ALTMIŞ YAŞIN ASTANASINDA

ALTMIŞ YAŞIN ASTANASINDA

Şairlik Allah vergisi,Tanrı töhvəsidir deyiblər.Bəzi qədim mənbələrdə şairlərə alim,bilici—Allaha yaxın adamlar da deyiblər.Bu doğrudan da belədir.Mən bir sira yazılarımda,çıxış və söhbətlərimdə qeyd eləmişəm ki şairlik elə allah vergisidir.Yaxın və uzaq keçmişimizə,elə çağdaş dövrümüzə də nəzər salsaq görərik ki, bizim çox görkəmli şairlərimizin təhsili,yaxud savadı olmasa da onların Tanrının diqtəsi ilə yaradılmış şeirlərində,dərin və məzmunlu yaradıcılığında həyatımızın bütün sahələrinə toxunulur.Şairlər Allaha yaxın olduğu qədər də xalqa yaxındırlar.Başqa sözlə onlar elə xalqın içərisindən çıxmış insanlardır.Elə ona görə də onların şeirlərində xalqın istək və arzuları,ağrı –acıları,dərdi-ələmi,sevinci-kədəri əsas yer tutur.Məhz bu vəsiləyə görə də onlar xalqımız tərəfindən sevilir əzizlənir.Çağdaş Azərbaycan poeziyasının belə sevilən və seçilən şairlərindən biri də tanınmış şair Qəzənfər Məsimoğludur.Qəzənfər Məsimoğlu gözəlliklər məskəni qədim Borçalı mahalında dünyaya göz açıb.Gözünü açanda isə özünü şeirin,poeziyanın,sazın,sözün əhatəsində görüb. Burada isə istedadı ona kömək olub.Allahın verdiyi bu töhfə və istedad zəhmətlə birləşəndə isə öz bəhrəsini verir.Qəzənfər müəllim də istedadlı olduğu qədər də zəhmətkeşdir.

Azərbaycan torpağının elə bölgələri var ki, bu yerlərin insanları mübaliğəsiz olaraq elə lap uşaqlığından şeirə-sənətə könül verir, təkcə könül vermir-o poeziya istər istəməz onu tapır. Bu da öncə dediyimiz o fitri istedad, Tanrı vergisidir. Haqqında söhbət açmaq istədiyimiz Qəzənfər Məsimoğlu da məhz belə şairlərdəndir. Qəzənfər müəllimi mən son 6-7 il ərzində tanımışam. 18 ildən çox fəaliyyət göstərən, həmsədri və aparıcısı olduğum “Dirili Qurbani” saz-söz məclisinin ən məhsuldar, yüksək bədii-estetik dəyərə malik şeirlər yaradan sevilən şairimizdir. Qəzənfər müəllimin yaradıcılığında Azərbaycan təbiətinin gözəlliyi, xalqımızın milli-mənəvi dəyərləri, Azərbaycan oğullarının mərdliyi və qorxmazlığını tərənnüm edən şeirlər daha çox maraq doğurur. Onun yaradıcılığında vətənpərvərlik duyğuları, doğma yurd yerlərinə sonsuz sevgi və məhəbbət motivləri geniş yer tutur. Hər bir şairin yaradıcılığında olduğu kimi onun da poeziyasında ədəbiyyatımızın əzəli əbədi mövzusu olan müqəddəs sevgi, insana məhəbbət, gözələ məhəbbət və bu məhəbbətdən doğan səmimi insan hissləri üstünlük təşkil edir.

Qəzənfər müəllim Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirsə də poeziyaya, şeirə məhəbbət onu ədəbiyyata bağlayıb. Mühəndis kimi üzərinə düşən vəzifə borcunu yerinə yetirməklə inşaat materiallarından istifadə etməklə bərabər ədəbiyyat və poeziya materiallarından da- sözdən məharətlə istifadə edərək şeirlərində gözəl, poetik nümunlər yaradır. Şairlərin istifadə materialı sözdür, ona görə də şair “Söz adamı” şeirində yazır:

Sevə-sevə sözü sözə yaraşdırar,

Damarında axan qana qarışdırar,

Qarşısında müqəddəs bir merac durar,

Böyük yola çıxarandı iz adamı-

Söz adamı

-deməklə şeirin son bəndində:

Məsimoğlu, yazdıqların gül açandı,

Neçə bağlı qapılara yol açandı,

Quru diqqət gözləyirəm gör haçandı-

Bu dünyada hər insanın öz adamı-

Söz adamı

Bəli, şairlər sözə tapınırlar, sözlə işləyirlər, amma biz öyrənmişik elə ədəbi prosesdə haqqında müəyyən yazılar, elmi araşdırmalar aparılan şairlər haqqında danışmağa, yazmağa. Buyurun belə şairlərdən ən geniş şəkildə yayılanın biri sözə yüksək dəyər verən elə Qəzənfər Məsimoğludur. Qəzənfər müəllim sözə dəyər verməklə özündən böyük söz-sənət adamlarına da həmişə yüksək qiymət verib. Hər kitabında, hər çıxışında bu barədə ürəklə danışıb.Ustadı və həmyerlisi tanınmış şair Mədət Coşqun haqqında fikirlərini həmişə önə gətirib.Mədət Coşqun da öz tələbəsini yüksək dəyərləndirib həmişə.”Açıl sabahım açıl” kitabına yazdığı ön sözdə qeyd edir:

“Qəzənfər Məsimoğlu sözlə halal rəftar edən,sözün önündə baş əyən, ülfət bağlayan şairdir.Onun şeirlərində təkcə söz və ifadələr deyil,bəzən bütün fikir,şeir məzmunlaşır”

Şair “Təzəsi var şeirimin”də yazır:

Gözün aydın ay oxucum,

Təzəsi var şeirimin,

Ağladanı güldürəni,

Məzəsi var,şeirimin

-burada sözün şirinliyini,acılığını,təsirini nə qədər gözəl və poetik bir şəkildə təqdim edir şair.Belə bir el məsəli var:

“Söz var dağa qaldırar söz var dağdan endirər” Eləcə də

Sözü sözə bir gileydir,

Sənə nökər mənə bəydi,

Məst eyləyən şirin meydir

Kuzəsi var şeirimin.

Əhsən. Gözəldir,tutumlu və təsirlidir.

Şairin “Kimin yoxsa məhəbbəti”, “ Mən gözəllik aşiqiyəm”,”Açıl sabahım açıl”, “Sevgisiz ömür olmur”, “Sinəmdə bir ocaq yanır” “Şuşa sevincim” şeir kitablarında kifayət qədər maraqlı,məzmunlu və təsirli şeirləri vardır.

Hər bir şairin yaradıcılığında onun yaradıcılığına önəm verən mövzular var.Onlardan biri və birincisi vətən mövzusu,doğma yurd ,el-oba məhəbbətinin tərənnümüdür.Başqa sözlə bu vətənpərvərlik duyğuları olmasa o şairin şeirlərində bədii emosional təsir, oxucu sevgisi olmaz Qəzənfər müəllimin şeirlərində bax bu duygular: doğma yurdun gözəllikləri,onun quşqonmaz qayalıqları,dağları,yaşıl meşələri, al- əlvan gözəllikləri tərənnüm olunur. Vətəni sevmək üçün doğulduğun ocağı , böyüyüb boya-başa çatdığln obanı-oymağı sevməlisən ki, bundan sonra geniş mənada müqəddəs vətən sevgisi sənin qəlbinə hakim ola. “Kəndimiz” şeirində müəllif yazır:

Hər bir evə eşikçidir,

Körpələrə beşikçidir,

Etibarlı keşikçidir

O dağları kəndimizin

-deyən şair:

Məsimoğlu doldun niyə,

Yurdum sənsiz qalıb deyə?

Qoy açılsın xeyirliyə

Sabahları kəndimizin.

Şairin yaradıcılığında geniş mənada vətən,doğma Azərbaycan sevgisi pərvazlanır.30 il düşmən əsarətində qalan vətənin dərdi onun vətənpərvərlik duyğusuyla yazılmış şeirlərinin – desək yanılmarıq.Bu mövzuda yazılmış “Vətən, “Vətən dərdi”, “Qarabağ”, “Laçın ağrısı” və adını çəkmədiyimiz onlarla şeir Məsimoğlunun vətən dərdi ilə pöştələnən ağırlıqla yüklənmiş ağrılı dərdli ürəyinin məlhəmidir:

Dərdin məndə cığırı var,

Zədəsi var ağırı var,

Ürəyimdə bir ağrı var-

O ağrıya vətən dedim.

Təbriz, Dərbənd, İrəvanam,

Parçalanmış şikəst canam,

Qalsam balam,atam,anam

Ölsəm ona kəfən dedim.

Əsrlər boyu yadellilərin, qurd baxışlarına tuş gələn qədim Azərbaycan torpaqlarının bölünərək parçalanması, bir ucu Dərbənd, bir ucu Göyçə,Borçalı qədər uzanan yurd yerləri 200 il ərzində beləcə yağmalandı. Tarixdə baş vermiş Rus-İran muharibələrinin də ağrı acısını Azərabycan, Qarabağ torpaqları çəkdi.Nəhayət,vəhşi şovinist dövlətlər öz istəklərinə çatdılar.Qarabağ, Erməni Rus orduları tərəfindən işğal olundu.Bu dərdəri ürəyində gəzdirən Qəzənfər müəllim yazırdı:

Bəxtimizi yazan lələk,

Ələnirik ələk ələk,

Təzəsini verdi fələk ,

Əritməmiş ötən dərdi.

Dərdin dirisi ,sağıdır,

Dilimdə bitən ağıdır,

Sinə dağı göz dağıdır

Çözülməyən vətən dərdi.

Nəhayət, o dərd çözüldü. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyilə fədakar və qorxmaz Azərbaycan oğulları 44 gün ərzində özləri haqqında mif yaratmış, fəqət döyüş prosesində bu mifi elə özləri dağıdaraq döyüşdən qaçan bütövlükdə tülkü kimi fərarilik edən erməni ordusunu məğlub etdilər. 30 il işğal altında qalan Qarabağ- Azərbaycanın bir vaxtlar konservatoriyası indi isə böyük Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa işğaldan azad edildi. Bu azadlıqdan vəcdə gələn Q. Məsimoğlu “Cənab Ali Baı Komandan” şeirində:

Qarabağım güllə-güllə qan çilənən,

Çiləndikcə ağrıları incələnən,

Zəfər dolu səngər-səngər qönçələnən

İlimizsən Cənab Ali Baş Komandan!

-deməklə Qarabağa, Şuşaya ünvanlanmış neçə-neçə şeirini yazdı. “Qarabağ” şeirində isə:

Səni daş-daş söküb dağıtdı yağı,

Oldum zərrə-zərrə talan Qarabağ.

30 min yerindən yaraladılar,

30 il işğalda qalan Qarabağ

-deyərək bu duyğunun qürurunu “Sevincim” şeirində göstərməklə böyük qələbənin sevincini yaşadı:

Bu gecə yuxumu əlimdən aldı,

Xankəndi sevincim, Şuşa sevincim,

Uzun ayrılığın vüsalı baldı,

İstərəm hamıya düşə sevincim.

Müzəffər ordumuz tarix yazandı,

Müdrik sərkərdəylə uğur qazandı,

Şeirim qəlbimdən gələn azandı,

İçimdə toy-bayram, nəşə sevincim.

Bu sevincin davamı şairin bir mütəxəssis kimi yaralı Qarabağ torpaqlarının, Qarabağətrafı rayonların bərpası zamanı vətəndaş yanğısı ilə bu yerlərdə işləyərək infrastrukturun yaranması zamanı da özünü göstərdi. Bax əsl vətənsevərlik, vətəndaşlıq yenə də burada özünü büruzə verdi. Həm poeziya, şeir , həm də torpaqların dirçəldilməsində mütəxəssis köməyi. 2021-ci ildə işğaldan azad olunmuş Zəngilan rayonunun bərpası zamanı şair “Gəlmişəm” şeirini yazdı:

Adın mənə ən müqəddəs din olub,

Həsrətindən sızladığım gün olub,

O gördüyüm yuxularım çin olub,

Yuxun xeyir deməyinə gəlmişəm,

Vətən sənin köməyinə gəlmişəm.

,

Həvəs ilə yaradırıq, qururuq

Birləşmişik bir yumruqda vururuq,

Oğlun, qızın quluğunda dururuq,

Xoş arzuna, diləyinə gəlmişəm,

Vətən sənin köməyinə gəlmişəm.

Bu şeirdə müəllif Zəngilan rayonunda hava limanının tikintisindən vəcdə gələrək sonsuz bir qürurla vətənimizin bu ucqar dağ rayonunda Ali Baş Komandanın xeyir-duası ilə ərsəyə gəlməsini tərənnüm edir:

Nə gözəldir yurdun azad zamanı,

Çəkilibdir dağlarımın dumanı,

Zəngilanda tikdik hava limanı,

Sevinirəm əməyimə gəlmişəm

Vətən sənin köməyinə gəlmişəm

Ümumiyyətlə şair Zəngilanda, Qarabağın ayrı-ayrı bolgələrində olan zaman bu yerlərin gözəlliklərini, təbiətin al-əlvan rəngə boyanmış mənzərələrini çox gözəl, aydın və zəngin poetik boyalarla təsvir edir:

Göy üzdə bir həvəsdə,

Yerin sinəsi üstə,

Narın-narın ahəstə,

Zəngilana qar yağır.

Sanki ağ örpək sərir,

Bəyaz çiçəklər dərir,

Torpağa salam verir,

Zəngilana qar yağır.

Yaxud:

Şehdə əl üzünü yuyan yamaclar,

Dincini qoynunda duyan yamaclar,

Qolunu çiyninə qoyan yamaclar,

Dağlar, qulağına söz pıçıldayır.

Toxundum nərgizin incə boynuna ,,

Qısqac qaymaqgülü girib qoynuna,

Dağlar, qulağına söz pıçıldayır.

Nə qədər gözəl və səmimi duyğulardır, gözəl bir təbiət lövhəsdir,təbiətin min bir ecazkarlığından gələn təsvirlər. Hələ bu 30 il düşmən tapdağında qalan, dağıdılmış, viran qoyulmuş vətən torpaqlarının gözəllikləridir. Qəzənfər müəllimin yaradıcılığının əhəmmiyətli bir hissəsini elə təbit şeirləri təşkil edir.Bu şeirlərdə yurdumuzun füsunkar gözəllikləri,yaşıl örtüyə bürünmüş düzlər,yamaclar,laləli nərgizli, min bir şəkildə al-əlvan rəngə boyanmış Azərbaycan ana yurd doğma torpaq boylanır.

Mamırlı qayalar çimər yağışda,

Yenə xınalanır əlin, təbiət,

Qoruyaq ismətin ogey baxışdan,

Duvaqlı,yaşmaqlı, gəlin təbiət

Şairlərimizin şeirlərində dağlar həmişə bir bədii obraz kimi vətənin rəmzi kimi təqdim olunur.Qəzənfər müəllimin şeirlərində də belədir.Dağların gözəlliyi elə vətənin gözəlliyi deməkdir.Onun “Dağlar”, “Dağların”, “Dağlar təzə nəyin var?” şeirlərində dağlarımız “Kürün şəhəri”, “Bu bulaq”, “Torpaq” və digər şeirlərində Azərbaycan təbiətinin gözəlliklərini təsvir olunur.

Ətrini sevmişəm güllər içində,

Baharın ərköyün gülü yasamən,

Özünün özündən xəbəri yoxdur,

Bürüdün çəməni,çölü, yasamən.

Çiçəklər həmişə hər yerdə gözəldir.Bunlar Qəzənfərin şeirində daha gözəl görünür.

Necə ətirlidir,necə gözəldir,

Görən tək tanıdım göydə çiçəyi,

Sevib yaradıblar biri-birini

Çiçəyi iydəni iydə çiçəyi.

Qəzənfər müəllimin 7-8 kitabı işıq üzü görüb.Amma onun “Sevgisiz ömür olmur” kitabını vərəqləyırkən gördüm ki, o əsl məhəbbət şairidir.

Şairin sevgi notları ilə süslənmiş şeirləri onun təmiz eşqi, məhəbbəti, sevgi duyğuları onu oxucuya sevdirir:

Gözlərim yollardan çəkilmir gülüm,

Ruhumun beşiyi bələyi sənsən.

Göydə nələri var deyə bilmərəm,

Tanrının yerdəki mələyi sənsən.

Sevdiyi gözəli bütün çalarları ilə təqdim etmək Q.Məsimoğlu poeziyasının əsasıdır.Qəzənfərin sevgi şeirləri sadə olduğu qədər də səmimi, təsirli, və emosionaldır.Bu şeirlərdə aşiqin mənəvi dünyası sanki gözəlin görüntülərini –onun yerişini,duruşunu ədəb ərkanını,ətraf aləmə olan –yenə deyirəm-səmimiyyətini əks etdirir

Bu şeirlərdə dərin bir məhəbbətlə sevən, sevgilisinin könül duyğularını,ürək çırpıntılarını,öz qəlbində hiss edən bir aşiq təsvir olunur:

Səhər-səhər əl üzümü yuyuram,

Əlim səndən, üzüm səndən danışır

Yeridikcə eşidirəm duyuram

Yolum səndən, izim səndən danışır.

Daha keçib bilməyim də,bilim də

Əsrindi ürəyim də, dilim də

Rişə salıb,kök atıbsan dilimdə,

Şeirim səndən, sözüm səndən danışır

Şairin “Könlümün sadağası”,”Görünərdi”,”Kimsən”,”Sevgimiz” və adını çəkmədiyim neçə-neçə şeirdə müəllifin səmimi sevgi duyğuları oxucuda xoş əhval-ruhiyyə, xoş ovqat yaradır.Şairin şeirlərində həsrət ,vüsal ayrılıq ayrılıq hicran , sevinc kədər,qəm,qüssə həm də bədii təsvir və ifadə vasitələri kimi şairin sözdən istfadə və sözə verdiyi dəyərin dərəcəsini göstərir:

Həsrətin böyüdü göynəyim oldu

Vüsalın əynimdə köynəyim oldu,

Hədiyyəm boyunu görməyim oldu

Nə yaxşı görüşdük…,…

Maraqlıdır, bu şeir mənim o qədər xoşuma gəldi ki….

Deməli aşiq öz sevgilisindən xeyli vaxtdır kənardadır, hətta ondan küsmüş bir haldadır. Qəflətən baş verən görüş: artıq burada başqa söz söhbət,həsrətdən yaranan ağrı acı və kədər yoxdur dilə gətirilmir.”Nə yaxşı görüşdük” –sözləri hər şeyi deyir.Və aşiqin bütün iztirablarına son qoyulur.Bu sevgi iki sevgilinin könül çırpıntıları kimi onları yenidən birləşdirir və bu çox gözəldir.

Q.Məsimoğlu əvvəldən dediyimiz kimi poeziyamızın çox görkəmli numayəndəsidir.Gözəl və hərtərəfli şairdir.Onun poemaları və publisistik yazıları da çoxdur.Qədim Borçalı torpağında doğulduğu üçün şeirləri saza musiqiyə də yatımlıdır.Elə ona görə də aşıqlarımız onun şeirlərini saz havalarına uyğunlaşdıraraq mötəbər tədbirlərdə təqdim edirlər.

Məsimoğlunun yaradıcılığında klassik poeziya və aşıq yaradıcılığından qaynaqlanan deyişmələr də üstün yer tutur.Elbəyi Cəlaloğlu ilə Səadət Buta ilə ,Rəşid Vəkillə, Adil Cəfakeşlə ,Talıb Həsənoğlu ilə Əzizə Ağahüseynqızı və digərləri ilə deyişmələri ədəbi həyatımızda yüksək qiymətlədirilir.

Q.Məsimoğlunun şeirlərində sənətkarlıq xususiyətləri , bədii təsvir və ifadə vasitələri oxucunu daha çox cəlb edir.Eyni zamanda çox gözəl və yadda qalandır:

Gözlərin önündə qalmağım üçün,

Minnətci düşmüşəm xəyallarıma,

Və yaxud bayırda sazaqdı şaxtadır qardı,

Gəl mənim qəlbimə köç üşüyərsən

-bu misralarda təbiətlə insanın doğmalığı,münasibəti təsvir olunur digər bir şeirdə isə şair:

Dar gündə canında dözüm olmuşam,

Yanmaq istəyəndə közün olmuşam,

Təpədən dırnağa özün olmuşam,

Bu boyda eşqimi yoxmu görürsən?

-misralarında odlu ,alovlu qəlbini köz kimi sevgilisinin yolunda közərtməyindən danışır. Digər bir şeirində isə:

Sevgim çiçək açıb kövrək baxışda

Kəsmir kipriyində yağan yağışda

-deyərək göz yaşlarını yağan yağışa leysana bənzədir. Şairin maraqlı təcnisləri də var. Bu təcnislər onun şeirlərinin sənətkarlıq baxımından da önəmli olduğunu göstərir.

Məsimoğlu nikbin şairdir. İstər sevgi şeirlərində istərsə də ,yurd itkilərindın bəhs edən şeirlərində ümidini itirmir. Yeni işıqlı bir sabahın gələcəyinə inamla baxır.

Sevimli şairimiz 60 yaşın astanasındadır. Qəzənfər həm bir dost kimi,həm tanınmış bir şar, həm də öz peşəsini sevən bir mütəxəssis kimi sevilməyə layiqdir və sevilir. Ona möhkəm can sağlığı uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Müəllif: Tariyel ABBASLI

Filologiya üzrə fəlsəfə doktoru

TARİYEL ABBASLININ YAZILARI

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir