ANDREASIN XƏTASI – TANRIVERDİ ƏLİYEV

ANDREASIN XƏTASI

İnsan bəzən öz xətalarının qarşılığını canı bahasına ödəyir. Bəzən elə bir səhv edir ki, həmin səhvin ucbatından ailəsini və yaxınlarını itirir. Lakin elə insanlar da var ki, hər şeyin dərinliyinə gedə-gedə xəta dənizində boğulub batırlar. Və bu səhvin qarşılığını ağılları ilə ödəyirlər. Bəli, mən elə bir dahi şəxs tanıyıram ki,O öz dahiyanə icadının güdazına getdi. Biz onu evində, ağlını itirmiş vəziyyətdə- dəli olmuş halda tapdıq. Bu dəli dahi mənim yaxın dostlarımdan olan Andreasdır.

   Andreası tanıdığım ilk gündən içimdə bir hiss var idi ki,bu adam hər şeyin dərinliyinə gedən biridir. Hər şeydə nəticə axtaran,hər şeyin səbəbinin olmasını iddia edən insandır. O,həmişə deyirdi ki, “səbəb olmasa nəticə də olmaz. Əgər bir insan pisdirsə,deməli onun pis olmasının səbəbi var. Heç kəs durduq yerdə pislik bataqlığında batmaz,onu kimlərsə,nələrsə o bataqlığa sürükləyir. Lakin kim sürükləyir,necə sürükləyir bunu bilmirik.”

  Belə fəlsəfi düşüncəsi olan birisi öz gəncliyini hərşeyin səbəbini axtarmaqla hədər etdi. Və nəticədə elə bir aparat icad etdi ki,kaş onu icad etməmiş olardı.

   İsti yay axşamı idi. Skamiyada oturub Markos mən və Andreas söhbət edirdik. Hava o qədər isti idi ki,kürəyimizdən axan tər ,sanki köynəyimizi soyuq su ilə yumuşdu. Əlimi köynəyimə vurdum, gördüm ki,suyun içindəyəm. Və uşaqlara dedim ki,hər dəfə bu skamiyada tərli-tərli oturub,oynayan uşaqlara baxanda sanki öz uşaqlığıma qayıdıram. Mən balaca olanda bu uşaqlar kimi qaçıb-oynayırdım tər içində olurdum. Anam gəlib paltarımı dəyişirdi,ya da kürəyimə quru əski parçası qoyurdu.

Bir anlıq nostajik hislər yaşadım və bu məni xoşbəxt edirdi. Andreas mənə dedi ki,nostajik hislərin səni bir anlıq xoşbəxt etməsi normal haldır.İnsan nostajik hislər yaşadığı yerdə rahat olur. Çünki uşaqlığı yadlarına düşür. Uşaqlıq illərində heçnəyi ağlın kəsmir,dünyanın problemini görə bilmirsən. Ona görə də o dövrlərdə xoşbəxt olursan. Və böyüyəndə problemlərlə kəllə-kəlləyə gələndə uşaqlığını yerdə,göydə axtarırsan.

Markos, Andreasa dedi ki,qardaşımsan bəsdi də hərşeydə niyə səbəb axtarırsan ki? bir gün bu səbəb axtarışın səni dəli edəcək.

Andreas: Qardaş, hərşeyin səbəbi olmalıdı da səbəbi bilmək lazımdı ki,problemləri həll edə biləsən. Dərdinə dəva olmaq üçün dərdinin səbəbini bilməyin vacibdir.

Markos: Sənin gələcəkdə dəli olacağının səbəbi elə hərşeydə səbəb axtarmağın olacaq. Bəsdir də,imkan ver gizlin elə gizlin olaraq qalsın. Sənə lazımdı camaatın daxili psixologiyası,nə bilim səbəbi filan?!

Andreas əsəbləşdi və üzünü çevirib çıxıb getdi. Hərşey o gecədən sonra başladı. Kaş yaşanmazdı o gecə. Kaş birlikdə oturub söhbət etməzdik. Onu əsəbləşdirməzdik.

O əsəbi halda evinə getdi. Soyuq su ilə başını yudu,isti çay dəmləyib içdi. Və ağlında olanları bir yerə qeyd elədi. Sən demə onun ağlında olanlar hərşeyin səbəbini açıb tökən bir icadın proyekti idi. O gecə Andreas tarixdə misli bərabəri olmayan bir icadın təməlini qoydu. Təxminən bir neçə həftə sonra icadı tamamlandı. İcadının adı deteraktius idi. Deteraktiusun mahiyyəti ondan ibarət idi ki,bir insanın DNT-sini və düşüncəsini kopyalayıb reallıqları açıb- tökə bilirdi. Reallıqları açıb-tökən bu alət hərşeyin səbəbini rahatlıqla söyləyirdi. Kiçik aparat idi,Andres onu boynuna taxırdı. Hər dəfə yeni düşüncəli insan görəndə sarı rəngli işıq ilə həmin adamı başdan ayağa darayırdı.

Deteraktiusla tanışlıq.

Saat 8:30 idi. Hamı yuxulu-yuxulu işə gəlirdi. Mən isə işə gecikmişdim. Tələsik paltarımı geyinib,həyat yoldaşımın üzündən öpüb evdən çıxdım. Avtobusa sarı qaçdım,tələsik tez mindim. Yolda gedərdən növbəti dayanacaqda iş yoldaşlarım Karl və İohannı gördüm onlar da avtobusa tələsik mindilər. Onlar da gecikmişdi. Salamlaşdıq. Və həmişəki kimi dərdləşməyə başladıq. Karldan soruşdum ki, sənin o qız məsələn nə oldu? Həll edə bildinmi?

Karl başını aşağı salaraq dedi: Yox,həll edə bilmirəm. Bilmirəm nə edim ki,bu qız məni sevsin. Rəfiqələri deyir ki, O, özünə uyğun tipdə bir insan axtarır,onu sevə biləcək,onu sonsuz dəyər verə biləcək birisi. Məgər mən balqabağam nəyəm? Bütün,şəhər bilir onun sevgisindən necə divanə olduğumu. And olsun Allaha ki,gecələr onun qapısının önünə ürək şəklində gül çələngi düzürəm. Səhər gəlib görürəm ki, gülləri tapalayır,dağıdır. Bir o qalıb ki,ürəyimi çıxardım verim ona,inan Allaha onu da edərəm.

 Karlın bu sözləri məni çox kövrəltdi. Əlimi çiyninə qoydum,dedim ki,düzələr inşallah. Allah böyükdür,O qız sənə qismət olmasa belə,sənə layiq olanı qismət edər. Allah qəlbləri görəndir. Bu sözlərim Karlı biraz rahatlatdı. Amma, İohannı rahatlatmadı. İohann da eşq dərdi çəkirdi. Lakin Karlın sevgisindən fərqli olaraq İohann öz sevdiyi qadını Tanrı səviyyəsinə qaldırmışdı,az qalmışdı ki,ona səcdə edə,ona Tanrım deyə. İohann sözümü kəsdi. Dedi ki,zəhləm gedir də sevdiyim qıza başqa birisininin alternativ gətirilməsindən . Mənim qismətim bu qızdır. Əgər qovuşmağımızda xeyir yoxdusa,Allahdan istəyirəm ki,xeyirli eləsin. Əgər qovuşmağımıza şans yoxdursa,Allahdan istəyirəm ki,şans yaratsın.Əgər o qız qismətimdə yoxdursa,Tanrı onu qismətimə yazsın. Çünki mənim sevdiyim qız Allahın cəlal və təcəllasıdır,hətta ona Allah belə deyə bilərəm. Çünki o Allah kimi gözəldir. İohanna dedim ki,sevgilin Allah kimi gözəl ola bilər. Amma Allah kimi mərhəmətli deyil. İşi-gücü sənə zülm çəkdirməkdi.

İohann dedi ki, onun çəkdirdiyi zülüm, mənə şirin şərbət içmək kimi birşeydir.

Daha heçnə demədim. Eşq sarmaşığı artıq onun ürəyinə sarılmışdı. Nəhayət sonuncu dayanacağa çatdıq. Avtobusdan düşüb, iş yerimizə doğru qaçdıq. Axır ki,gəlib sənaye laboratoriyasına çatdıq. Şükür ki,müdir bizi nə soruşub,nə də görüb. Tez bazar laboratoriya xalatlarımızı geyindik və işə atıldıq. Günorta yeməyinə qədər ağır radiasiya altında işlədik.

  Saat 12:50 olanda laboratoriyada zəng çalırdı. Artıq yemək vaxtı idi. Xalatımızı çıxarıb yeməkxanaya getdik. Orda Andreas və Markosu gördüm. Yaxınlaşıb, görüşdüm. Andreasa dedim ki,bu boynundakı nədir? Andreas dedi; bu yeni icadımdır. Bu icad vasitəsi ilə hər nəticənin səbəbini bilmək olur. Yadında idi bir neçə həftə əvvəl əsəbi halda evə getdim haa, bax o gündən bunun üstündə işləyirəm.

 Andreas başından keçən hər şeyi Markosla mənə danışdı. O bu alətin xüsusiyyətlərini sadaladıqca onun gələcəkdə böyük bir dahi olduğu gözümün önünə gəlirdi.Lakin Markos, Andreasın uğuruna mənimlə eyni prizmadan baxmırdı.

Markos: Əşi… çıxart o boynundakı dəmir yığınını,sənə camaat lazımdı?

Onun bu sözləri məni nəsə şübhələndirirdi. Axı niyə Markos öz dostunun icadını qəbul eləmək istəmirdi?! maraqlıdır. Birdən deteraktiusdan sarı rəngli bir işıq Markosla məni başdan-ayağa daradı. Andreas dedi ki,deyəsən o sizin DNT lərinizi kopyaladı. Bunu eşidən Markos deteraktiusu sındırmaq istədi,lakin Andreas kənara çəkildi və Markosu itələdi. Savaşmasınlar deyə onları ayırdım. Andreasl çölə çıxartdım. Siqaret verdim ki,çəksin və rahatlasın. Karl və İohann da yanımıza gəldi. Onu sakitləşdirdik. Bu ərəfədə deteraktius kataloqlanmamış iki DNT-ni yəni Karl və İohanı kopyaladı. İkisi də mat-məətəl bir-birlərinə baxdılar. Vəziyyətin nə yerdə olduğunu başa saldım və onları deteraktiusla tanış elədim. Onlar Andreası qucaqladılar və dedilər ki,sən həqiqətən də böyük adamsan,dostum. İohann zarafatca dedi ki, bir dənə də sevgi iksirindən,dərmanından hazırlasaydın sevdiyimiz qadınlara verərdik,bizi sevərdilər. İohannın bu zarafatından sonra kefimiz müsbətə doğru dəyişdi. Əhvalımız gümrah halda işə geri döndük. Sən demə müdir bizi gözləyirmiş.Əsas da Andreası. Müdir hamımızı otağına çağırdı və bizi tənbeh eləməyə başladı. O , Andreasın icadından və bizim işə gecikməyimizdən xəbərdar idi,yəqin kimsə xəbərçilik etmişdi. Müdir əsəbi halda üzünü bizə tutaraq qışqırdı; siz hamınız qudurmusunuz ə, işə gecikirsiniz,işləmirsiniz. Hələ buna bax, guya nəsə icad edib,təpənə dəysin icadın. Guya məndən ağıllısan da sən eləmi?! Bəlkə özünüzü ağıllı apara-apara oğurluq edirsiniz,yeni gələnlərdən rüşvət alırsınız hə? Sizdən şikayətlər var özünüzü yığışdırın! Xəbəriniz varmı? Laboratoriyadan 28 ədəd kolba, 5 ədəd natrium, 2 balon sulfat,1 butulka da xlorid turşusu oğurlanıb? Siz etmisiz ə bunu?

Müdirə dedim ki, vallah biz etməmişik. Məsələdən xəbərimiz yoxdur heç. Vəziyyətin gərgin vaxtında deteraktius müdiri başdan-ayağa daradı. Nə yaxşı ki,Andreas ağıllı iş görərək,deteraktiusun işığının gücünü azaltmışdı. Müdir deteraktius tərəfindən kopyalandığını bilmədi. Bizi danladıqdan sonra çölə çıxartdı. Laboratoriyaya geri döndük. Gecəyə qədər işlədik.

Andreasın xətası

İşdən çıxıb evə gedirdik. Hərkəslə sağollaşdıq. Andreas mənimlə biryerdə evə getmək qərarına gəldi. Dayanacağa doğru gedərdək deteraktius barədə söhbətlər edirik.Ondan soruşdum ki,təqribən deteraktius nə qədər insanı kopyalaya bilər ki?

Andreas dedi:1.717.273 nəfər kopyala bilir,lakin bu günə qədər cəmi 100 nəfər kopyalayıb.

Ağlımda bir şey taxılıb almışdı. Görəsən bu alət hərşeyi necə bilirdi? Ondan soruşdum ki,bəs kopyalayandan sonra nə olur ki? Hərşeyin səbəbini necə bilirsən?

Andreas deteraktiusun kənarını çevirib göstərdi ki,burda sensor var onun üstünə toxunursan və kim sənə maraqlıdı onun adını deyirsən,aparat da sənə hərşeyi deyir.

Həqiqətən,onun zəkasına heyran qalmışdım. Bu yaşda belə bir gəncin qeyri-adi aparat icad etməsi dahiliyin əlaməti idi. Söhbətimiz o qədər şirin gedirdi ki, avtobusun haçan gəldiyini fərq etmədik. Avtobusa mindik. Arxa yerlərdən birində əyləşdik. Dayanacağa qədər yüngülvarı mürgülədik. Məhəlləmizə çatan kimi Andreası oyatdım. Avtobusdan düşdük. Yolda Andreas mənə dedi ki,gedim görüm deteraktius başımıza gələnlər barədə nə deyəcək?

Ona xeyir dua arzularım. Evinə yola saldım getdi. Kaş ki, başını qatardım,icazə verməzdim evə getməyinə…

Andreas evə çatan kimi deteraktiusu işə saldı. Kənarındakı sensora toxundu və icadı süni intellekt vasitəsi ilə danışmağa başladı.

Mənim yaradıcım,Andreas. Sən məni bütün müşkülləri aşkar etmək üçün,hər şeyin səbəbini bilmək üçün yaratdın. Yadda saxla ki,Allah da özünü aşkar etmək üçün insanları yaratdı. Mənim yaradıcım sən olduğun kimi,sənin də yaradıcın səbəblər səbəbi olan Allahdır. Hər nəticə vahid bir səbəbdə dayanmalıdır ki, mən nətirəcələr barədə məlumat verə bilim.

Andreas birinci öz müdirinin niyə belə aqressiv olduğunu soruşdu.

Deteraktius: Yaradıcım,sənin müdirin sizi şərləmək istəyirdi,öz etdiyi günahları sizin üstünüzə atmağa çalışırdı. Əsl oğurluq edən,əsl rüşvətxor adam sizin müdirinizdir. Laboratoriyadan ləvazimatları oğurlayan,təzə işçilərdən rüşvət alan da odur. Bunu etməyinin səbəbi isə öz sevgilisinə dəm-dəzgahlı hədiyyələr almaqdır. Kimsənin bədbəxtliyi üstündə özünə xoşbəxtlik qurur. Sənin dostun Karlın sevdiyi qız sizin müdirin sevgilisidir. Karl kasıb olduğuna görə qız ona meyil etmirdi. O qız rəfiqələrinin tərif etdiyi kimi onu həqiqətən sevən birisini deyil, pullu imkanlı bir kişini axtarırdı.

Anreas bunları eşidəndə qulaqlarına inana bilmədi. Gözləri bərəldi,gözünün içi qızardı.

Yumruğunu sıxıb stolun üstünə çırpdı. Bir müdirin bu qədər alçaq olacağını ağlına gətirməzdi. Karla isə yazığı gəlirdi. Təmiz qəlb ilə sevdiyi qız,sən demə pul ovçusu imiş.

Deteraktius sözlərinə davam elədi. Müdiriniz ilə Karlın sevdiyi qız arasındakı əlaqənin səbəbi isə Markosdur. Markos müdirin sağ əlidir. Və Karlın sevdiyi qız ilə qonşudur. Bir gün müdiriniz Markosun evinə gələndə o qızı görür və bəyənir. Karlın o qızı sevdiyini bilə-bilə müdirlə qızın arasını Markos düzəldir.  Markosun məni məhv eləməyinin səbəbi də öz günahlarının üzə çıxmağından qorxması idi. Eyni zamanda onu da deyim ki, dostlarının gecikməyini müdirə xəbərləyən də elə Markosdur. Onun bu cür satqın olmağının səbəbi isə müdirdən əlavə pul alması idi. Hər yaltaqlığa və xainliyə görə müdirinizdən külli miqdarda pul alırdı.

İohannın pis vəziyyətdə olmasının günahkarı isə özüdür. Allah onu müstəqil varlıq olaraq yaradıb. O isə özünü bir qadının köləsi edib. Olmaz belə. İohannın öz sevdiyinə qovuşmamasının səbəbi də özüdür. Bir insana layiq olduğundan çox dəyər verdikdə, o insan səni sevməz. Əksinə sənə yuxarıdan aşağı baxar. Sonsuz dəyər yalnız Allaha aiddir. Çünki Allaha nə qədər dəyər versən, o qədər də səni sevər. Əgər İohann bu düşüncəsiz sevgidən əl çəkməsə qorxuram ki,Allah onun sevdiyini əlindən alar. Onda görəcək ki,Allah onu sevgilisiz necə yaşadır.

Andreas,mən səni də kopyaladım. Sənin başına gələn bu bəlaların səbəbi müxtəlifdir. Yadda saxla ki, yan yörəndə olan bəlaların sənə tuş gəlməsi Allahın nemətidir. Öz ibadətlərinə və əməllərinə biganə yanaşdığına görə bəlalar nazil olur. Allah istəmir ki,onun dərgahından uzaq olasan. Ona görə belə alçaq adamlarla bəla göndərir ki,özünə çəki düzən verəsən,həyatını nizama salasan. Bunu bil ki, bu dünyada hər şey nizam-intizamla işləyir. Ağzından çıxan hər kəlimə həyatına müsbət ,ya da mənfi təsir edə bilər. Mən cəmi 100 nəfəri kopyalamışam və sənə bir neçə insan barədə məlumat verdim. Çox güman ki,bir neçə insanın iç üzünü gördüyün üçün özünü yaxşı hiss etmirsən. Təsəvvür elə, mən 100 nəfəri aşkar eləsəydim nə olacaqdı. Hətta,bir anlıq təsəvvür elə, 1 milyonun hamısını kopyaladım. Həzm edə bilərdinmi belə həqiqətləri?

Deteraktius həqiqətləri dilə gətirirdi. Çox təəssüf ki,Andreas artıq öz icadının,onun barəsində nə dediyini bilmədi. Çünki artıq o, ağlını itirmişdi. Bəlkə də onun ağlının itməsini Allah istədi. Çünki bir insan əgər həqiqətləri bilsə,gərək digər insnaları doğruluğa dəvət etsin,onları maarifləndirsin.Bu iş də çətin işdir. Güclü psixologiya və dözüm lazımdır. Ona görə də Allah peyğəmbərlərə güclü dözümlülük və iradə vermişdi. Bəlkə də Allah, Andreası sevdiyinə görə, onu bu yüklə yükləmək istəmədi və dəli olmasına razı oldu. Çünki dəli insanın üstündən bütün hökmlər götürülür. Bu məsələ barədə dəqiq məlumat verə bilməyəcəyəm. Doğru məlumatı deteraktius verər,lakin artıq onun da fəaliyyəti dayanıb. Ancaq,bir şeyi dəqiq bilirəm ki,mənim Andreasla tanış olmağımın və onun xəta edib dəli olmağının səbəbi gələcəkdə, onun adına hekayələr və rəvayətlər danışmağım olacaqdır. Və o gün yaşanır. Bu hekayəni oxuyan hər bir oxucu bilir ki, insanların iç üzlərinin xain və bərbad olması,mənim dostumu dəli etmişdi. Bəlkə də dahi dostumun dəli olması barədə danışdığım bu hekayə,ədəbiyyata yeni mövzu və yeni cərəyanın yaranmasına da səbəb olacaqdı..

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir