
İNSAN ÜRƏYİ
Sındırsan, sağalmaz məzara kimi,
Yaşamdan əl üzər, insan ürəyi.
Qövr edər, sağalmaz bir yara kimi,
Hər bir dərdə dözər, insan ürəyi.
* * *
Bəzən xoş sözlərlə dindirər səni,
Qaldırar zirvəyə, endirər səni,
Saf eşqin odunda yandırar səni,
Qəlbdən qəlbə sızar, insan ürəyi.
* * *
Göz yaşın sinəyə incitək düzər,
Dost-tanış dərdini dinləyər, çözər,
Bəzən də tutulan buluda bənzər,
Zildə, bəmdə gəzər, insan ürəyi.
* * *
Nə etsən, neyləsən, Tanrıya agah,
Nələr bəxş edəcək, açılan sabah?
Gah sevinib gülər, ağlayarıq gah,
Qəmdən naxış düzər, insan ürəyi.
* * *
Köklənsin sevinclə ilhamım, təbim,
Olsun dost sevgisi, dərmanım, həbim,
Qorusun bizləri, ay Amal, Rəbbim,
Qəmin yükün əzər, insan ürəyi.
Eşq gölündə üzər, insan ürəyi.
10. 06. 2023.
Müəllif: Sona AMAL
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru