidayət kişi, Çopur Məlik, neçə-neçə ev, ailə siz gündədir. Müharibədir, nə edəsən? Qansız-qadasız olmur. Özünüzü öldürməyin, özünüzü üzməyin, səbir edin!”
Böyük bacı gözü yaşlı cəhrədə yun əyirirdi. Fikir-xəyal onu tərk etmirdi. Birdən ayağa sıçrayaraq:
-Ay ana, Ömər sağdır! – dedi.
Fatma arvad yaxın gəldi:
-Nə bildin, ay qızım?
Böyük bacı:
-Bu cəhrə dedi.
Fatma arvad salavat çevirdi: “Görəcəkli günlərimiz varmış. Öməri əlimizdən müharibə aldı. Bu qızın da deyəsən başına hava gəlib. Cəhrə də danışar?”
-Qızım, toxta. Qardaşın həlak olub. Qırxını da verdik!
-Yox, ay ana, Ömər sağdır!
Anasının təəccüblə baxdığını görən böyük qız israrla:
-Anacan, vallah cəhrənin səsindən duydum ki, qardaşım sağdır.
Fatma arvad qızını qucaqladı, onu sakitləşdirməyə çalışdı. Eyni zamanda özünü saxlaya bilməyib göz yaşlarını tökdü:
-Ömər vay! Cavan canın torpaq oldu! Müharibə törədənin tifağı dağılsın!
Böyük qız inamla:
-Anacan, ağlama, – dedi, -Allah-taala gec-tez biz sevindirəcək!
Qızının hərəkətindən və sözlərindən məyus olan Fatma arvad o biri qızlarına baxdı. Yəni “Görürsünüzmü, bacınız havalanıb”.
Bacılar da təəssüflə böyük bacıya baxır, lakin bir söz demirdilər. Böyük qız:
-Mənə inanın!
O, sözünü qurtarar-qurtarmaz həyət qapısı açıldı… Hamını heyrət götürdü. Lap möcüzə idi. Ömər əsgər şinelində və uzunboğaz hərbi çəkmələrdə, başında əsgər papağı, çiynində hərbi çanta göründü. Ardınca da kənd camaatı. Eşidib-bilən, görən Fatma arvadın evinə sarı axışırdı. Ana və bacılar Ömərin üstünə atıldılar.
Sən demə, Ömər ölməyib, yaralanıbmış. Sonradan onu meşədən tapıblarmış. O, sürünə-sürünə özünü meşəyə veribmiş ki, almanlar onu tapa bilməsinlər. Burada huşunu itirib qalıbmış. Avtomatı da yanında idi. Onu tapan kimi, hərbi hospitalda yerləşdirmişdilər. Sağalandan sonra da bir həftəlik evə buraxmışdılar.
Ana və beş bacı göz yaşlarını saxlaya bilmirdilər. Bu yaşlar artıq qəm-qüssə, kədər yaşları deyil, sevinc yaşları idi.
SƏNSİZLİK Bəxtimlə saçımın rənginin yeri, Baxıb görürsənmi necə dəyişib. Saçlarım ağarıb, qarlı dağ kimi, Bəxtimin üstünə kömür çəkilib.
Gözünün çəkdiyi yollarda səni, Gözləyib,gözləyib axır qocaldım. Şeir bağçasında bitən gülləri, Kökündən pozaraq qırıb,qopardım.
Bir ayaq saxlayıb, misramı dinlə, Görginən dərdindən necə ah çəkir. Hər gecə barmağım sətir bağına, Ayrılıq gülünü qələmlə əkir.
Yuxumun gözünün önündən heç vaxt, Kənara çəkilib dayanmadın,sən Yuxumda tutduğum zərif əlləri, Bu gözəl həyatda tutanmadım,mən
TANIŞ OLDUĞUMUZ GÜN “Siz” ilə başlayır ilkin tanışlıq Sonra fırlanıb “sən”ə çevrilir. Bir neçə mehriban söhbətdən sonra Baxıb görürsən ki,qəlbin sevinir. Daha sonra gülüm deyə xitab edirsən, “Ömrüm”, “çiçəyim”‘,”sevgilim deyirsən”, Saatın əqrəbləri ötüşdükcə sən, Baxıb görürsən ki,onu sevirsən. İstəmirsən zaman tez gəlib keçsin Tez əriyib sönən şama bənzəsin İstəyirsən zamanı saxlayasan Möhkəm bir səslə üstünə qışqırasan!
Hara qaçıb gedirsən ay zaman, İzin ver sevgilimin üzünə Doya doya mən baxam.
Zaman öz səhvini başa düşəndə Saatın əqrəbin dala fırlayır. Bir anlıq gedirsən uzaq keçmişə. Baxıb görürsən ki,bir gözəl uzaqdan sənə baxır.
İlk görüş öncəsi fikirləşirsən, Sözlərin üstündə sən məşq edirsən. Cümlələr növbələşir onun tərifini vermək üçün. Ürəyin hazırlaşır onun ürəyini sevmək üçün. Amma onu görən vaxtı, sanki ağzına qıfıl vurulur. Əllərin əsir,dizin titrəyir, Baxıb görürsən ki,dilin tutulur. Sanki bir müqavilə imzalanıb aranızda, Hər görüşəndə qarşılıqlı susacağınıza aid. Sanki bir müqavilə imzalanıb aranızda, Lal olub bir-birinizə baxacağınıza aid…
HARDASAN? Bilmirəm mən səni harada tapım Güllərin arasındasanmı? Yoxsa mələklər kimi qeyb olmusanmı? Bəlkə göylərə qalxmısan? Axı ulduzların arasına da baxdım Oralarda yoxsan Bəlkə yerin altına enmisən? Axı ağac kötüyü olub torpağa batdım Yenə də səni tapmadım. Bəlkə qəlbimin bir küncündə yatmısan Oyandırmaq istəmədim səni amma, Narahat idim. Qəlbimin hər tin-bucağına baxdım Yenə səni tapammadım. Bəlkə də dəryalara qərq olmusan, Hər dalğanı qaldırıb altına baxdım, Səni tapmadım ki,tapmadım. Getdiyin hər yerə nişanə qoyursan, Amma,yenə heç yerdə yoxsan. Bəlkə keçmişdə ilişib qalmısan, Şəkillərimizin canlı olduğu vaxtlarda Bəlkə gələcək günlərə gedib çıxmısan, Bəlkə sən mənim daxilimdən mənə baxırsan, Bəlkə xaricimdə durub,məni qoruyan qaraçuxamsan? Bəlkə tanış olduğumuz gündəsən Qarşılıqlı susduğumuz zamandasan Tapa bilmirəm sən hardasan Ola bilsin gözümün önündəsən Səni görə bilmirəm O qədər işıq paylayırsan ki, Səni yalın gözlə seçə bilmirəm.
SEVGİ Sevginin əvvəli: Lalə yanağından ötrü ölürəm Xoş ətir paylayan çiçəksən sanki. Hara baxıramsa səni görürəm, Burnumda oturan eynəksən sanki.
Sevginin sonu: İndi o eynəyi çıxarmağın vaxtıdır İndi o gülləri qoparmağın vaxtıdır. Daha mən gedirəm başqasını sevməyə, Bəlkə də indi ayrılmağın vaxtıdır.
Bəlkə bir ilham idim,gəldim ağlına Sonra yaddan çıxıb,ayrılıb getdim. Bəlkə bir əbrəşdim qondum çiyninə Son dəfə qanad çalıb,çırpınıb getdim Bəlkə bir səhv idim gəldim həyatına Boş ümidlərlə səni ,çaşdırıb getdim. Bəlkə bir həqiqət idi səni tanımağım, Sənin timsalında eşqi ,tanıyıb getdim
Daha neynirsən məni? Səni səndən çox istəyənin var. Daha neynirsən sən məni? Sənin Allah kimi bir sevgilin var.
İstəyirsən unut istəyirsən unutma Mən səndən heçvaxt incimərəm amma Unutmaq nədir ki? ayrılığın yanında Guya nolacaq ki,adam unudar da unudular da
AYRILIQ Gecələr eşqindən yata bilmirəm, Hər ötən gecəmi əhya etmisən. Gah ümid vermisən,gah ağlatmısan. Qəlbimi oyuncaq əşya etmisən
Ayrılıb gedəndən,o gündən bəri, Şeirdən alıram sənin ətrini, Misrada ah çəkib, fəryad edirəm Oxuyub duymursan mənim səsimi.
Səni heç sevməyən biganəni sən, Xosrov Pərviz kimi sultan edərsən. Sənə aşiq olan divanəni sən, Bəxbəxt Fərhad kimi viran edərsən
SƏNİ TANIMADIM Elə zənn etmə ki,bekar insanam, Dərdini çəkməklə yaman məşğulam. Bir sual vardı ki,cavabsız qalıb, Bilmirəm mən sənə niyə vurğunam?!
Sənin mənə qarşı olan hislərin, Həllin bilmədiyim misaldı sanki. Soyuq məhəbbətin,soyuq ürəyin, Buzlaqlar diyarı şimaldı sanki.
Məni yarı yolda atıb getməyin, Sanki batil olmuş oruc kimidi. Səni hər zaman arzu etməyim, Allaha açılan ovuc kimidi.
Artıq sənin mənə geri dönməyin, Tərsinə yozduğum yuxuya bənzər. Gah səmimiyyətin,gah bədbinliyin, Əhvalın dəyişən buluda bənzər.
HƏYATIM İndi bir taksiyə minib gedirəm Düz üç il əvvələ məni aparır. Tanış olduğmuz ilə,həmin dəyqəyə, Sənə vurulduğum günə qaytarır.
Müqəddəs sevginin nəhəng dəryasın, Sən mənə həmişə qram etmisən. Allahın müstəhəb etdiyi eşqi, Sən mənə əbədi haram etmisən.
Dəniz gözlərinin buzlu baxışı, Məhəbbətlə yanan qəlbi dondurur. Soyumuş qəlbimin isti fəryadı, Gözləri qızardıb, yaşla doldurur.
VAR Ey bülbüli-yar fəxr eləmə ki, çəmənin var. Fəxr eylə ki,sən qəlbdə uca vətənin var.
Səhra mehi düta edər ol qəddi-nihalı, Təzim edərəm mən, sənə bil baş əyənin var.
Bir qətrə nur üçün gecə, ay həsrəti çəkdi, İşraqi-cəmalın üçün ol qəm çəkənin var.
Qafil ki, məni boğdu məlamət dənizində, Ol tənələr içrə səni qəlbən sevənin var.
Xəttat dedi yar,ölmək üçün sərfəliyəm mən Şükr eylə gülüm bax sənin üçün ölənin var.