İki lirə yarımlıq
Orxan Kamal
Budur: o yenə də arzuolunmaz bir vəziyyətə düşmüşdü. Min dəfə öz-özünə demişdi ki, daha avtobusa minəndə yox, düşəndə pul versin. Amma yenə də bacarmırdı. Bundan əvvəl dəfələrlə eyni vəziyyətə düşmüş, sürücü ilə tutaşmışdı. Ən yaxşısı, pulu gedəcəyi yerə çatanda avtobusdan düşməmiş vermək idi. Bir müddət elə bu cür də etmişdi. Amma bu dəfə, axırıncı dəfə…
Dayanacaq tünlük idi. Bir neçə nəfərlə birlikdə qaçaraq tələsik avtobusa minmişdi. Ondan solda iki nəfər oturmuşdu. O sağdan birinci oturacaqda idi. Üstündəki ən xırda pul iki lirə yarımlıq idi. O biri sərnişinlər gedişhaqqını verəndə o da onlara baxıb iki lirə yarımlığı sürücüyə uzatmışdı. Sürücü pulu alıb, o biri sərnişinlərin iki lirə yarımlıqlarının, beş lirəliklərinin qalığını qaytarmışdı, onunkunu isə… Bu zaman ən sağdakı sərnişin düşüb, başqa biri minməsəydi sürücü yəqin ki, pulun qalığını verəcəkdi. Hər halda o sürücünün davranışından bu qənaətə gəldi. Amma sərnişin Cağaloğluda saxlayın deyəndə sürücünün başı sərnişinlə danışmağa qarışmış və iki lirə yarımlığın qalığını qaytarmağı unutmuşdu.
İndi nə etməli idi? “Ay qardaş, iki lirə yarımlığın qalığını qaytarmaq yadınızdan çıxdı” desə sürücü bəlkə də “nə bilirsən ki, yadımdan çıxıb” deyə kobud cavab verə bilərdi. Elə etməsə belə, avtobusdakı sərnişinlərin ürəklərində “nə pulgir adammış” dedikləri baxışlarından oxunardı. Həm özü haqqında başqalarının bu cür düşünmələrini istəməz, həm də öz düşüncələrini kəc baxışlarla bildirənlərə nifrət edər, cin atına minərdi.
Sağ tərəfdəki sərnişinə baxdı. İri burunlu, sallaq buxaqlı şişmanın biriydi. Necə deyərlər, nə ət idi, nə balıq. Belələri özündənrazı, yekəxana olurlar. Hər şeyə burunlarını soxurlar. Mübahisəyə can atırlar. Həqiqətən də, o sürücüyə “Ay qardaş, iki lirə yarımlığın qalığını verməyi yadınızdan çıxartdınız” desə bu iri burunlu, sallaq buxaqlı şişman o cür kəc baxışlarla baxacaqdı. “Gözünü zilləyib nə baxırsan?” deyə soruşsa “Baxmaq qadağandır?” deyə bir cavab verəcəyi gün kimi aydın idi. Həmin adamı yenidən süzdü. Sanki “Baxmaq qadağandır?” cavabını almış adam kimi əsəbləşdi, ürəyində “bəli” dedi. Sonra “yox canım?” cavabını alıbmış kimi daha da qəzəbləndi. Yenə ürəyində bu cür mübahisə etməyə başladı:
-Canın yoxdursa necə yaşayırsan?
-Paho, nə bayağı zarafatdır. Ay bala, zarafat etmək üçün ağıllı olmaq lazımdır. Sən isə…
-Mən nə?
-Əşi, axmağın birisən e.
Elə bu arada ondan soldakı sərnişin də düşmək üçün sürücüyə səsləndi, avtobus dayandı və sərnişin düşdü. O isə həmin sərnişinin yerinə keçdi. İri burunlu, sallaq buxaqlı şişman da ortada oturdu, ən sağda isə yeni sərnişin əyləşdi. O da Cağaloğluya gedəsiydi. Təkliyi uzatdı. Sürücü əlli qəpiyi onun çiyninin üstündən ən sağdakı sərnişinə verdi. Belə görünürdü ki, sürücü onun iki lirə yarımlığını tamam unutmuşdu.
Birdən sürücüyə demək istədi ki, mənim pulumun qalığını unutdunuz. Lakin sonra bu fikrindən daşındı. Sürücü bəlkə də belə cavab verərdi: “Nə pul? Pul zad nədir?” Qan beyninə sıçradı. Sürücüdən bu cavabı alıbmış kimi sinirləri gərildi. Ürəyində :
-Avtobusa minəndə vermişdim axı.
-Yadıma düşmür.
-Necə yadına düşmür? Mən yalan deyirəm?
-Məgər mən yalan deyirəm? Bu yollarda sənin kimilərini saçımın tükü sanı görmüşəm.
Onda o dözə bilməz, dəli olardı.
– Deməli məni onlara tay edirsən.
Sürücü bəlkə də arxaya dönüb deyərdi:
-Kimsən ki? Gədənin biri gədə. Dələduzların heç birisi dələduzluğunu boynuna almaz, üstəlik adamı borclu çıxararlar.
-Yəni
-Yəni deyil gicbəsər.
Görəsən, sürücü ilə bu cür mübahisə etsələr axırı necə olardı. Polisəmi düşərdilər?
Birdən gözü avtobusun salonundakı müşahidə güzgüsünə sataşdı. Deyəsən sürücü sərt adam idi. Üstəlik nazik bığı və üzünün soyuq ifadəsindən itsifət adama oxşayırdı. Əgər mübahisə etsələr sürücü avtobusu saxlayıb sükanın arxasından enər, onun yaxasına yapışar, bəlkə də bir kəllə, bir yumruq…
Dərindən ah çəkdi, bu necə də arzuolunmaz idi. Əli-üzü qan içində, üst-başı toz-torpaq… Bu vəziyyətdə polis idarəsinə gedib sürücüdən şikayətçi olsa ondan sağda əyləşən sərnişinlər və hətta sürücünün yanındakılar da yəqin ki, sürücüyə tərəf çıxardılar. Onda sürücü polisə təhqir edildiyini deyər, mübahisəni özünə sərf etdiyi kimi anladar və sərnişinlər də onun tərəfini saxlayardılar. Həm iki lirə yarımlığın qalığı qalar, həm də sürücünü təhqir etdiyi üçün istintaqa cəlb oluna bilər, astarı üzündən baha başa gələrdi. Ona görə də fikrindən daşınmalı, hətta iki lirə yarımlığı dilinə belə gətirmədən sürücüyə yenə əlli qəpik verməli idi. Aydın idi ki, sürücü ondan aldığı iki lirə yarımlığı unutmuşdu. O şalvarının xırda pulları qoyduğu cibindən iki dənə sarı iyirmi beşlik çıxarıb ovcunda saxladı. Bir az sonra Cağaloğluya çatanda düşəcək, düşərkən də pulu verəcəkdi. Amma niyə? Nəyə görə əlli qəpiklik yolu üç yüz qəpiyə gəlməli idi. Bəyəm axmaq idi. Pulu yenidən cibinə qoyarkən fikrindən yenə dava-dalaş, polis idarəsi, sərnişinlərin şahidliyi keçdi. Elə buna görə də, pulu cibinə qoymaq fikrindən daşındı. Günahkar olsa da, olmasa da polisə düşsə təqsirli sayıla bilərdi, hələ üstəlik sürücünü təhqir etmək məsələsi də ortaya çıxanda nəinki üç lirə, Allah bilir neçə üç lirələr lazım olacaqdı.
Gözü yenidən sürücünün güzgüdə əks olunan it sifətinə sataşdı. Ürəyində “Allah bəlanı versin, heyvan oğlu heyvan üzündən nə zibil olduğun görünür, haram xoşun olsun. Heç yeməyəsən, dərmana xərcləyəsən, həm də əgər uşağın varsa ən əziz uşağına dərman pulu verəsən” deyə qarğış etdi.
O Cağaloğluya çatdıqları zaman sürücüyə səsləndi:
-Mümkünsə münasib bir yerdə saxlayın.
Sürücü cavabında dedi:
-Oldu, qardaş!
Sürücü avtobusu kənara çəkib saxladı, o ovcundakı əlli qəpiyi vermək istəyirdi ki, sürücü iki lirə yarımlığın qalığını uzatdı.
-Buyurun, qardaş, iki lirənizi!
O pulun qalığını götürdü, bir-birinə dolaşan ayaqları ilə sürətlə oradan uzaqlaşdı. Üzü qıpqırmızı alışıb yanır, özü-özündən utanırdı.
Tərcümə etdi : Turan Novruzlu
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru