Naxçıvanda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə növbəti töhfə…
Milliliyin qoryucusu Mahirə Nağıqızının “Vətən” görüşləri…
Ulu öndərimiz deyirdi: “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”.
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman – zaman təsdiq etmişdir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir.
Ulu öndərimizin dediyi: kimi “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”. Mən bu günlərdə o diqqəti, sevgini, qaygını Naxçıvanda, Naxçıvan Dövlət Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, eyni zamanda, lirik və səmimi şeirlər müəllifi olan Mahirə Nağıqızıya olan münasibətdə gördüm, şahidi oldum, qürurlandım və bir az da kövrəldim.
Naxçıvan Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə növbəti töhfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, eyni zamanda, lirik və səmimi şeirlər müəllifi olan Mahirə Nağıqızı ilə görüş və sözlərinə həsr olunmuş konsert proqramı oldu.
25 may tarixində Naxçıvan Dövlət Universitetində ADPU Beynəlxalq Əlaqələr üzrə prorektor, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə yaradıcılıq görüşü keçirildi.Görüşdə AMEA Naxçıvan bölməsi, AYB Naxçıvan şöbəsi, Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti, tələbələr, şəhər ictimaiyyəti iştirak edirdi. Görüşü giriş sözü ilə açan NDU-nun rektoru dosent Elbrus İsayev Mahirə Hüseynovanın elmi və bədii yaradıçılığı haqqənda danışdı və tədbiri aparmaq üçün sözü NDU-nun Tarix-Filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarova verdi. Dosent Arif Ağalarov Mahirə Nağıqızı yaradıçılığı haqqında geniş məruzə ilə çıxış etmişdir. NDU-nun dosenti Xanəli Kərimov, AMEA-nın aparıcı elmi işcisi Ramiz Qasımov, AMEA-nın Naxçıvan bölməsi Dilçilik İnstitutunun direktor müavini dosent Elxan Yurdoglu, Naxçıvan Müəllimlər İnstitutunun Dil və ədəbiyyat kafedrasının müdiri, dosent Həsənəli Eyvazov, dosent Ruhəngiz Əliyeva tədbirdə ürək sözlərini bildirdilər.
“Qarabağ Azərbaycandır”
27 may tarixində Naxçıvan Dövlət Universitetində Mahirə Nağıqızının sözlərinə bəstələnmiş “Qarabağ Azərbaycandır” adlı mahnılardan ibarət möhtəşəm konsert keçirildi. Universitetin İncəsənət fakültəsində keçirilən konsertdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək qonaqları salamladı. NDU-nin Konservatoriyasının təqdim etdiyi konsert proqramında Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının da çıxışları alqışlarla qarşılandı. Konsert proqramında ifa olunan “Azərbaycan”, “Vətən”, “Qarabağım güləcək”, “Qarabağ Azərbaycandır”, “Könlümdə biri var”, “Gözlərimin etibarı çox imiş”, “Dönüm başına dolanım”, “Gözəl”, “Yar” mahnıları tamaşaçıların zövqünü oxşadı.
Sonda şairə Mahirə Nağıqızı konsertin təşkilinə görə kollektivə təşəkkürünü bildirdi.Keçirilən görüşü yüksək qiymətləndirərək öz səmimi hisslərini dilə gətirdi. Rəsmi və bədii görüşlərdən duyğulanan şairə vətənində,el- obasında ona göstərilən ehtirama, diqqətə görə NDU-nun rektoru dosent Elbrus İsayevə xüsusi təşəkkürünü bildirib ,konsertin yüksək təşkilatçılığından xüsusi məmnunluq hisslərini bildirdi.
Vətən sənin qədrini məndən yaxşı kim bilər –deyərək tədbirdə bir-birindən gözəl ifalar nümayiş etdirən iştirakçıların təqdim etdikləri ifaları vətən təəssübkeşliyinin bir nümunəsi adlandırdı və keçirilən görüşü yüksək qiymətləndirərək öz səmimi hisslərini bölüşdü.
Rektor şairə Mahirə Nağıqızının sözlərinə bəstələnən mahnıların ali təhsil ocağının səhnəsində məharətlə təqdim olunmasından razı qaldığını qeyd edərək “İstedadlı xalqımızın qanı, canı musiqidir”, deyərək universitetin nəzdində fəaliyyət göstərən musiqi kollektivinin uğurlu ifalarını yüksək qiymətləndirdi və az vaxt müddətində hazırlanan proqramdan razı qaldığənı qeyd etdi. Tədbirin sonunda NDU-nun rektoru dosent Elbrus İsayev Mahirə Hüseynovaya onların dəvətini qəbul edib görüşə gəldiyinə görə təşəkkür etmiş və alimi fəxri ödüllə təltif etmişdir.
Bura Vətəndir…
25 may tarixində ADPU-nun Beynəlxalq Əlaqələr üzrə Prorektoru, filologiya elmləri doktoru, professor, tanınmış şairə Mahirə Nağıqızı Hüseynova ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində görüş keçirildi. Görüşdə ADPU-nun Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Konul Hasanova, Filologiya fakültəsinin dekan müavini Pəri Paşayeva, Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova, Ədəbiyyat kafedrasının dosenti Məlahət Babayeva, “Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Gülşən Behbud, əməkdar artist Elnur Zeynalov da iştirak etmişdir.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxışında Mahirə Hüseynovanın tədqiqatçı-alim, gözəl pedaqoq, istedadlı şairə, vətənpərvər ziyalı oomaqla yanaşı, çoxsaylı monoqrafiya, kitab və məqalələrin müəllifi olan Mahirə Hüseynova yaradıcılığında mənəvi saflıq, vətənpərvərlik, anaya məhəbbət əsas yer tutdugunu qeyd etdi. Onun yaradıcılığında diqqəti çəkən məqamlardan biri də Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Ulu Öndərimizin natiqlik məharəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Missiya” və bu kimi əsərləridir. Bu əsərlərində görkəmli dövlət xadiminin həyatı və misilsiz xidmətlərinin öz əksini tapdığını vurguladı.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, Əbülfəz Quliyev, AMEA Naxçıvan Bölməsinin dosentləri Ramiz Qasımov, Zülfiyyə İsmayıl çıxışlarında Mahirə Hüseynovanın yaradıcılığı haqqında çıxış etdilər. Sonda şairə Mahirə Hüseynova yaradıcılığına göstərilən diqqətə görə AMEA-nin rəhbərliyinə minnətdarlığını bildirdi.
Şərqə açılan qapı… “Türk qapısı” Naxçıvan
Naxçıvan Dövlət Universitetində 25-27 may tarixlərində davam edən tədbirlərdən biri də I Beynəlxalq İpək Yolu konfransı oldu.
Naxçıvan Dövlət Universiteti, Türkiyənin Qars Qafqaz Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən konfransda 15 ölkədən 300-dən çox məruzəçi iştirak edirdi. Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başladı. NDU-nun rektoru Elbrus İsayev konfransı açıq elan edib və tədbirin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verdi. Rektor 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbəmiz sayəsində Naxçıvanla Azərbaycanın quru yolunun birləşməsi əsas məsələlərdən olduğunu vurğulayıb. Qeyd olunub ki, Naxçıvan tarixən də nəqliyyat kommunikasiyalarının mərkəzində yerləşən coğrafi ərazi oluduğuna görə tarixi İpək Yolu üzərində mühüm rol oynayıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının gələcək perspektivlərindən danışan rektor əlavə edib ki, bu tarixi nailiyyət türk dünyası ilə Türkiyə arasında ticarət əlaqələrini genişləndirəcək. “Türk qapısı” adlandırılan Naxçıvan bu məsələdə mühüm rol oynayacaq.Əsas başlanğıcını Çin ipəyini daha uzaq coğrafiyalarda yerləşən, həyatı, yaşam tərzi, sənayesi vaxtilə çox da zəngin olmayan Qərb ölkələrinə çatdırmaqdan götürən İpək Yolu zaman keçdikcə bir ticarət yolu olmaqla bərabər, həm də Şərqdən Qərbə çox geniş bir ərazidə yaşayan xalqların mədəniyyətinin, mənəviyyatının, iqtisadiyyatının, həyat uğrunda mübarizəsinin yönəldici amilinə çevrildi. Böyük İpək Yolu insanlığın inkişaf tarixində əvəzsiz rol oynadı. Müasir dövrdə bu yolun bərpasının zəruriliyi daha çox gündəmdə olan bir məsələdir. Rektor onu da qeyd etdi ki, Avropa ilə Asiyanı birləşdirən, keçdiyi ərazilərdə yaşayan xalqların həyatında mühüm rol oynayan Böyük İpək Yolu ölkəmizin iqtisadi və mədəni inkişafına da öz müsbət təsirini göstərib. Bu yol ticarətin və bazar münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, həm də bir sıra ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Bu mənada, beynəlxalq konfransın keçirilməsi strateji mövqedə yerləşən, beynəlxalq nəqliyyat dəhlizi kimi diqqətləri cəlb edən Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələlərinin aktuallığını ön plana çıxarır.
Elbrus İsayev diqqətə çatdırdı ki, İpək Yolunun bərpası ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında imzaladığı 1998-ci il 7 iyun tarixli Sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının gələcək perspektivlərindən danışan rektor əlavə edib ki, bu tarixi nəaliyyət türk dünyası ilə Türkiyə arasında ticarət əlaqələrini genişləndirəcək. “Türk qapısı” adlandırılan Naxçıvan bu məsələdə mühüm rol oynayacaq. Elbrus İsayev çıxışının sonunda konfransın işinə uğurlar arzuladı.
Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu çıxışında belə konfransların keçirilməsinin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxundu. Konfrans bəşər sivilizasiyasının inkişafında çox mühüm rol oynamış, öz əhəmiyyətini müasir dövrümüzdə də getdikcə daha inadla təsdiqləyən bir tarixi gerçəkliyə həsr olundugunu qeyd etdi. Böyük İpək Yolu insanlığın inkişaf tarixində əvəzsiz rol oynadı. Müasir dövrdə bu yolun bərpasının zəruriliyi daha çox gündəmdə olan bir məsələdir.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı tədbirlərin, eyni zamanda tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun prezidenti Mustafa Latif Emekin, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzovun, Atatürk Universitetinin professoru Hüseyn Yurtdaşın, AMEA Naxçıvan Bölməsinin akademiki Hacıfəxrəddin Səfərlinin, Özbəkistanın İpək Yolu Araştırma Akademiyasının sədri Azamat Akbarovun, onlayn formatda konfransa qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin, ABŞ-nin Purdue Universitetinin professoru Jamaluddin Husainin, Adana Çuxurova Universitetinin professoru Hakkı Çiftçinin mövzu ətrafında çıxışları dinlənildi. Sonda Universitetin İncəsənət fakültəsi müəllim və tələbələrinin ifasında konsert proqramı ilə başa çatdı.
Konfransda çox dəyərli elm xadimlərinin, araşdırmaçıların iştirakı bu qənaəti daha da möhkəmləndirir. Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun prezidenti Mustafa Latif Emekin, Naxçıvan Müəllimlər İnsitutunun rektoru Azad Novruzovun, Atatürk Universitetinin professoru Hüseyn Yurtdaşın, AMEA Naxçıvan Bölməsinin akademiki Hacıfəxrəddin Səfərlinin, Özbəkistanın İpək Yolu Araştırma Akademiyasının sədri Azamat Akbarovun, onlayn formatda konfransa qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin, ABŞ-ın Purdue Universitetinin professoru Jamaluddin Husainin, Adana Çuxurova Universitetinin professoru Hakkı Çiftçinin mövzu ətrafında çıxışlar etdilər.
“Heydər Əliyev və milli dövlətçilik məsələləri”
27 may tarixində “Naxçıvan” Universiteti və ADA-nın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda Respublika konfransı keçirildi. Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova ,Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov, və digər ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar iştirak edirdi.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açaraq qonaqları salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində ölkəmizin hər bir bölgəsində olduğu kimi dünyaya göz açdığı qədim Naxçvan torpağında da yüksək səviyyədə, silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırdı.
Müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edən səlahiyyətli nümayəndə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir.
İkinci dəfədir Ulu Öndərin vətəni Naxçıvanda olduğunu bildirən “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev fenomenal siyasətçi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, uzaqgörən, praqmatik siyasətinden bəhs edib. Hafiz Paşayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasəti həm də bugün Azərbaycanı dünyaya qalib, zəfər qazanmış bir ölkə kimi təqdim edir. Belə ki, biz dahi şəxsiyyətin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsinə II Qarabağ müharibəsində bir daha şahid olduq. Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində ordumuz düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.
“Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov konfrans iştirakçılarını salamlayaraq, Heydər Əliyev ömrünün istənilən sahədə çalışan hər bir vətəndaş üçün örnək olduğunu, Ulu öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın və ölkə həyatının digər vacib sahələrinin formalaşdırılması, Azərbaycançılıq strategiyasının əsaslarının yaradılması istiqamətindəki əzmkar fəaliyyətinin, o cümlədən, onun Naxçıvanın inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğunu qeyd edib.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova bildirib ki, Heydər Əliyev artıq 20 ilə yaxındır ki, aramızda yoxdur. Lakin bu gün Azərbaycanın tərəqqisinə və modernləşdirilməsinə yönəlmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.Müasirləşən Azərbaycan Respublikasının özü 100 illiyini böyük ehtiramla qeyd etdiyimiz Ulu Öndərin işıqlı xatirəsinə həsr olunmuş ən böyük əsərdir.
Konfransın mövzusuna toxunan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev böyük idarəçilik təcrübəsinə malik Ulu Öndərin müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırladığını və onu dəqiqliklə həyata keçirdiyini bildirib.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxışında ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yer tutduğunu bildirib. Elbrus İsayev qeyd edib ki, yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır.
Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov diqqətə çatdırıb ki, bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycan dövlətini miras qoyub.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov çıxış edərək bildirib ki, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunub.
Respublika konfransının ilk günü “ADA” Universiteti və “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsert proqramı ilə başa çatdı.
Vətən deyən, milliliyin keşiyində dayanan, mənəviyyatın təmsilçisi Mahirə Nağıqızının Naxçıvan səfərindəki tədbirlər, görüşlər unudulmayan tarixi məqamları, duyğusal anları, Həsən Mirzə xatirələri ilə də yadda qaldı. Biz də o məqamların şahidi olduq.Mənəviyyat, həqiqət, səmimilikdir həyatı mənalandıran, əbədiləşdirən. Mahirə Nağıqızının Vətənində ,Naxçıvan səfərinin rəsmi tərəflərini yazdıq. Bədii tərəfləri növbəti yazımızda.
Mövzu ilə əlaqəli fotolar:
Müəllif: Gülşən BEHBUD
“Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri,
Prezident mükafatçısı, jurnalist.
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru