“MƏN MƏHƏBBƏT ŞAİRİYƏM”
Əziz dostum İlham Qazaxlının 50 yaşını təbrik edirəm!
“Dünya bir pəncərədi, hər gələn baxıb gedir”.Yaradıcı insanlar, adi insanlardan fərqli olaraq özlərindən sonra nəysə qoyub getməyə çalışırlar.Dünyaya, insanlara yanaşmaqları da başqa olur. Yaradıcı in-sanlar deyəndə – ixtiraçı alimlər,heykəltaraşlar, rəssamlar, bəstəkarlar (musiqiçilər), şairlər və s. nəzərdə tutulur.
Şairlər həmişə dünyanın dərdlərini öz dərdləri hesab edirlər. N.Gəncəvi,Ə.Nəvai, Höte və başqa klassiklərin yazdıqları əsərlərdən bunu görürük.
O insan xoşbəxtdir ki, onun əməli, yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil edir.Belə şairlərdən biri də çağdaş poeziyamızın istedadlı qələm sahibi İlham Qazaxlıdı.Onun yazdığı şeirləri oxu-duqca dövrümüzün mənzərəsi (siyasi, iqtisadi, təbiəti…)göz önünə gəlir.O, öz oxucusuna özünün deyil, onu narahat edən dünyanın dərdindən danışır.Zəmanənin eybəcərliklərini çəkinmədən qələmə alır.Milli adət – ənənəmizin get – gedə unudulması, siradan çıxması onu narahat edir.Bunu ”Milli dəyərlər” şeirində görürük.
Gözümüz önündə yadlaşır adət,
“Yabançı” adətə “milli” deyirlər.
Yurda ayaq açır yad mədəniyyət,
Get – gedə məhv olur milli dəyərlər.
Milli ənənəmiz – ən böyük sərvət,
Mənəvi dəyərlər – əvəzsiz nemət.
Unurqan olmuşuq o üzdən əlbət,
Get – gedə məhv olur milli dəyərlər…
İ.Qazaxlı gözlərini dünyaya açandan söz – saz məclislərində olub, milli adət – ənənələrimizlə böyüyüb.
Hər birimizin mənəvi müəllimi,ustadımız A.Şaiq demişdi:
“Vətəni sevməyən insan olmaz,
Olsa da, o şəxsdə vicdan olmaz”.
İlhamın da vətənə, torpağa olan sevgisi şeirlərində öz əksini ta-pıb.Vətənin bir parçası olan Qarabağı 30 il erməni işğalçıları əsarət-də saxlaması, hamı kimi onun da rahatlığını əlindən almışdı.
Qucağında göz açdığım,
Məskənim, yurdumdu Vətən.
Gözlərimdə həyat eşqi,
Sinəmdə odumdu Vətən!
Saf eşqim, saf məhəbbətim,
Ülviyyətim, səadətim.
Məfkurəm, ülvi niyyətim,
Müqəddəs andımdı Vətən! … – deyir.
Vətən uğrunda şəhid olanlara həsr etdiyi şeirində can yanğısı ilə yazır:
Gələcək nəsillərə örnəkdi şücaətin,
Məzarda rahat uyu, qalibsən sən igidim.
Yaddaşlarda əbədi qalacaq rəşadətin,
Baş əyirəm ruhuna, ey qəhrəman şəhidim!
Vətənin gecə – gündüz keşiyində duran əsgərlərimizdi, ordu-muzdu.Ordumuza, əsgərlərimizə dayaq duran türk əsgərlərinin şərəfinə yazdığı “Türk əsgəri” şeirində oxuyuruq:
Tarixdən gəlir səsin,
Alov saçır ad nəfəsin.
Titrədirsən yer kürəsin,
Ey, qəhrəman türk əsgəri!
Al bayraqdan güc alırsan,
Hünərinlə ucalırsan.
Xainlərdən öc alırsan,
Ey, qəhrəman türk əsgəri!…
Bütün şairlərdə olduğu kimi İ.Qazaxlı da dünyaya müraciət edir.Onun da dünyadan öz istəyi var.O, da gileylənir bu gedişat-dan.Bəlkə də bu oxucuların da ürəklərindən keçən hissilərdi.
İçi iblis doludu,
Qanlar içdi, canlar uddu.
Görəndə ki, dünya budu,
Dedim, dünya qorxuludu.
Döndüm sağa, döndüm sola,
Şeytan iblislə qol – qola.
Baxdım, çətin abad ola,
Gördüm, dünya qorxuludu…
Şair, dünyada baş verən bütün hadisələrə öz münasibətini yaz-dığı şeirlərlə bildirir.İranda soydaşlarımıza qarşı fars şovinizminin qəddarlığını, imperiyaların kiçik dövlətlərə qarşı haqsızlığını qələmə almaqla bu hadisələrə biganə olmadığını göstərir…
Yəni şairin silahı qələmidi.İlham da haqsızlığa qarşı qələmi ilə döyüşür.”Qələm də bir silahdı” şeirində dediyi kimi:
Haray salaq aləmə,
Susmağımız günahdı!
Sarılaq biz qələmə,
Qələm də bir silahdı!…
İlham, özü demişkən, “Mən məhəbbət şairiyəm”.Onun “İlham Pərisi” nin tez – tez coşan vaxtı var.Onu ilhamlandıran vətəndi, və-tənin füsunkar təbiətidi, vətəninin dünyada tayı – bərabəri olmayan gözəlləridi.Onun poetik duyğuları hamını özünə cəlb etməyi bacarır. ”Sevgimiz” şeirinə baxaq:
Ətirli çiçək tək təzədi, tərdi,
Nəşəsi, sevinci dünya qədərdi.
Sevgisiz yaşanan ömür hədərdi,
Vüsala açılan qoldu, sevgimiz!
Çağlayan şəlalə, coşan dənizdi,
Özülü möhkəmdi, ruhu təmizdi.
Bizi səadətə aparan izdi,
Könül qovuşduran yoldu, sevgimiz!…
“Ağlama” şeirində yazır:
İllər ötdü,yollar qar – sazaq oldu,
Ayrı düşdük, baxışlar uzaq oldu.
“Həsrət” sözü aramızda dağ oldu,
Bəsdi daha, sil gözünü, ağlama,
Göz yaşınla ürəyimi dağlama!…
Sonda deyir: – Ağlamaqla çarə varmı bu işə?
Qəmlənməyi sən çevirmə vərdişə.
Qazaxlını həsrət qoyma gülüşə,
Bəsdi daha, sil gözünü, ağlama,
Göz yaşınla ürəyimi dağlama!
Onu zəhmətlə böyüdən atasına(Allah rəhmət eləsin), anasına hədsiz məhəbbəti var.Onlardan aldığı tərbiyə sayəsində onun qəlbi safdı, təmizdi.Hamı ilə səmimidi.Ona görə də gözəl ailə başçısıdı. Övladlarına həm atadı, həm də onların dostudu.Elə dostlarına, tanış-larına qarşı da səmimi və sadədi…
İlham Qazaxlı haqqında çox yazmaq olar.Ən əsası odur ki, 50 ili şərəflə yaşayıb.Eldə, dostlar arasında hörmət qazanıb.İlham, sənə can sağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayıram! Sonun İlhamın bu sözləri ilə bitirirəm:
Çəkir imtahana, sınağa məni,
Amansız ruzigar, vəfasız həyat.
Zaman saçlarıma ələyir dəni,
Fədakar qəlbimsə deyir, yaz – yarat!
Hörmətlə: Məmməd Mərzili
23.05.2023
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru