27 May – ONLAR QAYITDILAR! – Turan Novruzlu yazır.

27 May – ONLAR QAYITDILAR!

Kim idi onlar?
– Uşaqlıq xatirələrimin ala-toranlığında var-gəl edirəm, təxminən 5-6 yaşlarımda idim. Bizim binanın qarşısındakı bina ilə üzbəüz tələbə yataqxanası var idi. Böyüklərdən eşitdiyim cümlələr hopub yaddaşıma : ” indi yataqxanaya qaçqınlar gəlib, ermənilər onların çoxunu öldürüb, çoxu yaralanıb, bəziləri də qaçıb gəlib, o binada qalırlar.” O erməni dedikləri kimlər idisə pis adam idilər, çünki adamları öldürüblər, bəziləri də evləri yanıb, qaçıb gəliblər, mən də qorxurdum adam öldürən ermənilərdən. O binada yaşayan adamlara da yazığım gəlirdi. O binada adam vəfat edəndə analar, nənələr daha çox ah-nalə ilə ağlayırdılar. O binadakı nənələr, xalalar çox kədərli görünürdülər. Danışıq tərzləri fərqli idi. O binada yaşayan əmilər, dayılar usta idilər, fəhlə idilər. Bizim məhlənin qarajlarının üstünü qırlayanda, ya da kiminsə evini təmir edəndə görürdüm onları. O binada yaşayanların əksəri Laçından, Xocalıdan  gəlmişdi deyirdilər. Atamın qarajımızın təmirindən ötrü çağırdığı usta da laçınlı idi. O usta ailəsi ilə bizə bir neçə dəfə qonaq gəlmişdi. Bizim kimi adamlar idilər, bəs niyə onlara qaçqın deyirdilər, nə idi fərqimiz?  Bu barədə çox düşünsəm də uşaq ağlı ilə heçkəsdən heçnə soruşmadım. Bir neçə dəfə biz də həmin ailənin yataqxanada qaldığı otağa qonaq getmişdik. Binanın içi fərqli idi, hətta blokun spesifik qoxusu var idi, şəraitsizlik, darısqallıq idi. Bu vəziyyətin içində yeganə xoş nəsnə nənələrin, xalaların Sənə olan isti, doğma münasibəti idi, Qazaxdakı nənəm, xalam, kəndçilərimiz kimi. Yəni bu xalalar bizim binaların xalalarından daha istiqanlı idilər.
Amma bu binaların uşaqları adətən o binanın uşaqları ilə oynamırdılar. Qaçqın uşaqları özləri ayrıca dava-dava, gizlənqaç oynayardılar. Bəzən gizlənmək üçün onların məhləsinə qaçanda görünməz sərhədlə çizilmiş fərqli abu-hava görürdüm. O uşaqlar da bizi orda görəndə qəribə baxırdılar. Nimdaş əyinləri, köhnə-köşkül oyuncaqları ilə kədərli görünürdülər.
  Orta məktəbə gedib yuxarı siniflərdə oxumağa başlayanda Vətən, Qarabağ, Xocalı soyqırımı haqqında inşalar yazmağa başlayanda (mən inşalarımı özüm yazırdım, ondan – bundan köçürmürdüm, bir inşa üçün bir neçə kitab oxuyardım) , tədbirlərdə iştirakçı olanda saatlarla kitabxanadan seçdiyim kitabları oxuyur, onların içində olan Çingiz Mustafayevin çəkdiyi şəkillərə baxırdım. Bu görüntülər aylarla gözümün önündən getmirdi.  Və beləliklə, mən qaçqın kimdir sualına cavab tapdım. Onlar bizim ürəyimizin yarası idilər, şəhid olmuş övladlarla, əsir düşmüş ana- bacılarla, ana bətnində ikən ermənilərin  yarıb çıxardığı, yerinə pişik qoyduğu doğulmayan körpələrlə, qüruru sınmış atalar, oğullarla, bala dağı görən analarla, yetim qalan uşaqlarla birlikdə qəlbimizin ən dərin yarası, ruhumuzun sızıltısı idilər. Onlar əvvəl susqunluğum idilər, sonra yaram oldular, daha sonra şeirlərimə hopdular. Və şükürlər olsun ki, çox sevdiyim, pərəstiş etdiyim Ulu Öndər H. Əliyevin bünövrəsini qurduğu zəfərimizin sevincini Ali Baş Komandanımız və Şanlı Ordumuz bizə yaşatdılar. Bu gün Onlar qayıtdılar. Uşaqlıq xatirəmin nəm qoxulu yataqxana binası yox oldu, əvəzində güllü- çiçəkli Laçın dağları, gözəl şəlaləsi, axar suları var və o istiqanlı nənələr, xalalar, zəhmətkeş dayılar, əmilər, nimdaş geyimli, hürkmüş, utancaq, kədərli uşaqlar daha gözəl yerlərdə yaşayacaqlar.
  Bu gün laçınlıların qayıtması xəbərini oxuyanda Vətən müharibəsi dövründə olan bir xatirəmi xatırladım. Müharibəyə könüllü yollanan Emin Piri ilə telefon söhbətimi yəqin ki, ölənə kimi unutmaram.
-Alo, salam.
-Salam.
-Şair necəsiz, hardasınız?
– Xocalıdayam.
-… (Və neçə saniyə çəkdiyinin fərqinə varmadığım susqunluq. )
Sonra nə dediyimi də tam olaraq xatırlamıram. Donmuşdum. Şair Emin Piri Xocalıdadı. Emin Piri ermənilərin yer üzündə görünməmiş vəhşiliklər törədib doğmalarımızı öldürdükləri, düz 10 il inşalarda yazdığım, anım günlərində hıçqırıqla bayatılar oxuduğum həmin Xocalıda idi. Qaçqınlar binasında yaşayan adamların elində, evlərində idi Emin Piri. Özü də O, “Xocalıdayam” sözünü elə sakit, təmkinli, həyəcansız, qorxusuz və inamlı demişdi ki, artıq içimdəki 5yaşlı qız qorxduğu ermənilərdən daha qorxmayacaqdı. O sözlə mən illərin uşaqlıq travmasından arınmışdım. O sözlə mən qələbənin gerçəkliyini tam dərk etmişdim. Və o gün şər qarışana kimi key- key hərlənib gecəni ağlamışdım. Mən o gün anladım ki, Emin Piri də mənim kimi məktəb illərinin Qarabağ acısını daşıyıb içində, onun müharibə şeirlərinin mayası o faciələrin tarixçəsindən cücərib. Daha sonra şeirlər hərbi mühazirələrə, qələmi də süngüyə çevrilib. O gün  Emin Pirinin içindəki məktəbli oğlanı görmüşdüm. O məktəbli oğlan da ermənidən qorxan 5,6 yaşlı qızın sevindiyi kimi illərin acısından sonra sevinirdi. O məktəbli oğlan da mənim kimi və eləcə də qaçqın düşəndən sonra dünyaya gələn Qarabağlılar qədər qarabağlı, laçınlı qədər laçınlı, xocalıdan olan uşaqlar qədər xocalılı idi.
1992ci ilin Xocalısını  Çingiz Mustafayevin sayəsində bütün gerçəkliyi ilə dərk eləmişəm. 2020nin Xocalısını isə dəyərli Emin Pirinin “Müharibə gündəliyi” sayəsində dərk eləmiş oldum. Emin Piri cəbhədə təkcə vuran əlimiz deyildi, o həm də düşünən beynimiz, tarix yazacaq müəllimimiz, o günləri ədəbiyyata çevirəcək qələmimiz idi. Onun sonunun  əziz Ç. Mustafayev kimi olmasından çox qorxurdum, Tanrıya bütün oğullarımızı qoruması üçün dua edəndən sonra, həmişə ayrıca bir xahişim də olurdu ki, Emin qayıtsın, mütləq qayıtsın, qayıtsın ki, biz müharibəni onun sətirlərimdən olduğu kimi oxuyaq, biz zəfərimizi onun misralarından duyaq. Onun kimi vicdanlı insanın, çox savadlı və qeyri- adi yaddaşı olan tarix müəlliminin gələcək nəsillərə verəcəyi faydanı düşündükcə yoxluğu ehtimalını düşünmək bir ayrı dəhşət idi. O döndü və dünyanın bir çox dillərinə tərcümə olunmuş İkinci Vətən müharibəsi həqiqətlərindən bəhs edən “Müharibə gündəliyi” ni və müharibə şeirlərini yazdı. Mən zənnimdə yanılmamışdım. Müharibədə iştirak etmək, illərin kinini, ürəyimdəki Xocalı yanğısını söndürmək üçün səngərdə olmaq nəsibim olmamışdı, amma Müharibə gündəliyini oxuyanda zəfərin sevincini iliklərimə kimi duymuşdum.
Bu gün də laçınlıların qayıtması xəbərini görüb dondum, uşaqlıq illərimə geri döndüm. Tanrı yar və yardımçımız olsun! Uca Tanrıdan əziz Şəhidlərimizə  rəhmət, Ali Baş Komandanımıza, Qazilərimizə can sağlığı diləyirəm. Və haqqınızı halal edin, əziz Şəhid anaları deyirəm.
Gözün aydın, Vətən, gözümüz aydın! Bir gün Laçında qonaq olmaq arzusuyla…

Müəllif: TURAN NOVRUZLU

MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI



> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir